Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-69/2022 16.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Aydəmirov Elməddin Şabəddin oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X3, müdafiəçi-Yevlax Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2021ci il tarixli 1(091)-173/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli (hakimlər X16 (sədrlik edən), X14 (məruzəçi) X6 ibarət tərkibdə) hökmü ilə xx xxxx 1996-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli və himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmayan, Gəncə şəhəri, V.Xuluflu küçəsi, ev 154-də qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 30 noyabr 2021-ci il tarixdən hesablanması, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan başqa hökmdə müəyyən edilmiş 03 (üç) il müddətə şamil edilməsi, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi, onun məhkəmə iclas zalında həbsə alınması, onun, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 saxlanılması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X5 yerləşdirilməsi üçün X2 mühafizəsini həyata keçirən Mühafizə Taboruna təhvil verilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, iş üzrə maddi sübut olan ZİL-133 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı və Wolksvagen Crafter markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılmasının nəzərə alınması, iş üzrə 100 AZN (bir yüz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi müəyyən edilmişdir işin halları: Şəki Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs 18 mart 2021-ci il tarixdə saat 01:00 radələrində Bakı- QazaxGürcüstan sərhədi yolunun Ağdaş rayonu ərazisindən keçən 256-cı kilometrində idarə etdiyi Wolksvagen Crafter markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gürcüstan sərhədi istiqamətində 90-100 km/saat sürətlə hərəkət edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin – ötmə və ya yerdəyişmə zamanı sürücünün apardığı manevr təhlükəsiz olmalıdır kimi tələblərini pozaraq qarşıda eyni istiqamətdə yolun sağ zolağı ilə hərəkətdə olan Zərərçəkmiş şəxs3 idarə etdiyi ZİL-133 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili ötən zaman sağa manevr edərək Wolksvagen Crafter markalı avtomobili ZİL133 markalı avtomobilin arxa hissəsi ilə toqquşdurmuş, nəticədə ehtiyatsızlıqdan Volksvagen Crafter markalı avtomobildə olan sərnişinlər X12 açıq kəllə-beyin travması, alın sümüyünün çoxqəlpəli sınığı, beynin maddəsinə, beyin sərt qişası altına, beyin mədəciklərinə qansızmalar, beynin sərt qişasının cırılması, başın yumşaq qatının iç səthinə, alın nahiyəsində qansızma, sol gicgah əzələsinə qansızmalar, burun sümüyünün, üzün sağ almacıq sümüyünün sınığı, sağ baldır sümüklərinin yuxarı 1/3-nin qapalı sınığı, alın nahiyəsinin yarası, sağ budun orta 1/3-nin ön səthinin yarası, sağ diz oynağının ön səthinin yarası, üzün sol nahiyyəsinin sıyrıqları kimi həyat üçün təhlükəli olan xəsarətlər yetirərək ölümünə, X8 qapalı kəlləbeyin travması, beynin maddəsinə, beyin sərt qişası altına, beyin mədəciklərinə qansızmalar, başın yumşaq qatının iç səthinə, sol gicgah nahiyəsində qansızma, sol gicgah əzələsinə qansızmalar, sol gicgah nahiyəsinin, qaşarası nahiyənin, alt dodağın yaraları, alnın sağ nahiyəsinin, sağ əlin üst səthinin, sağ dizaltı nahiyənin sıyrıqları kimi həyat üçün təhlükəli olan xəsarətlər yetirərək ölümünə, Zərərçəkmiş şəxs1 alnın sağ nahiyəsinin yarası, sağ qaşın bayır ucu nahiyəsinin yarası xəsarətləri yetirərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurulmasına, habelə Zərərçəkmiş şəxs2 11570 (on bir min beş yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla Wolksvagen Crafter markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin, Zərərçəkmiş şəxs3 1757 (min yeddi yüz əlli yeddi) manat məbləğində ziyan vurmaqla ZİL-133 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsinə və iki şəxsin ölümünə səbəb olmuşdur. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Müdafiəçi2 verdiyi apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli hökmünün cəzaya aid hissədə dəyişdirilərək, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyasının minimum həddində cəza verilməsini xahiş etmişdir. Hökmdən zərərçəkmiş şəxslərin hüquqi varisləri tərəfindən apellyasiya şikayəti, dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və verilmiş apellyasiya şikayətinə qarşı etiraz ərizəsi verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs oğlu əlavə olaraq bildirdi ki, əməlindən səmimi peşmandır, himayəsində iki az yaşlı övladı var, ilk dəfədir cinayət törədir, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs oğlunun müdafiəçisi Müdafiəçi2 bildirmişdir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263.3cü maddəsi ilə 3 il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi işin faktiki hallarına uyğun olmayan sərt cəzadır. Hazırkı iş üzrə zərərçəkmiş şəxslər təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələblərinin olmadıqlarını bildirirlər. Bundan əlavə təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli ehtiyyatsızlıqdan törədilmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Etdiyi əməli ilkin istintaq zamanından etiraf etmişdir. Həmçinin onun himayəsində 2 azyaşlı övladı var. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını, Şəki Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli hökmünün cəzaya aid hissədə dəyişdirilərək, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyasının minimum həddində cəza verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X9 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxslərin hüquqi varisləri X15 və X10 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxslərin hüquqi varisləri X15 və X4 iştirakları olmadan baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apelyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi iclasında Təqsirləndirilən şəxs oğlu ona Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verməklə göstərmişdir ki, Wolksvagen Crafter markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobil tanışı Güloğlana məxsusdur, avtomobili etibarnamə ilə idarə edir. 18 mart 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhərindən sərnişin götürüb Gəncə şəhərinə yola düşmüşdür. Saat təxminən 01 radələridə Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsi ilə Gürcüstan sərhədi istiqamətində təxminən 90-100 km/s sürətlə sol zolaqla hərəkət etmiş, ondan sağ tərəfdə sağ zolaqla isə Zil markalı yük avtomobili hərəkət etmişdir. O həmin yük avtomobilini ötüb keçmək istəyərkən ondan arxada gələn avtomobil uzaq işıqlarını bir neçə dəfə yandırıb-söndürərək ondan yol istəmiş, o həmin avtomobilin davamlı olaraq uzaq işıqlarını yandırıb-söndürdüyünü görüb ona yol vermək üçün sağ zolağa istiqamətlənmişdir. Bu zaman ondan irəlidə hərəkət edən Zil markalı yük avtomobili əyləci basdığı üçün o sükanı sola burmuş, buna baxmayaraq avtomobilinin qabaq sağ qanadı və sağ yan hissəsi Zil markalı yük avtomobilinin arxa sol tin hissəsi ilə toqquşmuşdu. Avtomobil bir qədər irəli hərəkət edib yolun hərəkət hissəsində dayanmış, Zil markalı yük avtomobili isə irəliyə gedib yolun sağ tərəfində dayanmışdır. Hadisə nəticəsində avtomobildə qabaq oturacaqda oturan sərnişinlərdən biri hadisə yerində rəhmətə getmiş, digəri isə ağır dərəcədə yaralanmış, lakin sonradan həmin şəxs də vəfat etmişdir. Hazırda ailəli olmasını, himayəsində iki azyaşlıuşağının olmasını, zərərçəkmiş şəxslər və zərərçəkmiş şəxslərin hüquqi varisi ilə barışdığını, onların ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 18 mart 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Lökbatan dairəsi adlanan ərazidə mikroavtobusa əyləşib Ağdaş rayonuna yola düşmüşdür. Yol boyu normal qaydada heç bir problem olmadan hərəkət edirmişlər. Saat təxminən 01 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolu ilə Gürcüstan sərhədi istiqamətində hərəkət edərkən Ağdaş rayonunun ərazisində bir anlıq güclü zərbə ilə mikroavobus başqa avtomobilə çırpılmış, nəticədə o başından və sinəsindən xəsarət almışdır. Avtomobildən düşəndə görmüşdür ki, onların mikroavtobusu qarşıda hərəkət edən yük avtomobilinin arxa hissəsinə çırpılmışdır. Hadisə yerinə gəlmiş təcili-tibbi yardım avtomobili ilə onu Göyçay Rayon Xəstəxanasına aparmışlar. Sonradan ona məlum olmuşdur ki, hadisə nəticəsində mikroavtobusda olan iki nəfər sərnişin dünyasını dəyişmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən bu halın nəzərə alınmasını xahiş edir. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ZİL-133 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsus olmmuş, 18 mart 2021-ci il tarixdə gecə saatlarında idarə etdiyi ZİL-133 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonuna getmişdir. Saat təxminən 01 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsi ilə Gürcüstan sərhədi istiqamətində təxminən 60 km/s sürətlə hərəkət etmişdir. Bu zaman qarşıda yolun sağ zolağı ilə asta sürətlə qəza işıqları yanılı vəziyyətdə olan Shagman markalı avtomobilin hərəkət etdiyini görmüşdür. O, bunu görüb ayağını qazdan götürüb sürətini azaltmış, bu zaman ani vəziyyətdə arxadan gələn sərnişin mikroavtobusu onun avtomobilinin arxa sol tərəfi ilə toqquşmuşdur. O, avtomobili saxlayıb yerə düşüb mikroavtobusa yaxınlaşmış, orada qabaq oturacaqda əyləşən sərnişinlərdən birinin öldüyünü, digərinin isə ağır yaralandığını görmüşdür. Yaralanmış şəxsi xəstəxayana yola salmışlar. Özü isə hadisə nəticəsində heç bir xəsarət almamışdır. Sonradan ona məlum olmuşdur ki, həmin ağır yaralıolan şəxs də vəfat etmişdir. Hazırda ona dəymiş ziyan ödənilməsə də, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən bu halın nəzərə alınmasını xahiş edir. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Wolksvagen Crafter markalı 20-EF884 dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur, etibarnamə ilə həmin avtomobili idarə etmək üçün tanışı Təqsirləndirilən şəxs vermişdir. 18 mart 2021-ci il tarixdə BakıQazax- Gürcüstan sərhədi yolunun Ağdaş rayonu ərazisində ona məxsus, lakin həmin vaxt Təqsirləndirilən şəxs idarə etdiyi Wolksvagen Crafter markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobil yol nəqliyyat hadisəsi baş vermişdir. Nəticədə ona maddi ziyan dəymişdir. Hazırda ona dəymiş maddi ziyan ödənilməsə də, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən bu halın nəzərə alınmasını xahiş edir. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X15 göstərmişdir ki, mərhum Fuad Verdiyev onun əri olmuşdur. Fuadla 5 ilə yaxındır ki, ailə qurmuşlar. O Türkiyə Respublikasının vətəndaşı idi. Birlikdə Türkiyə Respublikasında yaşayırmışlar. Lakin hadisədən təxminən 6 ay əvvəl o, övladı ilə birlikdə Gəncə şəhərinə gəlmiş, Fuad isə Türkiyədə qalmışdır. 17 mart 2021-ci il tarixdə Fuad Türkiyədən Bakı şəhərinə gəlmiş və oradan da mikroavtobusla Gəncə şəhərinə yola düşmüşdür. 18 mart 2021-ci il tarixdə gecə saatlarında məlumat gəlmişdir ki, Fuad Ağdaş rayonu ərazisində yol qəzasına düşüb və onu Ağdaş xəstəxanasına aparıblar. Sonradan ona məlum olmuşdur ki, o, avtoqəza nəticəsində rəhmətə getmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən bu halın nəzərə alınmasını xahiş edir. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X13 göstərmişdir ki, mərhum Coşqun Babayev onun oğlu olmuşdur. Rəhmətə getməzdən əvvəl Müdafiə Nazirliyinin 708 saylı Hərbi Hissənin taborunda baş atıcısı kimi xidmət etmişdir. 18 mart 2021-ci il tarixdə gecə saatlarında Coşqun Bakı şəhərindən Goranboy rayonuna gəlirmiş. Yolda olarkən onunla bir neçə dəfə mobil telefon vasitəsilə əlaqə saxlamışdır. Gecə saatlarında məlumat gəlmişdir ki, Coşqun Ağdaş rayonu ərazisində yol qəzasına düşmüş və Göyçay Rayon Xəstəxanasına aparılmışdır. Qohumları Göyçay Rayon Xəstəxanasına getmişlər və məlum olmuşdur ki, o, avtoqəza nəticəsində rəhmətə getmişdir. X13 əvvəlki proseslərdə təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, ona ağır cəza təyin edilməsini və barışmaq üçün oğlunun dəfninə çəkdiyi 11000 manat pulun verilməsini tələb etsə də, sonrakı məhkəmə proseslərində notarial qaydada təsdiq olunmuş ərizə verərək təqsirləndirilən şəxslə barışdığını, habelə ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 18 mart 2021-ci il tarixdə idarə etdiyi Hovo markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərində mişar daşı yükləyib Zaqatala rayonuna yola düşmüş, saat təxminən 01 radələridə Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsi ilə Gürcüstan sərhədi istiqamətində hərəkət etmişdir. Onlarla hərəkət edən digər avtomobillərdən birinin təkəri partladığı üçün avtomobili yolun sağ kənarında yol çiynində saxlamışdır. Təxminən 1 saata yaxın müddətdə yolun kənarında olub təkərin dəyişilməsinə köməklik etmişdir. Bir müddət sonra onlardan təxminən 500 metr arxada yol-nəqliyyat hadisəsinin baş verməsini bilmişdir. Lakin onlar hadisə yerinə yaxınlaşmamış və hadisənin necə baş verməsini görməmişlər. Birinci instansiya məhkəməsi iclasında tədqiq edilmiş “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 18.03.2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri BakıQazax-Gürcüstan sərhədi yolunun Ağdaş rayonu ərazisindən keçən 256-cı kilometrliyidir. Protokola hadisə yerində çəkilmiş şəkillər və sxem əlavə olunmuşdur (cild 01, iş vər. 7-17). Cinayət işinin materiallarında olan 18.03.2021-ci il tarixli 37 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı ayıq vəziyyətdə olmuşdur (cild 01, iş vər. 19). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasnın 27.03.2021-ci il tarixli 12 nömrəli rəydən görünür ki, X11 meyitində aşkar olunan xəsarətlər-açıq kəlləbeyin travması, alın sümüyünün çoxqəlpəli sınığı, beynin maddəsinə, beyin sərt qişası altına, beyin mədəciklərinə qansızmalar, beynin sərt qişasının cırılması, başın yumşaq qatının iç səthinə, alın nahiyəsində qansızma, sol gicgah əzələsinə qansızmalar, burun sümüyünün, üzün sağ almacıq sümüyünün sınığı, sağ baldır sümüklərinin yuxarı 1/3-nin qapalı sınığı, alın nahiyəsinin yarası, sağ budun orta 1/3-nin ön səthinin yarası, sağ diz oynağının ön səthinin yarası, üzün sol nahiyyəsinin sıyrıqları, küt alət təsirindən təsirindən törənmiş, törənmə müddətləri 18.03.2021-ci il tarixə uyğundur, canlı şəxslərdə həyat üçün təhlükəli olduqlarından sağlamlığa ağır zərər vuran xəsarətlərə aiddirlər. X11 ölümünə səbəb açıq kəllə-beyin travması, beyin sərt qişası altına, beyin maddəsinə, beyin mədəciklərinə qansızmalar, alın sümüyünün çoxqəlpəli sınığı olmuşdur. X11 meyitində aşkar olunan xəsarətlər qərarın təsviri hissəsində göstərilən yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərlər. X11 ölümü meyitin müayinəsindən ən azı 8 ən çoxu 12 saat əvvəl baş vermişdir (cild 01, iş vər. 52-55). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasnın 27.03.2021-ci il tarixli 12 nömrəli rəydən görünür ki, 27.03.2021-ci il tarixli 13 nömrəli rəydən görünür ki, X7 meyitində aşkar olunan xəsarətlər-qapalı kəllə-beyin travması, beynin maddəsinə, beyin sərt qişası altına, beyin mədəciklərinə qansızmalar, başın yumşaq qatının iç səthinə, sol gicgah nahiyəsində qansızma, sol gicgah əzələsinə qansızmalar, sol gicgah nahiyəsinin, qaşarası nahiyənin, alt dodağın yaraları, alnın sağ nahiyəsinin, sağ əlin üst səthinin, sağ dizaltı nahiyənin sıyrıqları, küt alət təsirindən təsirindən törənmiş, törənmə müddətləri 18.03.2021-ci il tarixə uyğundur, canlı şəxslərdə həyat üçün təhlükəli olduqlarından sağlamlığa ağır zərər vuran xəsarətlərə aiddirlər. X7 ölümünə səbəb qapalı kəllə-beyin travması, beyin sərt qişası altına, beyin maddəsinə, beyin mədəciklərinə qansızmalar olmuşdur. X7 meyitində aşkar olunan xəsarətlər qərarın təsviri hissəsində göstərilən yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərlər. X7 ölümü meyitin müayinəsindən ən azı 10 ən çoxu 14 saat əvvəl baş vermişdir (cild 01, iş vər. 48-51). Cinayət işinin materiallarında olan ziyan aktlarından görünür ki, hadisə nəticəsində Wolksvagen Crafter markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilə 11570 (on bir min beş yüz yetmiş) manat məbləğində, ZİL-133 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1757 (min yeddi yüz əlli yeddi) manat məbləğində maddi ziyan dəymişdir (cild 01, iş vər. 57-58). Cinayət işinin materiallarında olan DİN BDYPİ-nin Qİİ-dən alınmış 07.04.2021-ci il tarixli 016-38653-1221 saylı məktubdan görünür ki, 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs 21.07.2014-cü il tarixdə (21.07.2024-cü il tarixədək müddətə etibarlı olan) AE seriyalı 109287 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və o, nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilənlərin siyahısında yoxdur (cild 01, iş vər. 63). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasnın 16.06.2021-ci il tarixli 177 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində olan xəsarətlər - alnın sağ nahiyəsinin yarası, sağ qaşın bayır ucu nahiyəsinin yarası, küt alət təsirindən törənmiş, törənmə müddətləri 18.03.2021-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. Qeyd olunan xəsarət yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər (cild 01, iş vər. 217- 218). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 03.05.2021-ci il tarixli 8/836 №-li rəydən görünür ki, Wolksvagen Crafter markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (cild 01, iş vər. 108-109). Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs oğlunun törətdiyi əməldə Cinayət Məcəlləsinin 263.3cü maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Cinayət Məcəlləsinin 263.3-cü maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iclasında təqsirləndirilən şəxs, onun müdafiəçisi hazırkı cinayət işinin faktiki hallarını və əməlinin tövsifini mübahisələndirməyərək, yalnız Şəki Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli hökmünün dəyişdirilməsini, ona Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyasının minimum həddində cəza verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərin yaxın qohumu olan hüquqi varisləri ilə, o cümlədən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və onların təqsirləndirilən şəxsə qarşı heç bir şikayətlərinin və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmiş,əməlində cəzanı ağırlaşdıran halların olmaması qənaətinə gəlmişdir. Həmçinin apellyasiya məhkəməsi araşdırılması zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin olunmasını onun şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Ona görə də məhkəmə kollegiyası Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasını onun şəxsiyəti və törətdiyi cinayət əməlinə görə cəzanın məqsədlərinin təmin olunması baxımından əsaslı hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş arayışdan, doğum haqqında şəhadətnamələrin surətindən və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Himayəsində 2017 və 2018-ci il təvəllüdlü olmaqla iki azyaşlıuşağı vardır. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 01, iş vər. 121-126). Cinayət işinin materiallarına əlavə olunan notarial qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, zərərçəkmiş şəxslərin hüquqi varisləri-X15 və X13 ayrı-ayrılıqda Təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbləri yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 46). Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin törədilməsinə görə şəxslər beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Belə olan da halda birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddə üzrə aşağı həddə yaxın azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinin dəlillərini qəbuledilməz sayaraq həmin şikayətin təmin edilmədən, Şəki Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli hökmünün baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12, 44.2.2, 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2021ci il tarixli 1(091)-173/2021 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-69/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-69/2022
16.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver