Məhkəmə qərarları › İş №1(107)-463/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-463/2021

15.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-463/2021 15.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Gündüz Qasım oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik-ədliyyə müşaviri X8, müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Zaqatala Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin (sədrlik edən hakim Tural Həsənov) 19 oktyabr 2021ci il tarixli hökmü ilə, 13 avqust 1983-cü il tarixdə Zaqatala şəhərində anadan olmuş, ailəli, işləməyən, ali təhsilli, əvvəllər məhkum olunmuş, Zaqatala şəhəri, Car küçəsi ev 11də daimi qeydiyyatda olmaqla yaşayan, barəsində "xxxx" qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Şəki Penitensiar Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs 22 yanvar 2021-ci il tarixdən 22 aprel 2021-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla 03 (üç) ay həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, Təqsirləndirilən şəxs barəsində 22 aprel 2021-ci il tarixdə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınması, cəzasının əvvəli həbsə alındığı tarixdən, yəni, 19 oktyabr 2021-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi öz qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması, iş üzrə Təqsirləndirilən şəxs götürülmüş və Zaqatala Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış bir ədəd zərfdə 0,15 qram çəkidə qurudulmuş marixuana, bir ədəd zərfdə 0,153 qram çəkidə narkotik vasitə olan heroin və bir ədəd zərfdə 0,209 qram çəkidə psixotrop maddə olan metafetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi, iş üzrə 107,91 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməsi, iş üzrə xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınması müəyyən edilmişdir. işin halları: Zaqatala Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,240 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 0,203 qram çəkidə, kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib saxlamış və 22 yanvar 2021-ci il tarixdə Zaqatala rayonu ərazisində həmin narkotik vasitəni və psixotrop maddəni üzərində qanunsuz olaraq daşımış, narkotik vasitələrin və psixotrop maddələrinin qanunsuz dövriyyəsində şübhəli bilinməsi ilə bağlı Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon polis şöbəsinə dəvət edilərək 22 yanvar 2021-ci il tarixdə, saat 03:30 radələrində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sağ arxa cibində ağ və gümüşü rəngli kağızlara bükülmüş 01 ədəd sellefon bükümdə 0,240 qram çəkidə psixotrop maddə metamfetamin və şalvarın sağ yan kiçik cibində 01 ədəd kağız bükümdə 0,203 qram çəkidə narkotik maddə heroin aşkar olunaraq götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 verdiyi apellyasiya şikayətində Zaqatala Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli hökmünün dəyişdirilməsini, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasına uyğun ən aşağı həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hökmdən verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X12 apelyasiya şikayətinin təmin olunmasını, Zaqatala Rayon Məhkəməsinin 19 oktyabr 2021ci il hökmünün cəzaya aid hissədə dəyişdirilməsibarədə qərar çıxarılmasını, o cümlədən 8 X3 X18 Haqqinda Azərbaycan Respublikasi Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarinın Təqsirləndirilən şəxs barəsində tətbiq edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X16 apellyasiya şikayətinin təmin edilməməsini, lakin Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən qəti cəza olaraq təyin edilmiş 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına 8 X3 X18 Haqqinda Azərbaycan Respublikasi Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarinın 4, 9 və 23-cü bəndlərinə əsasən amnistiya tətbiq edilməsini və ona təyin edilmiş cəzanın 6 ay müddətinə azaldılmasını xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apelyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Zaqatala Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid4 təxminən 2 ilə yaxındır ki tanımışdır. 21.01.2021-ci il tarixdə saat 15 radələrində Orucla görüşən vaxt dərman almaq üçün Şəki şəhərinə getməyi bildirmiş, Oruc da ona avtomobilinə benzin vursa gedə biləcəyini demişdir. Buna görə də, Orucun idarə etdiyi maşınla Şəki şəhərinə getməyə qərar vermişlər. Həmin vaxt Elçin Nastakalov da onunla bir yerdə olmuş və onlar bir yerdə getmək qərarına gəlmişlər. Orucun idarə etdiyi VAZ21214 markalı avtomobillə Şəki şəhərinə getmişlər. Həmin vaxt Şəki şəhərində dərman tapa bilmədikləri üçün Yevlax rayonuna getmişlər. Yevlax rayonuna çatdıqdan sonra o maşından düşüb getmiş, əvvəllər də Yevlax şəhərində qaraçılar məhəlləsi adlanan ərazidən narkotik vasitə olan heroin aldığı üçün həmin yerə getmişdir. Yevlax şəhəri, “Qaraçılar məhəlləsi” adlanan yerdə küçədə gedən vaxt daşın yanından psixotrop maddə olan metamfetamin, narkotik vasitə olan heroin və qurudulmuş marixuana tapmışdır. Həmin narkotik vasitələri cibinə qoyub yenidən Orucun idarə etdiyi maşının yanına gəlmişdir. O, Orucun yanına gəldikdən sonra psixotrop maddə olan metamfetaminin bir hissəsini Oruca vermiş, Oruc həmin psixotrop maddəni avtomobilin salonunda iki oturacağın arasında olan saxlanc yerinə qoymuşdur. Bundan sonra yolda gələn vaxt psixotrop maddədən işıq lapmasının şüşəsində tüstüsünü qəbul etmişlər. Orucun idarə etdiyi VAZ-21214 markalı avtomobillə Zaqatala rayon Yuxarı Tala kənd ərazisinə çataraq “Qaraca OİL” yanacaq doldurma məntəqəsinə benzin doldurmağa girmişlər. Həmin vaxt o ayaq yoluna getmiş, ayaq yolundan avtomobilə doğru gəldikdə avtomobilə doğru polis əməkdaşlarının gəldiyini görmüşdür. Polis əməkdaşları onlara yaxınlaşaraq şübhəli olduqları üçün Zaqatala rayon polis şöbəsinə dəvət etmişlər. O, Elçin Nastakalov və Oruc polis əməkdaşları ilə Zaqatala rayon Polis Şöbəsinə getmiş, polis şöbəsinin inzibati binasında təyin edilən vəkilinin iştrakı ilə üzərində şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı ona üzərində hər hansı bir qanunsuz əşya, maddə olubolmaması soruşulmuş və olduğu təqdirdə könüllü təqdim etməyi bildirilmişdir. O, polis əməkdaşlarına əynindəki şalvarın arxa sağ cibindən 1 ədəd qara rəngli kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı, bir ədəd içərisində psixotrop maddə olan metamfetamin olan ağ rəngli kağız bükümü və şalvarının sağ yan balaca cibindən isə şəffaf rəngli sellofan bükümün içərisində olan kağız bükümdə olan narkotik vasitə heroini təqdim etmişdir. Həmin kütlələr ekspertizaya göndərilməsi üçün ağ rəngli zərfdə qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Hazırda törətdiyi əməldən peşman olmuşdur. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifаdəsində göstərdi ki, psixotrop maddə olan metafetamini təxminən 1 ildir ki, istifadə edir. Təqsirləndirilən şəxs həmyerlisi kimi 10 ildən çoxdur ki, tanımış və bir ildir ki münasibəti olmuşdur. Elçin Nastakalovu isə əvvəllər tanımamış, X15 vasitəsi ilə tanımışdır. 22.01.2021-ci il tarixdə, saat 15 radələrində tanışı Təqsirləndirilən şəxsla görüşmüş, Rəşad ona narkotik vasitə almaq üçün Şəki şəhərinə getməyi bildirmiş, o da razılıq verərək idarə etdiyi VAZ-21214 markalı avtomobillə Şəki şəhərinə getmişdir. Həmin vaxt onlarla birlikdə Elçin də Şəki şəhərinə getmişdir. Lakin həmin vaxt Şəki şəhərində Rəşad dərman tapa bilməmiş, bundan sonra Yevlax rayonuna getmişlər. Yevlax rayonuna çatdıqdan sonra o maşını saxlamış və Rəşad maşından düşüb getmiş və bir qədər sonra qayıtmışdır. Yolda gələn vaxt Rəşad ona psixotrop maddə olan metafetamin aldığını bildirmişdir. O da narkotik vasitə olan metafetamini hərdən qəbul edirdi, ona görə də, yolda gələn vaxt Rəşadın aldığı psixotrop maddədən yolda istifadə etmişlər. O, həmin vaxt həmişə istifadə etdiyi işıq lapmasının şüşəsində metafetaminin tüstüsünü qəbul etmişdir. Daha sonra isə Rəşad aldığı psixotrop maddədən onun payına düşən hissəsini ayırıb vermiş, o da həmin psixotrop maddəni lazım olduqda istifadə etmək üçün avtomobilinin salonunda iki oturacağın arasında olan saxlanc yerinə qoymuşdur. Onun idarə etdiyi VAZ-21214 markalı avtomobillə Zaqatala rayon Yuxarı Tala kənd ərazisinə çatdıqda “Qaraca OİL” yanacaq doldurma məntəqəsinə benzin doldurmağa girmişlər. Yanacaqdoldurma məntəqəsində avtomobilinə benzin doldurub ayaq yoluna gedən Rəşadı gözləyən zaman avtomobilə tərəf polis əməkdaşlarının gəldiyini görmüşdür. Polis əməkdaşları onlara yaxınlaşaraq şübhəli olduqları üçün Zaqatala rayon polis şöbəsinə dəvət etmişlər. O, Elçin Nastakalov və Rəşad polis əməkdaşları ilə Zaqatala rayon Polis Şöbəsinə getmişlər. Polis şöbəsinin inzibati binasında təyin edilən vəkilin iştrakı ilə onun da üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərində hər hansı bir qanunsuz əşya, maddə olubolmaması soruşulmuş və olduğu təqdirdə könüllü təqdim etməyi bildirdikdə polis əməkdaşlarına üzərində olan əşyalarını təqdim etmişdir. Təqdim etdiyi əşyalardan metafetamini qəbul etmək üçün işıq lampasından hazırladığı lampanı təqdim etmişdir. Həmin lampanın içərisində istifadə etdiyi maddənin qalıqları olduğu üçün polis əməkdaşları həmin lampanı ağ rəngli zərfdə qablaşdırmış və möhürləyərək götürmüşlər. Bundan sonra avtomobilinə baxış keçirtmək istədiklərini demiş, lakin o avtomobilinə baxış keçirilməsinə icazə verməmiş, daha sonra məhkəmənin qərarı ilə onun idarə etdiyi avtomobilə baxış keçirilmişdir. İdarə etdiyi avtomobilə baxış keçirilən vaxt avtomobildə iki oturacağın arasında olan saxlanc yerində saxladığı psixotrop maddə olan metafetamin aşkar olunaraq götürülmüşdür. Həmçinin həmin vaxt idarə etdiyi avtomobildən bir bükümdə narkotik maddə olan tiryək və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifаdəsində göstərdi ki, 2008-ci ildən DİO-da, 2020-ci ilin aprel ayından isə Zaqatala rayon polis şöbəsinin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, Zaqatala şəhər sakinləri Şahid4, Təqsirləndirilən şəxs və X1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduqları üçün CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şəhriyar Məmmədov, CAB-nin əməliyyat müvəkkili, pols baş leytenantı Tural Soltanov, CAB-nin kiçik inspektoru Rauf Nurullayev ilə birlikdə Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən «Karaca Oil» yanacaq doldurma məntəqəsində yaxınlaşaraq özlərini təqdim etmişlər. Bundan sonra Şahid4, Təqsirləndirilən şəxs və X10 rayon polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs Şəhriyar Məmmədovun idarə etdiyi avtomobillə, Şahid4 və Elçin Nastakalov isə Şahid4 idarə etdiyi VAZ-21214 markalı, **-KY- *** dövlət nömrə nişanlı avtomobillə Zaqatala rayon polis şöbəsinə gəlmişlər. Şahid4 avtomobilin qabaq sağ oturacağında, Elçin Nastakalov isə arxa sağ tərəfdə oturmuş, Şahid4 məxsus avtomobili Rauf Nurullayev idarə etmiş, arxa oturacaqda isə o oturmuşdur. Zaqatala rayon polis şöbəsinə gəldikdən sonra əvvəlcə avtomobili şöbənin duracağına yerləşdirmişlər. Şahid4 məxsus avtomobili duracaqda saxladıqdan sonra avtomobilin qapılarını bağlayaraq açarı isə Şahid4 vermişdir. Zaqatala rayon polis şöbəsində Şahid4, Təqsirləndirilən şəxs və Elçin Nastakalovun narkotiklərin daşımasında şübhəli olduğu üçün gətirməyi barədə raport yazmışdır. Bundan sonra Zaqatala rayon polis şöbəsində təhqiqatçı polis mayoru Kamil Qurbanov tərəfindən əvvəlcə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə başlanılmış, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl təhqiqatçı Kamil Qurbanov ona üzərində qanunsuz saxladığı narkotik vasitə, silah və cinayət xarakterli digər əşyalar olduğu halda təqdim etməsini təklif etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan şalvarın arxa sağ cibindən 1 ədəd qara rəngli və 1 ədəd ağ rəngli kağız büküm, şalvarın sağ yan balaca cibindən isə şəffaf rəngli sellofan bükümün içərisində olan kağız büküm və əynindəki gödəkcənin sağ yan cibindən bir ədəd alışqanı təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd qara rəngli kağız bükümdə olan kütlənin narkotik tərkibli marixuana olduğunu, 1 ədəd ağ rəngli kağız bükümün içərisində olan gümüşü rəngli bükümdəki kütlənin psixatrop maddə olan metafetamin və şəffaf sellofan bükümün içərisində olan kağız bükümdə isə narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilmiş və bir büküm qurudulmuş marixuana 0,5 qram, bir büküm psixotrop maddə olan metafetamin 0,6 qram və bir bükümdə narkotik vasitə olan heroin 0,3 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər ekspertizaya göndərilməsi üçün hər biri ayrı-ayrılıqda zərflərə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş X2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və Şahid1 verdiyi ifadəyə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifаdəsində göstərdi ki, 2016-cı ildən DİO-da, 2019-cu ildən isə Zaqatala rayon polis şöbəsinin KTQ-nun kiçik inspektoru vəzifəsində xidmət edir. 22 yanvar 2021-ci il tarixdə, saat təxminən 02 radələrində Növbətçi Hissədən zəng vuraraq rayon polis şöbəsinə çağırmışlar. Zaqatala rayon polis şöbəsinə gəldikdən sonra Zaqatala şəhər sakini Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini deyərək həmin şəxsi axtarış zamanı iştirak edərək videoçəkiliş aparması tapşırılmışdır. 22 yanvar 2021-ci il tarixdə saat 03:10 dəqiqədə təhqiqatçı Kamil Qurbanovun xidməti otağına getdikdə otaqda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan bir nəfər əvvəllər tanımadığı Təqsirləndirilən şəxs və vəkil X9 olduğunu görmüşdür. Həmçinin şəxsi axtarış zamanı NMQ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şəhriyar Məmmədov da iştirak etmişdir. O, xidməti istifadəsində olan «Panasonic» markalı videokamera ilə çəkiliş aparmaq üçün hazır olmuş, bundan sonra təhqiqatçı Kamil Qurbanov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl təhqiqatçı Kamil Qurbanov ona üzərində qanunsuz saxladığı narkotik vasitə, silah və cinayət xarakterli digər əşyalar olduğu halda təqdim etməsini təklif etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan şalvarın arxa sağ cibindən 1 ədəd qara rəngli və 1 ədəd ağ rəngli kağız büküm, şalvarın sağ yan balaca cibindən isə şəffaf rəngli sellofan bükümün içərisində olan kağız büküm və əynindəki gödəkcənin sağ yan cibindən bir ədəd alışqanı təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd qara rəngli kağız bükümdə olan kütlənin narkotik tərkibli marixuana olduğunu, 1 ədəd ağ rəngli kağız bükümün içərisində olan gümüşü rəngli bükümdəki kütlənin psixatrop maddə olan metafetamin və şəffaf sellofan bükümün içərisində olan kağız bükümdə isə narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilmiş və bir büküm qurudulmuş marixuana 0,5 qram, bir büküm psixotrop maddə olan metafetamin 0,6 qram və bir bükümdə narkotik vasitə olan heroin 0,3 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər ekspertizaya göndərilməsi üçün hər biri ayrı-ayrılıqda zərflərə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. İşdə olan 22 yanvar 2021-ci il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan şalvarın arxa sağ cibindən 1 ədəd qara rəngli bükümdə 0,5 qram marixuana, 1 ədəd ağ rəngli kağız bükümdə 0,6 qram çəkidə psixotrop maddə olan metafetamin, şalvarın sağ yan balaca cibindən isə şəffaf rəngli sellofan bükümün içərisində olan kağız bükümdə 0,3 qram çəkidə narkotik vasitə olan heroin aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Şəki regional bölməsi tərəfindən verilmiş məhkəmə bioloji ekspertizasının 22 yanvar 2021-ci il tarixli 17/60 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «…. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd qara rəngli kağız bükümdə kütlə …..» sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qara-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,17 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində «… Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş… gümüşü rəngli bükümdə olan kütlə…..» sözləri yazılmış zərfin içərisindəki, ağ rəngli və gümüşü rəngli kağızlara bükülmüş 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 0,240 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində «… Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kağız kütlə…» sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi 0,203 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində «…Şahid4 üzərindən aşkar edilərək götürülmüş işıq lampasının…..» sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd elektrik lampasının şüşə hissəsində, təmiz çəkisi 0,039 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, ağ rəngli və gümüşü rəngli kağızlara bükülmüş 01 (bir) ədəd sellofan bükümdə olan metamfetamin ilə 01 (bir) ədəd elektrik lampasının şüşə hissəsində olan metamfetamin tərkiblərinə görə eynidirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin 25 fevral 2021-ci il tarixli 178 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İşdə olan 22 yanvar 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs saat 03:10-da Azərbaycan Resppublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 23.01.2021-ci il tarixli 4(033)-7/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə, yəni 22 yanvar 2021-ci il tarixdən hesablanmaqla 22 aprel 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi X13 22 aprel 2021-ci il tarixli “şəxsin həbsdən azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin gün Zaqatala rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad edilmiş və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 30 yanvar 2021-ci il tarixli tələbnamədən görünür ki, Rəsulov X14 rayon məhkəməsinin 14.11.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1 il 03 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair olan cinayət işi Balakən rayon məhkəməsinin icraatındadır. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 1(033)-50/2019 nömrəli 14 noyabr 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasınа məhkum edilmiş, Təqsirləndirilən şəxs 30 may 2019-cu il tarixdən 09 iyul 2019-cu il tarixədək həbsdə və ev dustaqlığında olduğu 1 (bir) ay 09 (doqquz) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 2 (iki) ay 18 (on səkkiz) gün həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 1 (bir) il 03 (üç) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala rayon İcra və Probasiya Şöbəsinin 35/4 nömrəli, 28 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, məhkum Rəsulov X14 Rayon Məhkəməsinin 1(033)-50/2019 nömrəli 14 noyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 03 (üç) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş və o, cəzasını 30 iyun 2021-ci il tarixdə çəkib qurtarmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən 06 iyul 2021-ci il tarixli AZ-İİ 431948 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X6 nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 06 iyul 2021-ci il tarixdə 164 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon İcra Hakimiyyəti Zaqatala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 956 nömrəli, 07 iyul 2021-ci il tarixli arayışdan görünür ki, Rəsulov X14 şəhəri, Car küçəsi ev 11də yaşayır. İş materiallarına əlavə edilmiş Zaqatala Bələdiyyəsi tərəfindən verilmiş 318 nömrəli, 13 iyul 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Zaqatala şəhəri, Car küçəsi ev 11-də yaşayan 13 avqust 1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində Bələdiyyəyə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iclasında təqsirləndirilən şəxs, onun müdafiəçisi hazırkı cinayət işinin faktiki hallarını və əməlinin tövsifini mübahisələndirməyərək, yalnız Zaqatala Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli hökmünün dəyişdirilməsini, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasına uyğun ən aşağı həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması qənaətinə gəlmişdir. Həmçinin apelyasiya məhkəməsi araşdırılması zamanı təqsirləndirilən şəxs X5 cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs X7 azadlıqdan məhrum etmə cəzası təyin olunmasını onun şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Ona görə də məhkəmə kollegiyası Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş 1 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını onun şəxsiyəti və törətdiyi cinayət əməlinə görə cəzanın məqsədlərinin təmin olunması baxımından əsaslı hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 30 yanvar 2021-ci il tarixli tələbnamədən görünür ki, Rəsulov X14 rayon məhkəməsinin 14.11.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1 il 03 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair olan cinayət işi Balakən rayon məhkəməsinin icraatındadır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 234.1-ci maddəsinin törədilməsinə görə şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Belə olan da halda birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddə üzrə ən aşağı həddə yaxın azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına baxmayaraq yenidən eyni növ cinayət əməli törətməsi təqsirləndirilən şəxsə daha sərt cəza, yəni azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi zəruriliyini şərtləndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs nisbətən sərt (azadlıqdan məhrumetmə növündə) cəza təyin edilməsinə haqq qazandırır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apelyasiya şikayətinin dəlillərini qəbuledilməz sayaraq həmin şikayətin təmin edilmədən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Zaqatala Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli hökmünün baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, 8 X3 X18 haqqında Azərbaycan Respublikasi Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən bu qərarın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan şəxslərdən başqa, 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzalarının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olduqda, çəkilməmiş cəza 6 ay azaldılmalıdır. (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin qərarın 9-cu bəndində qeyd edilir ki: 9.1. icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); 9.2. bu Qərar qüvvəyə mindiyi günədək çıxarılaraq amnistiyanın tətbiq edildiyi günədək apellyasiya qaydasında mübahisələndirilməyən qanuni qüvvəyə minməmiş hökmlər üzrə: 9.2.1. bu Qərarın 1-ci, 3-cü və 6-cı hissələrində nəzərdə tutulmuş şəxsləri təyin edilmiş cəzadan azad edir (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); 9.2.2. bu Qərarın 2-ci hissəsində nəzərdə tutulmuş şəxsləri təyin edilmiş cəzadan azad edir (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); 9.2.3. bu Qərarın 4-cü və 5-ci hissələrində nəzərdə tutulmuş şəxslərin cəzalarını azaldır (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); 9.3. icraatlarında olan apellyasiya və ya kassasiya şikayətləri (protestləri) üzrə işlərə baxarkən bu Qərarın 9.1-ci və 9.2-ci bəndlərinin müddəalarına müvafiq olaraq amnistiya tətbiq edir. Həmçinin həmin qərarın 23-cü bəndində qeyd edilir ki:

23. Amnistiya Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq aşağıdakı orqanlar tərəfindən tətbiq edilir: 23.1. cəzaçəkmə müəssisələri – bu Qərarın 1-ci hissəsində, 2.1-ci, 2.2-ci, 2.3-cü və 2.4-cü bəndlərində nəzərdə tutulan şəxslər barəsində; 23.2. intizam xarakterli hərbi hissənin və hərbi hissələrin komandanlığı – bu Qərarın 2.6-cı, 2.7-ci və 3.1-ci bəndlərində nəzərdə tutulan şəxslər barəsində; 23.3. icra məmurları – bu Qərarın 2.8-ci, 2.9-cu, 2.10-cu və 2.11-ci bəndlərində nəzərdə tutulan şəxslər barəsində; 23.4. təhqiqat və ya ibtidai istintaq orqanları – bu Qərarın 8-ci hissəsində nəzərdə tutulan şəxslər barəsində; 23.5. məhkəmələr – bu Qərarın 2.5-ci, 2.12-ci, 2.13-cü və 3.2-ci bəndlərində, 4-cü, 5ci, 6-cı və 9-cu hissələrində nəzərdə tutulan şəxslər barəsində. Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkumetmənin əsaslarını müəyyən edən Cinayət Prosessual Məcəlləsinin 44-cü maddəsində qeyd edilir ki, 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. 44.2. Bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə aşağıdakılara riayət edərək ittiham hökmü çıxarır: 44.2.1. bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə; 44.2.1-1. bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda - ölmüş təqsirləndirilən (şübhəli) şəxsə və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsə cəza təyin etməməklə; 44.2.2. bu Məcəllənin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə; 44.2.3. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddəalarına əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinin tətbiq edilməməsi qərarına gəldiyi halda — təqsirləndirilən şəxsə cəza təyin etməklə; 44.2.4. bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 8 X3 X18 Haqqinda Azərbaycan Respublikasi Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarinın 4, 9 və 23-cü bəndlərinə əsasən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə üzərində qəti cəza olaraq saxlanılmış cəzadan 6 ay azaldılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12, 44.2.2, 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı:

Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Zaqatala Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. 8 X3 X18 Haqqinda Azərbaycan Respublikasi Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarinın 4, 9 və 23-cü bəndlərinə əsasən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə üzərində qəti cəza olaraq saxlanılmış 1(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası 6 ay müddətə azaldılaraq onun üzərində 6 (altı) ay müddətinə müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar