Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-33/2020 26.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı Azərbаycаn Respublikаsı Bаş Prokurorluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2, müdafiəçi-Şəki şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Ələsgər oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair X15 Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən Təqsirləndirilən şəxs Ələsgər oğlunun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinəаçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: X15 Məhkəməsinin (sədrlik edən hakim X11, hakimlər X12 (məruzəçi) və X3 ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli hökmü ilə, xx xxxxxx 1996-cı ildə Yevlax rayonu Malbinəsi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Yevlax rayonu Malbinəsi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həsb qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Ələsgər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2-ci maddəsi ilə təqsirli bilinib 11 (on bir ) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, onun xx xxxx 2019-cu ildən şübhəli şəxs kimi saxlandığı və xx xxxx 2019-cu ildən həbsdə olduğu müddət həmin cəzaya hesablanması, cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni xx xxxx 2019-cu ildən hesablanması, təyin edilmiş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ekspertiza xərci 254 (iki yüz əlli dörd) manat 16 (on altı) qəpik ondan tutularaq dövlət hesabına keçirilməsi, maddi sübut olan və Yevlax Rayon Prokurorluğunda saxlanılan hadisə yerindən götürülmüş qanabənzər ləkələrdən nümunələri, əl-barmaq izləri, saç- dırnaq nümunələri, 1 ədəd bıçağı məhv edilməsi, qısaqol köynək, üzərində qara rəngli süni dəridən kəmər olan göy rəngli cins şalvar, siqaret qutusu Zərərçəkmiş şəxs, göy rəngli cins şalvar, ağ rəngli uzunqol kişi köynəyinin isə ona qaytarılması müəyyən edilmişdir. işin halları: X15 Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Ələsgər oğlu məhkum olunmuşdur ona görə ki, o, iki il müddətində yaxın münasibətdə olduğu Şahid1 qonşusu Zərərçəkmiş şəxs ilə heç bir münasibətlərinin olmadığını əvvəllər aydınlaşdırdığına baxmayaraq öz davranışları ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına qarşı açıq etinasızlıq göstərməklə, öz şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyub, bunun üçün heç bir əsaslı səbəb olmadan onun Şahid1 ilə münasibət qurmasını bəhanə edərək xx xxxx 2019-cu ildə saat 19 radələrində münasibətlərə aydınlıq gətirmək adı ilə Zərərçəkmiş şəxs zəng edərək Yevlax rayonu Malbinəsi kənd orta məktəbin stadionunun yaxınlığındakı yola çağırmışdır. Zərərçəkmiş şəxs gəldikdə orada onunla heç bir əsaslı səbəb olmadan sözlə mübahisə edərək xuliqanlıq niyyəti ilə onu qəsdən öldürmək qərarına gəlmişdir. Bu məqsədlə həmin vaxt Zərərçəkmiş şəxs aşağı çöməlib oturaq vəziyyətdə siqaret çəkməsindən istifadə edib üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən turist bıçağı ilə qəflətən arxadan baş, sol çiyin və sol böyür nahiyələrinə bir neçə dəfə zərbələr vurmuş, Zərərçəkmiş şəxs ayağa qalxdıqda isə hərəkətlərini davam etdirərək bir əli ilə sol çiynindən tutub özünə tərəf çəkib qarşı-qarşıya dayanaraq yenidən onun sol çiyin, qoltuğunun alt və sol ayaq nahiyələrindən vurmuş, qolundan tutub yerə yıxaraq, yerdə uzanıqlı vəziyyətdə bir dəfə də qarnına vurub sol tərəfli hemopnevmotoraksla, diafraqmanın sol kümbəzinin zədələnməsi ilə müşaiət olunan ümumilikdə yeddi ədəd xəsarət yetirmişdir ki, onlardan da döş qəfəsinin və qarının daxilə keçən yaraları yetirilən anda həyat üçün təhlükəli olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa ağır zərər vuran, sol qalça sümüyünün zədələnməsi ilə müşayiət olunan sol tərəf bel nahiyəsinin yarası səhhətin uzun müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa az ağır zərər vuran, qalan digər xəsarətlər - sol kürəkaltı nahiyənin, sol qoltuqaltı nahiyənin, sol körpücükaltı nahiyənin yaraları səhhətin qısa müddətə pozulmasına səbəb olduğu üçün dərəcəsi sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirmiş, daha sonra onu öldürməmiş əl çəkməyəcəyini bildirib bıçağı boğazına dirəmiş, Zərərçəkmiş şəxs onun əlindən tutub bıçağı saxladığı üçün əlavə zərbələr yetirə bilməmişdir. Zərərçəkmiş şəxs həmin vaxt xırıldadığı üçün yerdə hərəkətsiz qaldığından onun öldüyünü zənn edib hadisə yerindən getmiş, lakin hadisədən xəbər tutub hadisə yerinə gəlmiş şəxslər tərəfindən Zərərçəkmiş şəxs xəstəxanaya çatdırılmış, göstərilmiş təcili və təxirəsalınmaz ixtisaslı tibbi yardım tədbirləri nəticəsində ölməmiş, Təqsirləndirilən şəxs özündən asılı olmayan səbəblərdən xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmək kimi cinayətkar qəsdini başa çatdıra bilməyib, Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Bununla da Təqsirləndirilən şəxs Ələsgər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. X15 Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən Təqsirləndirilən şəxs Ələsgər oğlunun müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. apelyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri X15 Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən Təqsirləndirilən şəxs Ələsgər oğlunun müdafiəçisi Müdafiəçi verdiyi apellyasiya şikayətində həmin hökmün dəyişdirilməsini, Təqsirləndirilən şəxs Ələsgər oğlunun əməlini Cinayət Məcəlləsinin 29, 120.2.2-ci maddəsindən Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə ilə aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. X15 Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti, dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, eləcə də təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs Ələsgər oğlu və onun müdafiəçisi Müdafiəçi Əbdürrəhamn oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edən və əsaslandıran izahat verərək və çıxış edərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X8 Təqsirləndirilən şəxs Ələsgər oğlunun müdafiəçisi Müdafiəçi Əbdürrəhamn oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, X15 Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında Zərərçəkmiş şəxsməhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxsdən şikayətçi olduğunu göstərmiş və növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə məhkəmə baxışının zərərçəkmiş şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, zərərçəkmiş şəxsin, habelə dövlət ittihamçısının apellyasiya şikayəti ilə bağlı çıxış və xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs Ələsgər oğlunun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli və Təqsirləndirilən şəxs Ələsgər oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair X15 Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya inistansiyası məhkəməsi birinci inistansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs Ələsgər oğlu ona elan edilmiş 29,120.2.2-ci maddəsi ilə olan ittiham üzrə təqsirli bilmədiyini, özünü Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, xx xxxx 2019-cu ildə saat 14 radələrində evə gələrkən qeyri-rəsmi olaraq yaşadığı Şəfaya zəng etdikdə Şəfa ona “ağrıyırdım, işdən evə gəlmişəm” demişdir. Şəfadan evə kiminlə gəldiyini soruşmuş, Şəfa isə ona “Tural adlı həmkəndlimiz ilə evə gəlmişəm” demişdir. Turala zəng edib avtomobilində Şəfadan başqa kimin olduğunu soruşduqda Tural ona “yolda həmkəndlimiz Emini də maşına götürmüşdüm” demişdir. Təkrar Şəfaya zəng edib niyə ağrıdığını, Eminin ona yolda hansısa söz deyib demədiyini soruşmuş, təkid etdikdən sonra Şəfa ona maşından düşüb evə getdikdə stadionun yaxınlığında olarkən Eminin onun ünvanına nalayiq ifadə işlətdiyini bildirmişdir. Bundan sonra Şəfaya “niyə mənə yalan demisən?” deyib, telefonu söndürmüş və Eminin mobil nömrəsinə zəng edib kənd məktəbinin stadionunun yaxınlığına çağırmışdır. Saat 19:30 radələrində Emin həmin yerə gəlmiş, həmin vaxt Eminlə arasında mübahisə yaranmışdır. Eminə “sən bilirsən ki, mənim Şəfa ilə münasibətim var. Axı niyə hər dəfə onunla danışıb, müxtəlif təkliflər edirsən” demiş, bundan sonra Emin ona “özüm bilərəm, bu saat bura başqa adam da çağırıb səni nakazat edərəm” demiş və onun ünvanına, həmçinin bacısına qarşı nalayiq söyüşlər söymüşdür. Buna dözməyib üstündə gəzdirdiyi cib bıçağı ilə 4-5 dəfə Eminin sol böyründən vurmuş, Emin yerə yıxılmış, bir dəfə də həmin vəziyyətdə Eminin qarın nahiyəsinə bıçaqla zərbə vurmuşdur. Eminin ona qarşı işlətdiyi söyüşü özünə dedizdirməyənə qədər əl çəkməmiş, Eminin xırıldadığını eşitmiş və oradan uzaqlaşmışdır. Bundan sonra Şəfaya zəng edib Emini bıçaqladığını demiş, yola çıxıb tanımadığı yol maşını ilə Yevlax rayonuna gəlib piyada bir müddət gəzdikdən sonra Yevlax Rayon Polis Şöbəsinə gedib könüllü təslim olmuş, adam öldürdüyünü demiş, cinayət törətdiyi aləti, yəni bıçağı təhvil vermişdir. Həmçinin Təqsirləndirilən şəxs Ələsgər oğlu əlavə olaraq ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs оğlu ilə onun arasında yaranmış mübahisə bir ildən artıq müddətdir ki, davam etmişdir. Mübahisənin olmasına səbəb isə Eminin Şəfa ilə əvvəllər münasibəti olması olmuşdur. O, dəfələrlə Eminə bildirmişdir ki, Şəfadan uzaq dursun. Şəfa ilə onun sevgi münasibətləri movcuddur. Lakin, Emin onun dediklərinə məhəl qoymamışdır. Hadisə baş verən gün də Emin Şəfaya onun ünvanına söyüş söyərək ona deməsini bildirmiş, Şəfa da Emin onun barəsində söylədiklərini telefon vasitəsi ilə ona demişdir. O, da Emini kənddəki stadionun yanına çağıraraq məsələni aydınlaşdırmaq üçün ora getmişdir. Məhkəmə kollegiyasının xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş iclasında iştirak edən Zərərçəkmiş şəxs оğlu ifаdə verərək göstərdi ki,xx xxxx 2019-cu ildə axşamüstü Həsən onun mobil nömrəsinə zəng edib “stadionun yaxınlığına gəl, səninlə işim var” demiş, evdən çıxıb kənd məktəbinin stadionuna tərəf getmişdir. Stadionun yaxınlığında Həsənin gəldiyini görmüşdür. Həsən ondan həyatda nə üçün yaşadığını soruşmuş, qeyrətinə görə cavab verdikdə, “gəl bəri, deyəcəm niyə çağırmışam” demişdir. Həsənin şalvarının kəmərində dəmirəbənzər əşya görmüş və Həsəndən “bıçağı mənə göstərirsən, öldürəcəksən?” demişdir. Həsən isə “hə, öldürəcəm!” demişdir. Dostu Bəxtiyara zəng edib, Həsənin onu söhbətə çağırdığını, üstündə bıçaq olduğunu deyib gəlməsini bildirmiş, Bəxtiyar isə babasının xəstə olduğunu, oraya getdiklərini demişdir. 10-15 metr getdikdən sonra cığırın yanında çömbəlib siqaret çəkməyə başlamış, Həsən də telefonu qulağına tutub bir neçə dəfə o tərəf bu tərəfə gedərək, ona “o gün böyrümdən keçəndə mənə niyə elə baxırdın?” demişdir. Həsənə “axı, mən sənə demişəm ki, bizim həyətin aşağısından keçib Şəfagilə getmə, qonşular elə bilir ki, bizə gedirsən” demiş, bundan sonra Həsənin ona “Şəfagilə gəlirəm-gedirəm yaxşı edirəm, sənə nə var?” demişdir. Həsənə işdə olduğunu, evdəkilərin də onun Şəfagilə gəlib-getdiyini gördüyünü, ayıb olduğunu, qonşuluğunda pozğun qalsa, kimsə onlara həyətindən keçib gəlsə xoşuna gələr?” demişdir. Həsən isə ondan həmin gün Şəfa ilə bir yerdə gəlib-gəlmədiyini soruşmuşdur. Həsənə Şəfa ilə eyni maşında gəldiklərini, düşüb evə getdiklərini demişdir. Həsən ona “Şəfa düşüb hara getdi? Sizə ya öz evlərinə?” demişdir. Həsənə “başa düşmədim, bizə niyə getsin ki, öz evlərinə getdi” demişdir. Həsənin əvvəlcə arxadan başına, sonra da 2-3 dəfə sol çiyninə və sol böyrünə bıçaqla vurmuş, ayağa qalxanda Həsən bir əli ilə sol çiynindən tutub onu özünə tərəf çevirmiş, üzbəüz dayananda Həsən yenə sol çiyin, qoltuğunun altı və sol ayaq tərəfdən bir neçə dəfə bıçaqla vurmuşdur. Sonra qolundan tutub yerə yıxmış, yerdə olanda da bir dəfə qarnına bıçaqla vurub, bıçağı boğazına dirəyib “səni öldürməmiş əl çəkən deyiləm” demişdir. Əlləri ilə Həsənin əlindən tutub bıçağı saxlamış, Həsən nə qədər güc versə də bıçağı vura bilməmişdir. Həsən ayağa qalxıb ana söyüşü söymüşdür. Həmin vaxt xırıldadığı üçün Həsən onun öldüyünü bilib, çıxıb getmişdir. Paltarları ilə yaralarını sıxıb sürünə-sürünə cığırla evlərinə tərəf getmiş, iki dəfə “aye” deyib yerə yıxılmışdır. Səsinə Vüsal, Nicat və Məmmədəli gəlmiş, onlara bir kəlmə “məni Həsən vurdu” demişdir. Özündən getmiş, xəstəxanada ayılmışdır. Zərərçəkmiş şəxs оğluəlavə olaraq ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Ələsgər oğluna dəfələrlə onların bağlarının aşağısından keçib Şəfagilə getməməsini bildirmiş, onun üstündə bir neçə dəfə ona xəbərdarlıq etsə də, Həsən yenə öz bildiyini etmişdir. Şəfa ilə xx.xx.2019-cu ildə günorta Turalın maşını ilə yaşadıqları kəndə gəlmişdir. Maşında olarkən Şəfa ilə hər hansı formada söhbəti olmamışdır. Lakin Maşından düşüb Şəfa ilə evləri istiqamətində gedərkən o, Şəfaya Həsənin barəsində söyüş söyərək, ona çatdırmasını bildirmişdir. Onun Şəfa ilə nə əvvəllər, nə də sonrakı dövrdə hansısa münasibət və yaxınlığı olmamışdır. Məhkəmə kollegiyasının iclasında şаhid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Emin ilə qonşudur, Həsən ilə hadisədən 5 ay əvvələ qədər aralarında qeyri-rəsmi ər münasibəti olmuşdur. Həsənlə münasibətinin olmasını Emingil də bilmiş, çünki Emingil bir dəfə Həsənin qarşısını kəsib “daha bizim küçədən keçmə” demişlər. xx.xx.2019-cu ildə günortaya yaxın özünü pis hiss etdiyi üçün işdən icazə alıb Turalın maşını ilə evə gəlmişdir. Yolda Emin və Bəxtiyar əl edib maşını saxlatmış və Tural onları da maşına götürmüşdür. Eminlə aralarında hansısa söhbət olmamışdır. Maşından düşəndən sonra Emin ilə qonşu olduğuna görə birlikdə evlərinə getmişlər. Həmin vaxt Emin Həsənin ünvanına nalayiq ifadələr söyləyərək ona çatdırmasını bildirmişdir. O, bu barədə həmin gün Həsənə məlumat vermişdir. Həsən axşam hava qaralana yaxın təkrar zəng edib Emini onunla bir gəldiyinə görə bıçaqladığını deyib telefonu söndürmüşdür. Zərərçəkmiş şəxs ilə heç bir yaxınlığı, yaxud hansısa sevgi münasibəti olmamış, bu barədə Həsənə hansısa söz deməmişdir. Həsən onu çox qısqanmış, dəfələrlə kənddə ayrı-ayrı adamlara yaxınlaşıb, onunla münasibətləri olub-olmadığını, danışıb-danışmadıqlarını soruşmuşdur. Onu izləyib, evini güdmüş, Emin haqqında da dediyi sözləri Həsən özü uydurmuşdur. Dəfələrlə ondan Eminlə arasında nə olmasını soruşmuş, Emin ilə ancaq qonşu olduğunu, onunla arasında heç nə olmadığını demişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid2 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə vermişlər. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx xxxx 2019-cu ildə saat 19:45 radələrində Vüsal və Məmmədəli ilə küçədə dayanıb söhbət edərkən, kiminsə kənd məktəbinin stadionu tərəfdən cığırla gəldiyini və onlardan təxminən 150 metr aralıda yerə yıxıldığını görmüşlər. Vüsal və Məmmədəliyə “gedək görək o adam niyə yıxıldı” demiş, oraya çatdıqda yerə yıxılan şəxsin Emin olmasını, üst-başının qan içində olduğunu görmüşlər. Emin həmin vaxt zəif səslə “su verin” demiş, Məmmədəli Emingilin evlərinə ailə üzvlərinə xəbər verməyə qaçmış, Vüsal isə yaxınlıqda yaşayan qonşulara qanı yumaq üçün su və parça götürməyə getmişdir. Emindən “sənə nə olub?” deyə soruşmuş, Emin isə ona cavabında “Həsən məni bıçaqla vurdu” demişdir. Hadisə yerinə gəlmiş Eminin anası Könül və qardaşı İlkin ilə köməkləşib onu xəstəxanaya aparmışlar. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş X4, Şahid8, X6 və X5 Şahid4 ifadəsinə uyğun ifadə vermişlər. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid7 məhkəmədə ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu ildə axşamüstü Könül zəng edib ağlayaraq “Ramiz durma gəl, Emini öldürüblər” demiş, Emini küçədən camaatın arasından götürüb maşına qoyub Yevlax rayonu Mərkəzi Xəstəxanasına çatdırmışdır. Həsəni hadisəyə qədər bir neçə dəfə küçədə gecəyarı görüb “a bala burda nə gəzirsən?” soruşduqda Həsən ona qızların - Şəfagilin yanına gəldiyini demiş, ona gecənin bu vaxtı söz-söhbət olacağını, dayıları və qohumlarının eşidib narazılıq edəcəyini bildirmişdir. Bir dəfə də bağlarının aşağısından gecə vaxtı səs gəldiyini eşidib gedib baxanda Şəfa ilə Həsəni orada söhbət edən görmüşdür. Şəfa qaçıb getmiş, Həsən isə ona əsəbiləşib “bizimi güdürsən” demişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, oğlu Həsən xx xxxx 2019-cu ildə saat 20 radələrində ona zəng edib Yevlax Rayon Polis Şöbəsində olduğunu bildirməklə, “mən həmkəndlimiz Zöhrə xalanın nəvəsi Emini söyüş söydüyünə görə bıçaqlamışam, haqqını halal et” demişdir. Dərhal Yevlax şəhərinə gəlmiş, həmkəndliləri Şəfa adlı qadına görə Eminlə Həsən arasında mübahisə olduğunu, Həsənin də Emini söyüş söydüyü üçün bıçaqla vurduğunu, sonra da polisə gedib təslim olduğunu öyrənmişdir. Cinayət işi materiallarına əlavə edilmiş x xxxx 2019-cu il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri Yevlax rayonu Malbinəsi kəndində kənd orta məktəbinin stadionunun yaxınlığında kəndin içinə gedən daş-torpaq yoldan kənd istiqamətində durduqda sağ tərəfdə yerləşir. Həmin yoldan kiçik arx üzərində kustar üsulla hazırlanmış körpünü keçdikdə evlərə tərəf uzanan kanalla paralel 30 sm enində torpaq cığır görünür. Cığırla düz istiqamətdə hərəkət etdikdə yolun kənarında sol tərəfdə qamışdan hazırlanmış hasar, sağ tərəfdə isə içərisi hündür qamışlıq olan kanalın digər tərəfində kənd orta məktəbinin binasının damı görünür. Hasarın başlanğıcından 30 metr irəlidə, qamış hasardan 2,5 metr, kanaldan 3,5 metr məsafədə, cığırın sağ tərəfində otluq yerdə, ümumi sahəsi 30 x 15 sm olan sıçrama formalı 1 № ilə işarələnmiş qanabənzər ləkələr aşkar olunmuşdur. Həmin qanabənzər ləkələrdən 4 metr irəlidə, cığırın sağ tərəfində otluq üzərində ölçüsü 4x3 sm olan damcışəkilli 2 № ilə işarələnmiş qanabənzər ləkələr, həmin ləkələrdən cığır istiqamətində hərəkət etdikdə 1,8 metr irəlidə ölçüləri 3x2 sm olan 3 № ilə işarələnmiş qanabənzər ləkələr, qeyd olunan ləkələrdən 2 metr irəlidə isə otluq və torpaq üzərində ölçüləri 3x4 sm olan 4 № ilə işarələnmiş qanabənzər ləkələr yerləşir. 1 nömrə ilə işarələnmiş qanabənzər ləkələrdən 75 metr irəlidə, evlərə doğru istiqamətdə, cığırın sol tərəfində otluq sahədə 5 № ilə işarələnmiş ümumi sahəsi 45x10 sm olan gölməçəşəkilli qurumuş formada qanabənzər ləkələr yerləşir. Qeyd olunan qanabənzər ləkələrdən nümunələr iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli 392 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-sol tərəfli hemopnevmotoraksla, diafraqmanın sol kümbəzinin zədələnməsi ilə müşaiət olunan döş qəfəsinin sol yan səthinin daxilə nüfuz edən deşilmiş kəsilmiş yarası, mədənin və nazik bağırsağın zədələnməsi ilə müşayiət olunan qarının ön divarının boşluğa keçən deşilmiş kəsilmiş yarası, sol qalça sümüyünün zədələnməsi ilə müşayiət olunan sol tərəf bel nahiyəsinin, sol kürəkaltı nahiyənin, sol qoltuqaltı nahiyənin, sol körpücükaltı nahiyənin, təpə nahiyəsinin yaraları (ümumilikdə yeddi ədəd) yastı tiyə tipli deşici kəsici alətin-alətlərin(əşyanın), ola bilsin bıçağın (bu ekspertizaya təqdim edilmiş və ya ona bənzər bıçaq da ola bilərdi) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2019-cu il tarixə uyğun gəlir, adətən kənar şəxs tərəfindən yetirilən zaman törənir. Qeyd olunan xəsarətlərdən döş qəfəsinin və qarının daxilə keçən yaralarının yetirilən anda həyat üçün təhlükəli olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa ağır zərər vuran xəsarətlərə, sol qalça sümüyünün zədələnməsi ilə müşayiət olunan sol tərəf bel nahiyəsinin yarasının səhhətin uzun müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa az ağır zərər vuran xəsarətlərə, qalan digər xəsarətlər-sol kürəkaltı nahiyənin, sol qoltuqaltı nahiyənin, sol körpücükaltı nahiyənin, təpə nahiyəsinin yaraları səhhətin qısa müddət pozulmasına səbəb olduğu üçün dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. Xəsarətlərin xarakterinə və yerləşdiyi nahiyələri nəzərə alaraq güman etmək olar ki, hadisə vaxtı xəsarət alanla xəsarət yetirənlə qarşı-qarşıya olmuşlar.Paltarın üzərində olan zədələrlə bədən səthində olan xəsarətlərin lokalizasiyası cüzi fərqlə üst-üstə düşür. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli 337 nömrəli rəyindən görünür ki, vət. Təqsirləndirilən şəxs bədənində onun travma almasını göstərən obyektiv məhkəmə-tibb əlamətləri (qançır, sıyrıq, dərialtı hematoma vəs.) aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş kompleks məhkəmə trasoloji, lifli və daktiloskopik ekspertizasının xx.xx.2019-cu il tarixli 15891/92/93 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın, 01 ədəd köynəyin və Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın, 01 ədəd köynəyin səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd köynəyin səthi üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında mavi rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlir. Tədqiqata təqdim edilmiş 01 ədəd bıçağın səthi üzərində kənar lif mikrohissəcikləri yoxdur. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd olunan dırnaq kəsintiləri üzərində kənar lif mikrohissəcikləri yoxdur. Tədqiqata təqdim edilən bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir. Bıçağın üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş geyim əşyalarından Zərərçəkmiş şəxs məxsus köynəyin üzərində rəyin təsviri hissəsində qeyd olunan zədələrin yerləşdiyi yeri, ölçüsü və sayı verilmişdir. Həmin zədələrdən köynəyin üzərində olan “a, b, c” zədələri bir tərəfi kəsici ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan oxşar bıçaq tiyələri, o cümlədən təqdim edilmiş bıçağın tiyəsi də aiddir. Tədqiqata təqdim edilmiş geyim əşyalarından Zərərçəkmiş şəxs məxsus köynəyin üzərində olan “ç” zədəsi fiziki qüvvənin təsirindən yarana bilən cırılma zədəsidir. Lakin bu cür zədələrin yaranma xarakteri nəzərə alınmaqla onların yaranma mexanizmini kriminalistik tədqiqatla müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın və Təqsirləndirilən şəxs məxsus paltarların üzərində hər hansı bir mexaniki zədə aşkar olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2019-cu il tarixli 423/2019-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs təqdim olunan şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən qan qrupu-O/İ/,Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu-AB/İV/. Ekspertizaya təqdim olunmuş hadisə yerindən götürülmüş 05 paketdə qurumuş bitki qalıqları, siqaret qutusu, Təqsirləndirilən şəxs məxsus şalvar, köynək, Zərərçəkmiş şəxs məxsus şalvar və köynək üzərində insan qanı aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda «H» antigen, bəzi ləkələrdə alfa,beta aqqlyutininləri alındı. Bu qan ləkələri alfa beta/İ/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus ola bilər. Tədqiqata təqdim olunan alışqan, kişi qol saatı, ətir şüşəsi və Təqsirləndirilən şəxs məxsus dırnaq fraqmentləri üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır. Ekspertizaya təqdim olunan Zərərçəkmiş şəxs məxsus şalvar, köynək, siqaret qutusu, alışqan, saat və ətir şüşəsi üzərində tükəbənzər hər hansı bir obyekt aşkar olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2019-cu il tarixli 409 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək etmək qabiliyyətindədir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs bəhs olunan əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsi ilə tövsif etmiş, birinci instansiya məhkəməsi də onu həmin maddə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilib cəzaya məhkum etmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamda onun əməlini, yəni Zərərçəkmiş şəxs qarşı davranışını sərxoş vəziyyətdə və silah qismində istifadə etdiyi bıçaq tətbiq etməklə törətdiyi qərəzli xuliqanlıq zamanı xuliqanlıq niyyətilə sonuncunun sağlamlığına qəsdən ağır zərər vurması kimi tövsif etmiş, birinci instansiya məhkəməsi də Təqsirləndirilən şəxs əməlinin bu cür tövsifini düzgün hesab etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi hüquqi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmədə Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs xx.xx.2019-cu ildə onun ünvanına nalayiq ifadə işlətmiş, eləcə də Şahid1 ona telefonda Eminin onu narahat etməsini bildirmişdir. Ona görə də Emini münasibətlərini aydınlaşdırmaq üçün kənd stadionun yaxınlığına görüşə çağırmış, aralarındakı mübahisə vaxtı Zərərçəkmiş şəxs onun və ailəsinin ünvanına nalayiq ifadə işlətdiyinə görə onu öldürmək məqsədi ilə deyil, xəsarət yetirmək üçün dəfələrlə bıçaqla xəsarətləri yetirmişdir. Həmçinin ibtidai araşdırma zamanı istintaqın ilkin mərhələsində spirtli içkinin təsiri altında olmuş və psixi pozuntusu olduğuna görə zərərçəkmiş şəxsi öldürmək istədiyini demişdir. Zərərçəkmiş şəxs və şahidlər Şahid3 və Şahid2 ifadələrindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs barəsində hər hansı bir təhqiredici ifadə işlətməmişdir. Eləcə də Şahid1 ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onunla hər hansı bir formada münasibət qurmağa cəhd etməmiş, hər hansı bir formada münasibəti olmamış, Təqsirləndirilən şəxs da Eminin onu söyməsi barədə heç nə deməmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs bu hissədə ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyinə və təkzibedilməz sübutlarla ziddiyyət təşkil etdiyinə görə səmimi, obyektiv və həqiqi ifadə kimi qəbul etmir. Təqsirləndirilən şəxs qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək məqsədi ilə onun baş və çiyin nahiyəsindən çoxsaylı bıçaq zərbələri vurmuş, bıçağı onun boğaz nahiyəsinə soxmaq istəmiş, lakin Eminin kəskin müqaviməti ilə rastlaşdığı üçün, eləcə də üzərindən durandan sonra onu ölmüş zənn edərək hərəkətlərini davam etdirməmişdir. Təqsirləndirilən şəxs məqsədi heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyəti ilə Zərərçəkmiş şəxs öldürmək olmuşdur. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi Zərərçəkmiş şəxs öldürmək deyil, xəsarət yetirmək məqsədilə çoxsaylı bıçaq xəsarətləri yetirməsi və ibtidai istintaqda ilkin mərhələsində ifadələrində «spirtli içkinin təsiri və psixi pozuntusu olduğuna görə zərərçəkmiş şəxsi öldürmək istəməsini bildirməsi» xüsusatını səmimi, obyektiv və həqiqi ifadə kimi qəbul etmir. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs məqsədi heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyəti ilə Zərərçəkmiş şəxs öldürmək barədə gəldiyi hüquqi nəticə ilə qismən, “xuliqanlıq niyəti ilə” bağlı hissədə razılaşmır. Belə ki, qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli №-li qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və Cinayət Məcəlləsinin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Beləliklə qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 120.1-ci maddəsində göstərilən qəsdən adam öldürmənin “sadə” növünə qısqanclıq, qisas motivləri, şəxsi qərəzlik, nifrət, paxıllıq hissi ilə, habelə şəxsi münasibətlər zəminində yaranan mübahisə və ya dalaşma zamanı (xuliqanlıq niyyəti olmadıqda) qəsdən adam öldürmə halları aid edilir. Qısqanclıq motivi ilə adam öldürmə ağırlaşdırıcı və yüngüllləşdirici hallar olmadıqda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məsuliyyətə səbəb olur. Əməlin Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə tövsifi üçün həqiqi, yaxud xəyali (həqiqətdə mövcud olmayan) qisqanclıq hissinin olubolmamasının heç bir əhəmiyyəti yoxdur. Bu cinayətdən zərərçəkmiş şəxs qismində nəinki ər və ya arvad, həm də nikahdan kənar birlikdə yaşayan və birgə yaşamaqdan imtina edən kişi və ya qadın, ərə gedəcəyinə və ya evlənəcəyinə söz verən, lakin öz vədini pozan kişi və ya qadın ola bilər. Qısqanclıq hissi ilə adam öldürməni xuliqanlıq niyyəti ilə adam öldürmədən (Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi) fərqləndirmək lazımdır. Xuliqanlıq niyyəti ilə adam öldürmədə qısqanclıq hissi yalnız bəhanə kimi istifadə olunur. Bu halda zərərçəkmiş şəxs təqsirkarda qısqanclıq hissinin yaranması üçün onun əlinə heç bir bəhanə vermir. Əksinə, təqsirkar özünün davranışı ilə zərərçəkmiş şəxs üçün yaşayış şəraiti yaradır və bunula da onu öldürür. Ona görə də belə hallarda təqsirkarın davranışını müəyyən edən hansı motivin üstünlük təşkil etdiyi dəqiq aydınlaşdırmaq lazımdır. Qisas almaq, qısqanclıq və digər şəxsi münasibətlər zəminində qəsdən adam öldürmə, cinayətin edildiyi yerdən asılı olmayaraq xuliqanlıq niyyətilə adam öldürmə kimi tövsif edilə bilməz. Şəxsi münasibətlər zəminində qisas almaq niyyətilə qəsdən adam öldürmə zərərçəkmiş şəxsin qətlə yetirmədən bilavasitə əvvəl, yaxud keçmişdə etdiyi müxtəlif hərəkətlərlə əlaqədar olaraq törədilir. Qisas motivinin yaranmasında zərərçəkmiş şəxsin mühüm rol oynayan hər hansı hərəkətinin hüquqi yaxud qeyri-hüquqi olmasının əməlin Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə tövsifi üçün əhəmiyyəti yoxdur. Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli №-li qərarında qeyd edilmişdir ki, Qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). İstinad olunan plenum qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə, əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoyması, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirməsi, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozması, həmin qayda və normalara etinasızlıq göstərməsi kimi hallar deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bəhanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (xuqliqanlıq niyyətli ilə və xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Hazırkı cinayət işində isə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Ələsgər oğlu ilə Şahid1 arasında qeyri-rəsmi ailə münasibətləri olmuş, onlar dəfələrlə Şahid1 yaşadığı ünvanda (Zərərçəkmiş şəxs yaşadığı evin qonşuluğunda) görüşmüşlər. Təqsirləndirilən şəxs Ələsgər oğlu Şahid1 yaşadığı evə görüşə gedərkən Zərərçəkmiş şəxs evinin aşağı hissəsindən və umumi istifadədə olan yoldan istifadə etməklə yaşadıqları evin qabağından istifadə etmiş, ona görə də Həsən ilə Emin arasında bir neçə dəfə söz-söhbət olmuşdur. Sonuncu dəfə isə hadisə baş verən gün Emin Şəfa ilə birlikdə işdən qayıdarkən Həsənin ünvanına nalayiq ifadələr işlətmiş, onun dediyi sözlərin Həsənə çatdırılmasını istəmişdir. Şəfa da Həsən ilə telefon əlaqəsi saxlamış, olanlar barədə Həsənə bildirmişdir. Bundan sonra isə Həsən Eminə zəng edərək onu kənddəki stadionun yanına çağırmışdır. Beləliklə, məhkəmə kollegiyasının qənaətincə, Təqsirləndirilən şəxs Ələsgər oğlu Zərərçəkmiş şəxs arasında baş verən və sonuncunun bıçaq xəsarəti alaraq sağlamlığına ağır zərər yetirilməsi ilə nəticələnmiş dalaşma onlar arasında şəxsi ədavətlə yanaşı, təqsirkar Təqsirləndirilən şəxs tərəfindən ağlabatanlıqla zərərçəkmiş şəxsin səhv əməlləri kimi qəbul edilməklə qisqanclıq zəminində baş vermişdir. Hadisənin bu cür inkişaf etməsi Təqsirləndirilən şəxs cinayətkar əməlinin xuliqanlıq niyyətindən irəli gəlmədiyini, şəxsi münasibətlər zəminində törədildiyini göstərir. Xuliqanlıq niyyətinin olmaması Təqsirləndirilən şəxs ictimai-təhlükəli qəsdinin ictimai qaydanın kobud sürətdə pozulmasına və cəmiyyətə açıqca hörmətsizlik ifadə olunmasına deyil, müstəsna olaraq zərərçəkmiş şəxsə qarşı, onu qəsdən öldürməyə yönəldiyini göstərir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Ələsgər oğlunun Zərərçəkmiş şəxs qarşı hərəkətlərində Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsinin tərkib elementləri, yəni xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd cinayətinin tərkibi mövcud deyildir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Ələsgər oğlunun Cinayət 29,120.2.2-ci maddəsi ilə tövsif edilmiş cinayət əməli həmin Məcəllənin 29,120.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmü o zaman əsaslı hesab olunur ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslansın. Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci mаddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. «Barbera, Messege və Yabardo İspaniyaya qarşı» iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə təqsirləndirilən şəxs Cəfərov X7 Məcəlləsinin 29,120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, buna uyğun cinayət məsuliyyəti daşımalıdır. Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Cinayət Məcəlləsinin 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarında (1-ci və 2-ci bəndlər) göstərilir ki, məhkəmələr tərəfindən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müdəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədildiyi şəraitə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır... Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Ələsgər oğluna cəza təyin edərkən оnun əvvəllər məhkum оlunmаmаsını, etdiyi əməldən səmimi peşman olmasını, cinayət əməlini törətdikdən sonra könüllü şəkildə istintaq orqanına gəlib təslim olmasını və yaşının gənc olmasını onuncəzasını yüngülləşdirməyə əsas verən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs Ələsgər oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Cəzanı yüngülləşdirən hallar olduqda cəzanın təyin edilməsinin əsaslarını müəyyən edən cinayət Məcəlləsinin 60.1-ci maddəsində qeyd edilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Ələsgər oğlu tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədildiyi şəraiti, onun şəxsiyyətini müsbət səciyyələndirən halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Ələsgər oğluna təqsirli bilindiyi Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının aşağı həddinin təyin olunması mümkün, məqsədəuyğun və yetərlidir. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi verdiyi apellyasiya şikayətində Təqsirləndirilən şəxs Ələsgər oğlunun əməlinin Cinayət Məcəlləsinin126.1-ci maddəsinə tövsif edilərək, ona aşağı həddə cəza təyin olunmasını xahiş etmişdir. Lakin məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Ələsgər oğlunun əməlinin Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilərək ona aşağı həddə cəza təyin edilməsinə əsas görmür. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, iş üzrə zərərçəkmiş şəxs ilə hələ də barışıq əldə olunmaması, zərərçəkmiş şəxsin ondan şikayətçi olması ona cəza təyin olunarkən nəzərə alınmalıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesаb edir ki, Təqsirləndirilən şəxs Ələsgər oğlunun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair X15 Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilməli, onun əməli Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsindən həmin Məcəllənin 29,120.1-ci maddəsinə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyası üzrə cəzaya məhkum edilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Təqsirləndirilən şəxs Ələsgər oğlunun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Ələsgər oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair X15 Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs Ələsgər oğlunun əməli Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsindən həmin Məcəllənin 29,120.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Ələsgər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirli bilinib 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzаsını ciddi rejimli cəzаçəkmə müəssisəsində çəkməklə, cəzаçəkmə müddətinin bаşlаnğıcı tutulduğu xx xxxx 2019-cu il tаrixdən hesаblаnsın. X15 Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-33/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-33/2020
26.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver