Məhkəmə qərarları › İş №1(107)-385/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-385/2021

27.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-385/2021 27.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik-ədliyyə müşaviri X8, müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkili X10 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5 və 120.2.9-cu maddələri ilə məhkum edilmələrinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 25 avqust 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (X23 (sədrlik edən), X20 (məruzəçi) və X21 oğlundan ibarət tərkibdə) 25 avqust 2021-ci il tarixli hökmü ilə, xx xxxx 1956-cı ildə Kürdəmir rayonu Qarabucaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-ixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ucar rayonu Qarabörk kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 120.2.5 və 120.2.9-cu maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının həbsə alındığı 15 oktyabr 2020-ci il tarixdən hesablanması, iş üzrə məhkəmə məsrəfi olan 71,94 AZN (yetmiş bir manat doxsan dörd qəpik) ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi, iş üzrə maddi sübut olan və Mingəçevir şəhər prokuroluğunda saxlanılan, 01 ədəd yastıq, zərərçəkmiş şəxs X3 ağız və burnuna qoyulmuş, üz dərisinə sürtülmüş 02 ədəd pambıq nümunələri, 03 ədəd tükəbənzər hissəciklər, zərərçəkmiş şəxs X1, sağ əlin bütün, sol əlin 1 və 3- cü barmaqlarının dırnaq nümunələri, Təqsirləndirilən şəxs məxsus bir ədəd qararəngli don, qəhvəyi rəngli gödəkçə məhv edilsin, bir ədəd şalvar (cins) və bir ədəd qısaqol köynək sahibi Şahid1 qaytarılması,04 ədəd CD-disk cinayət işinin materiallarında saxlanılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi müəyyən edilmişdir. işin halları: Şəki Ağır Cinayətlər Məhkəməsinin 25 avqust 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, o, tamah motivi ilə Kürdəmir rayonunda qardaşı X15 ilə birlikdə yaşayan 01.07.1936-cı il təvəllüdlü anası X5 yaşa görə aldığı əmək pensiyasını ələ keçirmək məqsədilə 2017-ci ildə Mingəçevir şəhərində ünvanı istintaqa bəlli olmayan kirayədə yaşadığı mənzilə gətirərək əmək pensiyasını almağa başlamış, 03.09.2020-ci il tarixdə müvəqqəti yaşadıqları ünvan 3 ünvanında yerləşən 04 nömrəli mənzilin sanitar qovşağında yıxılaraq aşağı ətraflarını zədələyən, gündəlik məişət ehtiyaclarını müstəqil icra edə bilməyən, kənar şəxsin qulluğuna ehtiyacı yaranan, daimi yataq xəstəliyinə düçar olan anası Bənövşə Ələkbərovanı ixtisaslaşdırılmış həkimə aparmayaraq bir müddət ev şəraitində tibbi yardım göstərdikdən sonra, sonuncunun səhhəti ağırlaşdığından onun gündəlik tələbatlarını qarşılamaqdan bezdiyinə görə 09.10.2020-ci il tarixdə təxminən saat 22:00 radələrində kirayədə yaşadığı ünvan 1 ünvanında oğlu Şahid1 evdə olmamasını fürsət bilib, anası X3 qoca və yataq xəstəsi olduğu səbəbindən ona fiziki müqavimət göstərə bilməyəcəyini dərk edərək sonuncunu qəsdən həyatdan məhrum etmək məqsədilə yatdığı çarpayıya yaxınlaşıb, çarpayının üzərində olan qəhvəyi rəngli naxışlara malik yastığı götürüb anasının sifət nahiyyəsinə sıxaraq onun tənəffüs yollarını bağlamaqla nəfəs almasını dayandırdığı anda evə qayıdan oğlu Şahid1 onun törətdiyi cinayətkar əməlin qarşısını almağa cəhd etməsinə baxmayaraq, oğlunun qanuni iradlarına məhəl qoymayıb onun üçün köməksiz vəziyyətdə olan anası X3 yastıqla ağız və burun dəliklərini qapamaqda davam edərək mexaniki asfiksiya nəticəsində ona sol gözünün selikli qişasında qansızma, ağ ciyərlərin visseralplevrası altında xırda ocaqlı qansızmalar, ürəyin sağ yarısının sol yarısı ilə müqayisədə duru qanla bir qədər çox olması, plevra altında qansızmalara müşayiət edilən bədən xəsarətləri yetirməklə tamah məqsədi ilə aşkar surətdə köməksiz vəziyyətdə olan anası Bənövşə Ələkbərovanı qəsdən öldürmüş, yəni həyatdan məhrum etmiş, sonuncunun yaş həddinə görə əldə etdiyi aylıq 237 manat məbləğində təqaüdü əldə etməyə davam etmək məqsədilə ölməsi barədə aidiyyəti qurumlara məlumat verməmək üçün onu şəhər ərazisində qeyri-aşkar üsulla dəfn etməyin mümkün olmayacağını yəqin etdikdən sonra qardaşı X11 Gəncə şəhərində öldüyünü və dəfn edilməsi üçün Ucar rayonuna aparmalı olduğu yalanını uyduraraq oğlu Şahid1 köməkliyi ilə meyiti xalçaya büküb, 11.10.2020-ci il tarixdə saat 03:00 radələrində sonuncu ilə birlikdə törədilmiş cinayətdən məlumatsız olan qonşuları Şahid2 fiziki köməyindən istifadə etməklə meyiti binanın həyətinə düşürərək, meyitin daşınması üçün əvvəlcədən sifariş etdikləri şəhər ərazisində yük daşıma fəaliyyəti ilə məşğul olan törədilmiş cinayətdən xəbərsiz olan Şahid3 idarə etdiyi **-BG-*** dövlət qeydiyyat nişanlı "Qaz 3302" markalı yük avtomobilinin yük kabinəsinə yerləşdirib, meyiti şəhər ərazisindən çıxardıb Göyçay rayonu Müskürlü kənd qəbirsanlığına apararaq dəfn etmək istəsədə, həmin kənd qəbirsanlığında torpaq örtüyün qazılması üçün lazım olan qazma əşyalarını tapmadığından meyiti qeyd olunan qəbirsanlıqda torpaq sahə üzərində qoyub oğlu Şahid1la birlikdə Mingəçevir şəhərinə qayıtdıqdan sonra 15.10.2020-ci il tarixdə Mingəçevir şəhər polis əməkdaşları tərəfindən yaxalanmışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 25 avqust 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 25 avqust 2021-ci il tarixli hökmündən digər proses iştirakçıları tərəfindən apellyasiya protesti, eləcə də verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X16 apellyasiya şikayətinin təmin edilməsini, həmin hökmün dəyişdirilməsini, ona ən aşağı həddində cəza təyin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X14 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin 25 avqust 2021-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iclasının keçirilməsi vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxsin hüquqi varisi X15 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apellyasiya şikayəti ilə bağlı ifadə və çıxışlarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 25 avqust 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi iclasında Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.5 və 120.2.9-cu maddələri ilə elan edilmiş itthamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, anası Bənövşə Ələkbərova qardaşı X13 rayonundakı evində qalmaqla qardaşı tez-tez zəng edib gəlib anasını və sonuncunun pensiya kartını aparmasını demişdir. 2017-ci ildə anasını yaşadığı Mingəçevir şəhərinə gətirdikdən sonra oğlu Dəyanətlə birlikdə bir mənzildə yaşamışlar. Bir gün mağazadan çörək alıb gələndə 85 yaşlı anasının yerdə yıxılıb qaldığını görmüş, sonuncunun başı qanamış, sümüyü çatlamışdır. Anası bundan sonra yataq xəstəsi olmuş, anasının yaralarına dərman sürtüb sonuncuya qulluq etmişdir. Anasının astma xəstəliyi olmaqla boğulmuş, 09 oktyabr 2020-ci il tarixdə anasının öldüyünü görüb oğlu ilə birlikdə anası Bənövşənin meyitini Göyçay rayonuna aparıb qəbiristanlığa qoyub gəlmişdir. Polis şöbəsində ona hədə-qorxu gəldiklərinə görə, oğlunun məsuliyyətə cəlb olunmaması üçün anasını öldürdüyünü boynuna almışdır. Birinci instansiya məhkəməsi iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 1936-cı ildə anadan olmuş anası Bənövşə Ələkbərova 05 fevral 2017-ci il tarixdən onunla birlikdə yaşamağa başlamış, həmin vaxta qədər isə anası Kürdəmir rayonunda yaşamışdır. Təxminən, 3 sentyabr 2020-ci il tarixdə anası Bənövşə Ələkbərova evdə tək olarkən sanitar qovşağı ilə dəhlizin arasında olan yerdə yıxılmış, evə gələndə anasının hər iki dirsəyinin sıyrıldığını və oma-bel nahiyyəsindən xəsarət aldığını görmüşdür. Anası yaşlı olduğuna görə yıxılandan sonra ümumiyyətlə yeriyə bilməmiş və yataq xəstəsi olmuşdur. Yıxıldıqdan təxminən 5-6 gün sonra yemək də yeməmiş, ancaq su içmişdir. Belindəki yara isə çirk etmişdir. Anasının yarasını “pereks” və “levmokol” adlı dərmanlar vasitəsi ilə yumuş, “streptosit” mazı vurmuşdur. Həmin hadisədən sonra anası zəruri ehtiyaclarını müstəqil həyata keçirə bilmədiyindən kənar şəxslərin qulluğuna ehtiyacı yaranmışdır. 04 oktyabr 2020-ci il tarixdən sonra isə anasının vəziyyəti daha da ağırlaşmış, ayaqları işləməmiş, ilk əvvəl ayaqları diz nahiyyəsinə kimi, daha sonra isə dizdən yuxarı nahiyyədə ayaqları soyumağa başlamışdır. 09 oktyabr 2020-ci il tarixdə saat 22 radələrində anasının xırıldadığını, artıq çox çətin nəfəs aldığını, əllərinin tərpənmədiyini, başının çox zəif tərpəndiyini və həddən artıq xəstəliyinin ağırlaşdığını görmüş, həmin vaxt anasının əziyyət çəkdiyini görüb anasının ağzına yastıq basıb öldürməsini qərara almışdır. Bu məqsədlə anasının yatdığı divanda başının yanında olan yastığı götürüb ağzının üzərinə qoyub əli ilə sıxmışdır. Təxminən 2-3 dəqiqə sonra digər otaqdan oğlu Dəyanət gəlib onun nənəsinin ağzına yastığı qoyub əli ilə sıxdığını görmüş, ona mane olmaq üçün gəlib onun qolundan tutub kənara çəkərək “ana eləmə, nə üçün belə edirsən? onsuzda görürsən ölür.” kimi sözlər demişdir. Həmin vaxt yastığı anasının ağzından götürərək oğluna öz anası olduğunu, özünün bildiyini və sonuncuya öz işi ilə məşğul olmasını demişdir. Bundan sonra Dəyanət çıxıb o biri otağa keçmiş, Dəyanət getdikdən sonra anası Bənövşənin tam ölmədiyini görüb, yenidən yastığı sonuncunun ağzının üstünə qoyub əli ilə 1-2 dəqiqə sıxmışdır. Daha sonra əlini götürmüş, lakin yastıq anasının ağzında qalmışdır. Oğlu Dəyanət olduğu otağa keçmiş və geri qayıtmamışdır. Növbəti gün sübh namazına qalxmış və namaz qıldıqdan sonra yenidən anasının olduğu otağa qayıdıb yastığı qaldırdıqda anası Bənövşənin artıq öldüyünü görmüşdür. Oğlu Dəyanətin köməkliyi ilə anasının paltarlarını çıxarıb yerdə sellofanın üstünə uzatdıqdan sonra anasının meyitini yaş əski ilə yuyubtəmizləmiş, bədən deşiklərinə pambıq qoymuş və ağ rəngli mələfəyə və xalçaya bükmüşdür. Təxminən saat 9-da oğlu Dəyanətlə evdən çıxıb anasını basdırmağa yer tapmaq məqsədi ilə Mingəçevir şəhərində olan qəbistanlıqları gəzmişdir. İlkin olaraq Mingəçevir şəhərində “Şeyx Abdul” deyilən qəbirstanlığa getmiş, orada meyit basdırmağa yer olmadığını bildirmişlər. Bundan sonra “Əli” deyilən qəbirstanlığa getdikdə ölüm kağızı istədikləri üçün orada basdırmaq fikrindən də daşınmışdır. Daha sonra oğlu Dəyanətə maşın tapmasını tapşırmış, anası Göyçayın Alpoud kəndindən olduğu üçün sonuncunu aparıb Göyçayda dəfn etmək barədə fikirləşmişdir. Bir qədər sonra oğlu Dəyanət gəlib ona 70 manata Qazel markalı avtomaşın tapdığını və sürücünün telefon nömrəsini götürdüyünü bildirmişdir. Həmin gün axşam saatlarında Dəyanət sürücüyə zəng edib gecə saat 0330-da gəlməsini bildirmiş, 11 oktyabr 2020-ci il tarixdə saat 0330 radələrində həmin Qazel markalı avtomobil yaşadıqları binanın qarşısına gəlmişdir. X30 markalı avtomobilin sürücüsü meyiti aşağı düşürüb maşına qoymuş, o da aşağı düşdükdən sonra birlikdə Göyçay rayonu istiqamətində yola düşmüşlər. Göyçay rayonunu yaxşı tanımadığına görə Alpoud kəndini səhv salmış və yolu səhv göstərməsi nəticəsində gedib Yeniarx kəndinə çatmışlar. Orada Qazel markalı nəqliyyat vasitəsinin sürücüsü Alpoud kəndinin harada olduğunu soruşduqda, o, səhv gəldiklərini görüb geri qayıdıb başqa şəxsdən yolun istiqamətini soruşmağı sürücüyə bildirmişdir. Sürücü isə uzağa getməyəcəyini, buralarda bir yerdə onları düşürəcəyini və ya yaxınlıqda qəbiristanlıq varsa oraya apara biləcəyini bildirmişdir. Vəziyyətin belə cərəyan etdiyini görüb, Müskürlü kənd qəbiristanlığını tanıdığı üçün sürücüyə Qazel markalı nəqliyyat vasitəsini həmin istiqamətə tərəf sürməsini xahiş etmişdir. Bundan sonra sürücü onları saat 05 radələrində Müskürlü kənd qəbiristanlığının qarşısına gətirmişdir. Lakin həmin vaxt hava qaranlıq olduğu üçün, sürücü qəbiristanlığın içərisinə girməkdən imtina etmiş, onlar yolun kənarında gözlədiyi zaman oğlu ilə maşından yerə düşmüş və həmin vaxt yoldan keçən “Jiquli” markalı avtomobil onların yanında saxlamışdır. Həmin avtomaşının içərisində olan iki nəfər şəxs onlardan nə səbəbə orada gözləmələrini soruşduqlarında onlar meyit dəfn etməyə gəldiklərini bildirmişlər. Bu zaman həmin şəxslər onlardan hər hansı köməyə ehtiyac olubolmadığını soruşduqda heç bir köməyə ehtiyaclarının olmadığını bildirmişdir. Orada bir müddət hava aydınlaşana kimi gözləmiş, hava işıqlaşdıqdan sonra, sürücü avtomaşını qəbiristanlığın içərisinə sürmüşdür. Oğlu ilə sürücü köməkləşib meyiti aşağı düşürüb, qəbirlərin yanına qoymuş, həmin vaxt meyiti dəfn etmək üçün bel və kürək axtarsalar da tapa bilməmişlər. Bu zaman “Qazel”-in sürücüsü onları gözləyə bilməyəcəyini, tələsdiyini bildirdiyinə görə çıxıb getmişdir. Onlar təxminən 15-20 dəqiqə yenidən bel və kürək axtarmış, lakin tapa bilmədiklərinə görə meyiti qəbiristanlıqda qoyub və qəbiristanlığa gələcək hər hansı şəxslərin meyiti götürüb dəfn edəcəklərini düşünərək, qəbiristanlığı tərk etmişlər. Onlar qəbiristanlıqdan çıxıb Müskürlü kəndinin çıxışına-əsas yola tərəf gedərkən tünd rəngdə olan avtomaşın onların yanında saxlayıb haraya getdiklərini soruşmuşdur. X32 avtovağzalına getmək istədiklərini bildirmiş, həmin şəxs dedikləri istiqamətə getdiyini və onları da apara biləcəyini söyləmişdir. Bundan sonra oğlu Dəyanətlə birlikdə həmin avtomaşınla Göyçay avtovağzalının yanına gəlmiş, orada avtomaşından düşüb yolu keçərək avtovağzal istiqamətinə getmişlər. Oğlu Dəyanət avtovağzalın girişində dayanmış qara rəngli avtomaşına yaxınlaşıb Mingəçevirə neçəyə apara biləcəyini soruşduqda sürücü bir nəfəri 5 manata aparacağını, lakin biraz gözləyib əlavə iki nəfər müştəri götürməli olduğunu bildirmişdir. Lakin, 10-15 dəqiqə gözlədikdən sonra, əlavə iki nəfər müştərinin gəlmədiyini görüb Mingəçevir şəhərinə tez getmək üçün sürücüyə digər 2 nəfərin də pulunu ödəmiş və həmin maşınla Mingəçevir şəhərinə gedib “Bazar Store” marketin yanında düşərək evə getmişlər. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X15 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısı olmaqla münasibətləri normal olmuşdur. 2017-ci ilin fevral ayında xəstəxanada yatırarkən xəstəxanadan çıxıb Kürdəmir rayonundakı evinə gələndə anası Bənövşənin evdə olmamasını görmüş, arvadı ona bacısı Sədaqətin gəlib anasını yaşadığı Mingəçevir şəhərinə apardığını demişdir. Həmin vaxt Sədaqətə zəng etmiş, sonuncu ona xəstəxanada yatacağını, anasının da Sədaqətə qulluq edəcəyəni demişdir. Bacısı Sədaqətə anasının 1 həftə orada qalmasını, sonra isə gətirməsini demiş, həmin ilin mart ayında pensiya kartını bankomata salanda kart bonkomatda qalmış, sonradan Sədaqətin anasının adına təzə pensiya kartı düzəltdirdiyini öyrənmişdir. Anasının 196 manat pensiyası ilə birtəhər dolanmış, daha dolana bilmədiyini görüb oğlunun yanına Rusiya Federasiyasının Sankt Peterburq şəhərinə getmişdir. Avqust ayının axırlarında Azərbaycana dönüb sentyabrda anasının arxasınca gedərkən Sədaqətgilin evlərini satıb harasa köçdüklərini bilmişdir. Anasını tapa bilmədiyi üçün Polis Şöbəsinə anasının oğurlanması ilə bağlı ərizə yazmış, 15 oktyabr 2020-ci il tarixdə bacısı Sədaqətin anasını gətirib Göyçayda qəbiristanlığa atdığını bilmişdir. Sədaqətlə barışmamış, sonuncuya qarşı şikayət və tələbi olmamışdır. Birinci instansiya məhkəməsi iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 09.10.2020-ci il tarixdə dostları Yusif və Pərvin ilə Heydər Əliyev adına olan parkda yerləşən çayxanada çay içdikdən sonra həmin vaxt kirayədə yaşadığı Mingəçevir şəhəri, H.Aslanov küçəsi ev 2 ünvanında yerləşən 4 nömrəli mənzilə getmişdir. Giriş qapısının kilitini özündə olan açar ilə açıb, giriş qapısından sağ tərəfdə yerləşən öz otağına daxil olub divan üzərində əyləşdikdə mətbəx otağı ilə bitişik olan yataq otağından xırıltı səsi eşitmişdir. Həmin səsə doğru gedərək aynabənddən həmin otağa vizual baxış keçirən zaman anası Təqsirləndirilən şəxs uzun müddət yataq xəstəsi olan nənəsi Bənövşə Ələkbərovanın üz nahiyyəsini yastıqla sıxaraq boğduğunu görmüşdür. Dərhal anası Təqsirləndirilən şəxs mane olmaq üçün həmin otağa daxil olmuş, sonuncunun əlindən tutub yastığı nənəsinin ağzından çəkdiyi zaman anası Təqsirləndirilən şəxs ona kənar durmasını, qarışmamasını artıq nənəsi Bənövşəyə qulluq göstərməkdən bezdiyinə görə nənəsini öldürəcəyini bildirmişdir. Anası artıq yastığı nənəsinin ağız nahiyyəsindən çəkdikdən sonra sağ əlini nənəsinin boyun nahiyyəsinə tutaraq ürək impluslarının atıb-atmadığını yoxlamış və ürək impluslarının atmadığını müəyyən edərək anası Təqsirləndirilən şəxs nənəsi Bənövşə Ələkbərovanı qəsdən öldürdüyünü anlamışdır. Daha sonra anası Təqsirləndirilən şəxs ona öz otağına keçməli olduğunu bildirsə də, öz otağına keçmək istəmədiyinə görə anası onunla mübahisə etmiş və mübahisənin davam etdirməmək üçün öz otağına keçmişdir. Bir neçə dəqiqə sonra anası onun otağına gələrək ona Mingəçevir şəhəri ərazisində qəbirsanlıqda yer axtarmasını və nənəsi Bənövşənin meyitini gizli üsulla dəfn etməli olduqlarını bildirmişdir. Daha sonra anası sözlərinə əlavə edərək nənəsi Bənövşənin hər ay 237 manat məbləğində əmək müavinəti aldığını və həmin pulu almaqda davam edə bilmək məqsədilə nənəsi Bənövşənin öldüyünü gizlətməyi təklif etmişdir. Anasının təklifi ilə razılaşmış, həmçinin anası kənar şəxlərə guya Kürdəmir rayonunda yaşayan qardaşı Səfərin öldüyü barədə uydurma məlumat deməsini bildirmişdir. 10 oktyabr 2020-ci il tarixdə Mingəçevir şəhər ərazisində bir sıra qəbirsanlıqları gəzdikləri zaman nənəsini dəfn etmək üçün müvafiq qəbirsanlıqlar tapa bilməmiş, belə ki, qəbirsanlıq müdirlərinə dayısının öldüyünü və dəfn etmək üçün yer axtardığını bildirdikdə həmin şəxslər qanuna uyğun olaraq ölüm kağızı və digər bir sıra sənədləri toplayaraq gətirib təqdim etdikdən sonra meyiti dəfn edə biləcəklərini bildirmişlər. Vəziyyətin bu cür görüb, nənəsi Bənövşənin meyitini Ucar rayonunda dəfn etmək qərarına gəlmiş, bunun üçün Mingəçevir şəhərində H.Əliyev məscidinin yanında yük maşınlarının olduğu yerə gedərək orada “Qazel” markalı nəqliyyat vasitəsinin sürücüsü sonradan adının Səid olduğunu bildiyi şəxsə yaxınlaşmışdır. Səidə dayısının öldüyünü və meyitini Ucar rayonuna aparmaq istədiyini və həmin marşrut üzrə nə qədər pul istədiyini soruşmuş, Səid əvvəlcə 50 manat qarşılığında meyiti Ucar rayonuna aparmağa razı olsa da, sonradan Səidə saat gecə 4-5 radələrində yola çıxmalı olduğunu bildirdiyinə görə Səid əlavə olaraq 20 manat məbləğində pul istəmişdir. Səidlə razılaşdıqdan sonra evə getmiş, anası ilə birlikdə nənəsi Bənövşəni kəfənləyib xalçaya bükərək çarpayı üzərinə qoymuşlar. 11 oktyabr 2020-ci il tarixdə saat 0330 radələrində Səidə zəng edərək gəlməsini xahiş etmiş, Səid yolda olduğunu təxminən bir neçə dəqiqəyə çatacağını ona bildirmişdir. Səidin gəldiyini bildikdən sonra dostu Pərvinə zəng edərək dayısının meyitini yaşadıqları 3-cü mərtəbədən aşağı düşürmək üçün ona fiziki kömək etməsini xahiş etmiş, bir neçə dəqiqə sonra Pərvin gəlmiş və evdən nənəsinin meyitini götürüb aşağı həyətə düşürmüşlər. Pərvinlə meyiti aşağı düşürərkən "Qazel" markalı yük avtomobili gəlmiş və meyiti həmin yük avtomobilin yük kabinəsinə yerləşdirmişlər. Daha sonra anası ilə nəqliyyat vasitəsinə əyləşərək yola düşmüşdür. Həmin vaxt hərbi vəziyyətlə əlaqədar olaraq tətbiq olunan komendant rejiminə əsasən Alaqapı adlanan yerdə quraşdırılmış nəzarəti DİO-na həvalə edilmiş mühafizə postunu öz şəxsiyyət vəsiqələrini təqdim edib yaslarının olduğunu bildirərək həmin postu keçmişlər. Ucar rayonuna çatan zaman anası fikrini dəyişərək meyiti Ucar rayonunda deyil, Göyçay rayonunun Müskürlü kəndində dəfn edəcəklərini bildirmişdir. Onlar Müskürlü kənd ərazisinə daxil olaraq qəbirsanlığı tapmış, lakin hava qaranlıq olduğundan qəbirsanlığın yanında "Qazel" markalı nəqliyyat vasitəsinin içərisində əyləşərək havanın açılmasını gözləmişlər. Bir müddət hava açıldıqdan sonra sürücü Səid Qazel nəqliyyat vasitəsini qəbirsanlığın içərisinə sürmüş və ona köməklik edərək meyiti Qazel markalı nəqliyyat vasitəsinin yük kabinəsindən endirmişlər. Səidə ödəməli olduğu 50 manat miqdarında pulu verdikdən sonra sonuncu getmişdir. Səid getdikdən sonra anası Sədaqət qəbirsanlıq ərazisindən meyiti dəfn etmək üçün bel və digər vasitələr axtarmış, lakin tapa bilmədiyinə görə meyiti torpaqlıq sahə üzərində qoyub getməli olduqlarını bildirmişdir. Əvvəlcə anasına etiraz etsə də, sonradan nənəsinin meyitini torpaqlıq sahə üzərində qoyub qaçmağa razılaşmışdır. Qəbirsanlığı tərk etdikləri zaman "Opel" markalı nəqliyyat vasitəsini saxladaraq onları avtovağzala aparmağını xahiş etmişdir. Həmin "Opel" sürücüsü ondan pul istəmədiyini bildirsə də, sonradan 5 manat məbləğində pulu özü həmin şəxsə ödəmişdir. Daha sonra avtovağzaldan taksi fəaliyyəti ilə məşğul olan "Opel" markalı avtomobilə minərək Mingəçevir şəhərinə getmişlər. Onlar gəldikləri gün bir müddət evdə istirahət etdikdən sonra Mingəçevir şəhəri Qaz idarəsinin yaxınlığında yaşayan bacısı Lətafət Həsənovanın evinə getmişlər. 15 oktyabr 2020-ci il tarixdə ünvan 4 ünvanında yerləşən 4 nömrəli mənzilə daxil olmuş və daha sonra onları Mingəçevir şəhər polis şöbəsinə oradan isə Göyçay rayon prokurorluğuna aparılmışlar. Göyçay rayon prokurorluğunda anası Təqsirləndirilən şəxs törətdiyi cinayətə görə cinayət məsuliyyətinə cəlb edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. O, isə Mingəçevir şəhərinə geri qayıdaraq nənəsi Bənövşə Ələkbərovaya məxsus pensiya kartını götürüb, Mingəçevir şəhəri ərazisində yerləşən Beynəlxalq bankın bakomatından 237 manat məbləğində pul çəkmişdir. Həmin pulun 100 manatını Göyçay rayonunda yaşayan X7 vermiş, Ələkbər Ələkbərov həmin pulu və nənəsi Bənövşəyə aid pensiya kartını dayısı Səfər Ələkbərovun istədiyini bildirdiyinə görə həmin kartı da Ələkbər Ələkbərova göndərmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Dəyanət onun qonşusu olmaqla 11 oktyabr 2020-ci il tarixdə saat 02 radələrində ona zəng edərək xəstə dayısının rəhmətə getdiyini, sonuncunun meyitinin maşına daşınmasında köməklik etməsini xahiş etmişdir. Dəyanətin xahişini qəbul edərək həyətə düşüb bloklarının qarşısına getmişdir. Həmin vaxt blokun qarşısında olan Dəyanət ondan qalxıb meyiti evdən götürüb aşağı düşürməyi xahiş etmişdir. Dəyanətin yaşadığı 3cü mərtəbəyə qalxıb, mətbəx otağına keçdikdən sonra orada olan çarpayının üzərində xalçaya bükülmüş vəziyyətdə olan meyiti Dəyanətlə köməkləşib aşağı 1-ci mərtəbəyə düşürmüş, sonra blokdan bayıra çıxıb gözləmişlər. Dəyanət ona xəstə olan dayısının rəhmətə getdiyini, dayısının meyitini Ucar rayonuna aparıb basdıracaqlarını, buna görə maşın danışdığını, birazdan maşının gələcəyini bildirmişdir. Təxminən 30-40 dəqiqə gözlədikdən sonra “Qazel” markalı yük avtomobili gəlmiş, Dəyanətə kömək edərək meyiti həmin nəqliyyat vasitəsinin yük kabinəsinə yerləşdirmişlər. Daha sonra Dəyanət və anası həmin maşına minib getdikdən sonra yaşadığı evə qayıtmışdır. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Süleymanov Səid Göygöz oğlu ifadəsində göstərmişdir ki, özünə məxsus Qazel markalı avtomaşınla Mingəçevir şəhərində yükdaşıma ilə məşğul olmaqla 10 oktyabr 2020-ci il tarixdə Dəyanət adlı şəxs ona yaxınlaşıb Ucara getmək istədiyini bildirmiş, sonuncuya 70 manata gedə biləcəyini demişdir. Dəyanət ona dayısının vəfat etdiyini, səhər tezdən Ucarda olmaq istədiyini bildirmiş, Dəyanətə səhər tezdən saat 5-də getmələrini bildirmişdir. Gecə saat 4-ə işləmiş Dəyanət ona zəng edib gəlməsini demiş, Dəyanətin dediyi yerə gedib binanın blokunun qarşısında 3 nəfərin dayandığını görmüşdür. Meyiti maşına qoyduqdan sonra biri qalmış, Dəyanət və anası isə onunla getmişlər. X9 kəndinin qəbiristanlığında meyitlə birlikdə düşürüb Mingəçevirə qayıtmışdır. 3 gün sonra rayon polis şöbəsindən zəng gəlib onu oraya dəvət etdikdən sonra meyitin Dəyanətin nənəsinin meyiti olduğu və Dəyanətin anasının nənəsini öldürdüyü ona məlum olmuşdur. Birinci instansiya məhkəməsi iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid4 Sirac oğlu məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Göyçay rayonu, Müskürlü kəndində yerləşən, “Mustafa Baba” ziyarətgahında xidmətçi işləmiş, həmçinin, həftənin 1ci və 4-cü günləri ziyarətgahın yerləşdiyi qəbiristanlığa gedərək orada ziyarətə gələnlərə xidmət etmişdir. 12 oktyabr 2020-ci il tarixdə, saat 10 radələrində qəbiristanlığa getmiş və giriş qapısından elə də uzaqda olmayan qəbirlərin yanında xalçaya bükülmüş vəziyyətdə nə isə olduğunu görmüşdür. Yaxınlaşıb baxdıqda, xalçanın içərisində, ağ mələfəyə bükülmüş vəziyyətdə meyitə oxşar nəsə olduğunu gördükdən sonra dərhal kənd icra nümayəndəsi Mahizər Əliyevaya məlumat vermişdir. Mahizər xanım isə bu barədə aiddiyətı orqanlara məlumat verdikdən sonra, hüquq-mühafizə orqanlarının əməkdaşları oraya gəlmişdir. Sonradan həmin meyitin qadın cinsinə mənsub olması müəyyən edilmiş, həmçinin həmin saatlarda kənd sakini olan Şahid5 ona zəng edərək, bir gün əvvəl kənd qəbiristanlığının qarşısında “Qazel” markalı avtomobil və həmin avtomobilin içərisində 2 nəfər kişi və 1 nəfər qadın gördüyünü həmin şəxslərdən nə üçün gəldiklərini soruşduqda, sonuncular meyit dəfn etmək üçün gəldikləri barədə məlumat verdiyini bildirmişdir. Birinci instansiya məhkəməsi iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 11 oktyabr 2020-ci il tarixdə saat 05 radələrində həmkəndlisi Mürşüdlə birlikdə sonuncuya məxsus avtomobillə xırda buynuzlu heyvanları bazarda satmağa apararkən “Qazel” markalı avtomaşının Göyçay-Ucar yolundan kəndə girdiyini görmüşlər. Həmin vaxt avtomobilə fikir verməsələr də, bazarda heyvanları satıb geri qayıdarkən həmin Qazel markalı avtmoşının qəbirstanlığın qarşısında dayandığını görüb həmin avtmoşaına yaxınlaşımışlar. Həmin vaxt sürücü avtomaşının imərisində olmuş, bir nəfər hicablı qadın və cavan yaşlarında oğlan çöldə dayanmışlar. Həmin şəxslərdən orada nə etdiklərini soruşmuş, sonuncular onlara meyit gətirdiklərini və dəfn edib gedəcəklərini bildirmişlər. Həmin şəxslərdən köməyə ehtiyaclarının olub-olmadığını soruşmuş, sonuncular heç bir köməyə ehtiyaclarının olmadıqlarını bildirmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 34 nömrəli rəyindən görünür ki, B.H.Ələkbərovada asifistik ölüm, obtrassion mexaniki asfiksiya, kəskin tənəffüs çatışmazlığı, ağ ciyərdə ocaqlı qansızmalar, hissəvi ödem, kardioskleroz, miokardda bəzi damar ətrafı xırda skeleroz ocaqları, epikardda ocaqlı qansızmalar, baş beynin kəskin ödemi, daxili orqanlarda zəif çürümə əlamətləri, bədən səthinin trofiki yataq yaraları aşkar edilmişdir. B.H.Ələkbərovanın meyitinin çürümə əlamətləri fonunda bədən səthi üzərində, ağız və burun dəlikləri ətrafında hər hansı bir spesifik xüsusiyyətlərə malik xəsarət aşkar etmək mümkün olmamışdır, lakin daxili müayinə və daxili orqanların histoloji müayinələri zamanı orqanlarda asfiksiya mənşəli patoloji dəyişikliklər müəyyən edilmişdir və ölümünə səbəb – ürəyin xroniki işemik xəstəliyi fonunda (kardioskleroz, miokardda bəzi damar ətrafı xırda skeleroz ocaqları) yuxarı tənəffüs yollarının qapanmasından - mexaniki asfiksiyadan inkişaf etmiş, kəskin tənəffüs çatışmazlığı olmuşdur, ilkin və gecikmiş meyit əlamətlərinə əsasən demək olar ki, ölüm meyitin müayinəsindən 2-3 gün əvvəl olmaqla 16.10.2020-ci il tarixli ********* saylı qərarda qeyd edilən müddətdə əmələ gəlməsi mümkündür, qərarın təsviri hissəsində qeyd edilən şəraitdə yəni, yastıqla burun və ağız dəliklərinin qapanmasından əmələ gəlməsi istisna edilmir. B.H.Ələkbərovanın qanında və daxili orqanlarında hər hansı bir zəhərləyici maddənin qalıqları aşkar edilməmişdir. B.H.Ələkbərovanın məhkəmə-tibb ekspertizası zamanı ağciyərdə atelektaz və emfizema ocaqları, hissəvi ödem, ocaqlı qansızmalar, epikardda ocaqlı qansızmalar, ağciyərlərdə aparılan kəsiklərdən köpüklü-qanlı-selikli mayenin axması, ağciyər toxumasında nöqtəvari qansızmalar, baş beyində kəskin ödem, xarici müayinə zamanı gözün ağlı qişasına qansızma aşkar edilmişdi ki, bu da asfiksiya əlaməti kimi səciyyələnir. B.H.Ələkbərovanın meyitinin bədən səthi üzərində aşkar edilmiş trofik yataq yaraları orqanizmin hipotrofiyası fonunda uzun müddət adenamiya (hərəkətsizlik) şəraitində həyat tərzindən əmələ gəlmişdir, ölümlə heç bir səbəbli əlaqəsi yoxdur, məhkəmə-tibb ekspertizada xəsarət kimi qiymətləndirilmir. B.H.Ələkbərovanın meyitinin 15.10.2020-ci il tarixdə KT müayinəsi zamani 4-cü bel fəqərəsinin cisində köhnə bitişmiş kompression sınıq aşkar edilmişdir ki, bu da ölümündən aylarla ölçülən vaxt vahidi ilə əvvəl törənmişdir, baş vermiş ölüm hadisəsi ilə səbəbli əlaqəsi yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibbi bioloji ekspertizasının 840/2020 nömrəli rəyindən görsənir ki, ekspertizaya təqdim olunmuş yastıq üzərindən götürülmüş 03(üç) ədəd obyekt insanın ağarmış baş tükləridir. Bu tüklərdən bir ədədi milindən küt təsir nəticəsində ayrılmış, iki ədədi isə yaşama qabiliyyətini itirib özü düşmüş tüklərdir. Bu tüklərlə X4 baş tükləri morfoloji əlamətlərinə görə müqayisə olunduqda əsas morfoloji əlamətləri üzrə onlar arasında oxşarlıq aşkar olundu və bu tüklərin həmin əlamətlər üzrə X6 məxsus olması inkar olunmur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş lifli materialların kriminalistik ekspertizasının 05.11.2020-ci il tarixli 17/583 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X3 meyitinin ağzına və burnuna qoyulmuş pambıq nümunəsinin üzərində təqdim edilmiş 01 ədəd yastığın üzlüyünün tərkib liflərinə uyğun lif mikrohissəcikəri aşkar edilmədi. Tədqiqata təqdim edilmiş, X3 meyitinin üz dərisinə sürtülmüş pambıq nümunəsinin üzərindən aşkar edilmiş açıq-qəhvəyi rəngli viskoz kimyəvi lifləri cinsi əlamətlərinə görə təqdim edilmiş 01 ədəd yastığın üzlüyünün tərkib liflərinə uyğun gəlirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks məhkəmə psixoloji və məhkəmə psixatrik ekspertizasının 26.01.2020-ci il tarixli 44/13 nörməli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil edilən hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətini (hərəkətlərini) idarə edə bilmişdir, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1 və 21.3-cü maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya əməlini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma xüsiyyətlərinə malik olmuş, Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməlini törədərkən adi psixi emosional halda olmuş, Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməlini törədərkən fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). İş materiallarına əlavə edilmiş Mingəçevir şəhər 3 saylı Mənzil İstismar Sahəsindən daxil olmuş 03.05.2021-ci il tarixli 330 nömrəli arayış və xasiyyətnamədən görünür ki, X2 şəhəri, H.Aslanov küçəsi ev 2, mənzil 4-də yaşamış, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 15 oktyabr 2020-ci tarixdə saat 1530-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Göyçay Rayon Məhkəməsinin təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə 16 oktyabr 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 08 may 2021-ci il tarixli cinayət işinin ayrılması haqqında qərardan görünür ki, Şahid1 barəsində CM-in 307.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5 və 120.2.9-cu maddələrində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirliliyi kifayət qədər sübutа yetirilmişdir. Təqsirləndirilən şəxsnun əməli Cinayət Məcəlləsinin 120.2.5 və 120.2.9-cu maddələrinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 25 avqust 2021-ci il tarixli hökmünün dəyişdirilməsini, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, lakin onun cəzasını ağırlaşdıran halların olmaması qənaətinə gəlmişdir. Həmçinin Apellyasiya Məhkəməsi araşdırılması zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilmədi. Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Cinayət Məcəlləsinin 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə, xüsusən də zərərçəkmiş şəxsin hüquqi varisinin mənafeyinə təsiri nəzərə alınır. Apellyasiya Məhkəməsinin qənaətincə birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həmin əməlin xüsusilə ağır cinayətlər kateqoriyasına aid olmasını, həmçinin şəxsin şəxsiyyətini, ona təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, əməllərində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, habelə ağırlaşdıran halların olmamasını, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərini nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 120.2.5 və 120.2.9-cü maddələri ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunması ilə bağlı gəldiyi nəticə düzgün olmuşdur. Belə ki, Təqsirləndirilən şəxsnun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 120.2.5 və 120.2.9-cu maddələrinin sanksiyasında 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, ona həmin maddə ilə 15 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və özünün şəxsiyyətinə uyğun olan, eyni zamanda, mərhum zərərçəkmiş şəxsin hüquqi varisinin və başqa doğmalarının mənafelərini nəzərə alan, habelə cəzanın məqsədlərini və islah təsirini təmin etməyə imkan verən qanuni və əsaslı cəza təyin etmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5 və 120.2.9-cu maddələri ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 25 avqust 2021-ci il tarixli hökmünün baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5 və 120.2.9-cu maddələri ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 1(091)-148/2021 saylı hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar