Məhkəmə qərarları › İş №1(107)-62/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-62/2021

04.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-62/2021 04.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X12, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri X8, təqsirləndirilən şəxs X2 və müdafiəçisi X15, tərcüməçi X11 iştirakı ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 206.2, 234.1 və 318.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(039)-122/2020 nömrəli hökmündən təqsirləndirilən şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin (sədrlik edən G.Cavadova) xx xxxxxxx 2020-ci il tarixli, 1(039)-122/2020 nömrəli hökmü ilə, xx.xx.1962-ci ildə İran İslam Respublikasının Meşkin şəhərində anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İran İslam Respublikasının Aslandüz rayonunun Hacılı kəndində qeydiyyatda olan barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda 2 saylı İstintaq Təcridxanasında saxlanılan X4 CM-in 206.2, 234.1 və 318.1-ci maddələri ilə təqsirli bilinib, CM-in 206.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və CM-in 318.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəsazına məhkum edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən X3 təyin edilmiş cəzaları qismən toplamaqla üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müdətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, CM-in 52-ci maddəsinə əsasən X4 cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxx 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, CM-in 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi, iş üzrə maddi sübut olan və Yevlax rayon polis şöbəsində saxlanılan 6,160 qram çəkidə narkotik vasitə-tiryək, üzərində “fanta” sözü yazılmış narkotik vasitə qəbul etmək üçün kustar üsulla hazırlanmış 1 ədəd qurğu və 1 ədəd kəlbətin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik məbləğində ekspertiza xərci X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilməsi hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs X4 CM-in 206.2, 234.1 və 318.1-ci maddələrində nəzərdə tutulmuş əməlini törətməkdə təqsirli bilinib, məhkum olunmuşdur ona görə ki, o İran İslam Respublikası ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı bir ədəd şəffaf rəngli sellofan bükümdə şəxsi istehlak miqdarından artıq, cəmi 6,29 qram miqdarında narkotik vasitə olan tiryəki əynindəki şalvarın sağ yan cibində saxlamış, xx.xx.2020-ci il tarixdə saat 23:00 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, İran İslam Respublikasının Xəlilkəndi ərazisindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq Fizuli rayonunun Fin qəsəbəsi istiqamətinə keçmiş, üzərində həmin narkotik vasitə olan tiryəki Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirib qaçaqmalçılıq etmiş, xx xxxxx 2020-ci il tarixdə saat 23:00 radələrində Yevlax şəhəri B.İmanov küçəsində X4 qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək xx.xx.2020-ci il saat 23:35-dən xx.xx.2020-ci il saat 00:15-dək müddətdə müdafiəçinin, tərcüməçinin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində üzərində olan həmin 6,29 qram miqdarında narkotik vasitə olan tiryək aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(039)-122/2020 nömrəli hökmündən təqsirləndirilən şəxs X4 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs X4 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o ailəlidir, ailəsinin yanına və vətəninə qayıtmaq istəyir. Odur ki, ona köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmənin hökmündən Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxs X2 müdafiəçisi X17 bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs təqsirini səmimi etiraf edir, onun ailə vəziyyətini nəzərə alıb təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlilləri ilə bağlı fikrini bildirən təqsirləndirilən şəxs X4 bildirdi ki, o, təqsirini səmimi etiraf edir, ailəlidir. Ona görə də bunları nəzərə alıb cəzasının yüngülləşdirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X13 hökmün qanuni və əsaslı, təyin edilmiş cəzanın isə ədalətli olduğunu göstərib, apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(039)- 122/2020 nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin və müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara təqsirləndirilən şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(039)-122/2020 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətində təqsirləndirilən şəxs X2 CM-in 206.2, 234.1 və 318.1ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi mübahisələndirilməsə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, təqsirləndirilən şəxs X2 əməlinin CM-in 206.2, 234.1 və 318.1-ci maddələri ilə, düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 206.2, 234.1 və 318.1-ci maddələri ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hazırda araşdırılan işdən bəlli olur ki, təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı ədalətli hesab etməyərək, daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Lakin, məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini əsaslı saymır. Çünki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin ictimai təhlükəli xarakterini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-in 58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini, həmçinin barəsində CM-in 62 və 70-ci maddəsinin tətbiq edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Həmçinin, ümumilikdə götürdükdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri bəlaya çevrilərək fiziki mənada ayrı-ayrı xalqların genofonduna, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbələr vurur, qarşısının alınması külli miqdarada xərclər bahasına böyük çətinliklər yaradır. Məhz buna görə də X10 1961-ci il “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il “Psixotrop maddələr haqqında” və 1988-ci il “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarda narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. Azərbaycan Respublikası bu konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür. Belə olan halda, məhkəmə kollegiyası Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(039)-122/2020 nömrəli hökmü ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası həm də gəldiyi qənaətdə ona görə israrlıdır ki, narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş bu qəbilədən olan cinayətləri törətmiş təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının kifayət qədər əsaslar olmadan yüngülləşdirilməsini əsaslı və ədalətli hesab etmək olmaz. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, təqsirləndirilən şəxs X3 CM-in 206.2, 234.1 və 318.1-ci maddələri ilə təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(039)-122/2020 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs X2 apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(039)-122/2020 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar