Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-42/2022 03.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X2 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X4 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM və ya CM) 177.2.2 və 177.2.5-ci maddələri ilə məhkum edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 1(014)-104/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin (hakim Cavid Sultanov) 21 oktyabr 2021-ci il tarixli 1(014)-104/2021 nömrəli hökmü ilə xx.xx.1960-cı ildə Gəncə şəhərində anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2s qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli 1(044)-8/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs CM-in 177.2.5-ci maddəsi ilə 2 il 10 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına 1 il 6 ay sınaq müddəti müəyyən edilməklə şərti məhkum edilməsinin CM-in 71.5-ci maddəsinə əsasən ləğv edilməsi, CM-in 67.1-ci maddəsinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli 1(044)-8/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs barəsində CM-in 177.2.5-ci maddəsi ilə təyin edilmiş 2 il 10 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasının hazırki hökmlə təyin edilmiş 3 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməsi və onun üzərində qəti olaraq 5 il müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin həbsə alındığı 05.01.2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İşin halları Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin cibindən və çantasından çıxarılmaqla özgənin əmlakını təkrarən gizli olaraq talamışdır. Belə ki, o, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli hökmü ilə CM-in 177.2.5-ci maddəsi ilə təqsirli bilinib 2 il 10 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində təyin edilən azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 1 il 6 ay sınaq müddəti müəyyən edilmiş, məhkumluğu ödənilmədən və ya götürülmədən 07.01.2020-ci il tarixdə saat 10:00 radələrində özgənin əmlakını gizli yolla talama məqsədilə Mingəçevir şəhərində 8 saylı şəhərlər arası marşrut avtobusunda Bakı şəhəri Nəsimi rayonu H.Ələsgərov küçəsi ev 11 mənzil 28-də qeydiyyatda olan Şamaxı şəhəri Qaçaq Nəbi küçəsi ev 15-də yaşayan Zərərçəkmiş şəxs3 əynində olan kürkün sağ yan cibindən içərisində 2180 manat pul olan 5 manat dəyərində pul qabını, yəni Zərərçəkmiş şəxs3 məxsus 2185 manat dəyərində əmlakı çıxarmaqla oğurlayaraq özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrarən 12.06.2020-ci il tarixdə saat 11:00 radələrində özgənin əmlakını gizli yolla talama məqsədilə Ağdaş şəhəri H.Əliyev prospektində Ağdaş şəhərdaxili marşrut avtobusunun içərisində Ağdaş rayon Kotanarx kənd sakini Zərərçəkmiş şəxs2 çantasından içərisində 399 manat pul, sonuncunun şəxsiyyət vəsiqəsi, bir ədəd müavinət kartı, 5 manat dəyərində bir ədəd "xxxx" ASC-yə məxsus fermer kartı olan 6 manat dəyərində cib kisəsini, yəni sonuncuya məxsus 410 manat dəyərində əmlakı çıxarmaqla oğurlayaraq, özgənin əmlakını gizli olaraq talamışdır. Bundan sonra o, təkrarən 10.12.2020-ci il tarixdə saat 10:00 radələrində Ağdaş şəhəri H.Əliyev prospektində Ağdaş şəhərdaxili marşrut avtobusunun içərisində Ağdaş rayon Mürsəl kənd sakini Zərərçəkmiş şəxs1 çantasından içərisində 338 manat pul, sonuncunun şəxsiyyət vəsiqəsi, "xxxx" ASC-yə məxsus 5,90 manat dəyərində 1 ədəd müavinət kartı, 1 ədəd 5 manat dəyərində “Birkart”, "xxxx" ASC-yə məxsus 5 manat dəyərində 1 ədəd təqaüd kartı, 1 ədəd 20 manat dəyərində “Tam kart”, tibbi sığorta kartı olan 18 manat dəyərində iki ədəd cib kisəsini, yəni sonuncuya məxsus ümumilikdə 391 manat 90 qəpik dəyərində əmlakını çıxarmaqla oğurlayaraq özgənin əmlakını gizli olaraq talamışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 1(014)-104/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs apellyasiya şikayəti vermişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, zərərçəkmiş şəxslər tərəfindən apellyasiya şikayəti, o cümlədən verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsalandırmışdır ki, ona verilmiş 5 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə razı deyil. Törətmiş olduğu hadisənin istintaqı düzgün aparılmamışdır. Özünü qismən təqsirli bilir. Ona görə də işinin obyektiv araşdırılmasını apellyasiya instansiya məhkəməsindən xahiş edir. Proses iştirakçılarının ifadələri Məhkəmə kollegiyаsının iclаsındа apellyasiya şikayətinin dəlillərinə münasibət bildirən Təqsirləndirilən şəxs bildirdi ki, ona təyin edilmiş cəza həddindən artıq sərtdır. Oğurladığı pul 3000 manat belə təşkil etmir. Ona görə də ədalətli qərar qəbul edilərək ona təyin təyin cəzanın yüngülləşdirilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Musa Sarıyev birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilərək təqsirləndirilən şəxsə daha yüngül cəza verilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyаsının iclаsındа dövlət ittihаmçısı Abdulla Abdullayev apellyasiya şikayətinin təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 1(014)-104/2021 nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apellyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdırıb, işdə olan sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə, apellyasiya şikayəti təmin edilməməli və Ağdaş Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 1(014)-104/2021 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinin tələblərinə əməl edilərək, Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və Təqsirləndirilən şəxs əməli CM-in 177.2.2 və 177.2.5-ci maddələri düzgün tövsif olunmuş, ona təyin edilmiş cəza cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və onun şəxsiyyətinə uyğun olmuşdur. Apellyasiya şikayətindən və təqsirləndirilən şəxsin apellyasiya şikayətinin dəlillərinə münasibətindən görünür ki, o, birinci instansiya məhkəməsinin ona təyin etdiyi cəzanı ağır hesab edir və həmin cəzanın yüngülləşdirilməsini istəyir. Bununla bağlı məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili üzrə iki aspektdən, həm CM-in ədalətlilik prinsipi, həm də cəzanın islah təsiri baxımından hüquqi qiymətləndirmə aparılmasını məqsədəuyğun hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarı). Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Qeyd olunan hüquq normalarının məna və mahiyyətinə, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət işinin materiallarından görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli 1(044)8/2020 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 177.2.5-ci maddəsi ilə 2 il 10 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına 1 il 6 ay sınaq müddəti müəyyən edilməklə şərti məhkum edilmişdir. Lakin şərti məhkum edilmiş Təqsirləndirilən şəxs sınaq müddətində qəsdən az ağır cinayət törətmiş və beləliklə də CM-in 71.5-ci maddəsinin tətbiqi üçün əsas yaranmışdır. CM-in 71.5-ci maddəsinə əsasən, şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum edilməsinə baxmayaraq, yenidən qəsdən az ağır cinayət törətmişdir ki, bu da cinayətlərin residivini yaradır (CM-in 18.1-ci maddəsi). Residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır (CM-in 65.1). Eyni zamanda, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz (CM-in 65.2). Ona görə də məhkəmə kollegiyası CM-in ədalət prinspi baxımından təqsirləndirilən şəxs Səlminaz qəti olaraq təyin olunmuş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasını qanuni və ədalətli hesab edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsə təyin etdiyi cəzanı islah təsiri baxımından da əsaslı hesab edir. Belə ki, CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini təmin etməlidir. İşin halları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. CM-in 177.2.2 və 177.2.5-ci maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxsə isə CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınaraq, qanunauyğun cəza təyin olunmuşdur. Göründüyü kimi, birinci instаnsiyа məhkəməsi CM-in 58.3-cü mаddəsinə uyğun оlаrаq, cinаyətin xаrаkteri və ictimаi təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzаnı yüngülləşdirən və ağırlaşdıran hаllаrın olmasını, hаbelə təyin olunmuş cəzаnın onun islаh olunmаsınа və аiləsinin həyаt şərаitinə təsirini nəzərə аlаrаq, onа həmin mаddənin sаnksiyаsındа nəzərdə tutulаn qаnuni və ədalətli cəzа təyin etmiş, cəzаnın növünü və həddini, eləcə də cəzаçəkmə müəssisəsinin növünü düzgün müəyyən etmişdir. Belə olan halda Təqsirləndirilən şəxs apellyasiya şikayəti əsaslı sayıla və təmin oluna bilməz. Qeyd olunanlarla yanaşı, birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı və ibtidai istintaq dövründə cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası CPM-in 392.3-cü maddəsinə uyğun olaraq, apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib, apellyasiya şikayətinin təmin olunması üçün qanuni əsaslar tapmayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Ağdaş Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 1(014)-104/2021 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Şərh edilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı : Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə məhkum edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 1(014)-104/2021 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində müəyyən olunmuş müddətlərdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-42/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-42/2022
03.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver