Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-371/2022 21.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Gündüz Qasım oğlu və Cavadova Günay İsrafil qızından ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin prokuroru, kiçik ədliyyə müşaviri X1, müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə məhkum edilməsinə dair Ucar Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ucar Rayon Məhkəməsinin (sədrlik edən hakim Hilal Xəlilov) 14 iyul 2022-ci il tarixli hökmü ilə, xx xxxxxx 1981-ci ildə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş, Göyçay şəhəri, Şəhriyar küçəsi, ev 10, mənzil 28-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 15 saylı Cəzaçəkmə Müəssəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə Göyçay Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli, 1 (046)- 39/2022 nömrəli hökmü ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni 31 mart 2022-ci il tarixdən hesab edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut olan bir ədəd disk cinayət işinin materiallarında saxlanılması müəyyən edilmişdir. işin halları: Ucar Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, oğlu 25 mart 2022-ci il tarixdə, saat 05 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə ünvan 1 ünvanında yerləşən Ucar şəhər sakini Zərərçəkmiş şəxs2 məxsus “Dokta” adlanan əczaxananın plastikdən olan giriş qapısını özü ilə götürdüyü burğac vasitəsi ilə sındırıb açmaqla saxlanc yerinə-əczaxanaya qanunsuz olaraq daxil olub, içərisindəki kassadan 270 (iki yüz yetmiş) manat məbləğində pulu gizli olaraq götürüb zərərçəkmiş şəxsə, yəni Zərərçəkmiş şəxs2 qeyd olunan məbləğdə maddi ziyan vurmaqla, özgənin əmlakını qəsdən gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlаkını gizli yоllа tаlаmаq məqsədi ilə 26 mart 2022-ci il tarixdə, saat 06 radələrində "xxxx" MMC-nin Ucar şəhəri, Heydər Əliyev prospekti, 51 ünvanında yerləşən mağaza filialının plastikdən olan giriş qapısını özü ilə götürdüyü burğac vasitəsi ilə sındırıb açmaqla saxlanc yerinə-marketə qanunsuz daxil olaraq, kassada olan pulların hamısını oğurlamaq üçün axtarıb bilavasitə cinayət törətməyə yönəlmiş hərəkətlər etməklə kassada olan 320 (üç yüz iyirmi) manat nağd pulu oğurlamaq istəyərkən marketin siqnalizasiya sistemi işə düşdüyündən öz iradəsindən asılı olmayan səbəbə görə cinayət əməlini başa çatdıra bilməyib, özgənin əmlakını qəsdən gizli olaraq talayıb oğurlamağa cəhd etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- CM) 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə ittiham elan edilmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Ucar Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində Ucar Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli hökmü ilə razı olmadığını, ona görə də barəsində daha ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli hökmündən apellyasiya protesti, digər proses iştirakçıları tərəfindən apellyasiya şikayəti və verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 apelyasiya şikayətini müdafiə edib onun təmin olunmasını xahiş etdilər. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, əməlində cinayət tərkibi olmamışdır. Bir zərərçəkmişə münasibətdə 40 manat zərər vurmuşdur. Oba Marketlə bağlı bildirmək istəyir ki, siqaret götürmək istəmişdir. Cəhd etmişdir. Siqareti qurtarmışdır. Hazırda o cinayət əməli deyil, inzibati xəta törətmişdir. Ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X4 apelyasiya şikayətinin dəlillərinin əsassız olduğunu göstərib, həmin şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq Zərərçəkmiş şəxs2, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs1 gəlməmişdir. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apelyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə məhkum edilməsinə dair Ucar Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi iclasında istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2017-ci il tarixli hökmü ilə 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 fevral 2018-ci il tarixli qərarı ilə CM-in 177.3.3-cü maddəsi ilə verilmiş ittiham xaric edilmiş, CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə 5 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və 14 iyun 2021-ci ildə cəzasının sonu ilə cəzaçəkməkdən azad edilmişdir. 25 mart 2022-ci il tarixdə, axşam saat təxminən 23 radələrindən sonra tanımadığı yol maşını ilə gecə saatlarında fürsət düşdüyündə hər hansı obyektlərdən oğurluq etmək məqsədi ilə Ucar rayonuna gələrək saat 04 radələrinə qədər piyada gəzmişdir. 26 mart 2022-ci il tarixdə, gecə saat təxminən 04 radələrində Ucar şəhəri, H.Əliyev prospektindəki “Oba” adlanan marketin yanında yerləşən aptekə arxa tərəfindəki pəncərədən qanunsuz daxil olaraq aptekin arxa tərəfində yerləşən otağındakı siyirtmədən 65 manat nəğd pulu götürdükdən sonra aptekə daxil olduğu üsulla da oradan çıxmış, bu zaman pəncərəni açmağa özü ilə götürdüyü burğacdan istifadə etmişdir. Təxminən 1-2 saat gəzdikdən sonra saat 06 radələrində oğurluq etdiyi həmin aptekin yanında yerləşən “Oba” adlanan marketə siqaret götürmək məqsədilə daxil olmaq qərarına gəlmiş, ilk əvvəl siqnalizasiya olacağından şübhələndiyi üçün “Oba” marketə yaxınlaşaraq əlindəki burğacla marketin qapısını açıb oradan uzaqlaşmışdır. Siqnalizasiyanın işə düşmədiyini görərək bir neçə dəqiqədən sonra yenidən həmin marketə yaxınlaşaraq qapıdan içəri daxil olduqdan sonra sağ tərəfə gedərək siqaretlər olan yerə yaxınlaşmaq istəyən zaman siqnalizasiya sistemi işə düşdüyü üçün marketdən cəld qaçaraq uzaqlaşmışdır. Daha sonra o, Ucar şəhərində gəzmiş və səhər saatlarında yol maşını ilə yaşadığı Göyçay rayonuna geri qayıtmışdır. Bir neçə gündən sonra ona polis əməkdaşları yaxınlaşaraq Ucar Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını və Ucar rayon ərazisində oğurluq cinayəti törətməkdə şübhəli olduğunu deyərək araşdırma aparılmasından ötrü Ucar Rayon Polis Şöbəsinə dəvət etdikdən sonra Ucar Rayon Polis Şöbəsinə gəlmiş və törətdiyi əməlləri etiraf etmişdir. Həmçinin, 24 mart 2022-ci il tarixdən 25 mart 2022-ci il tarixə keçən gecə saat təxminən 05 radələrində Ucar şəhəri, Azərbaycan küçəsində yerləşən apteklərdən birinə aptekin plastik qapısını əlində olan burğac vasitəsilə açaraq qanunsuz daxil olmaqla həmin aptekin kassasından 40 manat nəğd pul oğurlamış, həmin nominallar 2 ədəd 10 manatlıq, 3 ədəd 5 manatlıq, 5 ədəd 1 manatlıqlar olmuşlar. Bütün oğurluq əməllərini tək törətmiş, 25 mart 2022-ci il tarixdə, saat 05 radələrində Ucar şəhəri, Azərbaycan küçəsində yerləşən aptekdən 270 manat deyil, 40 manat məbləğində pul oğurlamışdır. Oğurluq edərkən istifadə etdiyi burğacı hara atdığını xatırlamadığı üçün onu təqdim edə bilməmiş, oğurladığı bütün pulları da xərcləmişdir. Məhkəmədən himayəsində iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, törətdiyi əməllərə görə peşman olmasını, zərərçəkmiş şəxslərin ondan şikayət və tələblərinin olmamasını nəzərə alaraq ədalətli qərar çıxarılmasını xahiş etdi. Cinayət işi üzrə zərərçəkmiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edib cəmiyyətə dəymiş ziyanla bağlı Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını göstərib növbəti iclası onun iştirakı olmadan keçirilməsini xahiş etdi. Həmçinin, ifadəsində göstərdi ki, ünvan 4 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. 2 ildir ki, Ucar şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx" MMC-yə məxsus mağaza filialının müdiri vəzifəsində işləyir, həmin mağaza hər gün səhər saat 08:00-da açılıb saat 22.00-da isə bağlanır. Hər gün olduğu kimi 25 mart 2022-ci il tarixdə həmişəki qayda ilə işçilərlə birlikdə mağazanı bağlayaraq evlərinə getmiş, həmin vaxt gündəlik alış-verişdən əldə olunan 320 manat pulu kassaya qoymuş, 26 mart 2022-ci il tarixdə, saat 06:30 radələrində mağazanın mühafizə xidməti ona zəng edərək mağazada oğurluq olduğunu məlumat verdikdən sonra dərhal hadisə yerinə gəlmişdir. Hadisə yerinə çatanda deyildiyi kimi mağazanın qapısının açıq olduğunu görmüş, polis əməkdaşları ilə birlikdə görüntü kamerasına baxan zaman orada tanımadığı maskalı bir nəfər şəxsin marketin qapısını sındıraraq içəri daxil olduğunu, kassa istiqamətində hərəkət etdiyini, lakin siqnalizasiya sistemi işə düşdüyü üçün həmin şəxsin marketdən cəld qaçaraq çıxdığını görmüşdür. Marketin içərisində olan malların, eləcə də kassada olan 320 manat pulun yerində olduğunu müəyyənləşdirmiş, həmin gün məlum hadisə yerinə Ucar Rayon Polis Şöbəsinin əməkdaşları gəlmiş, polis əməkdaşları mağazaya baxış keçirtmişlər. Mağazanın kamera yaddaşında olan video görüntüləri baxış zamanı 01 ədəd diskin yaddaşına köçürərək Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarına təqdim etmiş, sonradan marketə qanunsuz daxil olan şəxsin Göyçay şəhər sakini Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Marketə hər hansı miqdarda maddi ziyan dəyməmiş, Nurlan adlı şəxs mağazanın kassasında olan 320 manat pulu səs siqnalları çalındığı üçün qorxaraq oğurlaya bilməmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edib ona dəymiş ziyanla bağlı Təqsirləndirilən şəxs heç bir şikayətinin və tələbinin olmadığını göstərib növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etdi. Həmçinin, ifadəsində göstərdi ki, 2021-ci ilin may ayından ünvan 1 ünvanında yerləşən Fuad adlı şəxsə məxsus obyekti şifahi müqavilə əsasında 300 manata icarəyə götürüb işlədir, özü vergi ödəyicisidir, aptekdə olan dərmanlar və s. digər əşyalar, həmçinin aptekin gəliri ona məxsusdur. Məlum aptek hər gün saat 09:00-dan axşam saat 20:00-dək fəaliyyət göstərir. Aptekdə insanlar üçün nəzərdə tutulmuş dərman preparatları və bir sıra gündəlik istifadə üçün nəzərdə tutuluş şeyləri satır. Aptekində müşahidə videokamerası quraşdırılmasına baxmayaraq təxminən 19 mart 2022-ci il tarixdən texniki problem olduğundan həmin kamera işləməmişdir. 24 mart 2022-ci il tarixdə, gün ərzində 270 satışdan pul əldə etmiş və həmin pulu kassaya qoyub kassanı açarla bağlamışdır. Axşam saat 20 radələrində apteki bağlayıb yaşadığı ünvana getmiş, 25 mart 2022-ci il tarixdə, səhər saat 09:00 radələrində aptekə gələn zaman aptekin giriş qapısının açıq vəziyyətdə olduğunu görüb içəri daxil olaraq dərmanlara baxdıqda hər şeyin yerində olduğunu görmüş, lakin kassaya yaxınlaşdıqda kassanın açıq vəziyyətdə olduğunu və oradan 270 manat pulun naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan sonra Ucar Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmiş, sonradan aptekə qanunsuz olaraq daxil olaraq oradakı kassadan 270 manat nağd pul oğurlayan şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrənmiş, ona dəymiş 270 manat ziyanın ödənilməsində köməklik göstərilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliynin Baş Mühafizə İdarəsinin Göyçay regional mühafizə şöbəsinin manqa komandiri vəzifəsini müvəqqəti icra edir və xidmət yeri Ucar rayonunun ərazisidir. Belə ki, o, Ucar rayon ərazisində müxtəlif obyektlərin mühafizəsi üzrə xidməti fəaliyyəti bölüşdürür və xidmətə nəzarət edir, əsasən şəhər mərkəzində xidmət aparır, özü növbədə olarkən gecələr xidməti yoxlayır. 26 mart 2022-ci il tarixdə. təxminən saat 06:20-də ona Ucar şəhəri, H.Əliyev prospekti, 51 ünvanında yerləşən "xxxx" MMC-yə məxus işlədiyi idarədə “Oba 6” kimi qeydiyyatda olan mağazanın siqnalizasiya sisteminin işə düşməsi barədə həyəcan siqnalı gələn zaman dərhal həmin yerə getmiş, orada mağazanın qapısının açıq olduğunu görmüş, içəri keçib baxış keçirtdikdə içəridə heç kim olmamışdır. Oğurluq edilmə ehtimalını nəzərə alıb işlədiyi idarəyə məlumat verdikdən sonra Ucar Rayon Polis Şöbəsinin NH-nin daxili nömrəsinə zəng edib hadisə barədə xəbər vermiş, sonra həmin yerə polis əməkdaşları və mağazanın məsul şəxsi Zərərçəkmiş şəxs1 gəldikdə bir daha şifahi şəkildə məlumat verdikdən sonra öz işinə geri qayıtmış, bundan bir neçə gün sonra həmin mağazaya oğurlağa girmək istəyən şəxsin Göyçay rayonundan olan Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Cinayət işində оlаn Göyçay Mənzil İstimar Sahəsinin 26 aprel 2022-ci il tarixli, 203 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2005-ci ildə doğulmuş Gülnur və 2007-ci ildə doğulmuş Sədaqət adlı iki uşağı vardır. Cinayət işində оlаn Göyçay Mənzil İstimar Sahəsinin rəisi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən normal xаrаkterizə оlunur. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü mаddələrinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Məhkəmə kollegiyası, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində cinayət tərkibi vardır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əczaxanadan (aptekdən) 270 manat deyil, 40 manat oğurlaması və marketə siqaret götürmək məqsədi ilə daxil olması barədə ifadəsini özünümüdafiə və məsuliyyətdən yayınmaq kimi qiymətləndirir. Məhkəmə kollegiyası, göstərilənlərlə yanaşı təqsirləndirilən şəxsə təyin edilmiş cəzaya münasibətdə də öz fikrini bildirmək istəyir. Birinci instansiya məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını, törətdiyi əməllərə görə səmimi peşmаnçılıq çəkməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını və yaşadığı yerdən müsbət xarakterizə olunmasın onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmış, həmçinin onun əməlində cinayətin residivi olmasını onun cəzasını ağırlaşdırılan hal kimi müəyyən etmi.dir/ Həmçinin Apellyasiya Məhkəməsi araşdırılması zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs nisbətən sərt cəza, yəni daha uzun müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmasını onun şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Belə ki, cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən аlınmış tələbnаmədən və qərarın surətindən görünür ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 177.3.3-cü maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 fevral 2018-ci il tarixli, 7(011)-203/2018 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2017-ci il tarixli, 1 (101)-59/2017 saylı hökmündə Təqsirləndirilən şəxs əvvəllər özgənin əmlakını gizli talamaya görə məhkum olunmasına baxmayaraq, məhkumluğu ödənilmədən və götürülmədən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə təkrarən qeyri-yaşayış sahəsinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxslərə (2.356 manat, 188 manat və 534,70 manat) ziyan vurmaqla oğurluq cinayət törətməsi ilə əlaqədar yeni dəyişiklik məhkumun vəziyyətini yaxşılaşdırıldığından və CM-də 177.3.3-cü maddə ləğv edildiyindən, ona CM-in 177.3.3-cü maddəsi ilə verilmiş ittiham xaric edilmiş, onun törətmiş olduğu cinayət əməli CM-in 177.3.3-cü maddəsindən, həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2017-ci il tarixli, 1 (101)-59/2017 saylı hökmü ilə təqsirli bilinərək təyin edilmiş 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası azaldılaraq, 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmişdir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə əvvəli 14 iyun 2016-cı il tarixdən hesablanmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi təqsirləndirilən şəxs müəyyən müddət keçəndən sonra yenə də eyni cinayət əməlini törətməyə meyilənmiş, yəni hazırkı cinayət əməlini törətmişdir ki, bu da onun əməlində residivlik yaratmışdır. Bu hal da ona cəzanın məqsədlərinin təmin olunması baxımından daha sərt cəza, yəni müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından aşağı cəza verilməməsini şərtləndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs nisbətən sərt (azadlıqdan məhrumetmə növündə) cəza təyin edilməsinə haqq qazandırır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs apelyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsinə əsas görməyərək həmin şikayətin təmin edilmədən, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə məhkum edilməsinə dair Ucar Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli hökmünün baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə məhkum edilməsinə dair Ucar Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli hökmünün baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-371/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-371/2022
21.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver