Məhkəmə qərarları › İş №1(107)-69/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-69/2020

21.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-69/2020 21.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, Babayeva Vəfa Həsən qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas x4, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Şəki Regional Vəkil Bürosunun vəkili x1 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair x7 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiyaşikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: x7 Məhkəməsinin (hakimlər N.Mirzəyev (sədrlik edən), R.Hüseynov və B. Məmmədovdan ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli hökmü ilə xx xxxxxx 1993-cü ildə, İsmayıllı rayonunun Kürdmaşı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, İsmayıllı rayonunun Kürdmaşı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə x2 saxlanılan Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, dörd il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edillməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının xx xxxxxx 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunması, iş üzrə maddi sübut olan və Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin saxlama yerində saxlanılan bir ədəd qayçı, Zərərçəkmiş şəxs məxsus bir ədəd mayka və bir ədəd köynəyin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi müəyyən edilmişdir. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu ildə, saat 22 radələrində İsmayıllı rayonunun Kürdmaşı kəndində küçədə həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş sözlü mübahisə zamanı Zərərçəkmiş şəxs yumruqla onu vurmasından sonra sonuncudan qisas almaq məqsədilə üzərində olan qayçı ilə qəsdən Zərərçəkmiş şəxs iki dəfə vuraraq həm döş qəfəsinin soldan bir ədəd kəsilmiş xəsarəti yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət, həm də yetirildiyi anda insan həyatı üçün təhlükəli olan mədənin və 12 barmaq bağırsağın zədələnməsi ilə müşayiət olunan qarının ön divarının qarın boşluğuna nüfuz edən bir ədəd bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Hökmdən Təqsirləndirilən şəxs apelyasiya şikayəti vermişdir. Dövlət ittihamçısı tərəfindən apelyasiya protesti və apelyasiya şikayətinə qarşı etiraz verilməmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə düzgün baxılmayıb. Zərərçəkmiş şəxs xx.xx.2019-cu ildə isitintaqa verdiyi ifadə sübut edir ki, münaqişə zərərçəkmiş şəxs tərəfindən baş vermişdir. Xəsarətə gəldikdə, mən ona yüngül xəsarət yetirmişəm. Məhkəmə gedişatında zərərçəkmişin anası Kəmalə Mikayılova öz ifadəsində bildirmişdir ki, yaraya özü cərahi müdaxilə göstərmişdir. Belə ki, Gəray xx.xx.2019-cu ildə, saat 23 radələrində xəstəxanaya aparılmışdır. Həkimlər onun 03-04 radələrində əməliyyat olunduğunu bildirsələr də, məsuliyyətdən yayınmaq üçün belə ifadə vermişlər. Hökm belədir ki, xx.xx.2019-cu ildə, saat 23 radələrində xəstəxanaya daxil olmuşdur. Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2019-cu ildə, saat 9 radələrində həyat yoldaşına zəng vurub və yoldaşı Kəmalə oğlunun əməliyyata hazırlandığını bildirmişdir. Sonra oğluna zəng vurub oğlu ilə də danışmışdır. Oğlu ona demişdir ki, yıxılıb məftil batıb. Bu da sübut edir ki, Gərayın xəsarəti çox ağır dərəcəli olmayıb, həmin gün saat 9-da əməliyyata alınıb. Oudur ki, bunların hamısını nəzərə alaraq, ədalətli qərar qəbul edilməsini apelyasiya instansiya məhkəməsindən xahiş edirəm. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyasının iclasında ifadə verən Təqsirləndirilən şəxs bildirmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə kəndimizdə toyda idim. Həmin vaxt araq yox, pivə içmişdim və mağarda oturub toya baxırdım. Həmin vaxt Gəray məni çağırdı və biz mağaranın arxa tərəfinə keçdik. Gəray orada məndən soruşdu ki, bundan qabaq avqustun 10-da toyda baş vermiş söz-söhbətə görə məndən inciməmisən? Mən də dedim ki, heç bir inciklik yoxdur. Orada barışdıq. Gəray içkili idi. Oradan aralananda mən qabaqda gedirdim, Gəray isə arxamca gəlirdi. O, xalası oğlu Səfanı gördükdən sonra qəfil yumruqla baş nahiyəmə vurmağa başladı. Sonra məni təpiklə vurdu, mən yerə yıxıldım və o, məni təpiklə vurmaqda davam edirdi. Bu zaman xalası oğlu Səfa tez yaxınlaşaraq bizi araladı, Gərayı qırağa itələdi. Mənim başımdan qan axırdı. Səfa məni arxın yanına aparıb başımı yudu. Mən evə getdim. Bir-iki saat keçdikdən sonra toya qayıtdım. Gəray məni bir dəfə də çağırdı. Həmin vaxt mən stoldan lentin kəsilməsi üçün hazırlanmış qayçını götürüb arxa cibimə qoydum. İkimizin olduğu yerdə Gəray ünvanıma nalayiq ifadələr işlədərək yumruq və təpiklə məni vurmağa başladı. Buna dözə bilməyib qayçını çıxardıb onu ziqzaqvari formada fırlatdım. Bu zaman onu vurmuşam. Eksperiza göstərir ki, xəsarətin birinin ölçüsü 1 sm, o birinin ölçusu 0,7 sm-dir. Ona yetirdiyim xəsarətlər ağır olmamışdır, Gərayın ağır xəsarəti olubsa da, mənim bundan xəbərim yoxdur. Ekspertin rəyi ilə razılaşmıram. 0,7 sm ölçüdə olan xəsarətlə necə olur ki, mədə və 12 barmaq bağırsaq deşilir. Ekspertiza da göstərilir ki, xəsarət əlbəyaxa davasında alınmışdır. Zərərçəkmiş şəxs də mənə xəsarət yetirmiş, başımı yaralamış, amma aldığım xəsarətlərə ekspert münasibət bildirməmişdir. Zərərçəkmiş şəxsin həm mənə xəsarət yetirməsi, həm də anasını müdafiə etməsi onu yalan danışmağa vadar edir. Zərərçəkmiş şəxsin anası birinci instansiya məhkəməsində özü etiraf etmişdir ki, Gərayın yarasını yarıb baxdım və onun qarın nahiyyəsinə keçmədiyini müəyyən etdim və sonra Gəray çıxıb getdi. Şahid2 oğlunu müdafiə edir, oğlu da onu müdafiə edir. Gəraya ağır xəsarət yetirməmişəm, ona yetirdiyim xəsarət yüngül zərər vurmaya aiddir. İş üzrə ədalətli araşdırma aparılmalı, yalnız etdiyim cinayətə görə ədalətlicəza təyin edilməlidir. Şahid2 oğlunun yarasını yardığını birinci instansiya məhkəməsində etiraf etmişdi. O, oğlunu yardığı, onu həkimə gec apardığı, həkimin də yalan ifadə verməsini gizlətdiyi üçün yalan danışır. Bundan başqa, mənə narkomaniyadan məcburi müalicə təyin olunmuşdur. Mən narkotik aludəçisi deyiləm, ondan istifadə etmirəm. Bu da ekspert rəyinin qərəzli olduğunu sübut edir. Ona görə də işimə ədalətli baxılmasını xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, toy günü Təqsirləndirilən şəxs çöldə mağar tərəfdə dayanıb söyüş söyürdü. Mən ona yaxınlaşıb dedim ki, söyüş söymək lazım deyil, söymə, burada camaat var. Buna görə aramızda mübahisə düşdü. Ondan sonra çıxıb getdik. Axşam saat 11 radələrində o, qayçı ilə mənə xəsarət yetirib. İfadə verdikdən sonra Zərərçəkmiş şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, indiyədək verdiyim ifadələrin hamısını təsdiq edirəm. Təqsirləndirilən şəxslə mübahisəmiz onun söyüş söydüyünə görə baş verdi. Bundan əvvəl də aramızda başqa toyda yüngülvari mübahisə düşmüşdü. Qaranlıq idi, o məni vuranda mən heç bilmədim, evə gedirdim. Döş və qarın nahiyimdən xəsarət almışam. Mağardan çıxıb evə gedəndə mənə xəsarət yetirib. Mən tək idim. Toya anamla getmişəm. Toya birlikdə getmişik, mağar toyu olanda günorta fasilə olur, hamı evə dağılır, sonra gecə saat 11-də anamgili toydan gətirməyə getdim. Eşqinlə mağaradan təxminən 50-100 metr aralıda rastlaşdım. Mən Eşqini görməmişəm. Mənə dedilər ki, vurdular. Vurulduğum yerdə elə eşitdim. Demədim ki, orada heç kim yox idi, mən özüm tək gedirdim. İçkili idim. Mən onu görməsəm də, orada qışqırırdılar ki, Eşqin vurdu, amma mən bilmirəm onu kim görüb. Bundan sonra evə getdim, köynəyimi dəyişdim, Eşqinin dalınca qayıtdım, amma tapa bilmədim, sonra isə halım pisləşdiyinə görə evə qayıtdım. Eşitdim ki, Eşqin vurdu. Ondan başqa da məni heç kim vura bilməzdi, çünki tək onunla mübahisə etmişəm. Mənə saat 11 radələrində xəsarət yetirilib, xəstəxanaya isə məni saat 12:00-02:00 arası aparıblar. Evdə anam mənə tibbi yardım göstərdi, yarama yod vurdu. Başqa bir şey etməyib. Səhər saat 09:00-10:00 radələrində əməliyyat olunmuşam və xəstəxanada 11 gün qalmışam. Əməliyyatdan qabaq məni yoxladılar, növbətçi həkim cərrah deyildi. Aldığım xəsarətin yüngül olduğunu düşündüyüm üçün bu barədə evdəkilərə deyib dərhal həkimə getmədim. Halım pisləşdiyi üçün məni xəstəxanaya apardılar. Eşqinlə davam olmayıb, mübahisə etmişik. Birinci dəfə izahat verəndə narkozun təsirində idim. Müstəntiq mənə Eşqinin izahatını oxuyanda mən onu təsdiq etmişəm. Mən Eşqini görməsəm də, dəqiq bilirəm ki, məni o vurdu. Təqsirləndirilən şəxsdən şikayətçi deyiləm. Notarial qaydada təsdiq edilmiş ərizə də göndərmişəm, hazırda da təqsirləndirilən şəxsdən şikayət və tələbim yoxdur. Ona görə də apelyasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs işinin azaldımasını məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Dəyanət Mustafayev bildirmişdir ki, müdafiə etdiyim şəxs özünü ittiham olunduğu CM-in 126.1-ci maddəsi təqsirli bilmir. Hesab edirəm ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin yetirdiyi xəsarət nəticəsində on gündən artıq müddət ərzində xəstəxanada yatdığı üçün onun bədən xəsarətinin dərəcəsi az ağır kimi qiymətləndirilməli, Eqin Nəzərovun əməli CM-in 127-ci maddəsinə tövsif edilməli və ona həmin maddədə nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməlidir. Odur ki, apelyasiya şikayətinin təmin olunaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 127-ci maddəsinə tövsif edilməsini və ona həmin madddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin olunmasını məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı Telman Əhmədov bildirmişdir ki, məhkəmə istintaqında müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə özünü təqsirli bilmir və əməlinin CM-in 127-ci maddəsinə tövsif edilməsini xahiş edir. Ekspertiza rəyindən müəyyən olunur ki, zərərçəkmiş şəxsə ağır dərəcəli bədən xəsarəti yetirilmişdir. Həmçinin, təqsirləndirilən şəxs özü Zərərçəkmiş şəxs qayçı ilə vuraraq xəsarət yetirildiyini bildirir. Sadəcə yetirdiyi xəsarətin yüngül dərəcəli olduğunu iddia edir. O, həmçinin bildirir ki, zərərçəkmiş şəxsin xəsarətinin ağır olmasına səbəb zərərçəkmiş şəxsin anasının ona göstərdiyi tibbi müdaxilə olmuşdur. Lakin həm Zərərçəkmiş şəxs, həm şahid qismində dindirilmiş anası Şahid2 ifadələrində zərərçəkmiş şəxsə evdə hər hansı cərrahi müdaxilə edilmədiyini, yalnız həkim cərrah tərəfindən əməliyyat olunduğunu bildirdilər. Ekspertiza rəyindən də görünür ki, yetirilən xəsarət kəsici-deşici alətlə yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxsin dəliləri əsassız olduğundan apelyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş edirəm. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apelyasiya tələbi ilə bağlı olan hissədə, yəni apelyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apelyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apelyasiya şikayəti və apelyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apelyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, cinayət işinin materiallarını və apelyasiya şikayətlərinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdırıb, işdə olan sübutları tədqiq edib belə qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə apelyasiya şikayəti təmin edilməməli və x7 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki, həmin gün mən evdə idim, oğlum mənə yıxıldığını və qarnına məftil batdığını dedi. Başqa bir şey demədi. Evdə heç kim yox idi, gecə mən oğlumu götürüb xəstəxanaya apardım. Növbətçi həkimə oğlumun yıxıldığını və qarnına məftil batdığını dedim. Həkim Gərayı yoxlayıb dedi ki, qarını gərgin deyil. Bundan sonra Gərayın UZİ-yə salınmasını təklif etdim, həkim isə mənə dedi ki, həmin gün 50-dən artıq şəxsin zəhərlənməsi halı olub, ona görə həkimlər yorulub evə getmişlər. Həkim mənə narahat olmamağımı dedi. Orada Gərayın qarın nahiyəsinə tez-tez buz qoyurdular. Səhər saat 9-a qalmış olardı, həkim gəldi. Dərhal oğlumu əməliyyata apardılar. Həkim mənə xəsarətin məftildən əmələ gəlmədiyini, bıçaqlama olduğunu bildirdi. Əməliyyat 2 saata yaxın davam etdi. Əməliyyatdan sonra həkim mənə oğlumun vəziyyətinin çox pis olduğunu, mədəsinin, 12 barmaq bağırsağın neçə yerdən deşildiyini, daxili qanaxma olduğunu dedi. Oğlum 2 gün reanimasiya qaldı, 3-cü günün axşamı palataya keçirildi. Bundan sonra Kəmalə Mikayılova verilən suallara cavab olaraq bildirmişdir ki, xəsarətə heç bir müdaxilə etməmişəm, mən tibb bacısıyam, cərrah deyiləm. Yaradan qan axdığı üçün oğlum paltarlarını dəyişdirdi. Mən cərrah deyiləm, ev şəraitində heç nə etməmişəm, sadəcə yarasının dərinliyini müəyyən etmək üçün yaranı biraz araladım. Piy və əzələ qatına görə yaranın dərinliyi görünmürdü. Mən birinci instansiya məhkəməsində pambıqla yaranın yanlarını qanından təmizlədiyimi demiş olaram, yaranı yardığımı deməmişəm. Bıçaq əlimə götürməmişəm. Mən cərrah dəyiləm. 3 aydır ki, Poliklinikanın uşaq şöbəsində tibb bacısı işləyirəm, uşaqlara iynə vururam. Bundan əvvəl oğlum bıçaqlanan zaman poliklinikada sahə tibb bacısı işləmişəm, bundan əvvəl də kəndimizin xəstəxanasında tibb bacısı işləmişəm. Mən heç vaxt cərrahiyyə əməliyyatlarında iştirak etməmişəm. Cərrahiyyədən anlayışım yoxdur. Oğlum 2 yerdən xəsarət alıb, biri solda qoltuğunun altında idi, biri də göbək nahiyəsində deşik idi. Oğlum məni aldadaraq məftilin üzərinə yıxıldığını dedi, mən də iri məftil olduğunu fikirləşib ona inandım. Həmin dövrdə oğlumu apardığım xəstəxanada yox, mərkəzi poliklinikada işləmişəm. Bundan başqa, birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş Şahid1 bildirmişdir ki, xx xxxxxx 2019-cu ildə, saat 09 radələrində həyat yoldaşı Şahid2 onun mobil telefonuna zəng edərək oğlu Gərayın xəstəxanada olduğunu demişdir. Kamalədən nə baş verdiyini soruşanda Gərayın küçədə yerə yıxılaraq qarın nahiyəsinə məftil batdığını və sonradan həkimlərin Gərayı əməliyyata hazırladıqlarını bildirmişdir. Daha sonra o, Gəraya zəng etmiş, telefonda Gəray ona küçədə yıxılaraq qarnına məftil girdiyini bildirmişdir. O isə əsəbləşərək hadisənin necə baş verməsi barədə düzgün məlumat verməsini demiş, lakin Gəray dediyini təkrar etmiş və Gərayla telefon danışığını kəsərək İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına getmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 13 radələrində yaşadığı ünvanda İsmayıllı rayonunun Kürdmaşı kəndində baş tutan Şahid4 toy məclisinə getmiş və toyda olarkən, saat 16 radələrində xalası oğlu Gərayı içkili olduğu üçün evə getməsindən ötrü mağardan çıxartmışdır. Gəraya içkili olduğu üçün evə getməsini bildirmiş, lakin Gəray onun sözünə qulaq asmayaraq toyxanaya qayıtmışdır. Daha sonra yaşadığı evə gedib qayıdan zaman mağardan təxminən 20-30 metr kənarda Gərayla Eşqinin nalayiq söyüşlərlə bir-birlərini təhqir etdiklərini eşitmiş, onlara yaxınlaşan zaman bir-birlərini itələyib yüngülcə sillə vurduqlarını və həmin vaxt içkili olduqları üçün hər ikisinin güclə ayaq üstə durduqlarını görmüşdür. Gərayla Eşqinin yaxalaşaraq bir-birlərinə sillə vurduqlarını görüb onlara mübahisə etməmələrini demiş, beləliklə onlar bir-birlərindən aralaşmışlar. Eşqinlə Gərayı aralayan zaman onların nə ilə bağlı mübahisə etdiklərini bilməmiş, onların arasında olan mübahisədən xəbəri olmamış, hər ikisi içkili olduqları üçün ayaq üstə güclə duraraq birbirləri ilə sözlə mübahisə etmişlər. O, Təqsirləndirilən şəxs qoluna girərək onu oradan 150 metr kənara aparmış və Eşqinə çıxıb getməsini tapşırmışdır. Təqsirləndirilən şəxs da oradan uzaqlaşmışdır. Daha sonra o, Gərayı mağara aparmış, başı toya qarışdığı və Eşqini yola saldığı üçün Gəraydan xəbəri olmamışdır. Mağarda olan zaman təxminən saat 22:30 radələrində Eşqinin Gərayı qayçı ilə vuraraq xəsarət yetirdiyini eşitmişdir. Eşqin Gəraya qayçı ilə xəsarət yetirən zaman o, hadisə baş verən yerdə olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, toy mərasimi zamanı mağarın kənarında Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında baş verən mübahisədən xəbəri olmamışdır. Toy sahibi olsa da, Təqsirləndirilən şəxs toy məclisinə özü və ailə üzvlərindən heç kim dəvət etməmişdir. xx xxxxxx 2019-cu il tarixdə kənd camaatından Təqsirləndirilən şəxs qayçı ilə Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirdiyini eşitmiş və özü baş vermiş həmin hadisənin birbaşa şahidi olmamışdır. Bunlardan əlavə, zərərçəkmiş şəxsi əməliyyat edən həkim Elşad Salihov birinci instansiya məhkəməsində şahid qismində dindirilərkən göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə gecə saat 3-4 radələrində xəstəxanada başqa bir əməliyyatdan çıxdıqda növbədə olan həkim ona xəsarətlərlə bir nəfər şəxsin xəstəxanaya müraciət etdiyini bildirmiş, həmin şəxsin Zərərçəkmiş şəxs olduğunu bilmişdir. Zərərçəkmiş şəxs həmin xəsarəti yıxılaraq aldığını və qarın nahiyəsinə məftil batdığını bildirsə də, yaraya baxdıqda yaranın dərin olduğunu, bunun yalnız iti uclu kəsici-deşici alətlə yetirilən xəsarətə xarakterik yara olduğunu müəyyən etmiş, xəsarətin daxilə keçən xəsarət olduğunu aşkar etdiyinə görə də, dərhal xəstəni əmliyyata götürmüşdür. Əməliyyat zamanı xəstənin mədəsinin və 12 barmaq bağırsağının zədələnməsi ilə müşayiət olunan qarının ön divarının qarın boşluğuna (daxilə) nüfuz edən yaralar olduğunu müəyyən etmiş və cərrahi yolla həmin yaralara müdaxilə etmişdir. Qeyd olunanlarla yanaşı, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması barədə xx xxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonunun Kürdmaşı kəndində yerləşən Şahid4 yaşadığı evin qarşısında xx xxxxxx 2019cu il tarixdə toy məclisinin keçirildiyini, mağar qurulduğunu, həmin gün toy məclisinin keçirildiyi zaman saat 19 radələrində Zərərçəkmiş şəxs mağarın kənarında onun baş nahiyəsinə bir neçə dəfə yumruqla vurduğunu, sonradan isə xx xxxxxx 2019-cu il tarixdə mağarda olan stulların üstündən götürdüyü qayçı ilə saat 22 radələrində Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirdiyini göstərmişdir (cild 01, iş vər. 140-141). Üzləşdirmə haqqında xx xxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsini bir daha Təqsirləndirilən şəxs üzünə təkrar bildirmiş və üzləşmə zamanı isə Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini Zərərçəkmiş şəxs üzünə qarşı bildirərək onu qayçı ilə vuraraq xəsarət yetirdiyini göstərmişdir (cild 01, iş vər. 142-143). xx xxxxxx 2019-cu il tarixli üzləşdirmə istintaq hərəkətinin protokolundan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini bir daha Şahid3 üzünə təkrar bildirmiş və üzləşmə zamanı isə Şahid3 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı demişdir (cild 02, iş vər. 71-73). Təqdim edilmiş qayçıya baxış keçirilməsi və götürülməsi barədə xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, təqdim edilmiş qayçının iki tutacaq hissəsindən biri açıq narıncı rəngdə olmaqla plastik materialdandır. Digər tutacaq hissəsində isə plastik başlıq yoxdur. Qayçının bağlı vəziyyətdə tutacaq hissəsi ilə birlikdə ümumi uzunluğu 16 sm, tutacaq hissəsinin uzunluğu 5,5 sm, kəsici hissəsinin uzunluğu isə 10,5 sm-dir. Kəsici hissələrinin ortasının eni 1,1 sm-dir. Qayçıya baxış zamanı onun kəsici hissəsinin üzərində “Bianfens scissors” sözlərinin yazılması, kəsici hissə ilə tutacaq hissə arasında qayçının ortasında onun iki hissəsini bir-birindən ayrılmağa qoymayan şrup vardır. Qayçının kəsici hissələrinin iç tərəflərində paslanmış nöqtələrin olması görünür. Lakin qayçı üzərində qan ləkələri və ya qanabənzər ləkələr görünməməkdədir (cild 01, iş vər. 15-17). Təqdim edilmiş paltarlara baxış keçirilməsi və götürülməsi barədə” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, 1 ədəd yaşıl rəngdə olan sellofan torbaya baxış keçirilən zaman həmin torbada 1 ədəd ağ rəngli, “Tony brend exclusive” firmasına məxsus, orta ölçüdə, qarşı tərəfində 7 ədəd ağ rəngli düymə, boyun hissəsində isə hər iki tərəfdə 2 ədəd ağ rəngli düymə olan uzunqol köynəyin və 1 ədəd ağ rəngli, “İKE” firmasına məxsus, kiçik ölçüdə, qolsuz alt paltarın olduğu müəyyən edilmişdir. Uzunqol köynəyin üzərində, əsasən də sol qolaltı hissəsində qana bənzər, su ilə yuyulmuş ləkələr vardır. Köynəyin aşağıdan ikinci düyməsindən 5 sm solda, qarın nahiyəsinin sağ tərəfində bir ədəd kəsilmiş-cırılmış zədə izi vardır. Həmin zədənin uzunluğu 1 sm olmaqla ensizdir. Alt paltarının üzərində, əsasən də qarın və sol qolaltı hissəsində qana bənzər, su ilə yuyulmuş ləkələr vardır. Qarın nahiyəsinin sağ tərəfində bir ədəd kəsilmiş-cırılmış zədə izi vardır. Həmin zədənin uzunluğu 0,7 sm olmaqla ensizdir. Həmin paltarlar iş üçün əhəmiyyət kəsb etdiyindən baxış keçirildikdən sonra götürülmüşdür (cild 01 iş v. 18-20). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibb Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2019-cu il tarixli 325 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs müayinəsi zamanı aşkar edilmiş xəsarətlər (mədənin və 12 barmaq bağırsağın zədələnməsi ilə müşayiət olunan qarının ön divarının qarın boşluğuna (daxilə) nüfuz edən bir ədəd, döş qəfəsinin soldan bir ədəd kəsilmiş yaraları) deşici-kəsici alətin (əşyanın) deşici-kəsici və kəsici təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2019-cu il tarixdə törənməsi istisna edilmir, dərəcəsinə görə mədənin və 12 barmaq bağırsağın zədələnməsi ilə müşayiət olunan qarının ön divarının qarın boşluğuna (daxilə) nüfuz edən bir ədəd yara həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərər vurmaya, döş qəfəsinin soldan bir ədəd kəsilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərər vurmaya aiddir (cild 01, iş vər. 128-131). Məhkəmə-Tibbi Ekspertiza və x6-Təcrübi və Tədris Birliyinin xx.xx.2019-cu il tarixli 504- MTKŞ/2019 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus və ekspertizaya təqdim olunmuş bir ədəd köynək və bir ədəd maykanın ön səthinin sağ yarısında bir ədəd deşilmiş zədə aşkar olunmuşdur. Bu zədənin forması, ölçüsü, xarakteri və morfoloji əlamətlərinə görə, demək olar ki, zədə iti ucu olan deşici alətin təsirindən əmələ gəlmişdir. Zərərçəkmiş şəxs məxsus və ekspertizaya təqdim edilmiş köynəyin ön səthinin sol yarısında aşkar olunmuş bir ədəd zədə kombinə olunmuş kəsilmiş-cırılmış zədə olmaqla, köynəyin müvafiq nahiyəsinin, üzərində hər hansı bir iti kənara malik hissəsi olan küt predmetə (əşyaya) ilişib cırılması nəticəsində əmələ gəlmişdir. Köynəyin sağ qolu üzərində aşkar olunmuş kənarı kəsilmiş zədə isə kəsici kənarı olan hər hansı bir iti alətin təsirindən yarana bilərdi. Zərərçəkmiş şəxs yuxarıda qeyd edilmiş xəsarətləri alan zaman müxtəlif duruş (şaquli, oturaq, yarımoturaq və s.) və xəsarət yetirən şəxslə (şəxslərlə) müxtəlif qarşılıqlı vəziyyətlərdə olmaqla, onun bədənində olan xəsarət nahiyələri iz törədən alətə (alətlərə) doğru yönəlmiş vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs məxsus köynək və maykanın ön səthinin sağ yarısında aşkar edilmiş bir ədəd deşilmiş zədənin və köynəyin ön səthinin sol yarısında, yuxarıda aşkar edilmiş bir ədəd kombinə olunmuş kəsilmiş-cırılmış zədənin ekspertizaya təqdim olunmuş qayçının dilimlərindən törədilməsi istisna olunmur. Zərərçəkmiş şəxs məxsus və ekspertizaya təqdim edilmiş köynəyin və maykanın ön səthinin sağ yarısında aşkar edilmiş bir ədəd deşilmiş zədə onun bədəni üzərində olan qarının ön divarının qarın boşluğuna (daxilə) nüfuz edən 01 (bir) ədəd yarası; köynəyin ön səthinin sol yarısında, yuxarıda aşkar olunan bir ədəd kombinə olunmuş kəsilmiş-cırılmış isə onun bədənində olan döş qəfəsinin soldan 01 (bir) ədəd kəsilmiş yarası ilə nisbətən üst-üstə düşürlər. Zərərçəkmiş şəxs məxsus və ekspertizaya təqdim olunmuş köynəyin sağ qolu üzərində aşkar olunmuş bir ədəd kənarı kəsilmiş zədə onun bədənində öz əksini tapmamışdır. Bu da yalnız köynəyin zədələnməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim olunmuş qayçı zavod üsulu ilə hazırlanmış məişət-təsərrüfat təyinatlı qayçıdır və soyuq silah hesab olunmur (cild 01, iş vər. 187-194). Məhkəmə-Tibbi Ekspertiza və x6-Təcrübi və Tədris Birliyinin xx.xx.2019-cu il tarixli 748/2019-MTBŞ nömrəli rəyindən görünür ki, 1. Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: O-alfa, beta/İ/. 2. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: A-beta/İİ/. /Şəxsiyyət vəsiqələrinin kserosurətlərinə əsasən/ 3. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus mayka və qayçı üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni, mayka üzərindəki bəzi ləkələrdə həmçinin alfa, beta aqqlyutininləri də alınmışdır. Beləliklə, bu qan ləkələri O-alfa, beta/İ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Ləkələrdə A/İİ/ qruplu Təqsirləndirilən şəxs qanının olması ABO sistemi ilə inkar olunur.

4. Təqdim edilən Zərərçəkmiş şəxs məxsus köynək üzərində qan aşkar olunmamışdır. (cild 01, iş vər. 196-199) Kompleks Ambulator Məhkəmə-Psixiatrik və Məhkəmə-Psixoloji Ekspertizasının xx.xx.2019-cu il tarixli 2514 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir xroniki psixi xəstəlik müəyyən edilmir. Onda Emosional davamsız şəxsiyyət pozuntusu, anmnezində kəllə beyin travması aşkar olunur. Bunu anamnestik məlumatlar və hazırkı psixiatrik müayinənin nəticələri - anamnezində yeniyetmə dövründən başlayaraq onda əsəbilik, hövsələsizlik meydana gəlməsi, əsəbi gərginliklər keçirdiyi zaman kəsmələrlə özünə xəsarətlər yetirməsi, hərbi çağırış zamanı psixiatrik müayinədən keçdikdən sonra hərbi xidmətdən azad edilməsi, hazırkı müayinə zamanı əhvali-ruhiyyəsinin dəyişkənliyi, emosianal qeyri-sabitliyi və s. təsdiq edir. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Halhazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Belə nəticəyə gəlinir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur. Şəxsi keyfiyyətlərində və emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, emosional dayanıqsızlıq, emosional reaksiyalara meyillilik aşkar olunur. İnadkarlıq, hövsələsizlik, kobudluq, özünə qarşı hörmət tələb etmək kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixiemosional vəziyyətdə hirslilik, qəzəblilik yaranmışdır. Həmin halın yaranmasını onda müəyyən edilən emosionaldavamsız şəxsiyyət pozuntusu şərtləşdirmişdir. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt halında olmamışdır (cild 02, iş vər. 54-56). Respublika Narkoloji Mərkəzinin ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2019-cu il tarixli 2851 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyi aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İsmayıllı rayon poliklinikasının «Narkoloji» kabinetində «narkomaniya» diaqnozu ilə qeydiyyatdadır (cild 02, iş vər. 59-60). Beləliklə, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi onaelan edilmiş cinayət əməlini törətməməsini mübahisələndirsə də, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinin tələblərinə əməl edilərək, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə kollegiyasının iclasında ifadə verərkən bildirmişdir ki, “...Mən evə getdim. Bir-iki saat keçdikdən sonra toya qayıtdım. Gəray məni bir dəfə də çağırdı. Həmin vaxt mən stoldan lentin kəsilməsi üçün hazırlanmış qayçını götürüb arxa cibimə qoydum. İkimizin olduğu yerdə Gəray ünvanıma nalayiq ifadələr işlədərək yumruq və təpiklə məni vurmağa başladı. Buna dözə bilməyib qayçını çıxardıb onu ziqzaqvari formada fırlatdım. Bu zaman onu vurmuşam.” Göründüyü kimi, Təqsirləndirilən şəxs zərərçəkmiş şxs Zərərçəkmiş şəxs qayçı ilə vurmasını inkar etmir. Onun mübahisələndirdiyi məsələ Zərərçəkmiş şəxs yetirdiyi xəsarətin ağır deyil, daha yüngül olmasıdır. Onun bu dəlili isə iş materiallarında olan heç bir sübutla təsdiqini tapmır. Belə ki, Zərərçəkmiş şəxs məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, ...Axşam saat 11 radələrində o, qayçı ilə mənə xəsarət yetirib. ...Qaranlıq idi, o məni vuranda mən heç bilmədim, evə gedirdim. ...Döş və qarın nahiyimdən xəsarət almışam. ...Mağardan çıxıb evə gedəndə mənə xəsarət yetirib. İfadə verdikdən sonra Zərərçəkmiş şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, indiyədək verdiyim ifadələrin hamısını təsdiq edirəm. Zərərçəkmiş şəxs ibtidai istintaq, həm də birinci instansiya məhkəməsində verdiyi ifadəsində (İ cild, i. v. 138-139, İİİ cild, i. v. 85-92) bildirmişdir ki, ....xx xxxxxx 2019-cu il tarixdə saat 13 radələrində yaşadığımız İsmayıllı rayonunun Kürdmaşı kəndində həmkəndlim Şahid4 toy məclisinə dəvət olunduğum üçün anam Şahid2 ilə birlikdə həmin toya getdim. Saat təxminən 16 radələrində xalam oğlu Şahid3 ilə birlikdə toy şənliyinin keçirildiyi mağardan küçəyə çıxdım və həmkəndlim Eşqinin ünvansız nalayiq ifadələr işlətdiyini gördüm. Mən Eşqinə yaxınlaşaraq iradını bildirdim. Eşqin iradlarımı qəbul etməyib mənimlə sözlə mübahisə etməyə başladı. Ona görə də xalam oğlu Səfa mübahisənin davam etməsinə imkan vermədi və mən Səfa ilə birlikdə yenidən mağara qayıtdım. Səfa mənə Eşqinin narahat adam və sərxoş olduğunu bildirdi. ...Saat təxminən 22 radələrində anamı toya gətirmək üçün mağardan evə tərəf yollandım. Mağardan bir qədər uzaqlaşandan sonra Eşqinin mənimlə üzbəüz gəldiyini gördüm. Mən ona heç nə demədim. Həmçinin, o da mənə heç nə demədi. Mənə yaxınlaşdı və anidən iti ucu olan alətlə qarın nahiyəmə bir dəfə vurdu. Daha sonra həmin alətlə yenidən sol sinə nahiyəmdən məni vurmaq istədi, lakin mən qarnımı tutaraq kənara çəkildim. Bu yolla Eşqinin ikinci dəfə həmin alətlə məni vurmasına mane oldum, lakin Eşqin əlində olan aləti mənim sol sinə nahiyəmə sürtdü. Daha sonra isə Eşqin oradan qaçaraq uzaqlaşdı... Bundan əlavə, üzləşdirmə haqqında xx xxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsini bir daha Təqsirləndirilən şəxs üzünə təkrar bildirmiş və üzləşmə zamanı Təqsirləndirilən şəxs isə ifadəsində göstərdiklərini Zərərçəkmiş şəxs üzünə qarşı bildirərək onu qayçı ilə vuraraq xəsarət yetirdiyini göstərmişdir. xx xxxxxx 2019-cu il tarixli üzləşdirmə istintaq hərəkətinin protokolundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini bir daha Şahid3 üzünə təkrar bildirmiş və üzləşmə zamanı Şahid3 isə ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı demişdir (cild 02, i. v. 71-73). İşdən görünür ki, müdafiə tərəfinin əsas dəlili ondan ibarətdir ki, Təqsirləndirilən şəxs əməli CM-in 126.1-ci maddəsi ilə deyil, 128 və ya 127.1-ci maddəsi ilə tövsif edilməli idi. Bu dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri ...hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən edir. Hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 9.1.3, 33.1 və 33.2-ci maddələri). Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Həmin qərarda daha sonra göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, cinayətin düzgün tövsifinin mühüm sosial-siyasi və hüquqi əhəmiyyəti vardır. Düzgün olmayan tövsif təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Məhkəmələr hökm çıxararkən əməldə cinayət tərkibinin olmasını və təqsirkar tərəfindən törədilən cinayətin qanunun məhz hansı maddəsilə nəzərdə tutulduğu aydınlaşdırmalıdır. CPM-in 140.0.1-ci maddəsinə əsasən, ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri tibb sahəsində ekspertin rəyi ilə müəyyən edilə bilər. Cinayət işinin materiallarında olan xx xxxxxxxx 2019-cu il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, ...Zərərçəkmiş şəxs müayinəsi zamanı aşkar edilmiş xəsarətlər deşicikəsici alətin (əşyanın) deşici-kəsici və kəsici təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2019-cu il tarixdə törənməsi istisna edilmir, dərəcəsinə görə mədənin və 12 barmaq bağırsağın zədələnməsi ilə müşayiət olunan qarının ön divarının qarın boşluğuna (daxilə) nüfuz edən bir ədəd yara həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərər vurmaya, döş qəfəsinin soldan bir ədəd kəsilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərər vurmaya aiddir. Bundan başqa cinayət işi materiallarına əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, Nəzərov x3 rayonunun Kürdmaşı kəndində qeydiyyatdadır və həmin kənddə yaşayır. İctimaiyyət arasında özünü yaxşı aparmır. Nümayəndəliyə onun barəsində mütəmadi olaraq şifahi şikayətlər daxil olur (cild 01, i. v. 209-210). Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmasa da, o, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə aylıq qazancından dövlət nəfinə 20 faiz tutulmaqla 01 il müddətə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya qərarına əsasən cəzadan azad edilmiş, bundan sonra İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-in 185.1-ci maddəsi ilə təqsirli bilinib, bir il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci ildə cəzasının sonu ilə azad olunmuş, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən ********* nömrəli cinayət işi üzrə CM-in 234.4.3cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, daha sonra xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Prokurorluğu tərəfindən barəsində araşdırılan cinayət işinə xitam verilmişdir (cild 01, iş vər. 77-79). O da qeyd olunmalıdır ki, İsmayıllı Rayon Poliklinikasının verdiyi məktuba əsasən, Təqsirləndirilən şəxs poliklinikanın Narkoloji kabinetində xx.xx.2019-cu ildən “Narkomaniya” diaqnozu ilə qeydiyyatdadır. Beləliklə, Təqsirləndirilən şəxs ona israr edilən cinayət əməlini törətməməsi barədə göstərdiyi xüsusatlar məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Əksinə, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətməsi özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işdə olan digər sübutlarla tam təsdiqini tapır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə birbirini tamamlayır. Sübutlar arasında heç bir uyğunsuzluq və ziddiyyət yaranmır. Təqsirləndirilən şəxsin apelyasiya şikayətində və məhkəmələrdə verdiyi ifadəsində göstərdiyi xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiqini tapmır. Bütün bunlar isə belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs əməli CM-in 126.1-ci maddələrilə düzgün tövsif olunmuşdur. Onun əməlinin CM-in 126.1-ci maddəsindən CM-in 128 və ya 127.1-ci maddələrinə tövsif edilməsi barədə dəlilləri heç bir sübutla təsdiq olunmayan mülahizələrdir. Ona görə də apelyasiya şikayətinin təmin olunub onun əməlinin CM-in 126.1-ci maddəsindən digər maddələrinə tövsif edilməsi üçün heç bir əsas yoxdur. İbtidai istintaq zamanı toplanmış, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətmişdir. Apelyasiya şikayətinin bütün dəlilləri əsassızdır. Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 349.4-cü maddəsi). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). CM-in 5.1-ci maddəsinə əsasən,əməlin cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islahedilməsivəhəm məhkumlar, həmdə başqaşəxslərtərəfindənyeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq, Təqsirləndirilən şəxs israr olunan cinayəti törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş, ona qanuni, əsaslı və ədalətli cəza təyin etmiş, cəzanın növünü və həddini, habelə cəzaçəkmə müəssisəsinin növünü düzgün müəyyən etmişdir. Bundan başqa, ibtidai istintaq və birinci instansiya məhkəməsində icraat zamanı cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası CPM-in 392.3-cü maddəsinə uyğun olaraq, apelyasiya tələbinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib, apelyasiya şikayətinin təmin olunması üçün qanuni əsaslar tapmayaraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, x7 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apelyasiya şikayətini və ya apelyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır.

NƏTİCƏVİ HİSSƏ

Məhkəmə kollegiyası şərh edilənlərə əsasən və CPM-in 394, 397-399, 405, və 407-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. x7 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətdə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar