Məhkəmə qərarları › İş №1(107)-61/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-61/2023

02.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-61/2023 02.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 iştirakı ilə Xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsi haqqında Ağsu Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 1(016)-77/2022 saylı qərarından xüsusi ittihamçı X11 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin (sədrlik edən A.Əsgərov) 25 noyabr 2022-ci il tarixli, 1(016)-77/2022 nömrəli qərarı ilə Ağsu rayonu İcra Hakimiyyəti başçısı Rövşən Bağırov, Dövlət Təhlükəsizlik Xidmətinin Ağsu rayon şöbəsinin rəisi Fuad Təhməzov, Ağsu Rayon Prokuroru Elnur Cəfərovun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 148-ci və 308-ci maddələrinə əsasən cəzalandırılmalarını və ona dəyən mənəvi zərərin kompensasiya edilməsini, zərərin 30.000 manatının Ağsu rayonu İcra Hakimiyyəti başçısı Rövşən Bağırov tərəfindən, 15.000 manatının Dövlət Təhlükəsizlik Xidmətinin Ağsu rayon şöbəsinin rəisi Fuad Təhməzov tərəfindən, 15.000 manatının Ağsu Rayon Prokuroru Elnur Cəfərov tərəfindən ödənilməsini, Ağsu rayonu İcra Hakimiyyəti tərəfindən çəkilən təşkil olunan video çəklişdəki video yazının məhkəməyə təqdim olunması barədə xüsusi ittiham qaydasında X11 tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. işin halları: X11 xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət edərək Ağsu rayonu İcra Hakimiyyəti başçısı Rövşən Bağırov, Dövlət Təhlükəsizlik Xidmətinin Ağsu rayon şöbəsinin rəisi Fuad Təhməzov, Ağsu Rayon Prokuroru Elnur Cəfərovun CM-in 148-ci və 308-ci maddələrinə əsasən cəzalandırılmalarını və ona dəyən mənəvi zərərin kompensasiya edilməsini, zərərin 30.000 manatının Ağsu rayonu İcra Hakimiyyəti başçısı Rövşən Bağırov tərəfindən, 15.000 manatının Dövlət Təhlükəsizlik Xidmətinin Ağsu rayon şöbəsinin rəisi Fuad Təhməzov tərəfindən, 15.000 manatının Ağsu Rayon Prokuroru Elnur Cəfərov tərəfindən ödənilməsini, Ağsu rayonu İcra Hakimiyyəti tərəfindən çəkilən təşkil olunan video çəklişdəki video yazının məhkəməyə təqdim olunmasını xahiş etmişdir. Şikayət verən şəxs X11 öz şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci ildə Ağsu rayonu Gəgəli kəndində Ağsu rayonu İcra Hakimiyyəti başçısı Rövşən Bağırovun yerli sakinlərlə səyyar görüşü keçirilmişdir. Gəgəli bələdiyyəsinin sədri kimi o da İcra Hakimiyyətinin dəvəti ilə iştirak etmişdir. Təəssüf etmişdir ki, o, bələdiyyə ilə bağlı yaranmış suallara cavab verərəkən başçı Rövşən Bağırov, Dövlət Təhlükəsizlik Xidmətinin Ağsu rayon şöbəsinin rəisi Fuad Təhməzov, Ağsu Rayon Prokuroru Elnur Cəfərov “Bələdiyyənin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsini - bələdiyyə sədrinin öz səlahiyyətlərini maneəsiz və səmərəli həyata keçirməsinə mane olmuş, hüquqlarını, şərəf və ləyaqətini öz seçiciləri qarşısında alçaltmışdır. Həmin vəzifəli şəxslər seçiciləri açıq şəkildə istiqamətləndirərək, onun ünvanına əsassız və heç bir sübutla təsdiq olunmamış böhtan nöqsanları deyərək üzərinə qaldırmağa çalışmışlar. Onlar tez-tez sözünü kəsərək və ya replika ataraq bildirmişlər ki, qanunun tələblərindənsə öz ürəyinin istədiyi kimi torpaq paylaya bilərsən, niyə etmirsən? İzah edərək bildirmişdir ki, belə qanunsuzluğa yol verə bilməz. Deyiblər ki, guya o, X1 Sistemini icad etmiş, sakinləri aldadır. Bildirmişdir ki, Azərbaycan Respublikasında bu məlumat sistemi bütün bələdiyyələr üçün tətbiq edilir. Bu Vergi Məcəlləsi ilə tənzimlənir və BAMS tərəfindən hesablanır. Onlar sadəcə bildirişləri vergi ödəyicilərinə verirlər. Deyiblər ki, guya borcluların İcra və Probasiya şöbəsinə yönəldilməsi ölkədə yalnız Gəgəli bələdiyyəsində tətbiq olunur və bu onun insafsızlığıdır. Bu qanunvericiliklə tənzimlənir, insafla tənzimlənmir. Bununla yanaşı Gəgəli bələdiyyəsinin büdcəsini və hesabatlılığını lağlağıya çevirmişlər. Bu və digər qanunlardan göründüyü kimi səyyar görüşdə ünvanına deyilən və seçicilərin əksinə yönləndirən həmin ifadələr ona atılan böhtandır, onun şərəf və ləyaqətini alçaldır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Ağsu Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 1(016)-77/2022 nömrəli qərarından narazı qalan xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X11 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X11 verdiyi apellyasiya şikayətini belə əsaslandırmışdır ki, xx.xx.2022-cı ildə Ağsu rayonu Gəgəli kəndində Ağsu rayonu icra Hakimiyyəti başçısı, cənab Rövşən Bağırovun yerli sakinlərlə səyyar görüşü keçirilmişdir. Gəgəli bələdiyyəsinin sədri kimi o da İcra hakimiyyətinin dəvəti ilə iştirak etmişdir. Təəssüf edir ki, o bələdiyyə ilə bağlı yaranmış suallara cavab verərkən başçı, cənab Rövşən Bağırov, Dövlət Təhlükəsizlik Xidmətinin Ağsu rayon şöbəsinin rəisi, cənab Fuad Təhməzov, Ağsu rayon prokuroru, cənab Elnur Cəfərov "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsini - bələdiyyə sədrinin öz səlahiyyətlərini maneəsiz və səmərəli həyata keçirməsinə mane olmuş, hüquqlarını, şərəf və ləyaqətini öz seçiciləri qarşısında alçaltmışdır. Həmin vəzifəli şəxslər seçiciləri açıq şəkildə istiqamətləndirərək, mənim ünvanıma əsassız və heç Dir sübutla təsdiq olunmamış böhtan nöqsanları deyərək üzərimə qaldırmağa çalışmışlar. Onlar tez-tez sözümü kəsərək və ya repiıka ataraq bildirmişlər ki, qanunun tələblərindənsə, öz ürəyinin istədiyi kimi torpaq paylaya bilərsən, niyə etmirsən? izah edərək bildirmişəm ki, belə qanunsuzluğa yol verə bilmərəm. Deyiblər ki, guya mən X1 Sistemini icad etmişəm, sakinləri aldadıram. Bildirmişəm ki, Azərbaycan Respublikasında bu məlumat sistemi bütün bələdiyyələr üçün tətbiq edilir. Mənim belə bir sistemi icad etmək imkanım yoxdur. Deyiblər ki, guya hər gecikən gün üçün faizlər qanunsuzdur və yalnız Gəgəli bələdiyyəsində tətbiq edilir. Bildirmişəm ki, bu Vergi Məcəlləsi ilə tənzimlənir və BAMS tərəfindən hesablanır. Biz sadəcə bildirişləri vergi ödəyicilərinə veririk. Deyiblər ki, guya borcluların icra və Probasiya şöbəsinə yönəldilməsi ölkədə yalnız Gəgəli bələdiyyəsində tətbiq olunur və bu mənim insafsızlığımdır. Bildirmişəm ki, bu qanunvericiliklə tənzimlənir, insafla tənzimlənmir. Bununla yanaşı, Gəgəli bələdiyyənin büdcəsi və hesabatlılığını lağlağıya çevirmişlər. Vəzifəli şəxslərin - Ağsu rayonu İcra Hakimiyyəti başçısı, cənab Rövşən Bağırov, Dövlət Təhlükəsizlik Xidmətinin Ağsu raycn şöbəsinin rəisi, cənab Fuad Təhməzov, Ağsu rayon prokuroru, cənab Elnur Cəfərovun məsuliyyətə cəlb edilməsi barədə Ağsu rayon Məhkəməsinə xüsusi ittiham qaynasında etdiyi şikayətə 1(016)- 77/2022 nömrəli, 25 noyabr 2022-ci il tarixli qərarı ilə məhkəmə baxışı təyin edilməsindən imtina edilmişdir. Hesab edir ki, bu qərar ədalətli deyil, prosessual normaların pozulması halları mövcuddur. Buna görə də həmin qərarın ləğv edilməsi zərurəti yaranmışdır. Bununla bağlı aşağıdakı xüsusatları qeyd edir. O adı çəkilən məlumatları toplaya və yeganə sübutu olan videoyazıntını əldə edə bilməmişdir. Ona görə də məhkəməyə müraciət eləmiş və hazırlıq iclasında bu sübutların toplanmasında ona kömək göstərməsini məhkəməyə bildirmişdir. Sübutların toplanmasında məhkəmə ona yardım etməyib. Şahidlərinin olması haqqında məlumat da vermişdir. Odur ki, Ağsu Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 1(016)-77/2022 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X11 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Hüquqi məsələr: Аzərbаycаn Respublikаsı Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 397.1-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnunun və Cinаyət -Prоsessuаl Məcəlləsinin nоrmаlаrının tətbiq edilməsinin düzgünlüyünü yоxlаyır. CPM-in 397.2-ci mаddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kоllegiyаsı apellyasiya şikayətinin dəlillərini аrаşdırıb, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 izahatını dinləyib, işdə оlаn sübutları tədqiq edib hesаb edir ki, аşаğıdа qeyd edilən əsаslаrа görə apellyasiya şikayəti təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 1(016)-77/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İş materiallarından görünür ki, X2 Rövşən Elimdar oğlu, X8, X9 qarşı xüsusi ittiham qaydasında məhkəməyə müraciət etsə də ərizəsinə CPM-in 293.3.3-cü maddəsinə əsasən əməlin məhz X7, X8, X12 tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi barədə sübutlar, onların yaşayış yeri barədə məlumatlar və CPM-in 293.3.4-cü maddəsi üzrə şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi barədə məlumatları əlavə etməmişdir. Hazırkı halda işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Çünki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 saylı, 21 fevral 2014-cü il tarixli qərarının 6-cı hissəsində qeyd edilir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax,Jerusalem Avstriyaya qarşı, §43). Həmin Qərarın 7-ci hissəsində qeyd edilir ki, xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən yayılmış məlumatların təhqir və ya tənqid xarakterli olmasına, onların xüsusi ittihamçının şəxsi və ya ictimai həyatına, siyasi fəaliyyətinə müdaxilə olub olmamasına diqqət yetirsinlər. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə görə insanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. Eləcədə oxşar mövqeni paylaşan Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X4 haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Göründüyü kimi, insanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfındən mühafizə və müdafiə olunur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin 21 fevral 2014-cü il tarixli Plenumunun 2-ci bəndində göstərilir ki, Məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. İqtibas edilmiş Plenum qərarının 5-ci bəndində daha sonra göstərilir ki, qeyd edilsin ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi və ya göndərilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin 21 fevral 2014-cü il tarixli Plenumunun 11-ci bəndində isə göstərilir ki, Məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Oxşar münasibətləri nizama salan CPM-in 293.3-cü maddəsinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 xüsusi itiham qaydasında verdiyi şikayəti araşdırılarkən məlum olur ki, sonuncu verdiyi şikayətində “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin 21 fevral 2014-cü il tarixli Plenumunun tövsiyyələrinə, eləcədə bununla bağlı CPM-in 293.3-cü maddəsinin normalarının tələblərinə riayət etməmiş, həmçinin verdiyi şikayətə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətinin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmasını təsdiq edən heç bir sübut təqdim etməmişdir. Bundan əlavə təhlil olunan işdən göründüyü kimi xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 rayonu İcra Hakimiyyəti başçısı Rövşən Bağırovu, Dövlət Təhlükəsizlik Xidmətinin Ağsu rayon şöbəsinin rəisi Fuad Təhməzovu və Ağsu Rayon Prokuroru Elnur Cəfərovu həm CM-in 148, həm də CM-in 308-ci maddələri ilə ittiham etmişdir. Halbuki, CPM-in 37.1-ci maddəsinə əsasən, cinayətin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq cinayət təqibi bu Məcəllənin müddəalarına uyğun xüsusi, ictimaixüsusi və ya ictimai ittiham qaydasında həyata keçirilir. CPM-in 37.2-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. CPM-in 37.3-cü maddəsinə əsasən, ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və ya bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127, 128, 129.2, 130.2, 133, 134, 142.1, 148-1, 149.1, 150.1, 151, 156-158, 163, 169-1, 175-177.1, 178.1, 179.1, 186.1, 187.1, 190.1, 197 və 201.1-ci maddələrində göstərilən cinayətlərə görə həyata keçirilir. CPM-in 37.6-cı maddəsinə əsasən, bu Məcəllənin 37.2 və 37.3-cü maddələrində göstərilməyən digər cinayətlər üzrə cinayət təqibi ictimai ittiham qaydasında həyata keçirilir. Göründüyü kimi, xüsusi ittihamçı X11 şikayətində Ağsu rayonu İcra Hakimiyyəti başçısı Rövşən Bağırov, Dövlət Təhlükəsizlik Xidmətinin Ağsu rayon şöbəsinin rəisi Fuad Təhməzov və Ağsu Rayon Prokuroru Elnur Cəfərovun CM-in 148-ci maddəsi ilə cəzalandırılmaları ilə yanaşı, CM-in 308-ci maddəsi ilə cəzalandırılmasını xahiş etmişdir. Onun barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin CM-in 148-ci maddəsi ilə cəzalandırılması barədə şikayət verməyə hüququ olduğu halda, onların xüsusi ittiham qaydasında CM-in 308-ci maddəsi ilə cəzalandırılmasını xahiş edə bilməz, çünki, CM-in 308-ci maddəsində nəzərdə tutulan cinayət üzrə cinayət təqibi ictimai ittiham qaydasında həyata keçirilir. Bu baxımdan, məhkəmə kolegiyası tədqiq edilmiş faktlara hüquqi qiymət verərək və qeyd edilən hüquq normalarına istinad edərək hesab edir ki, Ağsu Rayon Məhəməsi haqlı olaraq Ağsu rayonu İcra Hakimiyyəti başçısı Rövşən Bağırovun, Dövlət Təhlükəsizlik Xidmətinin Ağsu rayon şöbəsinin rəisi Fuad Təhməzovun, Ağsu Rayon Prokuroru Elnur Cəfərovun CM-in 148-ci və 308-ci maddələrinə əsasən cəzalandırılması və ona dəyən mənəvi zərərin kompensasiya edilməsi, zərərin 30.000 manatının Ağsu rayonu İcra Hakimiyyəti başçısı Rövşən Bağırov tərəfindən, 15.000 manatının Dövlət Təhlükəsizlik Xidmətinin Ağsu rayon şöbəsinin rəisi Fuad Təhməzov tərəfindən, 15.000 manatının Ağsu Rayon Prokuroru Elnur Cəfərov tərəfindən ödənilməsi, Ağsu rayonu İcra Hakimiyyəti tərəfindən çəkilən təşkil olunan video çəklişdəki video yazının məhkəməyə təqdim olunması barədə xüsusi ittiham qaydasında X11 tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina etmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilə və Ağsu Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 1(016)-77/2022 nömrəli qərarı ləğv edilə bilməz. CPM-in 398.1.1-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin hökm və yа qərаrını dəyişdirmədən, apellyasiya şikayəti və ya apellyasiya protestini təmin etmədən saxlanılması haqqında qərаr qəbul edə bilər. Məhkəmə kоllegiyаsı şərh edilənlərə əsаsən və CPM-in 391, 397, 398 və 410-cu mаddələrini rəhbər tutаrаq, qərara aldı: Apellyаsiyа şikаyəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 1(016)-77/2022 nömrəli qərarı baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərаrdаn CPM-in 410-cu mаddəsində müəyyən olunmuş müddətlərdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbаycаn Respublikаsı Ali Məhkəməsinə kаssаsiyа şikаyəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar