Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-64/2021 30.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X3 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X4, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 264-cü maddəsi ilə məhkum edilməsinə dair Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin (hakim T.Əliyev) xx xxxxxx 2020-ci il tarixli hökmü ilə xx xxxx 1988-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Yevlax rayonunun Malbinəsi kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 264-cü maddəsi ilə təqsirli bilinərək bir il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə bir il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, üzərinə saat 22-00-dan saat 07-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, cəzaçəkmə müddətinin əvvəlinin Yevlax Rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı gündən hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, hökmün icrasının Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməsi, iş üzrə 100 manat ekspertiza xərcinin ondan tutulub (Az.MEM VÖİN ********** АЗ34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h АЗxx xxxx 013601 **********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22) hesaba keçirilməsi, maddi sübut olan yol nəqliyyat hadisəsinin baş verdiyi anın qeydə alındığı video görüntünü özündə əks etdirən bir ədəd DVD diskin cinayət işinə əlavə edilməsi, ona dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə istintaq dövrü üçün 150 manatın dövlət büdcəsindən tutularaq Yevlax Şəhər Vəkillər Bürosunu vəkili X1 və məhkəmə dövrü üçün 300 manatın dövlət büdcəsindən tutularaq Yevlax Şəhər Vəkillər Bürosunun vəkili Müdafiəçi ödənilməsi müəyyən edilmişdir. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 18:25 radələrində Yevlax-Ağdam- Laçın avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən 4-cü kilometrində idarə etdiyi VAZ-21074 markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam rayonu istiqamətində 40-50 km/saat sürətlə hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yolun sağından soluna hərəkət edən velosipedçi Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuş, hadisədən sonra zərər çəkmiş şəxsi Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparsa da, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, özü haqqında müvafiq orqanlara və zərərçəkmiş şəxsə xəbər vermədən hadisə yerindən qaçmışdır. Hökmdən Təqsirləndirilən şəxs apellyasiya şikayəti vermişdir. Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti, dövlət ittihamçısı tərəindən apellyasiya protesti və təqsirləndirilən şəxsin apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ ApelLyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmənin hökmü qeyri-qanuni və əsassız olmaqla yanaşı, həm də ədalətsizdir. Belə ki, mən hadisə yerində Zərərçəkmiş şəxs qoyub qaçmamışam. Dərhal onu xəstəxanaya çatdırmışam. Eyni zamanda, Zərərçəkmiş şəxs hər hansı bir yardım edilməsindən belə yayınmamışam. Zərərçəkmiş şəxs özünün istəyi ilə onun velosipeddən yıxılmasına dair ilkin məlumat vermişdir. Zərərçəkmiş şəxs xəstəxanaya aparılanda da, hadisə ilə bağlı xəstəxanaya polis əməkdaşı gələndə Zərərçəkmiş şəxs yanında olmuşam. Daha sonra isə maşınımda azyaşlı uşaqlarım olduğu üçün onları evə düşürmək üçün yaşadığım kəndə getmiş, qayıtdıqda isə artıq Zərərçəkmiş şəxs xəstəxanadan çıxdığını mənə demişlər. Məhkəmə iclasında dindirilmiş, yəni həmin gün növbədə olmuş tibb bacısı və həkim də mənim Zərərçəkmiş şəxs xəstəxanaya gətirilərkən yanında olduğumu təsdiq etmişlər. Mən azyaşlı övladlarımı yaşadığımız evə verdikdən sonra, dərhal xəstəxanaya qayıtmışam və Zərərçəkmiş şəxs yardımlar edilməsini nəzərdə tutmuşam. Əfsuslar olsun ki, Zərərçəkmiş şəxs xəstəxanadan dərhal çıxmış və özü yeriyərək evinə getmişdir. Xüsusi olaraq onu qeyd edirəm ki, Zərərçəkmiş şəxs qoyulmuş ilkin diaqnozlar, sonrakı diqnozdan fərqli idi. Sonrakı diaqnoz sırf mənə münasibətdə qərəzliliyi göstərir və həqiqəti əks etdirmir. Mən özümü CM-in 264-cü maddəsi ilə təqsirli bilmirəm. Belə ki, mən yol-nəqliyyat hadisəsindən dərhal sonra yol-patrul xidməti əməkdaşlarına bununla bağlı məlumat vermiş və şəxsiyyətimi bildirmişəm. Lakin mənə münasibətdə ədalətsizliyə yol verilərək, həmin məsələ ətraflı araşdırılmamışdır. Ona görə də qeyd olunanlara əsasən Yevlax rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ləğv edilməklə mənə CM-in 264-cü maddəsi ilə bəraət verilməlidir. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyаsının iclаsındа ifadə verən təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülən cinayət əməlində təqsirli bilməyərək demişdir: -xx xxxxxx 2020-ci ildə Yevlax-Laçın yolu adlanan ərazidə, kafenin önündə, dövlət nəzarət kamerasının önündə, mənim maşınımla hadisə baş vermişdir. Velosipedçi yolun sağ tərəfindən yolun sol tərəfinə hərəkət edərkən mənim maşınıma dəymişdir. Həmin vaxt maşında atam və iki azyaşlı övladım olublar. Mən dərhal maşını saxladım. Hadisə yerində təxminən 30-40 adam və polis əməkdaşları olmuşlar. Hadisədən sonra kafedən su gətirdilər, Elçin dayıya yardım göstərdik, sonra onu xəstəxanaya çatdırdıq, nə kömək lazımdırsa elədik. Təxminən 40-50 dəqiqə sonra xəstəxanadan azyaşlı övladlarım ağladığı üçün zərərçəkmişin deməsi ilə evə getdim. Sonra xəstəxanaya qayıtdım, gördüm ki, xəstə artıq gedib. Mən onun nə ünvanını nə də ki, telefon nömrəsini bilmirdim. Xəstəxanada mənə xəstə barədə məlumat vermədilər. Mən onu hadisə yerində qoyub qaçmamışam. Dəymiş ziyanı da tamamilə ödəmişəm. Hadisədən on dörd gün sonra polis məni zərərçəkmiş şəxslə görüşdürüb. Bundan başqa, o verilən suallara cavab olaraq demişdir: -Xəstəxanaya təxminən 40 dəqiqə sonra gəldim. Gördüm ki, xəstə evə gedib. Elçin dayını xəstəxanaya aparanda mən Hasil həkimə dedim ki, o, mənim maşınıma dəyib. Elçin dayı isə dedi ki, mən velosipeddən yıxılmışam. Elçin dayı məndən əvvəl demişdi ki, mən velosipeddən yıxılmışam. Mən kəndə gedən zaman ifadəsində bildirib. O gün mənim üstümdə telefon yox idi, hadisə yerində polis əməkdaşlarına özümü təqdim etmişəm. Hadisə olan yerdə kamera görüntüsü var idi. Görüntünün sadəcə ilk dəqiqələrini veriblər ardı isə yoxdur. Polis əməkdaşları mənə dedi ki, sən get xəstəni xəstəxanaya çatdır. Biz şöbəyə məlumat verəcəyik. Mən onları tanımıram. Kamera görüntülərini sonacan versələr hər şey məlum olar. Hadisə yerinə gələn polisləri üzdən görsəm, bəlkə də tanıyaram. Hadisədən təxminən bir gün sonra Şahin Osmanov mənimlə görüşmüşdü. Amma ifadəsində qeyd edib ki, guya mənimlə on dörd gün sonra görüşüb. Mən ordan qaçmışam. Şahin Osmanov bilirdi ki, hadisəni mən törətmişəm. Video görüntünü ona kimsə yollamışdı. Şahin Osmanov özü mənimlə bir gün sonra görüşüb. Şahin Osmanov mənə dəfələrlə dedi ki, heç hara xəbər verməyə ehtiyac yoxdur. İndiki gündə də o, bunu danır. Polis əməkdaşlarına məlumat vermişəm. Telefonla məlumat verməmişəm. Hadisədən 2-3 dəq sonra ora polis əməkdaşları gəldi. Dərhal özümü polis əməkdaşlarına təqdim elədim. Video görüntüdə polis əməkdaşlarının, patrul maşınının və camaatın olması görünmür. Mən xəstəni atamın, digər şahidlərin köməyi ilə maşınımın qabaq tərəfində əyləşdirib xəstəxanaya çatdırdım. Xəstəxanaya gedəndə də, Elçin dayını içəridə müayinə edəndə də həkimə dedim ki, xəstəni mən gətirmişəm, mənim maşınıma dəyib. Həkimi mən çağırtdırmışam. Həkimin yanında tibb bacıları olub. Xəstəxanaya gedəndə aramızda söz-söhbət olmayıb. Elçin dayı sakit şəkildə yol gedib. İlkin mərhələdə mən Elçin dayını tibb bacılarına təqdim elədim. Sonra halı pisləşdiyindən həkimi çağırdım və özümü təqdim elədim və olanı dedim. Elçin dayı isə özü velosipeddən yıxıldığını deyib. Mən özümü zərərçəkmişə təqdim edəndə o, özündə deyildi. Sonra özü mənə dedi ki, uşaqları evə çatdır. Özünü biraz pis hiss edirdi. Məndə də həyacan var idi. Hadisədən 14 gün sonra Şahin Osmanov mənə Elçin dayının təkcə nömrəsini verdi və dedi ki, get özün axtar tap. Mən ona qədər israrla Zərərçəkmiş şəxs nömrəsini istəyəndə o, mənə onun nömrəsini vermədi. Onun adını, atasının adını bildim, amma harada yaşamasını bilmədim. Yevlaxda yaşamasını bilirdim. Xəstənin evini, ünvanını, telefonunu mənə verən bir şəxs olmadı. Mən onun özündən barəsində məlumat almamışdım. Kənddən qayıdanda artıq Elçin dayı getmişdi. Xəstəxanadan da mənə məlumat vermədilər, dedilər ki, bizdə məlumat yoxdur. Mən zərərçəkmiş şəxsi xəstəxanaya çatdırmışam və özüm haqqında da ona məlumat vermişəm, bu əməldə təqsirim yoxdur. Ona görə də mənə bəraət verilməsini xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında çıxış edən Zərərçəkmiş şəxs bildirmişdir ki, xx xxxxxx 2020-ci ildə Yevlax-Laçın yolunda velosipedlə hərəkət halında idim. Təqsirləndirilən şəxs, tanımadığım şəxs məni maşınla vurdu. Sonra özümdən getdim. Orada mənə su gətirdilər, sonra məni maşına qoyub xəstəxanaya apardılar. Maşında gördüm ki, uşaqları var, mən də dedim ki, qorxma deyərəm velosipeddən yıxılmışam. Xəstəxanaya getdik, mənə yardım etdilər. Vəsiqəmi qeydiyyata aldılar, sonra buraxdılar. Evə gedəndən sonra iki üç gün keçdi, gördüm ki, ağrılarım artır, gələn də yoxdur. Yenidən xəstəxanaya getdim, rentgenə düşdüm, dedilər ki, qırığın var. Apar bunu ekspertə ver. Ekspert özü gəldi rəyi götürdü. Aradan 14 gün keçdi, gördüm yenə heç kim gəlmir. Şahin Osmanova zəng edib dedim ki, bəs adamı tapmadınız? Ondan sonra şikayət ərizəsi yazdım. 14 gündən sonra özü, atası, anası yoldaşları gəldi, üzrxahlıq elədi, dedilər biz bir kənddənik. Bundan başqa, o verilən suallara cavab olaraq demişdir: Şahin Osmanov özü bizə gəlmişdi. Sən uşaqları evə apar düşür, deməmişəm. Hadisə yerində adamları seçirdim. Hadisə yerinə post-patrul xidmətinin gəlməsini görməmişəm. Başımın üstündə beş-altı adam var idi, ancaq bilmirəm kimlər idi. Yevlax şəhərində yaşayıram. Hadisə isə işdən çıxıb evə gələndə Yevlax Laçın yolunda olub. Vurulma anı yadımdadır. Mən vuruldum, başımın üstündə camaat var idi. Üzümə su vurduqdan sonra dedilər ki, xəstəxanaya aparın. Maşında aparanda gedəndə gördüm ki, körpə uşaqları var, qorxur həm də əsəbləşib. Dedim ki, qorxmayın, deyərəm özüm yıxılmışam. Elə də ifadə verdim. Adını mənə maşında dedi. Mən özüm də adımı dedim. Ünvanını, atasının adını demədi, mən də öz ünvanımı demədim. Mən ancaq körpə uşaqlarının xatirinə dedim ki, özüm yıxılmışam deyərəm. Mən birinci demişəm ki, velosipeddən yıxılmışam. Məni xəstəxanaya qoydular, çıxanda mən heç kimi görmədim. Təxminən 14 gün sonra evimə gəldilər. Onun bağışlanmasını məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyаsının iclаsındа çıxış edən dövlət ittihаmçısı Rəhman İbrahimov bildirmişdir ki, şikayətdə deyd olunanlar əsassızdır. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını və Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını təklif edirəm. HÜQUQİ MƏSƏLƏLƏR Azərbаycаn Respublikаsı Cinаyət-Prosessuаl Məcəlləsinin (bundan sonra CPM) 397.1ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyаsı cinayət işinin materiallarını, apellyasiya şikayətinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla аrаşdırıb, işdə olаn sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesаb edir ki, аşаğıdа qeyd edilən əsаslаrа görə apellyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki, həmin gün rəhmətlik həkim Hasil Abdullayevlə birgə növbədə idik. Hasil həkim sual verdi ki, nə olub? Xəstə dedi ki, velosipeddən yıxılmışam. Yanında gələn adam isə dedi ki, adım Ceyhundur, özüm Malbinəsi kəndində yaşayıram. Bu velosiped mənim maşınıma dəyib. Xəstənin də elə bir ciddi xəsarəti yox idi. Xəstə yüngül xəsarət almışdı.Üzündə sıyrıqlar var idi. Biz hadisəni kitaba velosipeddən yıxılma kimi saldıq. Xəstənin qəbul məsələsini qəbul şöbəsi həll edir. Polisdə mənə təzyiq edilməyib, dediklərimə düzəliş edilməyib. Ceyhun məndən xəstə barədə heç nə soruşmayıb. Zərərçəkmiş şəxs qeydiyyat şöbəsindən məlumat almaq istəsəydi, ona o məlumatı verərdilər. Birinci instansiya məhkəməsində isə Şahid2 bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə gündəlik növbə üzrə Yevlax Rayon Mərkəzi Xəstəxanasının qəbul şöbəsində növbədə olmuşdur. Həmin gün, saat 19:00-da bir nəfər orta yaşlı kişi xəstəxananın qəbul şöbəsinə gəlmiş, velosipeddən yıxıldığını bildirmişdir. Ona tibbi yardım göstərildikdən sonra o bir müddət xəstəxanada qalmış sonra isə evinə getmişdir. Həmin şəxs xəsarətin yol nəqliyyat hadisəsi nəticəsində yetirildiyini bildirməmiş, onun yanında Təqsirləndirilən şəxs olmamışdır. İbtidai istintaq zamanı şahid qismində ifadə vermiş (i. v. 71-73) Şahid2 bildirmişdir ki, təxminən 17-18 ilə yaxındır ki, Yevlax RMX-nin Cərrahiyyə şöbəsində tibb bacısı işləyirəm. xx xxxxxx 2020-ci il tarixdə gündəlik növbə üzrə mərkəzi xəstəxanada qəbul şöbəsində növbədə idim. Təxminən saat 19 radələrində bir nəfər orta yaşlı kişi xəstəxananın qəbul şöbəsinə gəldi. Həmin vaxt kişi velosipeddən yıxıldığını bildirdi. Biz ona təcili tibbi yardım göstəriləndən sonra bir müddət xəstəxanada qaldı. Sonra isə evinə buraxıldı. Hadisə barədə bildiklərim bunlardır. Bundan sonra o, müstəntiqin sualına cavab olaraq bildirmişdir ki, xeyr, mən onun yol nəqliyyat hadisəsi nəticəsində xəsarət aldığını bilməmişəm və bu barədə heç kim bildirməyib. Həmçinin hər hansı sürücünü görməmişəm. Birinci instansiya məhkəməsində ifadə vermiş Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. xx.xx.2020-ci il tarixdə, axşam saatlarında Ceyhunun idarə etdiyi VAZ-21074 markalı 10- LX-113 dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax şəhərindən çıxaraq yaşadıqları Yevlax rayonunun Malbinəsi kəndinə getmək üçün Bərdə istiqamətində hərəkətə başlamışlar. Həmin zaman avtomobildə onlardan başqa Ceyhunun iki azyaşlı uşaqları da olmuşdur. Yevlax rayonu ərazisində, “Cənnət” kafesinin qarşısına çatan zaman yolun sağ tərəfi ilə hərəkətdə olan velosipedçi gözlənilmədən yolun hərəkət istiqamətinə çıxmışdır. Ceyhun velosipedçini vurmamaq üçün idarə etdiyi avtomobilin sürətini azaldıb sola çəksə də, velosipedçi hərəkətini davam etdirdiyindən sonuncunu avtomobilin sağ yan tərəfi ilə vurmuşdur. Zərbədən velosipedçi yerə yıxılmışdır. Ceyhun avtomobili dərhal saxlamış və o, Ceyhunla avtomobildən enərək velosipedi sürən, adını sonradan öyrəndikləri Elçinə yaxınlaşmışdır. Elçini köməkləşib yerdən qaldıraraq öz avtomobillərinə oturtmuş və Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Hadisədən dərhal sonra post patrul xidmətinin yolla gedən əməkdaşları avtomobildən enərək onlara yaxınlaşmışlar. Lakin onlar tərəfindən hər hansı sual verilməmişdir. Xəstəxanaya gedən zaman Ceyhun Elçinə özünü təqdim etmişdir. Elçin bildirmişdir ki, ciddi xəsarəti yoxdur, rahatsız olmasınlar və onu xəstəxanada düşürüb getsinlər. Buna baxmayaraq, onlar Elçinin tam müayinə olunmasını gözləmişlər. Həkim Elçində hər hansı ciddi xəsarətin olmadığını bildirdikdən sonra xəstəxanadan çıxıb getmişlər. Birinci instansiya məhkəməsində şahid X2 ifadəsində bildirmişdir ki, Yevlax Mərkəzi Şəhər Xəstəxanasında həkim-travmatoloq vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə o, şöbədə növbədə olmuşdur. Axşam saatlarında əvvəllər tanımadığı bir vətəndaş velosipeddən yıxıldığını bildirməklə xəstəxanaya müraciət etmişdir. Həmin gün növbədə olan tibb bacısı daxil olma kitabına müvafiq qeyd aparmışdır. Eyni zamanda, bu barədə Yevlax Rayon Polis Şöbəsinə məlumat verilmişdir. Onun tərəfindən həmin şəxsə ümumi baxış keçirilmişdir. Bu şəxs bildirmişdir ki, velosipeddən yıxılıb və ayağında ağrı var. Eyni zamanda, həmin şəxs ayaq üstə sərbəst dayana bilirdi. Bu səbəbdən həmin şəxsin şikayət etdiyi nahiyəsinin rentgeni yox, skopiyası keçirilmişdir. Bu zaman hər hansı ciddi xəsarətin, sınığın olması müəyyən edilməmişdir. Ola bilsin ki, ilkin skopiya müayinəsi sınığı göstərməmişdir. Bu səbəbdən belə qənaətə gəlmişdir ki, sadəcə ayaq nahiyəsi əzildiyindən ağrı verir. Həmin şəxsə ağrıkəsici dərman vurulmuşdur. Həmin şəxsin yanında kimsə olmamışdır. Həmin gün Təqsirləndirilən şəxs ona müraciət etməmiş və xəstənin yanında olmamışdır. Birinci instansiya məhkəməsində şahid X5 bildirmişdir ki, Yevlax Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsində polis sahə rəisi vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə işdə, növbədə olan zaman Yevlax Şəhər Mərkəzi Xəstəxanasından daxil olmuş əməliyyat məlumatı əsasında xəstəxanaya getmişdir. Əməliyyat məlumatında bir şəxsin velosipeddən yıxılaraq xəsarət aldığı qeyd edilmişdir. Xəstəxanada həmin vətəndaşın şəxsiyyəti müəyyən edilmiş və bu şəxs özünü Zərərçəkmiş şəxs kimi təqdim etmişdir. İlk olaraq Zərərçəkmiş şəxs velosipeddən yıxıldığını bildirsə də, sonradan etiraf etmişdir ki, onu avtomobil vurmuşdur. Yol nəqliyyat hadisəsinin araşdırılması yol nəqliyyat hadisələrinə dair istintaq və təhqiqat şöbəsinə aid olduğundan həmin şöbəyə dərhal məlumat vermişdir. Zərərçəkmiş şəxs onu kimin vurduğunu bilmədiyini demişdir. Birinci instansiya məhkəməsində şahid X8 bildirmişdir ki, DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin YNHDİ üzrə İstintaq və Təhqiqat şöbəsində müstəntiq vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə Yevlax – Ağdam – Laçın yolunun Yevlax rayonunun ərazisindən keçən 4-cü kilometrində naməlum sürücü tərəfindən vətəndaş Zərərçəkmiş şəxs vurulması barədə məlumat daxil olmuşdur. Bu məqsədlə Zərərçəkmiş şəxs onun tərəfindən izahat alınmış və məhkəmə tibbi ekspertizanın təyin edilməsi barədə qərar qəbul edilmişdir. Zərərçəkmiş şəxs bildirmişdir ki, onu rəngini və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil vurmuş və sürücü onu öz avtomobili ilə xəstəxanaya gətirmişdir. xx xxxxxx 2020-ci il tarixdə tərəfindən hadisə yerinə və ərazidə olan müşahidə kamerası tərəfindən qeydə alınmış video görüntüyə baxış keçirilmiş, lakin həmin görüntüdə avtomobilin VAZ-2107 markalı və ağ rəngdə olması müəyyən olunsa da, onun dövlət qeydiyyat nişanını görmək mümkün olmamışdır. Bu səbəbdən həmin şəxsin müəyyən olunması üçün müvafiq qurumlara əməliyyat tapşırığı vermişdir. xx xxxxxx 2020-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsi tərəfindən ona məlumat verilmişdir ki, avtomobil Təqsirləndirilən şəxs Əlövsət oğluna məxsusdur. xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ilkin izahat almışdır. Ceyhun Bəxşəliyev etiraf etmişdir ki, həmin gün avtomobili özü idarə etmiş və yol nəqliyyat hadisəsi baş vermişdir. Zərər çəkmiş şəxsi özü xəstəxanaya aparmış və oradan çıxıb getmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs etiraf etmişdir ki, zərərçəkmiş xəstəxanada velosipeddən yıxıldığını bildirdiyindən, özü barədə nə zərər çəkən şəxsə, nə də xəstəxananın işçilərinə məlumat verməmişdir. Sonradan istintaq zərurəti ilə əlaqədar bir neçə dəfə Təqsirləndirilən şəxs şöbəyə dəvət etmiş, ona qarşı hər hansı qanunsuz hərəkət etməmiş, o cümlədən ondan rüşvət tələbi olmamışdır. Bunlardan əlavə, cinayət işinin materiallarında olan (i. v. 35-36) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Yevlax rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli 87 №-li rəyində qeyd olunur ki, müayinə zamanı Zərərçəkmiş şəxs bədəni üzərində sağ qalça sümüyünün qanadının sınığı müəyyən edilmişdir. Müəyyən edilmiş xəsarət küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir, səhhətin uzun müddətə pozulmasına səbəb olmuş və bu əlamətinə görə dərəcəsi sağlamlığa az ağır zərər vuran xəsarətlərə aid edilir. Cinayət işinin materiallarında olan yol nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx.xx.2020-ci il tarixli 8/148 saylı rəyində (i. v. 45-48) qeyd olunur ki, VAZ 21074 markalı **- LX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs velosipedçini xəstəxanaya apardıqdan sonra özü barədə məlumat vermədən getdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Yol nəqliyyat hadisəsini özündə əks etdirən video görüntüyə baxış keçirilmişdir. “Yevlax Rayon Mərkəzi Xəstəxanası” X12 tərəfindən təqdim edilmiş xəstələrin qeydiyyatı aparıldığı jurnalının surətindən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs velosipeddən yıxılması nəticəsində sağ bud çanağının əzilməsi diaqnozu ilə qeydə alınmışdır. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 263.1 maddəsi ilə cinayət təqibinə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsla barışdığından xitam verilmişdir. Beləliklə, təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini mübahisələndirsələr də, məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinin tələblərinə əməl edilərək, Təqsirləndirilən şəxs CM-in 264-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və Təqsirləndirilən şəxs əməli CM-in 264-cü maddəsilə düzgün tövsif olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Təqsirləndirilən şəxs hadisə yerindən qaçmaması, zərərçəkmiş şəxsə yardım göstərərək onu xəstəxanaya çatdırması, hadisənin məhz onun tərəfindən törədildiyini polis əməkdaşlarına və həkimə bildirməsi, sonra xəstəxanaya qayıtdığında tibb işçilərinin və polis əməkdaşlarının Zərərçəkmiş şəxs barədə ona məlumat verməməsi, hadisə yerində olan video görüntlərin tam olmaması barədə dəlillərinə tənqidi yanaşır və bu dəlillərin əsassız olması qənaətinə gəlir. Belə ki, CM-in 264-cü maddəsinə görə, bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması cinayət məsuliyyətinə səbəb olur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci addəsinin İV hissəsinə əsasən isə mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı: 1) nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nikanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir; 2) zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır; 3) başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri- mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir; 4) hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir; 5) əgər yol-nəqliyyat hadisəsi nəticəsində heç kim xəsarət almamışdırsa, maddi zərər cüzidirsə, nəqliyyat vasitələrində, onların hərəkət etməsinə mane ola biləcək nasazlıq yoxdursa və yol-nəqliyyat hadisəsini törədənlər hadisənin baş verdiyi şəraiti qiymətləndirməkdə razılığa gələrlərsə, hadisənin sxemini tərtib edib imzaladıqdan sonra, hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair xx xxxxx 2012ci il tarixli qərarında isə göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 18:25 radələrində Yevlax-Ağdam- Laçın avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən 4-cü kilometrində idarə etdiyi VAZ-21074 markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam rayonu istiqamətində 40-50 km/saat sürətlə hərəkət edərkən yolun sağından soluna hərəkət edən velosipedçi Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ hissəsi ilə vurmuş, lakin hadisədən sonra nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməli, zərərçəkən şəxsə “Təcili tibbi yardım” maşını çağırmalı, yalnız bu mümkün olmadıqda özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməli, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməli, hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmalı olduğu halda hadisədən sonra zərərçəkmiş şəxsi öz avtomobilinə qoyaraq Yevlax RMX-ya aparmış, xəstəxanada zərərçəkmiş şəxsin tibb müəssisəsinə velosipeddən yıxılaraq xəsarət alması barədə məlumat verməsindən razı qalaraq oradan getmiş, bundan sonra da zərərçəkmiş şəxslə görüşməmiş, onun səhhəti ilə maraqlanmamış, habelə nə zərərçəkmiş şəxsə, nə də müvafiq icra hakimiyyəti orqanına nə şəxsiyyəti, nə də hadisə barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs həm apellyasiya şikayətində, həm də ifadəsində zərərçəkmiş şəxs özü barədə məlumat verdiyi bildirsə də, Zərərçəkmiş şəxs tərəfindən xx xxxxxx 2020-ci ildə DİN baş istintaq və təhqiqat Şəbəsinin RYNHDİ üzrə istintaq və təhqiqat şöbəsinin müstəntiqi polis kapitanı Şahin Osmanova ünvanlanmış ərizədə (i. v. 37) qeyd edilmişdir ki, yazıb sizə bildirirəm ki, xx xxxxxx 2020-ci ildə, saat 17 radələrində Yevlax-Ağdam-Laçın yolunun Yevlax rayonu ərazisindən keçən 4-cü kilometrində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində mən bədən xəsarətləri almışam. Bildirirəm ki, hadisədən təxminən 14 gün sonra məni vurmuş avtomobilin sürücüsü adını və kimliyini sonradan bildiyim Təqsirləndirilən şəxs və onun atası Şahid1 adlı şəxslər mənim evimə gələrək üzrxahlıq etdilər, müalicəmə kömək etdilər. Bu səbədən mən onlardan şikayətçi deyiləm. Xahiş edirəm nəzərə alasınız və Ceyhun Baxşəlıiyevə köməklik edəsiniz. Bundan başqa, Şahid2 məhkəmə kollegiyasınında iclasında “...xəstənin yanında gələn adam isə dedi ki, adım Ceyhundur, özüm Malbinəsi kəndində yaşayıram. Bu velosiped mənim maşınıma dəyib” kimi ifadə versə də, o birinci instansiya məhkəməsində verdiyi ifadəsində bildirmişdir ki, ...həmin şəxs xəsarətin yol nəqliyyat hadisəsi nəticəsində yetirildiyini bildirməmiş, onun yanında Təqsirləndirilən şəxs olmamışdır... İbtidai istintaq zamanı isə Şahid2 sonunda öz dəst-xətti ilə “oxudum, sözlərimlə düzdür, əlavəm yoxdur, imzamla təsdiq edirəm” yazaraq verdiyi ifadəsində bildirmişdir ki, ...xeyir, mən onun yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət aldığını bilməmişəm və bu barədə heç kim bildirməyib, həmçinin hər hansı sürücü görməmişəm. O da qeyd olunmalıdır ki, Şahid2 ilkin ifadələrindən fərqli olaraq məhkəmə kollegiyasının iclasında “Eşitdim ki, o deyir mən Ceyhunam, Malbinəsində yaşayıram” deməsini heç nə ilə əsalandıra bilməmiş, susmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası şahidin həmin ifadəsini mötəbər sübut kimi qəbul etmir. Digər tərəfdən, birinci instansiya məhkəməsinin iclasında şahid X2 ifadəsində bildirmişdir ki ...həmin şəxsin yanında kimsə olmamışdır. Həmin gün Təqsirləndirilən şəxs ona müraciət etməmiş və xəstənin yanında olmamışdır... Məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs da verilən suallara cavab olaraq demişdir ki, ...adını mənə maşında dedi. Mən özüm də adımı dedim. ..Ünvanını, atasının adını demədi, mən də öz ünvanımı demədim. Apellyasiya şikayətin Təqsirləndirilən şəxs hadisə barədə yol nəqliyyat hadisəsi baş verən yerdə olan polis əməkdaşlarına məlumat verməsi barədə dəlillərinə gəlincə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında olan video görüntüyə baxanda hadisə yerinə post patrul xidməti əməkdaşlarının gəlməsi müəyyən olunmur. Eyni zamanda, Zərərçəkmiş şəxs ibtidai istintaq, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında verdiyi ifadələrdə bildirmişdir ki, ...Hadisə yerinə postpatrul xidmətinin gəlməsini görməmişəm. Şikayətin sonuncu dəlili ilə təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs yerini öyrənmək istəməsi, onun yeri barədə mərkəzi xəstəxananın əməkdaşlarından və polis şöbəsindən məlumat almaq istəməsinə baxmayaraq, heç kim tərəfindən ona məlumat verilməməsi ilə bağlı da məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs bu istiqamətdə hər hansı bir hərəkət etməsinə dəlalət edən heç bir sübut yoxdur. Digər tərəfdən, məhkəmə kollegiyasının iclasında ifadə verən Şahid2 verilən suallara cavab olaraq bildirmişdir ki, qeydiyyat şöbəsində xəstə barədə məlumatlar yazılır. Ceyhun məndən xəstə barədə heç nə soruşmayıb. Ceyhun qeydiyyat şöbəsindən məlumat almaq istəsəydi, ona o məlumatı verərdilər. Beləliklə, Təqsirləndirilən şəxs ona israr edilən cinayət əməlini törətməməsi barədə göstərdiyi xüsusatlar məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Əksinə, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətməsi işdə olan digər sübutlarla tam təsdiqini tapır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə bir-birini tamamlayır. Sübutlar arasında heç bir uyğunsuzluq və ziddiyyət yaranmır. Təqsirləndirilən şəxsin apellyasiya şikayətində və məhkəmələrdə verdiyi ifadəsində göstərdiyi xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiqini tapmır. Bütün bunlar isə belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 264-cü maddəsinin tərkibi vardır. CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. İbtidai istintaq zamanı toplanmış, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətmişdir. Ona məhkum olunduğu CM-in 264-cü maddəsi ilə bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Apellyasiya şikayətinin bütün dəlilləri əsassızdır. Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 349.4-cü maddəsi). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də, hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). CM-in 5.1-ci maddəsinə əsasən, əməlin cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir (CM-in 58.1-ci maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq, Təqsirləndirilən şəxs israr olunan cinayəti törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş, təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın növü və həddi düzgün müəyyən edilmişdir. Bundan başqa, ibtidai istintaq və birinci instansiya məhkəməsində icraat zamanı cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası CPM-in 392.3-cü maddəsinə uyğun olaraq, apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib, apellyasiya şikayətinin təmin olunması üçün qanuni əsaslar tapmayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Şərh edilənləri və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-64/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-64/2021
30.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver