Məhkəmə qərarları › İş №1(107)-362/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-362/2021

06.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-362/2021 06.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Aydəmirov Elməddin Şabəddin oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı müdafiəçi-Şəki Regional Vəkil bürosunun vəkili X1 Zərərçəkmiş şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum edilməsinə dair Yevlax Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli hökmündən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli (hakim Günay Cavadova) hökmü ilə xx.xx.1983-cü ildə Yevlax rayonu Malbinəsi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli,işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax rayonuMalbinəsi kəndində qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 128ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs üzərinə saat 23:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulması, cəzaçəkmə müddətinin əvvəlinin Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanması, Yevlax rayon polis şöbəsində saxlanılan iş üzrə maddi sübut 1 ədəd bıçaq və 1 ədəd köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülməsi, ökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılması müəyyən edilmişdir. işin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə irəli sürülmüş ittihama görə o, silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 21 fevral 2021-ci il tarixdə, saat təxminən 22 radələrində yaşadığı Yevlax rayonunun Malbinəsi kəndinin ərazisində olan ictimai yer hesab edilən “Kəndimiz” adlanan kafedə yemək yeyərkən uca səslə danışaraq ətrafdakı şəxslərin rahatlığını pozduğu üçün həmin kafenin sahibi Zərərçəkmiş şəxs ona yaxınlaşıb sakitliyə riayət etməsini ondan tələb etməsini bəhanə edərək əslində isə heç bir əsaslı səbəb olmadan kafenin içərisində Zərərçəkmiş şəxslə uca səslə mübahisə etmiş, daha sonra otaqda olan stulu vurub yerə aşıraraq otaqdan çölə çıxıb kafenin qarşısında hüquqazidd hərəkətlərini davam etdirərək öz şəxsiyyətini digərinin şəxsiyyətindən üstün tutmaqla ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, ictimai, birgəyaşayış qaydalarına etinasızlıq göstərib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qəsdən hərəkətlər etməklə orada olan şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs ünvanına uca səslə nalayiq söyüşlər söyüb silah qismində istifadə etdiyi üzərində olan bıçaqla Zərərçəkmiş şəxs bir dəfə qəsdən vuraraq ona sol bel nahiyəsinin daxilə nüfuz etməyən deşilmişkəsilmiş yarası xəsarəti ilə müşayət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirərək silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə qəsdən xuliqanlıq etmişdir İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Yevlax Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli hökmündən Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti və dövlət ittihamçısı ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir apellyasiya şikayəti və apellyasiya protestinin dəlilləri proses iştirakçılarının izahatları: Zərərçəkmiş şəxs verdiyi apellyasiya şikayətində Yevlax Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli hökmün ləğv ediməsini Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı ədliyyə müşaviri Dövlət ittihamçısı verdiyi apellyasiya protestində Yevlax Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli hökmün ləğv ediməsini Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməklə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti, eləcə də verilmiş apellyasiya şikayəti və apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edərək ona vurulmuş maddi ziyan ödənilmədiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Dövlət ittihamçısı apellyasiya protestinin dəlillərini müdafiə edərək protestin və Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli hökmünün dəyişdirilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 verilmiş apellyasiya şikayəti və apellyasiya protestinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısı və zərərçəkmiş şəxsin apellyasiya şikayəti və apellyasiya protesti ilə bağlı ifadə və çıxışlarını dinləyərək hesab edir ki, Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli hökmü baxılmış apellyasiya şikayəti və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsinin) 397.1-ci maddəsinə əsasən, apellyasiya inistansiyası məhkəməsi birinci inistansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir, yaşadıqları kəndin girişində “Kəndimiz” adlı kafesi var və oranı işlədir. 21 fevral 2021-ci il tarixdə saat 22 radələrində Raminin işlətdiyi kafeyə getmiş, Raminlə görüşüb bir ədəd çörəyin arasında kotlet istəmiş və sonra zalda olan otaqda oturub yeməyin gəlməsini gözləmişdir. Həmin vaxt otaqda həmkəndlisi Əli adlı şəxs də çörək yeyirmiş, digər otaqlarda çörək yeyənlərin səsi gəlsə də, onları görmədiyinə görə onların kimlər olduğunu bilməmişdir. Az sonra Ramin onun yeməyini gətirmiş, o, yeməyini yeməyə başlamışdır. Həmin vaxt o, tanışı Nicata zəng edərək gəlib onu aparmasını xahiş etmişdir. O, yeməyi yedikdən sonra yeməyin pulun ödəyib kafenin qarşısına çıxmış və Nicatın kəndin girişinə tərəf avtomobilini saxlayıb onu gözlədiyini görmüşdür. Bu vaxt Ramin onun arxasınca kafenin qarşısına çıxmış və ona “bu nə hörmətsizlikdi, sən mənə qarşı edirsən” demişdir. O, Ramindən nə olduğunu soruşmuş, Ramin ona “kafenin içərisində stulu yerə vurmusan” demişdir. O, kafedə stulu yerə vurmadığını desə də, aralarında mübahisə yaranmış və bir-birilərinə qarşı kobud ifadələr işlətmişlər. Ramin ona “ağıllı ol, get burdan, səhər gələrsən söhbət edərik” demişdir. Raminin bu sözü onun xoşuna gəlmədiyi üçün əynində olan şalvarın sağ yan cibindəki bıçağı çıxarıb bir dəfə onun kürək nahiyyəsinin sol tərəfinə vurmuş və ondan aralanmışdır. O, Nicatın avtomobilinə tərəf gedərək avtomobilə əyləşmiş və Yevlax şəhərində kirayə yaşadığı evə getmişdir. Həmin vaxt polis əməkdaşlarını onu axtardıqlarını eşitmiş və ona görə polis şöbəsinə gedib hadisənin necə baş verdiyini izah etmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışmağa cəhd etdiyini, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı hər ay hissə-hissə ödəyəcəyini bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 21 fevral 2021-ci il tarixdə saat 22 radələrində kafedə olmuş, həmin vaxt həmkəndliləri Rövşən və Əli kafeyə gəlmiş, onlar ikisi də çörəklə kotlet istəmişdir. Həmin vaxt o, onların sifarişini hazırlayıb vermiş, onlar kafedə oturub yeməklərin yeməyə başlamışlar. Bu vaxt Rövşən yüksək səslə danışaraq gülməyə başlamışdır. O, Rövşənə yaxınlaşaraq yavaş danışmasını, “kimin xoşu gəlir otursun, kimin xoşu gəlmir getsin” deyərək kafenin mətbəxinə getmişdir. Bir müddət sonra səs eşidərək yenidən Rövşən oturduğu yerə getmiş, stulun birinin aşmış vəziyyətdə olduğunu və stulu Rövşənin aşıraraq kafedən çıxdığını güman etmişdir. O, Rövşənin arxası ilə kafenin giriş qapısından çölə çıxmış və ona “ayıb deyil niyə belə hörmətsizlik edirsən” demişdir. Rövşən ona “yaxşı edirəm, üzünə ”şram” ataram, hamı bilir kim kimdir” demişdir. O, Rövşənə “ağıllı ol, get səhər gələrsən danışarıq” demiş və kafeyə qayıdarkən Rövşənin arxadan onun sol böyrünə vurduğunu bilsə də, Rövşənə məhəl verməyərək kafeyə daxil olmuşdur. Həmin vaxt kafenin qarşısında ondan və Rövşəndən başqa heç kim olmamışdır. Kafenin mətbəxində olarkən xadimə işləyən Şahnaz ona köynəyinin qan olduğunu bildirdikdən sonra Rövşənin onu bıçaqla vurduğunu başa düşmüşdür. Həmin vaxt kafedə çay içən həmkəndlisi Ərşad onu avtomobilinə mindirərək Yevlax şəhər mərkəzi xəstəxanasına aparmışdır. Orada onu müayinə etmişlər və təcili yardımla Mingəçevir şəhər mərkəzi xəstəxanasına yola salmışlar. Orada uzun müddət müalicə olunmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və onun qanunauyğun şəkildə cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Yevlax rayonu Malbinəsi kəndində Zərərçəkmiş şəxs məxsus “Kəndimiz” adlı kafedə xadimə işləyir. 21 fevral 2021-ci il tarixdə saat 22 radələrində kafedə olmuş, həmin vaxt kafeyə bir neçə nəfər müştəri gəlmiş və o, mətbəxdə gələn müştərilərin sifarişini hazırlamış, Ramin isə həmin sifarişləri aparmışdır. Onun işlədiyi mətbəxlə kafenin müştərilər əyləşən hissəsi arasında qapı və arakəsmə divarları olduğu üçün o, kafedə olanları eşitmir. Həmin gün də o, kafedə və kafenin qarşısında nə baş verdiyini eşitməmiş və görməmişdir, yalnız Ramin mətbəxə gələndən sonra onun yaralandığını bilmişdir. Raminin kimin harda vurmasını görməmiş, baş verənləri Raminin dediklərindən eşitmişdir. Birinci instansiya məhkəməsi iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, “Mercedez Benz” markalı avtomobili var. 21 fevral 2021-ci il tarixdə saat 22 radələrində tanışı Təqsirləndirilən şəxs onun telefonuna zəng edərək Yevlax rayonu Malbinəsi kəndində olduğunu və gəlib onu aparmasını xahiş etmişdir. O, Rövşəni gətirmək üçün Malbinəsi kəndinə gedərək Yuxarı Qarabağ kanalını keçib avtomobilini saxlamış və Rövşənə zəng edərək onu gözlədiyini demişdir. Az sonra Rövşən onun yanına gəlmiş, o, Rövşəni Yevlax şəhərində kirayədə yaşadığı evə düşürüb evlərinə getmişdir. Səhəri gün eşitmişdir ki, Rövşən kənddə dava edib və kafe sahibi Ramini bıçaqlayıb. Birinci instansiya məhkəməsi iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, 21 fevral 2021-ci il tarixdə “Kəndimiz” kafesinə gedib otaqların birində əyləşib çay içməyə başlayıb. Bir müddət sonra səs eşidərək otaqdan çölə çıxıb və Raminin böyrünü tutduğunu görmüşdür. Nə baş verdiyini soruşduqda Ramin ona, Rövşənin bıçaqla onu vurduğunu bildirmişdir. Bundan sonra o, Ramini avtomobili ilə Yevlax şəhər mərkəzi xəstəxanasına aparmışdır. İş materiallarında olan “hadisəsi yerinə baxış keçirilməsi haqqında” 22 fevral 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış keçirildiyi hadisə yeri Yevlax rayonu Malbinəsi kəndinin girişində yerləşən “Kəndimiz” adlı kafedir. Kafeyə küçədən 2 tağlı metaldan olan qapıdan keçilir. Qapının aşağı hissəsi metaldan, yuxarı hissəsi şüşədən ibarətdir. Kafenin içərisinə daxil olduqda sol tərəfdən yanaşı 3 ədəd fanerkadan arakəsmələr olan otaqlar, otaqların qapısında pərdələr vardır. Qapı ilə üzbəüz soba vardır. Sağ tərəfdə iki ədəd stol, yanlarında stul vardır. Otaqdan sonra mətbəx yerləşir, mətbəxlə otağı metaldan qapı ayırır. (iş vər.17-23); İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 16 mart 2021-ci il tarixli, 97 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərsol tərəf bel nahiyəsinin deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin, ola bilsin bıçağın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 21.02.2021-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. (iş vər. 52-53); İş materiallarında olan təqdimetmə və götürmə haqqında protokol və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs 21.02.2021-ci il tarixdə Yevlax rayonu Malbinəsi kəndində yerləşən “Kəndimiz” adlı kafenin qarşısında Zərərçəkmiş şəxs Məhəmməd oğluna xəsarət yetirdiyi bıçağı təqdim etmişdir. (iş vər.12-14); İş materiallarında olan məhkəmə-ballistik ekspertizasının 20 may 2021-ci il tarixli, 3/786;3/787 saylı rəyi ilə müəyyən edilmişdir ki, təqdim edilmiş bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 128 manatdır. (iş vər. 85-86); İş materiallarında olan maddi sübut kimi tanınma haqqında 25 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bıçaq və zərər çəkmiş şəxsə məxsus 1 ədəd köynək maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax rayon Polis Şöbəsinə təhvil verilmişdir. (iş vər.87); qətimkan tədbirinin seçilməsi haqqında 27 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (iş vər.113-114); İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 26.03.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vər.55). Birinci instansiya məhəməsi hesab etmişdir ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutlan cinayəti təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı əsaslı olaraq onun əməlini Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə tövsif etmişdir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirliliyi sübutа yetirilməmişdir. Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 128-ci maddəsinə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 128-ci maddəsindən Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə tövsif edilməsi üçün əsaslar yoxdur. Zərərçəkmiş şəxs verdiyi apellyasiya şikayətində Yevlax Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli hökmün ləğv ediməsini Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı ədliyyə müşaviri Dövlət ittihamçısı verdiyi apellyasiya protestində Yevlax Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli hökmün ləğv ediməsini Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməklə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti və apellyasiya protestinin dəlilləri əsassızdır. Belə ki, məhkəmə kollegiyası ibtidai istintaq orqanının, gəldiyi bu qənaətlə, yəni istinad edilən cinayət əməlinin bilavasitə heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə törədilməsi hissəsi ilə razılaşmır və bu fikirdədir ki, təqsirləndirilən şəxsin əməli birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilmişdir. Belə ki, iş materiallarından görünür ki, 21 fevral 2021-ci il tarixdə saat 22 radələrində, Yevlax şəhəri Malbinəsi kəndində yerləşən “Kəndimiz” adlı kafenin qarşısında Təqsirləndirilən şəxs həmkəndlisi Zərərçəkmiş şəxs bıçaqla vuraraq, ona sağlamlığa yüngül zərər vuran bədən xəsarəti yetirmişdir. Apellyasiya protestində Təqsirləndirilən şəxs kafenin içərisində Zərərçəkmiş şəxslə uca səslə mübahisə etdiyi, daha sonra otaqda olan stulu vurub yerə aşıraraq otaqdan çölə çıxıb kafenin qarşısında hüquqazidd hərəkətlərini davam etdirərək öz şəxsiyyətini digərinin şəxsiyyətindən üstün tutmaqla ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, ictimai, birgəyaşayış qaydalarına etinasızlıq göstərib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qəsdən hərəkətlər etməklə orada olan şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs ünvanına uca səslə nalayiq söyüşlər söydüyü qeyd olunsa da, hadisənin baş verdiyi yerdə ictimai qaydanın məhz kobud şəkildə pozulmasına dəlalət edən (o cümlədən, bu pozuntunun nədə ifadə olduğunu göstərən) konkret faktlar nəinki məhkəmədə müəyyən edilməmiş, belə faktlara heç Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda da istinad olunmamışdır. Belə ki, ittihamda Rövşən Ağeyevə istinad edilən cinayəti yaradan hallar kimi müstəsna olaraq zərərçəkmiş şəxsə qarşı törətdiyi hərəkətlər təsvir edilmiş və xuliqanlıq cinayətinə aid əlamətlər sadalanmışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iclasında Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs verdikləri ifadələrində 21 fevral 2021ci il tarixdə saat 22 radələrində, Yevlax şəhəri Malbinəsi kəndində yerləşən “Kəndimiz” adlı kafenin qarşısında hadisə baş verən zaman hadisə yerində onlardan başqa heç kimin olmadığını bildirmişlər. Eyni zamanda ibtidai istintaqda və birinci instansiya məhkəməsinin iclasında məhkəmə istintaqında dindirilən şahidlər baş vermiş hadisənin bilavasitə görmədiklərini və sonradan başqa şəxslərdən eşitdiklərini bildirmişlər. Hadisənin heç kimin olmadığı bir yerdə və təqsirləndirilən şəxsin səhv hərəkətləri nəticəsində baş verməsi özlüyündə hadisənin xuliqanlıq kimi qiymətləndirilməsinə əsas vermir, çünki xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədildikdə və zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda həmin Məcəllənin 221.3-cü maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur (Cinayət Məcəlləsinin 221-ci maddəsi). Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin qərarlarında xuliqanlıq kimi tövsif edilən əməllərin mahiyyəti və xuliqanlıq cinayət əməlinin tərkib əlamətləri barədə aydın hüquqi əsas və təcrübə formalaşdırılmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azrəbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, CM-in 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Göründüyü kimi cinayət qanununa görə xuliqanlıq cinayəti obyektiv cəhətdən başqa əlamətlərlə yanaşı, ictimai qaydanı kobud surətdə pozulması, belə pozuntunun cəmiyyətə açıqca hörmətsizlik ifadə olunması ilə xarakterizə olunur. Yəni hadisənin xuliqanlıq kimi qiymətləndirilməsi üçün zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə yanaşı qeyd olunan iki əlamətin olması da zəruridir. Təqsirləndirilən şəxsin hərəkətində ictimai qaydanın kobud sürətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi əlamətləri mövcud olmamış və onun belə niyyətinin olması müəyyən edilməmişdir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, xuliqanlıq cinayəti birbaşa qəsdlə törədilən cinayətdir. Başqa sözlə desək cinayətin subyekti öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Xuliqanlıq niyyəti ilə deyil, digər motivlərlə, məsələn şəxsi münaqişə, barışmazlıq, nifrət zəminində və s. törədilən hərəkətlər xuliqanlıq kimi tövsif oluna bilməz. Belə olan halda əvvəllər də bir-birini tanımış şəxslər arasında mövcud olan münasibətlərin pozulması nəticəsində baş verməsi hadisənin təşəbbüskarının kimliyi hadisəyə hüquqi qiymətin verilməsi və əməlin tövsifi üçün əhəmiyyət kəsb etməsə də, bilavasitə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında mübahisənin yaranmasına səbəb hadisə baş verən gün Zərərçəkmiş şəxs kafedən çıxandan sonra Təqsirləndirilən şəxs irad bildirməsi olmuşdur. Belə ki, "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 6-cı bəndində qeyd edilir ki, .Qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Ona görə də kollegiya hesab edir ki, ilk növbədə şəxsin əməlinin xuliqanlıq niyyəti ilə törətməsini dəqiqləşdirmək üçün, təqsirkarın davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədib-törətməməsi (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə) aydınlaşdırılmalıdır. Hazırkı işin müəyyən edilmiş gerçək vəziyyətindən bəlli olur ki, məlum cinayət əməli təqsirləndirilən şəxs tərəfindən sağlamlığa yüngül zərər vurmaya səbəb olan xəsarətlərin yetirilməsinə səbəb olsa belə, xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan birinci instansiya məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, əməlin tövsifıni müəyyən edərkən bunu kifayət qədər əsaslandırmış, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və özünün şəxsiyyətinə uyğun olan cəzanın məqsədlərini və islah təsirini təmin etməyə imkan verən qanuni və əsaslı cəza təyin etmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası zərərçəkmiş şəxs X2 tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin dəlillərini qəbuledilməz sayır, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum edilməsinə dair Yevlax Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli hökmünün baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Zərərçəkmiş şəxs X2 tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum edilməsinə dair Yevlax Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar