Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(107)-37/2023 02.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və X8 ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarənin prokuroru, kiçik ədliyyə müşaviri X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 1(091)-193/2022 nömrəli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə və Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən R.Əliyev, hakimlər N.Mirzəyev (məruzəçi) və B.Məmmədovdan ibarət tərkibdə) 23 noyabr 2022-ci il tarixli 1(091)-193/2022 nömrəli hökmü ilə xx xxxxxx 1969-cu il tarixdə Şəki rayonu Cəfərabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ali təhsilli, Bakı Ağır Cinyətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə barəsində Rusiya Federasiyası, Moskva şəhəri Zamoskvoresk Rayon Məhkəməsinin xx.xx.2011ci il tarixli hökmü tanınmış, ona Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci maddəsinin 2-ci hissəsi ilə təyin edilmiş cəza CM-in 181.2.1-ci maddəsinə uyğunlaşdırılaraq qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 05 ay vaxtından əvvəl şərti olaraq azad olunmuş, xx.xx.2019-cu il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, Şəki rayonu Cəfərabad kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, tutulduğu və həbsdə olduğu müddətin cəzasına hesablanmaqla cəza çəkmə müddətinin başlanğıcının xx.xx.2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, iş üzrə maddi sübut olan və Şəki Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan təmiz çəkisi 0,173 qram olan heroinin, təmiz çəkisi 0,458 qram olan narkotik vasitə və psixotrop maddələrə aid olmayan maddənin, 01 (bir) ədəd başlığı kəsilmiş şüşə ampulanın, 03 (üç) ədəd şprisin, təmiz çəkisi 2369,95 qram olan qurudulmuş marixuananın, 03 (üç) ədəd ampulanın, 03 (üç) ədəd sellofan torbada qablaşdırılmış torpaq nümunələrinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, 01 (bir) ədəd “Nokia” markalı mobil telefonun Təqsirləndirilən şəxs qaytarılması, iş üzrə 142,46 AZN (bir yüz qırx iki manat, qırx altı qəpik) ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini və narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib, daşıyıb, üzərində və yaşadığı Şəki rayonu Cəfərabad kəndində fərdi yaşayış evinin tövləsində gizlədərək saxlamış, 11 aprel 2022-ci il tarixdə saat 16:30 radələrində Şəki Şəhər-Rayon Polis Şöbəsinin X4 və Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı Şəki rayonu Cəfərabad kəndi ərazisində yerləşən “İlkin” kafesinin yaxınlığında saxlanılaraq Şəki şəhəri X11 prospekti 1 saylı ünvanda yerləşən Şəki Şəhər- Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib şübhəli şəxs qismində tutularaq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarın sol yan cibindən 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,173 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bundan sonra həmin tarixdə keçirilmiş tədbirlərin davamı olaraq Şəki rayou Cəfərabad kəndindəki ünvana baxış keçirilən zaman Təqsirləndirilən şəxs yaşadığı Şəki rayonu Cəfərabad kəndində fərdi yaşayış evinin tövləsində olan metal qabda gizlədib saxladığı bir ədəd göy rəngli sellofan torbada olan, təmiz çəkisi 2370 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 1(091)-193/2022 nömrəli hökmündən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti və Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Apellyasiya protestinin, apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı apellyasiya protesti verərək Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 1(091)-193/2022 nömrəli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyası həddində cinayət və cinayət prosesual qanunvericiliyin tələblərinə uyğun olaraq cəza təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək ailə vəziyyətini, həyat şəraitini, ağır xroniki xəstəliklərdən əzab çəkərək ömrünün qısalmasını nəzərə alaraq ona təyin edilmiş cəzanın alternativ cəza ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X5 apellyasiya protestində göstərilmiş xüsusatlarla bağlı oxşar məzmunda izahat verərək, Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 1(091)-193/2022 nömrəli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyası həddində cinayət və cinayət prosesual qanunvericiliyin tələblərinə uyğun olaraq cəza təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını, Təqsirləndirilən şəxs apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında apellyasiya protestinin və apellyasiya şikayətinin dəlilləri ilə bağlı fikrini bildirən Təqsirləndirilən şəxs apellyasiya protestinin təmin edilməməsini, verdiyi apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs müdafiəçisi X7 apellyasiya protestinin təmin edilməməsini, Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.2-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, dövlət ittihamçısının apellyasiya protestinin təmin edilməsi və apellyasiya şikayətinin təmin edilməməsi, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin apellyasiya protestinin təmin edilməməsi və apellyasiya şikayətinin təmin edilməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilməməli, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 1(091)-193/2022 saylı hökmü verilmiş apellyasiya protestinə münasibətdə ləğv edilməlidir. Belə ki, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq düzgün qiymət verməyərək, Təqsirləndirilən şəxs əməlini CM-in 234.4.3-cü maddəsindən əsassız olaraq CM-in 234.1-ci maddəsinə tövsif etmişdir. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, birinci instansiya məhkəməsi hökmünü onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-qeydiyyat işi açılmamış, polis əməkdaşları tərəfindən narkotik vasitənin satışını həyata keçirən şəxs kimi nəzarətə götürülməmiş və konkret olaraq narkotik vasitənin satışını həyata keçirərkən saxlanılmamış, sadəcə barəsində əməliyyat məlumatı daxil olduğu üçün polis şöbəsinə dəvət olunaraq şübhəli şəxs qismində tutulmuş və üzərinə şəxsi axtarış keçirilərkən üzərindən bir bükümdə olmaqla 0.173 qram olan kustar üsulla hazırlanmış həmin narkotik vasitə - heroin, həmçinin evinə baxış keçirilərkən 2370 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Lakin məhkəmənin qeyd olunan mövqeyi əsassız olmaqla, gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, öyrənilən işdən aydın olur ki, Təqsirləndirilən şəxs aşkar olunumuş narkotik vasitələr 0.173 qram heroin və 2370 qram qurudulmuş marixuanadan ibarət olmuşdur. Hansı ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli qanuna və həmin qanunla təsdiq edilmiş 1 siyahısına əsasən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdarı isə 500 qram müəyyən edilmişdir. Öz növbəsində, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş qurudulmuş marixuananın miqdarı isə qanunvericiliklə həmin narkotik vasitənin şəxsi istehlakı üçün müəyyən edilmiş həddən 474 dəfədən, külli miqdarı üçün müəyyən edilmiş həddən isə 4 dəfədən artıq olmuşdur və hazırkı halda qurudulmuş marixuananın çəkisi öz-özlüyündə onun şəxsi isifadə üçün əldə edilməsini istisna edir. Bu mənada Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi özlüyündə ondan aşkar edilmiş narkotik vasitələri özünün istehlak etməsi məqsədi ilə əldə etməsi nəticəsinə gəlməyə əsas vermir. Bundan əlavə, cinayət işinin materiallarında olan 11,04.2022-ci il tarixli raportladan görünür ki. həmin tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə Zaur adlı şəxsin Şəki rayonunda narkotik vasitələrin qəbulu, saxlaması ilə yanaşı satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur, (cild 1. iş vərəqi 06- 07). İş üzrə verilmiş əməliyyat tapşırığına cavab məktubunda göstərilmişdir ki. əməliyyat tapşırığının icrası istiqamətində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həqiqətən də narkotik vasitələrin satışı ilə məşğul olması, üzərindən aşkar olunmuş 0.173 qram çəkidə narkotik vasitə olan heroini və yaşadığı ünvandan aşkar olunmuş 2370 qram çəkidə narkotk vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə əldə edib, üzərində və yaşadığı ünvanda saxlaması müəyyən edilmişdir, (cild 2. iş vərəqi 19). Bu hallar isə iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə də bir daha təsdiq olunmuşdur. Həmçinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarınm dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 1.0.9-cu bəndinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməsə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1-ci maddəsinin 1.0.10-cu bəndinə əsasən narkotik vasitələrin qanunsuz, saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1-ci maddəsinin 1.0.11-ci bəndinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir; "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2 saylı, 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təhlil olunan işdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş qurudulmuş marixuananın miqdarı qanunvericiliklə həmin narkotik vasitənin şəxsi istehlakı üçün müəyyən edilmiş həddən 474 dəfədən, külli miqdarı üçün müəyyən edilmiş həddən isə 4 dəfədən artıq olmuşdur. Digər tərfədən sonuncuda aşkar edilmiş narkotik vasitələr həm qurudulmuş marixuanadan, həm də herondən ibarət olmaqla iki növdə olmuşdur. Hansı ki, təqsirləndirilən şəxs özü də ifadəsində narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmədiyini, yalnız narkotik vasitə olan heroindən istifadə etdiyini bildirmişdir. Lakin, işin faktiki hallarını nəzərə almayan birinci instansiya məhkəməsi CM-in 234.4.3-cü maddəsinin tərkibinin yaranmasını zəruri edən. Təqsirləndirilən şəxs tərəfindən törədilən əməlin cinayət-hüquqi nəticələrinə düzgün hüquqi qiymət verməmiş, sonuncunun əməlini CM-in 234.1 -ci maddəsinə tövsif etməklə onıın əməlinin tövsifinin hüquqi əhəmiyyətinin itirilməsinə, yəni CM-in 234.1-ci maddəsi ilə deyil, CM-nin daha ağır 234.4.3cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli olan Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən kənarda qalmasına səbəb olmuşdur ki, bununla da Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi mümkün olmamış, Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin konstitusion prinsiplər pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddəsinin şərh edilməsi haqqında” 12 may 2009ci il tarixli Qərarında qeyd edilmişdir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Eyni hüquqi mövqedə olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayəti üzrə” 09 sentyabr 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-nin 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPMnin 28.5-ci maddəsi). Göründüyü kimi qanunvericilikdə nəzərdə tutulmuş normaların, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərin ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclasında mümkün olan sübutları araşdırmalı, onlara müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarında araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və məhz bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Həmçinin, ümumilikdə götürdükdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri bəlaya çevrilərək fiziki mənada ayrı-ayrı xalqların genofonduna, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbələr vurur, qarşısının alınması külli miqdarada xərclər bahasına böyük çətinliklər yaradır. Məhz buna görə də X6 1961-ci il “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il “Psixotrop maddələr haqqında” və 1988-ci il “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarda narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. Azərbaycan Respublikası bu konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür. CPM-in 33.1 və 33.2-ci maddələrinə görə, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və biri-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinin məzmununa görə hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə, bütün toplanmış sübutların məcmusuna isə cinayət işinin (və ya digər materialın) həlli üçün kifayət etməsi nöqteyi-nəzərindən qiymət verir. CPM-in 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İnsаn Hüquqlаrı üzrə Аvrоpа Məhkəməsinin məhkəmələrin yekun qərаrlаrın hüquqiliyi ilə bаğlı «Brаtyаkin Rusiyаyа qаrşı» iş üzrə 09 mаrt 2006-cı il, «Fаdin Rusiyаyа qаrşı» iş üzrə 27 iyul 2006-cı il, «Lenskаyа Rusiyаyа qаrşı» iş üzrə 29 yаnvаr 2009-cu il, «Rаdçikоv Rusiyаyа qаrşı» iş üzrə 24 mаy 2007-ci il tаrixli qərаrlаrınа əsаsən isə hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hаllаrlа yаnаşı, məhkəmənin yekun qərаrlаrının suаl dоğurmаmаlı оlmаsını nəzərdə tutаn hüquqi müəyyənlikdir. Yuxаrı məhkəmələrin hüquqi qərаrlаrı ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi mаrаqlаrlа mühаkimə sisteminin effektivliyinin təmin edilməsi аrаsındа ədаlətli bаlаns yаrаtmаq mаksimаl dərəcədə mümkün оlsun. Bir sırа məhkəmə qərаrlаrındа «ciddi səhv» аnlаyışının təhlili zаmаnı Məhkəmə vurğulаmışdır ki, işin «nаtаmаm və qərəzli» оlmаsı, yаnlış nəticəyə səbəb оlmаsı, məhkəmə prоsesinin ciddi pоzuntulаrı, hаkimiyyətdən sui-istifаdə, hüququn tətbiqi dаirəsindəki səhvlər və ədаlət mühаkiməsi mаrаqlаrınа təsir edən digər аğır nöqsаnlаr ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bаğlı Kоnvensiyа prinsipiаl оlаrаq dövlətin cinаyət mühаkimə icrааtı zаmаnı səhvlərin аrаdаn qаldırılmаsı imkаnınа mаlik оlmаsı üçün yekun məhkəmə qərаrlаrının yenidən bаxılmаğа аçılmаsınа icаzə verir. Belə səhvlərin аrаdаn qаldırılmаdаn qаlmаsı ədаlət mühаkiməsinin ədаlətliliyinə, оbyektivliyinə və ictimаi nüfuzunа ciddi təsir edir. Bu baxımdan işə yenidən baxan apellyasiya məhkəməsinin cinayət kollegiyası təqsirləndirilən şəxsin əməlinin CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarını işin gerçək vəziyyətinə uyğun bilmir. Hazırda araşdırılan işdən bəlli olur ki, təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı qanunsuz hesab edərək, azadlıqdan məhrum etmə cəzasının alternativ cəza ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşmır. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən cəzadan da yüngül cəzanın təyin edilməsini, həmçinin barəsində CM-in 62 və 70-ci maddəsinin tətbiq edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Oxşar münasibətləri tənzimləyən məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Məhkəmə kollegiyası həm də gəldiyi qənaətdə ona görə israrlıdır ki, narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş bu qəbilədən olan cinayətləri törətmiş təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının kifayət qədər əsaslar olmadan yüngülləşdirilməsini əsaslı və ədalətli hesab etmək olmaz. Digər tərəfdən iş materiallarına əlavə edilmiş tələbnamədən və məhkəmə qərarının surətindən görünür ki, Bakı Ağır Cinyətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində olan Rusiya Federasiyası, Moskva şəhəri Zamoskvoresk Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü tanınmış, ona Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci maddəsinin 2-ci hissəsi ilə təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsinə uyğunlaşdırılaraq ona qəti olaraq 8 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 05 ayından vaxtından əvvəl şərti olaraq azad olunmuş, xx.xx.2019-cu il tarixdə cəza müddəti başa çatmış, hazırda məhkumluğu ödənilməmişdir (cild 01, iş vər. 155-156). Göründüyü kimi təqsirləndirilən şəxs əvvəllər də məhkum edilməsinə baxmayaraq, islah olunmamış, məhkumluğu ödənilmədiyi halda yenidən qəsdən cinayət törətmiş və onun əməlində CM-in 18.2.2-ci maddəsinə görə cinayətlərin təhlükəli residivi mövcud olmuşdur. CM-in 61.1.1-ci maddəsinə əsasən isə, cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Residivə görə cəzanın təyin edilməsindən bəhs edən CM-in 65.1-ci maddəsinin göstərişinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə görə isə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Konstitusiya Məhkəməsinin Plenumu cinayətlərin residivinin təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal olduğunu qeyd etməklə bir sıra qərarlarında vurğulamışdır ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, xüsusilə onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır cəza tədbirlərinin tətbiqini nəzərdə tutur (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərar). Belə olan halda məhkəmə kollegiyası Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini qanuni və ədalətli hesab edir. Nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 1(091)-193/2022 nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə ləğv edilsin. Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut olan və Şəki Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan təmiz çəkisi 0,173 qram olan heroin, təmiz çəkisi 0,458 qram olan narkotik vasitə və psixotrop maddələrə aid olmayan maddə, 01 ədəd başlığı kəsilmiş şüşə ampula, 03 ədəd şpris, təmiz çəkisi 2369,95 qram olan qurudulmuş marixuana, 03 ədəd ampula, 03 ədəd sellofan torbada qablaşdırılmış torpaq nümunələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “Nokia” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə 142,46 AZN (bir yüz qırx iki manat, qırx altı qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökm elan olunduğu andan qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-37/2023
Şəki Apellyasiya Məhkəməsi Hökm — İş №1(107)-37/2023
02.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver