Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-335/2022 17.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik-ədliyyə müşaviri X1, təqsirləndirilən şəxs X5 və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə məhkum edilməsinə dair Ucar Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Ucar Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 1(063)-22/2022 nömrəli (hakim Hilal Xəlilov) hökmü ilə, xx xxxx 1984-cü il tarixdə Ucar rayonu, Qazyan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2li mənzilində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, azadlığın məhdudlaşdırılması cəzasının müddətinin əvvəli məhkumuncəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhər probasiya idarəsinə həvalə edilməsi müəyyən edilmişdir. işin halları: İbtidai istintaq orqanının mövqeyinə görə, Təqsirləndirilən şəxs 26 iyul 2021-ci il tarixdə, sааt 14 rаdələrində оğurluq, yəni özgənin əmlakını gizli olaraq talama məqsədilə Ucаr şəhəri, Oğuz küçəsində rəfiqəsi Zərərçəkmiş şəxs məxsus, dəyəri 19,50 manat olan bir ədəd "xxxx" ASC-dən verilmiş plastik bank kartını (əmək haqqı kartı) və Ucar rayonu, Qarabörk kəndi ərazisində yerləşən “Bəyaz Market” adlı mağazanın binasında quraşdırılmış "xxxx"a məxsus bankomatdan sözügedən kartdan (elektron məlumat daşıyıcısından) istifadə etməklə kartın içərisində saxlanılan 3200 manat puldan həmin gün saat 16:17-də 1000 manat, saat 16:18-də isə 1000 manat olmaqla cəmi 2000 manat dəyərində pulu gizli olaraq vahid niyyətlə əhatə olunan qəsdlə tаlаyıb, Zərərçəkmiş şəxs ümumilikdə 2019,50 mаnаt mаddi ziyаn vurmuşdur. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Ucar Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində Ucar Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzanın yüngülləşdirilərək təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cəzadan da aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli hökmündən zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti, dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı etiraz ərizəsi verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X6 apellyasiya şikayətinin təmin olunmasını, Ucar Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli hökmünün cəzaya aid hissədə dəyişdirilməsini, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə qərar çıxarılmasını xahiş etdilər. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, zərərçəkmiş şəxsə vurulan ziyan ödənilib. Ona qarşı heç bir şikayət və tələbi yoxdur.ona görə də ona təyin edilmiş cəzanın azaldılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X2 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğundan təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsi hökmünün dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının keçirilməsi vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq Zərərçəkmiş şəxs oğlu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası məhkəmə iclasına onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apelyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə məhkum edilməsinə dair Ucar Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi iclasında Təqsirləndirilən şəxs oğlu ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Göyçay rayon sakini Zərərçəkmiş şəxs tanıyır. Aysu Göyçay xəstəxanasında tibb bacısı işləyir, uzun müddət olar ki tanışlıqları var. 26 iyul 2021-ci il tarixdə, təxminən günorta vaxtı Aysu Bakıda onun kirayə qaldığı evdə olmuş və ona demişdir ki, “Ucar rayonunda işim var, mənimlə gəl Ucara gedib qayıdarıq”. O razılıq vermiş və Aysu 8 aylıq qızı Aylini götürərək idarə etdiyi öz şəxsi maşını ilə Ucar rayonuna yola çıxmışlar. Bakı şəhəri ərazisində Aysu maaş kartı vəsitəsi ilə maşınına benzin vurmuş və onlar sonra yola çıxmışlar. Kürdəmir rayonunda “Muğan” restoranında Aysu maşını saxlayaraq qızı Aylinin üzünü yumaq üçün yerə düşmüş, həmin an o da avtomobildən düşmüşdür. Bir qədərdən sonra qayıdıb maşına minərək yola davam etmişlər. Beləliklə, o, Aysu və Aylin Ucar rayonuna çatmışlar. Ucar rayonunda pambıq zavodun yanında Ramilənin işlətdiyi gözəllik salonuna düşmüşlər. Ora düşməkdə məqsədləri Aysunun qızının paltarını dəyişmək olmuşdur. Hələ Ramilənin salonuna çatmamış Aysunun maaş kartında həmişə pul olduğunu bildiyindən və Aysunun maaş kartını həmişə maşının içində əl çantasında olduğunu bildiyinə görə o, kartı imkan tapıb oğurlamaq qərarına gəlmiş və bunun üçün fürsət gözləməyə başlamışdır. Onlar Aysunun uşaqının paltarını dəyişmək üçün Ramilənin salonun qarşısına düşərkən, Aysu maşının yük yerindən uşağa paltar götürəndə o ani qarşılıqdan istifadə edib Aysunun maşının qabaq oturacağının arasındakı əl çantasını açaraq oradan maaş kartını götürərək şalvarının cibinə qoymuş və maşından düşərək Ramilənin gözəllik salonuna getmişdir. Uşağın paltarını dəyişdikdən sonra Aysu bildirmişdir ki, “Ucar polisində işim var sən qal Ramilə ilə, mən uşağıda götürüb gedirəm polisə”. O razılaşmış və Aysu gedəndən təxminən 5-10 dəqiqə sonra Ramiləyə bildirmişdir ki, “evə gedib qayıdıram”. Oradan çıxıb Ucar rayon xəstəxanasının yanında olan ucuzluq dükanına paltara baxmağa getmiş və oradan uzun qol, uzun ətəkli qara paltar seçmiş və bu paltara uyğun çarşab geyinən qadınların başlarını bağladığı qara örpək almış və 16 manat paltarın pulunu verib taksi ilə Ucar şəhəri, 20 Yanvar küçəsində evinə gəlmiş, belə ki, həmin evini kirayə vermişdir. Evə gələn zaman qapını döymüş, lakin cavab verən olmamışdır. Belə halda divarın üstündən keçib paltarın üsdündən aldığı qara libası geyinərək başınıda örpəklə bağlamışdır. Bədəninin və üzünün görünmədiyinə əmin olduqdan sonra ehtiyatdan küçə darvazasını arxadan açıb ehtiyatla küçəyə baxdıqdan hava isti olduğundan küçədə heç kimin olmadığını görüb əsas yola tərəf addımlamağa başlamışdır. Baş yola çıxdıqda tanımadığı ağ rəngli “jiquli” markalı maşını, taksi dayandığını görüb ona yaxınlaşmış və Ucar rayonunun, “dörd yolu”nda “Bəyaz” marketin yanında bankomat olduğunu bildiyindən həmin sürücüdən ora getmək istədiyini bildirmişdir. Fikri beynində tutduğu məqsədi realaşdırmaq, yəni Aysunun maaş kartında olan pulu bankomatdan çıxartmaq olmuş, yolda taksi sürücüsünün onu tanımadığına baxmayaraq sürücünün onu tanımadığına əmin olduğundan “4 yol” deyilən yerə getmişdir və “Bəyaz” marketin yanında maşından düşərək sürücüyə bir qədər gözləməyini xahiş etmişdir. Kartın nömrəsi üstünə yazıldığından bankomatdan ayrı-ayrılıqda 1000 manat, 1000 manat, ümümi 2000 manat pul çıxarmış və həmin taksiyə əyləşərək 4 manat yol haqqı verərək evə qayıtmış, kirayəşinlərinin evdə olmadığına əmin olduğundan sonra evə keçərək tez paltarını dəyişmiş, həmin qara paltarı və kartı sellofan torbaya qoyaraq həyətdən çıxmış, küçənin başında olan zibiliyyə atmış və paltarını evdə dəyişərkən Aysu ona zəng edərək şöbəyə gəlib uşağını oradan götürməyini dediyi üçün polisə getmişdir. Həmin vaxt pul onda olmuşdur. Polisdə Aysu ilə görüşdükdən sonra Aysu Göyçayda işinin olduğunu demiş, belə olan halda Aysuya demişdir ki, “məni apar yola sal Bakıya”, ondan sora Aysu ilə gedib qızı Leylanı bibisigildən götürüb Aysunun qızı ilə bərabər Bakı şəhərinə getmişdir. Aysunun kartından çıxararaq oğurladığı 2000 manat pulunun 600 manatını atasının həkiminə, 240 manatını iynə-dərmana, 400 manatını qaldığı evin kirayəsinə, 100 manatını paltara, 150 manatını telefonun kreditinə, 600 manatını evə yemək-içmək üçün almağa vermişdir. Məhkəmədən təqsirini etiraf edərək əməlindən səmimi peşman olmasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq aradan qaldırmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını və himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alaraq ona təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulan cəzalardan daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımışdır, onunla münasibəti yaxşı olmuşdur. Könül ilə Bakı şəhərində 6 ay müddətində bir evdə kirayədə yaşamışlar. 26 iyul 2021-ci il tarixdə, saat 12 radələrində o və Könül Bakı şəhəri, Azadlıq prospekti, 180/20-də yaşadıqları evə çıxaraq özünə məxsus olan “CHANQAN EADO” markalı, boz rəngli ** UG *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ucar şəhərinə gəlmişlər. Onlar Ucar şəhərinə saat 14 radələrində çatmışlar. Ucar şəhərinə gəlməkdə məqsədi Ucar Rayon Polis Şöbəsində şəxsi işi ilə bağlı məsələ olmuşdur. O, avtomobilini Ucar şəhəri, Oğuz küçəsində yerləşən pambıq zavodun yanında fəaliyyət göstərən tanışı Ramilənin işlədiyi gözəllik salonun qarşısına sürmüşdür. Avtomobilində olan 8 aylıq uşağı Aylinin paltarını dəyişməyi üçün həmin gözəllik salonuna getmişdir. O, Aylini qucağına alaraq gözəllik salonuna aparmış, Könül avtomobildə tək qalmışdır. Onun bütün əşyaları, telefonu, pulqabı və digər şəxsi əşyaları avtomobildə, Könülün yanında qalmışdır. O, gözəllik salonunda təxminən 3-4 dəqiqə ərzində azyaşlı uşağı Aylinin paltarını dəyişdirmişdir. Sonra Könül gözəllik salonuna gəlmişdir. O, Aylinlə birlikdə Ucar Rayon Polis Şöbəsinə getmiş, Könül isə gözəllik salonunda qalmışdır. Həmin gün, saat təxminən 16 radələrində Könül ona “Vatsap”la yazmışdır ki, “şöbədəsən”? O isə ona bildirmişdir ki, “şöbədəyəm”. Könül təkrar olaraq yazmışdır ki, “içəridəsən”? O da təsdiq etmişdir ki, “bəli içəridəyəm”. Həmin gün, saat 17 radələrində o, Könülə yazmışdır ki, “şöbədəyəm, gəl Aylini apar”. Könül şöbənin qarşısına taksi sürücüsü Rövşənlə gəlmiş, o, Könülə demişdir ki, “gedək Göyçaya axtardığım adamı tapım, sonra Bakı şəhərinə gedərik”. Onlar Göyçay rayonu istiqamətinə hərəkət etmişlər. Göyçay rayonunun girəcəyində yerləşən yanacaq doldurma məntəqəsində yanacaq doldurmaq istəyərkən Könül bildirmişdir ki, “məni təcili Bakı şəhərinə göndər”. O həmin yanacaq doldurma məntəqəsindən yanacaq doldurmamışdır, Könülü öz avtomobili ilə Ucar şəhəri, Azərbaycan küçəsinə yerləşən “MEQA” marketin qarşısına aparmış, orada Könül avtomobildən düşmüşdür. Onun azyaşlı qızı Aylinidə özü ilə Bakı şəhərinə aparmaq üçün ona təhvil vermişdir. Könül bildirmişdir ki, Ucar şəhərində olan qızı Leylanı özü ilə götürüb taksi sürücüsü Rövşənlə birlikdə Bakı şəhərinə getmək üçün “dörd yol” adlanan yerə gedəcək. O öz avtomobili ilə Göyçay şəhərinə getmişdir. Göyçay şəhərinin girəcəyində yerləşən “Göyçay Petrol” adlı yanacaq doldurma məntəqəsinə yanacaq doldurmaq üçün daxil olmuşdur. Pul qabını açmış və maaş kartı ilə benzinin pulunun ödəməsini istəmişdir. Lakin, "xxxx"a məxsus olan maaş kartını tapa bilməmişdir. Əvvəlcə avtomobilin salonun baxmışdır ki, bəlkə kart avtomobilin salonuna düşmüş olar, amma avtomobilin salonunda kartı tapmamışdır. Sonra pul qabında olan tamkartı tapmış və benzinin pulunu ödəmişdir. Mobil telefonunda olan proqram ilə maaş kartındakı məbləğə baxmışdır. Balansında olan 3200 manat puldan yalnız 1200 manat pul qaldığını görmüşdür. Proqramda olan tarixə baxdıqda həmin gün saat 16:17-də radələrində kartından 1000 manat və 16:18-də 1000 manat pul çıxarıldığını görmüşdür. Lakin kartından kimin pul çıxarmasını bilməmişdir. Güman etmişdir ki, Ucar rayonuna girəcəkdə Bakı-Qazax yolunda yol polisi onu saxlayanda sənədləri polisə təqdim edən zaman maaş kartın pul qabından yerə düşmüş və kimsə tapdığı üçün pulları kartdan çıxarmışdır. Çünki, kartın gizli kodunu qələm ilə kartın üstünə yazmışdır. O, dərhal Ucar rayonuna qayıtmış, DİN-in 102 xidmətinə zəng edərək bildirmişdir ki, “maaş kartımı itirmişəm və kimsə tapıb kartımdan pul çıxardıb”. Buna görə polis əməkdaşları ilə birlikdə Qarabörk kəndi ərazisində yerləşən “Bəyaz” marketin yanında olan “Beynəlxalaq bank”a məxsus olan bankomatların yanına getmişlər. Orada olan mağazanın və aptekin kamerasına baxış keçirmişlər. Görmüşlər ki, bir nəfər hicablı qadın taksidən düşür və bankomata yaxınlaşır, bankomatdan pul çıxardıb oradan gedir. Bundan sonra o, Könüldən şübhələnmiş və ona zəng edərək bildirmişdir ki, “mən avtoqəzaya düşmüşəm və uşağımı görmək istəyirəm, hazırda Ucar rayon mərkəzi xəstəxanasındayam, Ucar rayon mərkəzi xəstəxanasına gəl”. Könül bildirmişdir ki, “mən Kürdəmirdəyəm”. Təxminən 1 saat sonra Könül Ucar rayon mərkəzi xəstəxanasına gəlmişdir. O, polis əməkdaşlarına bildirmişdir ki, maaş kartının Könül tərəfindən oğurlamaqda şübhələnir. Onun və Könülün Ucar Rayon Polis Şöbəsində izahatları alınmışdır. Könül onun maaş kartını oğurlamadığını bildirmişdir. Lakin səhəri gün onunla Ucar Rayon Polis Şöbəsində yazılı olaraq bildirmişdir ki, “sənə 2000 manat pulu qaytaracam. Sən şikayət etmə”. O, Könüllə razılaşmışdır, Könül bildirmişdir ki, 2021-ci ilin avqust ayının 10-dək 2000 manat pulu qaytaracaqdır. Lakin Könül pulu qaytarmamış, “kartı mən oğurlamamışam” demişdir. Sonradan məlum olmuşdur ki, həqiqətən onun maaş kartını 26 iyul 2021-ci il tarixdə, saat 14 radələrində Ucar şəhəri, Oğuz küçəsində yerləşən “Aysu” gözəllik salonunun qarşısında Təqsirləndirilən şəxs avtomobilinin salonunda olan pulqabından oğurlayıb və həmin gün, saat 16:17 və 16:18 radələrində 2000 manat pul çıxardıb, sonradan maaş kartını Ucar şəhəri, 20 Yanvar küçəsində yerləşən zibilliyə atmışdır. Təqsirləndirilən şəxs əvvəllər ona məxsus olan heç bir əmlakı oğurlamamış, həmin vaxt Könül onun avtomobilində tək olmuş, yanında heç kim olmamışdır. Könül onun maaş kartından 2000 manat pul çıxardıb oğurladığı üçün ona cəmi 2000 manat maddi ziyan dəymişdir . İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Ucar Rayon Polis Şöbəsinin İstintaq bölməsində istintaq olunan cinayət işi üzrə ona 2000 manat nəğd olaraq və 20 manat isə kartına görə ziyan dəymişdir. İşin istintaqı zamanı ona dəymiş 2020 manat tam şəkildə ödənilmişdir. O, Təqsirləndirilən şəxs ilə barışmışdır və heç bir şikayəti yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər Ucar şəhər sakini kimi tanımışdır. Aysunu bir neçə dəfə işlədiyi Ucar şəhəri, Oğuz küçəsində yerləşən “Buta “ adlı mağazaya taksi fəaliyyəti ilə məşğul olduğuna görə sərnişin kimi aparmışdır. X8 şəhəri ərazisində görməmişdir. 26 iyul 2021-ci il tarixdə, saat təxminən 16 radələrində Ucar şəhəri, 20 Yanvar küçəsində etibarnamə ilə idarə etdiyi “VAZ-2107” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı safari rəngli avtomobili ilə dayanaraq sərnişin gözləmişdir. Bu zaman bir nəfər əynində uzun, boz rəng çilləri olan don geyinmiş, başına qara rəngli çarşab bağlamış qadın onun avtomobilinə yaxınlaşmış və bildirmişdir ki, “məni Ucar rayonu, Qarabörk kəndi ərazisində yerləşən dörd yol deyilən yerə apar”. O isə etiraz etməmişdir. Həmin qadın onun avtomobilinə əyləşmiş və qadının dediyi həmin yerə, yəni Ucar rayonu, Qarabörk kəndi ərazisindəki “dörd yol” deyilən yerə aparmışdır. Həmin yerdə olanda həmin qadın bildirmişdir ki, “məni “Bəyaz marketin” yanında olan bankomatlar olan yerə apar”. O qadını “Bəyaz” market”in yanına aparmışdır. Həmin qadın avtomobildən yerə düşmüş və bakomatlar olan yerə getmişdir. O, avtomobildən yerə düşüb qadını gözləmişdir. Təxminən 2-3 dəqiqə sonra həmin çarşablı qadın avtomobilinə əyləşmiş və onu götürdüyü Ucar şəhəri, 20 Yanvar küçəsinə gətirib düşürmüşdür. Həmin qadın ona 5 manat pul vermiş, o isə qadına 1 manat qaytarmışdır. Sonra həmin qadının gəldiyi yerə getdiyini görmüşdür. O şəxsi işi ilə əlaqədar orada dayanmamış və getmişdir. Sonradan bilmişdir ki, onun avtomobilinə əyləşərək “dörd yol” adlanan yerə getmiş qadın əvvəllər Ucar şəhər sakini kimi tanıdığı Təqsirləndirilən şəxs olmuşdur. Onun avtomobilinə əyləşmiş şəxsin Təqsirləndirilən şəxs olmasını başındakı çarşaba görə tanımamışdır. Onun çarşabdan tək gözləri görünmüşdür. Sifəti çarşabla bağlı olduğu üçün onu tanıya bilməmişdir. Qadın, ona bu barədə heç nə deməmiş, yalnız “dörd yol” adlanan yerə getməyini xahiş etmiş və onu həmin yerə aparıb yol haqqı olaraq 4 manat pul almışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən аlınmış tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində оlаn Ucar Rayon İcra Hakimiyyəti başçısının Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 19 oktyabr 2021-ci il tarixli, 1889 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2005-ci il təvəllüdlü Səid və 2007-ci il təvəllüdlü Leyla adlı iki uşağı vardır. Cinayət işində оlаn Ucar Rayon İcra Hakimiyyəti başçısının Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xаrаkterizə оlunur. Cinayət işində оlаn Bakı Şəhər İcra Hakimiyyəti Aparatı Mənzil Kooperativ Təsərrüfatı İdarəsi 113 nömrəli Mənzil-Tikinti Kooperativinin 30 mart 2022-ci il tarixli, 14 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, M.Hadi küçəsi, ev 65, mənzil 47-də müvəqqəti qeydiyyatsız yaşayır. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində Ucar Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzanın yüngülləşdirilərək təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cəzadan da aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırılmasını CM-in 59.1.13-cü maddəsinə, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını və təqsirini etiraf edərək əməlindən səmimi peşmançılıq çəkməsini CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Həmçinin apelyasiya məhkəməsi araşdırılması zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını onun şəxsiyyətinə və işin faktiki hallarına uyğun və əsaslıdır. Belə ki, Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ona görə də məhkəmə kollegiyası Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasını onun şəxsiyəti və törətdiyi cinayət əməlinə görə cəzanın məqsədlərinin təmin olunması baxımından əsaslı hesab edir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ən aşağı həddə yaxın həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinə haqq qazandırır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs apelyasiya şikayətinin dəlillərini qəbuledilməz sayaraq həmin şikayətin təmin edilmədən, onun Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə məhkum edilməsinə dair Ucar Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli hökmünün baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə məhkum edilməsinə dair Ucar Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 1(063)-22/2022 saylı hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-335/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-335/2022
17.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver