Məhkəmə qərarları › İş №1(107)-363/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-363/2021

24.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-363/2021 24.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X5, müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkili X6 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Göyçay Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli (hakim İbrahim Fəttahov) hökmü ilə, xx xxxxxx 1977-ci-cu ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşqul olan, Göyçay rayon Məhkəməsinin 18.04.2018-ci il tarixli hökmü ilə 1 il 5 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Xəzər rayon Məhkəməsinin 01.07.2019-cu il tarixli qərarı ilə vaxtından əvvəl şərti olaraq azad olunmuş, məhkumluğu ödənilməmiş, evli, Göyçay şəhəri, Z.Bünyadov küçəsi, ev 22-də qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində seçilmiş polisin nəzarəti altına verilmə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi, və məhkəmə zalından həbsə alınması, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 13.07.2021-ci il tarixdən hesablanması, ekspertiza xərci olan 100 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməsi müəyyən edilmişdir. işin halları: İbtidai istintaq orqanının mövqeyinə görə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, özgənin əmlakını gizli yolla ələ keçirmək qərarına gəlib bu məqsədlə 01 yanvar 2021-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs məxsus Göyçay şəhəri, Z.Bünyadov küçəsində yerləşən həyətyanı sahəsinə eləcə də həmin yerdə əşyaların saxlanılması üçün nəzərdə tutulmuş saxlanc yeri hesab edilən anbara qanunsuz daxil olaraq oradan zərərçəkmişə məxsus 01 ədəd 160 manat dəyərində işıq generatoru, 01 ədəd 360 manat dəyərində İndesit markalı pereparator, 01 ədəd 140 manat dəyərində Bosh markalı balaca drel, 01 ədəd 360 manat dəyərində beton tökməkdən ötrü mühərrik, 58 manat dəyərində 100 metrlik tək jilalı 6-lıq işıq kabeli, 01 ədəd 18 manat dəyərində 15 metrlik üç gözlü udinitel, cəmi 12 manat dəyərində 10 metrlik iki jilalı 6-lıq işıq kabeli olmaqla cəmi 1108 manat dəyərində təmir alətlərini gizli yolla talayıb, oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Göyçay Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti, eləcə də verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X11 apelyasiya şikayətinin təmin olunmasını, Göyçay Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli hökmünün cəzaya aid hissədə dəyişdirilməsi barədə qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X8 apellyasiya şikayətinin təmin edilməməsini, lakin Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına 8 X3 X10 Haqqinda Azərbaycan Respublikasi Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarinın 4, 9 və 23-cü bəndlərinə əsasən amnistiya tətbiq edilməsini və ona təyin edilmiş cəzanın 6 ay müddətinə azaldılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının keçirilməsi vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs X1 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası məhkəmə iclasına onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apelyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Göyçay Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 01.01.2021-ci il tarixdə saat 20 radələrində Göyçay şəhəri Z.Bünyadov küçəsində olarkən, həmin küçədə X2 məxsus yaşayış evinin həyətinə giriş qapısında qıfıl olduğunu və həyətdə işıq yanmadığını görüb həmin evdə heç kəs olmadığını bilmişdir. Bundan sonra pula ehtiyacı olduğu üçün həmin evin həyətinə daxil olub oğurluq etmək qərarına gəlmiş, həmin evin həyətyanı sahəsinin çay tərəfdən olan hissəsindən hasarın üstündən həyətə keçmiş, həyətdə evlə üzbə-üz taxta tikiliyə yaxınlaşmış və qapısında asmal qıfıl olduğunu görmüşdür. Bundan sonra həmin tikilinin yanında yerləşən toyuq hinin yanından bir ədəd dəmir armatur götürüb asma qıfılı qırmışdır. Sonra həmin tikiliyə daxil olub tikilidən işıq generatoru, bir ədəd İndesit markalı pereparator, bir ədəd Bosh markalı balaca direl, bir ədəd su mühərriyini, iki paçka işıq kabeli, bir ədəd üç gözlü udiniteli götürüb hasardan çölə atmışdır. Sonra özü də hasardan çıxıb oğurladığı əşyaları götürüb yaxınlıqda yerləşən çayın beton bəndinin alt hissəsində gizlətmişdir. Ertəsi gün həmin əşyalardan iki paçka işıq kabeli, bir ədəd üç gözlü udiniteli sata bilməyəcəyini düşünüb tullamış və bir ədəd generatoru götürmüş və Göyçay şəhəri Nəsimi küçəsində yerləşən üzdən tanıdığı metal alqı-satqısı ilə məşğul olan Şahid1 iş yerinə gedib ona həmin generatorun özünə məxsus olduğunu və pula ehtiyacım olduğu üçün satmaq istədiyini bildirmişdir. Bəxtiyar da ona inanıb həmin generatoru metal kimi 20 manata ala biləcəyini bildirmişdir. Bəxtiyarla razılaşıb 20 manata həmin generatoru Bəxtiyara satmışdır. Daha sonra həmin gün günortadan sonra yenə də oğurladığı əşyaları gizlətdiyi yerə gedib qalan əşyaları da bir ədəd torbaya yığıb satmaq üçün Bəxtiyarın iş yerinə getmişdir və ona yenə də usta olduğu üçün özünə məxsus olan tikinti alətlərini satmaq istədiyini bildirmişdir. Bəxtiyar da həmin əşyaları metal kimi cəmi 33 manata ala biləcəyini demiş və Bəxtiyarla razılaşıb həmin əşyaları Bəxtiyara 33 manata satmışdır. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Törətdiyi əməldən peşmandır. Birinci instansiya məhkəməsi iclasında iş üzrə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, 04.01.2021-ci il tarixdə Göyçay şəhəri Z.Bünyadov küçəsində fərdi yaşayış evinin həyətinə giriş qapısının qıfılını açarla açıb həyətə daxil olmuş, həyətə baxış keçirən zaman görmüşdür ki, həyətindəki anbar kimi istifadə etdiyi yerin qapısı aralı vəziyyətdədir, balaca asma qıfıl isə yerdədir. Bundan sonra anbara daxil olanda görmüşdür ki, bir ədəd göy, yaşıl rəngli işıq generatoru, bir ədəd İndesit markalı pereparator, bir ədəd Bosh markalı balaca direl, bir ədəd beton tökməkdən ötrü mator, bir paçka 100 metrlik tək jilalı 6-lıq işıq kabeli, bir ədəd 15 metrlik üç gözlü udinitel, 10 metrlik iki jilalı 6-lıq işıq kabeli yoxdur. Bundan sonra DİN-nin 102 xidmətinə zəng vurub bu barədə məlumat vermiş, həmçinin həmin gün Göyçay RPŞ-nə ərizə ilə müraciət etmişdir. Bundan sonra araşdırma zamanı məlum olmuşdur ki, 01.01.2021-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs ona məxsus həmin əşyaları oğurlamışdır. Hazırda ona məxsus əmlaklar qaytarıldığından dəymiş ziyan aradan qaldırılmışdır. Təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Birinci instansiya məhkəməsi iclasında şahid qismində ifadə vermiş Şahid3 göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusudur. 04.01.2021-ci il tarixdə Vüsal ona məxsus evdən oğurluq olduğu barədə bildirmiş, Vüsal bu barədə polis şöbəsinə müraciət etmişdir. Sonradan məlum olmuşdur ki, Vüsala məxsus fərdi yaşayış evindən oğurluq edən Təqsirləndirilən şəxsdur. Birinci instansiya məhkəməsi iclasında şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, ünvan 1 ünvanda metal qırıntılarının alqısatqısı ilə məşğul olur. 02.01.2021-ci il tarixdə saat 11 radələrində Teymur onun iş yerinə gəlmiş və bildirmişdir ki, özünə məxsus olan işıq generatorunu satmaq istəyir. Həmin generatoru 20 manata ala biləcəyini bildirmişdir. Teymur da onunla razılaşmış və generatoru 20 manat müqabilində ondan almışdır. Daha sonra həmin gün saat təxminən 16 radələrində Teymur yenə də onun iş yerinə gəlmiş və bir ədəd İndesit markalı pereparatoru, bir ədəd Bosh markalı balaca direli, bir ədəd su matoruna oxşar matoru satmaq istədiyini bildirmişdir. Teymurdan həmin alətləri haradan əldə etdiyini soruşanda Teymur bildirmişdir ki, usta işləyir, özünə məxsusdur, pula ehtiyacı olduğu üçün satmaq istəyir. Həmin alətləri yoxlamış və məlum olmuşdur ki, pereparator işləmir, lakin digər alətlər işlək vəziyyətdədir. Teymurla razılaşıb cəmi 33 manata həmin əşyaları metal kimi qəbul edəcəyini bildirmişdir. Teymur da onunla razılaşmış. Bundan sonra Teymura 33 manat pul verib həmin alətləri metal kimi ondan götürmüşdür. Cinayət işinə əlavə edilmiş Məhkəmə-əmtəşünaslıq ekspertizasının 12.02.2021-ci il tarixli 9/337 və 15.03.2021-ci il tarixli 9/1323 saylı ekspert rəylərindən görünür ki, qərarda göstərilən 01 paçka 100 metrlik tək jilalı 6-lıq işıq kabeli olduğu halda 58.00 manat, 01 ədəd 15 metrilik üç gözlü elektirik uzadıcı istifadədə olduğu halda 12.00 manat, 10 metrlik iki jilalı 6-lıq işıq kabeli istifadədə olduğu halda 8.00 manat, 01 ədəd göy rəngli üzərində TG 950 Genarator yazıları olan kiçik ölçülü işıq genratoru 120 manat, 01 ədəd göy rəngli üzərində yazıları tam oxunmayan orta ölçülü perforator 80 manat, 01 ədəd göy rəngli DWT markalı SBM-810 model drel 50 manat, çəhrayı-portağal rəngli mühərrik və göy rəngli üzərində MAX 10A, MAX 1.1 kW yazıları olan təzyiq tənzimləyən aparat 120 manat olmaqla həmin əşyaların 2021-ci ilin yanvar ayına olan orta bazar qiymətləri ilə ümumi dəyəri nəzəri qaydada təxminən 448 manat müəyyən edilir.Aparılmış ekspertizanın dəyəri 100 manat təşkil edir. Məhkəmə hesab edir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs oğurlanmış əmlakın real dəyəri ekspertiza rəyinə əsasən 448 manat müəyyən edildiyindən, vurulmuş ziyan ekspertiza rəyində nəzərdə tutulmuş qaydada hesablanmalıdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Göyçay rayon Məhkəməsinin 18.04.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respubilikası CM-nin 234.1-ci madəsi ilə təqsirli bilinib 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon Məhkəməsinin 01.07.2019-cu il tarixli qərarı ilə vaxtından əvvəl şərti olaraq cəzadan azad olunmuş və hazırki cinayəti törədərkən məhkumluğu ödənilməmişdir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirliliyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iclasında təqsirləndirilən şəxs, onun müdafiəçisi hazırkı cinayət işinin faktiki hallarını və əməlinin tövsifini mübahisələndirməyərək, yalnız Göyçay Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın aradan qaldırılmasını onun məsuliyyətini cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumuğu ödənilmədən yenidən cinayət əməlini törətməsini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. Həmçinin apellyasiya məhkəməsi araşdırılması zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin olunmasını onun şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Ona görə də məhkəmə kollegiyası Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş iki il altı ay müddətinə azadlıqdan məhrum etmə cəzasını onun şəxsiyəti və törətdiyi cinayət əməlinə görə cəzanın məqsədlərinin təmin olunması baxımından əsaslı hesab edir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 177.2.3-cü maddəsinin törədilməsinə görə şəxslər iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Belə olan da halda birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddə üzrə ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bu baxımından təqsirləndirilən şəxsə daha sərt cəza, yəni azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi zəruriliyini şərtləndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs nisbətən sərt (azadlıqdan məhrumetmə növündə) cəza təyin edilməsinə haqq qazandırır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs apelyasiya şikayətinin dəlillərini qəbuledilməz sayaraq həmin şikayətin təmin edilmədən, onun Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Göyçay Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli hökmünün baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, 8 X3 X10 haqqında Azərbaycan Respublikasi Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən bu qərarın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan şəxslərdən başqa, 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzalarının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olduqda, çəkilməmiş cəza 6 ay azaldılmalıdır. (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin qərarın 9-cu bəndində qeyd edilir ki: 9.1. icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); 9.2. bu Qərar qüvvəyə mindiyi günədək çıxarılaraq amnistiyanın tətbiq edildiyi günədək apellyasiya qaydasında mübahisələndirilməyən qanuni qüvvəyə minməmiş hökmlər üzrə: 9.2.1. bu Qərarın 1-ci, 3-cü və 6-cı hissələrində nəzərdə tutulmuş şəxsləri təyin edilmiş cəzadan azad edir (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); 9.2.2. bu Qərarın 2-ci hissəsində nəzərdə tutulmuş şəxsləri təyin edilmiş cəzadan azad edir (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); 9.2.3. bu Qərarın 4-cü və 5-ci hissələrində nəzərdə tutulmuş şəxslərin cəzalarını azaldır (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); 9.3. icraatlarında olan apellyasiya və ya kassasiya şikayətləri (protestləri) üzrə işlərə baxarkən bu Qərarın 9.1-ci və 9.2-ci bəndlərinin müddəalarına müvafiq olaraq amnistiya tətbiq edir. Həmçinin həmin qərarın 23-cü bəndində qeyd edilir ki:

23. Amnistiya Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq aşağıdakı orqanlar tərəfindən tətbiq edilir: 23.1. cəzaçəkmə müəssisələri – bu Qərarın 1-ci hissəsində, 2.1-ci, 2.2-ci, 2.3-cü və 2.4-cü bəndlərində nəzərdə tutulan şəxslər barəsində; 23.2. intizam xarakterli hərbi hissənin və hərbi hissələrin komandanlığı – bu Qərarın 2.6-cı, 2.7-ci və 3.1-ci bəndlərində nəzərdə tutulan şəxslər barəsində; 23.3. icra məmurları – bu Qərarın 2.8-ci, 2.9-cu, 2.10-cu və 2.11-ci bəndlərində nəzərdə tutulan şəxslər barəsində; 23.4. təhqiqat və ya ibtidai istintaq orqanları – bu Qərarın 8-ci hissəsində nəzərdə tutulan şəxslər barəsində; 23.5. məhkəmələr–bu Qərarın 2.5-ci, 2.12-ci, 2.13-cü və 3.2-ci bəndlərində, 4-cü, 5ci, 6-cı və 9-cu hissələrində nəzərdə tutulan şəxslər barəsində. Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkumetmənin əsaslarını müəyyən edən Cinayət Prosessual Məcəlləsinin 44-cü maddəsində qeyd edilir ki; 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. 44.2. Bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə aşağıdakılara riayət edərək ittiham hökmü çıxarır: 44.2.1. bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda-təqsirləndirilən şəxsə cəza təyin etməməklə; 44.2.1-1. bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda-ölmüş təqsirləndirilən (şübhəli) şəxsə və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsə cəza təyin etməməklə; 44.2.2. bu Məcəllənin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş halda-təqsirləndirilən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə; 44.2.3. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddəalarına əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinin tətbiq edilməməsi qərarına gəldiyi haldatəqsirləndirilən şəxsə cəza təyin etməklə; 44.2.4. bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallardatəqsirləndirilən şəxsə cəza təyin etməklə. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 8 X3 X10 Haqqinda Azərbaycan Respublikasi Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarinın 4, 9 və 23-cü bəndlərinə əsasən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə təyin edilmiş 2 (iki) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 6 ay müddətə azaldılaraq onun üzərində 2 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12, 44.2.2, 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı:

Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Göyçay Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. 8 X3 X10 Haqqında Azərbaycan Respublikasi Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarinın 4, 9 və 23-cü bəndlərinə əsasən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təyin edilmiş 2 (iki) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 6 ay müddətə azaldılaraq onun üzərində 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar