Məhkəmə qərarları › İş №1(107)-60/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-60/2021

12.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-60/2021 12.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X2 iclas katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X3, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil bürosunun vəkili X1 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair X6 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 Məhkəməsinin (hakimlər N.Mirzəyev (sədrlik edən), R.Hüseynov və B.Məmmədovdan ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli hökmü ilə xx xxxxxxxx 1995-ci ildə İsmayıllı rayonunun Aşağı Zərnava kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, İsmayıllı rayonunun Zərnava kəndində qeydiyyatda olmaqla İsmayıllı rayonunun İsmayıllı kəndində yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, üç il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin xx xxxx 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut olan və İsmayıllı Rayon Polis Şöbəsində saxlanılan bir ədəd bıçaq, bir ədəd göy və qara zolaqlı qısaqol köynəyin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə 174 manat ekspertiza xərcinin ondan tutularaq dövlət büdcəsinə ödənilməsi müəyyən edilmişdir. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs x xxxx 2020-ci il tarixdə, saat 18 radələrində İsmayıllı rayonunun İsmayıllı kəndində yerləşən otlaq sahəsinin yaxınlığında həmkəndlisi Zərərçəkmiş şəxs ilə yemək yeyib spirtli içki olan araq içərkən sonuncu onun anasının doğulduğu İsmayıllı rayonunun Zərnava kəndini nəzərdə tutaraq “Zərnavadan qız çıxmayıb” sözlərini işlətmiş və bu zəmində aralarında söz mübahisəsi baş vermiş, bundan təxminən 1 saat sonra, saat 19 radələrində o, İsmayıllı rayonunun İsmayıllı kəndində yerləşən küçədə, evinin yaxınlığında Zərərçəkmiş şəxslə qarşılaşdıqda 1 saat öncə dediyi “Zərnavadan qız çıxmayıb” sözləri ilə bağlı aydınlıq gətirməsini tələb edərkən sonuncu onun üz nahiyəsindən bir dəfə yumruqla vuraraq ona fiziki ağrı yetirmiş, o, bundan əsəbləşərək aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə ilə əlaqədar sonuncudan qisas almaq məqsədi ilə şalvarının arxa cibində olan zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, tiyəsinin uzunluğu 90 mm olan, soyuq silah hesab edilməyən turist bıçağını çıxarıb həmin bıçağın kəsici-deşici hissəsi ilə Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir dəfə qəsdən vuraraq sonuncuya daxili qanaxma və nazik bağırsağın zədələnməsi ilə müşayiət olunan qarının ön divarının daxilə (boşluğa) keçən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Hökmdən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətləri vermişlər. Hökmdən zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti, dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və apellyasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Müdafiəçi apellyasiya şikayətində Təqsirləndirilən şəxs CM-in 62-ci maddəsi tətbiq edilməklə CM-in 126.1-ci maddəsinə əsasən 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, təyin edilmiş cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq məhkum edilməsi barədə qərar qəbul edilməsini apellyasiya instansiya məhkəməsindən xahiş etmişdir. Təqsirləndirilən şəxs apellyasiya şikayətində cəzasının daha yüngül cəza növü ilə əvəz edilməsini apellyasiya instansiya məhkəməsindən xahiş etmişdir PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək demişdir ki, Zərərçəkmiş şəxslə yemək yeyib araq içərkən o, anamın doğulduğu İsmayıllı rayonunun Zərnava kəndini nəzərdə tutaraq “Zərnavadan qız çıxmayıb” sözlərini işlətdi və mən ona irad bildirdiyim üçün aramızda söz mübahisəsi baş verdi. Bundan sonra sahəyə işləməyə getdim. Zərərçəkmiş şəxs isə məndən əl çəkməyib təxminən 3 saat sonra dalılmca gəlib məni yumruqla vurdu, mən də cibimdən bıçaq çıxardıb onun qarın nahiyəsindən bir dəfə vurdum. Hadisə zamanı zərərçəkmişlə mən idim. Bəxtiyar boyca məndən hündür və daha canlıdır. Bəxtiyar qulaq nahiyəmdən yumruqla bir dəfə vurdu. Yüngül xəsarət almışam. Bəxtiyar məni vuran zaman bıçaq cibimdə idi. Bəxtiyar məni vurub təhqir etdikdən sonra bıçağı cibimdən çıxartdım. Bəxtiyar özü də məhkəmədə məni vurduğunu etiraf edib üzr istəmişdir. Özümü təqsirli bilirəm, əməlimdən peşmanam, zərərçəkmiş şəxslə barışmışam. Onun məndən heç bir şikayəti yoxdur. Ona görə də bütün bunların nəzərə alınaraq apellyasiya şikayətimin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı Rəhman İbrahimov apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ilk dəfə cinayət törətməsini nəzərə alaraq təqsirləndirildiyi maddənin sanksiyası çərçivəsində ona ən aşağı həddə, yəni 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Təqsirləndirilən şəxsə münasibətdə CM-in 62 və 70-ci maddələrinin tətbiq edilməsi üçün əsas yoxdur. Birinci insansiya məhkəməsinin hökmü qanuni və əsaslıdır. Ona görə də apellyasiya şikayətlərinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında çıxış edən Zərərçəkmiş şəxs bildirmişdir ki, təqsirləndirilən şəxslə barışmışam. Belə ki, biz yeyib-içən zaman zarafatlaşdıq. İçkili olduğumuz üçün hadisə baş verdi. İçkili olduğumuza görə aramızda “Zərnavadan qız çıxmayıb” və “Müşkəmirdən kişi çıxmayıb” kimi söhbətlər olub. Xəstəxanada 12 gün yatdım. Təqsirləndirilən şəxs xəstəxana xərcələrimi tamamilə ödədi. Hadisədən qabaq Şahini vurmuşam. Ancaq təqsirləndirilən şəxslə barışmışam, ondan heç bir şikayət və tələbim yoxdur. Apellyasiya şikayətlərinin təmin edilməsini və Təqsirləndirilən şəxs həbsdən azad edilməsini məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi Tural Əfəndizadə apellyasiya şikayətlərinin dəlillərinə uyğun çıxış edərək, üş üzrə mövcud olan cəzanı yüngülləşdiriən halları nəzərə alıb, CM-in 70-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın sınaq müddəti ilə şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbаycаn Respublikаsı Cinаyət-Prosessuаl Məcəlləsinin (bundan sonra CPM) 397.1ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnunun və Cinаyət- Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını və apellyasiya şikayətlərinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdırıb, işdə olаn sübutları tədqiq edib, tərəflərin çıxışlarını dinləyib hesаb edir ki, аşаğıdа qeyd edilən əsаslаrа görə, apellyasiya şikayətləri qismən təmin edilməli, iş üzrə X6 Məhkəməsinin xx xxxxxx 2020-ci tarixli hökmü dəyişdirilməlidir. Belə ki, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi təqsirləndirilən şəxsə elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsini mübahisələndirməsələr də, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143-cü (Sübutların toplanılması), 144-cü (Sübutların yoxlanılması), 145-ci (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinin tələblərinə əməl edilərək Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda nəticəyə gəlmək üçün toplanmış sübutlar birinci instansiya məhkəməsinin iclasında araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmişdir. Apellyasiya şikayətlərində təqsirləndirilən şəxsin təqsirli olması, cəzalanmalı olmaması, ona təyin edilmiş cəzanın növü və həddi mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası, həmçinin Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli bilinməsi və cəzalanmalı olması, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, ona təyin edilmiş cəzanın növü və həddi barədə də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Eyni zamanda, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs həbslə bağlı olmayan cəza təyin edilməsi barədə apellyasiya şikayətlərinin dəlillərini də əsaslı hesab edir. Belə ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət qanunu məhkumun islah olunmasını cəzanın məqsədi kimi təsdiq edərək, cinayət-hüquqi tədbirlərinin tətbiqi ilə onu cəmiyyət üçün təhlükəsiz və ziyansız insana çevirməkdən ötrü şəxsiyyətin dəyişdirilməsini nəzərdə tutur. Başqa sözlə, məhkumun islah edilməsinin yekun nəticəsi ona yönəlir ki, residiv cinayətə yol verilməsin yaxud da minimum residivlik azalsın. Müdafiəçinin apellyasiya şikayətindən və çıxışından görünür ki, təqsirləndirilən şəxs barədə CM-in 70-ci maddəsi tətbiq edilməklə cəzanın şərti sayılması xahiş olunur. Təqsirləndirilən şəxsin birinci instansiya məhkəməsindəki müdafiəçisi apelyasiya şikayətində təqsirləndirilən şəxsə CM-in 62-ci maddəsinin tətbiq edilməsini də xahiş etmişdir. Apelyasiya şikayətinin bu tələbi ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, CM-in 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə məhkəmə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrıayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Şərh olunan maddənin məzmunundan görünür ki, CM-in 62.1-ci maddəsi cəzadan daha yüngül cəza təyin edilməsinin aşağıdakı əsaslarını nəzərdə tutur. - cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; - cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; - iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etməsi. Qanunun tələbinə görə, belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilməli, onlar konkretləşdirilməli və müstəsna hal kimi qiymətləndirilməsinin səbəbləri hökmdə əsaslandırılmalıdır. Bu halları müəyyən edərkən məhkəmə həm cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də bu cür halların məcmusunu, yəni cinayətin motivi və məqsədini, təqsirkarların cinayətin törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və ondan sonrakı davranışını, təqsirkarların şəxsiyyətini xarakterizə edən məlumatları və s. qiymətləndirməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı hər hansı müstəsna hal mövcud deyil, belə olan təqdirdə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müstəsna hal hesab edilə və ona CM-in 62-ci maddəsi tətbiq oluna bilməz. Lakin o, da qeyd edilməlidir ki, məhkumu islah etməklə, məhkumdakı zərərli vərdiş və yönəlişləri neytrallaşdırmaqla, məhkumu belə yönəlişlərdən xilas etməklə, onu yeni cinayət törətməkdən çəkindirmək olar. Başqa sözlə, cəzanın effektli tətbiqi ilə residivin subyektiv amillərinin təsirini neytrallaşdırmaq mümkündür. Bu mənada, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində cəza çəkmədən də islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs cəza şərti olaraq tətbiq edilə bilər. Belə ki, CM-in 70.1-ci maddəsində göstərilir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Göründüyü kimi, qanunverici şərti məhkumetmənin təyin edilməsi üçün zəruri şərt olaraq məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasını müəyyən etmişdir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, məhkumların islah edilməsi - onlarda qanuna itaətin yaranması, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. İş mаteriаllаrındаn və məhkəməyə təqdim olunmuş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf edərək, əməlindən peşman olduğunu bildirmişdir, baş verənlərdən əzab çəkir, özünü məzəmmət edir. O, ümumiyyətlə əvvəllər məhkum olunmamış, ilk dəfə qeyd olunan cinayət əməlini törətmişdir. Bundan başqa, o, hadisədən sonra könüllü olaraq poisə təslim olmuş (İ cild, i. v. 05), zərərçəkmiş şəxslə barışaraq razılıq əldə etmiş və zərərçəkmiş şəxs hələ ibtidai istintaq mərhələsində müstəntiqə yazılı ərizə ilə (İ cild, i. v. 91) müraciət edərək Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu gün də ondan heç bir şikayət və tələbi yoxdur, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Həmin xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs kənddə yaşadığı müddət ərzində kənd camaatı arasında özünü tərbiyəli biri kimi göstərməyə, kənd camaatının hörmətini qazanmağa çalışmışdır. O, özündən böyüklərə hörmət etməklə yanaşı, özündən kiçiklərə də yaxşı davranış göstərməyə çalışmışdır. Kənddə keçirilən tədbirlərdə, mənclislərdə müntəzəm iştirak etməklə kənd camatı, qohumlar və qonşular arasında hörmət qazanmışdır. Təqsirləndirilən şəxs haqqında nümayəndəliyə hər hansı bir şikayət daxil olmamışdır. İş üzrə cəzanı ağırlaşdıran heç bir hal yoxdur. Belə olan halda, məhkəmə kollegiyаsı CM-in 70.2-ci mаddəsinə uyğun olаrаq, təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş cinаyətin xаrаkterini, ictimаi təhlükəlilik dərəcəsini, birinci instаnsiyа məhkəməsi tərəfindən müəyyən olunmuş cəzаnı yüngülləşdirən hаllаrı, cəzаnı аğırlаşdırаn hаllаrın olmаmаsını nəzərə аlaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı çəkmədən də islah olunmasını mümkün hesab edir. Qeyd olunduğu kimi, qanunverici şərti məhkumetmənin təyin edilməsi üçün zəruri şərt olaraq məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasını müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair 22 sentyabr 2008ci il tarixli qərarında göstərilmişdir ki, onu da qeyd etmək lazımdır ki, şərti məhkum etmə xüsusi cinayət-hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir. Şərti məhkum etmə CM-in 70.1-ci maddəsinə görə beş əsas cəzaya münasibətdə (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddət azadlıqdan məhrum etmə) tətbiq edilir. Şərti məhkum etmədə məhkum ona müəyyən olunmuş sınaq müddəti daxilində öz davranışı ilə islah olunmasını sübut etməlidir. Şərti məhkum etmə zamanı məhkəmə qeyd olunan cəzalardan birini təyin edir və ikinci mərhələdə cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alaraq həmin cəzanı şərti hesab edir və məhkuma sınaq müddəti müəyyən edir (6 aydan 5 ilədək). Beləliklə, şərti məhkum etmə zamanı ümumi qaydalarla təyin edilən cəza məhkumluq yaradır, lakin cəza real icra olunmur. Şərti məhkum olunmuş şəxs ittiham hökmünün qüvvəyə mindiyi andan məhkum sayılır. Şərti məhkum etmə cəzasızlıq demək deyil və cəzadan azad olunma kimi də hesab oluna bilməz. O, cəzanın xüsusi növü olmasa da, onun bəzi elementlərini özündə ehtiva edir. Məsələn, o yalnız məhkəmə hökmu ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq olunur və bu şəxs üçün bəzi məhdudiyyətlərin mövcudluğu ilə müşayiət olunur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən isə məhkumların islah edilməsi – onlarda qanuna itaətin yaranması, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, şərti məhkumetmə zamanı məhkum cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza icra olunmasa da, təyin olunan cəza qanunla müəyyən olunmuş xüsusi formada şərti həyata keçirilir. Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq da cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq aparılmış, ibtidai istintaq zamanı qanun pozuntusuna yol verilməmişdir. Beləliklə, apellyasiya şikayətləri ilə bağlı məhkəmə kollegiyası yekun nəticəyə gələrək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinib üç il müddətə məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasından onun xx xxxx 2020-ci il tarixdən xx xxxxxx 2021-ci ilədək həbsdə qaldığı, ümumilikdə səkkiz ay doqquz gün çıxılmalı və üzərində çəkilməmiş qalan iki il üç ay iyirmi bir gün müddətə azadlıqdan məhrum etmə cəzası iki il altı ay sınaq müddəti ilə şərti olaraq tətbiq edilməli, sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, Təqsirləndirilən şəxs davranışına nəzarət onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməli və onun üzərinə davranışına nəzarət edən orqanın razılığı olmadan yaşayış yerini dəyişdirməmək, habelə ictimai faydalı əməklə məşğul olmaq və zərərli vərdişlərdən çəkinmək vəzifəsi qoyulmalı, baxılmış apellyasiya şikayətlərinə münasibətdə hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Məhkəmə kоllegiyаsı şərh edilənlərə əsаsən və CPM-in 394, 397-399, 407 və 410-cu mаddələrini rəhbər tutаrаq, QƏRARA ALDİ: Apellyasiya şikayətləri qismən təmin edilsin. Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair X6 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilsin. CM-in 70-ci maddəsinə uyğun olaraq, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinib üç il müddətə məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasından onun xx xxxx 2020-ci il tarixdən xx xxxxxx 2021-ci ilədək həbsdə qaldığı, ümumilikdə səkkiz ay doqquz gün çıxılsın və üzərində çəkilməmiş qalan iki il üç ay iyirmi bir gün müddətə azadlıqdan məhrum etmə cəzası iki il altı ay sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclası zalında həbsdən azad edilsin. Sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddətində Təqsirləndirilən şəxs davranışına nəzarət onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin və o, davranışına nəzarət edən orqanın razılığı olmadan yaşayış yerini dəyişdirməsin, habelə ictimai faydalı əməklə məşğul olsun və zərərli vərdişlərdən çəkinsin. Baxılmış apellyasiya şikayətlərinə münasibətdə hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar