Məhkəmə qərarları › İş №1(107)-424/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-424/2022

23.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-424/2022 23.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas X3, Təqsirləndirilən şəxs Qioqiyeviçin, müdafiəçisi X8,Zərərçəkmiş şəxs1 və tərcüməçi X6 iştirakı ilə, Təqsirləndirilən şəxs Qioqiyeviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Qax Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 1(024)-02/2022 nömrəli hökmündən Təqsirləndirilən şəxs Qioqiyeviç oğlunun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Qax Rayon Məhkəməsinin (sədrlik edən M.Qarayev) 15 sentyabr 2022-ci il tarixli, 1(024)-02/2022 saylı hökmü ilə, xx.xx.1955-ci ildə Qax rayonu, Qaxingiloy kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Qax rayonu Qaxingiloy kəndində pasport qeydiyyatında olan və orada yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Qioqiyeviç Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 263-1.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəlinin onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılması, Hökmün icrasının Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yaşayış yeri üzrə Qax rayon icra və probasiya şöbəsinə tapşırılması, işdə olan 100 (bir yüz) manat və 50 (əlli) manat olmaqla ümumilikdə 150 (bir yüz əlli) manat ekspertiza xərcinin Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsindəki müvafiq hesaba keçirilməsi, iş üzrə mülki iddianın təmin edilməsi, Təqsirləndirilən şəxs 4280 (dörd min iki yüz səksən) 63.20 (altmış üç manat iyirmi qəpik) manat dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs2 MMC-nə verilməsi hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs Qioqiyeviç nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması nəticəsində ehtiyatsızdıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərərvurmaya səbəb olan yol nəqliyyat hadisəsi cinayət əməlini törətmişdir. Belə ki o, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq avtomobili sürücülük vəsiqəsi olmadan, yəni nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərək 02 avqust 2021-ci il tarixdə saat 14 radələrində özünə məxsus “Opel Omega” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qax rayonu, Qaxingiloy kəndindən Qax şəhəri istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə siqnal verməli, manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirkçıları üçün maneə yaratmamalı olduğu halda bunları etməmiş, idarə etdiyi avtomobili sola döndərərək onunla eyni istiqamətdə hərəkət edən Zərərçəkmiş şəxs1 idarə etdiyi “Khazar SD” markalı ** BN *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində sonuncu avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 sağ əlin V daraq sümüyünün distal ucunun yerdəyişməyən sınığı və sol saidində sıyrığı ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır xəsarət yetirmiş, “Khazar SD” markalı ** BN *** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi “Azərmaş MMC”yə və etibarnamə ilə idarə edən Zərərçəkmiş şəxs1 4280 (dörd min iki yüz səksən) manat maddi ziyan vurmuşdur. Qax Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 1(024)-02/2022 nömrəli hökmündən Təqsirləndirilən şəxs Qioqiyeviçin müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs Qioqiyeviçin müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 oktyabr 2021-ci il tarixli 8/2081 saylı rəyinə əsaslanmışdır. Belə ki, Təqsirləndirilən şəxs 02 avqust 2021-ci il tarixində saat 14 radələrində özünə məxsus ”Opel Omega” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə öz yolu ilə, yəni yolun ortasında olan bardyora münasibətdə 1,5 metr məsafədə olmaqla hərəkətdə olmuş və onun sağındakı zolaq isə boş olmuşdur. Təqsirləndirilən şəxs hərəkətdə olduğu zolaqda artıq digər avtomobilin hərəkət etməsi qeyri-mümkündür və bu vəziyyətdə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili onun sol tərəfindən ötmək mümkün deyildir. Ötmə əməliyyatı bu halda ancaq Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili sağ hərəkət zolağına çəkdikdən sonra mümkündür. Odur ki, Qax Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 1(024)-02/2022 saylı hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs Qioqiyeviçə CM-in 263-1.1-ci maddəsi ilə verilmiş ittiham üzrə bəraət verilməsini xahiş etmişdir. Məhkəmənin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs Qioqiyeviçin müdafiəçisi X11 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, Qax Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 1(024)-02/2022 nömrəli hökmünün ləğv edilərək təqsirləndirilən şəxs haqqinda bəraət hökmünün çıxarılmasını məhkəmədən xahış etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs Qioqiyeviç apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, ekspertiza düzgün rəy verməmişdir. O İlisu kəndi yoluna idarə etdiyi avtomobillə çıxanda yolun birinci zolağında avtomobillər olduğundan ikinci zolaqla hərəkət etmişdir. Birinci zolaqda avtomobillər olduğundan digər avtomobilin onun yanından keçməsinə yol olmayıb. X9 yüksək sürətlə idarə etdiyi avtomobillə yolun qırağında olan bardyora, sonradan onun avtomobilinə dəyib. Özünü təqsirli hesab etmədiyindən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən zərərçəkmiş şəxs X9 bildirdi ki, Təqsirləndirilən şəxs Qioqiyeviç idarə etdiyi avtomobili sağ tərəfdən sol tərəfə çəkdiyindən o təqsirləndirilən şəxsə xəsarət yetirməmək üçün avtomobili bardyora vurmuşdur. Digər tərəfdən o, Təqsirləndirilən şəxs Qioqiyeviç özü də bildirir ki, birinci zolaqda avtomobillər olduğundan digər avtomobilin onun yanından keçməsinə yol olmayıb. Təqsirləndirilən şəxsin dediyi kimi olsa idi o, təqsirləndirilən şəxsin idarə etdiyi avtomobili arxadan vurmalı idi. Odur ki,apellyasiya şikayətinin təmin edilməməsini, ona dəymiş zərərin ödənilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X7 hökmün qanuni və əsaslı, təyin edilmiş cəzanın isə ədalətli olduğunu göstərərək dəlillərinin əsassız olduğundan şikayətin təmin edilməməsini, Qax Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 1(024)-02/2022 nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin və müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara Təqsirləndirilən şəxs Qioqiyeviçin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Qax Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 1(024)-02/2022 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətində Təqsirləndirilən şəxs Qioqiyeviçin CM-in 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi mübahisələndirilsə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, Təqsirləndirilən şəxs Qioqiyeviçin əməlinin CM-in 263-1.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Hazırda təhlil olunan apellyasiya şikayətindən görünür ki, bu şikayətdə Təqsirləndirilən şəxs Qioqiyeviçin CM-in 263-1.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Qax Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 1(024)-02/2022 saylı hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs Qioqiyeviçə CM-in 263-1.1-ci maddəsi ilə verilmiş ittiham üzrə bəraət verilməsi xahiş edilmiş və əsas kimi Təqsirləndirilən şəxsnın 02 avqust 2021-ci il tarixində saat 14 radələrində özünə məxsus ”Opel Omega” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə öz yolu ilə, yəni yolun ortasında olan bardyora münasibətdə 1,5 metr məsafədə olmaqla hərəkətdə olması və onun sağındakı zolağın isə boş olması, Təqsirləndirilən şəxs hərəkətdə olduğu zolaqda artıq digər avtomobilin hərəkət etməsinin qeyri-mümkün olması və bu vəziyyətdə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobiln onun sol tərəfindən ötməyin mümkün olmaması ilə əsaslandırılmışdır. Lakin, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya şikayətinin sadalanan dəlillərini inandırıcı qəbul etməkdən imtina edir. Belə ki, CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentiyabr 2001-ci il, “X10rşı” 09 dekabr 1994cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından aslı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Oxşar hüquqi mövqeyi paylaşan insan hüquqları üzrə Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı iş üzrə qərarında qeyd edilir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Bundan başqa, qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X2rşı 18 yanvar 1978-ci il qərarında, həmçinin bir sıra qərarlarda məhkəmə sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. Bu baxımdan da, apellyasiya şikayətlərinə hüquqi qiymət verən məhkəmə kollegiyası bu fikirdədir ki, apellyasiya şikayətlərinin dəlilləri əsaslı sayıla bilməz. Çünki, məhkəmə kollegiyasının fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri Təqsirləndirilən şəxs Qioqiyeviçin CM-in 263-1.1-ci maddəsi ilə cinayət törətdiyini deməyə kifayət qədər əsas verir. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Belə ki, işdə olan 01 oktyabr 2021-ci il tarixli 8/2081 nömrəli ekspert rəyindən görünür ki, Opel Omega markalı, 62BE659 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “ Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci hisəssinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmçinin, məhkəmə kollegiyası apellyasiya şikayəti müəllifinin 01 oktyabr 2021-ci il tarixli 8/2081 nömrəli ekspert rəyinin mübahisələndirməsi ilə bağlı dəlillərini inandırıcı qəbul etmir, və bu fikirdədir ki, məlum ekspert rəyi kifayət qədər əsaslı olduğundan bununla bağlı yenidən müvafiq ekspertizanın keçirilməsinə zəruriət yoxdur. Bundan əlavə apellyasiya şikayətinin əsas dəlillərindən biri kimi qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs 02 avqust 2021-ci il tarixində saat 14 radələrində özünə məxsus ”Opel Omega” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə öz yolu ilə, yəni yolun ortasında olan bardyora münasibətdə 1,5 metr məsafədə olmaqla hərəkətdə olmuş və onun sağındakı zolaq isə boş olmuşdur. Təqsirləndirilən şəxs hərəkətdə olduğu zolaqda artıq digər avtomobilin hərəkət etməsi qeyri-mümkündür və bu vəziyyətdə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili onun sol tərəfindən ötmək mümkün deyildir. Göründüyü kimi şikayət müəllifinin sözlərinə görə ”Opel Omega” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil (təqsirləndirilən şəxsin idarə etdiyi avtomobil) yolun ortasında olan bardyora münasibətdə 1,5 metr məsafədə olmaqla hərəkətdə olmuş və onun sağındakı zolaq isə boş olmuşdur. Təqsirləndirilən şəxs hərəkətdə olduğu zolaqda artıq digər avtomobilin hərəkət etməsi qeyri-mümkün olmuş və zərərçəkmiş şəxs arxadan manevr edərək təqsirləndirilən şəxsin idarə etdiyi görə ”Opel Omega” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili ötmək istərkən məlum yol nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə kollegiyasının fikrincə şikayət müəlliifinin sadalağı hallar hadisənin real baş vermə mexanizmini əks etdirmir. Çünki, hadisə şikayət müəllifinin qeyd etdiyi kimi olsa idi zərərçəkmiş şəxsin idarə etdiyi avtomobil təqsirləndirilən şəxsin idarə etdiyi avtomobiin arxa hissəsinə təmas etməli idi. Digər tərəfdən apellyasiya şikayətindən görünür ki, ”Opel Omega” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil (təqsirləndirilən şəxsin idarə etdiyi avtomobil) yolun ortasında olan bardyora münasibətdə 1,5 metr məsafədə olmaqla hərəkətdə olmuş və onun sağındakı zolaq isə boş olmuşdur. Ancaq, təqsirləndirlən şəxs məhkəmə kollegiyasının iclasında apellysaiya şikayətinin dəlilləri ilə bağlı fərqlivə ziddiyyətli izahat verərək göstərmişdir ki, O İlisu kəndi yoluna idarə etdiyi avtomobillə çıxanda yolun birinci zolağında avtomobillər olduğundan ikinci zolaqla hərəkət etmişdir. Halbuki sonuncu apellyasiya şikayətində hərkət etdiyi yolun sağ zolağının boş olduğunu göstərmişdir. Göstərilən hallar isə təqsirləndirilən şəxsin verdiyi ifadələrin qeyri-səmimiliyinə dəlalət edir. Birinci instansiya məhkəməsinin iclasında tədqiq edilmiş sübutlarla (zərçəkmiş şəxsin şəxsin, şahidlərin ibtidai istintaq və birinci instansiya məhkəməsində, verdikləri ifadələrlə, eksperiza rəyləri, hadisə yerinə baxış protokolu, işdə olan digər sənədlərlə) təqsirləndirilən şəxsin məlum cinayət əməlini törətməsi heç bir şübhə və ehtimal olmadan təsdiq edilir. Həmin sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı təsvir edilərək şərh edildiyindən, öz növbəsində işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası istinad edilmiş mövcud sübutların mötəbərliyi ilə razılaşdığından, həmin sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. CPM-in 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Öz növbəsində faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiya məhkəməsi təqdim edilmiş sübutları CPM-in 145.1-ci maddəsinin tələbləri baxımından qiymətləndirərək məlum hüquqi nəticəyə gəlmiş və təqsirləndirilən şəxsə münasibətdə cinayət işi üzrə gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmış, bununla da ictimai təhlükəli əməlin tövsifinə dair cinayət qanunvericiliyinin tətbiqində səhvə yol verməmişdir. Bununla da, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Qioqiyeviçin cinayət əməlinin CM-in 263-1.1-ci maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Qioqiyeviçin əməlində CM-in 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olması işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübütlar, o cümlədən, şahid ifadələri, baxış protokolları, ekspertiza rəyləri və iş üzrə toplanmış digər təkzibolunmaz sübutlarla təsdiq olunur. Ona görə də ibtidai istintaq zamanı və məhkəmə istintaqında toplanmış sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud olmamışdır. Belə ki, CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müdəalarının pozulması yolverilməzdir. CPM-in 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir. CPM-in 145.1-ci maddəsini əsasən isə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Velikova Bolqarıstana qarşı iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2000-ci il tarixli qərarında gəldiyi hüquqi mövqeyə görə “əsaslı şübhə yeri qoymayan” sübut standartı sübutların qiymətləndirilməsi zamanı bütün işlərə tətbiq edilən ümumi prinsipdir. Lakin belə sübutlar kifayət qədər güclü, aydın və uzlaşdırılmış nəticələrin, yaxud faktlara əsaslanan analoji təkzibolunmaz ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Yuxarıda şərh olunanlardan aydın olur ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Qioqiyeviçna münasibətdə cinayət işi üzrə gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmış, bununla da ictimai təhlükəli əməlin tövsifinə dair cinayət qanunvericiliyinin tətbiqində səhvə yol verməmişdir. Məhkəmə kollegiyası, göstərilənlərlə yanaşı təqsirləndirilən şəxsə təyin edilmiş cəzaya münasibətdə də öz fikrini bildirmək istəyir və bununla bağlı birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini, həmçinin barəsində CM-in 62 və 70-ci maddəsinin tətbiq edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Belə olan halda, məhkəmə kollegiyası Qax Rayon Məhkəməsinin 15 sentyabr 2022ci il tarixli, 1(024)-02/2022 nömrəli hökmü ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda narkotik vasitənin çəkisinin kifayət qədər çox olmasını nəzərə almış və bu səbəbdən də, Təqsirləndirilən şəxs Qioqiyeviçna CM-in 263-1.1-ci maddəsi ilə təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Qioqiyeviçin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Qax Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 1(024)-02/2022 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs Qioqiyeviçin müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qax Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 1(024)-02/2022 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar