Məhkəmə qərarları › İş №1(107)-459/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-459/2021

15.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-459/2021 15.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X10 və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, Təqsirləndirilən şəxs, onun müdafiəçisi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs, Dövlət ittihаmçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik-ədliyyə müşaviri X3 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli 1(014)-67/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin (sədrlik edən hakim Nizam Əliyev) 28 oktyabr 2021-ci il tarixli 1(014)-67/2021 nömrəli hökmü ilə, xx.xx.1988-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, himayəsində üç azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu Yuxarı Ləki kəndində qeydiyyatda olan barəsində "xxxx" qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Şəki Penitensiar Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və dərhal məhkəmə zalından həbsə alınması, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs cəzasının əvvəli 12.02.2021-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş "xxxx" qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut, Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvar, 01 köynək, 01 ədəd mayka, 01 ədəd gödəkçə, 01 ədəd flakonda olan qan nümunələri, 02 ədəd bıçaqlar hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi, Təqsirləndirilən şəxs 69 manat 10 qəpik (altmış doqquz manat on qəpik) ekspertiza xərci alınaraq dövlət büdcəsinə keçirilməsi müəyyən edilmişdir. işin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs 12.02.2021ci il tarixdə saat 18:30 radələrində Ağdaş rayonu Yuxarı Ləki kəndində yerləşən dördyol deyilən ərazidə küçədə Ağdaş rayonu Orta Ləki kəndində yaşayan xx.xx.1977-ci il təvəllüdlü Zərərçəkmiş şəxs onun bacısı ilə münasibət qurmasını bəhanə edərək küçədə olan kənar şəxslərə məhəl qoymadan, onların narahatçılıqlarına səbəb olan və etik normalardan kənara çıxan hərəkətlərə yol verərək, səs-küyə toplaşan şəxslərə qarşı laqeydlik və etinasızlıq nümayiş etdirməklə, ümumi qəbul olunmuş davranış qaydalarına məhəl qoymayaraq, ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edərək özünü digər şəxslərin fövqündə üstün tutub heç bir əsaslı səbəb olmadan qəsdən silah qismində istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs sol budun yuxarı 1/3-nin qasıq büküşündən başlayan yarası, sol budun aşağı 1/3-nin iç səthinin, sol budun orta 1/3-nin bayır səthinin, sol dirsək oynağının arxa bayır səthinin yaraları, böyük dərialtı venanın zədələnməsi ilə nəticələnən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs üzərində zor tətbiq edib ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq hərəkətləri edərək Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi verdiyi apellyasiya şikayətində Ağdaş Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli hökmünün ləğv edilməsini, təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilməsi və onun 8 X24 münasibəti ilə aministiya elan edilməsi haqqında Azərbaycan Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının tətbiq edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hökmdən verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin dəlillərini müdafiə etmişdir. Təqsirləndirilən şəxs dərək bildirmişlər ki, yaranmış mübahisə şəxsi münasibətlər zəminində baş verib. Şahmarın bacısı ilə Allahverdi arasında yazışmalar olub. Şahmar buna görə Allahverdi ilə bu işi aydınlaşdırmaq istəyib. Orda xuliqanlıq olmayıb, təqsirləndirilən şəxs zərərəçəkmiş şəxslə barışıb, bunları nəzərə alaraq işə xitam verilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi olmadığını, ona görə şikayətin təmin edilərək ona köməklik edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X11 Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Təqsirləndirilən şəxs 8 X24 münasibəti ilə aministiya elan edilməsi haqqında Azərbaycan Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 4-cü maddəsinin tətbiq edilməsini xahiş etdi. hüquqi məsələlər: Azərbаycаn Respublikаsı Cinаyət-Prosessuаl Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnunun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apelyasiya tələbi ilə bağlı olan hissədə, yəni apelyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apelyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apelyasiya şikayəti və apelyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apelyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdırıb, işdə olаn sübutları tədqiq edib, tərəfləri dinləyib hesаb edir ki, аşаğıdа qeyd edilən əsаslаrа görə, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli hökmü ləğv edilməlidir. Birinci instansiyan məhkəməsi iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs qonşu kənddə yaşadığı üçün tanıdığını, Allahverdi ilə oturub bir yerdə çörək də yediyklərini, yeznəsi Seymur Həsənovun xəstə olduğunu, yeznəsinin özünü idarə edə bilmədiyini, iflic olduğunu, 12 fevral 2021-ci il tarixdə səhər saat 08 radələrində yeznəsinin istifadəsində hazırda xatırlamadığı mobil nömrə ilə onun ***-***-**-** saylı mobil nömrəsinə zəng vurduğunu və ona Allahverdinin onun həyat yoldaşı Ülviyyəyə, yəni bacısına zəng vurduğunu dediyini, axşam saat 17 radələrində bacısı Ülviyyənin evinə getdiyini, yeznəsinin ona “sağlam vəziyyətdə olsaydım özüm söhbətimi edərdim” dediyini, maraqlananada yeznəsinin onların danışdığını qardaşı Mübarizin tutduğunu dediyini, Mübarizin isə ona “bacı sənindir, get namusunu özün təmizlə, mənlik deyil” dediyini, Mübarizi götürüb Yuxarı Ləki kəndində yerləşən dördyol deyilən əraziyə gəldiyini, Allahverdinin orada işlədiyini, Allahverdinin işlədiyi obyektə daxil olduğunu, Allahverdinin olmadığını gördüyünü, küçəyə çıxan zaman Allahverdinin VAZ-2107 markalı nömrəsini bilmədiyi avtomobildən düşdüyünü gördüyünü, həmin vaxt Mübarizin ondan qabaq Allahverdiyə yaxınlaşdığını və ona nəsə dediyini, həmin vaxt onlardan aralıda olduğunu, daha sonra Mübarizin Allahverdidən aralandığını, bundan sonra özünün Allahverdiyə yaxınlaşdığını, üzərində olan bıçaqla bir neçə dəfə vurduğunu, Allahverdinin yerə yıxıldığını və ona “Şahmar məni qan aparır” dediyini, həmin anda Allahverdinin üzərində olan özünə məxsus bıçağı da yerə düşdüyünü, onun bıçağını götürdüyünü və sonuncunun bıçağı ilə namus məsləsi ilə bağlı olduğundan onun qasıq nahiyyəsindən bir neçə dəfə vurduğunu, bundan sonra orada olan şəxslərin onları aralaşdırdıqlarını, özünün çıxıb getdiyini, daha sonra oradan sahə rəisi Elnur müəllimə zəng etdiyini və onu polislərin gəlib RPŞ-nə gətirdiklərini, Zərərçəkmiş şəxs və bacısı Şahid1 onların aralarında heç bir münasibət və əlaqə olmadığını bildirmələri barədə, Allahverdini vuran zaman orada Mübariz və başqa adamlar olduğunu, lakin həyacanlı olduğu üçün həmin şəxslərin onun yadında olmadığını, hadisənin təxminən 5-10 dəqiqə davam etdiyini, səs-küyə kənardan xeyli adam gəldiyini, lakin kimlərin gəlməsinə fikir vermədiyini, Allahverdinin onun namusuna sataşdığı üçün ondan intiqam almaq istədiyini bildirmişdir. Sonuncunu öldürmək fikri olmamışdır. Təqsirləndirilən şəxs son sözündə məhkəmədən əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, himayəsində 3 azyaşlı övladının olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Birinci instansiyan məhkəməsi iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs tanıdığını, əvvəllər Şahmarla aralarında heç bir vaxt söz-söhbət və narazılıq olmadığını, Şahmarın bacısı Ülviyyənin onun həmkəndlisi Seymur adlı şəxslə ailə qurduğunu, Seymurun yaşadıqları kənddə çayxanası olduğunu, Seymurun xəstələndikdən sonra çayxananı işlədə bilmədiyini, buna görə də çayxananı icarəyə götürdüyünü, lakin çayxananı oğlunun işlətdiyini, özü isə Ağdaş rayonu, Yuxarı Ləki kəndində qapı-pəncərə sexi işlətdiyini, təxminən 1 ay bundan əvvəl Şahmarın bacısı Ülviyyə istifadəsində olan ***-***-**-** nömrəsindən onun istifadəsində olan ***-***- **-** nömrəsinə “Whatsapp” proqramında ona dərman adı yazdığını, bundan sonra aralarında münasibət yarandığını, telefonda “Whatsapp” proqramı vasitəsilə əlaqə saxladıqlarını, daha sonra 12.02.2021-ci il tarixdə saat təxminən 18:30 radələrində işlədiyi Ağdaş rayonu Yuxarı Ləki kəndində dördyol deyilən yerdə sexin yanında olduğunu, sexin qarşısında Ağahüseyn oğlu Şirvanın avtomobilində əyləşib Şirvanla söhbət etdiyini, həmin vaxt Şahmar və Ülviyyənin qaynı Mübarizin sexə daxil olduqlarını gördüyünü, özünün də avtomobildən yerə düşdüyünü, həmin vaxt Mübarizin birinci onun yanına gəldiyini, həmin vaxt ona utanırsanmı dediyini, özünün də başını aşağı salıb dinmədiyini, sonra Mübarizin aralanıb getdiyini, Şahmarın gəlməsini görmədiyini, lakin onun üzərinə hücum edib onu bıçaqla sol ayaq nahiyəsindən vurduğunu gördüyünü, Şahmardan aralanamaq məqsədilə yolun orta hissəsinə tərəf qaçdığını, Şahmarın onu yenə yolun orta hissəsində bıçaqla vurduğunu, özünün yerə yıxıldığını, onun cibindən bıçağı düşdüyünü, bu zaman Şahmarın həmin bıçağı götürüb yenə onu vurmağa başladığını, onu vurmaması üçün ayaqlarını irəli verdiyini, bıçağın da onun ayağına batdığını, Şahmarın onu vuran zaman ona heç nə demədiyini, bundan sonra yolun qarşı tərəfinə keçdiyini, orada da Şahmarın onu bıçaqla vurduğunu, sonra orada olan şəxslərin onları araladıqlarını, özünün çoxlu qan itirdiyini, daha sonra isə orada Rizvan adlı şəxsin onu Murad adlı taksi sürücüsünün avtomobilinə əyləşdirərək Ağdaş rayon mərkəzi xəstəxanasına apardıqlarını, həmin xəstəxanadan isə onu təcili olaraq Göyçay rayon mərkəzi xəstəxanasına apardıqlarını, Şahmarın onun bacısı ilə olan münasibətinə görə onu bıçaqla vurduğunu, Şahid2 ifadəsində 11.02.2021-ci il tarixdə qardaşının yaşadığı evə gəldiyini və onu Ülviyyə ilə bir otaqda gördüyünü, Mübarizin gəldiyi görüb pəncərədən düşüb qaçdığını bildirməsi barədə Mübarizin yalan danışdığını, ümumiyyətlə Ülviyyə ilə görüşmədiyini, hadisənin təxminən 5-10 dəqiqə davam etdiyini, səs-küyə kənardan çox adam gəldiyini, lakin kimlərin gəlməsini bilmədiyini, hadisə zamanı orada Şirvan, Yasin, Sənan olduğunu, başqa kimlərin olması yadında qalmadığını bildirmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Buna görə də Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Birinci instansiyan məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində heç bir ruhi-əsəb və s. xəstəliyi olmadığını, 2004-cü il tarixdə Ağdaş rayonu, Orta Ləki kəndində yaşayan X8 ilə ailə qurduğunu, birgə nikahdan 2 övladlarının olduğunu, Seymurun Ağdaş rayonu Orta Ləki kəndində çayxanası olduğunu, Seymurun işemik-insult xəstəliyi olduğunu, Seymurun xəstələndikdən sonra çayxananı həməkndliləri Zərərçəkmiş şəxs icarəyə verdiyini, Allahverdinin özünə başqa iş tapdıqdan sonra çayxananı onun oğlu Cavidin işlətməyə başladığını, Allahverdi bir neçə dəfə onların evinə Seymurun yanına gəldiyini, bir neçə dəfə Seymurun avtomobilini Allahverdinin idarə etdiyini və üçü birlikdə Ağdaş şəhərinə bazara gəlib getdiklərini, daha sonra isə Seymurun onun istifadəsində olan ***-***-**-** nömrəsindən Allahverdinin istifadəsində olan ***-***-**-** nömrəsinə zənglər etdiyini, həmçinin özü də Allahverdiyə zəng edərək Seymuru evə gətirməsini dediyini, ancaq onun Allahverdi ilə heç bir başqa əlaqəsi olmadığını, 12.02.2021-ci il tarixdə gecə saatlarında qaynı Mübarizin onların evinə gəldiyini, Mübarizin onlara məhlədə adam olduğunu dediyini, sonra isə ondan Allahverdi ilə görüşüb-görüşməməyini soruşduğunu, “Allahverdini tutmusan?” dediyini, Mübarizin də “yox tutmamışam” dediyini, “bəs onda niyə mənə şər atırsan” dediyini, Mübarizin də Allahverdini gözü ilə məhləyə girməsini gördüyünü dediyini, bundan sonra 12.02.2021-ci il tarixdə saat təxminən 17 radələrində qardaşı Şahmarın onlara gəldiyini, Mübarizin onu Allahverdi ilə görüşməyini bildirdiyini, Şahmarın da Mübarizdən nə üçün Allahverdini tutduğu zaman ona məlumat vermədiyini bildirdiyini, Mübarizin də “mən gözümlə görmüşəm” dediyini, Şahmara “mən Allahverdi ilə görüşməmişəm, onunla da heç bir əlaqəm yoxdur” dediyini, Şahmarın ona inanamadığını, özünün də qaçıb evin içərisində gizləndiyini, Şahmarın da çıxıb getdiyini, təxminən 2 saat sonra qardaşı Şahmarın Allahverdini bıçaqladığını eşitdiyini, Şahmarın sadəcə bıçaqla Allahverdini vurmasını bildiyini, ancaq hansı nahiyəsindən vurmasını bilmədiyini, həmçinin Şahmarın səbəbsiz olaraq Allahverdini bıçaqladığını, sonuncu ilə heç bir münasibəti olmadığını, nə üçün Mübarizin onun Allahverdi ilə əlaqəsinin olmasını iddia etməsinin səbəbini bilmədiyini, əvvəllər Mübarizlə aralarında bir neçə dəfə sözsöhbətlərinin olduğunu, Mübarizin dəfələrlə onun ailə işlərinə müdaxilə etdiyi üçün aralarında dəfələrlə söz-söhbət və narazılıq olduğunu bildirmişdir. Birinci instansiyan məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Təqsirləndirilən şəxs onun qardaşı Seymurun qaynı olduğunu, Zərərçəkmiş şəxs isə onun həmkəndlisi olduğunu, əvvəllər onların heç biri ilə aralarında narazılıq və söz-söhbət olmadığını, qardaşı Seymurun iflic xəstəsi olduğunu, hərəkət edə bilmədiyini, buna görə də Seymurun ondan onun həyətinə baxmasını xahiş etdiyini, 12.02.2021-ci il tarixdə saat təxminən 03 radələrində qardaşı Seymurun evinə getdiyini, anasının yerdə uzanıqlı olduğunu gördüyünü, anasının xəstə olduğu üçün hərəkət edə bilmədiyini, anasını yerdən ayağa qaldırdığını, sonra qardaşının otağına tərəf keçdiyini, Seymurun arvadı Ülviyyənin otaqda olmadığını gördüyünü, digər otağa keçən zaman Ülviyyənin orada Allahverdi ilə bir yerdə olduğunu gördüyünü, Allahverdinin onu görən zaman pəncərədən düşüb qaçdığını, ayaqqabısını geyinib onun arxası ilə getmək istədiyini, lakin gec olduğunu, qardaşı Seymuru yuxudan oyadıb bu barədə ona dediyini, Ülviyyənin isə heç nəyi etiraf etmədiyini, səhər açılan zaman Ülviyyənin ailəsinə bu barədə məlumat verdiklərini, Ülviyyənin qardaşı Şahmar və anasının gəldiyini, bu barədə onlara məlumat verdiklərini, onların inanamadıqlarını, daha sonra isə Seymurun qızı Samirənin ona anasının Allahverdi ilə danışmasına dair səs yazılarını onun telefonundan onun həyat yoldaşının telefonuna göndərdiyini, bundan sonra həmin səsləri dinlədiklərini, Ülviyyənin yenə də səsin ona məxsus olmadığını dediyini, lakin Şahmarın və Seymurun səsin Ülviyyənin olduğunu bildirdiklərini, Şahmarın da Ülviyyənin telefonunu yerə vurub sındırdığını, daha sonra Şahmar, anası və özünün Şahmarın evinə getdiklərini, məqsədlərinin Şahmarın anasını evlərinə aparmaq olduğunu, Şahmarın anasının Şahmarın Allahverdinin üzərinə getməməsi üçün saxlaması səbəbi ilə öz ərini çağırırdığını, bu zaman Şahmarın avtomobildən düşüb qaçmağa başladığını, onun arxası ilə getdiyini, bundan sonra Şahmarın və özünün Allahverdinin işlədiyi yerə getdiklərini, Allahverdinin Ağdaş rayonu Yuxarı Ləki kəndində dördyol yerdə qapı-pəncərə sexi işlətdiyini, Şahmarın qabaqda getdiyini, Şahmarın birinci sexə daxil olduğunu, Allahverdinin sexdə olmadığını gördüyünü, orada Ağahüseynin oğlu Şirvanın VAZ-2107 markalı nömrəsini bilmədiyi avtomobili olduğunu, oraya gəldiyini, Allahverdinin Şirvanın avtomobilində olduğunu gördüyünü, ona “qapını mən açım yoxsa özün düşürsən” dediyini, Allahverdinin avtomobildən düşdüyünü, Şirvanın isə orada avtomobilin içərisində əyləşdiyini, küçəyə çıxan zaman Allahverdinin orada Ağahüseynin oğlu Şirvanın avtomobildən düşdüyünü, başını aşağı dikib onun yanında dayandığını, Şirvanın isə avtomobilində əyləşdiyini, Allahverdinin utanıbutanmadığını soruşduğunu, onun da başını aşağı saldığını, bu zaman 1 dəfə sonuncunu sillə ilə vurduğunu, daha sonra özünün aralanıb getdiyini, daha sonra Şahmarın gəldiyini, Şahmarın bıçaqla Allahverdini vurduğunu, Allahverdinin yolun qarşı tərəfinə qaçdığını, Allahverdini Şahmarın orada bir neçə dəfə bıçaqla vurduğunu, sonra isə özü aralandığını, hadisə zamanı Allahverdinin üzərindən bıçağın yerə düşdüyünü, həmin bıçaqla da Allahverdini vurduğunu sonradan bildiyini, Şahmarın ifadəsində Seymurun evində ona “bacın sənindir, get namusunu özün təmizlə” dediyini, Şahmarın da gedib Allahverdiyə xəsarət yetirdiyini bildirməsi barədə Şahmarın ona “get Ülviyyənin başını kəs” dediyini, özünün isə ona “bacı sənindir, mənə yer edən Allahverdinin qardaşımın evinə girməsidir, mən sənə namus təmizləyən deyiləm” dediyini, ona gedib Allahverdini bıçaqla vurmasını demədiyini, Ülviyyənin Allahverdi ilə münasibətdə olması barədə özündən səs yazıları və şəkillər olduğunu, onları təqdim edə biləcəyini, hadisənin nə qədər davam etməsini bilmədiyini, lakin kənardan çox adam gəldiyini bildirmişdir. Birinci instansiyan məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid3 Təqsirləndirilən şəxs, onun yeznəsi Seymuru və Zərərçəkmiş şəxs Ağdaş şəhər sakini kimi üzdən tanıdığını, onların heç biri ilə aralarında narazılıq və söz-söhbət olmadığını, 12.02.2021-ci il tarixdə saat təxminən 18:30 radələrində Ağdaş rayonu Yuxarı Ləki kəndi ərazisində yerləşən çay evində həmkəndlisi Murad adlı şəxslə çay içdiklərini, bu zaman Allahverdi ilə Şahmar arasında mübahisə olduğunu və Şahmarın əlində olan bıçaqla Allahverdiyə xəsarət yetirdiyini gördüklərini, Şahmar əlindəki bıçaqla Allahverdinin bir neçə dəfə vuraraq xəsarət yetirdiyini, həmin yerə tanımadığı kənar şəxslərin də topalaşdıqlarını, daha sonra Şahmarın həmin yerdən uzaqlaşaraq çıxıb getdiyini, bu zaman özünün və X1 idarə etdiyi avtomobilə əyləşdirib onu Ağdaş RMX-na apardıqlarını, Ağdaş RMX-da ona ilkin tibbi yardım göstərildikdən sonra onu Göyçay RMX-na göndərdiklərini, hadisə zamanı orada tanımadığı şəxslərin olduğunu, həmçinin də yaranmış səs küyə də tanımadığı şəxslərin topalaşdıqlarını, Şahmarı görən zaman əlində 02 ədəd bıçaq olduğunu bildirmişdir. Birinci instansiyan məhkəməsi iclasında şahid qismində dindirilmiş ekspert X6 göstərmişdir ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər-sol budun yuxarı 1/3-nin qasıq büküşündən başlayan yarası, sol budun aşağı 1/3-nin iç səthinin, sol budun orta 1/3nin bayır səthinin, sol dirsək oynağının arxa bayır səthinin yaraları, böyük dərialtı venanın zədələnməsi deşici-kəsici alət təsirindən törənmiş, törənmə müddətləri 12.02.2021-ci il tarixə uyğun gəlir. Sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər ekspertizaya təqdim olunan bıçaqlarla yetirilə bilərlər. Bədənində ağır zərər vurmaya aid xəsarətlər olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmə tibbi ekspertizasının 27.02.2021-ci il tarixli 122 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – sol budun yuxarı 1/3-nin qasıq büküşündən başlayan yarası, sol budun aşağı 1/3-nin iç səthinin, sol budun orta 1/3-nin bayır səthinin, sol dirsək oynağının arxa bayır səthinin yaraları, böyük dərialtı venanın zədələnməsi deşici-kəsici alət təsirindən törənmiş, törənmə müddətləri 12.02.2021-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər ekspertizaya təqdim olunan bıçaqlarla yetirilə bilərlər. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X16 alınmış 17.03.2021-ci il tarixli 9/205 saylı rəyində göstərilmişdir ki, 1.Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: A-beta /H//İİ/ 2. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus jilet, şalvar, köynək, mayka və qısa tiyəli bıçaq üzərindəki ləkələrdə insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A,H antingenləri, həmçinin əksər ləkələrdə beta aqqlyutini də alındı. Beləliklə bu qan ləkələri A-beta / H/İİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. 3. Təqdim edilən uzun dəstəkli bıçaq üzərindəki ləkədə insan qanı aşkar olundu. Ləkə də qanın qrup göstəriciləri tədqiq edildikdə antigen və aqqulyutininlər alınmadığı üçün bu qan ləkəsinin qrup mənsubiyyəti barədə fikir söyləmək mümkün olmadı. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X16 alınmış 05.04.2021-ci il tarixli 7/116 saylı rəyində göstərilmişdir ki, 1.Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçənin arxa sol nahiyəsində üç ədəd və maykanın arxa sol nahiyəsində bir ədəd dəlib keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş kəsilmiş zədələrdir, ülgüclü və küpü olan yastı tiyə tiplu deşici kəsici alətin (alətlərin) təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın (1 saylı) tiyəsini təsirindən və ya ona oxşar konstruktin xüsusiyyətə məlik digər bıçağın (bıçaqların) tiyəsinin təsirindən törənmişlər. 2. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçənin ön sol yaxalığında bir ədəd, gödəkçənin arxa sol nahiyəsində bir ədəd və köynəyin ön sol nahiyəsində bir ədəd cırılma zədələri aşkar olundu. Bu cırılmalar köynəyin müvafiq nahiyyələrinə küt qüvvə tətbiq etməklə gərilib dartılması nəticəsində əmələ gəlmişdir. 3. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvar fraqmenti üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. 4. Ekspertizaya təqdim edilmiş 1№-li bükümdə olan bıçaq zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı cib bıçağıdır və soyuq silah hesab edilmir. Ekspertizaya təqdim edilmiş 2№-li bükümdə olan bıçaq zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X16 alınmış 09.08.2021-ci il tarixli T164/2021 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs sol qasıqaltı nahiyədə budun böyük dərialtı venasının zədələnməsi, sol budun orta və aşağı 1/3–nin, sol dirsək oynağının arxa səthinin deşilmiş-kəsilmiş yaraları olmuşdur. Qeyd edilən xəsarətlər deşici-kəsici alətin təsirindən törənmiş, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 12.02.2021-ci ilə uyğun gəlir, dərəcəsinə görə istər ayrı-ayrılıqda, istərsə də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Ləki kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş rayon İHB-nın Yuxarı Ləki kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu, Yuxarı Ləki kəndində yaşamaqla aşağıdakı ailə üzvlərindən ibarətdir: atası- X9, anasıƏsədova Pakizə Gülmalı qızı, yoldaşı – X12, övladları – X13 (01.02.2010); X7-(10.06.2011): X2 30.06.2013-ci il təvəllüdlü. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RMX-nın 05 mart 2021-cu il tarixli 320 saylı məktubdan görünür ki, Ağdaş rayonu, Yuxarı Ləki kəndində yaşayan Təqsirləndirilən şəxs Ağdaş RMX-nı PHŞ-in poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. Birinci instansiya məhəməsi hesab etmişdir ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayəti təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı əsaslı olaraq onun əməlini Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə tövsif etmişdir Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi verdiyi apellyasiya şikayətində Ağdaş Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli hökmünün ləğv edilməsini, təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilməsi və onun 8 X24 münasibəti ilə aministiya elan edilməsi haqqında Azərbaycan Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının tətbiq edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir Apellyasiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qismən təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilməsi ilə bağlı hissəsində əsaslıdır. Məhkəmə kollegiyası ona görə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs elan olunmuş ittihama görə, o, 12.02.2021-ci il tarixdə saat 18:30 radələrində Ağdaş rayonu Yuxarı Ləki kəndində yerləşən dördyol deyilən ərazidə küçədə Ağdaş rayonu Orta Ləki kəndində yaşayan xx.xx.1977-ci il təvəllüdlü Zərərçəkmiş şəxs onun bacısı ilə münasibət qurmasını bəhanə edərək küçədə olan kənar şəxslərə məhəl qoymadan, onların narahatçılıqlarına səbəb olan və etik normalardan kənara çıxan hərəkətlərə yol verərək, səs-küyə toplaşan şəxslərə qarşı laqeydlik və etinasızlıq nümayiş etdirməklə, ümumi qəbul olunmuş davranış qaydalarına məhəl qoymayaraq, ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edərək özünü digər şəxslərin fövqündə üstün tutub heç bir əsaslı səbəb olmadan qəsdən silah qismində istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs sol budun yuxarı 1/3-nin qasıq büküşündən başlayan yarası, sol budun aşağı 1/3-nin iç səthinin, sol budun orta 1/3-nin bayır səthinin, sol dirsək oynağının arxa bayır səthinin yaraları, böyük dərialtı venanın zədələnməsi ilə nəticələnən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs üzərində zor tətbiq edib ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq hərəkətləri Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Ancaq məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirən zaman, bundan əvvəl və sonra hər hansı ictimai qaydanı pozan, cəmiyyətə hörmətsizlik ifadə edən, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını pozan hərəkətlər etməsini sübuta yetirilmiş hesab edə bilmir. Əksinə,cinayət işinin materiallarından və cinayət işinin məhkəmə istintaqı zamanı aparılmış araşdırmalardan görünür ki, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində mübahisə etmiş və zərərçəkmiş şəxsin sağlamlığına zərər vurmuşdur. Şəxsi münasibətlər zəminində və yaxud da intiqam hissi ilə törədilən mübahisə gedişində sağlamlığa zərər vurmaya dair hərəkətlər xuliqalıq kimi qiymətləndirilmir. Təqsirləndirilən şəxsdən, zərərçəkmiş şəxsdən, şahidlərdən alınmış ifadələr, işin müəyyən edilmiş sayılan hallarını Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyası, xuliqanlıq cinayətinin tərkibinin əlamətləri ilə müqayisə etdikdə, həmin sübutların işin müəyyən edilmiş sayılan (sözügedən cinayət tərkibinin əlamətləri ilə şərtləndirilən) halları ilə uzlaşmadığı aydın olur. Belə ki, Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədildikdə və zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda həmin Məcəllənin 221.3-cü maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur (CM-in 221-ci maddəsi). əsaslıdır. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin qərarlarında xuliqanlıq kimi tövsif edilən əməllərin mahiyyəti və xuliqanlıq cinayət əməlinin tərkib əlamətləri barədə aydın hüquqi əsas və təcrübə formalaşdırılmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, CM-in 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Bundan başqa "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il il tarixli qərarının 3-cü bəndində qeyd edilir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqacinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Odur ki, CM-in cinayət məsiliyyətinin əsaslarını təsbit edən 3-cü maddəsinə, Cinayət-Prosessual Məcəllənin 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinə, sübutetməyə dair normaları əks etdirən 139, 143-146-cı maddələrinin tələblərinə əsasən şəxsi Cinayət Məcəlləsinin 221-ci və yaxud xuliqanlıq niyyəti ilə törədilən həyat və sağlamlıq əleyhinə cinayətləri nəzərdə tutan maddələri ilə təqsirli bilmək üçün yuxarıda qeyd olunan (cinayət tərkiblərinin obyektiv və subyektiv əlamətləri olub müvafiq ittihamlar üzrə sübutetmə predmetini təşkil edən) hallar onların mövcud olması barədə yekun nəticəyə gəlmək üçün kifayət edən, lazımınca yoxlanılmış, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilmiş sübutların məcmusu ilə təsdiq olunmalıdır. Lakin Təqsirləndirilən şəxs əməlində CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş xuliqanlıq cinayətinin obyektiv əlamətlərinin olması sübuta yetirilməmiş, o cümlədən onun hərəkətlərinin xuliqanlıq motivi ilə şərtləndirilməsi, ictimai qaydanın pozulmasına yönəlməsi və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ictimai qaydanı kobud surətdə pozan xarakterdə olması müəyyən edilməmişdir. Cinayətin bu cür təsbitindən görünən odur ki, cinayət olaraq xuliqanlığın əsas xüsusiyyəti, onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun, hədənin tətbiq edilməsi, əmlakın məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət sözügedən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir. Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil, hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının, birgəyaşayış qaydalarının ziddinə hərəkət etmək, eqoizmini nümayiş etdirib, özünü başqalarının fövqündə qoymaq kimi, son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. Məhkəmə təcrübəsində formalaşmış hüquqi mövqeyə görə, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsinin və Ali Məhkəmənin istinad olunan qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə, əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoyması, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirməsi, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozması, həmin qayda və normalara etinasızlıq göstərməsi kimi hallar deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (xuliqanlıq niyyətilə qəsdən sağlamlığa zərər vurma və xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Məsələyə bu aspektdən yanaşanda Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin deyil, 128-ci maddəsinin tərkibinin olması müəyyən olunur. Məhkəmə kollegiyasının qənaətinə görə, belə vəziyyətdə xuliqanlıq cinayətinin və xuliqanlıq niyyəti ilə törədilən cinayətlərin subyektiv cəhətinə aid olub belə cinayətlər üçün zəruri əlamət kimi çıxış edən “xuliqanlıq niyyəti” Təqsirləndirilən şəxs əməlində ümumiyyətlə movcud olmamış, təqsirləndirilən şəxsin şüuru ilə ictimai qaydaya qəsd edilməsi, cəmiyyətə qarşı açıqca hörmətsizliyin göstərilməsi əhatə olunmamış, onun hərəkətləri konkret olaraq zərərçəkmiş şəxslə arasında olan şəxsi münasibətlərdən irəli gəlmiş, lakin buna baxmayaraq, Təqsirləndirilən şəxs əməli xuliqanlıq niyyəti ilə törədilən cinayət kimi tövsif edilmişdir. Halbuki, Təqsirləndirilən şəxs xuliqanlıq cinayət əməlini deyil, Zərərçəkmiş şəxs onun bacısı ilə münasibət qurmasını aydınlaşdırmaq istəyən zaman ona yüngül bədən xəsarəti yetirmişdir. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməli Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməlidir. Bundan başqa məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxsla barışdığını, Şahmarın etdiyi hərəkəti bağışladığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirdiyindən və bu barədə yazılı ərizə təqdim etdiyindən, eyni zamanda təqsirləndirilən şəxs də onunla barışdığından, Ağdaş Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli hökmü ləğv edilməli, cinayət işi üzrə icraata xitam verilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və, o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə görə, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən isə 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən xitam verilməli, o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, iş üzrə maddi sübutlar-Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvar, 01 köynək, 01 ədəd mayka, 01 ədəd gödəkçə, 01 ədəd flakonda olan qan nümunələri, 02 ədəd bıçaqlar məhv edilməlidir. Apellyasiya şikayətinin təqsirləndirilən şəxsə 8 X24 münasibəti ilə aministiya elan edilməsi haqqında Azərbaycan Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının tətbiq edilməsi barədə dəlilləri ilə bağlı qeyd edir ki, hazırda təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin məcəllənin 128-ci maddəsinə tövsif edilmiş və zərərçəkmiş şəxsin barışıq ərizəsi əsasında cinayət işi üzrə icraata xitam verilmişdir. Belə olan halda təqsirləndirilən şəxs barəsində 8 X24 münasibəti ilə aministiya elan edilməsi haqqında Azərbaycan Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının tətbiqinə zərurət qalmır. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edərək və cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi barədə qərar qəbul etməyə haqlıdır (CPM-in 398.1.3cü maddəsi). Qeyd edilənlərə əsаsən və CM-in 73.3, CPM-in 39.1.11 və 409-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı, qərara aldı: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli 1(014)-67/2021 nömrəli hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilmiş cinayət əməli həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin, barəsində Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla cinayət məsuliyyətindən azad edilsin. Cinayət təqibi üzrə icraata xitam verilərək, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübutlar – Ağdaş Rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvar, 01 köynək, 01 ədəd mayka, 01 ədəd gödəkçə, 01 ədəd flakonda olan qan nümunələri, 02 ədəd bıçaqlar məhv edilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərаrdаn Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar