Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-365/2021 02.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X3 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X6, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs Rəfiq oğlu və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Rəfiq oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM və ya CM) 127.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli 1(075)-63/2021 nömrəli hökmündən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Cahid İmanov) 28 iyul 2021-ci il tarixli 1(075)- 63/2021 nömrəli hökmü ilə xx xxxxxxxx 1987-ci ildə Şəki rayonu Köbər Zəyzid kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Şəki rayonu Bideyiz kəndində pasport qeydiyyatında olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Rəfiq oğlunun CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılması, cəzasını yaşayış yeri üzrə çəkməsi, cəza çəkdiyi müddət ərzində üzərinə saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəki rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, cəzasının icrasına nəzarətinin Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinin həyata keçirilməsi, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcının yaşadığı yer üzrə icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanması, iş üzrə maddi sübut kimi tanınmış Şəki ŞRPŞ-də saxlanılan bir ədəd belin məhv edilməsi, məhkəmə məsrəflərinin və mülki iddianın olmamasının nəzərə alınması hökm edilmişdir. İşin halları Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs Rəfiq oğlu təqsirləndirilir ondan ötrü ki, o, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini törətmişdir. Belə ki, o, 28 fevral 2021-ci il tarixdə, saat 14:30 radələrində Şəki rayonu Bideyiz kəndinin ərazisində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin istifadəsində olan fındıq bağında yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində işləyən zaman, onunla birlikdə həmin bağda işləyən həmkəndlisi Zərərçəkmiş şəxs görüb, sonuncunun qardaşı X2 14 yanvar 2021-ci il tarixdə idarə etdiyi QAZ-33021 markalı, **-BU-*** dövlət nömrə nişanlı avtomobili ilə yol nəqliyyat hadisəsi törətməsi nəticəsində qardaşı X1 hadisə yerində ölməsi yadına düşdüyünə görə onda qisas hissi yarandığından əlindəki bel ilə Zərərçəkmiş şəxs kürək nahiyəsinə bir dəfə, sağ qabırğa nahiyəsinə bir dəfə qəsdən zərbələr endirərək sonuncuya sağ İİİ və İV qabırğanın yerdəyişən, sağ İİ və V qabırğaların yerdəyişməyən sınıqları, sol kürəkaltı və sağ körpücükaltı nahiyələrin dərialtı hematomaları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini törətmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Apellyasiya şikayətinə qarşı etiraz verilmişdir. Hökmdən apellyasiya protesti verilməmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Zərərçəkmiş şəxs apellyasiya şikayətində Şəki Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli 1(075)-63/2021 nömrəli hökmünün ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyаsının iclаsındа apellyasiya şikayətinin dəlillərinə münasibət bildirən Zərərçəkmiş şəxs bildirdi ki, təqsirləndirilən şəxslə barışmamışdır, ondan şikayətçidir. Belə ki, səhhətinə 5 min manat məbləğində ziyan dəymişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi bu məsələyə hökmdə toxunmamış, ona dəymiş ziyanı rəsmi olaraq göstərməmişdır. Ona görə də Şəki Rayon Məhkəməsinin 28 iyul 2021ci il tarixli 1(075)-63/2021 nömrəli hökmünün ləğv edilməsini və 5 min manat məbləğində mülki iddianın təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyаsının iclаsındа apellyasiya şikayətinin dəlillərinə münasibət bildirən Təqsirləndirilən şəxs Rəfiq oğlu apellyasiya şikayətinin təmin edilməməsini və barəsində “8 Noyabr Zəfər günü” ilə bağlı verilmiş amnistiya aktının tətbiq edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin təmin edilməməsini və təqsirləndirilən şəxs barədə “8 Noyabr Zəfər günü” ilə bağlı verilmiş amnistiya qərarının tətbiq edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyаsının iclаsındа dövlət ittihаmçısı X6 apellyasiya şikayətinin təmin edilməməsini, təqsirləndirilən şəxs barədə “8 Noyabr Zəfər günü” ilə bağlı verilmiş amnistiya qərarının 9.1-ci maddəsinin tətbiq edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apellyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdırıb, işdə olan sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli 1(075)-63/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinin tələblərinə əməl edilərək, Təqsirləndirilən şəxs CM-in 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və təqsirləndirilən şəxsin əməli CM-in 127.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, ona təyin edilmiş cəza cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və onun şəxsiyyətinə uyğun olmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətindən və zərərçəkmiş şəxsin apellyasiya şikayətinin dəlillərinə münasibətindən görünür ki, zərərçəkmiş şəxs onun səhhətinə 5 min manat məbləğində ziyan dəydiyini, lakin birinci instansiya məhkəməsinin hökmündə həmin ziyanın ödənilməsinin əks edilmədiyini göstərmişdır. Ona görə də Şəki Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli 1(075)-63/2021 nömrəli hökmünün ləğv edilməsini və 5 min manat məbləğində mülki iddianın təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, CPM-in 183.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. 183.3-cü maddəsinə görə, cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Lakin iş materiallarından görünür ki, Zərərçəkmiş şəxs cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək qanunvericiliklə müəyyən edilmiş qaydada yazılı formada mülki iddia verməmiş, çıxışında isə ona dəymiş ziyan barədə bildirməmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi haqlı olaraq hökmdə məhkəmə məsrəflərinin və mülki iddianın olmamasının nəzərə alınmalı olduğunu qeyd etmişdir. Bu səbəbdən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxs İmran Həbibullayevin barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 2.5, 9.1 və 9.3 və 30-cu bəndləri tətbiq edilməklə, onun təyin edilmiş cəzadan azad edilməsini mümkün bilir. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarına əsasən məhkəmələr: Həmin qərarın 2.5-ci bəndinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslər, habelə az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə azadlığın məhdudlaşdırılması cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayan şəxslər cəzalardan azad edilsinlər. 9.1-ci bəndinə əsasən, icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); 9.3-cü bəndinə görə, icraatlarında olan apellyasiya və ya kassasiya şikayətləri (protestləri) üzrə işlərə baxarkən bu Qərarın 9.1-ci və 9.2-ci bəndlərinin müddəalarına müvafiq olaraq amnistiya tətbiq edir. 30-cu bəndinə görə, apellyasiya şikayəti və ya protesti verilmiş qanuni qüvvəyə minməmiş hökmlər üzrə şəxslərə amnistiya həmin şikayətlərə və ya protestlərə apellyasiya instansiyası məhkəmələrində baxılarkən tətbiq edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Rəfiq oğlunun CM-in 127.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli 1(075)-63/2021 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, lakin Təqsirləndirilən şəxs Rəfiq oğlunun barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 2.5, 9.1, 9.3 və 30-cu maddələri tətbiq edilməklə, təqsirləndirilən şəxs Həbibillayev X7 Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli 1(075)-63/2021 nömrəli hökmünə əsasən CM-in 127.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzаsından azad edilməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Rəfiq oğlunun Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli 1(075)- 63/2021 nömrəli nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Rəfiq oğlunun barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 2.5, 9.1, 9.2.2, 9.3 və 30-cu maddələri tətbiq edilməklə, təqsirləndirilən şəxs Həbibillayev X7 Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli 1(075)-63/2021 nömrəli hökmünə əsasən CM-in 127.1ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzаsından azad edilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində müəyyən olunmuş müddətlərdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-365/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-365/2021
02.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver