Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-34/2020 14.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hаkimləri Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundаn ibаrət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas X6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X7 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin (sədrlik edən hakim N.Misirzadə) xx xxxxxx 2019-cu il tarixli hökmü ilə, xx.xx.1973-cü ildə Ağsu şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, İİİ qrup əlil, evli, himayəsində 2 azyaşlı uşağı olan, əvvəllər Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxxx 2018-ci ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Ağsu şəhəri, Azərbaycan küçəsi, ev 7-də qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin, tutulduğu - xx xxxxxx 2019-cu ildən hesablanması, barəsində seçilmiş həbs qismində qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, narkoloji kabinetdə qeydiyyata alınması, Ağsu rayon Polis Şöbəsində saxlanılan maddi sübut - 171,30 qram qurudulmuş marixuanalar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, Təqsirləndirilən şəxs aparılmış ekspertiza tədqiqatının dəyəri 34,55 manat alınıb dövlət büdcəsinə keçirilməsi hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, üzərində narkotik vasitə saxlamasında şübhələnildiyi üçün xx xxxxxx 2019cu il tarixdə Ağsu rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilərək orada saat 20-35 dəqiqədə üzərinə baxış keçirilərkən, əyninə geydiyi göy rəngli şalvarının sol cibindən, bir ədəd kibrit qutusunun içərisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıdığı 2,81 qram çəkidə, həmin gün saat 21:15-də özünə məxsus Vaz-21061 markalı, Az **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış aparılan zaman isə həmin avtomobilin yük yerində, ehtiyyat təkərin yanından, bir ədəd sellofan torbanın içərisindən saxladığı 168,59 qramı çəkidə kustar üsulla hazırlanmış, ümumi çəkiləri 171,4 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(016)-34/2019 nömrəli hökmündən Təqsirləndirilən şəxs apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, narkomaniyadan əziyyət çəkən şəxs kimi qeydiyyatda olsa da Ağsu rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan zaman onun üzərindən narkotik vasitə aşkar edilməmişdir. Bundan başqa polis əməkdaşları onun müşahidə kamerasının nəzarət dairəsində olan yerdə saxladığı nəqliyyat vasitəsindən 171,30 qram qurudulmuş marixuana aşkar etdiklərini iddia etmişlər. Lakin, həmin narkotik vasitə ona məxsus deyil və polis əməkdaşları tərəfindən qəsdən ona məxsus avtomobilə qoyulmuşdur. Əgər həmin yerdə olan kamerala baxış keçirilsəydi bu fakt öz təsdiqini tapardı. Bundan başqa, birinci instansiya məhkəməsi qərar qəbul edərkən onun İİİ qrup əlil olmasını, himayəsində iki azyaşlı uşağının olmasının, Qarabağ müharibəsi əlilləri olan ata və anasının onun himayəsində olmasını nəzərə almamışlar. Onun həbsdə qalması onun sağlamlığına, ailəsinin həyat şəraitinə mənfi təsir göstərir. Odur ki, yüngülləşdirici hallar nəzərə alınmaqla ona azadlığın məhdudlaşdırılması cəzasının verilməsini xahiş etmişdir. Məhkəmənin hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs müdafiəçisi X11 bildirdi ki, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(016)-34/2019 nömrəli hökmü ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxsin öz ifadəsindən də göründüyü kimi onun həm üzərindən, həm də maşınından çıxan narkotik vasitə ona məxsus deyildir. Təqsirləndirilən şəxs həm birinci instansiya məhkəməsində, həm də xx xxxxxx 2020-ci tarixdə apelyasiya məhkəməsinin iclasında verdiyi ifadəsində üzərindən çıxan narkotik vasitənin ona məxsus olduğunu bildirsə də, hazırda ümumiyyətlə ondan narkotik vasitə aşkarlanmadığını bildirir. Etiraf etməsini istintaq zamanı ona edilən təzyiqlə əlaqələndirmişdir. Bu cinayət əməli polis tərəfindən onun üzərinə qoyulmuşdur. Müşahidə kameralarının görüntülərinin əldə edilməsi ilə bağlı vəsatətləri məhkəmə kollegiyası tərəfindən təmin edilsədə Ağsu Rayon Polis Şöbəsi tərəfindən video görüntülərin kameraların müşahidə xarakterli olub baza yaddaşa sahib olmaması səbəbindən göndərilməmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı övladı, xəstə ana və atası vardır. Bütün bunların nəzərə alınaraq məhkəmə kollegiyasından Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(016)-34/2019 nömrəli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X12 bildirdi ki, Təqsirləndirilən şəxs həm birinci instansiya məhkəməsində çıxışı zamanı, həm də apelyasiya məhkəməsinin iclasında üzərindən çıxan 2,81 qram narkotik vasitə olan qurudulmuş marixuananın ona məxsus olduğunu etiraf etmişdir. Lakin, hazırda təqsirləndirilən şəxs həm üzərindən, həm də avtomobilindən aşkarlanan narkotik vasitənin ona məxsus olmadığını bildirir. Hesab edir ki, ifadələr arasındakı ziddiyyət özünü müdafiə xarakterli olduğundan əsaslı sayılmamalıdır. Ona görə də apelyasiya şikayətinin təmin edilməməsini, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(016)-34/2019 nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında son sözlə çıxış edən Təqsirləndirilən şəxs hər şeyin göz qarşısında olduğunu, barəsində ədalətli qərar çıxarılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin və müdafiəçisinin apelyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının apelyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(016)-34/2019 nömrəlii hökmü ona münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının xx xxxxxx 2020-ci il tarixli iclasında Təqsirləndirilən şəxs ifadəsində bildirdi ki, üzərinə baxış zamanı aşkar edilmiş 2,81 qram narkotik vasitə olan qurudulmuş marixuana ona məxsusdur. Avtomobilinə keçirilən baxış zamanı aşkar edilmiş 168,59 qram narkotik vasitə olan qurudulmuş marixuana isə ona aid deyil. Həmin hissədə verilmiş ittihamı qəbul etmir. Odur ki, bunların nəzərə alınmasını və apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının xx xxx 2020-ci il tarixli iclasında Təqsirləndirilən şəxs vəsatət verərək bildirdi ki, nə üzərindən, nə də ki, avtomobilinin yük yerindən çıxan narkotik vasitələr ona məxsus deyil. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. İstintaq zamanı onun əməlinə düzgün qiymət verilməmişdir. O, xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 20 radələrində Ağsu şəhəri Azərbaycan küçəsində olan zaman, polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə gətirmişlər. Heç bir etiraz etməyərək onlarla birlikdə Ağsu RPŞ-nə gəlmişdir. Daha sonra polis əməkdaşları oraya vəkil və hal şahidləri dəvət etmişlər və ona hüquqları izah edildikdən sonra şübhəli şəxs qismində tutulmuşdur. Sonra dəvət olunmuş vəkilin və hal şahidlərinin iştirakı ilə polis əməkdaşları ondan üzərində qanunsuz əşya olması barədə soruşdular və o, da üzərində narkotik vasitə marixuana olmasını etiraf etmişdir. Əynində olan göy rəngli şalvarının sol cibindən, bir ədəd kibrit qutusunun içərisində olan marixuananı cibindən çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi marixuana polis əməkdaşları tərəfindən qablaşdırılaraq bu barədə protokol tərtib olunmuş və o, da həmin protokola imza etmişdir. Avtomobilində olan narkotik vasitədən xəbəri yoxdur. Üzərindən çıxan narkotik vasitə isə az miqdarda olduğundan inzibati məsuliyyət yaradır. Daha sonra təqsirləndirilən şəxs dövlət itihamçısı tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaqda verdiyi ifadə ona məxsusdur, həmçinin həmin zaman onun ifadəsi alınarkən ona qarşı heç bir təzyiq olmamışdır. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, Ağsu RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Ona məlumat daxil olmuşdur ki, Ağsu şəhəri, Azərbaycan küçəsi, ev 7-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Ağsu şəhərində narkotik vasitələri əldə etməsi, qəbul etməsi və üzərində saxlaması ilə məşğul olur. Tərəfindən həmin məlumat raportla RPŞ-nin rəhbərliyinə məruzə olunmuşdur. Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirmək zərurəti yarandığından, bu tədbirlərin keçirilməsi rəhbərlik tərəfindən ona həvalə olundunduğundan, bu barədə tərəfindən qərar qəbul edilmişdir. xx.xx.2019-cu il tarixdə saat 19:50 radələrində RPŞ-nin PPX Tağımının komandiri Mirxəyyam Seyidəliyevin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Ağsu şəhəri, Azərbaycan küçəsinə getmişlər. Orada Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2106 markalı, Az **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin vaxt küçədə olması tərəflərindən müəyyən olunmuşdur. Onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq onu saxlamışlar və Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi avtomobildə narkotik vasitə olan qurudulmuş marixuana saxlamasında şübhəli olduğunu bildirərək üzərində və idarə etdiyi avtomobilində şəxsi axtarış aparacaqları barədə qərar qəbul olunduğunu bildirmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə Ağsu RPŞ-nə getməsini bildirdikdən sonra Təqsirləndirilən şəxs onlara üzərində və idarə etdiyi avtomobilində şəxsi axtarış aparacaqlarına dair və onlarla birlikdə Ağsu RPŞ-nə getməsinə dair heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Ağsu RPŞ-nə gəlmiş və onlar da oraya iki nəfər hal şahidi və vəkil dəvət etmişlər. Hal şahidlərinin və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs izah edilmişdir ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşya, predmet və ya maddə vardırsa özü könüllü təqdim etsin. Təqsirləndirilən şəxs onlara bildirmişdir ki, hazırda onun üzərində 1 (bir) ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana və idarə etdiyi avtomobilin arxa yük yerində ehtiyyat təkərin yanında 1 (bir) ədəd sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuana vardır. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sol yan cibindən 1 (bir) ədəd kibrit qutusunun içərisində olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim edərək bildirmişdir ki, həmin kütlələr narkotik vasitə olan qurudulmuş marixuanadır, həmin qurudulmuş marixuananı Ağsu rayonunda “Şeyx Dursun” qəbiristanlığının yaxınlığında iki ədəd çətənə kollarının üzərindən yığıb toplayaraq qurudub sellofan torbaya yığmış və həmin qurudulmuş marixuananı özü qəbul etmək üçün üzərində gəzdirir. Sonra Təqsirləndirilən şəxs üzərində tərəflərindən şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qanunla qadağan olunmuş başqa əşya, predmet və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kibrit qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr tərəflərindən götürülərək hal şahidlərinin və vəkilin iştirakı ilə açılıb içərisinə baxıldıqda orada yaşıl rəngli, kəskin iyli, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlələrin olması müəyyən edilmişdir. Həmin bir ədəd kibrit qutusunun içərisində olan qurudulmuş marixuana tərəflərindən tərəzidə çəkilmiş və çəkisi 5,9 qram olmuşdur. Bundan sonra həmin kibrit qutusunun içərisində olan qurudulmuş marixuanaya oxşar kütlələr tərəflərindən yenidən bükülərək qablaşdırılmış və RPŞ-nin 93 saylı möhürü ilə möhürlənmişdir. Bu barədə tərəflərindən protokol tərtib olunmuş və baxışda iştirak edən şəxslər tərtib olunmuş protokola imza etmişlər. Təqsirləndirilən şəxs izahat alınan zaman bildirmişdir ki, həmin marixuananın bir hissəsini sellofan torbaya qoyaraq idarə etdiyi avtomobilin yük yerində saxlayır. Bundan sonra TQ-nin təhqiqatçısı Elnur Əzizovun qərarı əsasında Təqsirləndirilən şəxs iştirakı ilə idarə etdiyi VAZ-2106 markalı, Az **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobildə hal şahidlərinin və vəkilin iştirakları ilə tərəflərindən axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs həmin avtomobilin yük yerində ehtiyyat təkərin yanından bir ədəd ağ rəngli sellofan torbanı çıxardaraq onlara təqdim etmişdir. Həmin sellofan torba tərəflərindən açılaraq içərisinə baxılan zaman içərisində yaşıl rəngli, kəskin iyli, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlələrin olması müəyyən edilmişdir. Həmin sellofan torbada olan kütlələr tərəflərindən tərəzidə çəkilmiş və sellofan torbadakı kütlələrin çəkisi 165 qram olmuşdur. Bundan sonra həmin sellofan torba tərəflərindən yenidən bükülərək qablaşdırılmış və RPŞ-nin 93 saylı möhürü ilə möhürlənmişdir. Sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin digər yerlərində tərəflərindən axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin digər yerlərindən dövriyyəsi qanunla qadağan olunmuş başqa əşya, predmet və ya maddə aşkar olunmamışdır. Bu barədə tərəflərindən protokol tərtib olunmuş və baxışda iştirak edən şəxslər tərtib olunmuş protokola imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 şahid X5 ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərilən xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə yaşayır. Özü rəsmi olaraq heç bir yerdə işləmir, lakin ailəsini dolandırmaq üçün fərdi əməklə məşğuldur. Ağsu şəhəri, Azərbaycan küçəsi ev 7-də yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. xx.xx.2019-cu il tarixdə saat 20:00 radələrində Ağsu RPŞ-nin qarşısından keçdiyi zaman polis əməkdaşları ona yaxınlaşaraq hal şahidi qismində PŞ-də iştirak etməsini xahiş etmişlər. Bu səbəbdən Ağsu RPŞ-nə gəlmişdir. Polis şöbəsinin inzibati otaqlarından birində olan vaxt həmin otağa, əvvəllər tanıdığı X8 olduğunu bildiyi şəxs daxil olmuşdur. Polis əməkdaşları ona və Tahirə hüquq və vəzifələrini izah edəndən sonra onlar olan otağa sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs dəvət etmişlər və ondan üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya varsa çıxarıb təqdim etməsini, əks təqdirdə üzərinə şəxsi axtarış keçiriləcəyi ona izah olunmuşdur. Polis əməkdaşlarının bu sözündən sonra Təqsirləndirilən şəxs üzərində saxlanılması qadağan olunan narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş və əynində olan göy rəngli şalvarının sol yan cibindən 1 (bir) ədəd kibrit qutusunun içərisində olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim edərək bildirmişdir ki, həmin kütlələr narkotik vasitə olan qurudulmuş marixuanadır, həmin qurudulmuş marixuananı Ağsu rayonunda “Şeyx Dursun” qəbiristanlığının yaxınlığında iki ədəd çətənə kollarının üzərindən yığıb toplayaraq qurudub sellofan torbaya yığmış və həmin qurudulmuş marixuananı özü qəbul etmək üçün üzərində gəzdirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qanunla qadağan olunmuş başqa əşya, predmet və ya maddə aşkar olunmamışdır. Bundan sonra narkotik vasitə olan qurudulmuş marixuana polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Bu barədə polis əməkdaşları tərəfindən protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, bütün iştirakçılar və onlar da həmin protokolu imza etmişlər. Sorğu zamanı Təqsirləndirilən şəxs polis əməkdaşlarına bildirmişdir ki, həmin marixuananın bir hissəsini sellofan torbaya qoyaraq idarə etdiyi avtomobilin yük yerində saxlayır. Bundan sonra Təqsirləndirilən şəxs iştirakı ilə idarə etdiyi VAZ-2106 markalı, Az **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobildə onun, digər hal şahidinin və vəkilin iştirakları ilə polis əməkdaşları tərəfindən axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs həmin avtomobilin yük yerində ehtiyyat təkərin yanından bir ədəd ağ rəngli sellofan torbanı çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Həmin sellofan torba polis əməkdaşları tərəfindən açılaraq içərisinə baxılan zaman içərisində yaşıl rəngli, kəskin iyli, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlələrin olması müəyyən edilmişdir. Həmin sellofan torbada olan kütlələr polis əməkdaşları tərəfindən tərəzidə çəkilmiş, yenidən bükülərək qablaşdırılmış və möhürlənmişdir. Sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin digər yerlərində də polis əməkdaşları tərəfindən axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin digər yerlərindən dövriyyəsi qanunla qadağan olunmuş başqa əşya, predmet və ya maddə aşkar olunmamışdır. Bu barədə polis əməkdaşları tərəfindən protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, bütün iştirakçılar və onlar da həmin protokolu imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 şahid X14 ilə eyni məzmunlu ifadə verərək göstərilən xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan, hal şahidlərinin, təqsirləndirilən şəxsin, onun müdafiəçisinin iştirakı ilə xx.xx.2018-ci ildə tərtib olunmuş protokoldan görünür ki, hal şahidlərinin iştirakı ilə təqsirləndirilən Təqsirləndirilən şəxs üstünə baxış keçirilmiş və əynində olan göy rəngli şalvarının sol cibindən, bir ədəd kibrit qutusunun içərisində olan marixuananı cibindən çıxararaq polis əməkdaşlarına təqdim etmiş, bundan sonra avtomobilində narkotik vasitənin olması barədə soruşulmuş və özünə məxsus Az **-BN-*** dövlət qeydiyyat nişanlı, Vaz-21061 markalı avtomobilinin yük yerində narkotik vasitə olan marixuana olmasını bildirmiş, sonra vəkil, hal şahidləri və polis əməkdaşlarının iştirakı ilə avtomobilin yük yerində olan, sellofan torbanın içərisində marixuananı götürərək polis əməkdaşlarına təqdim etmişdir. Sonra təqsirləndirilən şəxsin, hal şahidlərinin iştirakı ilə protokol tərtib olunmuş və imzalanmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nəzirliyi Məhkəmə Ekspertizası X10 Bölməsi tərəfindən verilmiş 495 saylı xx.xx.2019-cu il tarixli rəydə göstərilir ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş predmet” sözləri yazılmış 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi - 2,81 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs ... avtomobilin yük hissəsindən aşkar edilmiş ...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan torbada, təmiz çəkisi - 168,59 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Rəyin qeyd hissəsində göstərilir ki, marixuanaların ümumi təmiz çəkisi -171,40 qramdır, tədqiqata sərf edildi 0,10 qram, (hər obyektdən 0,05 qr.) qalıq -171,30 qram. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin (məhkəmə-narkoloji ekspertizasının) 672 saylı xx.xx.2019-cu il tarixli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan çətənə bitkisi preparatlarından sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, 3-cü qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. İşdə olan Təqsirləndirilən şəxs üzərinə baxış zamanı aşkar edilmiş 2,81 qram və avtomobilinə keçirilən baxış zamanı aşkar edilmiş 168,59 qram narkotik vasitə olan qurudulmuş marixuananın tərkibinin nə dərəcədə eynilik təşkil etməsinin müəyyən edilməsi üçün keçirilmiş məhkəmə bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 133 nömrəli rəyindən görünür ki, həmin narkotik vasitələr tərkiblərinə görə eynidirlər. İşdə olan Ağsu rayon Polis Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Ağsu RPŞ-nin cərimə meydançasında təhlükəsizlik nəzarət kameraları olmadığından xx.xx.2019-cu il saat 18-00:20-00 aralığında hər hansı görüntülərin təqdim edilməsi mümkün deyil. Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinаyət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tаm və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, düzgün olaraq bu nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs istintаqа məlum оlmаyаn mənbədən, sаtış məqsədi оlmаdаn, qаnunsuz оlаrаq qəsdən şəxsi istehlаk miqdаrındаn аrtıq miqdаrdа nаrkоtik vаsitə оlаn qurudulmuş mаrixuаnа əldə etmə, sаxlаmа və dаşımа cinаyət əməlini törətmişdir. Bu baxımdan da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin həm apelyasiya şikayətində, eləcədə hazırkı məhkəmə iclasında verdiyi vəsatətində həm üzərindən, həm də avtomobilində aşkar edilmiş narkotik vasitənin ona məxsus olmaması ilə bağlı sonuncunun göstərdiyi bu xüsusatları inandırıcı hesab etmir. Çünki, təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm birinci instansiya məhkəməsinin, eləcədə məhkəmə kollegiyasının xx xxxxxx 2020-ci il tarixli iclasında verdyi ifadəsində üzərinə baxış zamanı aşkar edilmiş 2,81 qram narkotik vasitə olan qurudulmuş marixuananın ona məxsus olduğunu etiraf etmişdir. Həmçinin, birinci instansiya məhkəməsinin iclasında dövlət itihamçısı tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaqda verdiyi ifadə ona məxsusdur, həmçinin həmin zaman onun ifadəsi alınarkən ona qarşı heç bir təzyiq olmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı aşkar edilmiş 2,81 qram və avtomobilinə keçirilən baxış zamanı aşkar edilmiş 168,59 qram narkotik vasitə olan qurudulmuş marixuananın tərkibinin nə dərəcədə eynilik təşkil etməsinin müəyyən edilməsi üçün keçirilmiş məhkəmə bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 133 nömrəli rəyinə görə həmin narkotik vasitələr tərkiblərinin eyni olduğunu bildikdən sonra üzərinə baxış zamanı aşkar edilmiş 2,81 qram narkotik vasitə olan qurudulmuş marixuananın ona məxsus olmaması ilə bağlı qeyri-səmimi ifadələr vermişdir. Digər tərəfdən yuxarıda qeyd edilmiş və məhkəmə kollegiyası tərəfindən keçirilmiş məhkəmə bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 133 nömrəli rəyindən də bəlli olur ki, həmin narkotik vasitələr tərkiblərinin eynidir. Bundan əlavə, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində şəxsi istifadəsi üçün yarpaqlarını yığdığı narkotik vasitəni özünə məxsus avtomobilin yük yerində gizlətdiyini, bir hissəsini istifadə etdiyini qalan hissəsinin isə avtomobilin yük yerində saxladığını etiraf etmişdir. Həmçinin, təqsirləndirilən şəxs də faktiki olaraq ona məxsus avtomobildən narkotik vasitə olan qurudulmuş marixuananın çıxdığını inkar etməmiş, onun fikrinə görə ehtimal edir ki, bu narkotik vasitə polislər tərəfindən onun avtomobilinə qoyulmuşdur. Göründüyü kimi, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla təqsirləndirilən şəxsin məlum cinayət əməlini törətməsi heç bir şübhə və ehtimal olmadan təsdiq edilir. Həmin sübutlar yuxarıda ətraflı təsvir edilərək şərh edildiyindən, məhkəmə kollegiyası bu sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. CPM-in 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyasının fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin CM-in 234.1-ci maddəsi ilə cinayət törətdiyini deməyə kifayət qədər əsas verir. Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əməlinin CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Öyrənilən işdən aydın olur ki, təqsirləndirilən şəxs həmçinin birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı ədalətli hesab etməyərək, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Lakin, məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini əsaslı saymır. Çünki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin ictimai təhlükəli xarakterini, eyni əməli təkrar törətməsini, məhkumluğunun ödənilməməsini və götürülməməsini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-in 58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə, (CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur) qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollgegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən cəzadan da yüngül cəzanın təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühavizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Digər tərəfdən işdə olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxxx 2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs dəfələrlə məhkum edilməsinə baxmayaraq, islah olunmamış, məhkumluğu ödənilmədiyi halda yenidən qəsdən cinayət törətmiş və onun əməlində cinayətlərin residivi mövcud olmuşdur. CM-in 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 61.1.1-ci maddəsinə əsasən isə, cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Residivə görə cəzanın təyin edilməsindən bəhs edən CM-in 65.1-ci maddəsinin göstərişinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Konstitusiya Məhkəməsinin Plenumu cinayətlərin residivinin təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal olduğunu qeyd etməklə bir sıra qərarlarında vurğulamışdır ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, xüsusilə onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır cəza tədbirlərinin tətbiqini nəzərdə tutur (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərar). Məhkəmə kollegiyası həm də gəldiyi qənaətdə ona görə israrlıdır ki, narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş bu qəbilədən olan cinayətləri törətmiş təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının kifayət qədər əsaslar olmadan yüngülləşdirilməsini əsaslı və ədalətli hesab etmək olmaz. Belə olan halda, məhkəmə kollegiyası Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 1(016)-34/2019 nömrəli məlum hökmünün qanunsuz, əsassız və ədalətsiz olması barədə apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 1(016)-34/2019 nömrəli hökmü ona münasibətdə dəyişdirilmədən saxlanılmalı, aparılmış ekspertiza tədqiqatının dəyəri 34,55 manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs apelyasiya şikayəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(016)-34/2019 nömrəli hökmü Təqsirləndirilən şəxs münasibətdə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 34,55 manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut – tədqiqata sərf edildikdən sonra qalıq qalan ümumi təmiz çəkisi 171,20 qram olan qurudulmuş marixuanalar Ağsu rayon Polis Şöbəsinə qaytarılmaqla məhv edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-34/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-34/2020
14.05.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver