Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-51/2021 09.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X2 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X3, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə X4 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin (hakim İ.Fəttahov) xx xxxxxxx 2020-ci il tarixli hökmü ilə xx.xx.1973-cü ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, İİ dərəcəli əlil, Göyçay Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 01 ay 28 gün müddətə azadlıqdan mərhum edilmiş, xx.xx.2018-ci ildə Salyan Rayon Məhkəməsinin qərarına əsasən vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmiş, Göyçay şəhəri, Bakı küçəsi, ev 65-də qeydiyyatda olan və faktiki olaraq Göyçay şəhəri, Z.Bünyadov küçəsi, mənzil 55, ev 22-də yaşayan, barəsində Göyçay Rayon Məhkəməsinin qərarı ilə 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin həbsə alındığı xx.xx.2020-ci ildən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınması, iş üzrə maddi sübut olan Göyçay RPŞ-nın MSSK-da saxlanılan 0,195 qram heroin və 0,5 ml heroin məhlulunun məhv edilməsi, iş üzrə 138,20 manat məbləğində ekspertiza xərcinin 69,10 manatının Təqsirləndirilən şəxs2, 69,10 manatının isə Təqsirləndirilən şəxs1 tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməsi, Təqsirləndirilən şəxs2 göstərilmiş 21 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi1 126 manat və Təqsirləndirilən şəxs1 göstərilmiş 21 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi2 isə 126 manatın dövlət büdcəsindən Göyçay Rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ**********6424505256 (VÖEN **********)) hesabına köçürülməsi, hökmün icrasının ekspertiza xərcinin və maddi sübut hissəsində Göyçay Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi müəyyən edilmişdir. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,463 qram ümumi çəkidə narkotik vasitə hesab edilən heroini əldə edib qanunsuz olaraq daşıyaraq üzərində saxlamış, xx.xx.2020-ci ildə, saat 14 radələrində həmin heroinin 0,218 qram hissəsini yaşadığı Göyçay şəhəri, Z.Bünyadov küçəsində yerləşən əlillər binasının qarşısında tanışı Təqsirləndirilən şəxs1 pay vermiş, Nurlan həmin narkotik vasitəni öz istifadəsi üçün maye halına gətirərək 2 ml qram şprisə çəkərək qanunsuz olaraq üzərində daşıyaraq saxlamış, xx xxx 2020-ci il tarixdə, saat 14 radələrində Göyçay RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Göyçay şəhəri, Natəvan küçəsində saxlanılıb polisə şöbəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli şalvarının sağ yan cibindən həmin 01 ədəd 2 m-lik şprisdə maye halında quru çəkisi 0,218 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhlulu üzərindən aşkar edilərək götürülmüş, həmin gün saat 15 radələrində Təqsirləndirilən şəxs2 Göyçay şəhəri, H.Əliyev prospektində yerləşən “Mega” market mağazasının yaxınlığında olarkən və üzərində həmin narkotik vasitənin qalan hissəsini daşıyarkən Göyçay RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanaraq polis şöbəsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan köynəyinin sol ön cibindən 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş – 0,245 qram çəkidə, həmin heroin onun üzərindən aşkar edilərək götürülmüş, bununla da o, CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hökmdən Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti vermişdir. Hökmdən apellyasiya şikayətinə qarşı etiraz və apellyasiya protesti verilməmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İİ qrup Qarabağ əlili olması, ağ ciyər xəstəsi olması və himayənsində iki azyaşlı övladının olması nəzərə alınaraq ona təyin olmunmuş cəza azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməlidir. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirən Təqsirləndirilən şəxs2 bildirmişdir ki, apellyasiya şikayətimin dəlillərini müdafiə edirəm. Mən İİ qrup Qarabağ əliliyəm, əməlimdən peşmanam. Təxminən 9 ildir ki, narkotik vasitələrdən istifadə edirəm. Bundan başqa, ağ ciyər xəstəsiyəm, himayəmdə iki azyaşlı övladım var. Bunu nəzərə alaraq ya mənə təyin edilmiş cəzanın yüngülləşdirilməsini, ya da həmin cəzanın azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsini məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı Rəhman İbrahimov bildirmişdir ki, Təqsirləndirilən şəxs2 Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hal-hazırda apellyasiya şikayətində ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş edir. Lakin hökmdə qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs2 əvvəllər də CM-in 234.1-ci maddəsi ilə məhkum olunaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş yenidən qəsdən həmin cinayəti törətmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq Təqsirləndirilən şəxs2 əməlində residivin olmasını nəzərə alaraq ona cəza təyin etmişdir. Cinayət qanunvericiliyin tələblərinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Hesab edirəm ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və onun şəxsiyyəti nəzərə alınaraq ona ən aşağı həddə cəza təyin edilmişdir. Apellyasiya şikayəti əsassızdır. Ona görə onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün isə dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi Xəyal İbrahimov apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini və ona görə də apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apellyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdırıb, işdə olan sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən CPMin 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinin tələblərinə əməl edilərək, Təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və Təqsirləndirilən şəxs2 əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, ona təyin edilmiş cəza cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və onun şəxsiyyətinə uyğun olmuşdur. Apellyasiya şikayətindən və təqsirləndirilən şəxsin apellyasiya şikayətinin dəlillərinə münasibətindən görünür ki, o, birinci instansiya məhkəməsinin ona təyin etdiyi cəzanı ağır hesab edir və həmin cəzanın yüngülləşdirilməsini istəyir. Bununla bağlı məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili üzrə iki aspektdən, həm CM-in ədalətlilik prinsipi, həm də cəzanın islah təsiri baxımından hüquqi qiymətləndirmə aparılmasını məqsədəuyğun hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarı). Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Qeyd olunan hüquq normalarının məna və mahiyyətinə, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 bundan əvvəl Göyçay Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə 01 il 01 ay 28 gün müddətə azadlıqdan mərhum edilmiş, xx xxxxxx 2018-ci il tarixdə Salyan Rayon Məhkəməsinin qərarına əsasən vaxtından əvvəl şərti azad olunmuşdur. Təqsirləndirilən şəxs2 əvvəllər qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, yenidən qəsdən cinayət törətmişdir ki, bu da cinayətin residivini yaradır (CM-in 18.1-ci maddəsi). Residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır (CM-in 65.1). Eyni zamanda, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz (CM-in 65.2). Ona görə də məhkəmə kollegiyası CM-in ədalət prinspi baxımından Təqsirləndirilən şəxs2 qəti olaraq təyin olunmuş bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasını qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsə təyin etdiyi cəzanı islah təsiri baxımından da əsaslı hesab edir. Belə ki, CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini təmin etməlidir. İşin halları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətmişdir. CM-in 234.1-ci maddəsinin sanksiyasına əsasən, bu cinayət bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzalandırılır. Təqsirləndirilən şəxsə isə ittiham olunduğu maddənin ən aşağı həddində cəza təyin olunmuşdur. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıları”nın narkotik vasitələrə aid İ siyahısının 5-ci bəndinə əsasən, heroin narkotik vasitədir və onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab edilir. Təqsirləndirilən şəxs2 cinayəti 0,15 qramı şəxsi istehlak miqdarından artıq miqdar (təmiz çəkisi 0,463 qram) hesab olunan narkotik vasitə heroindən istifadə etməklə törəməsi əməlin cəmiyyət üçün hər zaman xüsusi təhlükəli əməl kimi qalması, bundan əvvəl də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı (CM-in 234.1-ci maddəsi) cinayət törətməsi və məhkumluğunun ödənilmədiyi, götürülmədiyi halda yenidən cinayət törətməsi, əvvəlki cəzanın islah təsirinə məruz qalmaması onu göstərir ki, birinci instаnsiyа məhkəməsi CM-in 58.3-cü mаddəsinə uyğun оlаrаq, cinаyətin xаrаkteri və ictimаi təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs2 şəxsiyyətini, cəzаnı yüngülləşdirən və ağırlaşdıran hаllаrın olmasını, hаbelə təyin olunmuş cəzаnın onun islаh olunmаsınа və аiləsinin həyаt şərаitinə təsirini nəzərə аlаrаq, onа həmin mаddənin sаnksiyаsındа nəzərdə tutulаn qаnuni və ədalətli cəzа təyin etmiş, cəzаnın növünü və həddini, eləcə də cəzаçəkmə müəssisəsinin növünü düzgün müəyyən etmişdir. Belə olan halda Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti əsaslı sayıla və təmin oluna bilməz. Qeyd olunanlarla yanaşı, birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı və ibtidai istintaq zamanı cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası CPM-in 392.3-cü maddəsinə uyğun olaraq, apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib, apellyasiya şikayətinin təmin olunması üçün qanuni əsaslar tapmayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Şərh edilənləri və CPM-in 394, 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-51/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-51/2021
09.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver