Məhkəmə qərarları › İş №1(107)-414/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-414/2021

16.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-414/2021 16.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Eyvazov Akif Məhərləm oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci, maddələri məhkum edilmələrinə dair Şəki Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 1(075)-3/2021 nömrəli məhkum Təqsirləndirilən şəxs1 göstərilən hüquqi yardıma görə vəkilə dövlət büdcəsi hesabına vəsaitin ödənilməsi barədə qərarından Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 1(075)-3/2021 nömrəli qərarı ilə onun 30 saat müddətində hüquqi yardım göstərməsi ağlabatan hesab edilmiş və 180 manat vəsaitin onun hesabına köçürülməsi qərara alınmışdır. İşin halları: Təqsirləndirilən şəxs məhkum Təqsirləndirilən şəxs1 dövlət vəsaiti hesabına təyin edilmiş müdafiəçisi Müdafiəçi2 Şəki ŞRPŞ-nə təqdim etdiyi hesabatında bununla bağlı 45 saat vaxt sərf etdiyini göstərmiş və göstərdiyi hüquqi yardıma görə 270 manat xidmət haqqının dövlət büdcəsinin vəsaiti hesabına onun hesabına köçürülməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Həmin qərardan narazı qalan Müdafiəçi2 apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və hesabatının tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o birinci instansiya məhkəməsinin qərarı ilə razı deyildir. Belə ki, ibtidai istintaq zamanı hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs1 həbsdə olmuş və səhhətində baş vermiş ağırlaşmalarla əlaqəli müalicə müəssisəsinə göndərilmişdir. Onun ibtidai istintaq zamanı pandemiya ilə əlaqədar etap edilməsi mümkün olmadığından 2020-ci ilin aprel ayında müstəntiqlə birlikdə Bakı şəhərinə getmiş və müalicə müəssisəsində təqsirləndirilən şəxslə görüşmüşdür. Gedibgəlməyə iki gün vaxt sərf etmişdir. Göstərdiyi hüquqi yardım sadəcə iş materiallarındakı saatlarla kifayətlənmir. Belə ki, vəkilin sərf etdiyi vaxta həmçinin onun məhkəmə iclaslarına, istintaq orqanına gəlib-getmə vaxtı, hazırlaşması, hüquq ədəbiyyatları ilə tanış olması vaxtı, hüquqlarını müdafiə etdiyi şəxslə konfidensial ünsiyyət qurma vaxtı və yol xərci daxildir ki, bununla əlaqədar vəkilin sübut təqdim etməsi mümkün deyildir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar Apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız Apellyasiya şikayətinin və ya Apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi Apellyasiya instansiyası məhkəməsi tərəfindən Apellyasiya şikayətinin və ya Apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.4-cü maddsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək hesab edir ki, aşağıdakı əsaslara görə məhkum Təqsirləndirilən şəxs1 göstərilən hüquqi yardıma görə vəkilə dövlət büdcəsi hesabına vəsaitin ödənilməsi barədə qərardan Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 1(075)-3/2021 nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 92.9.24-cü maddəsinə əsasən cinayət prosesinin gedişində şübhəli və ya təqsirləndirilən şəxsə hüquqi yardım göstərildikdə müdafiə etdiyi şəxsin hesabına, hüquqi yardım pulsuz göstərildikdə isə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına haqq almaq hüququ vardır. Həmin Məcəllənin 193.1-ci maddəsinə əsasən Müdafiəçi tərəfindən şübhəli və ya təqsirləndirilən şəxsə göstərilən hüquqi yardım müdafiəçi ilə müdafiə olunan şəxs arasında razılaşdırılmış şərtlər əsasında müdafiə olunanın hesabına ödənilir. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.3-cü maddəsinə əsasən Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Həmin Məcəllənin 193.4-cü maddəsinə əsasən Şübhəli və ya təqsirləndirilən şəxs müdafiəçidən imtina etdikdə və bu imtina cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilmədikdə, cinayət prosesində iştirak edən müdafiəçinin hüquqi yardımı göstərilən şəxslər üçün məhkəmənin qərarı əsasında pulsuz, Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2—193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 2, maddə 110, № 7, maddə 512; 2002, № 9, maddə 580; 2005, № 6, maddə 559; 2006, № 8, maddə 730; 2009, № 9, maddə 755; 2010, № 1, maddə 67; 2016, № 12, maddə 2230; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 fevral tarixli 59 nömrəli qərarı) 1-ci hissəsində “2” rəqəmi “ 6” rəqəmi ilə əvəz edilsin. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki məhkum Təqsirləndirilən şəxs1 göstərilən hüquqi yardıma görə vəkilə dövlət büdcəsi hesabına vəsaitin ödənilməsi barədə qərardan Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayət qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 1(075)- 3/2021 nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilməli, məhkum Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı Müdafiəçi2 tərəfindən göstərilən hüquqi yardım 35 saat müəyyən edilməlidir. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Məhkum Təqsirləndirilən şəxs1 göstərilən hüquqi yardıma görə vəkilə dövlət büdcəsi hesabına vəsaitin ödənilməsi barədə qərardan Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 1(075)-3/2021 nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı Müdafiəçi2 tərəfindən göstərilən hüquqi yardım 35 saat müəyyən edilsin və göstərilmiş hüquqi yardıma görə dövlət hesabına 210 manat vəsait Müdafiəçi2 "xxxx" KB ASC-nin Şəki şəhər filialındakı AZ43UBAZ**********1040AZN001 saylı, VÖEN: ********** hesabına köçürülsün. "xxxx" KB ASC-nin Şəki şəhər filialındakı bank rekvizitləri: benefisiar bankın hesab nömrəsi AZ46NABZ********************, Kod 502531, VÖEN: **********, SWİFT UBAZAZ22 Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar