Məhkəmə qərarları › İş №1(107)-5/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-5/2022

11.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-5/2022 11.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 1(051)-6/2021 nömrəli hökmündən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (sədrlik edən M.Kərimova) 29 mart 2021-ci il tarixli, 1(051)-6/2021 nömrəli hökmü ilə, Təqsirləndirilən şəxs xx.xx.1965-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli,məhkumluğu olmayan, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2 başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 306.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, cəzasının əvvəlinin İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanması, cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-a kimi yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılması, Hökmün icrasının Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməsi hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs 27.000 (iyirmi yeddi min) manat məbləğində pulun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli, 2(051 )-3811/2017 saylı qətnaməsini və 17.176 (on yeddi min bir yüz yetmiş altı) manat məbləğində pul və iş üzrə ödənilmiş 20 (iyirmi) manat rüsum xərcinin Zərərçəkmiş şəxs verilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 24 avqust 2018-ci il tarixli, 2(051)-1920/2018 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə həmin məhkəmənin 30 aprel 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 500 (beş yüz) manat məbləğində cərimə edilməsinə və icra sənədlərindəki tələbləri icra etməsi üçün yeni müddət təyin olunmasına, həmçinin ona məsuliyyəti barədə 13 may, 07 iyun, 23 avqust, 16 sentyabr və 10 oktyabr 2019-cu il tarixlərində rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış, hərəkətlərini davam etdirərək həmin məhkəmə aktlarında nəzərdə tutulmuş tələbləri qərəzli olaraq icra etməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Mingəçevir Şəhər Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 1(051)-6/2021 nömrəli hökmündən Zərərçəkmiş şəxs apellyasiya şikayəti vermişdir. Hökmdən zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: R.R.Rəfiyev (sədrlik edən və məruzəçi), A.M.Eyvazov və V.İ.Məlikovdan ibarət tərkibdə) 10 iyun 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin hərəkətsiz saxlanılması, iş materiallarının Zərərçəkmiş şəxs apellyasiya şikayəti verməsi müddətinin bərpa edilməsinə dair CPM-in 386-cı maddəsi ilə müəyyən edilmiş tələblərin yerinə yetirilməsi üçün Mingəçevir Şəhər Məhkəməsinə qaytarılması, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən tələblərin yerinə yetirilməsi üçün iş materiallarının Mingəçevir Şəhər Məhkəməsinə daxil olduqdan sonra iyirmi gün müddətdə təyin edilməsi və qeyd olunan tələblər yerinə yetirildikdən sonra iş materiallarının Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyun 2021-ci il tarixli qərarından Zərərçəkmiş şəxs və nümayəndəsi-vəkil Müdafiəçi2 birgə kassasiya şikayəti verərək həmin qərarın ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 1(102)- 1683/2021 nömrəli qərarı ilə Zərərçəkmiş şəxs və onun nümayəndəsi-vəkil Müdafiəçi2 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyun 2021-ci il tarixli apellyasiya şikayətinin hərəkətsiz saxlama qərarı ləğv edilmiş və cinayət işi apellyasiya baxışına təyin edilmişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Zərərçəkmiş şəxs apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, o Mingəçevir Şəhər Məhkəməsinə ərizə ilə müraciətlər etmiş, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və onun barəsində azadlıqdan məhrumetmə cəzasının tətbiq edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona olan borcundan ümumiyyətlə heç bir məbləğ ödəniş etməmişdir. Mingəçevir Şəhər Məhkəməsi isə göstərilənləri nəzərə almamış və qanunsuz hökm qəbul etmişdir. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 1(051)-6/2021 nömrəli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə etmə ilə əlaqədar cəza verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas X4 apellyasiya şikayətinin təmin edilməsini, hökmün birinci instansiya məhkəməsində dövlət ittihamçısının təklif etdiyi cəza həddində dəyişdirilməsini və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarın tətbiq edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlilləri ilə bağlı çıxış edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi X5 apellyasiya şikayətinin təmin edilməməsini və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarın tətbiq edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya şikayətinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1 və 398.1.4-cü maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. CPM-in 399.1 və 399.1.4. cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya şikayətinin nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməsi, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 1(051)-6/2021 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilməlidir. Belə ki, apellyasiya şikayətində Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi mübahisələndirilməsə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, Təqsirləndirilən şəxs əməlini CM-in 306.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin cinayət əməlinin CM-in 306.1-ci maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hazırda araşdırılan işdən bəlli olur ki, zərərçəkmiş şəxs apellyasiya şikayətində Mingəçevir Şəhər Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 1(051)-6/2021 nömrəli hökmünün dəyişdirilərək, təqsirləndirilən şəxsin barəsində azadlıqdan məhrum etməklə əlaqədar cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin sadalanan dəlillərini əsaslı sayır. Belə ki, öyrənilən işdən aydın olur ki, Təqsirləndirilən şəxs 27.000 (iyirmi yeddi min) manat məbləğində pulun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli, 2(051 )-3811 /2017 saylı qətnaməsini və 17.176 (on yeddi min bir yüz yetmiş altı) manat məbləğində pul və iş üzrə ödənilmiş 20 (iyirmi) manat rüsum xərcinin Zərərçəkmiş şəxs verilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 24 avqust 2018-ci il tarixli, 2(051)-1920/2018 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə həmin məhkəmənin 30 aprel 2019-cu il tarixli qərarına əsasən İXM-in 528.1 - ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 500 (beş yüz) manat məbləğində cərimə edilməsinə və icra sənədlərindəki tələbləri icra etməsi üçün yeni müddət təyin olunmasına, həmçinin ona məsuliyyəti barədə 13 may, 07 iyun, 23 avqust, 16 sentyabr və 10 oktyabr 2019-cu il tarixlərində rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış, hərəkətlərini davam etdirərək həmin məhkəmə aktlarında nəzərdə tutulmuş tələbləri qərəzli olaraq icra etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” 27 dekabr 2001-ci il tarixli qanununun 12.1-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. “İcra haqqında” Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, borclu Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunur. Məhkəmə kollegiyası bu fikridədir ki, həm yuxarıda sadalanan hallar, həm də Təqsirləndirilən şəxs uzun müddət icra tədbirlərindən qərəzli surətdə yayınması (məhkəmə qətnamələri 20 sentyabr 2017-ci il və 24 avqust 2018-ci il tarixdə çıxıb) onun barəsində daha ciddi cəza tədbirinin tətbiqinə zərurət yaradır. İşdən bəlli olur ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə təqsirli bilib 3(üç) il müddətinə müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum etmişdir. Lakin, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasının tətbiqi onun tərəfindən törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də onun şəxsiyyətinə uyğun deyildir. Belə ki, CM-in 5.1-ci maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. CPM-in 346.1.11-ci maddəsinə görə təqsirləndirilən şəxsə məhz hansı cəzanın təyin edilməsi, o cümlədən cinayətlərin residivi, hökmlərin məcmusu üzrə cəza təyini məsələləri məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilməlidir. Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair 2 oktyabr 2012-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Hazırda qüvvədə olan cinayət qanununvericiliyinin tələbinə görə CM-in 306-cı maddəsi uzanan cinayətlərə aiddir. Hüquq ədəbiyyatında uzanan və davam edən cinayətlərin elmi anlayışına görə uzanan cinayət məlum dövr ərzində fasiləsiz olaraq törədilən müəyyən kriminal əməldir. Davam edən cinayət isə ümumi məqsədə yönələn, vahid niyyətlə əhatə olunan bir sıra eyni, yaxud da eyni növlü ictimai təhlükəli hərəkətlərdən ibarət bir əməldir. Göründüyü kimi, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş CM-in 306.1-ci maddəsi, yəni qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını icra etməmə uzanan cinayətdir. Məhkəmənin qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli icra etməmə məhkəmə və ya icra məmuru tərəfindən müvafiq şəxslərin həmin aktları müəyyən müddətə icra etmək vəzifəsi haqqında yazılı xəbərdarlıq edildiyi andan başlayır və bu aktların icra edildiyi, yaxud bu əməlin istintaq orqanları və ya buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən dayandırıldığı anda başa çatır. Məhkəmə aktının icra edilməsinə maneçilik törətmə məhkəmə qərarlarının icrasına yol verməməyə yönələn hərəkətin edildiyi andan başa çatmış hesab edilir. Belə ki, işin 9-11-ci vərəqlərində olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 3811/2017 saylı, 20 sentyabr 2017-ci il tarixli qətnaməsində Təqsirləndirilən şəxs 27000(iyirmi yeddi min) manat məbləğdə pul alınıb "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi qət edilmişdir. İşin 8-ci vərəqində olan Mingəçevir şəhər məhkəməsi tərəfindən verilmiş İcra vərəqəsindən görünür ki, 2(051)-3811/2017 saylı 20 sentyabr 2017-cı il tarixli qətnamə qüvvəyə minmiş və icraya yönəldilmişdir. İşin 12-ci vərəqində olan 22.11.2017-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, iş üzrə icraat başlanılmışdır. İş materiallarına əlavə edilmiş icra məmuru tərəfindən borclu Təqsirləndirilən şəxs göndərilmiş bildiriş və xəbərdarlıqlardan, Təqsirləndirilən şəxs icra məmuruna verdiyi izahatdan görünür ki, məhkəmə qərarının icra edilməməsinin hüquqi nəticələri, Təqsirləndirilən şəxs izah edilmişdir. İşin 45-47-ci vərəqlərində olan Mingəçevir şəhər məhkəməsinin 2(051)-1920/2018 saylı, 24 avqust 2018-ci il tarixli qətnaməsində Təqsirləndirilən şəxs 17176 (on yeddi min bir yüz yetmiş altı) manat və dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İşin 44-cü vərəqində olan Mingəçevir şəhər məhkəməsi tərəfindən verilmiş İcra vərəqəsindən görünür ki, 2(051)-1920/2018 saylı 24 avqust 2018-ci il tarixli qətnamə qüvvəyə minmiş və icraya yönəldilmişdir. İşin 49-cu vərəqində olan 12.10.2018-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, iş üzrə icraat başlanılmışdır. İş materiallarına əlavə edilmiş icra məmuru tərəfindən borclu Təqsirləndirilən şəxs göndərilmiş bildiriş və xəbərdarlıqlardan, Təqsirləndirilən şəxs icra məmuruna verdiyi izahatdan görünür ki, məhkəmə qərarının icra edilməməsinin hüquqi nəticələri Təqsirləndirilən şəxs izah edilmişdir. İşin 55-ci vərəqində olan 17.12.2018-ci il tarixli “İcraatın birləşdirilməsi haqqında” qərardan görünür ki, iş üzrə icra sənədləri birləşdirilmişdir. İşin 86-87-ci vərəqlərində olan Mingəçevir şəhər məhkəməsi hakiminin 3(051)- 265/2019 saylı 30 aprel 2019-cu il tarixli inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat cərimə edilmişdir. İşdə olan və Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizədən görünür ki, 1(107)- 5/2022 saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən ona olan 17196 manat borcundan 6500 (altı min beş yüz) manat ödənilmişdir. İşdə olan və Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizədən görünür ki, 1(107)- 5/2022 saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs halhazırda ona 10696 (on min altı yüz doxsan altı ) manat borcu qalmışdır. Həmin borcu təqsirləndirilən şəxsdən tələb edir. Apellyasiya şikayətinə baxılarkən yuxarıda qeyd etdiyi halın nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə törətmiş olduğu cinayət əməli CMnin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş digər alternativ cəza növlərinin təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühavizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Göründüyü kimi, təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasına laqeyd münasibət bəsləməklə bu qərarı icra etməmiş və Azərbaycan Respublikasının adından çıxarılmış və icrası bütün fiziki və hüquqi şəxslər üçün məcburi olan məhkəmə aktı icra edilməyərək kağız üzərində qalmışdır. Əslində bu cinayət əməlinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə bütövlükdə götürdükdə məhkəmə orqanlarını nüfüzdan salır və ən başlıcası, pozulmuş hüquqların bərpası təqsirkarın cəzalandırılması, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin çıxardığı başqa qərarlar yuxarıda qeyd edildiyi kimi kağız üzərində qalır. Bununla da, təqsirləndirilən şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmiş olur. Məhkəmə kollegiyası cinayət işinin yuxarıda qeyd edilən hallarını, eləcə də cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilib üç il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə haqlı olmamış, məhkəmənin bu qərarı cinayət qanunun normasına, cəzanın məqsədlərinə, eləcə də törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, həmçinin təqsirkarın şəxsiyyətinə uyğun olmamışdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı sayır. CPM-in 405.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü bu maddədə göstərilən hallarda, o cümlədən CPM-in 405.1.4-cü maddəsinə əsasən hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda dəyişdirir. Bununla yanaş, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 4, 9.2.3, 9.3 və 30-cu bəndlərini tətbiq edilməklə, təyin edilmiş cəzanın 06 (altı) ay azaldılmasını mümkün bilir. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Qərarın 4-cü bəndinə əsasən Bu Qərarın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan şəxslərdən başqa, 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzalarının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olduqda, çəkilməmiş cəza 6 ay azaldılsın (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 9.2.3-cü bəndinə əsasən bu Qərarın 4-cü və 5-ci hissələrində nəzərdə tutulmuş şəxslərin cəzalarını azaldır (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 9.3-cü bəndinə əsasən icraatlarında olan apellyasiya və ya kassasiya şikayətləri (protestləri) üzrə işlərə baxarkən bu Qərarın 9.1-ci və 9.2-ci bəndlərinin müddəalarına müvafiq olaraq amnistiya tətbiq edir. Həmin Qərarın 30-cu bəndinə əsasən apellyasiya şikayəti və ya protesti verilmiş qanuni qüvvəyə minməmiş hökmlər üzrə şəxslərə amnistiya həmin şikayətlərə və ya protestlərə apellyasiya instansiyası məhkəmələrində baxılarkən tətbiq edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə təqsiləndirilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 1(051)-6/2021 nömrəli hökmü Təqsirləndirilən şəxs təyin edilmiş cəzaya aid hissədə dəyişdirilməli, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 306.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 4, 9.2.3, 9.3 və 30-cu bəndləri tətbiq edilməklə, Təqsirləndirilən şəxs hazırki qərarla təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası 6 (altı) ay azaldılaraq üzərində 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası göstərilənlərə əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 1(051)-6/2021 nömrəli hökmü Təqsirləndirilən şəxs münasibətdə cəzaya aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli bugündən, yəni 11 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclas zalından həbs olunsun. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 4, 9.2.3, 9.3 və 30-cu bəndləri tətbiq edilməklə, Təqsirləndirilən şəxs hazırki qərarla təyin edilmiş 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası 6 (altı) ay azaldılaraq üzərində 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm verilmiş apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar