Məhkəmə qərarları › İş №1(107)-463/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-463/2022

13.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-463/2022 13.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X9, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas X3, Təqsirləndirilən şəxs və müdafiəçisi X5 iştirakı ilə, Təqsirləndirilən şəxs Аzərbаycаn Respublikаsı Cinаyət Məcəlləsinin 178.2.3, 32,4 və 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Ucar Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 1(063)-39/2022 nömrəli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Ucar Rayon Məhkəməsinin (sədrlik edən H.Xəlilov) 22 sentyabr 2022-ci il tarixli, 1(063)-39/2022 nömrəli hökmü ilə, xx xxxx 1975-ci ildə Zərdab şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1-də qeydiyyatda və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Аzərbаycаn Respublikаsı Cinаyət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 32.4, 312.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli bilinib 3 (üç) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzаsınа məhkum edilməsi, azadlığın məhdudlaşdırılması cəzasının müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs оğlunun üzərinə Zərdab rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri оlаn ünvan 1 ünvanında yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs оğlunun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə Zərdab rayon icra və probasiya şöbəsinə həvalə edilməsi, iş üzrə maddi sübut olan 2 ədəd disk cinayət işinin materiallarında saxlanılması, Təqsirləndirilən şəxs 150 (bir yüz əlli) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi hökm edilmişdir. Ucar Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 1(063)-39/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs CM-in 178.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsi, zərər çəkmiş şəxslə barışması və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsi ilə əlaqədar Təqsirləndirilən şəxs barəsində CM-in 178.2.3-cü maddəsi ilə cinayət təqibinə xitam verilməsi və cinаyət məsuliyyətindən аzаd edilməsi qərara alınmışdır. İşin halları: Təqsirləndirilən şəxs Zərdab Rayon Məhkəməsinin 02 fevral 2001-ci il tarixli, 2 nömrəli əmri ilə Zərdab Rayon Məhkəməsinin böyük məsləhətçisi vəzifəsinə təyin edilib 10 fevral 2022-ci il tarixədək Zərdab Rayon Məhkəməsinin böyük məsləhətçisi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2021-ci ilin may ayının əvvəllərində, Zərdab Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 mart 2013-cü il tarixli 2(035)-166/2013 nömrəli qətnamə ilə X10 ilə bağladığı nikahı pozulmuş X6 Ruslan Məmmədovun məhkəmə yolu ilə valideynlik hüququndan məhrum edilməsində köməklik göstərilməsi ilə bağlı özünə müraciəti ilə əlaqədar Qənirə Pickupa özünü işgüzar və həmin məhkəmədə geniş əlaqəyə malik şəxs kimi təqdim edib formalaşdırdığı inam və etibardan sui-istifadə edərək Zərdab Rayon Məhkəməsində mülki iş üzrə qərar qəbul etmək səlahiyyətinə malik hakimlə yaxın münasibətinin olmasını, həmin şəxsin vasitəsilə məhkəmədə onun xeyrinə, yəni verəcəyi iddiasının təmini üzrə qərar qəbul edilməsinə köməklik etmək imkanına malik olduğunu ünvan 2 ünvanında yerləşən Zərdab Rayon Məhkəməsinin inzibati binasında yerləşən xidməti otaqda yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Qənirə Pickupun xeyrinə edəcəyi hərəkətə, yəni keçmiş əri X4 valideynlik hüququndan məhrum edilməsinə dair məhkəmə qərarının qəbul edilməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2021-ci ilin may ayında aldatmaqla bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2021-ci ilin may ayının sonlarında Zərdab Rayon Məhkəməsinin inzibati binasında yerləşən xidməti otaqda 5.000 manat məbləğində pul vəsaitini Qənirə Pickupdan alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan suiistifadə etmə yolu ilə Qənirə Pickupa məxsus 5.000 (beş min) manat məbləğində pul vəsaitini ələ keçirməklə dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Qənirə Pickupun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Ucar Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 1(063)-39/2022 nömrəli hökmündən Təqsirləndirilən şəxs apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətlərinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs apellyasiya şikayətini belə əsaslandırmışdır ki, iş üzrə prosessual hüquq normaları ibtidai araşdırma müddətində pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. İbtidai araşdırma və birinci instansiya məhkəməsində araşdırma zamanı verdiyi vəsatətdə göstərdiyi kimi CM-in 32.4, 312.1-ci maddəsi üzrə ittihamı qəbul etməmişdir. Cinayət işinin 1-ci cildinin 61-65, 135-139-cu səhifələrində olan ifadəsindən göründüyü kimi o şahid Qənirə Pickupa kiməsə rüşvət verməsini təklif etməmişdir. X6 bununla bağlı cinayət işinin 1-ci cildinin 54-57-ci səhifələrini təşkil edən ifadəsi ziddiyyətlidir. Bu ziddiyyət aradan qaldırılmadan ona səhvən CM-in 32.4 və 312.1-ci maddələri ilə ittiham verilmişdir. O hakimə pul verilməsini təklif etməmiş, həmin təklifi Qənirə özü etmişdir. Onun heç bir vəd vermədən razılaşması CM-in 178.2.3-cü maddəsi ilə tamamilə əhatə olunur. Birinci instansiya məhkəməsinin iclasında X12 həmin xüsusatı təsdiq etmiş, lakin məhkəmə onun ifadəsini təhrif olunmuş şəkildə hökmə daxil etmişdir. O dəfələrlə protokolla tanış olmaq istəsə də məhkəmə bu imkanı yaratmamış, nəticədə məhkəmə iclası protokollarına düzəliş təklif etmək imkanında olmamışdır. Məhkəmə iclas protokolları ilə tanış edilmədiyinə görə Şahid ifadəsi barədə də düzəliş təklif edə bilməmişdir. O Şahid zərərçəkmişdən pulu hakimin adı ilə aldığını deməmişdir. Şahid pulu zərərçəkmişin mülki işinə kömək etmək adı ilə, zərərçəkmişin öz təklifi ilə aldığını demiş və xahiş etmişdir ki, zərərçəkmişi sakitləşdirsin pulu qaytarmaq imkanı olsun. Lakin, onun da ifadəsi məhkəmə hökmündə təhrif edilmişdir. Odur ki, CM-in 32.4 və 312.1-ci maddələri ilə bəraət verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs müdafiəçisi X13 apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini, həmçinin himayəsində yaşlı və xəstə anasının olduğunu, ondan başqa ailədə qazanc gətirən şəxsin olmamasını nəzərə alaraq, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının, cərimə cəzası ilə əvəz edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X11 hökmün qanuni və əsaslı, təyin edilmiş cəzanın isə ədalətli olduğunu göstərərək dəlillərinin əsassız olduğundan şikayətin təmin edilməməsini, Ucar Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 1(063)-39/2022 nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.4-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. CPM-in 399.1 və 399.1.5-ci maddəsinə görə təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. CPM-in 405.1.1-ci maddəsində göstərilir ki, cəzanin öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apelyasiya instansyası məhkəməsi birinci instansiya məhkəmisinin hökmünü dəyişdirə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin, onun müdafiəçisinin apellyasiya şikayətlərinin təmin edilməsi, dövlət ittihamçısının isə apellyasiya şikayətlərinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti qismən təmin edilməli, Təqsirləndirilən şəxs CM-in 178.2.3, 32,4 və 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Ucar Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 1(063)-39/2022 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası cərimə cəzası ilə əvəz edilməli, Ucar Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 1(063)-39/2022 nömrəli hökmü qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, apellyasiya şikayətində Təqsirləndirilən şəxs CM-in 32.4, 312.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi mübahisələndirilsə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, Təqsirləndirilən şəxs əməlinin CM-in 32.4, 312.1-ci maddələri ilə düzgün tövsif etmişdir. Hazırda təhlil olunan apellyasiya şikayətindən görünür ki, Təqsirləndirilən şəxs şikayətində Ucar Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 1(063)-39/2022 nömrəli hökmünün ləğv edilməsi və ona CM-in 32.4, 312.1-ci maddələri ilə bəraət verilməsi xahiş edilmişdir. Lakin, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya şikayətinin sadalanan dəlillərini inandırıcı qəbul etməkdən imtina edir. Belə ki, işdə olan X7 xx.xx.2022-ci il tarixində ibtidai istintaqa verdiyi izahatından görünür ki, o özünə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil telefonu ilə əlaqə saxlamış və o bu işin müqabilində 5000 manat alacağını, həmin məbləğin 4500 manatını Tahir Qubadova, 500 manatını isə özü götürəcəyini bildirmişdir. (iş materialları səh. 14) Bundan başqa, işdə olan Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixində ibtidai istintaqa verdiyi izahatından sonra verilən suallara cavabından, həmçinin, işdə olan xx.xx.2022-ci il tarixli şahidin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq məhkəmə sədrinə vermək adı ilə yuxarıda göstərilən məbləğdə pulun onun tərəfindən və ya Qənirə xanımın özü tərəfindən verilməsini hazırda dəqiq xatırlamadığını bildirmişdir. (iş materialları səh. 21, 61-66) Eləcədə, işdə olan 11 mart 2022-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, X14 ifadəsində özünə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil telefonu ilə əlaqə saxlamış və o bu işin müqabilində 5000 manat alacağını, həmin məbləğin 4500 manatını Tahir Qubadova, 500 manatını isə özü götürəcəyini bildirmişdir. (iş materialları səh. 71-74) Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası apellyasiya şikayətinin təqsirləndirilən şəxsin əməlinin CM-in 178.2.3-cü maddəsilə tamamilə əhatə olunmasına dair dəlilinə hüquqi qiymət verməklə, bunu əsaslı bilmir. Çünki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 07 nömrəli qərarında göstərilmişdir ki, şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Rüşvət verməyə cəhd edən şəxsin təşəbbüsü ilə vəzifəli şəxsə vermək məqsədi ilə pul və ya sair maddi nemətləri almış şəxs ondan asılı olmayan səbəblərdən (məsələn, vəzifəli şəxslə sövdələşmənin baş tutmaması, hüquq mühafizə orqanları tərəfindən ifşa edilməsi, son nəticədə rüşvət kimi verməli olduğu maddi nemətləri mənimsəmək niyyətinin yaranması və sair) rüşvətin predmetini səlahiyyətli şəxsə verə bilmədikdə onun əməli dələduzluq deyil, rüşvət verməyə cəhd etmədə iştirakçılıq və işin hallarından asılı olaraq özgənin əmlakını mənimsəmə kimi qiymətləndirilir. Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-in 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-in 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentiyabr 2001-ci il, “X15rşı” 09 dekabr 1994cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından aslı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Oxşar hüquqi mövqeyi paylaşan insan hüquqları üzrə Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı iş üzrə qərarında qeyd edilir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Bundan başqa, qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X2rşı 18 yanvar 1978-ci il qərarında, həmçinin bir sıra qərarlarda məhkəmə sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. Bu baxımdan da, apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası bu fikirdədir ki, apellyasiya şikayətlərinin dəlilləri əsaslı sayıla bilməz. Çünki, məhkəmə kollegiyasının fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri Təqsirləndirilən şəxs CM-in 32.4, 312.-ci maddələri ilə cinayət törətdiyini deməyə kifayət qədər əsas verir. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla (təqsirləndirilən şəxs, şahidlərin ibtidai istintaq və birinci instansiya məhkəməsində, verdikləri ifadələrlə, üzləşdirmə protokolları, eksperiza rəyləri, işdə olan digər sənədlərlə təsdiq edilir. Həmin sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı təsvir edilərək şərh edildiyindən, öz növbəsində işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası istinad edilmiş mövcud sübutların mötəbərliyi ilə razılaşdığından, apellyasiya şikayətinin müəllifi bu sübutların yenidən araşdırılıb tədqiq edilməsinə zərurət görmədiyindən həmin sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. CPM-in 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Öz növbəsində faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiya məhkəməsi təqdim edilmiş sübutları CPM-in 145.1-ci maddəsinin tələbləri baxımından qiymətləndirmədən məlum hüquqi nəticəyə gəlmiş və təqsirləndirilən şəxsə münasibətdə cinayət işi üzrə gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmış, bununla da ictimai təhlükəli əməlin tövsifinə dair cinayət qanunvericiliyinin tətbiqində səhvə yol verməmişdir. Bununla da, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət əməlinin CM-in 32.4, 312.-ci maddələri ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Ona görə də ibtidai istintaq zamanı və məhkəmə istintaqında toplanmış sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud olmamışdır. Yuxarıda şərh olunanlardan aydın olur ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs münasibətdə cinayət işi üzrə gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmış, bununla da ictimai təhlükəli əməlin tövsifinə dair cinayət qanunvericiliyinin tətbiqində səhvə yol verməmişdir. Bununla yanaşı məhkəmə kollegiyası əməlin tövsifi ilə bağlı birinci instansiya məhkəməsinin yuxarıda gəldiyi nəticə ilə razılaşsa da, təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı sərt hesab etməklə cəzanın məqsədlərinə uyğun bilmir. Çünki, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 133 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Bundan əlavə Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 2 və 3-cü bəndində göstərilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cəzanı yüngülləşdirən hallardan bəhs edən CM-in 59.1-ci maddəsində cəzanı yüngülləşdirən halların dairəsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxslərin əməlini etiraf etməsi, etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsi, zərərçəkmiş şəxslə barışması, ona vurduğu zərəri tamamilə ödəməsi, barəsində şikayət və tələbin olmaması cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi, zərərçəkmiş şəxslə barışması, ona vurduğu zərəri tam olaraq ödəməsi törətdiyi əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə kollegiyası onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-in 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdınlmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır.” Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 24-cü bəndində qeyd edilir ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Həmin qərarın 48-ci bəndində qeyd edilir ki, cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-in 8.1 və 58.3-cü maddələrinə əsasən ədalət prinsipini və törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəratinə təsirini nəzərə aldığını hökmdə qeyd etsə də, ancaq həmin halları kifayət qədər nəzərə almadan Təqsirləndirilən şəxs (üç) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzаsını təyin etmişdir. Halbuki, məhkəmə onun şəxsiyyətini, cəzasını yüngülləşdirən diqqətəlayiq digər halları nəzərə almaqla onlara təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cərimə cəzasını təyin edə bilərdi. Çünki, məhkəmə kollegiyasının fikrincə, cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal mövcud olsun, yaxud da istinad edilmiş cəzanı yüngülləşdirən hallar şəxsin törətdiyi cinayətin ictmai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırlması cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Bu baxımdan təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə kollegiyası, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, zərərçəkmiş şəxslə barışmasını və dəymiş ziyanın tam olaraq ödənilməsini, barəsində şikayət və tələbin olmamasını nəzərə alır, həmçinin yuxarıda qeyd edilənləri Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edərək, eləcədə cinayətin məqsədi və motivi, cinayətin törədilməsindən sonra onun davranışı ilə bağlı müstəsna halları, habelə cinayətin ictimai təhlükəliyini əhəmiyyətli dərəcədə azaldan digər halların olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 32.4, 312.1-ci maddəsi üzrə bu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs apellyasiya şikayəti qismən təmin edilməli, Ucar Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 1(063)-39/2022 nömrəli hökmü Təqsirləndirilən şəxs münasibətdə cəzaya aid hissədə dəyişdirilməli, qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs CM-in 32.4, 312.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Ucar Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 1(063)-39/2022 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 32.4, 312.1-ci maddəsi ilə 6000 (altı min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Qərarın icrası Ucar Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar