Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-42/2021 30.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X9 iclas katibliyi xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3, onun müdafiəçisi Müdafiəçi, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X16 və onun müdafiəçisi X8 iştirakı ilə X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 148-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmdən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X16 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin (hakim P.Hacıyev) xx xxxxxxx 2020-ci il tarixli hökmü ilə xx xxxxxx 1957-ci ildə Şəki şəhərində аnаdаn оlmuş, Аzərbаycаn Respublikаsının vətəndаşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan X12 CM-in 148-ci maddəsi ilə təqsirli bilinib, bir min beş yüz manat miqdarında cərimə edilməsi, əməlində cinayət tərkibi olmadığına görə isə CM-in 147.1-ci maddəsi ilə ona bəraət verilməsi, xx xxxx 1975-ci ildə Şəki şəhərində аnаdаn оlmuş, Аzərbаycаn Respublikаsının vətəndаşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 2 ünvanda yaşayan X4 təqsiri sübuta yetmədiyinə görə CM-in 147.1 və 148-ci maddələri ilə bəraət verilməsi, xx xxxxxx 1967-ci ildə Şəki şəhərində аnаdаn оlmuş, Аzərbаycаn Respublikаsının vətəndаşı, evli, ali təhsilli, ünvan 3 ünvanında pаspоrt qeydiyyatında оlmаqlа, ünvan 4an X13 əməlində cinayət tərkibi olmamasına görə CM-in 147.1 və 148-ci maddələri ilə bəraət verilməsi, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən, bəraət almış şəxslərə qanunsuz məhkəməyə verilmələri və təqsirləndirilən şəxs qismində cəlb edilmələri nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydasının izah edilməsi, iş üzrə maddi sübut kimi tanınmış X12 çəkilişi əks olunmuş bir ədəd diskin iş materiallarında saxlanılması, X10 150 manat ekspertiza xərcinin tutularaq dövlət büdcəsinə (Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, X5 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22) keçirilməsi müəyyən edilmişdir. Hökmdən barəsində təqsirləndirilən şəxs Ülfət Xəlilov apellyasiya şikayəti vermişdir. Hökmdən xüsusi ittihamçı tərəfindən apellyasiya şikayəti və verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X16 ona görə təqsirləndirilmişdir ki, о xx xxx 2019-cu il tarixdə, saat 12 radələrində özünü yandırmaq yolu ilə intihara cəhd etdiyini göstərmək istəmiş, həmin vaxt bazarda işləyən şəxsləri və orada olan şəhər sakinlərini başına toplayaraq kütləvi çıxış edib X2 böhtan atmış, onun şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları yaymış, guya Ülfət Xəlilovun yerini 10 min manata satmış, onu “terrorist” adlandırmış və s. bu kimi böhtanlar atmış, həmçinin onu təhqir etmiş, beləliklə şərəf və ləyaqətini nalayiq formada alçaltmışdır. Həmin kütləvi çıxışında X16 onun ünvanına “şərəfsiz köpək uşağı”, “qeyrətsiz köpək uşağı”, “şərəfsiz”, “mal dəyənəyi”, “donquz köpək oğlu”, “qeyrətsiz”, “namussuz köpək uşağı”, “haranınsa quçiyi gəlib mənim əlimdən alır” və “müdir terroristdir” kimi nalayiq, şərəf və ləyaqəti alçaldan ifadələr işlətmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Təqsirləndirilən şəxs Ülfət Xəlilov apellyasiya şikayətində və ona əlavədə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmünün ona aid hissədə ləğv edilməsini və barəsindəki cinayət işinə xitam verilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyаsının iclаsındа təqsirləndirilən şəxs Ülfət Xəlilov özünü ona qarşı irəli sürülən ittihamda təqsirli bilməyərək demişdir ki, bu insan bazara gəldikdən sonra bazar camaatının qara günü başlayıb. 1986-cı ildən bəri 33 ildir bazarda işləyirəm, əliləm. Şərəfsiz demək təhqir eləməkdir? Bəli mən demişəm, şərəfsiz. Vəkil deyir ki, mən guya camaatı yığıb çıxış eləmişəm. Hamısı yalandır. Təcili yardım gəlib, mən özümdə olmamışam. 3 saat xəstəxanada olmuşam. Sonra məni və Eldənizi Şəki ŞRPŞ-nin rəisi və rayon prokuroru çağırıb. Orada ona dedilər ki, vətəndaşın yerini ver. Eldəniz də razılaşıb deyib ki, mən onun yerini verərəm, amma olar ki, 3-4 ay sonra verim, o biri qəssablar bilməsin. Oradan gəldikdən 5-6 gün sonra bu adam məni çağırıb deyib ki, Ülfət nə olubsa kənara qoyaq, sənin yerini verim işləyək. Mən də demişəm baş üstə. Təzədən mən həmin yerə işıq çəkdirmək istəmişəm. Ona görə məndən əlavə 100 manat pul alıb. Bir müddət sonra mənə məktub gəlib ki, sən müdiri təhqir etmisən, sən müdiri söymüsən. Bazar bağlanan günü, mən nəinki bazarda, heç Şəkidə olmamışam. Müdir deyir ki, guya mən camaatı yığıb çıxış edirəm ki, ət kəsilən zonaya girməyin. Kim ora getsə “kişi deyil”. Bazarda 75 nəfər qəssab var. Mən onların böyüyəm ki, onlara tapşırıq verim? Bundan onra keçən il 4 may tarixində məhkəməyə gələn gün bu adam məni polis şöbəsinə çağırıb. Ona görə ki, guya mən müdirin işçisi Səhraya xanımın ailəsinə söyüşlər söymüşəm. O, bunların hamısını mənə dükan verdiyinə görə edib. Düzdür mən dükana pul verməmişəm, amma ki, onun bütün əməlləri qanunsuzdur. Obyektlərdən 10 min manat pul alır. Qanunda var ki, 8 kvadrat metrin qarşısı boş olmalıdır. Amma bütün obyektlərin qarşısına meyvə tərəvəz satanları yerləşdirir. Mən o sözü demişəm ki, mənim dükanımın qarşısında meyvə tərəvəz satanlar olmasın. Elə bu səbəbdən məsələ böyüyüb, guya mən Səhraya xanımı, onun ailəsini təhqir eləmişəm. Bu adam heç kimi bazarda işləməyə qoymur. Hərəyə bir bəhanə tapıb kənarlaşdırır. Bütün camaat ondan narazıdır. Qərardan narazıyam ona görə ki, məhkəmə mənə 1500 manat cərimə yazıb. Hər yerdə deyilir ki, cərimə yazılan vaxt şəxsin maddi vəziyyəti nəzərə alınmalıdır. Eldəniz mənə terrorist deyir, deyir ki, mən siyasi partlayış edirəm, mən bunlar barədə prokurorluğa da ərizə yazmışam. Heç prokurorluq da bu işi araşdırmayıb. Bəli, mən ona “şərəfsiz” demişəm. O adam şərəfsizdir, şərəfsizdir. Onun vəkili də cinayətkardır, ona görə ki, belə cinayətkar adamı məhkəmədə müdafiə edir. Bu işin axırına qədər gedəcəm. Bütün halları sübut edəcəm. Nəsə bir iş olsa, yenə o hərəkəti edəcəm. Mən əməliyyat olunub gələndən sonra görmüşəm ki, mənim yerimi başqasına satıb. Ondan yerimi tələb eləmişəm. Bunları sözü bir deyil, iki deyil, bu məsələyə görə guya mən müdirin işçisi Zöhrəni maşına qoyub orada ona qarşı bıçaq çəkib hədələmişəm. Eldəniz harınlayıb. O, məni ölüm həddinə çatdırıb, ona CM-in 125-ci maddəsi ilə iş açılmalı, mənə haqsız yerə yazılan cərimə siliməlidir. Mən təqsirli deyiləm. Mən ona “şərəfsiz” demişəm, yenə də kişi kimi deyirəm ki, o, şərəfsizdir, şərəfsizdir, yenə də şərəfəsizdir. Bundan başqa, o verilən suallara cavab olaraq demişdir ki, onun ünvanına heç bir söz deməmişəm. Mən özümü, o mənə yer verəndən sonra yandırmamışam. Özümü yandırandan sonra mənə yer verilib. Məhkəmə kollegiyаsının iclаsındа ifadə verən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 bildirmişdir ki, əslində bu məsələ bu qədər uzanmalı deyildi. Çünki, Ülfət bəy bazarda vaxtilə qəssab işləyib. Mən 2010-ci ildən bazardayam. Ondan əvvəl də Ülfətin bazarda işlədiyini görmüşəm. Sonra 3-4 il gedib taksi fəaliyyəti ilə məşğul olub. Zöhrə xanım barədə sözlər deyir, o, bazarda 40 ilin nəzarətçisidir. Onların arasında nə söz-söhbət olub bilmirəm, hansı ki, məhkəmədə işləri olub və 100-150 manat cərimə edilib. Ülfətə bazarda yeni müasir tikilmiş qəssab altı açıqlarında istədiyi yeri hansı ki, soyuducunun yanında yer istəmişdi, ona o yeri vermişəm. Onun da mənə sözü o olub ki, “Allah balalarını saxlasın.” Mən də demişəm ki, bazarda ondan rüsum almayın, aylıq 30 manatdır. X11 əsasən, ət kəsən qəssablar əti kəsim məntəqələrində kəsməli idi. Bazarda olan qəssablar buna öz narazılıqlarını bildirdilər. Narazılığa səbəb orda kəsilən hər heyvana görə rüsum ödənilməli idi. Onların icarə haqqı 40 manat idi. Oradakı rüsum isə 10 manat idi. Qəssablara rüsumu bir qədər azaltdılar ki, onlar kəsim məntəqəsində ət kəsməyə maraqlı olsunlar, o cümlədən mən də icarə haqqını aylıq 40 manatdan 30 manata endirdim. Kollektiv şəkildə razılıq olsa da, fərdi halda kəsim məntəqəsində az qəssab ət kəsir. Digərlərinə bu sərf etmədi, çünki kəsim məntəqəsində hər ətə müvafiq möhür vururlur. Bununla bağlı qəssablar televiziya əməkdaşları çağırdılar, çıxış etdilər, “bazar rəhbəri özü üçün yer tikib oradan pul götürür” dedilər. Ülfətin iddia etdiyi yer barədə onu deyim ki, bazarda heç kimin yeri yoxdur, o yer bazara məxsusdur. Şəxs bizlə icarə müqaviləsi bağlayıb, orda göstərilən qaydalara əmək etmək şərti ilə istifadə edə bilər. Ülfət ondan istifadə etmədi, yer istədi, dedik ki, səbrli ol, yer təşkil ediləcək. Amma o deyilənə baxmadı, getdi həmin yerin qarşısına nömrə yazdı, “bu yerə heç kim düşməsin, bu yerə düşəni Allah da mənim əlimdən ala bilməz” və s. tipli yazılar yazmağa başladı. Bütün bunların fotoşəkilləri və videogörüntüləri var. Bütün bunlar davam edə-edə mən hüquq mühafizə orqanlarına müraciət etdim. “Siyasi partlayış, terrorist demişəm” deyir, xeyr, demişəm ki, sosial partlayışa zəmin yaradır, bazar camaatın kütləvi yığışdığı bir yerdir. Ülfət bazarda bazar açır, söz-söhbət yaradır. Mənim müraciət etməkdə məqsədim o olub ki, vətəndaşı çağırın maarifləndirin, onun istəyi nədir, onsuzda ona şərait yaradılacaq. O, bunlara da məhəl qoymadı. Ona deyilənləri özü düşündüyü kimi başa düşüb, bazarda həmin hadisəni törətdi. Həmin gün mən idarədə idim. Onun orada elədiklərini televiziyada verdilər, minə yaxın baxış oldu, orda dediyi ifadələri də hazırda etiraf edir. Qəssabların əsas dərdi heyvanları özləri istədiyi kimi kəsib satmaq olub. Bundan başqa, bazarda icarəçi icarəyə verilən hissəni subicarəyə verə bilməz. Bunu da etiraf edirəm, o kimlərəsə öz yerini 150 manata arendaya verib, ona da səsimi çıxarmamışam ki, işləsin. Bundan əlavə, kənddən gəlib dükanın qarşısında mallarını satan adamları təhqir edib. Həmin insanların idarədə şikayət məktubları da var. Mən onları irəli getməyə qoymamışam. Amma Ülfət bəy elə hesab edir ki, mən kimlərisə maarifləndirirəm ki, ona qarşı dursunlar. Elədiyi hərəkətlər göz qabağındadır. Bazarda icarə haqqını vermədən işləyib, işıq, su və s. bunlardan rahat istifadə edib, səsimi çıxarmamışam ki, işləsin. Amma bu insan dayanmır. Bu insanın işi peşəsi bu sözləri hər yerdə deməkdir. Bura məhkəmə zalıdır. Məhkəmə zalında da o bu sözləri deməkdən çəkinmir. Mənim də səbrimin bir həddi var. Mən 11 ildir bazarda işləyirəm, hər kəs məndən razı qala bilməz bu təbiidir. Bu insan əlinə dəftər alıb bazarın içində sorğu keçirir ki, kim nə qədər icarə haqqı verir. İnsanlar da onu məsxərəyə qoyur. Ona dedilər ki, sən ikinci qrup əlilsən, istədiyini et biz sənin arxandayıq. Öz ağsaqqallığını qoruyub işləsə heç kimin onunla işi yoxdur. Bu hərəkətlərinə davam etsə, mən onun bazardan çıxarılmasına qədər gedəcəm. Ona görə də şikayətin təmin edilməməsini xahiş edirəm, çünki video çəkiliş də var, dediyi sözləri də özü etiraf edir. Bundan başqa o verilən suallara cavab olaraq demişdir ki, ona özünü yandırma cəhdindən əvvəl də güzəştlər etmişəm. Hadisədən sonra o, məntəqədə yer istəyib, ona deyilib ki, yer təşkil olunacaq, sadəcə biraz səbrli ol. Hərəkətləri ilə bağlı o, özünü yandırma cəhdini etməzdən əvvəl polis şöbəsinə müraciət etmişəm. O, polis şöbəsindən çıxdıqdan sonra hadisəni törədib. Məhkəmə kollegiyаsının iclаsındа çıxış edən Səbuhi Rəcəbov verilmiş apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyаsının iclаsındа çıxış edən Müdafiəçi bildirmişdir ki, şikayət əsassızdır. Göstərilən hallar iş üzrə olan sübutlarda öz əksini tapır. İş üzrə linqvistik ekspertizanın rəyindən görünür ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Ülfət Xəlilovun istifadə etdiyi sözlər təhqirdir, şəxsin şərəf və ləyaqətini alçaldan sözlərdir. Odur ki, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş edirəm. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apellyasiya şikayətinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdırıb, işdə olan sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, şikayət təmin edilməməli, lakin Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü təqsirləndirilən şəxsə təyin edilmiş cərimənin məbləğinə münasibətdə dəyişdirilməlidir. Məhkəmə kollegiyası ona görə apellyasiya şikayətinin təmin olunmaması qənaətinə gəlir ki, iş materiallarında olan diskə baxış keçirdikdə müəyyən olur ki, X16 bir qrup şəxs qarşısında üzərinə maye tökməklə və intihar etmək istəyini bildirməklə bazarın müdirinin onun yerini 10 min manata satdığını, onu “terrorist” adlandırdığını bildirir. Eyni zamanda bazarın müdiri barədə “şərəfsiz köpək uşağı”, “qeyrətsiz köpək uşağı”, “şərəfsiz”, “mal dəyənəyi”, “donquz köpək oğlu”, “qeyrətsiz”, “namussuz köpək uşağı”, “haranınsa quçiyi gəlib mənim əlimdən alır” və “müdir terroristdir” kimi ifadələr işlədir. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tаrixli 4/647 nömrəli məhkəmə-linqvistik ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 01 ədəd CD diskə yazılmış videogörüntüdə X16 tərəfindən istifadə edilən “şərəfsiz köpək üşağı”, “qeyrətsiz köpək uşağı”, “şərəfsiz”, “mal dəyənəyi”, “donquz köpək oğlu”, “qeyrətsiz”, “namussuz köpək uşağı”, “haranınsa quçiyi gəlib mənim əlimdən alır” ifadələri X1 şərəf və ləyaqətini nalayiq formada alçaldan ifadələrdir. Ekspertizaya təqdim edilmiş 01 ədəd CD diskə yazılmış videogörüntüdə X16 tərəfindən istifadə edilən “müdir terroristdir” ifadəsi X1 şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzunu ləkələyən məlumatdır. Aparılmış tədqiqatın dəyəri 150 (yüz əlli) manat təşkil edir. İş materiallarında olan Aydın Məmmədov adlı istifadəçi tərəfindən “Youtube” sosial şəbəkəsində yerləşdirilmiş video əks olunan ekran kəsimindən (scrennshotdan) görünür ki, X15 öz rəsmi səhifəsində “xxxx” ASC ərazisində növbəti intiharın qarşısı alınıb” başlıqlı, 11 dəqiqə 01 saniyədən ibarət video paylaşmış, sözügedən video 888 nəfər tərəfindən izlənilmiş, 14 nəfər tərəfindən bəyənilmiş, 2 nəfər tərəfindən bəyənilməmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, X6 Rayon Xalq Məhkəməsinin xx xxxxxxx 1980-cı il tarixli hökmü ilə 01 il 06 ay əməyə mütləq cəlb olunmaqla şərti cəzaya və Şəki Rayon Xalq Məhkəməsinin xx xxxxxx 1995-ci il tarixli hökmü ilə 06 ay islah işləri cəzasına (15%) məhkum edilmişdir. İşdən görünür ki, Ülfət Xəlilov bazarda kütlə qarşısında X3 barədə söylədikləri “qeyrətsiz”, “şərəfsiz”, “donuz köpək oğlu” və s. bu kimi ifadələr işlədərək Eldəniz Hacıağayevin kütləvi çıxışda şərəf və ləyaqətinin nalayiq formada qəsdən alçatma hərəkətlləri etmişdir. Belə ki, videoçəkilişdən göründüyü kimi, təqsirləndirilən şəxs Ülfət Xəlilov xüsusi ittihamçı Eldəniz Hacıağayev barədə nalayiq sözlər söyləməklə ikidən çox şəxsin qarşısında həmin şəxslərin gördüyü, eşitdiyi və qavraya bildiyi formada ifadə etməklə şərəf və ləyaqətini nalayiq formada qəsdən alçatmışdır. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Beləliklə, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək müəyyən etmişdir ki, təqsirləndirilən şəxs Ülfət Xəlilov CM-in 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. ”Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Plenum Qərarının 2-ci bənədində məhkəmələrə izah edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin qərarın 3-cü bəndində isə qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-cı maddələri ilə xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən bütün hallarda Konstitusiyanın 30-cu maddəsində (əqli mülkiyyət hüququ), 32-ci maddəsinin İİ və İİİ hissələrində (şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ), 46 (şərəf və ləyaqətin müdafiəsi hüququ), 47 (fikir və söz azadlığı), 50-ci (məlumat azadlığı) maddələrində, Konvensiyanın 8 (şəxsi həyata və ailə həyatına hörmət hüququ) və 10-cu (fikri ifadə etmək azadlığı) maddələrində təsbit edilmiş hüquq və azadlıqların pozulub-pozulmaması araşdırılmalı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin ifadə azadlığına dair presedent hüququndan geniş istifadə olunmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, Avropa Məhkəməsinin presedent hüququnda demokratik sistemin davamlılığı baxımından söz azadlığının əhəmiyyətinə xüsusi diqqət yetirilir. Bununla belə, o da nəzərə alınmalıdır ki, fikri ifadə etmək azadlığı Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün məhdudiyyətlərə məruz qala bilər. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olubolmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45) (həmin qərarın 3-cü bəndi). CM-in 148-ci maddəsinə əsasən isə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İşdən görünür ki, təqsirləndirilən şəxs Ülfət Xəlilovun xüsusi ittihamçı Eldəniz Hacıağayev barədə söylədikləri “qeyrətsiz”, “şərəfsiz”, “donuz köpək oğlu” və s ifadələri işlətməklə onun şərəf və ləyaqətini ləkələmişdir. O, məhkəmə iclas zallında belə çıxış edərkən, Eldəniz Hacıağayevin ünvanına ...”Mən ona şərəfsiz demişəm, yenə də kişi kimi deyirəm ki, o şərəfsizdir, şərəfsizdir, yenə də şərəfəsizdir”... ifadələrini işlətmişdir. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Ülfət Xəlilov qeyd olunan hərəkətləri ilə CM-in 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə olan halda Ülfət Xəlilovun apellyasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmur. Beləliklə, təqsirləndirilən şəxs Ülfət Xəlilovun israr edilən cinayət əməlini törətməməsi barədə göstərdiyi xüsusatlar məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Əksinə, Ülfət Xəlilovun ona qarşı irəli sürülən cinayət əməlini törətməsi işdə olan digər sübutlarla tam təsdiqini tapır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə bir-birini tamamlayır. Sübutlar arasında heç bir uyğunsuzluq və ziddiyyət yaranmır. Ülfət Xəlilovun apellyasiya şikayətin və məhkəmələrdə verdiyi ifadəsində göstərdiyi xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiqini tapmır, əksinə o, məhkəmə kollegiyasının iclasında da zərərçəkmiş şəxsin şərəf və ləyaqətinin alçaldılması hərəkətlərinə davam edir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Ülfət Xəlilovun məhkəmə kollegiyasının iclasında xüsusi ittihamçıya “şərəfsiz” deməsinə görə ona xəbərdarlıq edilmişdir. Bütün bunlar isə belə nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs Ülfət Xəlilovun əməlində CM-in 148-ci maddəsinin tərkibi vardır, apellyasiya şikayətinin təmin edilib icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Bundan başqa, təqsirləndirilən şəxs Ülfət Xəlilov məhkəmə iclasında çıxısı zamanı Eldəniz Hacıağayevə qarşı CM-in 125-ci maddəsi ilə iş açılmasını xahiş etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, CM-in 125-ci maddəsinə əsasən, təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma cinayət məsuliyyətinə səbəb olur. Göründüyü kimi, CM-in 125-ci maddəsində nəzərdə tutulan tərkibinin yaranması üçün şərt ondan ibarətdir ki, zərərçəkmiş şəxs təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmalı, təqsirkar asılı olan zərərçəkmiş şəxslə amansız rəftar etməli, onun ləyaqətini mütəmadi olaraq alçaltmalı və ona hədə-qorxu gəlmə yolu ilə ölüm həddinə çatdırmalıdır. Lakin işdən xüsusi ittiham qaydasında şikayət verən şəxs Eldəniz Hacıağayevin əməlində qeyd edilən hərəkətlərdən hər hansı birinin olması müəyyən olunmur. Təqsirləndirilən şəxs Ülfət Xəlilov ona elan edilmiş xüsusi ittihamda göstərilən cinayət əməlini törətməsini mübahisələndirsə də, məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edilərək Ülfət Xəlilovun CM-in 148-ci maddəsində nəzərdə tutulan cinayət əməllini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və şəxsin əməli düzgün tövsif olunmuşdur. Lakin birinci instansiya məhkəməsi Ülfət Xəlilova CM-in 148-ci ona nisbətən yuxarı həddə cərimə cəza təyin etmiş, cəza onun şəxsiyyətinə və cinаyət əməlinin ictimаi təhlükəlilik dərəcəsinə tam uyğun olmamaqla yanaşı, mütənasiblik və cəzanın məqsədlərinin təmin edilməsi baxımından bir qədər sərt olmuşdur. İlk növbədə qeyd olunmalıdır ki, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarı). Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Qeyd olunan hüquq normalarının məna və mahiyyətinə, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Digər tərəfdən, CM-in 9-cu (Humanizm prinsipi) maddəsinə əsasən, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair xx xxxxxx 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm – cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Qeyd olunanlara əsasən, belə nəticə hasil olur ki, bütün hallarda Ülfət Xəlilova təyin edilən cəza heç bir mənada onun nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Bu mənada, məhkəmə kollegiyası hesab edir ki, Ülfət Xəlilova təyin olunmuş cərimə cəzasının məbləğinin 1000 manata endirilməsi də onun islаh olunması üçün yetərli ola bilər. Beləliklə, məhkəmə kollegiyası CPM-in 392.3-cü maddəsinə uyğun olaraq, apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib, apellyasiya şikayətinin təmin olunması üçün qanuni əsaslar tapmayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, lakin Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilməli, Ülfət Xəlilova təyin olunmuş bir min beş yüz manat miqdarında cərimə cəzası azaldılaraq bir min manat müəyyən edilməli, hökm baxılmış apellyasiya şikayətinə münasibətdə hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.4-cü maddəsinə görə isə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Məhkəmə kollegiyası şərh edilənlərə əsasən və CPM-in 394, 397-399, 405 və 407-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilsin və həmin hökmlə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Ülfət Xəlilova təyin olunmuş bir min beş yüz manat miqdarında cərimə cəzası azaldılaraq bir min manat müəyyən edilsin. Baxılmış apellyasiya şikayətinə münasibətdə hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-42/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-42/2021
30.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver