Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-409/2021 16.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Hüseynov Elçin Şirin oğlundаn ibаrət tərkibdə, X2 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X9, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X6 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM və ya CM) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli 1(091)-160/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi X11 tərəfindən verilmiş apellyasiya şikayətinə və Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən R.Əliyev, hakimlər N.Mirzəyev (məruzəçi) və B.Məmmədovdan ibarət tərkibdə) 08 sentyabr 2021-ci il tarixli 1(091)- 160/2021 nömrəli hökmü ilə xx xxx 1971-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər Qazax Rayon Məhkəməsinin 24.04.2013-cü il tarixli hökmünə əsasən CM-nin 192.2.2, 213.2.2-ci maddələri ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, daha sonra Qazax Rayon Məhkəməsinin 04.05.2015-ci il tarixli hökmünə əsasən CM-in 192.2.2, 213.2.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3, 66.5-ci maddələrinə əsasən 03 il müddətə dövlət orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 04.08.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Yevlax şəhəri E.Məmmədov küçəsi ev 40-da qeydiyyatda olan və yaşayan, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinməsi və 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddətin onun cəza müddətinə hesablanması, CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilən cəzaya Qazax Rayon Məhkəməsinin 04.05.2015-ci il tarixli hökmü ilə təyin edilən və hazırda çəkilməmiş qalan 04 (dörd) ay 25 (iyirmi beş) gün müddətə dövlət orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilmə növündə əlavə cəzanın tamamilə birləşdirilməsi və Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) ay 25 (iyirmi beş) gün müddətə dövlət orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 09.03.2021-ci il tarixdən hesablanması, əlavə cəzanın əsas cəzanın çəkildiyi bütün müddətə və bundan başqa, hökmdə müəyyən edilmiş 04 (dörd) ay 25 (iyirmi beş) gün müddətə şamil edilməsi, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi və yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılması, cinayət işi üzrə maddi sübut olan və Yevlax RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan 5,565 qram miqdarında narkotik vasitə - heroin, bir ədəd elektron tərəzi, bir ədəd şüşə flakon, dörd ədəd şpiris və üç ədəd şpirisin hissələrinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılmasının nəzərə alınması, iş üzrə 138,2 AZN (yüz otuz səkkiz manat, 20 qəpik) ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməsi hökm edilmişdir. İşin halları İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ittham verilmişdir ona görə ki, o, qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq tərkiblərinə görə eyni olan ayrı-ayrılıqda 4,362 qram və 1,303 qram olmaqla, cəmi külli 5,665 qram miqdarında kustar üsulla hazırlanmış narkotik vasitə - heroin əldə edərək yaşadığı Yevlax şəhəri E.Məmmədov küçəsi 40 nömrəli evin yataq otağında döşəmənin üzərində “West” markalı bir ədəd siqaret qutusunun içərisində bir ədəd qara rəngli və bir ədəd şəffaf sellofan bükümlərdə saxlamış, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 09 mart 2021-ci il tarixdə saat 23:00 dəqiqədən saat 23:45 dəqiqəyədək olan müddət ərzində həmin evin Təqsirləndirilən şəxs məxsus yataq otağına onun yazılı razılığı əsasında, müdafiəçinin iştirakı ilə videoçəkiliş tətbiq edilməklə keçirilmiş baxış zamanı yataq otağındakı döşəmənin üzərindən bir ədəd siqarət qutusunun içərisində bir ədəd qara rəngli və bir ədəd şəffaf sellofan bükümlərdə Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə əldə edib saxladığı tərkibinə görə eyni olan ayrı-ayrılıqda 4,362 qram miqdarında və 1,303 qram miqdarında, cəmi külli miqdarda 5,665 qram miqdarında narkotik vasitə - heroin hissəcikləri olan bir ədəd elektron tərəzi, bir ədəd baş hissəsi kəsilmiş şüşə flakon, dörd ədəd şpiris və üç ədəd şpiris hissələri aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Hökmdən Təqsirləndirilən şəxs müdafiəçisi X11 apellyasiya şikayəti və Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Hökmdən verilmiş apellyasiya şikayəti və apellyasiya protestinə qarşı etiraz verilməmişdir. Apellyasiya protestinin, apellyasiya şikayətinin və proses iştirakçılarının ifadələri Dövlət ittihamçısı verdiyi apellyasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə hökmdə əsassız olaraq Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması barədə polis əməkdaşlarının əməliyyat məlumatının rəsmiləşdirməməsinə, elektron tərəzinin işlək vəziyyətdə olub-olmadığının müəyyən edilməməsinə istinad edib, lakin dəlilləri nəzərə almadan, sübutlar bir-biri ilə müqayisə etməyərək təhlil etməmiş, cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamamış, narkotik vasitələri yaymaqla əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə xələl gətirən Təqsirləndirilən şəxs əməlini narkotik vasitə-heroini satış məqsədi olmadan əldə etməklə daşıması və saxlaması nəticəsinə gəlməklə səhvə yol vermişdir. Ona görə də Şəki Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli 1(091)-160/2021 nömrəli hökmünün Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edildiyi hissədə ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək ona cinayət qanunvericiyin müddəalarına uyğun cəzanın təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi X11 apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, hazırda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edərək daşımaqla yaşadığı evdə saxlanılmasını təsdiq edən sübutların mümkünlüyü CPMnin 125-ci maddəsinin tələblərinə cavab vermir. Birinci instansiya məhkəməsi cinayət işi üzrə təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi ifadəsinə və polis əməkdaşlarının ifadələrinə əsaslanmaqla və bunları mötəbər sübut kimi qiymətləndirməklə Təqsirləndirilən şəxs haqqında ittiham hökmü çıxarmış, hansı ki, müdafiə tərəfinin fikrincə bu sübutlara əsasən sonuncunun cinayət əməli törətməsinə və təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin olmasını söyləmək faktiki olaraq mümkün deyil. Ona görə də Şəki Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli 1(091)-160/2021 nömrəli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə kollegiyasının iclasında ifadəsində özünü qismən təqsirli bilərək göstərdi ki, birinci Qarabağ müharibəsində iştirak etmiş, tabor komandiri olmuşdur. Qarabağ müharibəsi qazisidir, başında qəlpə var. Müharibədə uduzduqlarına görə bütün təltiflərdən imtina etmişdir. Narkotik vasitədən istifadə edir. Belə ki, evdə yatdığı zaman birdən qapı açılaraq polis əməkdaşları evə girmişlər. Qolunu qandallayıb Namiq müəllimin maşınına otuzdurmuş və 40-45 dəqiqə sonra onu polis şöbəsinə gətirmişlər. Polis şöbəsində ona “yatdığın çarpayının yanında narkotik vasitənin olduğunu boynuna alırsan, sonra evə çıxıb gedirsən” demişlər. Evdə çəkiliş aparmaqdan qabaq yatdığı çarpayının yanına şprislər və tərəzi qoymuşlar. Tərəzinin qoyulmasına etiraz edərək “tərəzini hara soxursan” demişdir. 20 nəfər polis əməkdaşı evi axtarmağa gəlmiş, cəmi üç nəfər şahid olmuşdur. Bundan sonra təqsirləndirilən şəxs ona ünvanlanan sualları cavablandıraraq bildirdirki, “tərəzini hara soxursan” deməsi video çəkilişdə var. Evdə video çəkiliş bir dəfə aparılmışdır. Həmin vaxt evdə narkotik vasitə olmamışdır. Polislər gələndə evdə anası, bacısı və qardaşı olmuşdur. Onu polis şöbəsinə aparanda bir neçə polis əməkdaşı evdə qalmışdır ki, evdəkilər heç nə edə bilməsinlər. Yatdığı otaqdan narkotik vasitə aşkar olunanda evdəkilər yan otaqda olmuşlar. Qorxduğundan polislərin dedikləri ilə razılaşmışdır. Yaşadığı evdə 4 otaq var, ancaq onun yatdığı otaqda axtarış aparılmış, video çəkiliş zamanı polislər ona arxadan nə deyiblərsə, həmin sözləri təkrarlamışdır. Evdən aşkar olunan tərəzi ona aid olmamışdır. Narkotik vasitədən gündə üç dəfə olmaqla, hər dəfəsində 1 qram heroindən istifadə etmişdir. Belə ki, indiki narkotik vasitələrin tərkibinə torpaq və su qatdıqlarına görə onun da təsiri az olur. Bədəninin ağrılarının dayanması üçün ancaq iynə ilə heroin vurmuşdur. Tutulduğu gün narkotik vasitədən istifadə etməmişdir. Heroinin qramını 8-10 manata almış, narkotik vasitədən tək istifadə etmişdir. Narkotik vasitəni satanlardan almış, həmin maddəni ucuz aldığı üçün heç kəsə verməmiş və satmamışdır. Tərəzini çəkiliş vaxtı özləri qoymuş, tərəzi ona aid olsaydı, işləyib-işləmədiyini yoxlayardılar. Narkotik vasitəni xaraba yerlərdə saxlamış, oralarda vurmuşdur. Ədalətli qərar qəbul edlməsini xahiş edir. Məhkəmə kollegiyаsının iclаsındа çıxış edən dövlət ittihаmçısı X9 apellyasiya protestinin dəlillərinə uyğun çıxış edərək apellyasiya protestinin təmin edilməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli hökmünün X3 əməlinin CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edildiyi hissədə ləğv edilməsini və Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək ona cinayət qanunverciliyin müddəalarına uyğun cəza təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi X11 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək onun təmin edilməsini, apellyasiya protestinin isə təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, cinayət işinin materiallarını və apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdırıb, işdə olan sübutları tədqiq edib belə qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli 1(091)-160/2021 nömrəli hökmü baxılmış apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs istintaqın ilkin mərhələsində özünü narkotik vasitədən istifadə etdiyi üçün təqsirli bildiyini qeyd etsə də, daha sonra verdiyi ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən evdə - öz otağında istirahət edərkən saxlanılmış, həmin vaxt evdən heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra polis əməkdaşları onu polis şöbəsinə aparmış, orada üzərinə baxış keçirilmiş, lakin heç nə aşkar olunmamışdır. Təkrarən evə gəlib baxış keçirilən zaman isə hazırda ona qarşı ittihamda öz əksini tapan narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Evindən aşkar olunan narkotik vasitə, o cümlədən elektron tərəzi, şüşə flakon və şprislər ona aid olmamış, ora polis əməkdaşları tərəfindən qoyulmuşdur. İbtidai istintaq zamanı ona qarşı təsir və ya təzyiq olmamış, lakin ibtidai istintaq zamanı ifadəsində yazılanları oxumamış, həmin vaxt xəstə olduğundan, temperaturu olduğundan oxumadan həmin ifadələrə imza etmişdir. Odur ki, məhkəmədən barəsində ədalətli hökmün çıxarılmasını xahiş edir. İbtidai istintaqda verdiyi ifadəsində Təqsirləndirilən şəxs özünü CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunan ittihamda təqsirli bilməsə də, göstərmişdir ki, o, Yevlax şəhərində doğulmuş və həmin şəhərdə E.Məmmədov küçəsi ev 40-da yaşamışdır. O, 2021-ci ilin yanvar ayından etibarən narkotik vasitə - heroin istifadə etmişdir. O, heroin istifadə etdikdən sonra bədənindəki ağrılar təxminən bir gün müddətində yox olmuşdur. O, az miqdarda heroini şüşə qabda su ilə qarışdırıb alışqanla qaynatdıqdan sonra tibbi şpris vasitəsi ilə bədəninə vuraraq qəbul etmişdir. O, hər gün üç dəfə, hər dəfə bir qram olmaqla üç qram miqdarında heroin qəbul etmişdir. 09 mart 2021-ci il tarixdə səhər saatlarında o, Yevlax şəhəri Avtovağzalın yaxınlığında yerləşən kafedən çıxıb yaşadığı evə getmişdir. O, yolun kənarında bir ədəd siqaret qutusunun olduğunu görmüşdür. O, qutuda siqaret ola biləcəyini yəqin etmiş və siqaret qutusunu əlinə götürmüşdür. O, siqaret qutusunun içərisinə baxmışdır. O, siqaret qutusunun içərisində bir ədəd qara rəngli və bir ədəd ağ rəngli sellofan bükümdə heroinin olduğunu görmüşdür. O, heroin istifadə etdiyi üçün tapdığı heroini yaşadığı ünvana aparmağı və istifadə etməyi qərara almışdır. O, içərisində iki büküm heroin olmuş siqaret qutusunu cibinə qoyub yaşadığı evə getmişdir. O, həmin heroinləri siqaret qutusunda yaşadığı evin yataq otağına, döşəmənin üzərinə qoymuşdur. Həmin gün saat 21 radələrində o, yaşadığı evdən küçəyə çıxmışdır. Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşıb narkotik vasitə istifadə etdiyini və saxladığını, üzərində şəxsi axtarış aparacaqlarını demişlər. O, üzərində şəxsi axtarış aparılmasına etiraz etməmişdir. Polis əməkdaşları onu polis şöbəsinə gətirib təhqiqatçıya təhvil vermişlər. Təhqiqatçı onu şübhəli şəxs qismində tutmuşdur. O, Yevlax Şəhər Vəkil Bürosunun vəkillərinin siyahısı ilə tanış olub X1 özünə vəkil seçmişdir. Bundan sonra təhqiqatçı Zauru Yevlax Rayon Polis Şöbəsinə dəvət etmiş və ona təqdim etmişdir. Təhqiqatçı hüquq və vəzifələrini izah etmiş və üzərində axtarışa başlamışdır. Bir nəfər polis əməkdaşı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Təhqiqatçı üzərində olmuş qanunsuz əşyaları çıxarıb təqdim etməyi ona təklif etmişdir. O, üzərində hər hansı bir qanunsuz əşyanın olmadığını, lakin narkotik vasitə istifadə etdiyi üçün yaşadığı evdə iki bükümdə heroin saxladığını demişdir. Polis əməkdaşlarından biri onun üzərini yoxlamış, onun üzərindən narkotik vasitə və ya başqa bir qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra o, polis əməkdaşları və müdafiəçisi Zaurla birlikdə Yevlax şəhərində yaşadığı evə getmişlər. O, yataq otağında döşəmənin üzərində saxladığı “West” markalı siqaret qutusunu götürmüş və içərisindən iki büküm heroini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşı qara rəngli bir ədəd və ağ rəngli bir ədəd sellofan bükümü açıb içərisində, həqiqətdən də, heroinin olduğunu görmüşlər. Bundan başqa baxış zamanı polis əməkdaşları həmin otaqdan ona məxsus bir neçə ədəd tibbi şprisi, heroini hazırlayarkən istifadə etdiyi baş hissəsi kəsilmiş bir ədəd şüşə ampulanı və bir ədəd elektron tərəzini götürmüşlər. Təhqiqatçı heroini bükümləri ilə birlikdə elektron tərəzidə çəkmişdir. Təhqiqatçı iki bükümdə olmuş heroini ağ rəngli zərfə qoymuş, zərfin açıq yerini yapışdırmışdır. O və müdafiəçisi Zaur zərfin üzərinə imza çəkmişdir. Təhqiqatçı iki büküm heroini zərflə götürüb tərkibini müəyyən etmək üçün ekspertizaya göndərəcəyini demişdir. Təhqiqatçı tərtib etdiyi protokolu oxumuş, protokol düzgün olduğu üçün o, imzası ilə təsdiq etmişdir. 09 mart 2021-ci il tarixdə saat 23:00 dəqiqədən saat 23:45 dəqiqəyədək olan müddət ərzində yaşadığı Yevlax şəhəri E.Məmmədov küçəsi 40 nömrəli evin yataq otağına Yevlax RPŞ-nin əməkdaşlarının keçirdiyi baxış zamanı döşəmənin üzərindən bir ədəd siqaret qutusunun içərisində aşkar edilərək götürülmüş bir ədəd qara rəngli və bir ədəd şəffaf sellofan bükümlərdə ayrı-ayrılıqda 4,362 qram miqdarında və 1,303 qram miqdarında, cəmi 5,665 qram miqdarında narkotik vasitə - heroin ona məxsus olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, əvvəllər Yevlax RPŞ-nin cinayət axtarış bölməsinin baş əməliyyat müvvəkili vəzifəsində işləmişdır. Hazırda Gədəbəy RPŞ-də Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsində çalışır. Xatırladığı qədər Yevlax şəhərində çalışdığı zaman Yevlax şəhərində yaşamış Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması barədə ona məxfi mənbədən əməliyyat məlumatı daxil olmuş, rəhbərliyə məruzə olunmuş və əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul etmiş, daha sonra özünün də iştirakı ilə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmiş, üzərinə baxış keçirilmiş, lakin üzərində qeyri-qanuni heç nə aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs razılığı ilə yaşadığı ünvana müdafiəçinin iştirakı ilə video çəkilişlə baxış keçirilmiş, bu zaman oradan narkotik vasitə heroin və elektron tərəzi aşkar edilmiş, qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilərək götürülmüşdür. İfadəsinin davamında ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs barəsində əməliyyat-qeydiyyat işinin açılmadığını, əvvəllər ona Təqsirləndirilən şəxs narkotik vasitənin alğı-satqısı ilə məşğul olmasına dair məlumatın daxil olmadığını, daxil olan məlumatların Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğu barədə olduğunu, əgər şəxs narkotik vasitədən istifadə edirsə, adətən həm də satışını həyata keçirdiyini, Təqsirləndirilən şəxs dolanışığını adətən qardaşlarının yardımı ilə təmin etdiyini bildiyini qeyd etmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə birinci instansiya məhkəməsində verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, Yevlax şəhərində yaşamış Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması və satışı ilə məşğul olması barədə ona 09 mart 2021-ci il tarixdə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, Təqsirləndirilən şəxs şəxsiyyəti barədə məlumatları yoxlayaraq xx xxx 1971-ci ildə Yevlax şəhərində doğulduğunu, Yevlax şəhəri E.Məmmədov küçəsi ev 40-da qeydiyyatda olmaqla yaşadığını müəyyən etmişdir. O, daxil olmuş məlumatı həmin gün raportla Yevlax RPŞ-nin rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbirlərinin keçirilməsi, üzərində şəxsi axtarış aparılması və yaşadığı Yevlax şəhəri E.Məmmədov küçəsi ev 40-a baxış keçirilməsi barədə qərar qəbul etmişdir. Həmin günü saat 21 radələrində o, polis əməkdaşları Şahid2 və Şahid3lə birlikdə polis şöbəsindən çıxıb Yevlax şəhəri E.Məmmədov küçəsinə getmiş, Yusifin həmin küçədə olduğunu görmüş və onlar Yusifə yaxınlaşmışlar. O, Yusifə qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması və satışı ilə məşğul olması barədə ona əməliyyat məlumatının daxil olduğunu, Yusifin saxlanılıb üzərində şəxsi axtarış aparılması və yaşadığı evə baxış keçirilməsi üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etdiyini demiş, üzərində şəxsi axtarış, yaşadığı evə baxış keçiriləcəyini izah etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına və evinə baxış keçirilməsinə etiraz etmədiyini demişdir. Təqsirləndirilən şəxs üzərində əvvəlcə şəxsi axtarış aparılması məqsədi ilə o, Samir və İsmayılla birlikdə Yusifi Yevlax RPŞ-nin inzibati binasına gətirib təhqiqatçı Səddam Əsgərova təhvil vermişlər. O, Yusifin gətirilməsi barədə raport yazmışdır. Səddam Əsgərov onun tərtib etdiyi sənədlər əsasında Yusifi şübhəli şəxs qismində tutmuşdur. Yusif Yevlax Şəhər Vəkil Bürosunun vəkili Zaur Bərxudarov tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini demişdir. Bundan sonra X10 RPŞ-nə dəvət edilmişdir. Xidməti iş otağında Səddam Əsgərov onun, Şahid2, Şahid3 və Zaur Bərxudarovun iştirakı ilə Yusifin üzərində şəxsi axtarış aparmışdır. Şəxsi axtarış zamanı Yusifin üzərindən hər hansı bir narkotik vasitə aşkar edilməmişdir. X14 Yevlax şəhəri E.Məmmədov küçəsi ev 40-da yaşadığı otağa baxış keçiriləcəyini izah etmişdir. Yusif yaşadığı otağa baxış keçirilməsinə etirazının olmadığını demişdir. Vəkil Zaur Bərxudarov Yusifin adından yaşadığı otağa baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazmış, Yusif həmin ərizəni imzalamışdır. Bundan sonra o, Şahid2, Şahid3, Şahid4, Səddam Əsgərov, Təqsirləndirilən şəxs və Zaur Bərxudarovla birlikdə Yevlax şəhəri E.Məmmədov küçəsi ev 40 ünvanına getmişlər. Şahid4 kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Səddam Əsgərov iştirakçılarla birlikdə baxışa başlamışdır. Həmin vaxt Yusif həmin evdə yaşadığı otağı göstərmiş və onlar həmin otağa daxil olmuşlar. Baxış zamanı Yusif yaşadığı otaqda döşəmənin üzərindən bir ədəd “West” markalı siqaret qutusunu götürüb təqdim etmiş və içərisində narkotik vasitə - heroin olduğunu demişdir. Bundan sonra həmin siqaret qutusunun içərisindən qara və şəffaf rəngli iki ədəd sellofan büküm aşkar edilmişdir. Yusif iki ədəd bükümdəki maddənin narkotik vasitə heroin olduğunu, heroini yerdən tapıb əldə etdiyini və yaşadığı otaqda saxladığını bildirmişdir. Bundan başqa döşəmənin üzərindən bir ədəd elektron tərəzi, bir ədəd şüşə flakon və bir neçə ədəd şpiris aşkar edilmişdir. Səddam Əsgərov sellofan bükümləri açmış, o, hər iki bükümdəki maddənin heroinə bənzədiyini görmüşdür. Səddam Əsgərov iki ədəd sellofan bükümdəki maddəni elektron tərəzidə çəkmiş, bir ədəd zərfdə qablaşdırmış, möhürləmiş və götürmüşdür. Həmçinin, bir ədəd elektron tərəzi, bir ədəd şüşə flakon və şprislər bir ədəd zərfdə qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması barədə ona məlumat daxil olmuşdur. O, narkotik vasitənin satışı ilə məşğul olmuş və külli miqdarda heroini satmaq məqsədi ilə əldə edərək yaşadığı evdə saxlamışdır. Yusif heç bir faydalı işlə məşğul olmamış və hər hansı bir gəliri olmamış, heroin satışından əldə etdiyi gəliri ilə dolanışığını təmin etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Yevlax şəhəri E.Məmmədov küçəsi ev 40-da yaşamış Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması, üzərində və yaşadığı evdə həmin vasitələrdən saxlaması barədə 09 mart 2021-ci il tarixdə Yevlax RPŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Yevlax RPŞ-nin cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili Şahid1 daxil olmuş həmin məlumatı raportla Yevlax RPŞ-nin rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Bundan sonra Şahid1 Yusifin barəsində əməliyyat tədbirlərinin keçirilməsi, üzərində şəxsi axtarış aparılması və yaşadığı Yevlax şəhəri E.Məmmədov küçəsi ev 40-a baxış keçirilməsi barədə qərar qəbul etmişdir. Daha sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmiş, müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmiş, lakin qanunsuz heç nə aşkar edilməmişdir. Həmçinin yaşadığı evə baxış keçiriləcəyi bildirildikdə, Təqsirləndirilən şəxs etiraz etməmişdir. Polis əməkdaşları müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirmək üçün Yusifin yaşadığı ünvana gedilmiş və sonuncunun qaldığı otağa video çəkilişlə baxış keçirilmişdir. Baxış zamanı Yusif yaşadığı otaqda döşəmənin üzərindən bir ədəd “West” markalı siqaret qutusunu götürüb təqdim etmiş və içərisində narkotik vasitə heroin olduğunu demiş, həmin narkotik vasitəni tapmış, özü istifadəçi olduğu üçün götürüb özündə saxlamış və üzərindən götürərək istifadə etmişdir. Bundan sonra həmin siqaret qutusunun içərisindən qara və şəffaf rəngli iki ədəd sellofan büküm aşkar edilmişdir. Yusif iki ədəd bükümdəki maddənin narkotik vasitə heroin olduğunu, heroini yerdən tapıb əldə etdiyini və yaşadığı otaqda saxladığını bildirmişdir. Bundan başqa döşəmənin üzərindən bir ədəd elektron tərəzi, bir ədəd şüşə flakon və bir neçə ədəd şpiris aşkar edilmişdir. İki ədəd sellofan bükümdəki maddə elektron tərəzidə çəkilmiş, bir ədəd zərfdə qablaşdırmış, möhürləmiş və götürülmüşdür. İş üçün əhəmiyyət kəsb etdiyindən bir ədəd elektron tərəzi, bir ədəd şüşə flakon və şpirislər bir ədəd zərfdə qablaşdırılıb götürülmüşdür. Əldə olunan əməliyyat məlumatına görə Təqsirləndirilən şəxs dolanışığını narkotik vasitənin alğı-satqısı yolu ilə əldə etdiyi pulla təmin etmiş, həmin günü yalnız Təqsirləndirilən şəxs qaldığı otağa baxış keçirilmiş, əvvəllər Təqsirləndirilən şəxs narkotik vasitənin alğı-satqısı zamanı əməliyyat tədbiri ilə saxlanılması mümkün olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Yevlax RPŞ-də kriminalistik tədqiqatlar qrupunun baş inspektoru vəzifəsində çalışır. Qeyd edilən tarixdə Təqsirləndirilən şəxs üzərinə və yaşadığı ünvana baxış keçirilməsini video lentə almışdır. Baxış keçirilən müddətdə heç bir pozuntuya yol verilməmiş, çəkiliş dayandırılmamış, davamlı olaraq aparılmışdır. Üzərinə baxış zamanı heç nə aşkar olunmamış, lakin evinə baxış zamanı narkotik vasitə aşkar olunmuşdur. Belə ki, evə baxış zamanı Yusif həmin evdə yaşadığı otağı göstərmiş və onlar həmin otağa daxil olmuşlar. Baxış zamanı Yusif yaşadığı otaqda döşəmənin üzərindən bir ədəd “West” markalı siqaret qutusunu götürüb təqdim etmiş və içərisində narkotik vasitə heroin olduğunu demişdir. Bundan sonra həmin siqaret qutusunun içərisindən qara və şəffaf rəngli iki ədəd sellofan büküm aşkar edilmişdir. Yusif iki ədəd bükümdəki maddənin narkotik vasitə heroin olduğunu, heroini yerdən tapıb əldə etdiyini və yaşadığı otaqda saxladığını bildirmişdir. Bundan başqa döşəmənin üzərindən bir ədəd elektron tərəzi, bir ədəd şüşə flakon və bir neçə ədəd şpiris aşkar edilmişdir. Səddam Əsgərov sellofan bükümləri açmış, o, hər iki bükümdəki maddənin heroinə bənzədiyini görmüşdür. Səddam Əsgərov iki ədəd sellofan bükümdəki maddəni elektron tərəzidə çəkmiş, bir ədəd zərfdə qablaşdırmış, möhürləmiş və götürmüşdür. O cümlədən, bir ədəd elektron tərəzi, bir ədəd şüşə flakon və şpirislər bir ədəd zərfdə qablaşdırılıb götürülmüşdür. Birinci instansiya məhkəməsində müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilən X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Hadisə baş verən gün Yusif evdə olmuş, polis əməkdaşları gecə saat 10 radələrində qəfildən onların olduğu evin həyətinə daxil olub Yusifin qaldığı otağa keçmişlər. Bir müddət sonra Yusif əliqolu bağlı polis əməkdaşları tərəfindən evdən çıxarılaraq polis şöbəsinə aparılmışdır. Lakin oğlunu aparsalar da, polis əməkdaşlarının bir qismi həyətlərində qalmış və onların da Yusifin otağına keçməsinə icazə verilməmişdir. Xeyli müddətdən sonra polislər yenidən gəlmiş, Yusifi də özləri ilə gətirmişlər. Yusifin qaldığı otaqda çəkiliş edib, sonra çıxıb getmişlər. Birinci instansiya məhkəməsində müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilən X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı oğludur. Hadisə baş verən gün evdə olmuş, onların evi Yusifgilin həyəti ilə hasar qonşusu olmuşdur. Səs-küyə çölə çıxdıqda, Yusifgilin həyətində çoxlu polis görmüşdür. Lakin həmin vaxt Təqsirləndirilən şəxs görməmişdir. Cinayət işinin materiallarında olan: 09.03.2021-ci il tarixli “Raport”dan görünür ki, ünvan 1 ünvanında yaşayan xx.xx.1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, saxlanması, istehlakı və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (cild 01, iş vər. 4). 09.03.2021-ci il tarixli qərardan görünür ki, qeyd edilən tarixdə Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsi, Təqsirləndirilən şəxs saxlanılarkən üzərinə və yaşadığı ünvan 2 ünvanında yerləşən evinə baxış keçirilməsi qərara alınmışdır. (cild 01, iş vər. 5) 09.03.2021-ci il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə axtarış keçirilmiş, axtarış zamanı üzərindən hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmamış, Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu və evində narkotik vasitə saxladığını etiraf etmiş, evinə baxış keçirilməsinə etiraz etməmişdir. (cild 01, iş vər. 25-32) 09.03.2021-ci il tarixli “Ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin ona məxsus olan otağında polis əməkdaşları ilə birlikdə baxış keçirilməsinə etiraz etməmişdir. (cild 01, iş vər. 33) 09.03.2021-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 23:00 dəqiqədən saat 23:45 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs yaşadığı Yevlax şəhəri E.Məmmədov küçəsi ev 40-da ona məxsus yataq otağına baxış keçirilmişdir. Baxış zamanı evin Təqsirləndirilən şəxs məxsus yataq otağından döşəmənin üzərindəki bir ədəd siqaret qutusunun içərisindən bir ədəd şəffaf rəngli və bir ədəd qara rəngli sellofan bükümlərdə narkotik vasitə - heroinə bənzər kütlə aşkar edilmişdir. Bundan başqa həmin otaqdan bir ədəd elektron tərəzi, bir ədəd baş hissəsi kəsilmiş şüşə flakon, dörd ədəd şpiris və üç ədəd şpiris hissələri aşkar edilmişdir. Həmin narkotik vasitə - heroinə bənzər kütlələr “Vends” markalı elektron tərəzidə çəkilmişdir. Həmin narkotik vasitə - heroinə bənzər kütlələr təhqiqatçı Səddam Əsgərov tərəfindən bir ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür. Eyni zamanda bir ədəd elektron tərəzi, bir ədəd baş hissəsi kəsilmiş şüşə flakon, dörd ədəd şpiris və üç ədəd şpiris hissələri təhqiqatçı Səddam Əsgərov tərəfindən bir ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür. Baxış və götürmənin keçirilməsini özündə əks etdirən videoçəkiliş bir ədəd diskə köçürülüb protokola əlavə edilmişdir. (cild 01, iş vər. 35-35) Yevlax Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 5(039)-35/2021 saylı qərarından görünür ki, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşayış evində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri qanuni hesab edilmişdir. (cild 01, iş vər. 95-99) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 10 mart 2021-ci il tarixli 17/188 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs .Təqsirləndirilən şəxs yaşadığı evdə ona məxsus otaqdan ...təqdim etdiyi...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qara rəngli və 01 (bir) ədəd şəffaf sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri – 4,362 qram və 1,303 qram, ümumi təmiz çəkiləri – 5,665 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş heroinlər tərkiblərinə görə eynidirlər. (cild 01, iş vər. 46-49) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X8 Bölməsinin 06 iyun 2021-ci il tarixli 17/403 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs .Təqsirləndirilən şəxs evindən baxış zamanı aşkar edilərək götürülmüş ...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd elektron tərəzidə, 01 (bir) ədəd baş hissəsi kəsilmiş şüşə flakonda, 04 (dörd) ədəd şprisdə və 03 (üç) ədəd şpris hissələrində olan maddə hissəcikləri – heroin hissəcikləridir. Heroin hissəcikləri cüzi miqdarda olduğundan onların təmiz çəkisini müəyyən etmək və təqdim olunmuş heroinlərlə müqayisəli tədqiqatı aparmaq mümkün olmadı. (cild 01, iş vər. 190- 193) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserinin 25 may 2021-ci il tarixli 581 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (cild 01, iş vər. 179) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin 12 aprel 2021-ci il tarixli 186 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil edilən hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs ona şamil edilən hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktini xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olmamışdır. O, hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. (cild 01, iş vər. 180-182) Əməliyyat tapşırığına verilmiş 19 may 2021-ci il tarixli cavab raportundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş 5,665 qram miqdarında narkotik vasitə - heroini əldə edərək saxlaması və həmin heroinin ona məxsus olması barədə ifadəsində göstərdiyi xüsusatlar düzgün olmuşdur. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. Bununla bağlı Yevlax RPŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs heç bir yerdə işləməmiş, heç bir faydalı işlə məşğul olmamış, yalnız narkotik vasitələrin satışından əldə etdiyi gəlirlə dolanışığını təmin etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş bir ədəd elektron tərəzini satdığı narkotik vasitələrin miqdarını müəyyən edərkən istifadə etmişdir. Təqsirləndirilən şəxs 5,665 qram miqdarında narkotik vasitə heroini iki ədəd bükümdə saxlamaqda məqsədi həmin heroinləri satmaq olmuşdur. (cild 01, iş vər. 178) Beləliklə, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Apellyasiya protestinin dəlillərinə gəlincə, məhkəmə kollegiyası bununla razılaşa bilmir. Belə ki, protestdə qeyd edilir ki, Təqsirləndirilən şəxs yaşadığı evdən 2 ədəd bükümdə 4,362 qram və 1,303 qram, ümumi təmiz çəkiləri – 5,665 qram olan narkotik vasitə -heroin, digər avadanlıqlar, xüsusilə üzərində heroin hissəcikləri olan elektron tərəzi aşkar edilib götürülmüşdür. Qeyd edilən hallar, yəni müstəqil qazanc gətirən işi olmayan, gündəlik təlabat malı olmayan, məişətdə mütəmadi istifadə olunmayan qeyd edilən çəkidə olan narkotik vasitə heroini əldə edib yaşadığı evdə 2 bükümdə, digər avadanlıqlar, xüsusililə elektron tərəzi ilə birlikdə saxlaması Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitə olan heroini satış niyyəti ilə əldə etməsini ehtiva edir. Bununla bağlı qeyd olunmalıdır ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürsə də, irəli sürülən ittihamın əsaslılığını yuxarıda qeyd olunanlardan əlavə heç bir sübut növü ilə təsdiq edə bilməmiş, yalnız aşkar olunan narkotik vasitənin çəkisinə, iki büküm halında olmasına və elektron tərəzinin mövcudluğuna görə, yəni ehtimala əsasən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olan heroini məhz satış məqsədi ilə əldə edib evində saxlaması qənaətinə gəlmişdir. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarında göstərimişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən narkotik vasitənin satışını həyata keçirərkən saxlanılmamış, barəsində əməliyyat məlumatı daxil olduğu üçün polis şöbəsinə gətirilərək şübhəli şəxs qismində tutulmuş və üzərinə şəxsi axtarış keçirilərkən heç bir qeyri-qanuni əşya aşkar olunmamış, yalnız yaşadığı evdə qaldığı otaqdan 5,665 qram miqdarında narkotik vasitə - heroin aşkar olunmuşdur. Habelə şahid ifadələrindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-qeydiyyat işi açılmamış, Təqsirləndirilən şəxs əməliyyat nəzarətində olmamış, onun tərəfindən narkotik vasitənin alğı-satqısının həyata keçirilməsi ilə bağlı hər hansı əməliyyat məlumatı əməliyyat qurumunda rəsmiləşdirilməmişdir. Sözügedən narkotik vasitənin satış məqsədi ilə əldə olunmasına gəldikdə isə, məhkəmə hesab edir ki, bu hissədə də ittiham yalnız ibtidai istintaq orqanının ehtimalına əsaslanmışdır. Belə ki, cinayət işinin materiallarında olan sübutlar, o cümlədən aşkar olunan narkotik vasitənin miqdarı, həmin narkotik vasitənin yalnızca iki bükümdə, özü də fərqli çəkidə olan bükümlərdə olması, əvvəlcədən hazırlanaraq xırda-xırda eyni çəkilərdə olan bükümlərə bölünməməsi, digər tərəfdən təqsirləndirilən şəxsin özünün heroindən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkməsi, evdən eyni zamanda heroinin istifadəsini təmin etmək üçün saxlanılan şüşə flakonun və bir neçə şpirisin aşkar olunması onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin evindən aşkar olunan 5,665 qram heroin satış məqsədi ilə deyil, məhz şəxsi istifadə üçün əldə olunaraq saxlanılmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs qaldığı otağa baxış keçirilən zaman aşkar olunan elektron tərəzi də polis əməkdaşları tərəfindən yoxlanılmamış, həmin tərəzinin işlək vəziyyətdə olub-olmaması müəyyən edilməmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı məhz narkotik vasitənin miqdarının çoxluğunu nəzərə alaraq, işlək vəziyyətdə olması müəyyən edilməyən elektron tərəzinin də mövcudluğu əsas götürülərək, əlavə sübutlar toplamadan, real satış həyata keçirilərkən Təqsirləndirilən şəxs saxlamadan, digər əməliyyat tədbirləri keçirmədən, yalnız ehtimala əsaslanmaqla Təqsirləndirilən şəxs qarşı CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürmüşdür. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlini CM-in 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə tövsif edərkən səhvə yol verməmişdir. Cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri ..hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən edir. Hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 9.1.3, 33.1 və 33.2-ci maddələri). Məhkəmə kollegiyası belə nəticəyə gələrkən təqsirləndirilən şəxsin məhkəmə kollegiyası və birinci instansiya məhkəməsində verdiyi ifadələrə, şahid ifadələrinə, ekspert rəylərinə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar işin faktiki hallarına uyğun olduqları və biri digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Həmin qərarda daha sonra göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, cinayətin düzgün tövsifinin mühüm sosial-siyasi və hüquqi əhəmiyyəti vardır. Düzgün olmayan tövsif təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Məhkəmələr hökm çıxararkən əməldə cinayət tərkibinin olmasını və təqsirkar tərəfindən törədilən cinayətin qanunun məhz hansı maddəsilə nəzərdə tutulduğunu aydınlaşdırmalıdırlar. Kollegiya təqsirləndirilən şəxsin ifadələrində və apellyasiya şikayətində ona qarşı CM-in 234.1-ci maddəsi ilə irəli sürülən cinayət əməlini törətməməsi barədə gətirdiyi dəlilləri və inkaredici fikirləri cinayət işi üzrə toplanmış digər sübutlarla müqayisə və təhlil edərək belə nəticəyə gəlir ki, bu dəlillərin heç bir əsası yoxdur və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs və onun müdafiəçisi qeyd olunan cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini mübahisələndirsələr də, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) mаddələrinin tələblərinə əməl edilərək, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona bəraət verilməsi və cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrə, şahid ifadələrinə, ekspert rəylərinə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar işin faktiki hallarına uyğun olduqları və biri digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmələrdə verdiyi ifadəsində ona qarşı irəli sürülən cinayət əməlini törətmədiyini bildirsə də, bunun əksinə olaraq cinayət işində olan şəxsi axtarış və maddi sübutun götürülməsi barədə protokoldan (i. v 31), izahatından (i. v 39), 11 mart 2021-ci ildə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsindən (i. v. 69-73), barəsində qətimkan tədbirinin seçilməsi ilə əlaqədar Yevlax Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında verdiyi izahatdan (i. v. 89) görünür ki, Təqsirləndirilən şəxs evindən aşkar edilmiş narkotik vasitə olan heroinin ona məxsus olmasını və cinayət törətdiyini etiraf etmişdir. Bundan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserinin 25 may 2021-ci il tarixli 581 nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Bunlardan əlavə, tqsirləndirilən şəxs Təqsirləndirilən şəxs polisin təzyiqi ilə etmədiyi cinayət əməlini boynuna götürməsini bilidrsə də, ancaq bununla bağlı heç bir dövlət orqanına şikayət etməməsi və barəsində qətimkan tədbiri seçilərkən də, Yevlax Rayon Məhkəməsində bu barədə heç bir fikir səsləndirməməsi belə qənaətə gəlməyə əsas verir ki, onun bu dəlilləri cinayət məsuliyyətin və cəzadan kənarda qalmağa yönəlmiş cəhdlərdir. Digər tərəfdən, cinayət işinin materiallarında olan baxış keçirilməsi haqqında protokoldan və ona əlavə olunan CD diskdə öz əksini tapan videogörüntülərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşadığı evə vəkilin də iştirakı ilə sonuncunun razılığı əsasında və iştirakı ilə baxış keçirilmiş, baxış zamanı narkotik vasitələrlə yanaşı, bir ədəd elektron tərəzi, bir ədəd baş hissəsi kəsilmiş şüşə flakon, dörd ədəd şpiris və üç ədəd şpiris hissələri aşkar olunaraq götürülmüşdür. Həmin baxış keçirilən zaman Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən prosessual hərəkətin qanunvericiliyinin pozulması ilə keçirildiyi ilə bağlı hər hansı bir irad bildirilməmiş, narkotik vasitələrin və tərəzinin polis əməkdaşları tərəfindən qoyulduğu göstərilməmiş, təqsirləndirilən şəxs müvafiq olaraq tərtib olunan protokol və qablaşdırmaları imzalamışdır. Bundan başqa, müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilən şəxslər tərəfindən təqsirləndirilən şəxsin birinci instansiya məhkəməsində verdiyi ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə gəlincə, kollegiya qeyd edir ki, həmin şəxslər heç də neytral deyillər, əksinə təqsirləndirilən şəxsin yaxın qohumlarıdır və ona qarşı müdafiə xarakterli ifadə vermələri təbiidir. Ona görə də onların iş üzrə verdiyi ifadələrin işin həqiqi halları ilə təsdiq olunmamasına görə məhkəmə kollegiyası bu ifadələri təqsirləndirilən şəxsin vəziyyətini yüngülləşdirməyə yönəlmiş təəssübkeşlikdən irəli gələn cəhd kimi qiymətləndirir və mötəbər sübut kimi qəbul etmir. Beləliklə, Təqsirləndirilən şəxs ona israr edilən cinayət əməlini törətməməsi barədə göstərdiyi xüsusatlar məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Əksinə, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı verdiyi ifadələr, şahidlərin ifadələri, habelə işdə olan digər sübutlarla tam təsdiqini tapır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə bir-birini tamamlayır. Sübutlar arasında heç bir uyğunsuzluq və ziddiyyət yaranmır. Təqsirləndirilən şəxsin apellyasiya şikayətində və məhkəmələrdə verdiyi ifadələrində göstərdiyi xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiqini tapmır. Bütün bunlar isə belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.1-ci maddəsinin tərkibi vardır, apellyasiya şikayətinin təmin edilib ona bəraət verilməsi üçün heç bir əsas yoxdur. Belə ki, CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. İbtidai istintaq zamanı toplanmış, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətmişdir. Ona məhkum olunduğu CM-in 234.1-ci maddəsi ilə bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Apellyasiya şikayətinin bütün dəlilləri əsassızdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən də göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı CM-in 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini müzakirə edərək qiymətləndirdiyi bütün halları kifayət qədər nəzərə almış və ona bu halların məcmusuna uyğun olan qanuni və ədalətli cəza təyin etmiş, təyin etdiyi cəzanın növünü və həddini, habelə cəzaçəkmə müəssisəsinin növünü düzgün müəyyən etmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (CM-in 1.2 və 2.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir (CPM-in 399.1.5-ci maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). CM-in 5.1-ci maddəsinə əsasən, əməlin cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir (CM-in 58.1-ci maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq, Təqsirləndirilən şəxs israr olunan cinayəti törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası CPM-in 392.3-cü maddəsinə uyğun olaraq, apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib, apellyasiya protestinin və apellyasiya şikayətinin təmin olunması üçün qanuni əsaslar tapmayaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.1-ci maddəsinin tərkibi vardır, apellyasiya protestinin və apellyasiya şikayətinin dəlilləri konkret sübutlarla təsdiq edilməyən fərziyyə və mülahizələrdən ibarətdir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Bununla yanaşı məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 4, 9.2.3 və 9.3-cü bəndlərini tətbiq edilməklə, təyin edilmiş cəzanın 6 (altı) ay azaldılmasını mümkün bilir. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarına əsasən məhkəmələr: Həmin qərarın 4-cü bəndinə əsasən, bu Qərarın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan şəxslərdən başqa, 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzalarının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olduqda, çəkilməmiş cəza 6 ay azaldılsın (bu Qərarın 10cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin qərarın 5-ci bəndinə əsasən, bu Qərarın 2.5-ci bəndində nəzərdə tutulan şəxslərdən başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olduqda, çəkilməmiş cəza 1 il azaldılsın (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin qərarın 9.2.3-cü bəndinə əsasən, bu Qərarın 4-cü və 5-ci hissələrində nəzərdə tutulmuş şəxslərin cəzalarını azaldır (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); Həmin qərarın 9.3-cü bəndinə əsasən, icraatlarında olan apellyasiya və ya kassasiya şikayətləri (protestləri) üzrə işlərə baxarkən bu Qərarın 9.1-ci və 9.2-ci bəndlərinin müddəalarına müvafiq olaraq amnistiya tətbiq edir. Həmin qərarın 30-cu bəndinə əsasən, apellyasiya şikayəti və ya protesti verilmiş qanuni qüvvəyə minməmiş hökmlər üzrə şəxslərə amnistiya həmin şikayətlərə və ya protestlərə apellyasiya instansiyası məhkəmələrində baxılarkən tətbiq edilir. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq bu nəticəyə gəlir ki, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və Təqsirləndirilən şəxs müdafiəçisi X11 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli 1(091)-160/2021 nömrəli hökmü baxılmış apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətində dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 4, 9.2.3, 9.3 və 30-cu bəndləri tətbiq edilməklə, Təqsirləndirilən şəxs hazırkı hökmlə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş əsas cəza olan 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 6 (altı) ay azaldılaraq üzərində qəti olaraq 04 (dörd) ay 25 (iyirmi beş) gün müddətə dövlət orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407-410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və Təqsirləndirilən şəxs müdafiəçisi X11 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli 1(091)-160/2021 nömrəli hökmü baxılmış apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 4, 9.2.3, 9.3 və 30-cu bəndləri tətbiq edilməklə, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli 1(091)-160/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş əsas cəza olan 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 6 (altı) ay azaldılaraq üzərində qəti olaraq 04 (dörd) ay 25 (iyirmi beş) gün müddətə dövlət orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində müəyyən olunmuş müddətlərdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-409/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-409/2021
16.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver