Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-33/2021 24.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ akim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X7, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi-Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə məhkum edilmələrinə dair X15 Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmündən müdafiəçilər Müdafiəçi3, Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclаsındа baxaraq, müəyyən etdi: X15 Məhkəməsinin (X10 (sədrlik edən), X8 və X5 ibarət tərkibdə) xx xxxxxxx 2020-ci il tarixli hökmü ilə xx xxxxx 1995-ci il tarixdə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, əvvəllər məhkum olunmamış, Ağdaş rayonunun Pirəyir kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə olduğu, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ev dustaqlığında olduğu müddət, cəmi 05 (beş) ay 25 (iyirmi beş) gün ona təyin olunan cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində 08 (səkkiz) il 05 (beş) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxx 2020ci il tarixdən hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi, onun dərhal məhkəmə iclas zalında həbsə alınması, onun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X4 yerləşdirilməsi üçün X2 mühafizəsini həyata keçirən Mühafizə Taboruna təhvil verilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması; xx xxxxxx 1980-ci il tarixdə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində iki azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum olunmamış, Ağdaş rayonunun Pirəyir kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə olduğu, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ev dustaqlığında olduğu müddət, cəmi 05 (beş) ay 25 (iyirmi beş) gün müddət ona təyin olunan cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində 07 (yeddi) il 06 (altı) ay 05 (beş) gün müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxx 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi, onun dərhal məhkəmə iclas zalında həbsə alınması, onun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X4 yerləşdirilməsi üçün X2 mühafizəsini həyata keçirən Mühafizə Taboruna təhvil verilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması; xx xxxxxxx 1994-cü il tarixdə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, əvvəllər məhkum olunmamış, Ağdaş rayonunun Pirəyir kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə olduğu, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ev dustaqlığında olduğu müddət, cəmi 05 (beş) ay 26 (iyirmi altı) gün ona təyin olunan cəzaya hesablanmaqla həmin cəzadan çıxılması, üzərində 07 (yeddi) il 06 (altı) ay 04 (dörd) gün müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxx 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi,onun dərhal məhkəmə iclas zalında həbsə alınması, onun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X4 yerləşdirilməsi üçün X2 mühafizəsini həyata keçirən Mühafizə Taboruna təhvil verilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. işin halları: X15 Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxslər məhkum edilmişdirlər ona görə ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2020-ci il tarixdə saat 17:30 radələrində Təqsirləndirilən şəxs1 evlənmək istədiyi Ağdaş rayonunun Pirəyir kənd sakini xx.xx.2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Ağdaş rayonunun Pirəyir kəndi ərazisində orta küçə adlanan ərazidən Təqsirləndirilən şəxs3 idarə etdiyi VAZ-21120 markalı H 955 YX 05 dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol oturacağına iradəsinə zidd olaraq zor tətbiq etməklə əyləşdirərək oğurlamaqla adam oğurluğu cinayətini törətmişlər. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. X15 Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmündən təqsirləndirilən şəxslərin müdafiəçiləri Müdafiəçi3, Müdafiəçi2 və Müdafiəçi1 tərəfindən apellyasiya şikayətləri verilmişdir. apellyasiya şikayətlərinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3 verdiyi apellyasiya şikayətində X15 Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmünün cəzaya aid hissədə dəyişdirilərək Təqsirləndirilən şəxs1 təyin edilmiş 8 il 5 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 verdiyi apellyasiya şikayətində X15 Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmünün cəzaya aid hissədə dəyişdirilərək Təqsirləndirilən şəxs1 təyin edilmiş 7 il 6 ay 4 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi1 verdiyi apellyasiya şikayətində X15 Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmünün cəzaya aid hissədə dəyişdirilərək Təqsirləndirilən şəxs3 təyin edilmiş 7 il 6 ay 5 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X15 Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və zərəçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti, eləcə də verilmiş apellyasiya şikayətlərinə qarşı yazılı etirazlar verilməmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən Təqsirləndirilən şəxs1 oğlu və onun müdafiəçisi X3 iş üzrə onlar tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2 iş üzrə onlar tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Müdafiəçi1 iş üzrə onlar tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X12 apellyasiya şikayətlərinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iclasının keçirilməsi vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və notarial qaydada təstiq olunmuş ərizə göndərərək Təqsirləndirilən şəxs1 oğlu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Şəki Ağır Məhkəməsində işə baxılan zaman şikayətçi olsa da, hazırda onlarla barışdığını və onlardan heç bir şikayət və tələbinin olmadığını qeyd edib, işə baxılan zaman bunun nəzərə alınmasını xahiş etmişdir. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxslər və onların müdafiəçilərinin, habelə dövlət ittihamçısının apellyasiya şikayətləri ilə bağlı ifadə və çıxışlarını dinləyərək hesab edir ki, müdafiəçilər Müdafiəçi3, Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə məhkum edilmələrinə dair X15 Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə onlara təyin edilmiş cəzaya münasibətdə dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi iclası zamanı Təqsirləndirilən şəxs1 CM-nin 144.2.3cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilsə də, ifadə verməkdən imtina etdiyindən onun məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadəsi elan olunmaqla tədqiq olunmuşdur. Həmin ifadəsində Təqsirləndirilən şəxs1 göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir və təxminən bir ilə yaxındır ki, Asiyanı sevdiyi üçün bir neçə dəfə Asiyaya bu barədə mesaj yazaraq onunla ailə qurmaq istədiyini, ona qarşı hisslərinin səmimi olduğunu bildirsə də, Asiya onunla ailə qurmağa razılıq verməmiş, anasını Asiyagilə göndərərək onunla ailə həyatı qurmaq istədiyini qəti şəkildə göstərsə də, Asiyanın anası onun anasına qızının bu məsələyə razı olmadığını bildirdiyindən Asiyanı ailə qurmaq niyyəti ilə qaçırmağa qərar vermişdir. xx.xx.2020-ci il tarixdə bu barədə həmkəndlisi Ruslana bildirərək ondan Asiyanı qaçırmaqda ona köməklik etməsini xahiş etmiş, Ruslan da onunla razılaşmış, daha sonra onlara avtomobil lazım olduğundan bu barədə həmkəndlisi Rizvana bildirmiş, Rizvan da ona kömək etməyə razılıq verdiyindən həmin gün Asiyanı qaçırmaq üçün Rizvana məxsus VAZ 21012 markalı 05 H 955 YX qeydiyyat nişanlı avtomobillə kəndin orta yolunda gözlədikdən sonra saat təxminən 17:30 radələrində Asiya ilə anasının gədiyini görmüş, Asiya ilə anası Mətanətin onların avtomobilinin arxasına çatmağa bir neçə metr qalmış Ruslanla birlikdə avtomobildən düşərək özü Asiyanın qolundan tutub zorla avtomobilə oturtmuş, Ruslan isə Mətanəti tutub saxlamışdır. Həmin vaxt Mətanət və Asiya onlara müqavimət göstərsələr də, Asiyanı avtomobilə oturtduqdan sonra Mətanət yerə yıxılmış, Mətanət yerə yıxılan kimi Ruslan da qaçıb avtomobilə oturduqdan sonra Rizvan avtomobili Ləki-Xınaxlı yolu ilə Zərdab istiqamətinə və oradan da Ağcabədiyə sürmüşdür. X14 şəhərinə xalasıgilə aparmaq olmuş, lakin xalasıgilə bu barədə heç nə deməmişdir. Özü avtomobildə arxada sağ tərəfdə, Asiya isə sol tərəfdə sürücünün arxasında oturmuş, Ağcabədiyə çatan zaman DYP avtomobilinin yanından keçəndə Asiya qəfildən öz oturduğu tərəfdən qapını açıb ayağını çölə çıxarmış və səs-küy salaraq yol polisi əməkdaşlarının diqqətini cəlb etmişdir. Həmin vaxt DYP əməkdaşları onları saxlamış və sorğu-sual zamanı onların Asiyanı iradəsinə zidd olaraq qaçırdıqları məlum olduğu üçün polis şöbəsinə aparılmışlar. Orada isə Asiya onlardan şikayət ərizəsi yazmışdır. Məhkəmə istintaqı zamanı ifadə verməkdən imtina etsə də, ona ünvanlanan sualları cavablandırarkən Təqsirləndirilən şəxs1 bildirmişdir ki, zərərçəkmiş şəxsi yalnız ailə qurmaq niyyəti ilə qaçırmışdır. Ona qarşı heç bir zor və ya seksual xarakterli hərəkət etməmişdir. Həmin əməlin cinayət olduğunu bilməmişdir. Hazırda əməlindən çox peşmandır, dəfələrlə barışıq üçün zərərçəkmiş şəxsin ailəsinə müraciət etsə də, barışıq əldə olunmamışdır. Qeyd olunanları nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi iclası zamanı Təqsirləndirilən şəxs3 CMnin 144.2.3cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilsə də, ifadə verməkdən imtina etdiyindən onun məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadəsi elan olunmaqla tədqiq olunmuşdur. Həmin ifadəsində Təqsirləndirilən şəxs3 göstərmişdir ki, dostu Təqsirləndirilən şəxs1 həmkəndlisi Zərərçəkmiş şəxs sevdiyi üçün onunla ailə qurmaq istəmiş, lakin Asiya razı olmadığı üçün onu qaçırmaq istəmişdir. Bu barədə xx.xx.2020-ci il tarixdə ona və qardaşı Ruslana bildirərək ona köməklik etmələrini xahiş etmiş və aralarında razılıq əldə olunmuşdur. Həmin gün Asiyanı qaçırmaq üçün ona məxsus VAZ 21012 markalı 05 H 955 YX qeydiyyat nişanlı avtomobillə kəndin orta yolunda gözlədikdən sonra saat təxminən 17:30 radələrində Asiya ilə anasının gədiyini görmüşlər, Asiya ilə anası Mətanət onların avtomobilinin arxasına çatmağa bir neçə metr qalmış Elçin və Ruslan avtomobildən düşmüş, Elçin Asiyanın qolundan tutub zorla avtomobilə oturtmuş, Ruslan isə Mətanəti tutub saxlamışdır. Həmin vaxt Mətanət və Asiya onlara müqavimət göstərsələr də, Asiyanı avtomobilə oturtduqdan sonra Mətanət yerə yıxılmış, Mətanət yerə yıxılan kimi Ruslan da qaçıb avtomobilə oturduqdan sonra o, avtomobili Ləki-Xınaxlı yolu ilə Zərdab istiqamətinə və oradan da Ağcabədiyə sürmüşdür. X11 şəhərinə Elçinin xalasıgilə aparmaq olmuşdur. Elçin avtomobildə arxada sağ tərəfdə, Asiya isə sol tərəfdə sürücünün arxasında oturmuş, Ağcabədiyə çatan zaman DYP avtomobilinin yanından keçəndə Asiya qəfildən öz oturduğu tərəfdən qapını açıb ayağını çölə çıxarmış və səs-küy salaraq yol polisi əməkdaşlarının diqqətini cəlb etmişdir. Həmin vaxt DYP əməkdaşları onları saxlamış və sorğu-sual zamanı onların Asiyanı iradəsinə zidd olaraq qaçırdıqları məlum olduğu üçün polis şöbəsinə aparılmışlar. Orada isə Asiya onlardan şikayət ərizəsi yazmışdır. Məhkəmə istintaqı zamanı ifadə verməkdən imtina etsə də, ona ünvanlanan sualları cavablandırarkən Təqsirləndirilən şəxs3 bildirmişdir ki, zərərçəkmiş şəxsi yalnız xoş niyyət üçün qaçırmışlar. Ona qarşı heç bir zor tətbiq etməmişlər. Həmin əməlin cinayət olduğunu bilməmişdir. Hazırda əməlindən çox peşmandır, dəfələrlə barışıq üçün zərərçəkmiş şəxsin ailəsinə müraciət etsələr də, barışıq əldə olunmamışdır. Qeyd olunanları nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi iclası zamanı Təqsirləndirilən şəxs2 CM-nin 144.2.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 17:30 radələrində Təqsirləndirilən şəxs1 ona zəng edərək sevdiyi qızı qaçırmaq istədiyini və bunun üçün ona köməklik etməsini xahiş etmiş, o da etiraz etməmiş və həmkəndlisi Zərərçəkmiş şəxs qaçırmaqda Təqsirləndirilən şəxs1 köməklik etmişdir. O, yalnız Elçinin xoşbəxtliyi üçün belə bir əməli törətmiş, həmin əməlin cinayət olduğunu bilməmişdir. Hazırda əməlindən çox peşmandır, dəfələrlə barışıq üçün zərərçəkmiş şəxsin ailəsinə müraciət etsələr də, barışıq əldə olunmamışdır. Qeyd olunanları nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, həmkəndlisi Elçin adlı şəxsin ona qarşı sevgi münasibətlərində olduğunu bilmiş, Elçinin bir neçə dəfə onu sevdiyini bildirdiyini və ona bu barədə mesaj yazdığını, lakin onu sevmədiyini və onunla ailə qurmaq niyyətində olmadığını Elçinə bildirmişdir. xx.xx.2020-ci il tarixdə saat 17:30 radələrində anası Şahid1 ilə birlikdə nənəsigildən gələrkən yaşadıqları evə yaxınlaşan zaman üzü magistral yol tərəfə göy rəngli, rus nömrəsi ilə VAZ 21012 markalı avtomobilin dayandığını görmüş, anası ilə birlikdə həmin avtomobilin arxasına tərəf yaxınlaşdıqları zaman avtomobilin arxa hissəsindən 2 nəfər düşmüş, həmin şəxslərdən biri sonradan adlarını bildiyi həmkəndlisi Rüstəmin oğlu Ruslan anasının qollarından tutmuş, digər şəxs Bəhruzun oğlu Elçin isə ona yaxınlaşaraq qollarından tutaraq onu zorla avtomobilin arxa oturacağına əyləşdirmiş, Elçinin onu qaçırmaması üçün anası Ruslanın əlindən çıxıb onun əlindən tutsa da, anasının əli onun əlindən aralandığı və anası həmin vaxt avtomobilin arxasında yerə yıxıldığını üçün Elçinin əlindən çıxa bilməmişdir. Bu vaxt Ruslan anasının yıxılmağından istifadə edib tez qaçıb avtomobildə qabaqda əyləşmiş, sürücü Rizvan adlı şəxs isə avtomobili yüksək sürətlə sürərək Ağdaş-Ləki yoluna çıxıb üzü Ləki istiqamətinə hərəkət etməyə başlamışdır. Sürücünün həmkəndlisi Rizvan adlı şəxs olduğunu yolda bilmiş, yol gedərkən Elçinə onu qaytarmasını xahiş etmiş, lakin Elçin ona onu ailə qurmaq məqsədilə qaçırdığını, onu qaytarmayacağını bildirmişdir. Avtomobil Zərdab yolu ilə üzü Ağcabədi rayonuna hərəkət etmiş, həmin vaxt avtomobilin arxa sol oturacağında, yəni sürücünün arxasında oturduğundan Ağcabədi rayonunda polis avtomobilini gördüyündən polislərin onu görmələri və həmin avtomobili saxlamaları üçün həmin vaxt avtomobilin arxa qapısını açaraq ayağını qapıdan çölə çıxarmış, həmin vaxt polis əməkdaşları avtomobilin qarşısına keçib avtomobili saxlatmış, həmin vaxt polis əməkdaşlarına ona kömək etmələrini, onların onu qaçırmalarını bildirmişdir. Daha sonra polis əməkdaşları onlara yaxınlaşmış, onu polis avtomobilinə əyləşdirmiş, sonra isə həm onları, həm də onu Ağcabədi rayon polis şöbəsinə aparmışlar. Ağcabədi RPŞ-də ərizə yazıb izahat verərək həmin bu üç nəfər şəxsin onu Ağdaş rayonundan qaçırdıqlarını bildirmişdir. Sonra isə onun valideynlərinə məlumat verilmiş, atası və əmiləri gəlib onu Ağcabədi rayon polis şöbəsindən Ağdaş rayonuna aparmışlar. Hazırda təqsirləndirilən şəxslərlə barışmamışdır, onlardan şikayətçidir. Birinci instansiya məhkəməsi iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində xx.xx.2020-ci il tarixdə saat 17:30 radələrində qızı Asiya ilə birlikdə anasıgildən gəldiklərini, yaşadıqları evə yaxınlaşan zaman üzü magistral yol tərəfə göy rəngli, rus nömrəsi ilə VAZ 21012 markalı avtomobilin dayandığını gördüyünü, qızı ilə birlikdə həmin avtomobilin arxasına çatdıqlarını və təxminən 1-2 metr qalmış avtomobilin arxa hissəsindən 2 nəfər həmkəndlisinin düşdüyünü, həmin vaxt həmkəndlilərindən Rüstəmin oğlu Ruslanın onun qollarından tutduğunu, digər həmkəndlisi Bəhruzun oğlu Elçinin isə qızına yaxınlaşaraq onun qollarından tutduğunu, Elçinin qızını zorla avtomobilin arxa oturacağına əyləşdirdiyini, Elçinin qızını qaçırmasına mane olmaq üçün Ruslanın əlindən çıxıb qızının əlindən tutduğunu, lakin əlinin qızının əlindən aralandığını və həmin vaxt avtomobilin arxasında yerə yıxıldığını, Ruslanın isə həmin vaxt qaçıb avtomobildə qabaqda əyləşdiyini, bu vaxt sürücünün avtomobili yüksək sürətlə sürərək Ağdaş-Ləki yoluna çıxıb üzü Ləki istiqamətinə hərəkət etməyə başladığını, bundan sonra gedib Elçinin anasına oğlunun iki nəfər şəxs ilə qızını götürüb qaçırdığını deyərək məlumat verdiyini, qızını qaytarıb gətirmələrini və Elçindən şikayətçi olmayacağını dediyini, həmin vaxt Elçinin anasının Elçinə zəng etdiyini, lakin Elçinə zəng çatmadığını, sonra da Elçinin anası Aybənizin narahat olmamalarını, qızı gətirtdirəcəyini dediyini, təxminən 1 saat gözlədiklərini, lakin məlumat olmadığını, daha sonra da X6 Bərdəyə bibisigilə qaçırdığını yəqin etdiyini, sonra Bərdəyə gedəsi olduqlarını, yolda Aybənizin qardaşına zəng gəldiyini və ona zəng edənin əri Sabir olduğunu, Sabirin Aybənizin qardaşına uşaqları Ağcabədi polis şöbəsinin əməkdaşlarının saxladıqlarını, onların Ağcabədi rayon polis şöbəsində olduqlarını, daha sonra yarı yoldan Ağcabədi rayonuna getdiklərini, əri Sabirin də qardaşları ilə birlikdə Ağcabədi rayon polis şöbəsinə gəldiklərini, qızı Asiyanı polis şöbəsindən götürüb Ağdaş rayonuna gəldiklərini göstərmişdir. Birinci instansiya məhkəməsi iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. Birinci instansiya məhkəməsi iclası zamanı Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində Şahid3 xx.xx.2020-ci il tarixdə həmkəndliləri Elçinin Ruslan və Rizvan adlı şəxslərlə birlikdə qardaşı qızı Asiyanı qaçırdığını, bu məsələni eşidib qardaşı Sabirgilə getdiyini, həmin vaxt Sabirin ona Asiya və onun həyat yoldaşı Mətanətin kəndin içərisi ilə gələndə qəfildən qarşılarında avtomobildə olan Elçin və Ruslanın yerə düşdüklərini, Elçinin Asiyanı zorla avtomobilə mindirdiyini, Ruslanın isə həmin vaxt Mətanəti tutub saxladığını dediyini, həmin ərəfələrdə qardaşı Rüfətin isə Sabirin həyat yoldaşı Mətanət və Asiyanı qaçıran Elçin adlı şəxsin anası ilə birlikdə Bərdə şəhərinə getdiklərini, Elçinin anasının, ola bilsin ki, Asiyanı Bərdə şəhərinə apardıqlarını dediyini, saat təxminən 21 radələrində qardaşı Sabirə zəng gəldiyini və Ağcabədi RPŞ-nin əməkdaşlarının qızı Asiyanı qaçıran şəxslərlə birlikdə Ağcəbədi rayonunun ərazisində saxladıqlarını dediklərini, Sabirlə birlikdə Ağcabədi rayonuna getdiyini və oradan Asiyanı götürüb gətirdiklərini, hadisənin xx.xx.2020-ci il tarixdə Ağdaş rayonunun Pirəyir kəndində baş verdiyini, Asiya ilə Elçin arasında sevgi münasibətlərinin olmadığını, Elçin Asiya ilə ailə həyatı qurmaq istəsə də, Asiyanın buna razı olmadığını, buna görə də, Elçinin Asiyanı iradəsinin əleyhinə olaraq zorla qaçırdığını bildirmişdir. Cinayət işinin materiallarında olan “Ərizə”dən görünür ki, Şahid1 xx.xx.2020-ci il tarixdə yazılı şəkildə Ağdaş Rayon Polis Şöbəsinə müraciət edərək xx.xx.2020-ci il tarixdə saat 17:30 radələrində qızı 2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs həmkəndlisi Bəhruzun oğlu Elçin tərəfindən iki nəfər ayrı şəxslə birlikdə zorla iradəsinə zidd olaraq qaçırıldığını bildirmişdir. Həmin şəxslər barəsində qanuni tədbir görülməsini xahiş edir. (cild 01, iş vər. 7) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Şahid1 oğurlandığı yer Ağdaş rayonunun Pirəyir kəndidir. (cild 01, iş vər. 15-17) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “İfadənin yerində yoxlanması haqqında” istintaq hərəkətinin protokollarından göründüyü kimi, hər üç təqsirləndirilən şəxsin ifadəsi hadisə yerində bir daha yoxlanılmış və hər üç şəxs dindirilən zaman bildirdiklərini təkrar göstərmişlər. Həmçinin müvafiq şəkillər çəkilərək protokollara əlavə olunmuşdur. (cild 02, 20-22, 23-25, 26-28) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində hər hansı bir xəsarət aşkar olunmamışdır. (cild 01, iş vər. 20-21) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Şahid1 bədənində hər hansı bir xəsarət aşkar olunmamışdır. (cild 01, iş vər. 202-203) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-psixiаtrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin cinayət əməlini törədərkən hər hansı bir psixoloji xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hazırda da hər hansı bir psixoloji xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs2 hazırkı cinayət əməlini törədərkən əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini ölçüb biçmək və onları idarə etmk iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 02, iş vər. 29-30) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-psixiаtrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin cinayət əməlini törədərkən hər hansı bir psixoloji xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hazırda da hər hansı bir psixoloji xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs1 hazırkı cinayət əməlini törədərkən əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini ölçüb biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 02, iş vər. 31-32) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-psixiаtrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin cinayət əməlini törədərkən hər hansı bir psixoloji xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hazırda da hər hansı bir psixoloji xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs3 hazırkı cinayət əməlini törədərkən əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini ölçüb biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs3 əməli CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 02, iş vər. 33-34) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayış və xasiyyətnamədən, o cümlədən doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 anası, arvadı, 2004-cü və 2007-ci il təvəllüdlü iki azyaşlı uşağı ilə birlikdə Ağdaş rayonunun Pirəyir kəndində yaşayır. Onun barəsində yaşadığı yer üzrə heç bir ərizə və şikayət daxil olmamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (cild 01, iş vər. 224225, 227) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 anası və atası ilə birlikdə Ağdaş rayonunun Pirəyir kəndində yaşayır. Onun barəsində yaşadığı yer üzrə heç bir ərizə və şikayət daxil olmamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (cild 01, iş vər. 230-231) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 anası və atası ilə birlikdə Ağdaş rayonunun Pirəyir kəndində yaşayır. Onun barəsində yaşadığı yer üzrə heç bir ərizə və şikayət daxil olmamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (cild 01, iş vər. 232-233) Cinayət işinin materiallarına əlavə olunmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar. (cild 01, iş vər. 200-201, 246-247) Məhkəmə kollegiyasına müdafiə tərəfindən təqdim edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təstiq olunmuş ərizəsində qeyd olunur ki, Təqsirləndirilən şəxs1 oğlu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Şəki Ağır Məhkəməsində işə baxılan zaman şikayətçi olsa da, hazırda onlarla barışmış və onlardan heç bir şikayət və tələbi yoxdur. İşə baxılan zaman bunun nəzərə alınmasını xahiş edir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdiyi əməldə Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin törədilməsində onların iştirakı və təqsirlilikləri kifayət qədər sübutа yetirilmişdir. təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbаycаn Respublikаsı Cinayət məcəlləsinin 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Cinayət məcəlləsinin 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. Cinayət məcəlləsinin 58-ci maddəsinə əsasən, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Birinci instansiya məhkəməsinin hökmündə qeyd olunur ki, məhhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onların törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barələrində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Lakin Apellyasiya məhkəməsi iş üzrə birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxslər barəsində təyin edilmiş uzunmüddətə azadlıqdan məhrum etmə növündə cəzaya aid hissədə gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət səciyyələnməsini və səmimi peşmançılığını, o cümlədən zərərçəkmiş şəxslə barışıq əldə etməyə səy göstərməsini CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət səciyyələnməsini və səmimi peşmançılığını, o cümlədən zərərçəkmiş şəxslə barışıq əldə etməyə səy göstərməsini CMnin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət səciyyələnməsini və səmimi peşmançılığını, o cümlədən zərərçəkmiş şəxslə barışıq əldə etməyə səy göstərməsini CM-nin 59.2-ci maddəsinə əsasən, himayəsində iki azyaşlı uşağının olmasını isə CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs3 CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Əməllərin kriminallaşdırılmasında Cinayət Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulan ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial prosesslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, Cinayət Məcəlləsinin 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair xx xxxxxx 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm – cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Qeyd olunanlara əsasən, belə nəticə hasil olur ki, bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına əzab vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yuxarıda göstərilən əməllərinə görə Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddən də yüngül cəza təyin edilə bilər. Belə ki, «Məhkəmələr tərəfindən cinаyət cəzаlаrının təyin edilməsi təcrübəsi hаqqındа» Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tаrixli 04 nömrəli qərаrının 2-ci bəndində göstərilir ki, cəzаlаrın tətbiqi məsələsi müzаkirə edilərkən cəzаnın növü və miqdаrının seçilməsinin mühüm əhəmiyyəti vаrdır. Cəzа birinci növbədə təqsirləndirilən şəxsin islаh оlunmаsınа xidmət etməlidir. Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etmə, zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd edilməsi, zərərçəkmiş şəxsə dəymiş zərərin azaldılmasına yönəldilmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallar hesab olunur. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normasının tələbləri baxımından hesab edir ki, təqsirləndirilən şəxslərin Zərərçəkmiş şəxs ilə razılıq əldə edərək barışıq əldə etmələri, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmaması, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər hər hansı bir məhkumluq həyatı yaşamamaları, həmçinin yaşayış yeri üzrə müsbət xarakterizə olunmaları onların cəzasını yüngülləşdirən hallar kimi qəbul edilməlidir. Çünki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməldən səmimi peşmançılıqlarını bildirmələri, zərərçəkmiş şəxslə razılıq əldə edilməsinə nail olmaları və barışmaları onlarda mənəvi və ictimai dəyərlərə hörmət hisslərinin qorunub saxlandığına dəlalət etməklə, tutduqları əmələ görə özü-özlərini məzəmmət etdiklərini təsdiq edir. Zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmaması, təqsirləndirilən şəxslərin yaşayış yeri üzrə müsbət səciyyələndirilmələri öz növbəsində onları əhatə edən insanların təqsirləndirilən şəxsləri kriminal ünsür kimi sıradan çıxarmadıqlarına və onların islah olunacaqlarına dair cəmiyyətdə inamın mövcud olmasına dəlalət edir. Bu baxımdan yuxarıda göstərilən halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi Cinayət Məcəlləsinin fundamental pirinsiplərindən olan ədalət və humanizim pirinsipləri baxımından kifayət qədər əsaslı qəbul edilməlidir. Çünki, məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir halda fərdiləşdirilməsinə xidmət edir. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyasının fikrincə, artıq törədilmiş əməlin kriminallığını xeyli dərəcədə zəiflədən, onun ictimai təhlükəlilik dərəcəsini azaldan yuxarıda qeyd edilən halların olmasını təqsirləndirilən şəxslərə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının həddi işin faktiki hallarına uyğun gəlmir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cinayətin məqsədi və motivi, təqsirləndirilən şəxslərin cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onların davranışları ilə bağlı hallar habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hallar, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilməli və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində Cinayət Məcəlləsinin 62-ci mаddəsi tətbiq edilməli və оnlara təqsirli bilindikləri mаddədə müəyyən ediləndən daha yüngül cəza təyin olunması məqsədəuyğun hesаb olunmalıdır. Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə Məhkəmə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Şərh olunan maddənin məzmunundan görünür olur ki, Cinayət Məcəlləsinin 62.1-ci maddəsi cəzadan daha yüngül cəza təyin edilməsinin aşağıdakı əsaslarını nəzərdə tutur. -cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; -cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; -iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etməsi; Qanunun tələbinə görə, belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilməli, onlar konkretləşdirilməli və müstəsna hal kimi qiymətləndirilməsinin səbəbləri hökmdə əsaslandırılmalıdır. Bu halları müəyyən edərkən məhkəmə həm cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də bu cür halların məcmusunu, yəni cinayətin motivi və məqsədini, təqsirkarların cinayətin törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və ondan sonrakı davranışını, təqsirkarların şəxsiyyətini xarakterizə edən məlumatları və s. qiymətləndirməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirməyə əsas verən və şəxsiyyətini müsbət xarakterizə edən, eyni zamanda, onun tərəfindən törədilmiş cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan halları nəzərə alıb barəsində Cinayət Məcəlləsinin 62.2-ci maddəsinin tətbiqini və onlara təqsirli bilindiyi Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az cəza təyin edilməsini mümkün və məqsədəuyğun hesab edir. Lakin məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxslərə onların təqsirli bilindiyi Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən də az cəza təyin edilməsini cəzanın məqsədlərini və islah təsirini təmin etmək baxımından yetərli sayır. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 405.1 və 405.1.1-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi məhkuma təyin edilmiş cəzanı yüngülləşdirdikdə birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Ona görə də məhkəmə kollegiyası təqsirləndirilən şəxslər barədə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu, cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirib hesab edir ki, müdafiəçilər Müdafiəçi3, Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə məhkum edilmələrinə dair X15 Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə onlara təyin edilmiş cəzaya münasibətdə və onlara təqsirli bilindikləri maddələrin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az cəza təyin edilməməlidir. Cinayət-Prosessual Məcəlləsinin 398.1.4-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Müdafiəçilər Müdafiəçi3, Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə məhkum edilmələrinə dair X15 Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə cəzaya aid hissədə dəyişdirilsin. Həmin hökmlə Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə təyin edilmiş 8 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası, barəsində Cinayət Məcəlləsinin 62.2-ci maddəsi tətbiq edilməklə, 5 (beş) il müddətə endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə olduğu, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ev dustaqlığında olduğu müddət, cəmi 05 ay 25 gün ona təyin olunan cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində 4 il 6 ay 05 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Həmin hökmlə Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə təyin edilmiş 8 il müddətə azadlıqdan məhrum etmə cəzası, barəsində Cinayət Məcəlləsinin 62.2-ci maddəsi tətbiq edilməklə, 4 il müddətə endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə olduğu, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ev dustaqlığında olduğu müddət, cəmi 05 ay 26 gün ona təyin olunan cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində 3 il 06 ay 04 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Həmin hökmlə Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə təyin edilmiş 8 il müddətə azadlıqdan məhrum etmə cəzası, barəsində Cinayət Məcəlləsinin 62.2-ci maddəsi tətbiq edilməklə, 4 il müddətə endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə olduğu, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ev dustaqlığında olduğu müddət, cəmi 05 ay 25 gün müddət ona təyin olunan cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində 3 il 06 ay 05 (beş) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Hökm apellyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-33/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-33/2021
24.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver