Məhkəmə qərarları › İş №1(107)-375/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-375/2021

12.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-375/2021 12.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hаkimləri Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundаn ibаrət tərkibdə, Məhkəmə iclas katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri X3, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkum olunmasına dair Qəbələ Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 1(025)-36/2021 nömrəli hökmündən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin (hakim Abbas Əliyev) 18 avqust 2021-ci il tarixli, 1(025)-36/2021 nömrəli hökmü ilə xx xxxxxx 1979-cu ildə Qəbələ rayonu Şəfili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu Şəfili kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 306.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılması, Təqsirləndirilən şəxs ona təyin edilmiş 01 (bir) il 06 (altı ay) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməsi, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməməsi, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməməsi, elektron nəzarət vasitəsini gəzdirməsi və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməsi, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməməsi, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirməsi, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanması hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, 28 sentyabr 2015-ci il tarixdən başlayaraq 30 may 2010-cu il təvəllüdlü X10 və 22 yanvar 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 60,00 manat olmaqla cəmi 120,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Qəbələ Rayon Məhkəməsinin 29 oktyabr 2015-ci il tarixli 2(025)-1491/2015 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə həmin rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 12 yanvar 2018-ci il və 09 aprel 2019-cu il tarixlərdə hər dəfə 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə 25.09.2019-cu il, 16.11.2020-ci il və 21.12.2020-ci il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 18 yanvar 2021-ci il tarixədək şəxsi maraq niyyətilə cəmi 5970,00 manat aliment borcunu tələbkara ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməyərək və zərər çəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Qəbələ Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 1(025)-36/2021 nömrəli hökmündən Zərərçəkmiş şəxs apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Zərərçəkmiş şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsinin qəbul edilməsindən 6 ildən artıq vaxt keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs məhəl qoymamış, elə ilk gündən qərəzli olaraq alimenti ödəməkdən yayınmışdır. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını yüngülləşdirici hal kimi qeyd etsə də, lakin 6 ildən artıq müddətdə maraqlanmadığı övladlarını nəzərə almamışdır. Odur ki, Qəbələ Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 1(025)-36/2021 nömrəli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə etmə ilə əlaqədar daha ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarənin prokuroru, Ədliyyə müşaviri X8 apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 1(025)-36/2021 nömrəli hökmünün dəyişdirilməsini və Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Zərərçəkmiş şəxs Qəbələ Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 1(025)-36/2021 nömrəli hökmünün dəyişdirilməsini və Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarənin prokuroru, Ədliyyə müşaviri X8 apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 1(025)-36/2021 nömrəli hökmünün dəyişdirilməsini və Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətinin dəlilləri ilə bağlı çıxış edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi X4 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya şikayətinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1 və 398.1.4-cü maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. CPM-in 399.1 və 399.1.4. cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya şikayətinin nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, dövlət ittihamçısının və zərərçəkmiş şəxsin apellyasiya şikayətinin təmin edilməsi, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 1(025)- 36/2021 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilməlidir. Belə ki, apellyasiya şikayətində Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi mübahisələndirilməsə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, Təqsirləndirilən şəxs əməlini CM-in 306.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin cinayət əməlinin CM-in 306.1-ci maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hazırda araşdırılan işdən bəlli olur ki, Zərərçəkmiş şəxs apellyasiya şikayətində Qəbələ Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 1(025)-36/2021 nömrəli hökmünün dəyişdirilərək, təqsirləndirilən şəxsin barəsində azadlıqdan məhrum etməklər əlaqədar daha ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin sadalanan dəlillərini əsaslı sayır. Belə ki, öyrənilən işdən aydın olur ki, Təqsirləndirilən şəxs 28 sentyabr 2015-ci il tarixdən başlayaraq 30 may 2010-cu il təvəllüdlü X10 və 22 yanvar 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 60,00 manat olmaqla cəmi 120,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Qəbələ Rayon Məhkəməsinin 29 oktyabr 2015-ci il tarixli 2(025)-1491/2015 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə həmin rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 12 yanvar 2018-ci il və 09 aprel 2019-cu il tarixlərdə hər dəfə 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə 25.09.2019-cu il, 16.11.2020-ci il və 21.12.2020-ci il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 18 yanvar 2021-ci il tarixədək şəxsi maraq niyyətilə cəmi 5970,00 manat aliment borcunu tələbkara ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməyərək və zərər çəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” 27 dekabr 2001-ci il tarixli qanununun 12.1-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. “İcra haqqında” Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, borclu Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunur. Məhkəmə kollegiyası bu fikridədir ki, həm yuxarıda sadalanan hallar, həm də Təqsirləndirilən şəxs uzun müddət icra tədbirlərindən qərəzli surətdə yayınması (məhkəmə qətnaməsi 29 oktyabr 2015-ci il tarixdə çıxıb) onun barəsində daha ciddi cəza tədbirinin tətbiqinə zərurət yaradır. İşdən bəlli olur ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə təqsirli bilib 1(bir) il 6 (altı) ay müddətinə müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum etmişdir. Lakin, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasının tətbiqi onun tərəfindən törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də onun şəxsiyyətinə uyğun deyildir. Belə ki, CM-in 5.1-ci maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. CPM-in 346.1.11-ci maddəsinə görə təqsirləndirilən şəxsə məhz hansı cəzanın təyin edilməsi, o cümlədən cinayətlərin residivi, hökmlərin məcmusu üzrə cəza təyini məsələləri məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilməlidir. Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair 2 oktyabr 2012-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Hazırda qüvvədə olan cinayət qanununvericiliyinin tələbinə görə CM-in 306-cı maddəsi uzanan cinayətlərə aiddir. Hüquq ədəbiyyatında uzanan və davam edən cinayətlərin elmi anlayışına görə uzanan cinayət məlum dövr ərzində fasiləsiz olaraq törədilən müəyyən kriminal əməldir. Davam edən cinayət isə ümumi məqsədə yönələn, vahid niyyətlə əhatə olunan bir sıra eyni, yaxud da eyni növlü ictimai təhlükəli hərəkətlərdən ibarət bir əməldir. Göründüyü kimi, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş CM-in 306.1-ci maddəsi, yəni qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını icra etməmə uzanan cinayətdir. Məhkəmənin qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli icra etməmə məhkəmə və ya icra məmuru tərəfindən müvafiq şəxslərin həmin aktları müəyyən müddətə icra etmək vəzifəsi haqqında yazılı xəbərdarlıq edildiyi andan başlayır və bu aktların icra edildiyi, yaxud bu əməlin istintaq orqanları və ya buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən dayandırıldığı anda başa çatır. Məhkəmə aktının icra edilməsinə maneçilik törətmə məhkəmə qərarlarının icrasına yol verməməyə yönələn hərəkətin edildiyi andan başa çatmış hesab edilir. Cinayət işinin materiallarında olan Qəbələ rayon İcra şöbəsinin 11dekabr 2015-ci il tarixli “icraata başlamaq haqqında” qərarının və bildirişinin surətindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 2015-ci il sentyabrın 28-dən başlayaraq uşaqları – 30 may 2010-cu il təvəllüdlü X12 və 22 yanvar 2013-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa 60 (altmış) manat olmaqla cəmi 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq uşaqların anası – iddiaçı Zərərçəkmiş şəxs verilməsinə dair icra vərəqəsi icraata qəbul olunmuş və borclu Təqsirləndirilən şəxs icra sənədi üzrə 10 gün müddətində icra sənədində göstərilən tələbi könüllü təmin edilməsi üçün vaxt verilmişdir. Cinayət işinin materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 12 yanvar 2018-ci il tarixli 3(025)-04/2018 nömrəli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətə inzibati həbs edilmişdir. Cinayət işinin materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli 3(025)-212/2019 nömrəli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətə inzibati həbs edilmişdir. Cinayət işinin materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 04 yanvar 2018-ci il tarixli 8(025)-02/18 nömrəli qərardadının surətindən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-1491/2015 nömrəli, 29 oktyabr 2015-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclu Qəbələ rayonu, Şəfili kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə törətmiş olduğu cinayət əməli CM-in 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş digər alternativ cəza növlərinin təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühavizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Məhkəmə kollegiyası cinayət işinin yuxarıda qeyd edilən hallarını, eləcə də cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilib bir il altı ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə haqlı olmamış, məhkəmənin bu qərarı cinayət qanunun normasına, cəzanın məqsədlərinə, eləcə də törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, həmçinin təqsirkarın şəxsiyyətinə uyğun olmamışdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı sayır. CPM-in 405.1-ci maddəsinə görə, apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü bu maddədə göstərilən hallarda, o cümlədən CPM-in 405.1.4-cü maddəsinə əsasən hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda dəyişdirir. Nəticəvi hissə Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə təqsiləndirilməsinə dair Qəbələ Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 1(025)- 36/2021 nömrəli hökmü Təqsirləndirilən şəxs təyin edilmiş cəzaya aid hissədə dəyişdirilməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə təqsiləndirilməsinə dair Qəbələ Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 1(025)-36/2021 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinib 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli bu gündən, yəni 12 oktyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin və o məhkəmə iclas zalından həbs edilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar