Məhkəmə qərarları › İş №1(107)-56/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-56/2020

05.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-56/2020 05.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, Babayeva Vəfa Həsən qızının iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Əhmədov Telman Akif oğlu, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Şəki Regional Vəkil Bürosunun vəkili Mustafayev Dəyanət Musa oğlunun iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 263-1.3-cü maddəsi ilə məhkum edilməsinə dair X9 Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X9 Məhkəməsinin (hakimlər N.Mirzəyev (sədrlik edən), R.Əliyev və B.Məmmədovdan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli hökmü ilə xx xxxxxxx 1977-ci ildə Zaqatala rayonunun Danaçı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, hazırda Zaqatala rayonunun Danaçı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, dörd il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı ilmüddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin başlanğıcının xx xxxxxx 2019-cu ildən hesablanması, əlavə cəzanın əsas cəzanın çəkildiyi bütün müddətə və bundan başqa hökmdə müəyyən edilmiş dörd il müddətə şamil edilməsi, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi, dərhal məhkəmə iclas zalında həbsə alınması, onunŞəki Penitensiar Müəssisəsində saxlanılması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, iş üzrə maddi sübut olan və Zaqatala RPŞ-nın maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş şalvar və jaket, “HYUNDAİ ACCENT” markalı AZ **-DK-*** dövlət qeydiyyat nömrəli avtomobilin ön və arxa oturacaqlarının üzlükləri, həmçinin X1 götürülmüş şalvar və isti gödəkcə tələb edilmədiyindən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, cinayət işinin materiallarında olan mərhum zərərçəkmiş şəxs X5 məxsus sürücülük vəsiqəsinin isə zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılması, məhkəmə məsrəfləri olan 161,94 manat (yüz altmış bir manat, doxsan dörd qəpik) məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməsi müəyyən edilmişdir. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə, saat 03 radələrində, mülkiyyət hüququ ilə Babayev Yunus Abdulcəlil oğluna məxsus, lakin etibarnamə əsasında onun sərəncamında olan, “HYUNDAİ ACCENT” markalı AZ **-DK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə edərkən, Zaqatala şəhəri istiqamətində hərəkətdə olan zaman, Zaqatala-Qax avtomobil yolunun 16cı kilometrində, rayonun Yeni Suvagil kəndinə dönən yerdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndində təsbit olunmuş müddəalara, yəni sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili yol şəraitinə uyğun sürətlə idarə etməli və avtomobilin idarəolunmaz vəziyyətə düşməsinə səbəb olan təhlükəsizliyi təmin etməyən hərəkətlərə yol verməməli olduğu halda bu tələblərə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, yol hərəkəti qaydalarını pozmaqla Zaqatala rayonunun Gözbarax kəndi ərazisində, döngəli yolda həmin avtonəqliyyat vasitəsinin qeyd olunan yol şəraitində təhlükəsiz hərəkətini təmin etmədiyindən idarəetməni itirmiş, avtomobili tam dayanma vəziyyətinə gətirmək üçün əyləc sistemini işə salsa da, avtomobil 57 metr sürükləndikdən sonra asfalt yoldan çıxaraq aşmaqla avtomobil yolunun sol tərəfindəki çaylaq ərazisinə düşmüş, həmin vaxt avtomobildə olan sərnişin X7 oğlunun alnında, burnunda, sağ budunda, sağ dizində, sol baldırında sıyrığın, sol aşağı qarında, sağ çiyin oynağında sıyrıqların, sağ çənədə və alt çənədə isə yaraların əmələ gəlməsinə, həmçinin sonuncunun həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirilməklə, yəni İİ-V bel fəqərələrində qəlpəli yerdəyişməli sınıqların əmələ gəlməsi və sağ böyrəyinin əzilib cırılaraq daxilə çoxlu qan itirməsilə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. X9 Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən təqsirləndirilən şəxs İsa Nuhiyev apelyasiya şikayəti vermişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti, həmçinin verilmiş apelyasiya şikayətinə qarşı etiraz verilməmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti birinci instansiya məhkəməsinin hökmünün qanunsuz olması, ekspert rəyinin düzgün verilməməsi və yenidən ekspertiza təyin edilərək, maşının sükanı arxasında kimin olmasının düzgün müəyyən edilməsi xahişi ilə əsaslandırılmışdır. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyаsının iclаsındа ifadə verən təqsirləndrilən şəxs İsa Nuhiyev demişdir: Apelyasiya şikayətini müdafiə edirəm. Mən Abdulla Maamiyevi özümlə apardığım üçün özümü qismən təqsirli hesab edirəm. Mən həmin maşını sürməmişəm, sükan arxasında olmamışam. Belə ki, xx xxxxxx 2019-cu ildə istifadəmdə olan avtomobillə Abdulla Maamiyevlə birlikdə avtomobilimə ehtiyyat hissə almaq üçün Göygöl rayonuna getdim. Gedən zaman Abdulla Maamiyevi özümlə götürməkdə məqsədim özümün sürücülük vəsiqəmin olmaması idi. Göygöl rayonunda avtomobil üçün ehtiyyat hissəsi aldıqdan sonra Zaqatala rayonuna yola düşdük və Şəki şəhərində çay içdikdən sonra mən yatmaq üçün arxa oturacağa keçdim. Başım ağrıyırdı. Bir müddət sonra Abdulla məni yuxudan oyatdı və gözlərimi açanda gördüm ki, avtomobil aşıb, Abdulla isə telefona cavab vermək üçün məni səsləyir. Əlindəki telefona cavab verərkən səsindən tanıdım ki, zəng edən Abdullanın bacısı Aksanadır. Aksana ondan harada olduğunu soruşanda, Aksanaya “bilmirəm” cavabını verdim. Daha sonra da gördüm ki, ayağa dura bilmirəm. Yerimdən Abdullaya səslənərək ondan kömək istəyəndə Abdulla mənə cavab verdi ki, ayaqlarım sıxışdığından maşından çıxa bilmirəm. Mən bir neçə metr süründükdən sonra ayağa dura bilmədiyini gördüm. Bu müddətdə mənə bir daha zəng gəldi və telefon zənginə cavab verərək Aksanaya yol qəzasına düşdüyümüzü, ancaq harada olduğumuzu bilmədiyimi dedim. Bundan sonra bir neçə dəfə tanımadığım şəxslər zəng etdi və onlar da hər dəfəsində harada olmağımız barədə soruşdular. Abdullanın sonradan səsi gəlmədi. Uzun müddətdən sonra yol polisi bizi tapdı. Himayəmdə 12 yaşlı qızım var. Anası qəzada vəfat etmiş, hal-hazırda ona qardaşım baxır, onun da maddi vəziyyəti çətindir. Ona görə də məntəqə tipli çəzaçəkmə müəssəsinə keçirilməyimi xahiş edirəm. Bundan başqa o verilən suallara cavab olaraq demişdir ki, maşının sürücü qapısının yanına necə çatmağım yadımda deyil. Mən Abdullaya kömək etmək istəyirdim. Mən Balakən postuna qədər avtomobili özüm idarə etdim, artıq posta çatdıqdan sonra isə idarəetməni Abdullaya həvalə etdim. Sürücülük vəsiqəm olmadığına görə Abdullanı özümlə götürmüşdüm. Sükan arxasında olmadığıma dair hər hansı sübutum yoxdur. Onu yalnız mərhum təsdiq edə bilərdi, o da yoxdur. Sürücülük vəsiqəm yoxdur, buna görə də Abdullanı özümlə götürdüm. Sürücülük vəsiqəm olmadığına görə avtomobilimi yalnız kənddə sürmüşəm. Bunu etməklə səhv etdim. Zərərçəkmiş şəxsin ailəsi ilə barışıq əldə etməyə cəhd etmişəm. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi Dəyanət Mustafayev bildirmişdir ki, müdafiə etdiyim şəxs özünü təqsirli bilmir, hadisə günü sükan arxasında olmadığını dəfələrlə məhkəmə iclasında bildirdi. Hesab edirəm ki, onun təqsiri iş materiallarında olan sübutlarla təsdiq olunmur, onun cinayət törətməsinə əsaslı şübhələr mövcüddür. CPM-in 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Bundan başqa, onun himayəsində azyaşlı övladı var. Belə ki, təqsirləndirilən şəxsin yoldaşı vəfat etdiyinə görə 12 yaşında olan qızını təkbaşına böyüdür. Bütün bunları nəzərə alaraq, təqsirləndirilən şəxs İsa Nuhiyevə bəraət verilməsini və ya himayəsində olan uşağı 14 yaşına çatanadək ona təyin edilmiş cəzanın təxirə salınmasını məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyаsının iclаsındа çıxış edən dövlət ittihаmçısı Telman Əhmədov bildirmişdir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsi ona verilən ittiham daxilində işə baxaraq düzgün nəticəyə gəlmişdir. Təqsirləndirilən şəxsin qeyd olunan cinayəti törətməsi iş materiallarında olan fotoşəkillərlə, ekspertiza rəyləri, şahidlərin ifadələri ilə tam sübuta yetirilmişdir. Bu barədə cinayət işinin materiallarında kifayət qədər sübutlar mövcüddir. Birinci instansiya məhkəməsi əməlin ictimai təhlükəliliyini, xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında ədalətli cəza təyin etmişdir. Təqsirləndirilən şəxs İsa Nuhiyevə təyin edilmiş cəzanın təxirə salınması üçün əsas yoxdur. Ona görə də apelyasiya şikayətinin təmin edilməməsini, X9 Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünün isə dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasının vaxı və yeri barədə zərərçəkmiş şəxsin hüquq varisi Rəşidova Xanım Cavatxanovnaya məlumat verilməsinə baxmayaraq, o, məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Ona görə də məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbаycаn Respublikаsı Cinаyət-Prosessuаl Məcəlləsinin (bundan sonra CPM) 397.1ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apelyasiya tələbi ilə bağlı olan hissədə, yəni apelyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apelyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apelyasiya şikayəti və apelyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apelyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyаsı cinayət işinin materiallarını, apelyasiya şikayətinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla аrаşdırıb, işdə olаn sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesаb edir ki, аşаğıdа qeyd edilən əsаslаrа görə apelyasiya şikayəti təmin edilməməli, X9 Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilməməlidir. Belə ki, məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə vermiş Xəlilov Mahama Abdurahman оğlu bildirmişdir ki, avtomobilə yaxınlaşarkən gördüm ki, sükan arxasında heç kim yoxdur. Maşının sürücü tərəfdən qapının qabağında İsa Nuhiyev torpaqda uzanıqlı, Abdulla Maamiyev isə maşının içində qabaq sağ sərnişin oturacağında ayaqları ön sərnişin oturacağına sıxılmış vəziyyətdə sürücünün oturacağına tərəf yıxılı halda olmuşdur. İsa Nuhiyev həmin vaxt danışa bilmirdi, ağır xəsarət almışdı. İlkin xəsarət görünmürdü, çünki qaranlıq idi. İlk baxışdan avtomobili kimin sürdüyünü müəyyən etmək mümkün deyildi. Zərərçəkmiş şəxsin ayağı sağ tərəfdən əzilmişdi. Məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə vermiş Topalov Şahid Əlimürsəl оğlu bildirmişdir ki,Zaqatala Mərkəzi Rayon Xəstəxanasının təcilli tibbi və təxirəsalınmaz şöbənin həkimi işləyirəm. xx xxxxxx 2019-cu il tarixdə şöbəyə daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə getdik. Avtomobil uçurumdan düşmüşdü. Avtomobilə yaxınlaşanda gördüm ki, İsa Nuhiyev maşının ön tərəfində sürücü qapısının yanında uzanıqlı vəziyyətdə huşsuz haldadır. Abdulla Maamiyev isə avtomobilin içində, qabaq sağ oturacaqdan sol qabaq oturacağa yıxılı vəziyyətdə ölmüşdür. Hadisə yerində müəyyən etdim ki, İsa Nuhiyev kəllə beyin travması almışdır. Ancaq hadisə yeri qaranlıq olduğu üçün onun sinə nahiyyəsində hər hansı xəsarətin olubolmamasını müəyyən etmək mümkün deyildi. Xəstəni qəbul şöbəsinə aparıb təhvil verdim. İsa Nuhiyevi maşının ön tərəfində sürücü qapısının yanında uzanıqlı vəziyyətdə gördüm. Həmin zaman o huşsuz idi. Bunlardan əlavə, birinci instansiya məhkəməsində şahid qismində dindirilən zərərçəkmiş şəxs X7 oğlunun hüquqi varisi Rəşidova Xanım Cavatxanovna ifadəsində bildirmişdir ki, xx xxxxxx 2019-cu ildə, saat 20 radələrində İsa Nuhiyev evdə ümumi istifadədə olan mobil telefona zəng etmişdir. Oğlu Abdulla İsa ilə həmin telefonla danışmış və həmin vaxt o da İsa ilə Abdulla arasında olan telefon danışıqlarını eşitmişdir. Telefon danışıqlarını dinləyərkən anlamışdır ki, İsa Nuhiyev oğlu Abdullanı maşın ehtiyat hissələri almaq üçün özü ilə birlikdə aparmaq istəyir. Abdulla da İsaya həmin vaxt onunla birlikdə getməyə razılıq vermişdir. xx xxxxxx 2019-cu ildə səhər saat 8 radələrində İsa maşını ilə onların yaşadıqları evə gəlmişdir. O, əvvəlcə Abdullanın İsa ilə birlikdə getməyinə razılıq verməsə də, İsa Gəncəyə maşın ehtiyat hissələri dalınca gedib gələcəklərini deyərək onu razı salmağı bacarmışdır. İsa ilə Abdulla onun evindən ayrılanda maşını İsanın özünün sürdüyünü görmüşdür. Həmin gün qızı Aksana dəfələrlə Abdulla ilə telefonla əlaqə saxlayıb nə vaxt gələcəkləri barədə soruşmuşdur. xx xxxxxx 2019-cu il tarixdə, saat 3 radələrində ona məlum olmuşdur ki, yolda qəza baş vermiş və oğlu Abdulla yol nəqliyyat hadisəsi zamanı dünyasını dəyişmişdir. Hazırda İsa Nuhiyevə qarşı şikayəti və tələbi yoxdur, lakin onunla barışmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 qızı ifadəsində bildirmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə, saat 20 radələrində İsa Nuhiyev evdə ümumi istifadədə olan mobil telefona zəng etmişdir. Abdulla İsa ilə telefonla danışarkən o da danışıqları eşitmişdir. İsa Abdullanın maşın ehtiyat hissələri almaq üçün özü ilə birlikdə getməyini istəmişdir. Abdulla da həmin vaxt İsanın təklifi ilə razılaşmışdır. xx xxxxxx 2019-cu ildə, səhər saat 8 radələrində İsa Abdullaya zəng edib gələcəyini demiş və bir neçə dəqiqədən sonra gəlmişdir. Anası Xanım Abdullanın getməyinə icazə verməsə də, İsa Gəncəyə maşın ehtiyat hissələri dalınca gedib gələcəklərini deyərək anasını razı salmağı bacarmışdır. İsa ilə Abdulla evdən gedəndə maşını İsa sürmüşdür. Gün ərzində o, dəfələrlə Abdulla ilə telefon əlaqəsi saxlayıb nə vaxt gələcəklərini soruşanda Abdulla Gəncədə olduğunu, hazırda Hacıkəndə gedəcəyini deyib tezliklə qayıdacaqlarını bildirmişdir. Abdulla ilə İsa Balakən rayonuna yola düşəndə o, Abdulla ilə bir neçə dəfə də telefonla danışmışdır. Sonuncu dəfə saat 23 radələrində Abdulla telefonda ona Şəki postundan keçdiyini demişdir. Artıq xx xxxxxx 2019-cu il tarixinə keçən gecə o yenə də Abdullanın mobil telefonuna zəng edib haraya çatmaları barədə xəbər almaq istəmiş, lakin Abdulla telefona cavab verməmişdir. Saat 3 radələrində Abdullanın mobil telefonuna İsa cavab verərək yol nəqliyyat qəzasına düşdüklərini demişdir. Lakin harada olduğunu isə izah edə bilməmişdir. Təkcə onu demişdir ki, onlar Muxax yolu tərəfdədirlər. İsa olduğu yeri izah edə bilməyəndə o, bu barədə polisə məlumat vermək üçün Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etmişdir. Təxminən 1 saata qədər olan müddətdə Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə qəza yerini axtarmışlar. Sonda onlar İsagilin olduğu yeri Zaqatala rayon Suvagil kəndinin girəcəyində tapmışlar. Avtomobilin sıldırımdan çaylaq ərazisinə düşdüyünü görmüşlər. Maşına yaxınlaşanda görmüşdür ki, İsa maşının ön tərəfində sürücü qapısının yanında uzanıqlı vəziyyətdədir. Qardaşı Abdulla isə maşının içində ayaqları ön sərnişin oturacağına sıxılmış vəziyyətdədir. Abdulla həmin oturacaqda olsa da, sürücü oturacağına tərəf əyilmiş vəziyyətdə uzanıqlı olmuşdur. Abdulla danışmadığından onlar anlamışlar ki, qardaşı Abdulla həyatını itirib. Bir müddətdən sonra hadisə yerinə təcili tibbi yardım maşını gəlib həm İsanı, həm də Abdullanı xəstəxanaya aparmışlar. Qardaşının ölməsində günahkar İsa Nuhiyevdir, o, məsuliyyətdən yaxa qurtarmaq üçün yalan danışır. Qardaşı Abdulla evdən çıxarkən sürücülük vəsiqəsini özü ilə götürməmişdir, daha sonra ibtidai istintaq zamanı özü şəxsən qardaşı Abdullanın sürücülük vəsiqəsini müstəntiqə təhvil vermişdir. Bu isə onu təsdiq edir ki, onun avtomobili idarə etmək kimi bir fikri olmamışdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Zaqatala Mərkəzi Rayon Xəstəxanasının təcili tibbi və təxirəsalınmaz yardım şöbəsinin həkimi Topalov Şahid Əlimürsəl oğlu məhkəməyədək icraat zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə işdə olmuş, onunla birlikdə iş növbəsində sürücü Məmmədəli Arasov və feldşer Qəmər Əhmədova olmuşdur. Gecə saat 03:50-də Zaqatala Qax yolunda yol nəqliyyat hadisəsinin baş verməsi və xəsarət alan şəxslərin olması barədə məlumat daxil olmuşdur. Məlumat əsasında onlar dərhal hadisə yerinə getmişlər. Hadisə yeri çaylaq ərazisi olmuş, avtomobilə yaxınlaşanda görmüşdür ki, İsa Nuhiyev maşının ön tərəfində sürücü qapısının yanında uzanıqlı vəziyyətdədir. Abdulla Maamiyev isə maşının içində ayaqları ön sərnişin oturacağına sıxışmış vəziyyətdədir. Abdulla həmin oturacaqda olsa da sürücü oturacağına tərəf əyilmiş vəziyyətdə uzanıqlı olmuşdur. Onlar Abdulla Maamiyevi çox çətinliklə maşının salonundan çıxarmışlar. Çünki onun ayaqları ön sərnişin oturacağının ayaq qoyulan yerinə sıxışmış vəziyyətdə olmuşdur. Avtomobilin salonunda olan X7 oğlu onlar həmin yerə çatanda artıq dünyasını dəyişmiş, yerə uzanan şəxs Təqsirləndirilən şəxs isə sağ olmuşdur. Lakin İsa Nuhiyev müxtəlif bədən xəsarətləri almışdır. Onlar dərhal hər iki şəxsi təcili tibbi yardım avtomobilinə mindirərək Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparmışlar. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Arasov Məmmədəli Arasvası oğlu və Şahid3 qızı ibtidai istintaq zamanı verdikləri ifadələri təsdiq edərək şahid Topalov Şahid Əlimürsəl oğlu ilə eyni məzmunlu ifadələr vermişlər. İbtidai istintaq zamanı şahid qismində ifadə vermiş Gülməmmədov Aqşin Çərkəz oğlu bildirmişdir ki, xx xxxxxx 2019-cu ildə o, əməliyyat istintaq qrupunun üzvü olmuş, gecə saat 2 radələrində Zaqatala Rayon Polis Şöbəsinin növbətçi hissəsindən yol nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı məlumat daxil olmuşdur. Həmin məlumatı da Balakən rayon Katex kənd sakini Maamiyeva Aksana Kahov qızı vermiş, lakin hadisənin hansı ərazidə baş verdiyini bilmədiyini demişdir. Belə olan halda o, Aksana Maamiyeva ilə birlikdə, əməliyyat istintaq qrupunun digər üzvləri isə ayrıca olaraq Zaqatala-Qax yolunda yol nəqliyyat hadisəsinin baş verdiyi yeri axtarmışlar. Onlar mütəmadi olaraq İsa Nuhiyevlə telefon əlaqəsi yaratmışlar. İsa Nuhiyevdən harada olmasını soruşanda o, olduğu yeri bilmədiyini demişdir. Onlar eyni anda təcili tibbi yardım avtomobili də çağırmışlar. Təxminən bir saata yaxın axtarışdan sonra yol nəqliyyat hadisəsinin Zaqatala-Qax yolunun 16-cı kilometrliyində olmasını müəyyən etmişlər. Zaqatala rayonunun Gözbarax kəndi ərazisində çaylaq ərazidə “HYUNDAİ ACCENT” markalı AZ **-DK-*** dövlət qeydiyyat nömrəli avtomobil əzik vəziyyətdə olmuş, həmin avtomobilə yaxınlaşarkən görmüşlər ki, maşının kənarında İsa Nuhiyev torpaqda uzanıqlı, avtomobilin salonunda isə Abdulla Maamiyev maşının içində ayaqları ön sərnişin oturacağına sıxılmış vəziyyətdədir. Abdulla həmin oturacaqda olsa da, sürücü oturacağına tərəf əyilmiş vəziyyətdə uzanıqlı olmuşdur. Abdulla danışmadığından onlar anlamışlar ki, Abdulla həyatını itirib. Təcili tibbi yardım maşını gələnə kimi o, hadisə yerini öz telefonu ilə çəkmişdir. Bir müddətdən sonra hadisə yerinə təcili yardım maşını gəlmiş və hər iki şəxsi xəstəxanaya aparmışlar. Qeyd olunanlarla yanaş, cinayət işinin materiallarında olan baxış keçirilməsi haqqında xx.xx.2019cu il tarixli protokoldan görünür ki, hadisə yeri Qax-Zaqatala yolunun 16-cı kilometrı Zaqatala rayon Yeni Suvagil kəndinin girəcəyidir (cild 01, iş vər. 4-6). Zaqatala RPŞ-nın Dövlət Yol Polisi Bölməsinin xx.xx.2019-cu il tarixli 201-6231-1119 saylı raportundan görünür ki, Zaqatala rayon sakini Təqsirləndirilən şəxs adına heç bir sürücülük vəsiqəsi mərkəzi kompüter bazasında aşkar edilməmişdir (cild 1, iş vər. 78). Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin Zaqatala Rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli 03 №-li ekspert rəyindən görünür ki, X7 oğlunda müəyyən edilmiş xəsarətlər (alnında, burnunda, sağ budunda, sağ dizində, sol baldırında sıyrıq, sol aşağı qarında sıyrıq, sağ çiyin oynağında sıyrıqlar, sağ çənədə və alt çənədə yaralar, 2-5-ci bel fəqərələrində qəlpəli-yerdəyişməli sınıqlar, sağ böyrəyində əzilib-cırılma, daxilə qanitirmə) bərk küt əşyaların təsirindən törənmişlər. Qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər. Mərhum Maamiyevin bədəni üzərində yuxarıda qeyd edilmiş xəsarətlər - dərəcəsinə görə, ümumilikdə canlı şəxslərdə təyin edildiyi kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Mərhum Maamiyevin ölümünün səbəbi İİ-V bel fəqərələrində qəlpəli yerdəyişməli sınıqlar, sağ böyrəyin əzilib-cırılması nəticəsində daxilə çoxlu qanitirmə olmuşdur. Mərhum Maamiyevin ölümü meyit əlamətlərinə görə, meyitin məhkəmə-tibbi ekspertizasından 7-10 saat əvvəl baş verməyə uyğun gəlir (cild 1, iş vər. 47-49). Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Şəki Regional Bölməsinin xx.xx.2019-cu il tarixli 62 nömrəli rəyindən görünür ki, "HYUNDAİ ACCENT" markalı AZ **- DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının oturacaq hissəsinin üzlüyünün üzərindən tapılmış göy rəngli pambıq lifləri cinsi əlamətlərinə görə X5 məxsus 01 ədəd cins şalvarın tərkib liflərinə uyğun gəlirlər. "HYUNDAİ ACCENT" markalı AZ **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının oturacaq hissəsinin üzlüyünün üzərindən tapılmış qara-qəhvəyi rəngli poliester kimyəvi lifləri rənginə və təbiətinə görə Təqsirləndirilən şəxsna məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. "HYUNDAİ ACCENT" markalı AZ **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının söykənəcək hissəsinin üzlüyünün üzərindən tapılmış göy rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə X5 məxsus 01 ədəd qış gödəkcəsinin tərkib liflərinə uyğun gəlirlər. “HYUNDAİ ACCENT” markalı AZ **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının söykənəcək hissəsinin üzlüyünün üzərindən tapılmış qara rəngli poliakril kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxsna məxsus 01 ədəd gödəkcəsinin tərkib liflərinə uyğun gəlirlər. “HYUNDAİ ACCENT” markalı AZ **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişin oturacağının oturacaq hissəsinin üzlüyünün üzərindən tapılmış göy rəngli pambıq lifləri cinsi əlamətlərinə görə X5 məxsus 01 ədəd cins şalvarın tərkib liflərinə uyğun gəlirlər. “HYUNDAİ ACCENT” markalı AZ **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişin oturacağının söykənəcək hissəsinin üzlüyünün üzərindən tapılmış göy rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə X5 məxsus 01 ədəd qış gödəkcəsinin tərkib liflərinə uyğun gəlirlər. “HYUNDAİ ACCENT” markalı AZ **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişin oturacağının söykənəcək və oturacaq hissələrinin üzlüyünün üzərindən tapılmış bozmetallik rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxsna məxsus 01 ədəd gödəkcənin tərkib liflərinə uyğun gəlirlər. “HYUNDAİ ACCENT” markalı AZ **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacaq üzlüklərinin üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxsna və X5 məxsus geyim əşyalarının tərkib liflərinə uyğun lif mikrohissəcikləri aşkar edilmədi (cild 1, iş vər. 65-74). Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yol nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx.xx.2019cu il tarixli 10250 saylı rəyindən görünür ki, "HYUNDAİ ACCENT" markalı AZ **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (cild 1, iş vər. 91-94). Məhkəmə-Tibb Ekspertizası və Patoloji Anatomiya Elmi Təcrübi və Tədris Birliyinin Zaqatala Rayon Şöbəsinin xx xxxx 2019-cu il tarixli 01-Ə №-li ekspert rəyindən görünür ki, hərəkətdə olan avtomaşının müəyyən hündürlükdən düşərək aşmasını, zərbə ilə yerə-bərk örtüyə dəyməsini, mərhum X7 oğlunun meyitinin bədəninin müxtəlif nahiyələrində yerləşmiş çoxsaylı xəsarətləri nəzərə alaraq, mərhumun avtomaşının salonunda hansı oturacaqda olmasını məhkəmə-tibbi ekspertiza nöqteyi-nəzərindən dəqiq təyin etmək olmur. Ancaq mərhumun meyitində müəyyən edilmiş xəsarətlərin əksəriyyətinin sağ tərəfdə yerləşməsinə görə, onun avtomaşının salonunun sağ tərəfində oturması ehtimal olunur. Hərəkətdə olan avtomaşının müəyyən hündürlükdən düşərək aşmasını, zərbə ilə bərk örtüyə dəyməsini, vət. Təqsirləndirilən şəxs bədəninin müxtəlif nahiyələrində yerləşmiş çoxsaylı xəsarətləri nəzərə alaraq, onun avtomaşının salonunda hansı oturacaqda olmasını məhkəmə-tibbi ekspertiza nöqteyi-nəzərindən dəqiq təyin etmək olmur. Ancaq vət. Nuhiyevin bədənində müəyyən edilmiş xəsarətlərdən sol tərəfdə yerləşmiş, sol qasıq sümüyünün, sol qamış sümüyünün sınıqlarına görə onun avtomaşının salonunun sol tərəfində oturması ehtimal olunur (cild 2, iş vər. 73-74). İş materiallarında olan arayışdan görünür ki, Təqsirləndirilən şəxsoğlu himayəsində olan xx.xx.2007-ci il təvəllüdlü qızı Nuhiyeva Fatima İsa qızı ilə birlikdə Zaqatala rayonu, Danaçı kəndində yaşayır (cild 01, iş vər. 146). İş materiallarında olan tələbnamədən və hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət əməli törətdiyinə görə bir neçə dəfə məhkum olunmuş, son dəfə X9 Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə CM-in 263.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, daha sonra Zaqatala Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək 300 manat cərimə cəzasına məhkum edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən, əvvəlki hökm üzrə çəkilməmiş qalan 3 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il 9 ay 2 gün azadlıqdan məhrum etmə cəzası bu cəza ilə tam birləşdirilmiş, cərimə cəzasının müstəqil icra olunması qərara alınmışdır. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya qərarı əsas götürülməklə xx.xx.2016-cı ildə əsas cəzadan azad edilmişdir. Hazırda məhkumluğu ödənilmişdir (cild 01, iş. vər. 83-85, 89-90, 96-103). İş materiallarına əlavə edilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxsna Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü iltarixli 1(033)-67/2014 nömrəli hökmü ilə təyin edilmiş 300 manat cərimə cəzası icra edilməmişdir. Beləliklə, məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs İsa Nuhiyevin apelyasiya şikayətinin dəlillərinə münasibətindən görünür ki, o, birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmır və ona bəraət verilməsini istəyir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs və onun müdafiəçisihəmin cinayət əməlinin təqsirləndirilən şəxs İsa Nuhiyev tərəfindən törədilməsini mübahisələndirsələr də, məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinin tələblərinə əməl edilərək, təqsirləndirilən şəxs İsa Nuhiyevin CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və təqsirləndirilən şəxs İsa Nuhiyevin əməli CM-in 263-1.3-cü maddəsilə düzgün tövsif olunmuşdur. Ona bəraət verilməsi üçün heç bir əsas yoxdur. Belə ki,“Yol hərəkəti haqqında”Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən, yol hərəkəti işştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. İşdən görünür ki, Azərbaycan Respublikasının vətəndaşı olan İsa Nuhiyev diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmış, avtomobili yol şəraitinə uyğun sürətlə idarə etməmiş və avtomobilin idarə olunmaz vəziyyətə düşməsinə səbəb olan təhlükəsizliyi təmin etməyən hərəkətlərə yol vermişdir. Bu halı yol nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx.xx.2019-cu il tarixli 10250 nömrəli rəyi də təsdiq edir. Belə ki, həmin rəyə əsasən İsa Nuhiyevin hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Digət tərəfdən, təqsirləndirilən şəxs İsa Nuhuyev hadisə zamanı sükan arxasında olmamasını bildirsə də, bununla bağlı məhkəmə kollegiyasına hər hansı bir sübut təqdim etməmişdir. Əksinə, o, məhkəmə kollegiyаsının iclаsındа verdiyi sərbəst ifadəsində Şəki şəhərində çay içdikdən sonra yatmaq üçün arxa oturacağa keçdiyini bildirsə də, suallara verdiyi cavabında Balakən postuna qədər avtomobili özünün idarə etdiyini, posta çatdıqdan sonra isə idarəetməni Abdullaya həvalə etdiyini bildirmişdir. Bundan əlavə, sürücülük vəsiqəsi olmadığı üçün zərərçəkmiş şəxs Abdulla Maamiyevi özü ilə götürdüyünü bildirsə də, həmin gün Abdulla Maamiyev evdən çıxarkən sürücülük vəsiqəsini evdə qoymuş və sonradan həmin sürücülük vəsiqəsi mərhum Abdulla Maamiyevin bacısı Aksana Maamıyeva tərəfindən ibtidai istintaq orqanına təhvil verilmişdir. Bundan başqa, məhkəmə ekspertizasının rəyindən müəyyən olunur ki, avtomobilin arxa oturacaq üzlüklərinin üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxsna və X5 məxsus geyim əşyalarının tərkib liflərinə uyğun lif mikrohissəcikləri aşkar edilməmişdir. Digər tərəfdən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini haqlı hesab edərək qeyd edir ki, mərhum Abdulla Maamiyevin əynində olan paltar liflərinin avtomobilin ön tərəfində sürücü oturacağında aşkar olunması isə onun hadisədən sonra sürücü oturacağına doğru yıxılması və daha sonra həkim və digər şəxslərin köməkliyi ilə məhz avtomobilin sürücü oturacağı tərəfindən çıxarılması ilə bağlı olmuşdur. İş üzrə məhkəmə tibbi ekspertizasının xx xxxx 2019-cu il tarixli rəyində isə göstərilir ki, ... mərhum X7 oğlunun meyitində müəyyən edilmiş xəsarətlərin əksəriyyətinin sağ tərəfdə yerləşməsinə görə, onun avtomaşının salonunun sağ tərəfində oturması ehtimal olunur. ...Təqsirləndirilən şəxs bədənində müəyyən edilmiş xəsarətlərdən sol tərəfdə yerləşmiş, sol qasıq sümüyünün, sol qamış sümüyünün sınıqlarına görə onun avtomaşının salonunun sol tərəfində oturması ehtimal olunur. İşin şərh olunan halları, habelə təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən sonrakı vəziyyətlərinə dair şahid ifadələri, çəkilmiş fotoşəkillər və s. məhkəmə kollegiyasına belə qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxsin hadisə vaxtı sükan arxasında olmamasına dair dəlillərinin heç bir əsası yoxdur. Əksinə, biri digərini tamamlayan və mənbəyinin mötəbərliyinə heç bir şübhə olmayan sübutlar belə qənaətə gəlməyə əsas verir ki, İsa Nuhuyev ona qarşı irəli sürülən cinayət əməlini törətmişdir. Apelyasiya şikayətinin ekspert rəyinin düzgün verilməməsi və yenidən ekspertiza təyin edilərək, maşının sükanı arxasında kimin olmasının düzgün müəyyən edilməsi barədə dəlilləri əsaslı deyil. CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin başverməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. İbtidai istintaq zamanı toplanmış, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlardan görünür ki, təqsirləndirilən şəxs İsa Nuhiyev qarşı irəli sürülən cinayət əməlini törətmişdir, birinci instаnsiyа məhkəməsi tərəfindən CPM-in 143-146-cı mаddələrinin tələblərinə əməl edilərək, İsa Nuhiyevin cinаyət əməli CM-in 263-1.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. İsa Nuhiyevə məhkum olunduğu CM-in 263-1.3-cü maddəsi ilə bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Apelyasiya şikayətinin bütün dəlilləri əsassızdır. Ona görə də təmin oluna bilməz. Təqsirləndirilən şəxsin himayəsində 12 yaşlı uşağının olması ilə bağlı cəzasının təxirə salınmasına dair ağlı dəlillərinə gəlincə, qeyd olunmalıdır ki, təqsirləndirilən şəxs İsa Nuhuyev birinci instansiya məhkəməsinə ərizə ilə (3-cü cild, iş vər. 112-113) müraciət edərək azyaşlı övladı Nuhiyeva Fatimə İsa qızının qardaşı Nuhiyev Soltan Qurban oğlunun himayəsinə verilməsini xahiş etmiş, eyni zamanda Soltan Nuhiyev də məhkəməyə müraciət edərək bildirmişdir ki, qardaşım Təqsirləndirilən şəxs azyaşlı qızı Nuhiyeva Fatima İsa qızının mənim himayəmə verilməsini xahiş edirəm. Uşaq mənimlə birlikdə yaşayır. Qəyyumluq və himayə təyin edilməsinə zərurət yoxdur. Göründüyü kimi, təqsirləndirilən şəxs İsa Nuhiyevin xx xxxxxx 2007-ci il təvəllüdlü qızı Fatimə onun razılığı ilə əmisi Soltan Nuhiyevin himayəsindədir və hazırda Fatimənin qəyyumluq və himayəyə ehtiyacı yoxdur. Bunlardan əlavə, cinayət işində olan (3-cü cild, iş vər. 70) ərizədən görünür ki, Zaqatala rayonunun Danaçı kənd sakini Nuhiyeva Patimat Məhəmməd qızı Şəki Apelyasiya Məhkəməsinə müraciət edərək bildirmişdir ki, xx xxxxxx 2019-cu ildə İsa Nuhiyevin törətdiyi qəza hadisəsi zamanı qardaşım oğlu rəhmətə gedib. İsa Nuhiyev günahkar olaola bizi təhqir edir. Sizdən artıq dərəcədə xahiş edirəm işə obyektiv baxılsın. Zərərçəkmiş şəxsin hüquqi varisi Rəşidova Xanım Cavatxanovna birinci instansiya məhkəməsində bildirmişdir ki, İsa Nuhiyevlə barışmamışdır. Həmçinin zərərçəkmiş şəxs Abdulla Maamıyevin bacısı Aksana Maamiyeva isə birinci instansiya məhkəməsində bildirmişdir ki, qardaşının ölməsində günahkar İsa Nuhiyevdir, o, məsuliyyətdən yaxa qurtarmaq üçün yalan danışır, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, məhkumluğu ödənilsə də təqsirləndirilən şəxs İsa Nuhiyev bundan əvvəl də CM-in 263.3-cü (Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinərək X9 Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə 3 il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, daha sonra Zaqatala Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək 300 manat cərimə cəzasına məhkum edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən əvvəlki hökm üzrə çəkilməmiş qalan 3 il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 2 il 9 ay 2 gün azadlıqdan məhrum etmə cəzası bu cəza ilə tam birləşdirilmiş, cərimə cəzasının müstəqil icra olunması qərara alınmış və Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya qərarı əsas götürülməklə xx.xx.2016-cı il tarixdə əsas cəzadan azad edilmişdir. CM-in 79.1-ci maddəsinə əsasən, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Təqsirləndirilən şəxs İsa Nuhiyevin törətdiyi cinayət əməli şəxsiyyət əleyhinə olan cinayət əməli olmasa da, ağır cinayət cinayətdir və bu əməlinə görə o, dörd il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə kollegiyası işin qeyd olunan hallarını və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq İsa Nuhiyevin on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən şəxs olmasına görə uşaq on dörd yaşına çatanadək ona təyin edilmiş cəzanın çəkilməsinin təxirə salınmasını məqsədəuyğun hesab etmir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət - Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq, İsa Nuhiyevin israr olunan cinayəti törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Bundan başqa, ibtidai istintaq və birinci instansiya məhkəməsində icraat zamanı cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası CPM-in 392.3-cü maddəsinə uyğun olaraq, apelyasiya tələbinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib, apelyasiya şikayətinin təmin olunması üçün qanuni əsaslar tapmayaraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, X9 Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü baxılmış apelyasiya şikayətinə münasibətdədəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apelyasiya şikayətini və ya apelyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Şərh edilənləri və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. X9 Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar