Məhkəmə qərarları › İş №1(107)-51/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-51/2020

18.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-51/2020 18.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, Babayeva Vəfa Həsən qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin (hakim R.Əlizadə) xx xxxxxx 2020-ci il tarixli hökmü ilə xx xxxxxx 1986-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, C.Cabbarlı küçəsi, ev 30-da qeydiyyatda olan, Ədliyyə Nаzirliyi Penitensiаr Xidmətinin 2 sаylı İstintаq Təcridаxаnаsındа sаxlаnılаn Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən, xx xxxxxxxx 2019-cu ildən xx xxxxxxxx 2019-cu ilədək şübhəli şəxs kimi saxlanıldığı iki günün onun cəzasından çıxılmaqla, üzərində qəti olaraq bir il on bir ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin tutulduğu xx xxxxxx 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməsi və narkoloji kabinetdə qeydiyyata alınması, iş üzrə maddi sübut olan Yevlax Rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra qalan kristal formada olan olan 0,156 qram metadonun hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi, 01 ədəd diskin cinayət işinin materiallarında saxlanılması və Təqsirləndirilən şəxs 65 manat ekspertiza xərcinin alınaraq dövlət büdcəsinə keçirilməsi müəyyən edilmişdir. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq özünün istifadəsi üçün əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni– 0,206 qram miqdarında, təsiredici maddəsinin miqdarı-0,02 qram miqdarında olan “metadon”u əynindəki cins şalvarının sol yan cibində qara rəngli siqaret kağızından ibarət bir ədəd bükümdə qanunsuz olaraq saxlamış, Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi 2019-cu ilin sentyabr ayının 12-də saat 21:00 radələrində Yevlax şəhəri, Q.Quliyev küçəsində saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək saat 22:05 radələrində üzərində müdafiəçi-vəkilin iştirakı ilə və video çəkiliş tətbiqi ilə keçirilmiş şəxsi axtarış zamanı həmin narkotik vasitə aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür Hökmdən Təqsirləndirilən şəxs apelyasiya şikayəti vermişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti, həmçinin verilmiş apelyasiya şikayətinə qarşı etiraz verilməmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, çıxarılmış hökm ədalətsizdir, ona görə də apelyasiya qaydasında işə yenidən baxılmalıdır. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirən Təqsirləndirilən şəxs bildirmişdir ki, mənə təyin edilmiş cəzadan narazıyam. Həqiqətən də narkotikdən istifadə edirəm, bunu danmıram. Səhvimi dərk edirəm. Lakin Yevlax Rayon Məhkəməsi iki il müddətə azadlıqdan məhrum etmə cəzası verməklə mənə həddindən artıq sərt cəza təyin etmişdir. Mənə təyin edilmiş cəzanın azaldılmasını xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi Emil Əliyev bildirmişdir ki, apelyasiya şikayətinin dəlillərini müdafiə edirəm. CM-in 62-ci maddəsində nəzərdə tutulmuş istisna hallar olduqda təhlükəli residivə görə cəza CM-in 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunur. Ona görə də təqsirləndirilən şəxsin özünü səmimi aparması, istintaqın gedişatına maneçilik törətməməsi kimi xüsusatlar nəzərə alınıb CM-in 62-ci və 65.3-cü maddələrini tətbiq etməklə təhlükəli residivi nəzərə almadan, onun təqsirli bilindiyi maddənin sanksiyası çərçivəsində ən aşağı həddə cəza təyin edilməsini məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında çıxış edən Dövlət ittihamçısı bildirmişdir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlində cinayətlərin təhlükəli residivinin olmasını və CM-in tələblərini nəzərə alaraq onun təqsirli bilindiyi maddənin sanksiyası çərçivəsində minimal cəza təyin etmişdir. Ona görə də apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan onun təmin edilməməsini və Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apelyasiya tələbi ilə bağlı olan hissədə, yəni apelyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apelyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apelyasiya şikayəti və apelyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apelyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apelyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdırıb, işdə olan sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə apelyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən CPMin 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinin tələblərinə əməl edilərək, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, ona təyin edilmiş cəza cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və onun şəxsiyyətinə uyğun olmuşdur. Apelyasiya şikayətindən və Təqsirləndirilən şəxs apelyasiya şikayətinin dəlillərinə münasibətindən görünür ki, o, birinci instansiya məhkəməsinin ona təyin etdiyi cəzanı ağır hesab edir və həmin cəzanın yüngülləşdirilməsini istəyir. Bununla bağlı məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlili üzrə iki aspektdən, həm CM-in ədalətlilik prinsipi, həm də cəzanın islah təsiri baxımından hüquqi qiymətləndirmə aparılmasını məqsədəuyğun hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarı). Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Qeyd olunan hüquq normalarının məna və mahiyyətinə, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs bundan əvvəl X2 Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli 1(091)-88/2013 saylı hökmünə əsasən CM-in 126.1 və 221.3-cü maddələri ilə təqsirli bilinib, beş il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, dörd il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 7(039)-157/2018 nömrəli qərarının surətindən görünür ki, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 04 il müddətə azadlıqdan məhrumetmə cəzası iki il altı aya endirilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 7(039)-467/2018 nömrəli qərarının surətindən isə görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan üç ay iyirmi beş günündən şərti olaraq vaxtından əvvəl azad edilmiş, əvvəllər qəsdən cinayət törətməyə görə iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, yenidən qəsdən cinayət törətmişdir ki, bu da cinayətin təhlükəli residivini yaradır (CM-in 18.2.1-ci maddəsi). Residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır (CM-in 65.1). Eyni zamanda, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz (CM-in 65.2). Ona görə də məhkəmə kollegiyası CM-in ədalət prinspi baxımından Təqsirləndirilən şəxs qəti olaraq təyin olunmuş bir il on bir ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzasını qanuni və ədalətli hesab edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsə təyin etdiyi cəzanı islah təsiri baxımından da əsaslı hesab edir. Belə ki, CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini təmin etməlidir. İşin halları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətmişdir. CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxsə isə CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınaraq, ittiham olunduğu maddənin ən aşağı həddində cəza təyin olunmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2019-cu ildə qаnunsuz оlаrаq şəxsi istehlak miqdarından artıq miqdarda, narkotik vasitəni–0,206 qram miqdarında, metadonu özündə saxlamaqla cinayət əməlini törətmişdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıları”nın narkotik vasitələrə aid İ siyahısının 13-cü bəndinə əsasən metadon narkotik vasitədir və onun 0,02 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab edilir. Təqsirləndirilən şəxs cinayəti 0,02 qramı şəxsi istehlak miqdarından artıq miqdar (təmiz çəkisi 0,206 qram) hesab olunan narkotik vasitə metadondan istifadə etməklə törətməsi, bundan əvvəl də qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, məhkumluğu ödənilmədiyi, götürülmədiyi halda yenidən cinayət törətməsi, əvvəlki cəzanın islah təsirinə məruz qalmaması onu göstərir ki, birinci instаnsiyа məhkəməsi CM-in 58.3-cü mаddəsinə uyğun оlаrаq, cinаyətin xаrаkteri və ictimаi təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzаnı yüngülləşdirən və ağırlaşdıran hаllаrın olmasını, hаbelə təyin olunmuş cəzаnın onun islаh olunmаsınа və аiləsinin həyаt şərаitinə təsirini nəzərə аlаrаq, onа həmin mаddənin sаnksiyаsındа nəzərdə tutulаn qаnuni və ədalətli cəzа təyin etmiş, cəzаnın növünü və həddini, eləcə də cəzаçəkmə müəssisəsinin növünü düzgün müəyyən etmişdir. Belə olan halda Təqsirləndirilən şəxs apelyasiya şikayəti əsaslı sayıla və təmin oluna bilməz. Təqsirləndirilən şəxsin müdafiəçisinin təqsirləndirilən şəxsə CM-in 62-ci maddəsinin tətbiq olunmalı olması barədə çıxışına gəlincə, məhkəmə kollegiyası bunula razılaşa bilmir. Belə ki, CM-in 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə Məhkəmə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrıayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Şərh olunan maddənin məzmunundan görünür ki, CM-in 62.1-ci maddəsi cəzadan daha yüngül cəza təyin edilməsinin aşağıdakı əsaslarını nəzərdə tutur. - cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; - cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; - iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etməsi; Qanunun tələbinə görə, belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilməli, onlar konkretləşdirilməli və müstəsna hal kimi qiymətləndirilməsinin səbəbləri hökmdə əsaslandırılmalıdır. Bu halları müəyyən edərkən məhkəmə həm cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də bu cür halların məcmusunu, yəni cinayətin motivi və məqsədini, təqsirkarların cinayətin törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və ondan sonrakı davranışını, təqsirkarların şəxsiyyətini xarakterizə edən məlumatları və s. qiymətləndirməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı hər hansı müstəsna hal mövcud deyil, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar da yoxdur. Belə olan halda Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müstəsna hal hesab edilə və ona CM-in 62-ci maddəsi tətbiq oluna bilməz. Beləliklə, məhkəmə kollegiyası CPM-in 392.3-cü maddəsinə uyğun olaraq, apelyasiya tələbinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib, apelyasiya şikayətinin təmin olunması üçün qanuni əsaslar tapmayaraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apelyasiya şikayətini və ya apelyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Şərh edilənləri və CPM-in 394, 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətdə Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar