Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-51/2023 24.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şükürov İmanverdi Həşimxan oğlu və X8 ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili X5, zərərçəkmiş şəxsin hüquqi varisi X2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair Ucar Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 1(063)-67/2022 saylı hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi X6 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ucar Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 1(063)-67/2022 saylı (sədrlik edən hakim X10) hökmü ilə, xx xxxx 1972-ci ildə Ucar rayonu, Məlikballı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Ucar rayonu, Məlikballı kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub dövlət nəfinə keçirilməsi, hökmün icrası Ucar şəhər icra və probasiya şöbəsinə tapşırılması müəyyən edilmişdir. işin halları: İstintaq orqanının mövqeyinə görə Təqsirləndirilən şəxs 27 may 2022-ci il tarixdə, saat 22 radələrində nəqliyyat vasitəsini idarəetmə hüququ verən “BC” kateqoriyalı, AF 401025 nömrəli sürücülük vəsiqəsi əsasında, etibarnamə ilə ayıq halda idarə etdiyi “VAZ- 2107 minik” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ucar rayonu, Qazıqumlaq-Məlikballı asfalt örtüklü kənd yolunun 1-ci kilometrliyində Ucar rayonu, Qazıqumlaq kəndi istiqamətində hərəkətdə оlаrkən “Yоl hərəkəti hаqqındа” Аzərbаycаn Respublikаsı Qаnununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkət və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda, buna əməl etməyərək diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmaqla yolun sağında dayanmış “VAZ-2107 minik” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən əşya götürməkdə olan xx xxxxxx 1987-ci il təvəllüdlü piyada Zərərçəkmiş şəxs və dayanmış vəziyyətdə olan avtomobili gördükdə hərəkətin təhlükəsizliyini təmin edən lazımi yan məsafə seçərək keçib getməyərək və ya avtomobili piyadaya və avtomobilə çatmadan dayandırmayaraq, sonuncunu vurub ona baş beyinə qansızma ilə müşaiyət olunan qapalı kəlləbeyin travması, sağ bud sümüyünün açıq, sol bud sümüyünün qapalı sınığı ilə müşaiyət edilən, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirib ehtiyаtsızlıqdаn Zərərçəkmiş şəxs ölümünə və “VAZ-2107” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 3800 (üç min səkkiz yüz) manat maddi ziyan vurulmasına səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə ittiham elan edilmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Ucar Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 1(063)-67/2022 saylı hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi X4 tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Zərərçəkmiş şəxsin hüquqi varisi X4 verdiyi apellyasiya şikayətində hökmün ləğv edilməsini, tam məhkəmə istintaqı keçirilməsini, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsindən həmin məcəllənin 126.3-cü maddəsinə tövsif edilməklə həmin maddədə nəzərdə tutulmuş sanksiya həddində cəza təyin edilməsinə dair yeni hökm çıxarılmasını xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli hökmündən apellyasiya protesti, eləcə də verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisi X4 apellyasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsindən həmin məcəllənin 126.3-cü maddəsinə tövsif edilməklə həmin maddədə nəzərdə tutulmuş sanksiya həddində cəza təyin edilməsinə dair yeni hökm çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili X11 apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsi hökmünün dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı X9 apellyasiya şikayətinin təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsindən həmin məcəllənin 126.3-cü maddəsinə tövsif edilməsi hissəsində təmin edilməməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ağır cəza verilməsi hissəsində təmin edilərək, təqsirləndirilən şəxsə 5 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilməklə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilməsini xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, zərərçəkmiş şəxsin hüquqi varisinin, habelə dövlət ittihamçısının apellyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ucar Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 1(063)-67/2022 saylı hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünə məxsus ağ rəngli “VAZ- 2107” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı, zərərçəkmiş şəxs, qardaşının oğlu Zərərçəkmiş şəxs isə “VAZ-2107” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilləri olmuşdur. 27 may 2022-ci il tarixdə, təxminən saat 22 radələrində Bakı-Qazax avtomobil yolu istiqamətindən özünə məxsus olan “VAZ-2107” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobiliylə yaşadığı Məlikballı kəndinə getmişdir. Bakı-Qazax avtomobil yolundan təxminən 1 kilometr uzaqlaşadıqda markasını və modelini bilmədiyi avtomobil onunla qarşı-qarşıya gəlmiş, həmin avtomobilin güclü işıqları onun gözünü qamaşdırmış və heç nə görməmişdir. Həmin anda avtomobili ağ rəngli avtomobilə çırpılamasını görmüş, saniyələr ərzində avtomobili təxminən 10 metr irəlidə dayanmışdır. Həmin vaxt özünü itirərək əyləcdən nə hadisədən əvvəl, nə də hadisədən sonra istifadə etməmişdir. Avtomobili zərbədən surəti azalaraq özü dayanmış və yerə enərək nə baş verməsini aydınlaşdırmağa çalışmışdır. Həmin vaxt avtomobilindən arxaya gedən zaman gənc oğlanın, yəni həmkəndlisi Şahid1 orada olmasını görmüş, Əliyə kimin avtomobili olmasını soruşmuş, Əli isə həmin avtomobilin qardaşı oğlu Vüsalın avtomobili olmasını demişdir. Bundan sonra alışqanının işığını yandıraraq Vüsalı axtarmışlar. Təxminən 5-6 metr avtomobildən arxada otluqda Vüsalın səssiz şəkildə uzanmasını görmüş və tez ona yaxınlaşaraq səslənsə də, Vüsal cavab verməmişdir. Vüsalın öldüyünü düşünsə də, sonradan onun sağ ola biləcəyini fikirləşərək Vüsalı çağırmağa başlamış, sonuncu isə bir neçə dəqiqə sonra ayılaraq ayağının bud hissəsinin bərk ağrımasını deyərək, ayaqlarını ovuşdurmağı xahiş etmiş, əlini atdıqda Vüsalın ayağının sınmasını hiss etmişdir. Vüsal “ayaqlarının üstünə çıxmamağı” deyərək qışqırmış, lakin qardaşı oğlu ağrıdan elə hiss etmişdir, belə ki, onun ayaqlarının üzərinə heç kim çıxmamışdır. Qısa müddətdə oraya tanımadığı adamlar toplaşmış və Vüsalın xəsarətlərinin ağır olması səbəbi ilə təcili yardım gələnədək tərpətməməyi bildirmişlər. Qısa müddət sonra təcili tibbi yardım briqadası gələrək Vüsalı təcili yardım avtomobili ilə xəstəxanaya aparmışlar. O isə Vüsalın atası Kamillə avtomobilə minərək Ucar Rayon Mərkəzi Xəstəxanasına getmiş, oradan isə Vüsalı Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Həmin gecə sərxoşluğu yoxlanmış və sərxoş olmadığı məlum olmuşdur. Bundan sonra səhərə qədər Vüsala tibbi yardım olunmuş, qan köçürülmüş, lakin səhər saat 10 radələrində Vüsalın vəfat etməsini ona bildirmişlər. Bundan sonra onun, iki nəfər hal şahidinin və polis əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, olanları bildirmiş və protokolda qeyd olunmuşdur. Həmçinin, hadisə yerinə təxminən 40 metr qalmış, saniyələr əvvəl qarşıdan gələn avtomobilin işıqlarının gözünü qamaşdırmasını, özünün faranın işıqlarını yaxın-uzaq işıqlara dəyişərək qarşıdan gələn avtomobilin işıqlarını yaxın işıqlara dəyişməsinə çalışsa da, həmin avtomobilin işıqlarını yaxın işıqlara dəyişməməsini və bu münvalla görməyərək Vüsalı və avtomobilini vuraraq yol-nəqliyyat hadisəsi törətmiş olmasını, ola bilsin ki, həmin avtomobilin yanından hadisədən əvvəl ötüb keçməsini, gözünün qamaşması ilə yoluna davam edərək hadisə törətməsini, gözü qamaşmazdan əvvəl təxminən 70 km/saat sürətlə getməsini, gözü qamaşanda ayağını qazdan alaraq surətini 60 km/saata salmasını, qarşıda mane ola bilməyəcəyini və keçib gedə biləcəyini düşündüyü üçün əyləcdən istifadə edərək avtomobili tam saxlamadığnı, buna görə də ehtiyatsızlıqdan söüzügedən hadisəni törətdiyini, həqiqətən də özünü təqsirli bilməsini və əməlindən peşman olmasını, gözü qamaşan kimi avtomobilini saxlamalı olduğu halda ehtiyatı əldən verib yoluna davam edərək sözügedən hadisəni törəmiş olduğunu dərk etməsini, baş verənləri olduğu kimi qeyd etməyinin, gözünün qamaşmağını bildirməyinin, günahsız olmağı ilə əlaqəsi olmamasını, bunu özünümüdafiə üçün qeyd etmədiyini, gözü qamaşsa belə avtomobilini dərhal saxlamadığı üçün günahkar olmaqla özünü tam şəkildə təqsirli bilməsini və əməlindən peşman olmasını bildirmişdir. Əlavə olaraq bildirdi ki, dəfn və yas xərclərinə maddi cəhətdən köməklik etmiş, mərhumun 950 manat kreditini ödəmiş və uşaqlarına maddi yardım göstərmişdir. Məhkəmədən hadisələrin təsadüfi axırı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışığa cəhd etməsini və dəymiş zərərin aradan qaldırılması üçün hərəkətlər etməsini nəzərə alaraq təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha aşağı həddə cəza təyin edilməsini xahiş etdi. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2007-ci ildən ailə həyatı qurmuş, birgə nikahlarından iki qız övladı olmaqla həyat yoldaşı ilə normal ailə münasibətləri olmuş, birgə ailə şəklində Ucar rayonu, Məlikballı kəndində birgə inşa etdikləri evdə yaşamışlar. Zərərçəkmiş şəxs fərdi işlərlə məşğul olaraq ailəsini saxlamışdır. 27 may 2022-ci il tarixdə, saat 17 radələrində əri evdən özünə məxsus “VAZ-2107” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə çıxıb yük boşaldaraq qazanc əldə etmək üçün getmiş, gecə saatlarında Bakı-Qazax avtomobil yolun kənarında olan mağazadan onunla telefonla danışaraq evlərinə gəlməsini bildirmiş və o, Vüsala ərzaq almasını tapşırmışdır. Bundan sonra evdə Vüsalı gözləsə də, gecə əri evə gəməmiş, ərinin yenidən işi çıxmasını və iş üçün evə gəlmədiyini düşünmüşdür. Lakin səhər saatlarında ərinin gecə qəza keçirməsini, Vüsalın əmisi Təqsirləndirilən şəxs onu avtomobili ilə vurmasını və ərinin Göyçay Rayon Mərkəzi Xəstəxanasında vəfat etməsini bilmişdir. Bundan sonra Vüsalın meyiti xəstəxanada olan morqda müayinə olunaraq təhvil verilmiş və yaşadıqları Məlikballı kəndinin qəbiristanlığında dəfn etmişlər. Əlavə olaraq bildirdi ki, təqsirləndirilən şəxs onun dayısıdır, münasibətləri yaxşı olmamışdır, ərinin ölümündən sonra Təqsirləndirilən şəxs mərhum həyat yoldaşının kreditini ödəmiş, dəfn və yas mərasimlərinə maddi cəhətdən köməklik etmişdir, hazırda tələb irəli sürməsə də aralarında barışıq da olmamışdır, odur ki, təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və onun əmisi Təqsirləndirilən şəxs ilə özünün və ailəsinin heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. Təqsirləndirilən şəxs özünə məxsus ağ rəngli “VAZ-2107” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı, Zərərçəkmiş şəxs isə **-BH- *** dövlət qeydiyyat nişanlı avtomobilləri olmuşdur. 27 may 2022-ci il tarixdə, təxminən saat 22 radələrində Bakı-Qazax avtomobil yolu istiqamətindən Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ-2107” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı sağ oturacağında əyləşərək, Vüsal isə həmin avtomobili idarə edərək yaşadığı Məlikballı kəndinə getmişlər. Təxminən Bakı-Qazax avtomobil yolundan 1 kilometr uzaqlaşdıqda Zərərçəkmiş şəxs avtomobili yolun sağında saxlayaraq qəza dayanma işıqlarını yandırıb heç nə demədən yerə enmişdir. Həmin vaxt avtomobildən düşərək nə baş verməsini soruşmaq istəmiş, lakin Zərərçəkmiş şəxs təbii ehtiyacını ödəmək üçün yerə enə biləcəyini düşünərək avtomobildən yerə enməmiş, özünə məxsus olan sensor ekranlı telefonda şəkillərə baxmışdır. Həmin vaxt təxminən 1 dəqiqə ərzində Vüsalın avtomobilin arxa yük yerini açdığının səsini eşidərək onun yük yerində nə isə axtardığını hiss etmiş, Vüsal avtomobilin arxa yük yerini açdıqdan təxminən 1-2 dəqiqə sonra başıaşağı telefona baxarkən qəflətən oturduğu avtomobilin arxa hissəsindən möhkəm toqquşma səsi eşitmiş, özü yerindən qarşıya itələnərək ani anda geri qayıtmış və oturacağa sıxılmışdır. Həmin vaxt telefonu əlindən yerə düşmüş, ətrafa qaranlıq çökmüş və nə baş verməsini başa düşməmişdir. Bir neçə saniyə ərzində çalışsa da, qapını aça bilməmiş və avtomobilin aynasından sağında kolluq olmasını, avtomoblin su kanalına düşməsini hiss edərək sola sürücü oturacağına tərəf dırmaşaraq sürücü tərəf qapıdan bayıra çıxmışdır. Həmin vaxt hər tərəf qaranlıq olmuş, üzü Qazıqumlaq kəndi istqamətində Təqsirləndirilən şəxs “VAZ- 2107” markalı avtomobili işıqları yanılı halda dayanmış və alaqaranlıq halda Vüsalı çağıraraq axtarmağa başlamışdır. Lakin Vüsalın səsi gəlməmiş, bu zaman Təqsirləndirilən şəxs avtomobili tərəfdən düşərək ona tərəf gəlmiş, Təqsirləndirilən şəxs çatanda “ay bala nə oldu, bu kimin maşınıdır?” deyə ona sual vermiş, o isə həmin avtomobilin qardaşı oğlu Zərərçəkmiş şəxs avtomobili olmasını demişdir. Xəqani Məmədov alışqanının işığını yandırıb axtarmağa başlayan zaman bir neçə metr arxa hissədə otluqda Vüsalın səssiz uzanmasını görmüşlər. Həmin vaxt ona Zərərçəkmiş şəxs özünə məxsus olan avtomobilin yük yerindən nə isə götürmək istəyən zaman Təqsirləndirilən şəxs özünə məxsus olan “VAZ-2107” markalı avtomobillə Bakı-Qazax yolundan Qazıqumlaq kəndi istiqamətində hərəkətdə olan zaman Vüsal Məmmdovu vurması, Zərərçəkmiş şəxs hər iki avtomobilin arasında qalaraq xəsarət alması məlum olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs qışqıraraq Vüsalı qucaqlamış, soruşanda, Təqsirləndirilən şəxs ağlaya-ağlaya Zərərçəkmiş şəxs ölməsini bildirmişdir. Bundan bir neçə dəqiqə sonra yoldan ötən avtomobillər saxlayaraq kömək etmək istəmiş və o, telefonu taparaq təcili tibbi yardım xidmətinə zəng etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs dayanmadan Vüsalı səsləmiş, bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs ayılaraq güclü ağrı hiss etdiyini deyərək “niyə ayağımın üstünə çıxırsınız, ayağımın üstündən düşün” deyə qışqırmış və ayağını ovuşdurmağı xahiş etmişdir. Həmin vaxt heç kim onun ayağının üzərinə çıxmamış, Vüsal ağrıdan elə hiss etmişdir. Orada olanlar Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin təhlükəli olduğunu bildirərək təcili tibbi yardım gələnədək Zərərçəkmiş şəxs yerindən tərpətməməyi və təcili tibbi yardımı gözləməyi məsləhət görmüşlər. Bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs atası Şahid2 da oraya gələrək Vüsalla danışıb özünü yormamasını, səbirli olmasını məsləhət görərək təcili yardımı gözləmişlər. Bundan sonra təcili tibbi yardım briqadası gələrək Zərərçəkmiş şəxs təcili tibbi yardım avtomobilinə qoyaraq aparmışlar. Həmin vaxt çox qorxmuş, buna görə də yaşadığı evə getmişdir. Səhəri gün Zərərçəkmiş şəxs Göyçay Rayon Mərkəzi Xəstəxanasında aldığı xəsarətlərdən vəfat etdiyini eşitmişdir. Həmçinin, Zərərçəkmiş şəxs qəza dayanma işığını yandıraraq yerə düşdüyünü görmüş, Zərərçəkmiş şəxs avtomobilinin sağ çarxları yolun sağında olan torpaq hissədə, sol çarxları isə yolun asfalt hissəsində olmuşdur, hadisə anında Vüsalın yük yerindən nə isə götürmək istəməsi yadında olmuşdur, Zərərçəkmiş şəxs avtomobili tam saz vəziyyətdə olmuşdur, avtomoblində heç bir nasazlıq olmamışdır, Zərərçəkmiş şəxs yük yerini açdığını hiss etsə də, həmin vaxt başı telefona qarışdığından avtomobillərin keçməsini hiss etməmiş, yalnız qəzanın səsini və zərbəsini hiss etmişdir, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs sərxoş olmamışlar, Zərərçəkmiş şəxs avtomobilində yalnız özü sərnişin qismində əyləşmişdir, başqa heç kim olmamışdır, özü isə heç bir xəsarət almamışdır, hadisə ilə bağlı olaraq heç kimdən, o cümlədən də Təqsirləndirilən şəxs heç bir şikayəti, tələbi və iddiası yoxdur. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs doğma oğlu, Təqsirləndirilən şəxs isə doğma qardaşıdır, oğlu və qardaşı ilə mehriban olmuş, həmçinin Vüsalla Xəqani arasında və ailələri arasında ədavət və düşmənçilik olmamışdır. Qardaşı Təqsirləndirilən şəxs özünə məxsus ağ rəngli “VAZ-2107” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı, oğlu Zərərçəkmiş şəxs isə “VAZ- 2107” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilləri olmuşdur. 27 may 2022-ci il tarixdə, saat 23 radələrində xatırlamadığı kənd sakinlərindən biri zəng edərək Bakı-Qazax avtomobil yolundan təxminən 1 kilometr kəndlərinə tərəf uzaqlaşdıqda qardaşı Xəqanin avtomobili ilə ehtiyatsızlıqdan oğlu Vüsalı vurmasını, Vüsalın ağır xəsarət almasını bildirmişdir. Dərhal hadisə yerinə gedərək oğlu Vüsalın ağır xəsarət alaraq yerdə olmasını, qardaşı Xəqaninin onu qucaqlayaraq ağlamasını görmüş, oğlunu qucaqlayaraq özünün yormamasını xahiş etmiş və sonra Vüsalı Göyçay Rayon Xəstəxanasına yerləşdirmişlər. 28 may 2022-ci il tarixdə Vüsal aldığı xəsarətlərdən Göyçay Rayon Mərkəzi Xəstənasında vəfat etmişdir. Həmin gün Vüsalın meyiti müayinə olunaraq qaytarılmış və kənd qəbiristanlığında Vüsalı dəfn etmişlər. Sonra o, qardaşı ilə və Vüsalın yanında olmuş həmkəndlisi Şahid1la söhbət edərək oğlu Vüsalın avtomobili yolun sağında saxlayaraq yerə enməsini, yük yerindən əşya götürməyə çalışmasını, qardaşı Xəqaninin isə avtomobili ilə ehtiyyatsızlıqdan Vüsalı vuraraq xəsarət yetirməsini bilmişdir. Əlavə olaraq bildirdi ki, qardaşı Təqsirləndirilən şəxs mərhum oğlunun dəfn və yas mərasimlərinə maddi cəhətdən köməklik etmiş və mərhumun kreditini ödəmişdir, həmçinin, mərhumun uşaqlarına məktəb ləvazimatı, paltar almaq üçün pul göndərmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 28 may 2022-ci il tarixədək Təqsirləndirilən şəxs, həmçinin mərhum Zərərçəkmiş şəxs əvvəllər tanımamış, özləri və ailələri ilə heç bir ədavət və düşmənçiliyi olmamışdır. 27 may 2022-ci il tarixdə xidmətdə olan zaman Ucar Rayon Polis Şöbəsinin növbətçi hissəsindən Ucar rayonu, Qazıqumlaq kəndi ərazisində piyadanın “VAZ-21074” markalı avtomobil tərəfindən vurularaq, sürücü tərəfindən xəstəxanaya aparılması barədə bildirilmiş, radiostansiya vasitəsi ilə eşitdiyi bu məlumatla əlaqədar olaraq xidməti avtomobilini Ucar rayonu, Qazıqumlaq kəndi istiqamətində idarə etməyə başlamışdır. Həmin yerə gedən zaman ağ rəngli “VAZ-2107” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin Bakı-Qazax avtomobil yolundan Ucar rayonu Qazıqumlaq kənd yolu ilə həmin kənd istiqamətində hərəkətdə olan zaman yolun 1-ci kilometrliyində yolun sağında dayanmış ağ rəngli “VAZ-2107” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsində əşya götürməyə çalışan sürücüsünü və avtomobilini vurmasını, sürücünün ağır xəsarət almasını, avtomobilin isə su kanalına düşməsini, hadisədən dərhal sonra sürücü digər sürücünü xəstəxanaya apardığından hadisə yerində yalnız avtomobillərin mövcud olmasını bilmiş və əməliyyat-istintaq qrupu gələnədək hadisə yerini mühafizə etmişdir. Bir qədər sonra əməliyyat-istintaq qrupu gələrək Ucar Rayon Polis Şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru Sadiq Alıyev, PPXB-nin polis nəfəri Emil Xankişiyevin, onun özünün və iki nəfər hal şahidinin iştirakı ilə hadisə yerinə baxışa başlasa da, obyektiv baxışı təmin etmək mümkün olmadığından baxış dayandırılaraq səhəri günün birinci yarısına planlaşdırılmış və Emil Xankişiyevə hadisə yerini mühafizə etmək tapşırılmışdır. Səhəri gün saat 10 radələrində Ucar Rayon Polis Şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru X19 Gülməmədov və onunla birlikdə hadisə yerinə gedərək Xəqani Gülməmədovun təsviretməsinə əsasında onun, Şahid5, Emil Xankişiyevin və iki nəfər hal şahidinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı Xəqani Gülməmmədov 27 may 2022-ci il tarixdə, saat 22 radələrində özünün Bakı-Qazax avtomobil yolu istiqamətindən idarə etdiyi “VAZ-2107” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ucar rayonu Qazıqumlaq kəndi istiqamətində getməsini və həmin istiqamətdə yolun sağında avtomobilini saxlayaraq yük yerindən əşya götürməyə çalışan qardaşı oğlu Şahid2 ehtiyatsızlıqdan vurmasını, hadisədən sonra Vüsalın atası Şahid2 xəbər verərək birlikdə Vüsalı xəstəxanaya aparmalarını, hadisə vaxtı Vüsalın avtomobilində həmkəndlisi Şahid1 əyləşməsini və hadisəyə şahid olmasını bildirmişdir. Bundan sonra Xəqani Gülməmədov toqquşma yerini və s. xüsusatları qeyd edərək hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin sxemi tərtib olunmuş, fotoşəkillər çəkilmiş və sonra hərkətlər protkollaşdırlaraq tərəflərindən imzalanmışdır. Birinci instansiya məhkəməsi iclasında şаhid qismində dindirilmiş X7 və Şahid5 şahid qismində dindirilmiş Şahid3 ifadəsinə oxşar ifadə verdilər. Cinayət işində olan məhkəmə-tibbi ekspertizаsının 10 iyun 2022-ci il tarixli, 08 nömrəli rəyindən (meyitin məhkəmə-tibbi ekspertizası) görünür ki, Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlər-baş beyinə qansızma ilə müşayiət edilən qapalı kəlləbeyin travması, sağ bud sümüyünün açıq, sol bud sümüyünün qapalı sınığı bərk küt alətinalətlərin (əşyanın) təsirindən əmələ gəlmişdir, həyatidir, ölümlə birbaşa səbəbli əlaqəlidirlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni 28 may 2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlməsi istisna edilmir, sağlamlığa ağır zərər vurmaya xas əlamətlərə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs bilavasitə ölümünə səbəb baş beyinə qansızma ilə ağırlaşan qapalı kəllə-beyin travması olmuşdur. Erkən meyit əlamətləri ölümün meyitin müayinəsindən 2-4 saat əvvəl baş verdiyini göstərir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı zamanı etil spirti, narkotik maddələr və digər güclü təsiredici preparatlar aşkar edilməmişdir. Cinayət işində olan məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizasının 26 avqust 2022ci il tarixli, 8/2031 nömrəli rəyin nəticə hissəsindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-2107 markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında“ Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işində olan Təqsirləndirilən şəxs adına olan AF 401025 nömrəli sürücülük vəsiqəsindən görünür ki, ona 16 iyul 2018-ci il tarixdən 16 iyul 2028-ci il tarixədək nəqliyyat vasitələrini idarə etmək hüququ verən «BC» dərəcəli sürücülük vəsiqəsi verilmişdir. Cinayət işində olan 28 may 2022-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu olmamışdır. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Cinayət Məcəlləsinin 263.2-ci mаddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İşdən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X4 verdiyi apellyasiya şikayətində hökmün ləğv edilməsini, tam məhkəmə istintaqı keçirilməsini, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsindən həmin məcəllənin 126.3-cü maddəsinə tövsif edilməklə həmin maddədə nəzərdə tutulmuş sanksiya həddində cəza təyin edilməsinə dair yeni hökm çıxarılmasını xahiş etmişdir. Belə ki, məhkəmə kollegiyası ilk öncə zərərçəkmiş şəxsin hüquqi varisi X1 apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi göstərdiyi xüsusatlar ilə bağlı Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrinin tərkib əlamətlərinin olmadığından, barəsində cinayət təqibi başlanmasının “ sübutların qiymətləndirilməsi haqqında” 21 sentyabr 2022-ci il tarixli qərarla rədd edilmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai istintaq orqanının qeyd edilən qərarı hazırda qüvvədədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 aprel 2012-ci il tarixli Qərarında isə hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə ittiham elan olunmayan şəxslər barəsində işə baxmaq səlahiyyətinə malik deyildir. Belə ki, məhkəmə məhkəmə baxışının təyin edilməsi barədə qərarda müəyyən edilmiş ittihamın hədlərindən kənara çıxa bilməz. Məhkəmə baxışının hədlərinin qanunda dəqiq müəyyən edilməsi məhkəmə iclasını məqsədyönlü şəkildə təşkil etməyə, təqsirləndirilən şəxsə isə onun vəziyyətinin ağırlaşmasının yolverilməzliyinə təminat verir. CPM-in 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Beləliklə, göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırda ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrinin tərkibinin əlamətləri olmadığından barəsində cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarı qüvvədə olduğundan və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz qərarında məsələnin həllini yuxarıda qeyd edildiyi kimi şərh etdiyindən məhkəmə kollegiyası ittihamdan kənara çıxaraq qərar qəbul edə bilməz. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Kollegiya hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq Təqsirləndirilən şəxs qarşı irəli sürülən cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Həmçinin məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın ağırlaşdırılması barədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının həddini onun şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Məhkəmə kollegiyası bu qənaətini aşağıda qeyd olunanlarla əsaslandırır: Birincisi, Ucar Rayon İcra Hakimiyyəti başçısının Qazıqumlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xаrаkterizə оlunur. İkincisi o, əməlini səmimi şəkildə etirаf edərək peşmаn оlduğunu bildirir; Üçüncüsü Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətmiş, mərhum Zərərçəkmiş şəxs ilə qohumluq əlaqəsi olmuşdur (qardaşı oğlu olması). Dördüncüsü, təqsirləndirilən şəxs ilk gündən səmimi ifаdə verməklə istintаqın gedişinə köməklik etməsi, müsbət xаrаkterizə оlunmаsı оnun müsbət fərdi-psixi xüsusiyyəti barədə mülahizə yürütməyə əsas verir, onun islah olunmaz, yaxud çətin islah olunan insan kimi xarakterizə etməyə imkan vermir. Məhkəmə prosesinin gedişində də təqsirləndirilən şəxsin müsbət fərdi-psixi xüsusiyyətləri müşahidə olunmuş, onun, proses iştirakçısı kimi mədəni və etik qaydalara uyğun davranış nümayiş etdirmişdir; Beşincisi, təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin etməsini məhkəmə kollegiyası onun törətmiş olduğu əməlin nəticələrinin aradan qaldırılmasına köməklik göstərmək kimi qiymətləndirir. Altıncısı, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran heç bir hal yoxdur, cəzasını yüngülləşdirən hаllаr isə mövcuddur. Həmçinin onun barəsində daha ağır həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi onun hüquq və azadlıqların müəyyən çərçivədə məhdudlaşdırılmasına gətirəcəkdir, bu da onu gələcəkdə də azadlığın itirilməsinə səbəb olan əməllərdən çəkindirəcəkdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanismcinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Qeyd olunanlara əsasən, belə nəticə hasil olur ki, bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi X6 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır, təqsirləndirilən şəxsin əməlinin tövsif edilməsi, o cümlədən ona təyin edilmiş cəzanın ağırlaşdırılmasına əsas görməyərək həmin şikayətin təmin edilmədən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair Ucar Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 1(063)-67/2022 saylı hökmünün baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Zərərçəkmiş şəxsin hüquqi varisi X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair Ucar Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 1(063)-67/2022 saylı hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-51/2023
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-51/2023
24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver