Məhkəmə qərarları › İş №1(107)-66/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-66/2021

17.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-66/2021 17.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X5, müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakim-Əliyev Rəşad Şəmşir oğlunun sədrliyi, hakimlər-X6 və X3 ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli hökmü ilə, xx xxxx 1966-cı ildə Balakən rayonu Qullar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunamamış, Balakən rayonu Mahamalar kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 5(beş) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəli xx xxxxxx 2020-ci ildən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanılması, iş üzrə maddi sübut olan və Balakən RPŞ-nin saxlanc anbarında saxlanılan- Təqsirləndirilən şəxs yaşadığı evə baxış zamanı aşkar edilərək götürülmüş 1 ədəd ağ zərfdə qablaşdırılmış 6 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri, 1 ədəd ağ zərfdə qablaşdırılmış 1 ədəd narkotik tərkibli çətənə bitkisi, 4 ədəd sintetik kisədə qablaşdırılmış 587 ədəd narkotik tərkibli çətənə bitkiləri və 01 ədəd sintetik kisədə qablaşdırılmış torpaq nümunələri əhəmiyyəti olmadığından məhv edilməsi, Təqsirləndirilən şəxs 34,55 AZN (otuz dört manat əlli beş qəpik) ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınması müəyyən edilmişdir. işin halları: Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, o, 2019-cu ilin iyun ayında Balakən rayonu Mahamalar kəndinin yaxınlığındakı meşə sahəsində aşkar etdiyi narkotik tərkibli çətənə bitkilərinin istintaqa məlum olmayan sayda toxumlarını əldə edib daşıyaraq yaşadığı Balakən rayonu Mahamalar kəndində yerləşən evinə gətirərək saxlamış, həmin toxumları 2020-ci ilin iyul ayında Balakən rayonu Mahamalar kəndində yaşadığı evin həyətyanı sahəsindəki dirrikdə bir hissəsini 4 ədəd dibçəkdə, çox hissəsini isə həmin dirrikdə torpağa qəsdən, qanunsuz olaraq, əkmiş 3 ədəd dibçəkdə bitmiş 6 ədəd narkotik təbiətli çətənə(kannabis) bitkisinin şitillərinə, 1 ədəd dibçəkdə bitmiş 1 ədəd narkotik tərkibli çətənə(kannabis) bitkisinə, eləcə də torpaqda bitmiş 587 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərini alaq otlarından təmizləyib suvararaq, onlara aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə külli miqdarda, yəni cəmi 594 ədəd tərkibində narkotik tərkibli çətənə(kannabis) bitkilərini və narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitillərini qəsdən, qanunsuz olaraq kultivasiya etmiş, xx xxxxxx 2020-ci il tarixdə saat 11-13 radələrində Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evin həyətyanı ərazisində yerləşən dirrik sahəsinə öz könüllü razılığı və iştirakı ilə keçirilmiş baxış zamanı 3 ədəd dibçəkdə olan 8 santimetrdən 10 santimetrədək hündürlükdə 6 ədəd narkotik təbiətli çətənə(kannabis) bitkilərinin şitilləri, 1 ədəd dibçəkdə olan 20 sm hündürlükdə 1 ədəd narkotik tərkibli çətənə(kannabis) bitkisi, bununla yanaşı, 18 sm-dən 109 sm-dək hündürlükdə olan, 580 ədədi torpağa əkilmiş vəziyyətdə köküstündə, 7 ədədi isə kökündən çıxarılaraq həmin sahənin kənarına atılmış vəziyyətdəcəmi 587 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilib götürülmüşdür. Bununla da o, qəsdən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda çətənə (kannabis) bitkilərini kultivasiya etmə cinayət əməlini törətmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. apellyasiya şikayətlərinin və proses iştirakçılarının dəlilləri Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün dəyişdirilərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, eləcə də verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs oğlu və onun müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətin təmin olunmasını, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X9 apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin və müdafiəçisinin, habelə dövlət ittihamçısının apellyasiya şikayəti ilə bağlı çıxış və xahişlərini dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya inistansiyası məhkəməsi birinci inistansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi iclas zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, iş üzrə maddi sübut olan çətənə bitkiləri onun həyətindən aşkar edilmişdir. O, təxminən 2 il əvvəldən marixuana istifadə etməyə başlamış və şəxsi istifadəsi üçün, təxminən 1 il əvvəl meşə sahəsindən taparaq evinin arxa sahəsində yerləşən tikilidə saxladığı toxumları əkmiş və suvamışdır. Nəticədə 600 ədəd çətənə bitkiləri bitmiş, lakin bitkilərdən təxminən 200 ədədi çiçəkləmişdir ki, bu da onların yararsızlığına gətirib çıxarmışdır. Əkərkən o, çətənə bitkilərinin bu qədər çox sayda olacağını bilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi bir sıra xüsusatları özünün müdafiə xararkteli hesab edir. Belə ki, təqsirləndirilə şəxs əkdiyi çətənə bitkilərin 200 ədədinin çiçəklədiyi üçün bu hissədə özünün irəli sürülmüş ittiham üzrə qismən təqsirli bilmədiyini qeyd etsə də, məhkəməyədək icraat zamanı özünü tam təqsirli bildiyini göstərmiş və xx.xx.2020-ci il tarixdə dirrik sahəsində əkmiş olduğu çətənə bitkilərindən təxminən 7 ədədinin çiçək açdığına və gələcəkdə məhsul verməyəcəyinə yəni erkəklədiyinə görə dirrik sahəsindən çıxararaq kənara atdığını göstərmişir ki, bu da, qeyd edilən xüsusatın həqiqət olmadığını göstərir. Digər tərəfdən iş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizası nəticəsində də, bu xüsusat təkzib olunur. Təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsindəki daha bir özünü müdafiə xarakterli xüsusat əkərkən bu qədər çox sayda çətənə çıxacağını bilmədiyini deməsi olmuşdur. Çünki, məhkəmə iclasında təqsirləndirilən şəxs yeganə işinin və gəlir mənbəyinin kənd təsərrüfatı olduğunu bildirmişdir ki, məhz peşakar şəkildə kənd təsərrüfatı ilə məşğul olan şəxsin yerə əkib-becərərkən toxumları saymaması və niyyətindən kənar planlaşdırdığından kəskin surətdə artıq bitki çıxması inandırıcı deyildir. Digər tərəfdən onun tərəfindən yararsız hesab edilərək bir hissəsinin çıxarılması digər hissəsinə isə qulluğun davam etdirdiyi, o cümlədən hadisə yerinə keçirilmiş baxış nəticəsində həmin bitkilərin səliqəli şəkildə əkilib-becərildiyi və aqrotexniki qaydada quluq göstərildiyi müəyyən olunmuşdur ki, bu da, təqsirləndirilən şəxsin göstərdiyi həmin xüsusatın həqiqəti əks etdirmədiyini bir daha təsdiq edir. Qeyd edilənlər təqsirləndirilən şəxsin göstərdiyi həmin xüsusatın da, özünün müdafiə xarakterli olduğunu və əməlinin ona qarşı irəli sürülmüş ittihamdan bir qədər az ictimaitəhlükəlili olduğunu göstərməyə yönəldiyini təsdiq edir. Birinci instansiya məhkəməsi iclasında şahid Balakən rayon Polis şöbəsinin Narkotilərə qarşı mübarizə qrupunun əməliyyat müvəkkili Şahid2 ifadə verərək tədbirlər planına uyğun olaraq mütəmadi olaraq narkotiklərlə mübarizə apardıqlarını, xx xxxxxx 2020-ci il tarixdə daxili qoşunların əməkdaşları ilə birlikdə əməliyyat axtarış tədbirləri keçirildiyini, helikopter vasitəsi ilə orada şübhəli bir sahə aşkarladıqlarını, şübhəli sahə aşkar olunduqdan sonra rəhbərliyə məruzə edilərək həmin ünvana aqronom dəvət olunduğunu, sonradan onlara şöbədən xəbər verildikdən sonra o, bir qrup polis şöbəsinin əməkdaşları ilə birlikdə həmin yerə gəldiklərini, şəxsin qapısına yaxınlaşdıqlarını, Təqsirləndirilən şəxs qapını açdıqdan sonra özlərini təqdim etdiklərini, təxirəsalınmaz qərarı təqdim edərək əraziyə baxış keçirilməsini şəxsə bildirdiklərini, həmçinin həyətində narkotik vasitəyə oxşar maddələr olduğunu bildirdiklərini, həmin şəxsin səmimi olaraq etiraf etdiyini və etiraz bildirmədiyini, içəri keçən zaman, dibçəklərdə 7 ədəd, habelə bir neçə ədədi kökündən çıxarılmış və qalanı yerdə əkilmiş olan ümumi 587 ədəd narkotik tərkibli ağacların olduğunu müəyyən etmişlər. Bundan sonra həmin şitil və ağaclar qablaşıdırılaraq götürülmüş və protokol tərtib edilmişdir. O, narkotiklərin sayılmasında şəxsən iştirak etmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilən-Balakən RPŞ-nin İctimaitəhlükəsizlik bölməsinin sahə rəisi Şahid3, Balakən RPŞ-nin Post-patrul xidməti bölüyünün polis nəfərləri Şahid5 və Şahid4 Asim oğlu, Şahid2 ifadəsinə uyğun ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiqlədilər. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilən Balakən Dövlət X7 bitkiçilik sektorunun müdiri Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirlərinə mütəxəssisaqronom kimi cəlb edilmiş və Balakən rayonu Mahamalar kənd sakini Təqsirləndirilən şəxs evinə sonuncunun iştirakı ilə və videoçəkilişlə keçirilən baxışda iştirak etmişdir. Həmin baxış zamanı evin həyətyanı sahəsindən yerdən, dibçəklərdə və yerə əkilmiş 1-2 sotluq sahədən cəmi 594 ədəd aqrotexniki qaydada qulluq göstərilmiş narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək polis əməkdaşları tərəfindən götürülməklə qablaşdırılmış və protokol tərtib edilmişdir. Onun tərəfindən bu bitkilərə aqrotexniki qaydada qulluq göstərilməsini təqdiq edən rəy verilmişdir. Hazırda da həmin rəyi təsdiq edir. Cinayət işinin materiallarında olan hadisə yerinə baxış protokolu və həmin protokola əlavə edilmiş CD diskdə qeydə alınmiş videogörüntülərə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs çətənə(konnabis) bitkilərini əkdiyi sahə içərisində 6 otaq, 2 zaldan və 1 mansarddan ibarət ev və 1 otaq talvarlı ayrıca tikilədən ibarət evin yerləşdiyitəxminən 1 ha həyətyani sahənin 11,5 metr X 11,5 metr ölçüdə hissəsidir. Oradan uzunluqları 8-13 sm olan 6 ədəd bitki 3 dibçəkdə, daha 1 ədəd ayrıca dibçəkdə, sahənin kənarında 7 ədəd köküündən çıxarılmış və 587 ədəd çətənə(konnabis) bitkisinə oxşar bitkilər aşkar edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X8 bölməsindən alınmış xx xxxxxx 2020-ci il tarixli 17/519 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, təqdim olunmuş, üzərində "Təqsirləndirilən şəxs yaşadığı evin dirrik sahəsində...əkdiyi 6 ədəd..." sözləri və imzalar yazılmış zərfin içərisindəki uzunluqları 08 sm-dən 10 sm-dək, ümumi təmiz çəkiləri-1,06 qram olan 06 (altı) ədəd bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə(kannabis) bitkisinin şitilləridir. Təqdim olunmuş, üzərində "...Təqsirləndirilən şəxs yaşadığı evin dirrik sahəsində...əkdiyi 1 ədəd..." sözləri və imzalar yazılmış zərfin içərisindəki uzunluğu 20 sm, təmiz çəkisi- 4,32 qram olan 01 (bir) ədəd bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkisidir. Təqdim olunmuş, hər birinin üzərinə yapışdırılmış ağ kağızda "...Təqsirləndirilən şəxs yaşadığı evin dirrik sahəsindən aşkar edilmiş..." sözləri və imzalar yazılmış 04 (dörd) ədəd sintetik kisələrin içərisində uzunluqları 18 sm-dən 109 sm-dək, ümumi təmiz çəkiləri-33 kiloqram 650 qram olan 587 (beş yüz səksən yeddi) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkiləridir. Aqronom-mütəxəssis Şahid1 xx xxxxxx 2020-ci il tarixli rəyinə əsasən 594 (beş yüz doxsan dörd) ədəd çətənə bitkilərinə və şitillərinə aqrotexniki qaydada qulluq edilmişdir. Təqdim olunmuş 594 (beş yüz doxsan dörd) ədəd çətənə bitkilərinin və şitillərinin köklərində olan torpaq ilə 01 (bir) ədəd sintetik kisənin içərisindəki torpaq nümunələri qrup və cinsi əlamətlərə görə eynidirlər. Cinayət işi materiallarında olan Gəncə Səhiyyə İdarəsinin Gəncə şəhər ambulator məhkəmə-narkoloji ekspertizasından alınmış xx xxxxxxxx 2020-ci il tarixli 828 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan Balakən rayonu Mahamalar kənd İƏD üzrə nümayəndəliyinin tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışlardan görünür ki, o, həqiqətən Balakən rayonu Mahamalar kənd sakinidir və ailə üzvləri arvadı – xx.xx.1977-ci il təvvəllüdlü X1, qızı – xx.xx.1994-cü il təvəllüdlü X2 və oğlu – xx.xx.1999-cu il təvəllüdlü X4 ibarətdir. Cinayət işi materiallarında olan Balakən rayonu Mahamalar kənd İƏD üzrə nümayəndəliyinin tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Balakən rayonu Mahamalar kəndində İƏD-də qeydiyyatdadır, yaşadığı müddətdə qonşuları və ətrafı ilə münasibəti yaxşı olmuş, onun barəsində Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə şifahi və yazılı müraciət daxil olmamış, heç yerə işləməmiş, ailə kəndli təsərrüfatı ilə məşğul olmuşdur. Cinayət işinin materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “Şübhəli şəxsi tutma” protokolundan görünür ki, Balakən rayonu Mahamalar kənd sakini Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Təqsirləndirilən şəxs tutulması xx xxxxxx 2020-ci il tarixdən saat 11:05-dən hesablanmışdır. Cinayət işinin materiallarında olan Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, həbs müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Məhkəmə kollegiyası işdə olan sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinаyət hаdisəsinin və cinаyət tərkiblərinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirliliyi kifayət qədər sübutа yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Аzərbаycаn Respublikаsı Cinаyət Məcəlləsinin 237.2.3-cü mаddəsi ilə təqsirli bilib 5 il 6 ay müddətə аzаdlıqdаn məhrum etmə cəzаsınа məhkum etmişdir. Məhkumun cəzаsını ümumi rejimli cəzаçəkmə müəssisəsində çəkməsi, cəzа çəkməsi müddətinin əvvəlinin xx xxxxxx 2020-ci il tarixdən hesаblаnmаsı müəyyən edilmişdir. Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Cinayət Məcəlləsinin 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin etməkdə düzgün nəticəyə gəlsə, həmin cəzanın həddini işin faktiki hallarına, təqsirkarın şəxsiyyətinə uyğun təyin etməmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması qənaətinə gəlmişdir. Apellyasiya məhkəməsi təqsirləndirilən şəxs Kamil Sultanovun ilk dəfə məhkum olunmasını, törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirilən hal kimi qiymətləndirir, həmçinin onun əməlində CM-nin 61-ci maddəsinə əsasən ağırlaşdırıcı halın olmaması qənaətinə gəlir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirməyə əsas verən halları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, cəzanın məqsədlərini və islah təsirini təmin etmək baxımından Təqsirləndirilən şəxs uzunmüddətli azadlıqdan məhrum etmə cəzasının çəkməsinə zərurət yoxdur, ona təyin edilmiş cəzanın təqsirli bilindiyi maddənin sanksiyası həddində yüngülləşdirilməsi məqsədəuyğundur. Məhkəmə kollegiyası bu qənaətini aşağıda qeyd olunanlarla əsaslandırır: Birincisi, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xаrаkterizə оlunurlаr; İkincisi o, əməlini səmimi şəkildə etirаf edərək peşmаn оlduğunu bildirir; Üçüncüsü Təqsirləndirilən şəxs оğlu Balakən rayonu Mahamalar kəndində qeydiyyatda olmaqla ailə tərkibi özü, arvadı, 2 qız və 1 oğlan övladından ibarət olsa da, Balakən rayonu Mahamalar kəndindən verilən 1174 nömrəli arayış və xasiyyətnamədən görünür ki, onun ailə üzvlərindən heç kəs işləmir. Özü isə kənd təsərrüafı ilə məşğul olmuşdur. Kənddə yaşadığı müddət ərzində qonşuları və ətrafı ilə münasibətləri yaxşı olmuşdur, onun barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Dördüncüsü təqsirləndirilən şəxs könüllü olaraq təqsirini boynuna almaqla ilk gündən səmimi ifаdə verməklə istintаqın gedişinə köməklik etməsi, müsbət xаrаkterizə оlunmаsı оnun müsbət fərdi-psixi xüsusiyyəti barədə mülahizə yürütməyə əsas verir, onun islah olunmaz, yaxud çətin islah olunan insan kimi xarakterizə etməyə imkan vermir. Məhkəmə prosesinin gedişində də təqsirləndirilən şəxsin müsbət fərdi-psixi xüsusiyyətləri müşahidə olunmuş, onun, proses iştirakçısı kimi mədəni və etik qaydalara uyğun davranış nümayiş etdirmişdir; Beşincisi təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran heç bir hal yoxdur, cəzasını yüngülləşdirən hаllаr isə mövcuddur. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, CM-nin residivə görə cəza təyin edilməsinin əsaslarını müəyyən edən Cinayət Məcəlləsinin 65-ci maddəsində qeyd edilir ki; 65.1. Residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. 65.2. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. CM-nin 237.2.3-cü maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Nəzərə alınsa ki, eyni növ cinayət əməlinin xüsusi təhlükəli residiv törəfindən törədilikdə ona təyin ediləcək cəzanın aşağı həddi 6 il azadlıdan məhrum etmə cəzası nəzərdə tutulduğu halda birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə əvvəllər məhkum olunmamış, ilk dəfə cinayət əməli törətmiş Təqsirləndirilən şəxs təyin edilmiş 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası həddən artıq ağır olmuşdur. Məhkəmə kollegiyasının fikrincə, artıq törədilmiş əməlin kriminallığını xeyli dərəcədə zəiflədiyindən, onun ictimai təhlükəlilik dərəcəsini azaldan yuxarıda qeyd edilən halların olmasını təqsirləndirilən şəxsə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının həddi işin faktiki hallarına uyğun gəlmir. Ona görə də məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsə onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nisbətən aşağı həddə cəza təyin edilməsini cəzanın məqsədlərini və islah təsirini təmin etmək baxımından yetərli sayır. Bu baxımdan təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə kollegiyası, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, eləcə də cinayətin məqsədi və motivi, cinayətin törədilməsindən sonra onun davranışı ilə bağlı müstəsna halları, habelə cinayətin ictimai təhlükəliyini əhəmiyyətli dərəcədə azaldan digər halların olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nisbətən aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilməli, qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 405.1 və 405.1.1-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi məhkuma təyin edilmiş cəzanı yüngülləşdirdikdə birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Cinayət-Prosessual Məcəlləsinin 398.1.4-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq qərara aldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020cu il tarixli, 1(091)-165/2020 saylı hökmü cəzaya aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 4(dörd) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlansın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərаrdаn Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. iş üzrə sədrlik edən hakim Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar