Məhkəmə qərarları › İş №1(107)-376/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-376/2021

12.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-376/2021 12.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hаkimləri Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundаn ibаrət tərkibdə, Məhkəmə iclas katibi X6, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarənin prokuroru, Ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Qəbələ Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 1(025)-37/2021 nömrəli hökmündən Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin (hakim Abbas Əliyev) 18 avqust 2021-ci il tarixli, 1(025)-37/2021 nömrəli hökmü ilə xx.xx.1972-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, 11.03.2020-ci il tarixdə Göyçay Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, 17.06.2020-ci il tarixdə Ağdaş Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilmiş, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 1(014)32/2020 nömrəli hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 08 (səkkiz) ay 25 (iyirmi beş) gün hissəsi CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub 10 (on) ay 12 (on iki) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə, ona - 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs 12 mart 2021-ci il tarixdən 14 mart 2021-ci il tarixədək, 17 may 2021-ci il tarixdən 18 may 2021-ci il tarixədək həbsdə saxlanıldığı 03 gün müddət CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli 18 avqust 2021-ci il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və o məhkəmə iclas zalından dərhal həbsə alınması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməsi və o, ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, 11.03.2020-ci il tarixdə Göyçay Rayon Məhkəməsi tərəfindən CM-in 234.1ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza, 17.06.2020-ci il tarixdə Ağdaş Rayon Məhkəməsinin hökmü ilə CM-in 177.2.3-cü maddəsi ilə 03 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza çəkməsinə baxmayaraq, bunlardan nəticə çıxarıb islah olunmaq əvəzinə 2020-ci ilin oktyabr-noyabr aylarında Qəbələ rayon Bayramkoxa kəndində əkin sahəsinin kənarındakı arxın yanında yabanı halda bitmiş narkotik tərkibli marixuana bitkisini əldə edib, yığaraq, həmin yerdə qurudub hazırlamış və 01 ədəd sellafon torbaya bükərək həmin yerdə gizlətməklə saxlamış, 12.03.2021-ci il tarixdə saat 12 radələrində Qəbələ rayon Bayramkoxa kəndinə əkin sahəsinin kənarına gəlib gizlədib saxladığı 01 ədəd sellafon torbada olan narkotik vasitəni əyinindəki gödəkçənin altında gizlədib Qəbələ rayon Hacıalılı kəndində üzərində daşıyarkən Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb Qəbələ RPŞ-nə gətirilməklə inzibati binanın daxilində öz razılıq ərizəsi əsasında üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən əynindəki gödəkçənin altından 01 ədəd sellafon torbada təmiz çəkisi 895,00 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı polis şöbəsi əməkdaşlarına təqdim etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Qəbələ Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 1(025)-37/2021 nömrəli hökmündən Dövlət ittihamçısı2 apellyasiya protesti vermişdir. Apellyasiya protestinin və prosses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı2 apellyasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə cəza məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almasını qeyd etsə də, cəza təyin edərkən həmin hallara formal yanaşmışdır. Bundan başqa əvvəllər dəfələrlə narkotik vasitələrin dövriyyəsi ilə bağlı məhkum olunması onun çətin islah olunduğunu göstərir. Odur ki, Qəbələ Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 1(025)-37/2021 nömrəli hökmünün təqsirləndirilən şəxsə cinayət qanununun müddəalarına uyğun yuxarı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarənin prokuroru, Ədliyyə müşaviri X7 apellyasiya protestinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 1(025)-37/2021 nömrəli hökmünün təqsirləndirilən şəxsə cinayət qanununun müddəalarına uyğun yuxarı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında apellyasiya protestinin dəlilləri ilə bağlı çıxış edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi X5 apellyasiya protestinin təmin edilməməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya protestinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya protestinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1 və 398.1.4-cü maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. CPM-in 399.1 və 399.1.4. cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya protestinin və ya apellyasiya protestinin nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. CPM-in 399.1.5-ci maddəsinə görə təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, dövlət ittihamçısının apellyasiya protestinin təmin edilməsi, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin apellyasiya protestinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 1(025)-37/2021 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilməlidir. Belə ki, apellyasiya protestində Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi mübahisələndirilməsə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, Təqsirləndirilən şəxs əməlini CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hazırda araşdırılan işdən bəlli olur ki, Dövlət ittihamçısı apellyasiya protestində Qəbələ Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 1(025)-37/2021 nömrəli hökmünün təqsirləndirilən şəxsə cinayət qanununun müddəalarına uyğun yuxarı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya protestinin sadalanan dəlillərini qismən əsaslı sayır. Belə ki, işdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən və Göyçay Rayon Məhkəməsinin 1(046)-4/2020 nömrəli, 11 mart 2020-ci tarixli hökmündən görünür ki, Əzizov X9 Rayon Məhkəməsinin 1(046)-4/2020 nömrəli, 11 mart 2020-ci tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən və Ağdaş Rayon Məhkəməsinin 1(014)-32/2020 nömrəli, 17 iyun 2020-ci tarixli hökmündən görünür ki, Ağdaş Rayon Məhkəməsinin 1(014)-32/2020 nömrəli, 17 iyun 2020-ci tarixli hökmü ilə CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Göyçay rayon məhkəməsinin 11 mart 2020-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə ona təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından qalan çəkilməmiş 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan Ağdaş rayon İcra və probasiya şöbəsinin Qəbələ Rayon Məhkəməsinə təqdim etdiyi 18.08.2021-ci il tarixli, c/1-1428 nömrəli məktubdan görünür ki, Ağdaş rayon məhkəməsinin 1(014)-32/2020 saylı 17.06.2020-ci il tarixli hökmü üzrə məhkum Təqsirləndirilən şəxs 18.08.2021-ci il tarixə kimi cəzasından 01 il 03 ay 5 gününü çəkmiş, onun çəkilməmiş 01 il 08 ay 25 gün cəzası qalmışdır. Göründüyü kimi təqsirləndirilən şəxs dəfələrlə məhkum edilməsinə baxmayaraq, islah olunmamış, onun əməlində cinayətlərin residivi mövcud olmasa da məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Konstitusiya Məhkəməsinin Plenumu cinayətlərin residivinin təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal olduğunu qeyd etməklə bir sıra qərarlarında vurğulamışdır ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, xüsusilə onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır cəza tədbirlərinin tətbiqini nəzərdə tutur (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərar). CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş digər alternativ cəza növlərinin təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Həmçinin, ümumilikdə götürdükdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri bəlaya çevrilərək fiziki mənada ayrı-ayrı xalqların genofonduna, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbələr vurur, qarşısının alınması külli miqdarada xərclər bahasına böyük çətinliklər yaradır. Məhz buna görə də X3 1961-ci il “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il “Psixotrop maddələr haqqında” və 1988-ci il “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarda narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. Azərbaycan Respublikası bu konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür. Məhkəmə kollegiyası həm də gəldiyi qənaətdə ona görə israrlıdır ki, narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş bu qəbilədən olan cinayətləri törətmiş təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının kifayət qədər əsaslar olmadan yüngülləşdirilməsini əsaslı və ədalətli hesab etmək olmaz. Məhkəmə kollegiyası cinayət işinin yuxarıda qeyd edilən hallarını, eləcə də cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilib bir il müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin etməklə haqlı olmamış, məhkəmənin bu qərarı cinayət qanunun normasına, cəzanın məqsədlərinə, eləcə də törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, həmçinin təqsirkarın şəxsiyyətinə uyğun olmamışdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini əsaslı sayır. CPM-in 405.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü bu maddədə göstərilən hallarda, o cümlədən CPM-in 405.1.4-cü maddəsinə əsasən hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda dəyişdirir. Nəticəvi hissə Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsiləndirilməsinə dair Qəbələ Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 1(025)- 37/2021 nömrəli hökmü Təqsirləndirilən şəxs təyin edilmiş cəzaya aid hissədə dəyişdirilməlidir Məhkəmə kollegiyası göstərilənlərə əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsiləndirilməsinə dair Qəbələ Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 1(025)-37/2021 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 1(014)32/2020 nömrəli hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 08 (səkkiz) ay 25 (iyirmi beş) gün hissəsi CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub 10 (on) ay 12 (on iki) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilsin və CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə, ona - 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 12 mart 2021-ci il tarixdən 14 mart 2021-ci il tarixədək, 17 may 2021-ci il tarixdən 18 may 2021-ci il tarixədək həbsdə saxlanıldığı 03 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qəbələ Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 1(025)-37/2021 nömrəli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar