Məhkəmə qərarları › İş №1(107)-452/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-452/2021

22.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-452/2021 22.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarənin prokuroru, kiçik-ədliyyə müşaviri X6, Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Yevlax Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 1(039)-151/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli 1(039)-151/2021 nömrəli (hakim Toğrul Əliyev) hökmü ilə, xx xxxxxx 1964-cü il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs 31 avqust 2021-ci il tarixdən 01 sentyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 1 (bir) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətdə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 27 oktyabr 2021-ci il tarixdən hesablanması, CM-in 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınması, maddi sübut – Yevlax stansiyası X11 saxlanılan 345.07 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, ekspertiza tədqiqatının dəyəri - 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kоd 210005 VÖEN ********** m/h АZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilməsi hökm edilmiş edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə qəsdən satış məqsədi olmadan qanunsuz olaraq özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 345,12 qram miqdarında narkotik vasitə qurudulmuş marixuananı əldə edərək əlində gəzdirdiyi sarı rəngli sellofan torbanın içərisində 1 (bir) ədəd yaşıl rəngli sellofan torbaya bükülmüş vəziyyətdə saxlamış. Yevlax stansiyası XPŞnin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat- axtarış tədbirləri nəticəsində 31 avqust 2021-ci il tarixdə saat 16:40 radələrində qanunsuz narkotik vasitə dövriyyəsində şübhəli şəxs kimi Yevlax dəmiryol stansiyasının ərazisində saxlanılaraq üzərində saat 17.45 radələrində müdafiəçinin iştirakı və video çəkiliş ilə keçirilmiş şəxsi axtarış nəticəsində həmin narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Yevlax Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 1(039)-151/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi X8 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Müdafiəçi X8 verdiyi apellyasiya şikayətində Yevlax Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli 1(039)151/2021 nömrəli hökmündə dəyişiklik etməklə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının aşağı həddində cəza təyin edilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli 1(039)151/2021 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı etiraz ərizəsi verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs müdafiəçisi X4 apellyasiya şikayətinin təmin edilməsini, təqsirləndirilən şəxsə təqsirli bilindiyi CM-in 234.1ci maddəsilə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini və barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 4, 9.2.3 və 9.3 və 30-cu maddələrini tətbiq edilməklə təqsirləndirilən şəxsə təyin edilmiş cəzаnın azaldılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlilləri ilə bağlı fikrini bildirən Təqsirləndirilən şəxs apellyasiya şikayətinin təmin edilməsini, təqsirli bilindiyi CMin 234.1-ci maddəsilə haqqında azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etdi, həmçinin barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 4, 9.2.3 və 9.3 və 30-cu maddələrini tətbiq edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X9 hökmün qanuni və əsaslı, təyin edilmiş cəzanın isə ədalətli olduğunu göstərib, apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 1(039)-151/2021 nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını, həmçinin təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 4, 9.2.3 və 9.3 və 30-cu maddələrini tətbiq edilməklə təqsirləndirilən şəxsə təyin edilmiş cəzаnın azaldılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin və müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara Təqsirləndirilən şəxs müdafiəçisi X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 1(039)-151/2021 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətində Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi mübahisələndirilməsə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, Təqsirləndirilən şəxs əməlinin CM-in 234.1-ci maddəsi ilə, düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hazırda araşdırılan işdən bəlli olur ki, təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı ədalətli hesab etməyərək, daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Lakin, məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini əsaslı saymır. Çünki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin ictimai təhlükəli xarakterini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-in 58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən cəzadan da yüngül cəzanın təyin edilməsini, həmçinin barəsində CM-in 62 və 70-ci maddəsinin tətbiq edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Həmçinin, ümumilikdə götürdükdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri bəlaya çevrilərək fiziki mənada ayrı-ayrı xalqların genofonduna, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbələr vurur, qarşısının alınması külli miqdarada xərclər bahasına böyük çətinliklər yaradır. Məhz buna görə də X3 1961-ci il “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il “Psixotrop maddələr haqqında” və 1988-ci il “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarda narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. Azərbaycan Respublikası bu konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür. Məhkəmə kollegiyası həm də gəldiyi qənaətdə ona görə israrlıdır ki, narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş bu qəbilədən olan cinayətləri törətmiş təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının kifayət qədər əsaslar olmadan yüngülləşdirilməsini əsaslı və ədalətli hesab etmək olmaz. Belə olan halda, məhkəmə kollegiyası Yevlax Rayon Məhkəməsinin 27 oktyabr 2021ci il tarixli 1(039)151/2021 nömrəli hökmü ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda psixotrop maddə-metafetaminin daha təhlükəli narkotik vasitələrdən biri olmasını nəzərə almış və bu səbəbdən də, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Bununla yanaşı məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 4, 9.2.3, 9.3 və 30-cu bəndlərini tətbiq edilməklə, təyin edilmiş cəzanın 06 (altı) ay azaldılmasını mümkün bilir. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Qərarın 4-cü bəndinə əsasən Bu Qərarın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan şəxslərdən başqa, 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzalarının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olduqda, çəkilməmiş cəza 6 ay azaldılsın (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 9.2.3-cü bəndinə əsasən bu Qərarın 4-cü və 5-ci hissələrində nəzərdə tutulmuş şəxslərin cəzalarını azaldır (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 9.3-cü bəndinə əsasən icraatlarında olan apellyasiya və ya kassasiya şikayətləri (protestləri) üzrə işlərə baxarkən bu Qərarın 9.1-ci və 9.2-ci bəndlərinin müddəalarına müvafiq olaraq amnistiya tətbiq edir. Həmin Qərarın 30-cu bəndinə əsasən apellyasiya şikayəti və ya protesti verilmiş qanuni qüvvəyə minməmiş hökmlər üzrə şəxslərə amnistiya həmin şikayətlərə və ya protestlərə apellyasiya instansiyası məhkəmələrində baxılarkən tətbiq edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 1(039)-151/2021 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 4, 9.2.3, 9.3 və 30-cu bəndləri tətbiq edilməklə, Təqsirləndirilən şəxs hazırki hökmlə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası 6 (altı) ay azaldılaraq üzərində 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 1(039)-151/2021 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 4, 9.2.3, 9.3 və 30-cu bəndləri tətbiq edilməklə, Təqsirləndirilən şəxs hazırki hökmlə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası 6 (altı) ay azaldılaraq üzərində 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar