Məhkəmə qərarları › İş №1(107)-70/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-70/2021

02.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-70/2021 02.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X4 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Şəki Regional Vəkil Bürosunun vəkili X6 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ucar Rayon Məhkəməsinin (hakim H.Xəlilov) xx xxxxxx 2020-ci il tarixli hökmü ilə xx xxxxxx 1996-cı ildə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, оrta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş, Ucar şəhəri, Ş.Qurbanov küçəsi, ev 47-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzaçəkməsinin əvvəlinin tutulduğu vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən hesab edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, iş üzrə maddi sübut olan və Ucar Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd 7 litrlik, odunla işləyən samovarın sahibi Zərərçəkmiş şəxs qaytarılması, ondan 50 manat məhkəmə məsrəfinin (ekspertiza xərci) tutulub dövlət nəfinə keçirilməsi, ibtidai istintaqda Təqsirləndirilən şəxs оğluna göstərilən hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X3 72 manat, məhkəmədə göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 90 manatın ödənilməsi müəyyən edilmişdir. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs xx xxxx 2020ci il tarixdə, saat 11 rаdələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Ucar şəhəri, Şəhriyar küçəsi, ev 12-də yaşayan Zərərçəkmiş şəxs məxsus olan evə, sonuncu evdə olmayan zaman evin arxa otağının pəncərəsindən, həmin pəncərəni əli ilə içəri basaraq açmaqla qanunsuz evə daxil olaraq evin aynabəndində olan bir ədəd qiyməti 110 manat dəyərində, 7 litirlik, odunla işləyən samovarı gizli olaraq talamaqla Zərərçəkmiş şəxs həmin məbləğdə mаddi ziyаn vurmaqla oğurlamışdır. Hökmdən Təqsirləndirilən şəxs apellyasiya şikayəti vermişdir. Hökmdən apellyasiya şikayətinə qarşı etiraz və apellyasiya protesti verilməmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, cəzaçəkmə müəssisənin növü dəyişdirilməli və o, ciddi rejimli cəzaçəkmə müəssisəsindən ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməlidir. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək bildirmişdir ki, apellyasiya şikayətimi müdafiə edirəm. Qanun imkan verirsə cəza çəkdiyim müəssisədən ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməyim barədə qərar qəbul edilsin. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı Rəhman İbrahimov bildirmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmədən yenidən az ağır cinayət törətmişdir. CM-in tələblərinə əsasən, onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi düzgün olaraq müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin hökmü qanuni və əsaslıdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi Zaur Bayramov apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, zərərçəkmiş şəxs şəxs Zərərçəkmiş şəxs məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apellyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdırıb, işdə olan sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən CPMin 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinin tələblərinə əməl edilərək, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmələri haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və Təqsirləndirilən şəxs əməli CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuş, ona təyin edilmiş cəza cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və onun şəxsiyyətinə uyğun olmuş və cəzaçəkmə rejimi düzgün müəyyən edilmişdir. Apellyasiya şikayətindən və təqsirləndirilən şəxsin apellyasiya şikayətinin dəlillərinə münasibətindən görünür ki, o birinci instansiya məhkəməsinin təyin etdiyi cəzanı mübahisələndirməsə də, cəzaçəkmə rejiminin dəyişdirilməsini istəyir. Bununla bağlı qeyd olunmalıdır ki, cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 аlınmış tələbnаmədən və məhkəmə hökmünün surətindən görünür ki, Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 1(063)-56/2015 nömrəli hökmünə əsasən, Təqsirləndirilən şəxs CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib dörd il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən, Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmü ilə ona təyin edilmiş 600 manat cərimə cəzası yeni hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına tamamilə birləşdirilməklə, ona qəti olaraq dörd il altı ay müddətə azadlıqdan məhrum etmə və 600 manat cərimə cəzası təyin edilmiş, CM-in 68.2-ci maddəsinə əsasən, cərimə cəzasının müstəqil icra olunması müəyyən edilmişdir. xx xxxx 2016-cı ildə Azərbaycan Respublikası Milli Məcəlisinin xx xxx 2016-cı il tarixli amnistiya qərarına əsasən Təqsirləndirilən şəxs cərimə cəzasından azad edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı cəzaçəkmə müəssisəsinin xx xxxxxxxx 2019-cu il tarixli xx/xx-2528 nömrəli bildirişinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu il tarixdə cəza müddətinin sonu ilə əlaqədar azad edilərək yaşadığı ünvana getmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinаyət törətmişdir ki, bu da cinayətin residivini yaradır (CM-in 18.1-ci maddəsi). “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” xx xxxxxxx 2017-ci il tarixli Qanunla Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə dəyişiklik edilmiş və həmin maddəyə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır (CM-in 65.1). Eyni zamanda, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz (CM-in 65.2). Xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkirlər (CM-in 56.1.3-cü maddəsi). Ona görə də şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs təyin qəti olaraq təyin etdiyi iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası qanuni və ədalətli, cəzaçəkmə müəssisəsinin növü düzgün müəyyən edilmişdir. Beləliklə, məhkəmə kollegiyası CPM-in 392.3-cü maddəsinə uyğun olaraq, apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib, Təqsirləndirilən şəxs apellyasiya şikayətinin təmin olunması üçün qanuni əsaslar tapmayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Şərh edilənləri və CPM-in 394, 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar