Məhkəmə qərarları › İş №1(107)-40/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-40/2020

11.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-40/2020 11.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X1, Təqsirləndirilən şəxs2 Əsədulla oğlunun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi, Təqsirləndirilən şəxs1 müdafiəçisi-Şəki şəhər Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Əsədulla oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən Təqsirləndirilən şəxs2 Əsədulla oğlunun müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayətinə ilkin аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Qax Rayon Məhkəməsinin (hakim Malik Qarayev) 12 dekabr 2019-cu il tarixli hökmü ilə, xx xxxxx 1974-cü ildə Qax rayonu Ləkit kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qax rayonu Ləkit kəndində pasport qeydiyyatında olan və orada yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib qazancının 10%-i dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilməsi, cəzasını iş yeri üzrə çəkməsi, cəza çəkməsinin əvvəli onun qazancından tutulmaların aparıldığı gündən hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılması; xx xxxxxx 1963-cü ildə Qax rayonu Ləkit kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğulolan, əvvəllər məhkum olunmamış, Qax rayonu Ləkit kəndində pasport qeydiyyatında olan və orada yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib qazancının 10%-i dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilməsi, cəzasını iş yeri üzrə çəkməsi, cəza çəkməsinin əvvəli tonun qazancından tutulmaların aparıldığı gündən hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılması, eləcə də hökmün icrası təqsirləndirilən şəxslərin yaşayış yeri üzrə Qax rayon icra və probasiya şöbəsinə həvalə edilməsi, vurulmuş xəsarətlə bağlı zərərin ödənilməsi üçün mülki qaydada məhkəməyə müraciət etmək hüquqları olması təqsirləndirilən şəxslərə izah edilməsi müəyyən edilmişdir. işin halları: Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Əsədulla oğlu məhkum olunmuşlar ona görə ki, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, o, qəsdən xx.xx.2019-cu il tarixdə təxminən saat 20 radələrində Qax rayonu Ləkit kəndində özünə məxsus fərdi yaşayış evinin həyət qapısının qarşısında Təqsirləndirilən şəxs2 ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı ona yumruqla baş nahiyyəsindən vuraraq sonuncunun alın sümyünün sağ hissəsində xarici sümük səhifəsini əhatə edən basılmış qəlpəli sınığı, başın əzilmiş yarası və baş beynin yüngül əziyi, sağ gicgah və alın, sol ənsə, sol alt çənə, sol kürək nahiyyəsinin, sol əlin üstünün sıyrıqları, sağ göz qapağı üstü, sağ və sol göz altı nahiyyələrin qançırı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurma cinayəti törətmişdir. Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, o, qəsdən xx.xx.2019-cu il tarixdə təxminən saat 20 radələrində Qax rayonu Ləkit kəndində Təqsirləndirilən şəxs1 məxsus fərdi yaşayış evinin həyət qapısının qarşısında sonuncu ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahsiə zamanı ona təpiklə sağ əlindən vuraraq Təqsirləndirilən şəxs1 sağ əlinin üstündə şişkinli hemotoma-qan yığımı, ortasında sıyrıq, sağ əlin 5-ci daraq sümüyünün distal ucunun bucaq şəkilli yerdəyişən qapalı sınığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurma cinayəti törətmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən Təqsirləndirilən şəxs2 Əsədulla oğlunun müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti daxil olmuşdur. apelyasiya şikayətlərinin və proses iştirakçılarının dəlilləri Təqsirləndirilən şəxs2 Əsədulla oğlunun müdafiəçisi Müdafiəçi verdiyi apellyasiya şikayətində Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs2 Əsədulla oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi olmadığı, ittiham tərəfindən irəli sürülən ittihamda təqsirli olması sübuta yetirilmədiyi üçün onun barəsində həmin maddələrlə bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən digər cinayət prosesi iştirakçıları tərəfindən apellyasiya şikayəti, dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Eləcə də verilmiş apellyasiya şikayətinə yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Təqsirləndirilən şəxs2 Əsədulla oğlu və onun müdafiəçisi Müdafiəçi tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X13 apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsi hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X6 apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, cinayət prosesi tərəflərini dinləyərək hesab edir ki, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən Təqsirləndirilən şəxs2 Əsədulla oğlunun müdafiəçisi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Əsədulla oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iclasında Təqsirləndirilən şəxs2 Əsədulla oğlu ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi üzrə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Qax rayonu Ləkit kəndində yaşayır və fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Təqsirləndirilən şəxs1 onun həmkəndlisidir, lakin aralarında uzun sürən münaqişə olduğu üçün küsülüdürlər. xx.xx.2019-cu il tarixdə axsam saat 19 radələrində yaşadığı kəndin “Dörd yol” adlanan ərazisində İlkinlə rastlaşmış, İlkn ona axşam onların evinin yanına gəlməsini demişdir. İlkindən səbəbini soruşduqda isə ona sözünün olduğunu bildirmişdir. Həmin günü saat təxminən 20 radələrində İlkinin yaşadığı evin qarşısına gələrək onu səsləmiş, təxminən 7-8 dəqiqədən sonra İlkin çölə çıxmışdır. İlkindən nə istədiyini soruşduqda isə İlkin ona cavab verməyərək əlində olan naməlum əşya ilə onu başından vurmuşdur. Bundan sonra İlkin əlindəki əşya ilə onun sağ gözünün altından da vurmuş, onların yanına gələn İlkinin qardaşı İntiqam onu arxadan tutub yerə yıxmış və onu təpiklə vurmağa başlamışlar. O, isə zərbələrdən huşunu itirmişdir. Ayıldıqdan sonra evə getmiş, evdə DİN-nin 102 qaynar xəttinə zəng edərək şikayət etmişdir. O, xəsarət aldığından 25 gün xəstəxanada müalicə almışdır. İlkin ona vurduğu ziyanı ödəmədiyi üçün onunla barışmamışdır. Məhkəmədən ona bəraət verilməsini verilməsini xahiş edir. Məhkəmə kollegiyası iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi üzrə elan edilmiş ittihamda özünü qismən təqsirli bilmərək ifadəsində göstərdi ki, fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Təqsirləndirilən şəxs2 onun həmkəndlisidir. Onların aralarında 20 ildən artıq müddətdir ki, münaqişə olduğu üçün küsülüdürlər. xx.xx.2019-cu il tarixdə axşam saat 20 radələrində evdə istirahət edən zaman həyət qapısından kiminsə onu səslədiyini eşidərək həyətə düşmüşdür. Qapını açdığında onu çağıran şəxsin Hacı olduğunu görmüş, Hacıya əl uzadaraq görüşmüşdür. Sərxoş vəziyyətdə olan Hacı onun ünvanına nalayiq sözlər demiş, o isə Hacıdan çıxıb getməsini xahiş etmişdir. Lakin Hacı hərəkətlərini davam etdirərərək, təpiklə onun sağ əlinə vurmuşdur. O, Hacının gödəkçəsinidən tutaraq onu qapıdan uzaqlaşdırmaq məqsədi ilə itələmiş, Hacı isə səndələyərək yıxılmışdır. Lakin Hacını vurmamış və ona qəsdən xəsarət yetirməmişdir. Sonra Hacının ayağa qalxmasına kömək etmiş, Hacı isə bir qədər getdikdən sonra yenidən yerə yıxılmış, sonra isə ayağa qalxaraq yoluna davam etmişdir. Təqsirləndirilən şəxs2 təpiklə onun sağ əlinə vurarkən barmağı sınmışdır. Bunu xəstəxanada bilmişdir. Hadisədən sonra Hacı ilə barışmaq istəsə də, Hacı ondan zərərə görə çox pul tələb etdiyi üçün aralarında razılıq əldə edilməmişdir. Hacı tərəfindən ona yetirilmiş xəsarətlə bağlı ona da ziyan dəymişdir. Baş vermiş hadisəyə görə peşmandır. Məhkəmə kollegiyası iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, hadisə baş verən günün axşamı əri üstü-başı qan içində evə gəlmişdir. Ona sonradan məlum olmuşdur ki, onu həmin vəziyyətə Təqsirləndirilən şəxs1 gətirmişdir. O, hadisənin birbaşa şahidi olmamışdır. Məhkəmə kollegiyası iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun əridir. Hadisə baş verən gün atasıgilə gedərkən yolda Təqsirləndirilən şəxs2 Əsədulla oğlunu yolda içkili vəziyyətdə görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs2 Əsədulla oğlu güc-bəla ilə hərəkət edirmiş. Hadisədən səhəri gün məlumatı olmuşdur. O, baş vermiş hadisənin birbaşa şahidi olmamışdır. Məhkəmə kollegiyası iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun qardaşıdır. Hadisə baş verən gün qardaşı onlara gəlmiş və başına gələn hadisə barədə məlumat vermişdir. Qardaşı onlara gələrkən axşam vaxtı olmuş, sonra kəndin polis sahə rəisi onlara zəng etmiş və polis əməkdaşlarının qardaşını axtardıqlarını demişdir. O, da qardaşının yanında olduğunu demişdir. Sonra polis əməkdaşları evinə gəlmiş və qardaşını polis şöbəsinə aparmışlar. O, hadisənin necə baş verməsini birbaşa görməmişdir. Sədrlik edənin sualına cavab olaraq X7 bildirdi ki, hadisə baş verən gün evdə olmuş, qardaşı İlkingildə olmamış, Təqsirləndirilən şəxs2 Əsədulla oğluna heç bir xəsarət yetirməmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş X10 ifadəsində təqsirləndirilən şəxs olan İlkin Seyidovun ifadəsində göstərdiklərini təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X3 və X8 isə məhkəmə baxışında elan edilməklə tədqiq edilmiş ifadəsində təqsirləndirilən şəxs olan İlkin Seyidovun ifadəsində göstərdiklərini təsdiq etmişlər. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli 40 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 müəyyən edilmiş xəsarətlər-sağ əlinin üstündə şişkinli hemotoma-qan yığımı, ortasında sıyrıq, sağ əlin 5-ci daraq sümüyünün distal ucunun bucaq şəkilli yerdəyişən qapalı sınığı bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətə, yəni xx.xx.2019-cu il tarixdə əmələ gələ bilərlər, dərəcəsinə görə onun sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli 39 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 müəyyən edilmiş xəsarətlər-sağ yuxarı gicgahda bir ədəd, sağ yuxarı alında bir ədəd, sol yuxarı ənsədə bir ədəd sıyrıqlar, sağ göz qapağında və üstündə, sağ göz altında qançırlar, sol göz altında bir ədəd qançır, üst dodaqda bir ədəd, alt çənədə solda bir ədəd, sol əlinin üstündə bir ədəd, sol yuxarı kürəkdə bir ədəd syırıqlar-bərk küt əşyanın, (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2019-cu il tarixdə əmələ gələ bilərdilər. Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdə Qax rayon mərkəzi xəstəxanasında rentgeneoloqun müayinəsində kəllənin yan rengenoqramasında sağ yarım hissənin düz rengenoqramında patoloji dəyişiklikləri aşkar edilmədiyi qeyd edilmişdir. Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdə Zaqatala rayon MDM-də komputer tomoqrafiyasında alın sümüyündə sağ hissəsində qəlpəli sınıq olması qeyd edilmişdir. Təqsirləndirilən şəxs2 nevropatoloq xx.xx.2019-cu il tarixdə müayinə edib “baş beyin əziyi, orta dərəcədə” diaqnozu qoymuş, xx.xx.2019-cu il tarixdə nevropatoloq təkrar müayinə edib “baş beynin ocaqlı travması-yüngül dərəcəli əzilməsi” diaqnozu qoymuşdur. Sonrakı günlərdə nevropatoloqun müayinəsində xəstədə bayılmalar, başında səs olması, arterial təzyiqin qalxıb düşməsi halları qeyd edilmişdir. xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 şikayətləri davam etdiyi üçün daha ətraflı müayinə və müalicə edilməsi üçün Bakı şəhərinə ixtisaslaşmış səhiyyə müəssisəsinə getməsi tövsiyyə edilmişdir. Yuxarıda göstərilən ziddiyyətli məqamların daha da dəqiqləşdirilməsi üçün Təqsirləndirilən şəxs2 Bakı şəhəri MTE və PA Birliyində yüksək ixtisaslı ekspertlər tərəfindən müayinə olunaraq (Təqsirləndirilən şəxs2 özü, onun adına doldurulmuş Qax rayon mərkəzi xəstəxanasındakı xəstəlik tarixi, rentgen şəkli, həkim rəyi, Zaqatala rayon MDM-də çəkilmiş KT-sı şəkilləri və həkim rəyi) xəsarətlərin daha dəqiq dərəcəsinin təyin edilməsi lazımdır. Cinayət işi materiallarına əlavə edilmiş Respublika MTE və PA Birliyinin verdiyi təkrar məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli T 170/2019 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 alın sümüyünün sağ hissəsində xarici sümük səhifəsini əhatə edən basılmış qəlpəli sınığı, başın əzilmiş yarası və baş beynin yüngül əziyi, sağ gicgah və alın, sol ənsə, sol alt çənə, sol kürək nahiyyəsinin, sol əlin üstünün sıyrıqları, sağ göz qapağı üstü, sağ və sol göz altı nahiyyələrin qançırı olmuşdur. Qeyd edilən xəsarətlər məhdud səthə malik bərk küt əşya təsirindən törənmişlər, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2019-cu ilə uyğun gəlir, dərəcəsinə görə alın sümüyünün xarici səhifəsinin basılmış sınığı, başın əzilmiş yarası, baş beynin yüngül əziyi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir, digər xəsarətlər isə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmadığından dərəcələri təyin olunmur. Cinayət işi materiallarına əlavə edilmiş Respublika MTE və PA Birliyinin verdiyi əlavə məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli T 297/2019 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olan xəsarətlərin yerləşmə nahiyyələri, xüsusiyyətləri onların bərk küt əşya (əşyaların) təsirindən qarşılıqlı dava-dalaş zamanı qərarda göstərilən xx.xx.2019-cu il tarixdə yaranmasına daha çox uyğun gəlir. Cinayət işi materiallarına əlavə edilmiş sərxoşluq vəziyyətinin və alkoqol qəbulu faktının təyini üçün tibbi müayinənin xx xxxxxx 2019-cu il tarixli 32 saylı aktından görünür ki, Təqsirləndirilən şəxs1 oğlu hadisə zamanı ayıq olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş sərxoşluq vəziyyətinin və alkoqol qəbulu faktının təyini üçün tibbi müayinənin xx xxxxxx 2019-cu il tarixli 33 saylı aktından görünür ki, Təqsirləndirilən şəxs2 Əsədulla oğlu hadisə zamanı sərxoş olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BƏSİ İdarəsinin verdiyi xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BƏSİ İdarəsinin verdiyi xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Qax RİH-nin Ləkit kənd İƏD-nin verdiyi xx.xx.2019-cu il tarixli 308 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Qax rayonu Ləkit kəndində yaşayır və onun ailə tərkibi özündən, arvadı X2 və oğlu X4 ibarətdir. Cinayət işi materiallarına əlavə edilmiş Qax RİH-nin Ləkit kənd İƏD-nin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş Qax RİH-nin Ləkit kənd İƏD-nin verdiyi xx.xx.2019-cu il tarixli 351 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Qax rayonu Ləkit kəndində yaşayır. Cinayət işi materiallarına əlavə edilmiş Qax RİH-nin Ləkit kənd İƏD-nin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs2 Əsədulla oğluna istinad edilən əməllərdə Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin əməlin onun tərəfindən törədilməsi və təqsirliliyi özünün, digət təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekpertiza rəyləri və cinayət işinin digər materialları ilə kifayət qədər sübutа yetirilmişdir. Təqsirləndirilən şəxs2 Əsədulla oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 Əsədulla oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Cinayət qanunvericiliyinə əsasən, şəxs tərəfindən törədilmiş əməldə Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Əsədulla oğlunun həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi prosesində verdiyi ifadələrini özünü müdafiə xarakterli və həqiqətə uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq niyyətilə verilən ifadələr kimi qiymətləndirir. Onun törətdiyi cinayət əməli iş materialları ilə kifayət qədər sübuta yetirilir. Hazırda öyrənilən apellyasiya şikayətindən bəlli olur ki, Təqsirləndirilən şəxs2 Əsədulla oğlu ona qarşı irəli sürülmüş ittihamları qəbul etməyərək, haqqında bəraət hökmünün çıxarılmasını xahiş etsə, məhkəmə kollegiyası bununla bağlı apellyasiya şikayətlərinin dəlillərini inandırıcı qəbul etmir. Çünki, cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında elan edilərək tədqiq olunmuş sübutlarlara Təqsirləndirilən şəxs2 Əsədulla oğlunun yuxarıda sadalanan cinayət əməlini törətməsi heç bir şübhə və ehtimal olmadan öz təsdiqini tapır. Həmçinin, bu sübutlar Təqsirləndirilən şəxs2 Əsədulla oğluna verilmiş ittihamın təsdiqi üçün kifayət edir və həmin sübutların mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Sadalanan sübutlar birinci instansiya məhkəməsinin qərarında ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə kollegiyası həmin sübutların yenidən şərh olunmasına zərurət görmür və uyğun olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs2 Əsədulla oğlunun apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, təmin edilməsini mümkün saymır. Bununla da, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 Əsədulla oğlunun cinayət əməlinin tövsif edilməsi, həmçinin Təqsirləndirilən şəxs2 Əsədulla oğluna həmin maddə ilə təyin edilmiş islah işləri cəzasının həddi ilə bağlı da birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 Əsədulla oğlunun müdafiəçisi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Əsədulla oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs2 Əsədulla oğlunun müdafiəçisi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Əsədulla oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində müəyyən olunmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar