Məhkəmə qərarları › İş №1(107)-471/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-471/2022

21.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-471/2022 21.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şükürov İmanverdi Həşimxan oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ağsu Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli 1(016)-53/2022 nömrəli (hakim Anar Əsgərov) hökmü ilə, xx.xx.1982-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işsiz, subay, əvvəllər məhkum edilməmiş, Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 16, mənzil 9-da qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilməsi, barəsində “həbs” növündə qətimkan tədbiri seçilməsi və onun məhkəmə iclas zalından həbs edilməsi, Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 13 oktyabr 2022-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 12 saat hüquqi yardıma görə 72 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməsi müəyyən edilmişdir. işin halları: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, 31 iyul 2013-ci il tarixdən başlayaraq, 18 noyabr 2009-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 93,00 manat sabit pul məbləğində alimentin tutularaq Əbdurəhimova (Xəlilova) Şahnaz Mansur qızına ödənilməsi, əlavə olaraq 30,00 manat məbləğində rüsumun dövlət nəfinə keçirilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(060)-4160/2013 saylı, 01 oktyabr 2013-cü il tarixli qətnaməsini müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Ağsu Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 3(016)-50/2021 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətində inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək 26 aprel 2021-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 10 sentyabr 2021-ci il tarixinə kimi 9114,00 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs Əbdurəhimova (Xəlilova) Şahnaz Mansur qızına maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Ağsu Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi verdiyi apellyasiya şikayətində hökmün dəyişdirilib 01 (bir) il müddətində azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsi barəsində hökm çıxarılmasını xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli hökmündən zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti, dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Zərərçəkmiş şəxs Əbdurəhimova (Xəlilova) Şahnaz Mansur qızı verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək Ağsu Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli hökmünün dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, onun o pulu bir dəfəyə ödəmək imkanı yoxdur. O, ödəmədən yayınmır. Ona məxsus pensiya kartını zərərçəkmiş şəxsə təqdim edir. İndi də verməyə hazır. Kartın 5 illik müddəti var. Ona aylıq 120 manat pensiya təyin edilib. Ona görə də barəsində həbs ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X10 apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə Ağsu Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs Əbdurəhimova (Xəlilova) Şahnaz Mansur qızı gəlməmişdir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxs Əbdurəhimova (Xəlilova) Şahnaz Mansur qızı olmadan baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, cinayət prosesi tərəflərini dinləyərək hesab edir ki Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 1(033)-10/2022 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, hazırda ünvan 1-də valideynləri ilə birlikdə yaşayır. Əvvəllər Rusiya Federasiyasında yaşamış, orada ali təhsil aldıqdan sonra həkimstomotoloq kimi fəaliyyət göstərmişdir. Ailə həyatı qurmaq üçün valideynlərinin yanına Azərbaycana Respublikasına qayıtmışdır. Əbdurəhimova (Xəlilova) Şahnaz Mansur qızını qohumu kimi tanımış və münasibətləri yaranmışdır. 2007-ci il tarixdə Şahnaz ilə nikahlarını rəsmiləşdirmişlər. Evliliklərindən 18 noyabr 2009-cu il təvəllüdlü X13 adlı övldaları dünyaya gəlmişdir. Əvvəllər Şahnaz ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, evdə əsassız söz-söhbətlər yaratdığından, yola gedə bilmədikləri üçün Şahnaz ayrılmaq qərarına gəlmişdir. Şahnaz himayəsində olan uşağı tək saxlaya bilmədiyi üçün aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(060)-4160/2013 saylı, 01 oktyabr 2013-cü il tarixli qətnaməsinə əsasən ondan 31 iyul 2013-ci il tarixdən başlayaraq, 18 noyabr 2009-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 93,00 manat sabit pul məbləğində alimentin tutularaq Əbdurəhimova (Xəlilova) Şahnaz Mansur qızına ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün əvvəl Şamaxı Rayon İcra və Probasiya şöbəsinə, sonradan Ağsu Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildirişlə birlikdə ona göndərilmiş, lakin, səhhətində olan problemlərə görə işləyə bilmədiyindən yığılıb qalmış aliment borcunu uzun müddət keçməsinə baxmayaraq ödəmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanmışdır. Ona aliment borcunun ödənilməsi üçün könüllü müddət barədə bildiriş verilməsinə, dəfələrlə borcun ödənilməsi barədə xəbərdarlıqlar edilməyinə, sonuncu dəfə Ağsu Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli qərarı ilə, Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 gün müddətində inzibati həbs edilməyinə, inzibati tənbehdən sonra yenidən könüllü müddət təyin olunaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə nəzərdə tutulan məsuliyyəti izah edilməklə dəfələrlə xəbərdarlıq edilməyinə baxmayaraq, Azərbaycan Respublikası adından çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini maddi imkanının kifayət qədər olmadığından icra etməmişdir. Təqdimat verilən günə, yəni 10 sentyabr 2021-ci il tarixə kimi Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(060)-4160/2013 saylı, 01 oktyabr 2013-cü il tarixli qətnamə üzrə Abdurəhimova (Xəlilova) Şahnaz Mansur qızına ödənməmiş aliment borcu 9114,00 manat təşkil etmişdir. Hazırda 3-cü qrup əlilik dərəcəsinə görə, 120,00 manat pensiya alır. Məşğulluq Mərkəzindən təklif olunan işlərdən səhhəti ilə bağlı olaraq imtina etmişdir. Borcu ödəməmsinin səbəbi kimi maddi imkanının olmamasını göstərməklə, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Birinci instansiya məhkəməsi iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Əbdurəhimova (Xəlilova) Şahnaz Mansur qızı göstərdi ki, Təqsirləndirilən şəxs qohumu kimi tanımış və münasibətləri yaranmışdır. 2007-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 18 noyabr 2009-cu il təvəllüdlü X13 adlı övladları dünyaya gəlmişdir. Əvvələr İlqar ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, evli olduqları müddətlərdə əsassız söz-söhbətlər yaratdığı, uşağı ilə maraqlanmadığı, tez-tez davadalaş saldığından ayrılmışlar və övladları onun himayəsində qalmışdır, övladını tək başına saxlamaqda çətinlik çəkdiyi üçün aliment tələbi ilə məhkəmədə iddia qaldırmış, Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(060)-4160/2013 saylı, 01 oktyabr 2013-cü il tarixli qətnaməsinə əsasən cavabdeh Təqsirləndirilən şəxs 31 iyul 2013-ci il tarixdən başlayaraq, 18 noyabr 2009-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 93,00 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Şamaxı Rayon İcra və Probasiya şöbəsinə, daha sonra yaşayış yerini dəyişdiyi üçün Ağsu Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, icra məmuru tərəfindən adına olan əmlakın aşkar edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmiş, akt tərtib edilməklə yaşadığı ünvanda əmlakına baxış keçirilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Ağsu Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli inzibati qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də, təqdimat verilən günə, yəni 10 sentyabr 2021-ci il tarixə kimi 9114,00 manat aliment borcunu ödəməmişdir. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs həkim-stomotoloqdur. Evli olduqları müddətdə ona müxtəlif işlər təklif olunsa da, həmin işlərdən imtina etmişdir. Alimenti ödəməsini tələb etsə də, həmin borcu ödəməyə imkanı olmasına baxmayaraq Təqsirləndirilən şəxs bəhanələr gətirərərək aliment borcunu ödəməkdən qərəzli yayınmışdır. Təqsirləndirilən şəxsə qanuni və ədalətli cəza verilməsini xahiş etdi. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Əbdurəhimova (Xəlilova) Şahnaz Mansur qızı onun doğma qızıdır. 2007-ci ildə qızı Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Evliliklərindən 18 noyabr 2009-cu il təvəllüdlü X13 adlı övladları dünyaya gəlmişdir. Əvvəllər münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, İlqar evdə tez-tez dava-dalaş saldığından, qızının qaynanası və baldızı evdə söz-söhbət yaratdığından, yola gedə bilmədikləri üçün ayrılmaq qərarına gəlmişlər. Qızı Zərərçəkmiş şəxs (Xəlilova) himayəsində olan uşağı tək saxlaya bilmədiyi üçün aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(060)-4160/2013 saylı, 01 oktyabr 2013-cü il tarixli qətnaməsinə əsasən cavabdeh Təqsirləndirilən şəxs 31 iyul 2013-ci il tarixdən başlayaraq, 18 noyabr 2009-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 93,00 manat sabit pul məbləğində alimentin tutularaq Əbdurəhimova (Xəlilova) Şahnaz Mansur qızına verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs dəfələrlə borcun ödənilməsi barədə xəbərdarlıqlar edilməyinə, Ağsu Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli qərarı ilə, Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 gün müddətində inzibati həbs edilməyinə, inzibati tənbehdən sonra yenidən könüllü müddət təyin olunaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə nəzərdə tutulan məsuliyyəti izah edilməklə dəfələrlə xəbərdarlıq edilməyinə baxmayaraq, Azərbaycan Respublikası adından çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməmişdir. Bildirmişdir ki, Təqsirləndirilən şəxs bugünə qədər qızına olan aliment borcunu ödəməmişdir. İlqarın hazırda yetərli dolanışığı olduğunu, belə ki, atası Rusiya Federasiyasında işlədiyini və hər ay pul göndərdiyini, bundan əlavə atasının pensiya kartı İlqarın istifadəsində olduğunu əlavə etmişdir. İlqar və onun ailəsi yəni, bacısı və anası qızına alimenti ödəməyəcəklərini dəfələrlə bildirmişlər. İlqar bu müddətdə aliment ödəməkdən qərəzli olaraq yayınmış, uşağı ilə maraqlanmamış nə maddi, nə mənəvi köməkliyi olmamışdır. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Ağsu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid2 göstərdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4160/2013 saylı, 01 oktyabr 2013-cü il tarixli icra sənədinə əsasən 18 noyabr 2009cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 31 iyul 2013-cü il tarixdən başlayaraq Təqsirləndirilən şəxs 93,00 manat sabit pul məbləğində aliment tutularaq Əbdurəhimova (Xəlilova) Şahnaz Mansur qızına ödənilməlidir. Göstərilən icra sənədi 24 noyabr 2020-ci ildə Ağsu rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, qanuna müvafiq olaraq icraata başlamaq haqqında qərar və bildiriş tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etsə də icra sənədinin icrasını təmin etməmişdir. Tələbin məcburi icrası üçün görülən tədbirlər də nəticə verməmişdir. Borclu Təqsirləndirilən şəxs tələbin icrası ilə bağlı sonuncu dəfə 11 fevral 2021-ci il tarixdə tərəflərindən Ağsu rayon icra və probasiya şöbəsinə dəvət olunmuş və icra məmurunun çağırışına gəlmişdir. İcra sənədi üzrə yaranmış borcu icra etmədiyi və icra məmurunun qanuni tələbini yerinə yetirmədiyi üçün borclu Təqsirləndirilən şəxs Ağsu Rayon Məhkəməsinin 3(016)-50/2021 saylı, 11 fevral 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətində inzibati həbslə tənbeh edilmişdir. Ağsu Rayon Məhkəməsinin 8(016)-32/2021 saylı, 16 mart 2021ci il tarixli qərardadı ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İnzibati tənbehdən sonra borcluya tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmişdir, lakin borclu öz hərəkətlərini davam etdirmiş və icra sənədi üzrə müəyyən olunmuş tələbi təmin etməmişdir. Rəsmi sənədlərlə borclu Təqsirləndirilən şəxs X1na 10 sentyabr 2021-ci il tarixinədək 9114,00 manat aliment borcu olması sübut olunmuşdur. 26 aprel 2021-ci il tarixdə sonuncu dəfə məsuliyyət elan olunmaqla borclu Təqsirləndirilən şəxs bir daha xəbərdarlıq edilmiş və yeni müddət təyin edilmişdir. Ancaq tələb yenə icra olunmamışdır. X1 Ağsu rayon icra və probasiya şöbəsinə 04 may 2021-ci il tarixdə ərizə ilə müraciət edərək borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması üçün təqdimat verilməsini xahiş etmişdir. Məhkəmə qərarını icrası üzrə tələbin yerinə yetirilməsi və icrasını məcburiliyi dəfələrlə borclu Təqsirləndirilən şəxs nəzərinə çatdırılmış, lakin o öz hərəkətsizliyi ilə icra sənədi üzrə tələbi qanunla müəyyən edilmiş qaydada və müddətdə təmin etməmiş, inzibati məsuliyyətə cəlb edilməsindən nəticə çıxarmamış və X1nın qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan şərait yaratmışdır. Onun əməlində qərəzlilik elementləri vardır. Göstərilənlərə əsasən, borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Ağsu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarına əlavə edilmiş “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 18 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, fakta görə CM-in 306.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4160/2013 saylı, 01 oktyabr 2013-cü il tarixli qətnaməsi ilə X2 İlqar Məhəmmədrza oğlu arasında xx.xx.2009-cu il tarixdə bağlanılmış 15 saylı nikahın pozulması, onların birgə nikahlarından olan övladları xx.xx.2009-cu il təvəllüdlü X7 iddiaçı X5 himayəsinə verilməsi və cavabdeh Təqsirləndirilən şəxs 31 iyul 2013-cü il tarixdən başlayaraq 18 noyabr 2009-cu il doğum tarixli X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 93 manat sabit pul məbləğində alimentin tutularaq X8 ödənilməsi və Təqsirləndirilən şəxs 30 manat məbləğində rüsum tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən 24 noyabr 2020-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarın və müvafiq bildirişin surətindən görünür ki, borclu Təqsirləndirilən şəxs həmin qərarın surəti göndərilmiş və o, Sumqayıt şəhər Məhkəməsinin 01 oktyabr 2013-cü il tarixli, 2(060)-4160/2013 nömrəli qətnaməsi üzrə verilmiş icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Ağsu Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 3(016)-50/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 gün müddətində inzibati qaydada həbs edilmişdir. Ağsu Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 8(016)-32/2021 nömrəli qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X18 04 may 2022-ci il tarixli, 48 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Həmçinin keçirilmiş tibbi-sosial ekspertizasına əsasən Təqsirləndirilən şəxs əlillik vəziyyəti 17 dekabr 2021-ci il tarixdə qiymətləndirilərək İİİ dərəcə əlillik təyin edilmiş və əmək zəmanəti ruhi-əsəb gərginliyi olmayan yüngül işlərdə işləyə bilər kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 8 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının 05 may 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 28 aprel 2020-ci il tarixdən iş axtaran kimi qeydiyyatdadır və onun adında qüvvədə olan əmək müqaviləsi qeydə alınmamışdır. Onunla telefon əlaqəsi saxlanılaraq "xxxx" MMC-də və "xxxx" MMC-də əmək haqqı 300 manat olan fəhlə işləri təklif olunmuşdur. Lakin Təqsirləndirilən şəxs təklif olunan işlərin onu qane etmədiyini bildirərək imtina etmişdir. “Zərərçəkmiş şəxs kimi tanımaq haqqında” 22 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Əbdurəhimova (Xəlilova) Şahnaz Mansur qızı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 06 noyabr 2021-ci il tarixli cavabdan görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barəsində heç bir məlumat yoxdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” 11 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında” 11 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirliliyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Cinayət Məcəlləsinin 306.1-ci mаddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iclasında Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin faktiki hallarını və əməlinin tövsifini mübahisələndirməyərək, yalnız Ağsu Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli hökmünün cəzaya aid hissədə yüngülləşdirilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.1-15.3-cü maddələrində isə qeyd edilir ki, məhkəmə aktları qətnamə, qərardad, qərar və əmr formasında qəbul edilir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Bunlardan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.5-ci maddəsinin və “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2008-ci il 15 fevral tarixli qərarında göstərilmişdir ki, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin quruluşunda qanunverici tərəfindən inzibati preyudisiyadan istifadə olunmuşdur. Həmçinin inzibati məsuliyyətdən sonra borclunun hüquqazidd davranışı davam etdiyi halda onun cinayət məsuliyyətinə cəlb olunması, bunun məhz Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq orqana, məhkəmə icraçıları qurumunun rəhbərinin təqdimatı əsasında mümkünlüyü müəyyən olunmuşdur. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu bildirmişdir ki, cinayət qanunvericiliyində inzibati preyudisiya, bir tərəfdən əməlin lazımsız kriminallaşdırılmasını istisna edir, digər tərəfdən isə analoji hüquq pozuntusuna görə şəxsi inzibati məsuliyyətə cəlb etmək vasitəsi ilə cinayətlərin qarşısının alınmasına imkan yaradır. Bu halda, inzibati tənbeh təkcə inzibati hüquq pozuntusu ilə deyil, həm də cinayətlə mübarizədə hüquqi vasitə hesab edilir. Belə ki, inzibati pozuntu törətmiş və buna görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilir. İnzibati məsuliyyətə cəlb edilmənin nəticəsiz qalması, bu inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir. Belə olan halda, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilir. İnzibati tənbehin icrası zamanı və qanunla nəzərdə tutulmuş icradan sonrakı müddət şəxsin inzibati məsuliyyətə cəlb olunmuş hesab edildiyi müddətdir. Bu müddət ərzində şəxsin yeni inzibati xəta törətməsi faktı onun üçün hüquqi xarakterli mənfi nəticələr (inzibati məsuliyyəti ağırlaşdıran hal və daha ciddi inzibati tənbehin tətbiqi üçün tövsifedici əlamət) yarada bilər. İnzibati tənbehin ödənilməsi müddəti sınaq müddəti hesab edilir və bu müddətdə məsuliyyətə cəlb olunmuş şəxs özünün islah olunmasını sübut etməlidir (“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il 18 dekabr tarixli qərar). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi şəxs İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra yaranır. Lakin şəxsin İnzibati Xətalar Məcəlləsinin 313- 1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi faktı qeyd-şərtsiz olaraq onun Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb ola bilməz. Məhkəmə qərarını icra etməyən şəxsin bunu qərəzli olaraq edib-etməməsi və ya məhkəmə aktlarının icrasına maneçilik törətməsi həmin şəxs inzibati məsuliyyətə cəlb edildikdən sonra aydınlaşdırılmalıdır və yalnız bu əlamət mövcud olduqda cinayət təqibi başlana bilər. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir Həmçinin apellyasiya məhkəməsi araşdırılması zamanı da Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilməmişdir Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs nisbətən sərt cəza, yəni azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını onun şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Apellyasiya şikayəti ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həmçinin şəxsin şəxsiyyətini, ona təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, əməllərində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, eyni zamanda ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunması ilə bağlı nəticəyə gəlməklə haqlı olmuşdur. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və özünün şəxsiyyətinə uyğun olan cəzanın məqsədlərini və islah təsirini təmin etməyə imkan verən qanuni və əsaslı cəza təyin etmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır, Ağsu Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli hökmünün baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədəmüvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ağsu Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 1(016)-53/2022 saylı hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar