Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-40/2021 28.01.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, İİ dərəcəli hüquqşünas X1, Təqsirləndirilən şəxs və müdafiəçisi X2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 222.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(025)-31/2020 nömrəli hökmündən Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin (sədrlik edən hakim E.İsayev) xx xxxxxxx 2020-ci il tarixli hökmü ilə, xx.xx.1964-cü ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 222.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə “operator pompa” vəzifə tutma hüququndan məhrum edilməklə, 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssiəsəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Qəbələ rayon prokurorluğunda saxlanılan iş üzrə maddi sübut bir ədəd şalvar və bir ədəd köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 270 (iki yüz yetmiş) manatın Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməsi hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 19:40 radələrində Qəbələ rayonu, Daşlıca kəndi ərazisində “xxxx” MMC-nin sifarişi ilə İcraçı “xxxx” ASC tərəfindən aralarında bağlanmış xx xxx 2020-ci il tarixli müqaviləyə əsasən aparılan anbar və ofis binasının planlaşdırılmış tikintisi ilə əlaqədar, icarəyə götürdüyü müqavilə şərtlərinə əsasən ikinci tərəf kimi istismar zamanı avtomaşını təhlükəsiz idarə etmək, beton nasosunu təhlükəsiz işlətməklə vaxtlı-vaxtında nəzarət etmək, habelə əvvəlcədən rəsmi qaydada elan edilmiş beton nasosun istismarı təlimatı üzrə təhlükəsizlik qaydalarına riayət etmə vəzifələrini öhdəsinə götürmüş sürücü-operator qismində, etibarnamə ilə müstəqil olaraq idarə etdiyi, üzərinə beton nasosu quraşdırılmış “xxxx” ASC-yə məxsus Mersedes Benz ACTROS 2631 markalı avtomobilin sahibi Şahid2 ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin “a”,”b”,“d”, bəndlərinin və xx.xx.2019-cu il tarixli “Beton nasosun istismarı Qaydalarına” dair təlimatın sürücü operatorun vəzifələri nəzərdə tutulmuş 6-cı və 7-ci bəndlərinin tələblərini pozaraq, həmin təlimata əsasən təhlükəsizlik qaydalarına riayət edilməsi vəzifələrini öhdəsinə götürsə də, cinayətkarcasına etinasızlığı nəticəsində öz əməlinin ictimai təhlükəli nəticələr verəcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda onları görməmiş, əksinə uzun müddətli iş təcrübəsinə güvənib, yüksək təzyiqlə idarə olunan beton nasosunu işə salmadan öncə iş şəraiti ilə yaxından tanış olmamış, hadisə zamanı Mersedes Benz ACTROS 2631 markalı beton nasosu tikinti sahəsində torpaq örtüklü yerdə təhlükəsiz qaydada (yəni yana yatmasına qarşı dayanıqlı vəziyyətdə) yerləşdirməmiş, istismar zamanı silkələnmə verən avtomaşının təhlükəsiz idarə edilməsinə və beton nasosu işləyən zaman onun təhlükəsiz istismarına vaxtlı-vaxtında nəzarət etməmiş, işin gedişatı zamanı da avtomaşının tarazlığını vaxtaşırı yoxlamamış, göstərilən pozuntuların, əsasən də torpağın tərkibindən və sıxlığından asılı olaraq avtomaşının pəncəsinin xəndəyin aşırımından təhlükəsiz məsafədə quraşdırmamış, habelə işin gedişatı zamanı yaranan dəyişkən yüklənmələrin (o cümlədən betonun vurulması zamanı açılmış xortumun monoton titrəyişlərinin) təsirindən pəncələrdən birinin altında torpağın xəndəyə tərəf sürüşüb uçulmaqla avtomaşının yana yatması ilə əlaqədar tikinti işlərinin aparılmasında təhlükəsizliyi qaydalarını pozaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün real təhlükə yaratdığından, beton nasosun xortumunun tikilinin təməlinin betonlanmasında fəhlə kimi işləyən Qəbələ rayonu, Qəmərvan kənd sakini, xx.xx.1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs üzərinə düşərək, baş vermiş hadisə nəticəsində, onun daxili qanaxma, qara ciyərinin cırılması, sağ böyrək ətrafı toxuma və bağırsaqların müsariqəsinə qansızma, başın təpə nahiyyəsinə yumşaq toxumaya qansızma, alt çənənin əzilmiş, cırılmış yarası, hər iki gözaltı nahiyyəyə qansızma, başın sol təpə-alın nahiyyəsinin, alını sol qaşüstü hissəsinin, sol gözün bayır bucağı nahiyyəsinin, burunun sol tərəfinin, burunun uc hissəsinin, üzün sol tərəfinin, sol ağız bucağı nahiyyəsinin, döş qəfəsinin ön sağ və sol nahiyyəsinin, sol bazu oynağının ön səthinin, sol bazunun ön yuxarı və orta 1/3-nin, döş qəfəsinin sol aşağı nahiyyəsinin, qarının ön sağ tərəfinin, sol budun ön aşağı iç səthinin, sol baldırın ön orta 1/3-nin, sağ baldırın ön orta 1/3-nin sıyrıqları kimi xəsarətlər almasına və həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aid bədən xəsarətləri yetirilməsi nəticəsində, ehtiyatsızlıqdan zərərçəkmiş Zərərçəkmiş şəxs qara ciyərinin cırılmasına görə baş verən kəskin daxili qanaxma nəticəsində ölümünə səbəb olmuşdur. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(025)-31/2020 nömrəli hökmündən Dövlət ittihamçısı2 apellyasiya protesti vermişdir. Apellyasiya protestinin və prosses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı2 apellyasiya protestini onunla əsaslandırmışdır ki, Qəbələ Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsindəki xx xxxxxxx 2020-ci il tarixli hökmü cəza təyininə dair hissədə dəyişdirilməlidir. Belə ki, CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə almasını qeyd etsə də, cəza təyin edərkən həmin hallara formal yanaşmışdır. Belə ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 222.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” cinayətlər kateqoriyasına aid olmaqla, ictimai təhlükəsizlik əleyhinə olan cinayətlərə kateqoriyasına aiddir. Lakin, hazırki iş üzrə məhkəmə qanunvericiliyin cəza təyini ilə bağlı yuxarıda göstərilən tələblərini nəzərə almamış, cinayət əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olması, bir sözlə cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, eləcə də hadisənin baş vermə səbəbi, şəraiti, nəticələri, həmçinin məhkumun şəxsiyyəti və işin digər halları Təqsirləndirilən şəxs məhz ağır cəzanın təyin edilməsini şərtləndirməsinə baxmayaraq məhkəmə əksinə olaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə sosial ədalət prinsipini pozmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi əməli etiraf edib səmimi peşimançılıq hissi keçirməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olmasını cəzanı yüngülləşdirən hallar qismində qiymətləndirmiş və bu halları hökmdə əsas tutaraq ona yüngül cəza təyin etmişdir. Lakin sadalanan yüngülləşdirici hal məhkəmə tərəfindən qanun tələblərinə əməl edilmədən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Belə ki, CM-in 222.1-ci maddəsin dispozisiyasında göstərilmişdir ki, tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdıqda cinayət məsuliyyətinə səbəb olur. Həmin maddənin 3-cü hissəsində isə eyni əməllərin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olması göstərilmişdir. Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki,o, cinayətkarcasına etinasızlığı nəticəsində öz əməlinin ictimai təhlükəli nəticələr verəcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda onları görməmiş, əksinə uzun müddətli iş təcrübəsinə güvənib, yüksək təzyiqlə idarə olunan beton nasosunu işə salmadan öncə iş şəraiti ilə yaxından tanış olmamış, hadisə zamanı Mersedes Benz ACTROS 2631 markalı beton nasosu tikinti sahəsində torpaq örtüklü yerdə təhlükəsiz qaydada (yəni yana yatmasına qarşı dayanıqlı vəziyyətdə) yerləşdirməmiş, istismar zamanı silkələnmə verən avtomaşının təhlükəsiz idarə edilməsinə və beton nasosu işləyən zaman onun təhlükəsiz istismarına vaxtlıvaxtında nəzarət etməmiş, işin gedişatı zamanı da avtomaşının tarazlığını vaxtaşırı yoxlamamış, göstərilən pozuntuların, əsasən də torpağın tərkibindən və sıxlığından asılı olaraq avtomaşının pəncəsinin xəndəyin aşırımından təhlükəsiz məsafədə quraşdırmamış, habelə işin gedişatı zamanı yaranan dəyişkən yüklənmələrin (o cümlədən betonun vurulması zamanı açılmış xortumun monoton titrəyişlərinin) təsirindən pəncələrdən birinin altında torpağın xəndəyə tərəf sürüşüb uçulmaqla avtomaşının yana yatması ilə əlaqədar tikinti işlərinin aparılmasında təhlükəsizliyi qaydalarını pozaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün real təhlükə yaratmış və nəticədə sonuncunun ölümünə səbəb olmuşdur. Yəni, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli hadisələrin təsadüfi axarı zəminində deyil, məhz sonuncunun cinayətkarcasına etinasızlığı nəticəsində baş vermişdir. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib səmimi peşimançılıq hissi keçirməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. CM-in 72.1-ci maddəsinə görə şəxsin səmimi peşman olması şəxsin könüllü gəlib təqsirini boynuna almasında, cinayətin üstünün açılmasına fəal kömək etməsində, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsində və ya vurulmuş zərəri başqa yolla aradan qaldırma kimi hərəkətlərdə özünü göstərməsidir. Yəni şəxsin törətdiyi əməldən səmimi peşman olmasını bildirməsi həmin hərəkətlərlə təsdiq olunmalıdır. Bu hərəkətlərin təqsirləndirilən şəxs tərəfindən edilməsi qanunun mənasına görə şəxsin ictimai təhlükəliliyinin azalmasını təsdiq edir və buna görə də səmimi peşmançılıq cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Eyni zamanda CM-in 72.2-ci maddəsində qeyd olunur ki, başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Yaşayış yerindən müsbət xarakterizə olunma isə cəmiyyətdə qəbul edilmiş ümumi davranış qaydasına əməl olunması nəticəsidir və məhkəmə CM-in 59.2-ci maddəsinin tələbini pozaraq həmin halı məhz nəyə görə cəzanı yüngülləşdirən hal kimi qəbul etməsini hökmdə əsaslandırmamışdır. Təqsirləndirilən şəxs müsbət xarakterizə olunması və bunun nədə ifadə olunması, şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını məhkəmə hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda qeyd olunan halları cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsinin motivlərini hökmdə əsaslandırmamış və həmin halların hansı hərəkətlərlə ifadə olunduğunu sübut etməmiş və bununla da CPM-in 139-cu maddəsinin tələblərini pozmuşdur. Odur ki, təqsirləndirilən şəxsə yuxarı həddə azadlıqdan məhrumetmə cəzasının verilməsi və cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X3 apellyasiya protestinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(025)-31/2020 nömrəli hökmünün isə dəyişdirilərək Təqsirləndirilən şəxs daha ağır cəza verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs müdafiəçisi X5 apellyasiya protestinin dəillərini əsassız hesab edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlilləri ilə bağlı fikrini bildirən Təqsirləndirilən şəxs apellyasiya protestinin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, dövlət ittihamçısının apellyasiya protestinin təmin edilməsi, təqsirləndirilən şəxsin və müdafiəçisinin apellyasiya protestinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara apellyasiya protesti təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(025)-31/2020 nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya protestində Təqsirləndirilən şəxs CM-in 222.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi mübahisələndirilməsə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, Təqsirləndirilən şəxs əməlinin CM-in 222.3-cü maddəsi ilə, düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 222.3-cü maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hazırda araşdırılan işdən bəlli olur ki, dövlət ittihamçısı birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı ədalətli hesab etməyərək, təqsirləndirilən şəxsə yuxarı həddə azadlıqdan məhrumetmə cəzasının verilməsi və cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda qeyd olunan halları (hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi əməli etiraf edib səmimi peşimançılıq hissi keçirməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olmasını) cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsinin motivlərini hökmdə əsaslandırmamış və həmin halların hansı hərəkətlərlə ifadə olunduğunu sübut etməmiş və bununla da CPM-in 139-cu maddəsinin tələblərini pozmuşdur. Lakin, məhkəmə kollegiyası apellyasiya protestinin bu dəlillərini əsaslı saymır. Çünki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin ictimai təhlükəli xarakterini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-in 58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzadan da yüngül cəzanın təyin edilməsini, həmçinin barəsində CM-in 62 və 70-ci maddəsinin tətbiq edilməsini, eləcədə təqsirli bilindiyi CM-in 222.3-cü maddəsi ilə ona daha ağır cəzanın təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Bundan əlavə Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Öyrənilən işdən bəlli olur ki, təqsirləndirilən şəxs əməlini səmimi etiraf edir, törətdiyi əmələ görə səmimi peşimançılıq hissi keçirir, həmçinin yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Bu baxımdan da, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi, tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunması isə özü-özlüyündə onu əhatə edən insanların təqsirləndirilən şəxsi cəmiyyətin normal üzvü kimi qəbul etdiklərini və ona olan inamların saxlandığını özündə ehtiva edir. Digər tərəfdən o da xüsusi olaraq qeyd edilməlidir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış, vurilmiş maddi və mənəvi zərərin aradan qaldırılmasına köməklik göstərmiş və bu məndad sonuncunun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbi olmamışdır. Bu hal isə bilavasitə CM-in 59.1.12-ci maddəsinə görə cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Cəzanı yüngülləşdirən hallar olduqda cəzanın təyin edilməsindən bəhs edən CM-in 60.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Hazırda öyrənilən işdən bəlli olur ki, dövlət ittihamçısı protestdə söyləyir ki, o, təqsirləndirilən şəxsə 5 il 3 ay azadlıqdan məhrum etmə cəzası istəyib. Lakin, məhkəmə kollegiyası dövlət ittihamçısının bu istəyinin təmin edilməsini CM-in 8.1-ci maddəsinin tələbləri baxımından mümkün bilmir. Məhkəmə kollegiyası onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 133 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Belə olan halda, məhkəmə kollegiyası Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(025)-31/2020 nömrəli hökmü ilə bağlı apellyasiya protestinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, Təqsirləndirilən şəxs CM-in 222.3-cü maddəsi ilə təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(025)-31/2020 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(025)-31/2020 nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-40/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-40/2021
28.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver