Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-418/2021 23.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Eyvazov Akif Məhərləm oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin prokuroru, kiçik ədliyyə müşaviri X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X6 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1, 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 1(091)-122/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən R. Əliyev, məruzəçi hakim B.Məmmədov) 07 sentyabr 2021-ci il tarixli, 1(091)-122/2021 nömrəli hökmü ilə, xx xxxxxx 1971-ci ildə Vartaşen (Oğuz) rayonu, Bayan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Oğuz rayonu, Bayan kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində "xxxx" qətimkan tədbiri seçilmiş, hazırda X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 234.4.3-cü maddələri ilə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 237.2.3-cü maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan cəzalar qismən toplanaraq ona qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs barəsində CM-in 188.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsi, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, Cəza çəkmə müddətinin başlanğıcının həbsə alındığı 13 sentyabr 2020-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş "xxxx" qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılması, iş üzrə məhkəmə məsrəfi olan 64,80 AZN (altmış dörd manat, səksən qəpik) ekspertiza xərcinin Təqsirləndirilən şəxsdan tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi, iş üzrə maddi sübut olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan 48199 qram və 1599,95 qram narkotik vasitə olan qurudulmuş marixuana, 76 ədəd çətənə (kannabis) bitkisi və 156 ədəd çətənə (kannabis) bitkisinin məhv edilməsi, iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməsi və yaşadığı yer üzrə ərazi narkoloji kabinetində qeydiyyata alınması hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs CM-in 188.1, 234.4.3 və 237.2.3-cü maddələri ilə ittiahm edilmişdir ona görə ki, o satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə etmək məqsədi ilə 2020-ci ilin aprel ayının əvvəllərində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin X10 X4 Meşəbəyliyinə məxsus olan və 29.11.2019-cu il tarixli 07 nömrəli «meşə fondu torpaqlarının icarəyə verilməsi barədə» müqaviləyə əsasən Zərərçəkmiş şəxs 15 il müddətinə icarəyə verilmiş Oğuz rayonu ərazisində yerləşən torpaq sahəsində qanunsuz olaraq külli miqdarda, yəni 232 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri əkib aqrotexniki qaydada qulluq göstərərək yetişdirməklə kultivasiya etmiş, həmin çətənə bitkilərinin 156 ədədinin hissələrini istintaqa məlum olmayan vaxtda və şəraitdə toplayıb qurutmaqla satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 49800 qram narkotik vasitə olan qurudulmuş marixuana hazırlayıb əldə etdikdən sonra həmin narkotik vasitə marixuananın 48200 qramını həmin ərazidə, qalan 1600 qramını daşıyaraq Oğuz rayonu, Bayan kəndindəki yaşadığı evin həyətində olan yardımçı tikilidə saxlamış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 şöbəsinin əməkdaşları tərəfindən 13 sentyabr 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 01:20-də yaşadığı evin qarşsısında saxlanılmış və baxış zamanı fərdi yaşayış evinin həyətində olan yardımçı tikilinin içərisindəki su çəninin üzərindən sintetik torbada külli miqdarda, ümumi təmiz çəkisi 1600 qram narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 şöbəsinin əməkdaşları tərəfindən 13 sentyabr 2020-ci il tarixdə saat 11:50-də Zərərçəkmiş şəxs icarə müqaviləsi əsasında istifadəsində olan, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin X10 Təsərrüfatı Mərkəzinə məxsus torpaq sahəsinə baxış keçirilərkən həmin ərazidə xüsusi qulluq göstərilərək yetişdirilib kultivasiya edilmiş 46 ədəd təmiz çəkisi 2400 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri, 156 ədəd təmiz çəkisi 11400 qram 10-20 sm gövdələri və kökləri olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri və 30 ədəd təmiz çəkisi 1600 qram kökü olmayan, mərkəzi gövdə hissəsi, kənar budaqları və yarpaqları olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri və həmin sahədə çətənə bitkilərinin hissəciklərinin yığılıb qurudulması nəticəsində əldə edilmiş külli miqdarda, ümumi təmiz çəkisi 48200 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Şəki Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 1(091)-122/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cinayət işinə düzgün hüquqi qiymət verməyərək ona ağır cəza vermişdir. Onun adına olan istifadə etmədiyi torpaqda yabanı halda bitən 48 kq marixuananı əsassız olaraq onun adına rəsmiləşdirmişlər. İlk dəfə məhkum olunmasını, himayəsində 2 azyaşlı övladının olmasını, ailəsinin yeganə gəlir gətirən şəxsi olmasını, həyat yoldaşının xəstə olmasını nəzərə alaraq barəsində ədalətli və humanist qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs müdafiəçisi X9 apellyasiya şikayətinin təmin edilməsini və təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlilləri ilə bağlı fikrini bildirən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanın həddən artıq sərt olduğunu qeyd edərək, apellyasiya şikayətinin təmin edilməsini, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X8 hökmün qanuni və əsaslı, təyin edilmiş cəzanın isə ədalətli olduğunu göstərib, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 1(091)-122/2021 nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar Apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız Apellyasiya şikayətinin və ya Apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi Apellyasiya instansiyası məhkəməsi tərəfindən Apellyasiya şikayətinin və ya Apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, Apellyasiya şikayətinin və ya Apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin və müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 1(091)-122/2021 nömrəli hökmü ona münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətində Təqsirləndirilən şəxs CM-in 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi mübahisələndirilməsə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, Təqsirləndirilən şəxs əməlinin CM-in 188.1, 234.4.3 və 237.2.3-cü maddələri ilə, düzgün tövsif etmişdir. Çünki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Sadalanan sübutlar məhkəmənin hökmündə ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə həmin sübutların yenidən təsvir və şərh olunmasına zəruriət görmür. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hazırda araşdırılan işdən bəlli olur ki, təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı ədalətli hesab etməyərək, daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Lakin, məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini əsaslı saymır. Çünki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin ictimai təhlükəli xarakterini, nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-in 58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə, (CM-in 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə, CM-in 237.2.3cü maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur) qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 oktyabr 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən cəzadan da yüngül cəzanın təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühavizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Həmçinin, ümumilikdə götürdükdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri bəlaya çevrilərək fiziki mənada ayrı-ayrı xalqların genofonduna, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbələr vurur, qarşısının alınması külli miqdarada xərclər bahasına böyük çətinliklər yaradır. Məhz buna görə də X3 1961-ci il “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il “Psixotrop maddələr haqqında” və 1988-ci il “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarda narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. Azərbaycan Respublikası bu konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür. Belə olan halda, məhkəmə kollegiyası Şəki Ağır Cinayətlər Məhkəməsinin məlum hökmünün qanunsuz, əsassız və ədalətsiz olması barədə apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, Təqsirləndirilən şəxs CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayət təmin edilməməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 1(091)-122/2021 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 1(091)- 122/2021 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-418/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-418/2021
23.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver