Məhkəmə qərarları › İş №1(107)-470/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-470/2022

20.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-470/2022 20.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşunas X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Ucar Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 1(063)-63/2022 nömrəli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ucar Rayon Məhkəməsinin (sədrlik edən H.Xəlilov) 13 oktyabr 2022-ci il tarixli, 1(063)-63/2022 nömrəli hökmü ilə, xx xxxxxx 1968-ci ildə Ucar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Ucar rayonu, Rəstəcə kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 237.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 06 (altı) ay müddətə аzаdlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə həbsdə olduğu 2 (iki) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla üzərində qəti olaraq 2 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə аzаdlığın məhdudlaşdırılması cəzasının saxlanılması, azadlığın məhdudlaşdırılması cəzasının müddətinin əvvəlinin məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs оğlunun üzərinə Ucar rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri оlаn Ucar rayonu, Rəstəcə kəndində yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması, iş üzrə maddi sübut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan 12 (on iki) ədəd narkotik təbiətli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə maddi sübut olan 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılması, Təqsirləndirilən şəxs 51 (əlli bir) manat 06 (altı) qəpik məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi, Təqsirləndirilən şəxs оğlunun üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması, habelə hökmün məhkəmə məsrəfinin təqsirləndirilən şəxsdən tutulması və maddi sübutun-narkotik təbiətli çətənə (kannabis) bitkilərinin məhv edilməsi hissəsində icra edilməsi Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməsi hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən əkib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını əldə edərək 2022-ci ilin aprel ayında dəqiq tarixi istintaqa məlum olmayan gündə həmin toxumlardan 1 (bir) ədədini yaşadığı Ucar rayonu, Rəstəcə kəndində yerləşən evinin həyətyanı sahəsində olan tualetin arxa hissəsində torpaqda və 2 (iki) ədədini isə 1 ədəd vedrədə, həmin evin həyətyanı bağ sahəsində isə 1 (bir) ədədini həyət torpağında, 8 (səkkiz) ədədini isə 5 ədəd dəmir vedrələrdə əkib sulamaqla, toxumları əkdiyi torpağın diblərini yumşaltmaqla və sair üsullarla aqrotexniki qaydada qulluq edib yetişdirərək kultivasiya etmiş, 18 iyun 2022-ci il tarixdə, saat 13 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində yaşadığı evin həyətyanı sahəsinə keçirilmiş baxış zamanı evin həyətyаnı sаhəsində olan tualetin arxa hissəsində 1 (bir) ədədi torpaqda, 2 (iki) ədədi vedrədə, həyətyanı bağ sahəsindən isə 1 (bir) ədədi torpaqda, 8 (səkkiz) ədədi 5 ədəd dəmir vedrələrdə qаnunsuz оlаrаq əkilərək, аqrоtexniki qаydаdа qulluq edilmiş, xeyli miqdarda, yəni 12 (on iki) ədəd yaş vəziyyətdə ümumi təmiz çəkiləri 3 kiloqram 160,45 qram təşkil edən tərkibində nаrkоtik mаddələr оlаn çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Ucar Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 1(063)-63/2022 nömrəli hökmündən Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Apellyasiya protestinin və prosses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, aşağıdakı əsaslara görə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Ucar Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli hökmü ona həmin maddə üzrə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə dəyişdirilməlidir. Belə ki, məhkəmə tərəfindən 12 ədəd şitillərdən ibarət narkotik təbiətli çətənə (kannabis) bitkilərini yetişdirərək kultivasiya etmiş, həmin cinayətini təqsirin birbaşa qəsd forması ilə törədən, cinayətkar niyyətini sonadək həyata keçirən Təqsirləndirilən şəxs əsassız olaraq təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül növ cəza azadlığın məhdudlaşdırılması cəzası təyin edilməklə onun gələcəkdə də eyni qəbildən olan cinayət törətməsinə şərait yaratmış, cinayət qanununun normalarının tələblərinə, Ali Məhkəmənin Plenumunun qərarlarındakı tövsiyələrə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, məhkum şəxsiyyətinə əhəmiyyət verilməmişdir. Ucar Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs təyin etdiyi ədalətsiz cəza cəmiyyətin tələbatına uyğun olmamaqla cəzanın məqsədinə nail olunmasına, yəni sosial ədalətin bərpasının, məhkum islah edilməsinin, gələcəkdə həm o, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan yeni cinayətlərin törədilməsinin qarşısının alınmasının təmin olunmasına xidmət etməmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin vəpisxatrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş Siyahıların İİİ siyahısında şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün çətənə növlü bitkilərin qanunsuz kultivasiya edilən aşağı həddi 3 ədəd müəyyən edilmişdir. Onun külli miqdarı 15 ədəddən başlanır. Təqsirləndirilən şəxs qanunsuz olaraq əkib-yetişdirərək kultivasiya etdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin miqdarı aşağı həddən dörd dəfə artıq, yəni 12 ədəd olmuş, həmçinin hündürlüyü 90-160 sm-dək olmaqla, çəkisi 3 kiloqram 160 qram olmuşdur ki, bu da həmin cinayəti törədən şəxsin əməlinin ictimai təhlükəliliyinə dəlalət edən əsas hallardan biridir. Ucar Rayon Məhkəməsi Təqsirləndirilən şəxs yüngül cəza təyin edərkən yaşayış yerindən müsbət xarakterizə olunmasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini, təqsirini etiraf etməsini və törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirib nəzərə almışdır. Lakin məhkəmə cəza təyin edərkən yuxarıda göstərilən halları cəzanı yüngülləşdirən hallar kimi nəzərə almaqla əsassız və qanunsuz nəticəyə gəlmiş, o cümlədən nəyə görə həmin halları cəzanı yüngülləşdirən hallar kimi nəzərə almasını əsaslandırmamış və obyektiv qiymətləndirməmişdir. Halbuki, CM-in 72-ci maddəsinə görə ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxsin səmimi peşman olması, könüllü gəlib təqsirini boynuna almasında, cinayətin üstünün açılmasına fəal kömək etməsində, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsində və ya vurulmuş zərəri başqa yolla aradan qaldırma kimi hərəkətlərdə özünü göstərməlidir. Yəni şəxsin törətdiyi əməldən səmimi peşman olmasını bildirməsi həmin hərəkətlərlə təsdiq olunmalıdır. Bu hərəkətlərin təqsirləndirilən şəxs tərəfindən edilməsi qanunun mənasına görə şəxsin ictimai təhlükəliliyinin azalmasını təsdiq edir və buna görə də səmimi peşmançılıq cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. İlk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi CM-in 59.1.1-ci maddəsində yalnız hadisələrin təsadüfi axarı zəminində törədildikdə cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Başqa halda istənilən kateqoriyadan olan cinayətin ilk dəfə törədilməsi özü-özlüyündə cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilməz. Təqsirləndirilən şəxs könüllü gəlib təqsirli boynuna almadığı, cinayətin üstünün açılmasına fəal kömək etmədiyi, habelə hadisələrin təsadüfi axarı zəminində ilk dəfə qəsdən az ağır cinayət törətmədiyi üçün yuxarıda göstərilən hallar ona şamil edilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsində “əməlindən peşman olmasını” deməsini onun səmimi peşman olması kimi qiymətləndirmişdir. Başqa sözlə “səmimi peşmanlıq” anlayışına hüquqi müstəvidən deyil, daha çoxməişət üslubunda ifadə olunan məna baxımından yanaşmışdır ki, bu da CM-in 59.2, habelə 139.0.5-ci maddələrinin tələbləri baxımından da əsassızdır. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Yaşayış yerindən müsbət xarakterizə olunma isə cəmiyyətdə qəbul edilmiş ümumi davranış qaydasına əməl olunması nəticəsidir və məhkəmə CM-nin 59.2-ci maddəsinin tələbini pozaraq həmin halı məhz nəyə görə cəzanı yüngülləşdirən hal kimi qəbul etməsini hökmdə əsaslandırmamışdır. Təqsirləndirilən şəxs müsbət xarakterizə olunması və bunun nədə ifadə olunması, şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını məhkəmə hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmiş, yalnız Ucar RİHB-nın Qarabörk kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndələyi tərəfindən verilmiş xasiyyətnaməyə əsaslanmışdır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Beləliklə, yuxarıda sadalananlardan görünür ki, Ucar Rayon Məhkəməsi Təqsirləndirilən şəxs yüngül cəza təyin edərkən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, onun nəticəsi, törədilməsi halı, şəraiti, məqsədi və motivi, Təqsirləndirilən şəxs şəxsiyyəti, cinayətin törədilməsi zamanı davranışını nəzərə almamaqla cəza təyin etmə barədə CM-in 8, 41 və 58.3-cü maddələrinin tələblərini pozmuş, “CM-nin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarının tələblərinə əməl etməmiş, “Məhkəmələr tərəfındən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarındakı tövsiyyələri nəzərə almamışdır. Odur ki, Ucar Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 1(063)-63/2022 nömrəli hökmünun Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Məhkəmənin hökmündən apellyasiya şikayəti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X5 apellyasiya protestində göstərilmiş xüsusatlarla bağlı oxşar məzmunda izahat verərək, Ucar Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 1(063)-63/2022 nömrəli hökmünun Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında apellyasiya protestinin dəlilləri ilə bağlı fikrini bildirən Təqsirləndirilən şəxs protestin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs müdafiəçisi X4 protestin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, dövlət ittihamçısının apellyasiya protestinin təmin edilməsi, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin apellyasiya protestinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, Ucar Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 1(063)-63/2022 saylı hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya protestində Təqsirləndirilən şəxs CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi mübahisələndirilməsə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, Təqsirləndirilən şəxs əməlinin CM-in 237.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 237.1-ci maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hazırda araşdırılan işdən bəlli olur ki, dövlət ittihamçısı birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı ədalətli hesab etməyərək, təqsirləndirilən şəxsə daha ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası əməlin tövsifi ilə bağlı birinci instansiya məhkəməsinin yuxarıda gəldiyi nəticə ilə razılaşır, eyni zamanda təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı cəzanın məqsədlərinə uyğun bilir. Çünki, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Bundan əlavə Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 2 və 3-cü bəndində göstərilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə kollegiyası onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-in 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdınlmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır.” Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 24-cü bəndində qeyd edilir ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Həmin qərarın 48-ci bəndində qeyd edilir ki, cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 133 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, işə baxmış birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən məhkəmə düzgün olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini törətdiyi əməli etiraf etməsini, səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-in 59.2-ci madəsinin tələblərinə uyğun olaraq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib həm bu halları, həm də cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və bu halların məcmusuna uyğun olaraq məhkuma onun təqsirli bilindiyi CM-in 237.1-ci maddəsinin sanksiyası həddində üzərində qəti olaraq 2 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılmasını həm qanuni, həm də ədalatli hesab etmişdir. Apellyasiya protestində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilmişdir ki, cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictmai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Protestin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı həmin protestdə bu məsələlərlə bağlı heç bir dəlil irəli sürməmiş və hər hansı bir əsaslandırma aparmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəticəsinin ağırlığının, habelə məhkumun şəxsiyyətinin və əsasən də onun cinayətin törədilməsində rolunun ona maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini şərtləndirən amillərə aid edilməsi, cinayətin bilavasitə obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər olması barədə apellyasiya protestinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, əvvəla məhkumun mənfi cəhətdən xasiyyətləndirilməsi, iş materialları ilə müəyyən edilmir. Əksinə, Təqsirləndirilən şəxs fərdi əməklə məşğul olur və onun cəmiyyətdə hər hansı mənfi davranışı ilə bağlı məlumat cinayət işinin materiallarında yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-in 8.1 və 58.3-cü maddələrinə əsasən ədalət prinsipini və törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəratinə təsirini nəzərə almışdır. CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Bu baxımdan təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə kollegiyası, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, eləcədə cinayətin məqsədi və motivi, cinayətin törədilməsindən sonra onun davranışı ilə bağlı müstəsna halları, habelə cinayətin ictimai təhlükəliyini əhəmiyyətli dərəcədə azaldan digər halların olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 237.1-ci maddəsi ilə təyin edilmiş cəzanı məqsədə müvafiq hesab edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, Ucar Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 1(063)-63/2022 saylı hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Ucar Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 1(063)-63/2022 saylı hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərаrdаn Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar