Məhkəmə qərarları › İş №1(107)-377/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-377/2022

28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-377/2022 28.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Gündüz Qasım oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik-ədliyyə müşaviri X2, müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkili X13 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə məhkum olunmasına dair Ağsu Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli 1(016)-18/2022 saylı hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli 1(016)-18/2022 saylı hökmü ilə, xx.xx.1996-cı il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşqul olan, subay, məhkumluğu olmayan, Şamaxı şəhəri, A.B.Naseh küçəsi, ev 9-da qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X4 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılması, cəzasının əvvəli həbsə alındığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, 27 iyun 2022-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X23 Təsərrüfatı Mərkəzinin inzibati binasında saxlanılan oduncaqların Ağsu Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli 1(016)-08/2022 nömrəli hökmünə əsasən Ağsu rayon Dilman Bələdiyyəsinə qaytarılması nəzərə alınması müəyyən edilmişdir. işin halları: İbtidai araşdırma orqanı tərəfindən X14 Azərbaycan Respublikası 177.2.2 və 177.2.3-cü maddələri ittiham elan edilmişdir ki, ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında meşə fonduna daxil olmayan ağacları qanunsuz kəsərək zərərçəkmiş Ağsu rayonu Dilman bələdiyyəsinə xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, o, 16 dekabr 2020-ci il tarixdə saat 09 radələrində tanışı X17 ilə əvvəlcədən aralarında olan razılaşmaya əsasən işlədiyi Muğanlı-İsmayıllı şose yolunun Ağsu rayonu Dilman bələdiyyəsinin ərazisindən keçən hissəsində yerləşən “Dostluq” restoranının yaxınlığında görüşmüş, orada Radim Qədirovla cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında heç bir xüsusi razılıq olmadan qanunsuz olaraq Ağsu rayonu Dilman bələdiyyəsinin ərazisindən meşə fonduna daxil olmayan palıd cinsinə məxsus olan 10 sm diametrli 8 ədəd, 14 sm diametrli 2 ədəd, 15 sm diamterli 5 ədəd, 12 sm diamterli 7 ədəd, 17 sm diametrli 4 ədəd, 18 sm diametrli 4 ədəd, ümumilikdə 30 ədəd palıd ağaclarını elektrikli mişarla kəsərək zərərçəkmiş Ağsu rayonu Dilman bələdiyyəsinə 4290 manat (dörd min iki yüz doxsan) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla qabaqcadan əlbir olduğu Radim Qədirovla birlikdə meşə fonduna daxil olmayan ağacları qanunsuz kəsmişdir. Bununla da, Təqsirləndirilən şəxs CM-in 259.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə ittiham edilmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətlərinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi verdiyi apellyasiya şikayətində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə məhkum olunmasına dair Ağsu Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli 1(016)- 18/2022 saylı hökmünün ləğv edilməsini və barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli 1(016)-18/2022 saylı hökmündən apellyasiya protesti və verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyası iclasında çıxış edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi X18 apellyasiya şikayətinin təmin edilməsini, Ağsu Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli 1(016)-18/2022 saylı hökmünün cəzaya aid hissədə dəyişdirilməsini, Təqsirləndirilən şəxs barəsində həbs ilə əlaqədar olmayan daha yüngül cəza təyin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında çıxış edən dövlət ittihamçısı kiçik-ədliyyə müşaviri X3 şikayətin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsi qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasına onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin və müdafiəçisinin, habelə dövlət ittihamçısının apellyasiya şikayəti ilə bağlı çıxış və xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli və Ağsu Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli 1(016)-18/2022 saylı hökmü cəzaya aid hissədə dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya inistansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmir. X15 təxminən 7 ildir ki, tanıyır. X8 təxminən 2020-ci ilin oktyabr ayından tanıyır. Muğanlı-İsmayıllı magistral yolunun üzərində yerləşən, “Dostluq” restoranını 2020-ci ilin təxminən dekabr ayında icarəyə götürüb işlədirmiş. 16 dekabr 2020-ci il tarixdə saat təxminən 11 radələrində tanışı Radim Qədirov onun icarəyə götürüb işlətdiyi kafeyə gələrək onunla salamlaşıb hal-əhval tutmuşdur. Radim Qədirov yaxınlıqdakı meşəlik ərazidən ağac qıracağını bildirmişdir. Həmin vaxt Radim Qədirovun əlində özü ilə gətirdiyi elektrikli mişar var idi. Onlar bir neçə dəqiqə söhbət etdikdən sonra o, restoranın yaxınlığındakı meşəlik əraziyə getmişdir. Radim Qədirov kafenin yaxınlığındakı meşəlik ərazidən saat təxminən 17 radələrinə qədər ağac kəsmişdir. Daha sonra Radim Qədirov oradan çıxıb getmişdir. Ertəsi gün, yəni 17 dekabr 2020-ci il tarixdə saat təxminən 12 radələrində Radim Qədirov onun icarəyə götürüb işlətdiyi “Dostluq” restoranına gələrək onunla salamlaşıb hal-əhval tutmuşdur. Həmin vaxt Radim Qədirov tək imiş. Radim Qədirov onunla bir neçə dəqiqə söhbət etdikdən sonra 16 dekabr 2020-ci il tarixdə kəsdiyi ağaclar olan yerə getmişdir. O, bundan təxminən 20 dəqiqə sonra Radim Qədirovun yanına getmişdir. Həmin vaxt Radim Qədirov kəsdiyi ağacları Cahid Fətəliyevlə birlikdə Cahid Fətəliyevə məxsus olan “UAZ” markalı avtomobilə yığırmışlar. Bir neçə dəqiqə onları müşahidə etdikdən sonra Radim Qədirov ondan həmin “UAZ” markalı avtomobili çökəkdən çıxarmaq üçün itələməyi xahiş etmişdir. Onlar birlikdə“UAZ” markalı avtomobilin arxasından basaraq çökəkdən çıxarmışlar. Bu vaxt Radim Qədirov uca səslə qışqıraraq ona “Cahangir qaç” sözlərini demişdir. O, ətrafa baxanda onlara tərəf ağ rəngli, markasını unutduğu avtomobilin yaxınlaşmasını görüb Radim Qədirovla birlikdə qaçaraq oradan uzaqlaşmışdır. Bundan təxminən 30 dəqiqə sonra həmin ağaclar kəsilmiş yerə yenidən qayıtmışdır. Həmin vaxt orada bir nəçə avtomobil dayanıbmış. Həmçinin Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları da orada idi. O, təqsiri olmadığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə göstərdi ki, 2020-ci ilin yanvar ayından Ağsu rayon Dilman kənd bələdiyyəsinin sədri vəzifəsində işləyir. ********* nömrəli cinayət işi üzrə toplanmış sübutlarla X10 16 dekabr 2020-ci il tarixdə saat 09 radələrində Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq Ağsu rayonu Dilman bələdiyyəsinin ərazisindən meşə fonduna daxil olmayan palıd cinsinə məxsus olan 10 sm diametrli 8 ədəd, 14 sm diametrli 2 ədəd, 15 sm diamterli 5 ədəd, 12 sm diamterli 7 ədəd, 17 sm diametrli 4 ədəd, 18 sm diametrli 4 ədəd, ümumilikdə 30 ədəd palıd ağaclarını elektrikli mişarla kəsərək Ağsu rayonu Dilman bələdiyyəsinə 4290 manat (dörd min iki yüz doxsan) manat məbləğində maddi ziyan vurması müəyyən edilmişdir. Bildirmişdir ki, 2020ci ilin dekabr ayının ortalarında 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsində işləyən adını unutduğu şəxs onun mobil telefonuna zəng vurub “Dostluq” kafesinin yaxınlığında palıd cinsinə məxsus olan ağacların kəsilməsini və həmin palıd ağaclarının kəsildiyi ərazinin hansı rayona aid olmasını bilib-bilmədiyini soruşmuşdur. O, həmin ərazinin Dilman kənd bələdiyyəsinin ərazsisinə daxil olub-olmadığını dəqiqləşdirib bu barədə ona məlumat verəcəyini bildirmişdir. Təxminən 2 gün sonra Əmlak Məsələləri Dövlət Xidməti Şamaxı Ərazi Şöbəsinin məsləhətçi müfəttişi Vüqar Əsgərova zəng vuraraq həmin palıd ağaclarının kəsildiyi ərazinin hansı rayonun ərazisinə aid olmasını ondan soruşmuşdur. Vüqar Əsgərov həmin ərazinin Ağsu rayon Dilman kənd bələdiyyəsinin ərazisi olmasını bildirmişdir. Bundan sonra həmin palıd cinsinə məxsus ağacların kəsildiyi yerin Dilman kənd bələdiyyəsinə məxsus olması barədə 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə və Şamaxı rayon Polis Şöbəsinə yazılı arayış vermişdir. Həmçinin bildirmişdir ki, 18 aprel 2021-ci il tarixdə 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Şahid1, Radim Qədirovun, Ağsu rayon Polis Şöbəsinin əməkdaşlarının, hal şahidlərinin və onun özünün iştirakı ilə Muğanlı- İsmayıllı magistral yolunun üzərində yerləşən “Dostluq” kafesindən 150 metr uzaqlıqda yerləşən meşəlik əraziyə baxış keçirilmişdir. Baxış zamanı Radim Qədirov kəsilmiş ağacların kötüklərini göstərərək həmin ağacları tanışı Cahangir adlı şəxslə birlikdə kəsdiyini bildirmişdir. Həmçinin baxış zamanı həmin ağacların elektrikli mişarla kəsilməsi müəyyən edilmişdir. O, təqsirləndirilən şəxsə qanuni və ədalətli cəza təyin olunmasını xahiş etdi. İş üzrə şahidlər X11, Şahid1 və Şahid6 məhkəməyə teleqram göndərərək ibtidai istintaqda verdikləri ifadələri təsdiq etdiklərini bildirmişlər. Şahidlər Şahid1, X11 və Şahid6 ibtidai istintaqda verdikləri ifadələr məhkəmə iclasında elan olunmuşdur. Şahid1 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, ailəsilə birlikdə ünvan 1 ünvanında yaşayır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində baş məsləhətçi vəzifəsində işləyir. X15 və Təqsirləndirilən şəxs tanımır. X9 bir neçə ildir ki, tanıyır. Cahid Fətəliyevin meşə ərazisindən qanunsuz olaraq kəsilmiş ağacları daşımasına görə onun barəsində dəfələrlə akt tərtib edilibmiş. 17 dekabr 2020-ci il tarixdə saat təxminən 11 radələrində 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəhbərliyindən ona Muğanlı-İsmayıllı magistral yolunun üzərində yerləşən “Dostluq” kafesinin yaxınlığında kəsilmiş ağacların yüklənildiyi “UAZ” markalı avtomobil müəyyən edilməsi barədə məlumat verilmişdir. Bundan sonra o, həmin “Dostluq” kafesinin yanına getmişdir. O, həmin əraziyə çatdıqda Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları da oraya gəlmişdir. Həmin vaxt meşə gözətçisi Şahid2 və Cahid Fətaliyev orada imiş. Əvvəlcədən tanıdığı Cahid Fətaliyevə məxsus “UAZ” markalı avtomobilin yük yerinə kəsilmiş ağacların yığldığını görmüşdür. “UAZ” markalı avtomobilin alt tərəfi yolun kənarındakı torpaq əraziyə ilişib dayanıbmış. Cahid Fətaliyev sorğu-sual edilən zaman avtomobilinin yük yerindəki oduncaqları Radim və Cahangir adlı şəxslərdən aldığını, həmin şəxslərin bir neçə dəqiqə əvvəl oradan qaçıb uzaqlaşdığını bildirmişdir. Bir qədər sonra həmin ərazinin Şamaxı rayonuna tabe olması zənn edildiyi üçün Cahid Fətəliyevə məxsus olan, qanunsuz olaraq kəsilmiş ağacları yığıldığı “UAZ” markalı avtomobil və X21 RPŞ-yə aparılmışdır. 18 aprel 2021-ci il tarixdə onun, İsmayıllı rayon Bizlan kənd sakini Radim Qədirovun, Ağsu rayonu Dilman Bələdiyyəsinin sədri Nümayəndə və Ağsu rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə Muğanlı-İsmayıllı magistral yolunun üzərində yerləşən “Dostluq” kafesinin 150 metr məsafədə yaxınlığındakı meşəlik əraziyə baxış keçirilmişdir. Baxış zamanı Radim Qədirov kəsilmiş ağacların kötüklərini göstərərək həmin ağacları tanışı Cahangir adlı şəxslə birlikdə kəsdiyini bildirmişdir. Bundan sonra o, həmin meşəlik ərazidən palıd cinsinə məxsus olan 10 sm diametrli 8 ədəd, 14 sm diametrli 2 ədəd, 15 sm diamterli 5 ədəd, 12 sm diamterli 7 ədəd, 17 sm diametrli 4 ədəd, 18 sm diametrli 4 ədəd, ümumilikdə 30 ədəd palıd ağaclarının kəsilməsini müəyyən etmişdir. Həmçinin həmin ağacların elektrikli mişarla kəsilməsini müəyyən etmişdir. Şahid X11 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, ailəsilə birlikdə Şamaxı rayonu Pidrəki qəsəbəsində yaşayır. X15 təxminən 10 ildir ki tanıyır. Təqsirləndirilən şəxs ilk dəfə xx.xx.2020-ci il tarixdə tanımışdır. 16 dekabr 2020-ci il tarixdə Radim Qədirov onun istifadəsində olan ***-***-**-** saylı nömrəsinə zəng vurub Ağsu rayonu Dilman kənd ərazisində bir neçə ədəd ağac kəsdiyini, həmin ağacları Ağsu rayonu Dilman kəndi ərazisində yerləşən “Dostluq” kafesinin yaxınlığına yığdığını və həmin ağacları satmaq istədiyini ona demişdir. O, Radim Qədirova müştərinin alıcılıq qabiliyyətinin aşağı olduğunu və həmin ağacları sata bilməyəcəyini demişdir. xx.xx.2020-ci il tarixdə saat təxminən 09 radələrində Radim Qədirov yenidən ona zəng vurub həmin kəsdiyi ağacları satmaq istədiyini demişdir. O, Radim Qədirovdan həmin ağacları neçə manata satdığını soruşduşqda o, həmin ağacları 40 manat qarşılığında satmaq istədiyini bilirmişdir. Bundan sonra o, Radim Qədirovla razılaşıb həmin ağacları ondan ala biləcəyini demişdir.Həmin tarixdə saat təxminən 10 radələrində özünə məxsus olan “UAZ” markalı, **-BD-*** dövlət qeydiyyat nömrəli avtomobillə Radim Qədirovun həmin ağacları yığdığı yerə yəni, “Dostluq” kafesinin yanına getmişdir. Həmin vaxt Radim Qədirov və Təqsirləndirilən şəxs orada imiş.Bundan sonra o, avtomobilinin arxasını həmin kəsilmiş ağaclar olan yerə tərəf döndərmişdir. Radim Qədirov və Təqsirləndirilən şəxs kəsilmiş halda olan ağacları onun avtomobilinin yük yerinə yığmışlar. Radim Qədirov və Təqsirləndirilən şəxs həmin kəsilmiş ağacları avtomobilimin yük yerinə yığıb qurtardıqdan sonra o, avtomibilinə əyləşib mühərriki işlək vəziyyətə gətirmək istəyən zaman dövlət qeydiyyat nişanını görmədiyi, ağ rəngli “Niva” markalı avtomobil oraya gələrək onun avtomobilinin qarşısında saxlamışdır. Bu vaxt Radim Qədirov və Təqsirləndirilən şəxs meşəyə tərəf qaçmağa başlamışlar. “Niva” markalı avtomobildən düşən 2 nəfər şəxs Radimlə Cahangirin arxasınca qaçmağa başlamışdır. Bir neçə dəqiqə sonra həmin 2 nəfər şəxs geri qayıdıb onun yanına gələrək özlərini meşə gözətçisi kimi təqdim etmişlər. Meşə gözətçisi ondan həmin ağacların haradan kəsildiyini soruşmuşdur. O, həmin ağacları kəsmədiyini, həmin ağacları Radim Qədirovun yaxınlıqdakı meşədən kəsdiyini bildirmişdir.Bundan sonra həmin şəxslər X23 təsərrüfatı mərkəzinin meşəbəyi olan Şahid6 çağırmışlar.Bundan sonra Şamaxı rayon polis əməkdaşları oraya gəlmişlər və onu Şamaxı RPŞ-yə dəvət etmişlər. Həmçinin bildirmişdir ki, o, 17 dekabr 2020-ci il tarixdə həmin kəsilmiş ağacları Radim Qədirovdan alan zaman Radim Qədirov elektrikli mişarı ona Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Şahid6 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, ailəsilə birlikdə Şamaxı rayonu Həmyəli kəndində yaşayır. 2000-ci ilin may ayından X23 X6 Meşəbəyliyində işləyir. X15 və Təqsirləndirilən şəxs tanımır. X8 uzun illərdir ki, tanıyır. Cahid Fətəliyevin meşə ərazisindən qanunsuz olaraq kəsilmiş ağacları daşımasına görə onun barəsində dəfələrlə akt tərtib etmişdir. 17 dekabr 2020-ci il tarixdə saat təxminən 11 radələrində X23 X6 Meşəbəyliyinin 3 saylı dolayının meşə gözətçisi Şahid2 onun istifadəsində olan “***-***-**- **” saylı mobil nömrəyə zəng vurub Cahid Fətəliyevin “Dostluq” kafesinin yaxınlığına qanunsuz olaraq ağac kəsib avtomobilinə yığaraq oradan uzaqlaşmaq istəyən zaman onu aşkar etdiyini və saxladığını bildirmişdir. O, Şahid2 Cahid Fətəliyevi buraxmamağını və bir neçə dəqiqəyə oraya gələcəyini demişdir. Bundan sonra Muğanlı-İsmayıllı magistral yolunun üzərində yerləşən “Dostluq“ kafesinin yanına getmişdir. Həmin vaxt Şahid2 və Cahid Fətəliyev orada imiş. O, ağ rəngli, “UAZ” markalı avtomobilin yük yerinə kəsilmiş ağacların yığldığını müəyyən etmişdir. “UAZ” markalı avtomobilin alt tərəfi yolun kənarındakı torpaq əraziyə ilişib dayanıbmış. O, Şahid2 nə səbəbə “UAZ” markalı avtomobilin yolun kənarındakı torpaq əraziyə ilişdiyini soruşmuşdur. Anar X1 əmrinə tabe olmayıb “UAZ” markalı avtomobillə oranı tərk edib uzaqlaşmaq istəyən zaman yolun kənarındakı torpaq əraziyə ilişərək orada qalmasını bildirmişdir. Bir qədər sonra oraya 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Rauf və Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları gəlmişlər. İlkin olaraq həmin ərazinin Şamaxı rayonuna tabe olmasını zənn etdikləri üçün Cahid Fətəliyev ona məxsus olan, qanunsuz olaraq kəsdiyi ağacları yığıdığı “UAZ” markalı avtomobillə birlikdə Şamaxı RPŞ-yə aparılmışdır. İş üzrə digər şahidlər Şahid2, Şahid4 və Şahid5 məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) 317-ci maddəsinə əsasən, məhkəmə qeyd olunan şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, CPM-in 317-ci maddəsinə əsasən, bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Məhkəmə iclasında Şahid2, Şahid4 və Şahid5 ibtidai istintaqda verdiyi ifadələri elan olunmuşdur. Şahid2 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, ailəsilə birlikdə Ağsu rayonu Kalva kəndində yaşayır. 2017-ci ilin oktyabr ayından X23 X6 Meşəbəyliyində meşə gözətçisi vəzifəsində işləyir. X15 və Təqsirləndirilən şəxs tanımır. X8 ilk dəfə 17 dekabr 2020-ci il tarixdə tanımışdır.17 dekabr 2020-ci il tarixdə saat təxminən 11 radələrindəona məxsus olan ağ rəngli, “Niva” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə İsmayıllı-Muğanlı magistral yolunun Ağsu rayonu Dilman bələdiyyəsinin ərazsisindən keçən hissəsində hərəkətdə olarkən ağ rəngli, “UAZ” markalı, dövlət qeydiyyat nömrəsini xatırlamadığı, yük yerinə kəsilmiş ağacların yığıldığı avtomobilin “Dostluq” kafesinin yaxınlığındakı meşədən magistral yola çıxdığını görmüşdür. Bu vaxt o, avtomobili həmin “UAZ” markalı avtomobilin qaşısında saxlamaq istəyən zaman həmin avtomobili idarə edən adını sonradan bildiyi Cahid Fətəliyev oradan sürüb uzaqlaşmaq istəmişdir. X22 oradan sürüb uzaqlaşmaq istəyən zaman avtomobilin alt nahiyəsi yolun kənarındakı torpaq əraziyə ilişmişdir.Buna görə də Cahid Fətəliyev oradan uzaqlaşa bilməmişdir. O, avtomobilindən aşağı düşüb həmin “UAZ” markalı avtomobilə yaxınlaşan zaman 2 nəfər şəxsin meşəyə tərəf qaçdığını görmüşdür. Onların üzünü görmək üçün həmin 2 nəfər şəxsin arxasıyca qaçsa da onları görə bilməyib Cahid Fətəliyevin yanına geri qayıtmışdır. Cahid Fətəliyevdən həmin ağacları haradan kəsdiyini soruşmuşdur. Cahid Fətəliyev avtomobilinin yük yerindəki ağacları məşəyə qaçan 2 nəfər şəxsin “Dostluq” kafesinin təxminən 50 metr yaxınlığındakı meşədən kəsdiyini, özünün kəsmədiyini, sadəcə sürücü kimi 5-10 manat qarşılığında Şamaxı şəhərinə aparacağını bildirmişdir. Bundan sonra X23 X6 Meşəbəyliyinin meşəbəyisi Şahid6 və Şamaxı RPŞ-nin əməkdaşlarına bu barədə məlumat vermişdir. Şahid6 oraya gəldikdən sonra Cahid Fətəliyevi “UAZ” markalı avtomobillə birlikdə Şahid6 və Şamaxı RPŞ-nin əməkdaşlarına təhvil verib oradan çıxıb getmişdir. Daha sonra olanlar barədə məlumatı olmamışdır. Şahid4 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, ailəsilə birlikdə Şamaxı rayonu Quşçu kəndində yaşayır. 2017-ci ildən X16 xidmət etməklə yanaşı, həmçinin həmin ildən Şamaxı RPŞ-nin PPB-nin polis nəfəri vəzifəsində xidmət edir. 17 dekabr 2020-ci il tarixdə saat təxminən 11 radələrində RPŞ-nin PPB-nin polis nəfəri, polis baş serjantı Şahid5lə birlikdə Şamaxı rayonu Muğanlı kəndi ərazisində xidmətdə olarkən yəni, “Dostluq” kafesinin yaxınlığında “UAZ” markalı avtomobilin alt nahiyəsinin torpaq əraziyə ilişdiyini və hərəkət edə bilmədiyini görmüşdür. Bundan sonra onlar oraya yaxınlaşdıqda **-BD-*** dövlət qeydiyyat nişanlı “UAZ” markalı avtomobilin əvvəlcədən tanıdığı Şahid3 məxsus olmasını müəyyən etmişlər. “UAZ” markalı avtomobilin yük yerində kəsilmiş ağaclar var imiş. Həmin vaxt avtomobilin yanında Cahid Fətaliyev və 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin üz simasından tanıdığı, lakin adlarını bilmədiyi əməkdaşları orada imiş. İlkin olaraq həmin ərazinin Şamaxı rayonuna tabe olmasını zənn etdiyiüçün Cahid Fətəliyevi ona məxsus olan, qanunsuz olaraq kəsdiyi ağacları yığıdığı “UAZ” markalı avtomobillə birlikdə Şamaxı RPŞ-yə aparmışlar. RPŞ-də olarkən bu barədə raportla şöbə rəhbərliyinə müraciət etmişdir. Şahid5 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, X16 xidmət etməklə yanaşı, həmçinin həmin ildən Şamaxı RPŞ-nin PPB-nin polis nəfəri vəzifəsində xidmət edir.17 dekabr 2020-ci il tarixdə saat təxminən 11 radələrində RPŞ-nin PPB-nin polis nəfəri, polis baş serjantı Şahid4la birlikdə Şamaxı rayonu Muğanlı kəndi ərazisində xidmətdə olarkən yəni, “Dostluq” kafesinin yaxınlığında “UAZ” markalı avtomobilin alt nahiyəsinin torpaq əraziyə ilişdiyini və hərəkət edə bilmədiyini görmüşdür. Bundan sonra onlar oraya yaxınlaşdıqda **-BD-*** dövlət qeydiyyat nişanlı “UAZ” markalı avtomobilin əvvəlcədən tanıdığı Şahid3 məxsus olmasını müəyyən etmişlər. “UAZ” markalı avtomobilin yük yerində kəsilmiş ağaclar var imiş. Həmin vaxt avtomobilin yanında Cahid Fətaliyev və 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin üz simasından tanıdığı, lakin adlarını bilmədiyi əməkdaşları orada imiş. İlkin olaraq həmin ərazinin Şamaxı rayonuna tabe olmasını zənn etdiyi üçün Cahid Fətəliyevi ona məxsus olan, qanunsuz olaraq kəsdiyi ağacları yığıdığı “UAZ” markalı avtomobillə birlikdə Şamaxı RPŞ-yə aparmışlar. RPŞ-də olarkən bu barədə raportla şöbə rəhbərliyinə müraciət etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 28 avqust 2021-ci il tarixli qərardan görünür ki, fakta görə CM-in 259.3cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş “Cinayət işinin ayrıca icraata ayrılması haqqında” 13 noyabr 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından CM-in 259.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 07 aprel 2021-ci il tarixli cavabdan görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barəsində heç bir məlumat yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 14 iyun 2021-ci il tarixli 9/3164 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 6 saylı RETSİ-nin İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli 1296 nömrəli akt və ona əlavə edilmiş cədvələ əsasən Ağsu rayonu Dilman bələdiyyəsinin ərazisindən palıd cinsinə məxsus olan 10 sm diametrli 8 ədəd, 14 sm diametrli 2 ədəd, 15 sm diamterli 5 ədəd, 12 sm diamterli 7 ədəd, 17 sm diametrli 4 ədəd, 18 sm diametrli 4 ədəd, ümumilikdə cəmi 30 ədəd palıd ağaclarının qanunsuz kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın məbləği nəzəri qaydada 4.290 manat məbləğində müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” 11 noyabr 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Ağsu Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli 1(016)-18/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və onun haqqında axtarı elan edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Ağsu rayon Polis şöbəsinin 27 iyun 2021-ci il tarixli 130-107886-1222 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 27 iyun 2022-ci il tarixdə Bakı şəhərində tutularaq rayon polis şöbəsinə gətirilmiş, daha sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X7 təhvil verilmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi verdiyi apellyasiya şikayətində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə məhkum olunmasına dair Ağsu Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli 1(016)- 18/2022 saylı hökmünün ləğv edilməsini və barəsində bəraət hökmü çıxarılmasını xahiş etsə də, məhkəmə kollegiyası iclasında təqsirləndirilən şəxs etdiyi əməldən səmimi peşman olduğunu, vurulmuş ziyandan ailəsi tərəfindən 2100 manat ödəniş edildiyini, ona görə də barəsində daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işdə olan sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə nəzərdə tutulan cinаyət hаdisəsinin və cinаyət tərkiblərinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirliliyi kifayət qədər sübutа yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İbtidai istintaq zamanı toplanmış, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətmişdir. Ona məhkum olunduğu Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Öz növbəsində məhkəmə kollegiyası əməlin tövsifi ilə bağlı birinci instansiya məhkəməsinin yuxarıda gəldiyi nəticə ilə razılaşsa da, təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı sərt hesab etməklə cəzanın məqsədlərinə uyğun bilmir. Çünki, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Bundan əlavə Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 2 və 3-cü bəndində göstərilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Öyrənilən işdən bəlli olur ki, birinci instansiya məhkəməsi isə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun cəzasını yüngülləşdiriən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq barəsində azdlıqdan məhrum etmə ilə bağlı cəza təyin etmişdir. Apellyasiya məhkəməsi araşdırması zamanı iş materiallarına əlavə edilmiş Ağsu rayonu Dİlman bələdiyyəsindən verilmiş 07 sentyabr 2022-ci il tarixli məktubdan görünür ki, bələdiyyə vurulmuş ziyanın hissə-hissə ödənilməsinə etiraz etmir. Apellyasiya məhkəməsi araşdırması zamanı iş materiallarına əlavə edilmiş Ağsu rayonu Dİlman bələdiyyəsindən verilmiş 28 sentyabr 2022-ci il tarixli məktubdan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs tərəfindən 2100 Azn məbləğdə dəymiş ziyan xx.xx.2022-ci il tarixdə 06-101140 nömrəli qəbz ilə təqsirləndirilən şəxsin atası tərəfindən ödənilmişdir. Apellyasiya məhkəməsi təqsirləndirilən şəxsin etmiş olduğu cinayət əməlindən səmimi peşman olmasını, ümumi vurulmuş ziyandan 2100 AZN ödəniş etməsini CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Həmçinin onun əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran əlavə hallar müəyyən etmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs nisbətən yüngül cəza, yəni azadlığın məhdudlaşdırılması cəzası təyin olunmasını onun şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Məhkəmə kollegiyası bu qənaətini aşağıda qeyd olunanlarla əsaslandırır: Birincisi, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xаrаkterizə оlunurlаr; İkincisi o, əməlini səmimi şəkildə etirаf edərək peşmаn оlduğunu bildirir; Üçüncüsü zərərçəkmiş hüquqi şəxsə vurulmuş ümumi ziyandan 2100 AZN ödəmişdir. Dördüncüsü təqsirləndirilən şəxsin məhkəmə iclası zamanı davranışı onun barəsində müsbət fərdi-psixi xüsusiyyəti barədə mülahizə yürütməyə əsas verir, onun islah olunmaz, yaxud çətin islah olunan insan kimi xarakterizə etməyə imkan vermir. Məhkəmə prosesinin gedişində də təqsirləndirilən şəxsin müsbət fərdi-psixi xüsusiyyətləri müşahidə olunmuş, onun, proses iştirakçısı kimi mədəni və etik qaydalara uyğun davranış nümayiş etdirmişdir; Beşincisi təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran heç bir hal yoxdur, cəzasını yüngülləşdirən hаllаr isə mövcuddur. Həmçinin onun barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi onun hüquq və azadlıqlarının müəyyən çərçivədə məhdudlaşdırılmasına gətirəcəkdir, bu da onu gələcəkdə də azadlığın itirilməsinə səbəb olan əməllərdən çəkindirəcəkdir. Qeyd edilən hallar ona cəzanın məqsədlərinin təmin olunması baxımından daha yüngül cəza, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini zəruriliyini şərtləndirmişdir. CPM-in 398.1.4-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. CPM-in 399.1 və 399.1.5-ci maddəsinə görə təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. CPM-in 405.1.1-ci maddəsində göstərilir ki, cəzanin öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansyası məhkəməsi birinci instansya məhkəmisinin hökmünü dəyişdirə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağsu Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli 1(016)-18/2022 saylı hökmü cəzaya aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 27 iyun 2022-ci il tarixdən 28 sentyabr 2022-ci il tarixədək həbsdə olduğu 3 ay 1 gün müddət Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən hesablanmaqla 6 ay 2 gün müddət ona təyin edilmiş 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalında həbsdən azad edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasına nəzarəti yaşayış yeri üzrə Şamaxı rayonu İcra və Probasiya Şöbəsi həyata keçirsin. Hökm baxılmış apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Cinayət Prosesual Məcəlləsinin 410-cu maddəsində müəyyən olunmuş müddətdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar