Məhkəmə qərarları › İş №1(107)-49/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-49/2021

18.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-49/2021 18.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas X3, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 240.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(051)-117/2020 nömrəli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (sədrlik edən M.Kərimova) xx xxxxxxx 2020-ci il tarixli, 1(051)-117/2020 nömrəli hökmü ilə, xx.xx.1960-cı ildə Yevlax rayonu Yuxarı Salamabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax rayonu Yuxarı Salamabad kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 240.1-1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixə kimi şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 1(bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs barəsində təyin olunmuş cəzaya CM-in 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş cəzanın şərti hesab edilməsi və ona 1(bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün sınaq müddətinin təyin edilməsi, arəsində təyin olunmuş sınaq bmüddətinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, sınaq müddətində davranışı üzərinə nəzarət həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Təqsirləndirilən şəxs üzərinə vəzifə kimi qoyulması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılması, iş üzrə ekspertiza xərci olan 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs alınıb, dövlət büdcəsinə keçirilməsi, hökmün icrasının Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan zəhərli maddə hesab olunan 2(iki) ədəd şüşə ampulda ayrı-ayrılıqda çəkiləri 11,850 qram və 10,520 qram, ümumi çəkisi 22,37 qram olan metallik civəni istintaqa məlum olmayan məbədən satış məqsədi ilə qanunsuz əldə edib, əynindəki boz rəngli pençəyin sol içəri cibində saxlayaraq daşımış və xx xxx 2020-ci il tarixdə saat 17:30-da Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri Samux küçəsində yerləşən “Şəlalə” restoranının yaxınlığında saxlanılıb Mingəçevir şəhəri Polis Şöbəsinə aparılaraq orada üzərinə şəxsi axtarış və baxış keçirilərkən qeyd olunan çəkidə zəhərli maddə hesab olunan metallik civə əynində olan boz rəngli pencəyin sol içəri cibindən aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(051)-117/2020 nömrəli hökmündən Dövlət ittihamçısı apellyasiya protesti vermişdir. Apellyasiya protestinin və prosses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, aşağıdakı əsaslara görə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 240.1-1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü ona həmin maddə ilə daha ağır cəza təyin edilməklə dəyişdirilməlidir. Belə ki, CM-in 8.1 -ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1 -ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Lakin, məhkəmə Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı şərti hesab edərkən işin konkret hallarını, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi cinayət əməlinə münasibətini, şəxsiyyətini, cəzanın məqsədlərini, təqsirləndirilən şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyini nəzərə almayaraq, cəzanın şərti hesab edilməsini şərtləndirən arqumentləri hökmdə əsaslandırmamışdır. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin etmiş olduğu cəzanı şərti olaraq tətbiq etməkdə haqlı olmamışdır. Belə ki, CM-in 70,2-ci maddəsinə görə məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallan nəzərə alır. Bundan əlavə, CPM-in 353.2.3-cü maddəsinə görə təqsirli şəxsin məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hallar məhkəmənin ittiham hökmünün təsviriəsaslandırıcı hissəsində göstərilməlidir. Cəzanı yüngülləşdirən hallar CPM-in 139-cu maddəsinə görə sübut edilməli hallardır və məhkəmə tərəfindən toplanmış sübutlar əsasında qəbul edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Bundan başqa məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşiman olması, yaşayış yerində müsbət xarakterizə olunması, əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hallar qismində qiymətləndirmiş və bu halları hökmdə əsas tutaraq ona yüngül cəza təyin etmişdir. Sadalanan yüngülləşdirici hallar məhkəmə tərəfindən qanun tələblərinə əməl edilmədən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. CM-in 72.1-ci maddəsinə görə şəxsin səmimi peşman olması şəxsin könüllü gəlib təqsirini boynuna almasında, cinayətin üstünün açılmasına fəal kömək etməsində, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsində və ya vurulmuş zərəri başqa yolla aradan qaldırma kimi hərəkətlərdə özünü göstərməsidir. Yəni şəxsin törətdiyi əməldən səmimi peşman olmasını bildirməsi həmin hərəkətlərlə təsdiq olunmalıdır. Bu hərəkətlərin təqsirləndirilən şəxs tərəfindən edilməsi qanunun mənasına görə şəxsin ictimai təhlükəliliyinin azalmasını təsdiq edir və buna görə də səmimi peşmançılıq cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Eyni zamanda CM-in 72.2-ci maddəsində qeyd olunur ki, başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxs isə dövlət orqanlarına könüllü gəlib təqsirini boynuna almamış, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutlarla ifşa olunmuş, belə halda məhkəmə tərəfindən onun məsuliyyətini yüngülləşdirmək ücün əməlindən peşman olmasını bildirməsi isə qeyd olunanlara görə cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilməzdi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bundan başqa, məhkəmə cəza təyin edərkən nəzərə almamışdır ki, Azərbaycanda civə tullantıları əsasən Sumqayıt şəhərində ciddi problemlər yaratmışdır. Civə tullantıları xlor-alkalin istehsal edən 2 zavodun fəaliyyəti ilə bağlıdır. Bu zavodlardan biri 1981-ci ildə bağlanmışdır. Xlor istehsalında civə itkisi hər istehsal olunan 1 ton xlor üçün 300 qram olmuşdur. Bəzi hallarda texnologiyanın çatışmazlığı və düzgün tətbiq olunmaması nəticəsində civənin müxtəlif tullantılarla birlikdə ətraf mühitə yayılması baş vermişdir. 2000-ci ilə qədər toplanmış 200 min ton xlor sənayesinin bərk şlamlannm tərkibində 0.1- 0.3% civə olmuş və bu civə tullantılarının Xəzər dənizinə və yeraltı sulara keçmə ehtimalı olmuşdur. Abşeron yarımadasının civə ilə çirklənməsi üçün ciddi risk yaranmışdır. 2000- 2004-cü illərdə X5 əsasında Sumqayıt yaxınlığında civə tullantılarının ətraf mühitdən təcrid olunması üçün poliqon inşa olunmuşdur. 60 min tona yaxın civə tərkibli tullantı bu poliqona daşınmışdır. Göründüyü kimi təhlükəli maddələr siyahısına daxil olan civə və onun tullantıları ciddi ekoloji problemlər yaratmaqla, Azərbaycan Respublikasında hətta bu maddə ilə çirklənmiş ərazilərin təmizlənməsi dövlət tərəfindən xüsusi diqqət göstərilməklə bu sahədə lazımı tədbirər görülür. Lakin, hazırki iş üzrə məhkəmə qanunvericiliyin cəza təyini ilə bağlı yuxarıda göstərilən tələblərini nəzərə almamış, təqsirləndirilən şəxs tərəfindən narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan zəhərli maddə hesab olunan civəni əldə etməklə daşıması cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, eləcə də hadisənin baş vermə səbəbi, şəraiti, nəticəsi, həmçinin məhkumun şəxsiyyəti və işin digər halları Təqsirləndirilən şəxs daha ağır cəzanın təyin edilməsini şərtləndirməsinə baxmayaraq məhkəmə əksinə olaraq ona təyin edilmiş cəzanı şərti hesab etməklə sosial ədalət prinsipini pozmuşdur. Bundan əlavə məhkəmə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsir edəcəyini qeyd etsə də bunun nədə ifadə olunduğunu hökmün təsviriəsaslandırıcı hissəsində göstərməmişdir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını yaşadığı yer üzrə verilmiş xasiyyətnaməyə əsasən müəyyən etmiş, lakin bu halın nədə ifadə olunması və bunun nəyə görə cəza təyini zamanı qəbul edilməsini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərilməmişdir. Həmçinin, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 25-ci bəndinə əsasən CM-nin 70-ci maddəsinə görə şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. CM-in 70.1 -ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Cinayət Məcəlləsinin qeyd olunan normasının məzmunundan aydın olur ki, məhkumun yalnız cəza çəkmədən islah olunması mümkün sayılırsa onun barəsində şərti məhkum etmə tətbiq edilə bilər. Məhkumun islah olunması qənaətinə gəlinməsi üçün isə şəxsin müsbət xarakterizə olunması və onun islah olunmasını təsdiq edən meyarlar rəhbər götürülməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsini tətbiq edərkən belə bir nəticəyə gəlməsinin əsaslarını müzakirə etməmiş və bunun əsaslarını ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmiş, CPM- nin tələblərinə əsasən onun azadlıqdan məhrum edilməsinin məqsədəmüvafiq olmadığını göstərməklə əsassız fikri hökmün təsviri əsaslandırıcı hissəsində qeyd etmiş, Təqsirləndirilən şəxs 2 (iki) ədəd şüşə ampulda ayrı-ayrılıqda çəkiləri 11,850 qram və 10,520 qram, ümumi çəkisi 22,37 qram olan metallik civəni istintaqa məlum olmayan məbədən satış məqsədi ilə qanunsuz əldə etməklə daşımasını nəzərə almamışdır. Göründüyü kimi, məhkəmə təqsirləndirilən şəxsə yüngül cəza təyin etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin ağırlığını nəzərə almamış, faktiki olaraq öz hökmü ilə qanunvericiliyin tələbinin əksinə olaraq həm təqsirləndirilən şəxs, həm də digər şəxslər tərəfindən gələcəkdə bir daha bu kimi cinayətlərin törədilməsinə bir növü zəmin yaratmış olmuşdur. Məhkəmə bütün bunları nəzərə almayaraq Təqsirləndirilən şəxs yüngüllüyünə görə açıq aydın ədalətsiz cəza təyin etməklə həm məhkumlar tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini pozmuşdur. Odur ki, X1 CM-in 240.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmünə əsasən təyin edilmiş CM-in 70-ci maddəsi xaric edilməklə onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı X4 apellyasiya protestində göstərilənlərlə oxşar məzmunda çıxış etdi, həmçinin əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsi həm də maddi sübutlarla bağlı məsələni həll etməmişdir. Bu baxımdan da, apellyasiya protestinin təmin edilməsini, təyin edilmiş CM-in 70-ci maddəsi xaric edilməklə təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(051)-117/2020 nömrəli hökmünün dəyişdirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya protestinin dəillərini əsassız hesab edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlilləri ilə bağlı fikrini bildirən Təqsirləndirilən şəxs bildirdi ki, Yevlax rayonu Xaldan qəsəbəsi Yuxarı Salamabad kəndində yaşadığı evin yaxınlığında baytarlıq laboratoriyası mövcud olmuşdur. Həmin laboratoriya 1990-cı ilə sökülmüş, söküldükdən sonra o həmin laboratoriyanın söküntü qalıqlarının içərisində 2 ədəd mal qara üçün istifadə edilən termometr tapmışdır. Eşitmişdir ki, termometri televizorun antenasına birləşdirdikdə televizor yaxşı göstərir. O, termometri televizorun antenasına birləşdirmiş, bir neçə gün orada qalsa da heç bir əhəmiyyətinin olmadığını görüb, həmin termometri yaşadığı evin zirzəmisində, yararlı olmayan qabların içərisinə qoymüşdur. Həmin vaxtdan da termometr orada qalmışdır. xx.xx.2018-ci ildə yaşadığı ev içərisində olan əşyalarla birlikdə tamamilə yanmışdır. Ev yanandan 6 ay sonra oğlu ilə həmin evdə olan metalları yığıb metal qəbul edən müəssisəyə vermək istəmişdir. Onun evi yananda evin bir hissəsi, yəni seyvan olan hissə yanmamışdır. Həmin yerə baxanda görmüşdür ki, termometrlərə heç nə olmayıb. Həmin termometrləridə özü ilə götürmüşdür. Bir müddət keçəndən sonra Mingəçevirə baytarlıq aptekinə gəlmiş ki, termometri göstərsin, bu zaman Elşənlə rastlaşmışdır. Elşən əvvəllər kabab bişirdiyindən ondan kababçılıq sənətini öyrənmək istəmişdir. Çayxanada oturub söhbət zamanı ondan harda işlədiyini soruşanda, Elşən naxırçı işlədiyini deyib. Bu zaman o,Elşənə onda malqara üçün termometr olduğunu həmin termometrin ona lazım olduğunu bildirmişdir. Elşən termometrə baxandan sonra telefonla danışmaq məqsədi ilə çölə çıxmışdır. Sonra polis əməkdaşları gəlib onu tutmuşlar. Hazırda etdiyi əmələ görə səmimi peşmandır. Faktiki olaraq yaşamağa evi yoxdur. O, oğlu və arvadı ilə ilə birlikdə, Rusiya Federasiyasında yaşayan kəndçisinin evində kirayədə qalır. Həbs olunarsa ailəsi həddən artıq çətin duruma düşər. Odur ki, apellyasiya protestinin təmin edilməməsini xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.4-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, dövlət ittihamçısının apellyasiya protestinin təmin edilməsi, təqsirləndirilən şəxsin və müdafiəçisinin apellyasiya protestinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara apellyasiya protesti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(051)-117/2020 nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilməlidir. Belə ki, apellyasiya protestində Təqsirləndirilən şəxs CM-in 240.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi mübahisələndirilməsə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, Təqsirləndirilən şəxs əməlinin CM-in 240.1-1-ci maddəsi ilə, düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 240.1-1-ci maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Lakin, öyrənilən işdən görünür ki, 2(iki) ədəd şüşə ampulda ayrı-ayrılıqda çəkiləri 11,850 qram və 10,520 qram, ümumi çəkisi 22,37 qram olan metallik civə maddi sübut olaraq götürülmüşdür. Halbuki, CPM-in 346.1.19-cu maddəsinə əsasən məhkəmənin müşavirə otağında müzakirə etməli olduğu məsələlərdın biri də maddi sübutlar məsələsinin necə həll edilməli olduğu və hansı əmlakın xüsusi müsadirə edilməli olduğudur. Ancaq, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(051)- 117/2020 nömrəli hökmündən görünür ki, məhkəmə işdə olan maddi sübutlar məsələsinin necə həll edilməli olduğuna qiymət verməmişdir. Həmçinin araşdırılan işdən bəlli olur ki, apellyasiya protestinin digər dəlili cəzanın yüngülləşdirən halların düzgün müəyyən edilməməsi, təqsirkara təyin edilmiş cəzanın real icrası ilə bağlı olmuşdur. Lakin, məhkəmə kollegiyası apellyasiya protestinin bu dəlillərini əsaslı saymır. Çünki, öyrənilən işdən bəlli olur ki, təqsirləndirilən şəxs əməlini səmimi etiraf edir, törətdiyi əmələ görə səmimi peşmançılıq hissi keçirir, həmçinin yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Bu baxımdan da, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi, tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunması isə özü-özlüyündə onu əhatə edən insanların təqsirləndirilən şəxsi cəmiyyətin normal üzvü kimi qəbul etdiklərini və ona olan inamların saxlandığını özündə ehtiva edir. CM-in 70.1-ci mаddəsinin tələbindən görünür ki, islаh işləri, hərbi xidmət üzrə məhdudlаşdırmа, intizаm xаrаkterli hərbi hissədə sаxlаmа və yа müəyyən müddətə аzаdlıqdаn məhrum etmə cəzаsı təyin edən məhkəmə, məhkumun cəzа çəkmədən islаh olunmаsını mümkün sаyırsа, həmin cəzаnın şərti olаrаq tətbiq edilməsi hаqqındа qərаr çıxаrа bilər. Göründüyü kimi qаnunverici şərti məhkumetmənin tətbiq edilməsi üçün zəruri şərt olаrаq məhkumun cəzа çəkmədən islаh olunmаsının mümkün sаyılmаsını müəyyən etmişdir. Azərbаycаn Respublikаsının Cəzаlаrın İcrаsı Məcəlləsinin 8.1-ci mаddəsinə əsаsən məhkumlаrın islаh edilməsi – onlаrdа qаnunа itаətin yаrаnmаsı, insаnа, cəmiyyətə, əməyə, birgəyаşаyış qаydа və ənənələrinə hörmət və ehtirаmın formаlаşdırılmаsıdır. Bu baxımdan məhkəmə kollegiyası Təqsirləndirilən şəxs bаrəsində seçilmiş cəzа tədbirinin çəkilməsi məsələsinə gələrkən cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Bundan əlavə təqsirləndirilən şəxsin əməlində mövcud olan cəzanı yüngülləşdirən halların dairəsi, onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusu məhkəmə kollegiyasına imkan verir ki, Təqsirləndirilən şəxsnın cəza çəkmədən islah olunma imkanlarının tükənmədiyi qənaətinə gəlsin. Çünki, təqsirləndirilən şəxsin əməlində yuxarıda sadalanan yüngülləşdirici halların olması, şəxsiyyəti, ailəsinin həyat şəraiti bunu deməyə əsas verir. Digər tərəfdən CM-in cəzanın anlayışı və məqsədindən bəhs edən 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci mаddəsinin tətbiq edilməsi eyni zаmаndа BMT-nin həbs edilmə ilə bаğlı olmаyаn tədbirlərə dаir stаndаrt minimаl qаydаlаrın (Tokio qаydаlаrı) 1.2-ci mаddəsinə uyğun olаrаq ədаlət mühаkiməsinin həyаtа keçirilməsində, xüsusən məhkumlа dаvrаnmаdа ictimаiyyətin dаhа fəаl iştirаk etməsini təmin etmək, hаbelə məhkumdа cəmiyyət qаrşısındа məsuliyyət hissini inkişаf etdirməyə yаrdım göstərmək məqsədini dаşıyır. Məhkəmə Kollegiyаsı onu dа qeyd edir ki, şərti məhkumetmə zаmаnı məhkum cinаyət məsuliyyətindən аzаd olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəzа icrа olunmаsа dа təyin olunаn cəzа qаnunlа müəyyən olunmuş xüsusi formаdа şərti həyаtа keçirilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzadan da ağır cəzanın təyin edilməsini, həmçinin barəsində tətbiq edilmiş CM-in 70-ci maddəsinin xaric edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Çünki, yuxarıda qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Bundan əlavə Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Digər tərəfdən o da xüsusi olaraq qeyd edilməlidir ki, təqsirləndirilən şəxsın özünün və ailəsinin yaşadıqları ev içindəki əşyalarla birlikdə təmamilə yanmışdır. Həmçinin sonuncu ailəsi ilə birlikdə kirayələrdə yaşamağa möhtacdır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 133 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Belə olan halda, məhkəmə kollegiyası Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(051)-117/2020 nömrəli hökmü ilə bağlı apellyasiya protestinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, eləcədə işə yenidən baxan apellyasiya məhkəməsi sadalananlarla yanaşı şəxsin evinin tam yanaraq yararsız hala düşdüyünü, onun ailə üzvləri ilə birlikdə kirayədə qalmasını, şəxsin 61 yaşı olduğunu və törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini diqqətəlayiq hallar kimi qəbul edərək, bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 240.1-1-ci maddəsi ilə təyin edilmiş cəzanın növü və həddi, elcədə barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(051)-117/2020 nömrəli hökmü dəyişdirilməlidir. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(051)-117/2020 nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilsin. Maddi sübut olan və Mingəçevir şəhər Polis Şöbəsində saxlanılan 2(iki) ədəd şüşə ampulda ayrı-ayrılıqda çəkiləri 11,850 qram və 10,520 qram, ümumi çəkisi 22,37 qram olan metallik civə dövlət nəfinə müsadirə edilsin. Qərarın maddi sübut olan və Mingəçevir şəhər Polis Şöbəsində saxlanılan 2(iki) ədəd şüşə ampulda ayrı-ayrılıqda çəkiləri 11,850 qram və 10,520 qram, ümumi çəkisi 22,37 qram olan metallik civənın dövlət nəfinə müsadirə edilməsi hissəsi Mİngəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar