Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-323/2022 11.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Abbasov Gündüz Qasım oğlu və Eyvazov Akif Məhərləm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas X4, Təqsirləndirilən şəxs2 və müdafiəçisi X2 iştirakı ilə, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair Zərdab Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 1(035)-09/2022 nömrəli hökmündən Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Zərdab Rayon Məhkəməsinin (sədrlik edən T.Qubadov) 06 iyun 2022-ci il tarixli, 1(035)-09/2022 nömrəli hökmü ilə, xx.xx.1992-ci ildə Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, himayəsində 2 azyaşlı övladı olan, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2, 177.2.3, 69.3-cü mаddələri ilə təqsirli bilinib 02 il 11 ay 28 gün müddətə аzаdlıqdаn məhrum etmə cəzаsınа məhkum edilən və xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad edilən, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tаrixli hökmü ilə CM-in 178.2.1, 178.2.4-cü mаddələri ilə təqsirli bilinib 02 il 06 аy müddətə аzаdlıqdаn məhrum etmə cəzаsınа məhkum edilən və Xətai Rayon Məhkəməsinin xx.xx.2021ci il tаrixli qərarına əsasən CM-ə edilmiş dəyişikliklərlə əlaqədar xx.xx.2020-ci il tarixli qanunun tətbiqi ilə xx.xx.2021-ci il tаrixdə azad edilən, hazırda məhkumluğu olan, Qəbələ şəhəri M.Abduyev küçəsi bina 52, mənzil 206-da qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin həbs olunduğu 09 oktyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə saat 20:00 radələrində tanışları ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs5, ünvan 2 A, mənzil 25-də yaşayan Təqsirləndirilən şəxs4, Zərdab şəhəri B.Allahverdiyev küçəsi dalan 3 , ev 1-də yaşayan Təqsirləndirilən şəxs3 və Qəbələ şəhəri M.Abduyev küçəsi ev 52, mənzil 401-də yaşayan Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında Zərdab rayonu Bəyimli qəsəbəsi ərazisində yerləşən Natiq adlı şəxsin işlətdiyi adsız kafedə Ağcabədi rayonu Taxtakörpü kəndində yaşayan Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan ona qəsdən zor tətbiq edib əl və ayaqları ilə bədəninin müxtəlif nahiyələrindən, silah qismində istifadə etdiyi bıçaqla sağ qaş nahiyəsindən, Təqsirləndirilən şəxs3 isə silah qismində istifadə etdiyi bıçaq ilə boyun nahiyəsindən qəsdən vurub sonuncuya boyunun arxa səthində kəsilmiş yara, sağ gicgahdakı şişkinlik, alının sağ yarısındakı əzilmiş yara, sağ gözün bayır bucaq nahiyəsindəki və döş qəfəsinin sağ yarısındakı qançırlar, alt çənə nahiyəsində səthi əzilmiş yara, sağ mil-bilək oynağındakı, sol diz oynağında və sağ baldırın sıyrıqları ilə nəticələnən qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə insanlar arasında bərqərar olunmuş birgə yaşayış davranış qaydalarını və ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər ilə xuliqanlıq etmişdir. Zərdab Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 1(035)-09/2022 nömrəli hökmündən Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs2 apellyasiya şikayətini belə əsaslandırmışdır ki, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. O, özünü CM-in 221.3-cü maddəsi ilə təqsirli bilmədiyini dəfələrlə birinci instansiya məhkəməsində bildirsə də əhəmiyyət verməmişlər. Odur ki, işə ədalətlə baxılmasını, himayəsində iki azyaşlı övladının və xəstə anasının olmasının nəzərə alınmasını xahiş etmişdir. Bundan sonra təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək, verdiyi apellyasiya şikayətindən imtina etdiyini və Zərdab Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 1(035)-09/2022 nömrəli hökmü ilə razı olduğunu bildirmişdir. Daha sonra təqsirləndirilən şəxs yenidən məhkəməyə ərizə ilə müraciət edərək barəsində daha humanist qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs2 müdafiəçisi X7 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlilləri ilə bağlı fikrini bildirən Təqsirləndirilən şəxs2 apellyasiya şikayətinin məzmunu ilə bağlı oxşar məzmunda izahat verərək, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X8 hökmün qanuni və əsaslı, təyin edilmiş cəzanın isə ədalətli olduğunu göstərərək dəlillərinin əsassız olduğundan şikayətin təmin edilməməsini, Zərdab Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 1(035)-09/2022 nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin və müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Zərdab Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 1(035)-09/2022 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətində Təqsirləndirilən şəxs2 CM-in 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi mübahisələndirilsə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, Təqsirləndirilən şəxs2 əməlinin eyni zamanda CM-in 221.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Lakin, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya şikayətinin sadalanan dəlillərini inandırıcı qəbul etməkdən imtina edir. Belə ki, CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentiyabr 2001-ci il, “X9rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından aslı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Oxşar hüquqi mövqeyi paylaşan insan hüquqları üzrə Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı iş üzrə qərarında qeyd edilir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Bundan başqa, qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X3rşı 18 yanvar 1978-ci il qərarında, həmçinin bir sıra qərarlarda məhkəmə sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. Bu baxımdan da, apellyasiya şikayətlərinə hüquqi qiymət verən məhkəmə kollegiyası bu fikirdədir ki, apellyasiya şikayətlərinin dəlilləri əsaslı sayı bilməz. Çünki, məhkəmə kollegiyasının fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri Təqsirləndirilən şəxs2.3-cü maddələri ilə cinayət törətdiyini deməyə kifayət qədər əsas verir. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Eləcədə, birinci instansiya məhkəməsinin iclasında tədqiq edilmiş sübutlarla (təqsirləndirilən şəxs, şahidlərin ibtidai istintaq və birinci instansiya məhkəməsində, verdikləri ifadələrlə, eksperiza rəyləri, işdə olan digər sənədlərlə, təqsirləndirilən şəxsin məlum cinayət əməlini törətməsi heç bir şübhə və ehtimal olmadan təsdiq edilir. Həmin sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı təsvir edilərək şərh edildiyindən, öz növbəsində işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası istinad edilmiş mövcud sübutların mötəbərliyi ilə razılaşdığından həmin sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür. Bundan başqa, Təqsirləndirilən şəxs2 apellyasiya şikayətində özünü CM-in 221.3-cü maddəsilə təqsirli bilmədiyini birinci instansiya məhkəməsində dəfələrlə dediyini lakin ona əhəmiyyət verilmədiyini qeyd etsə də Təqsirləndirilən şəxs2 birinci instansiya məhkəməsində verdiyi ifadəsində səhvini başa düşdüyünü və etdiyi əməldən peşman olduğunu bildirmişdir. Ona görə də məhkəmə kollegiyası həmin dəlili əsassız hesab edir. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. CPM-in 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Öz növbəsində faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiya məhkəməsi təqdim edilmiş sübutları CPM-in 145.1-ci maddəsinin tələbləri baxımından qiymətləndirmədən məlum hüquqi nəticəyə gəlmiş və təqsirləndirilən şəxsə münasibətdə cinayət işi üzrə gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmış, bununla da ictimai təhlükəli əməlin tövsifinə dair cinayət qanunvericiliyinin tətbiqində səhvə yol verməmişdir. Bununla da, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 cinayət əməlinin CM-in 221.3-cü maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Oxşar münasibətləri tənzimləyən məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabbr 2021-ci il tarixli 15 nömrəli qərarının 25-ci bəndində qeyd edilir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarının 26-cı bəndində qeyd edilir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 əməlində CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olması işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübütlar, o cümlədən, şahid ifadələri, şəxsi axtarış və baxış protokolları, ekspertiza rəyləri və iş üzrə toplanmış digər təkzibolunmaz sübutlarla təsdiq olunur. Ona görə də ibtidai istintaq zamanı və məhkəmə istintaqında toplanmış sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud olmamışdır. Belə ki, CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müdəalarının pozulması yolverilməzdir. CPM-in 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir. CPM-in 145.1-ci maddəsini əsasən isə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Velikova Bolqarıstana qarşı iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2000-ci il tarixli qərarında gəldiyi hüquqi mövqeyə görə “əsaslı şübhə yeri qoymayan” sübut standartı sübutların qiymətləndirilməsi zamanı bütün işlərə tətbiq edilən ümumi prinsipdir. Lakin belə sübutlar kifayət qədər güclü, aydın və uzlaşdırılmış nəticələrin, yaxud faktlara əsaslanan analoji təkzibolunmaz ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Yuxarıda şərh olunanlardan aydın olur ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 münasibətdə cinayət işi üzrə gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmış, bununla da ictimai təhlükəli əməlin tövsifinə dair cinayət qanunvericiliyinin tətbiqində səhvə yol verməmişdir. Məhkəmə kollegiyası, göstərilənlərlə yanaşı təqsirləndirilən şəxsə təyin edilmiş cəzaya münasibətdə də öz fikrini bildirmək istəyir və bununla bağlı birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini, həmçinin barəsində CM-in 62 və 70-ci maddəsinin tətbiq edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Digər tərəfdən Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tərtib etdiyi xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər Qəbələ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2, 177.2.3, 69.3-cü mаddələri ilə təqsirli bilinib 02 il 11 ay 28 gün müddətə аzаdlıqdаn məhrum etmə cəzаsınа məhkum edilmiş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tаrixli hökmü ilə CM-in 178.2.1, 178.2.4-cü mаddələri ilə təqsirli bilinib 02 il 06 аy müddətə аzаdlıqdаn məhrum etmə cəzаsınа məhkum edilmiş və Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tаrixli qərarına əsasən CM-ə edilmiş dəyişiklərlə əlaqədar xx.xx.2020-ci il tarixli qanunun tətbiqi ilə xx.xx.2021-ci il tаrixdə azad edilmişdir. Cinayət işində olan Qəbələ Rayon Məhkəməsinin 1(025)-42/2016 saylı, xx.xx.2016cı il tаrixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2, 177.2.3, 69.3-cü mаddələri ilə təqsirli bilinib 02 il 11 ay 28 gün müddətə аzаdlıqdаn məhrum etmə cəzаsınа, Təqsirləndirilən şəxs1 isə Аzərbаycаn Respublikаsı CM-nin 177.2.1, 177.2.3-cü mаddəsi ilə təqsirli bilinib 03 il 6 аy müddətə аzаdlıqdаn məhrum etmə cəzаsınа məhkum edilmişdir. Cinayət işində olan Qəbələ Rayon Məhkəməsinin 1(025)-15/2020 saylı, xx.xx.2020-ci il tаrixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 178.2.1, 178.2.4-cü mаddələri ilə təqsirli bilinib 02 il 06 аy müddətə аzаdlıqdаn məhrum etmə cəzаsınа məhkum edilmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs dəfələrlə məhkum edilməsinə baxmayaraq, islah olunmamış, məhkumluğu ödənilmədiyi halda yenidən qəsdən cinayət törətmiş və onun əməlində CM-in 18.2.1-ci maddəsinə görə cinayətlərin təhlükəli residivi mövcud olmuşdur. CM-in 61.1.1-ci maddəsinə əsasən isə, cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Residivə görə cəzanın təyin edilməsindən bəhs edən CM-in 65.1-ci maddəsinin göstərişinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Konstitusiya Məhkəməsinin Plenumu cinayətlərin residivinin təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal olduğunu qeyd etməklə bir sıra qərarlarında vurğulamışdır ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, xüsusilə onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır cəza tədbirlərinin tətbiqini nəzərdə tutur (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərar). Belə olan halda, məhkəmə kollegiyası Zərdab Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 1(035)-09/2022 nömrəli hökmü ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, Təqsirləndirilən şəxs2 CM-in 221.3-cü maddəsi ilə təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Zərdab Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 1(035)-09/2022 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zərdab Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 1(035)-09/2022 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-323/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-323/2022
11.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver