Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-71/2021 03.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Şəki Regional vəkil Bürosunun vəkili X3 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1ci maddələri ilə məhkum edilməsinə dair Ucar Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti üzrə işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ucar Rayon Məhkəməsinin (hakim Hilal Xəlilov) xx xxxxxxx 2020-ci il tarixli hökmü ilə, xx xxxx 1979-cu ildə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Ucar rayonu, Gəraybəyli kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Аzərbаycаn Respublikаsı Cinаyət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 (iki) il 06 (altı) ay müddətə аzаdlığın məhdudlaşdırılması cəzаsınа, Аzərbаycаn Respublikаsı Cinаyət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 2 (iki) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzаsınа məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzаsının təyin edilməsi, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə həbsdə olduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə аzаdlığın məhdudlaşdırılması cəzası saxlanılması, azadlığın məhdudlaşdırılması cəzasının müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs оğlunun üzərinə Ucar rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri оlаn Ucar rayonu, Gəraybəyli kəndində yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması, Təqsirləndirilən şəxs götürülmüş, Ucar Rayon Polis Şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 14 ədəd, ümumi təmiz çəkisi 213.64 qram olan narkotik tərkibli çətənə bitkiləri, 30 ədəd, ümumi təmiz çəkisi 569,50 qram çətənə bitkisinin hissələri, 1 ədəd kağız torbada 439,97 qram qurudulmuş marixuana və 715 qram bitki mənşəli kütlə hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməsi, Təqsirləndirilən şəxs 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi, Təqsirləndirilən şəxs оğlunun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi, habelə hökmün qalan hissədə icra edilməsi yaşayış yeri üzrə Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməsi müəyyən edilmişdir. işin halları: Ucar Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, 2020-ci ilin mart ayında dəqiq tarixi istintaqa məlum olmayan günlərdə Ucar rayonu Gəraybəyli kəndində yaşadığı ünvanda yerləşən şəxsi mülkiyyətində olan torpaq sahəsində ətrafı mişar daşından hörülərək hasarla əhatə olunmuş həyətində qızılgül kolları, şüyüt və kişniş toxumlarının arasında özündə olan sayını bilmədiyi narkotik tərkibli bitki toxumlarını səpib, üzərinə peyin töküb sulamaqla şitillərini çıxarmış, daha sonra həmin şitillərdən plastmas dibçəklərdə qanunsuz olaraq əkib sulamaqla, diblərini alaq otlarından təmizləməklə və sair üsullarla aqrotexniki qaydada qulluq edib yetişdirərək kultivasiya etmiş, həmin əkib becərdiyi çətənə bitkilərindən bir neçəsinin üzərini yolub kustar üsulla qurudaraq yaşadığı evin zirzəmisində 2 ədəd sellofan torbalarda, eləcə də evin arxasında məişət əşyalarını saxladığı üzəri və kənarları bağlı tikilinin altında 1 ədəd plastmas qabın sarı rəngli qapağının üzərində qurudaraq saxlamış, xx xxxx 2020-ci il tarixdə, saat 16 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun qanunsuz olaraq əkib kultivasiya etdiyi, təmiz çəkisi 214,34 qram olan 14 (on dörd) ədəd çətənə (kannabis) bitkiləri, təmiz çəkisi 570,00 qram olan 30 ədəd narkotik tərkibli çətənə bitkisinin hissələri və həmin bitkilərdən satış məqsədi olmadan toplayıb kustar üsulla hazırlayaraq əldə etdiyi və yaşadığı evin zirzəmisində 2 ədəd sellofan torbalarda və evin arxasında olan tikilinin içərisində 1 ədəd plastmas qabın sarı rəngli 1 ədəd qapağının üzərində saxladığı-410,00 qram, 18,96 qram və 11,16 qram çəkilərdə olmaqla, ümumi təmiz çəkisi 440,12 qram olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. İş üzr yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Ucar Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti daxil olmuşdur. apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı verdiyi apellyasiya protestində Ucar Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələr və cinayətlərin məcmusu üzrə yuxarı həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmündən digər cinayət prosesi iştirakçıları tərəfindən apellyasiya şikayəti verilməmişdir. Eləcə də verilmiş apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X5 apellyasiya protestinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. Təqsirləndirilən şəxs əlavə olaraq çıxışında bildirdi ki, etdiyi cinayət əməlindən səmimi peşmandır. İlk dəfə olaraq az ağır cinayət törətmişdir. Himayəsində iki azyşlı uşağının olmasını nəzərə alıb barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı, ədliyyə müşaviri X6 apelyasiya protestinin təmin edilməsini, birinci instansiya məhkəməsi hökmünün apellyasiya protestinin dəlillərinə münasibətdə dəyişdirilməsini məhkəmə kollegiyasından xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası qismən məhkəmə istintaqı aparmaqla apellyasiya protestinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs, onun müdafiəçisi, habelə dövlət ittihamçısının apelyasiya protesti ilə bağlı ifadə və çıxışlarını dinləyərək hesab edir ki, apelyasiya protesti təmin edilməməli, iş üzrə Ucar Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs CMin 234.1-ci maddəsi ilə verilmiş ittiham CM-in 237.1-ci maddəsi ilə tam əhatə olunduğundan, CM-in 234.1-ci maddəsi ona verilmiş ümumi ittihamdan xaric edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apelyasiya tələbi ilə bağlı olan hissədə, yəni apelyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs ifadəsində bildirdi ki, fərdi əməklə məşğul olmaqla ailəsini dolandırır. Əvvəllər marixuanadan istifadə etmişdir. Təxminən 1 il əvvəl tanımadığı şəxsdən çəkmək üçün narkotik vasitə olan marixuana alarkən toxumlarını gizlətmiş və 2020-ci ilin mart ayında dəqiq tarixini xatırlamadığı günlərdə yaşadığı həyətyanı sahəsində həmin toxumları qızılgül kolları, şüyüt və kişniş toxumlarının içərisinə səpmişdir. Daha sonra həmin toxumların üzərinə peyin səpmiş və toxumları sulamışdır. Az müddət sonra sayını bilmədiyi qədər şitillər çıxmış və həmin şitillərdən 16 ədədini plastmas dibçəklərə əkərək qulluq etməyə davam etmişdir. Dibçəkləri isə evinin arxasına heç kimin görmədiyi yerə gətirmişdir. Tez-tez dibçəkləri sulamış və həmçinin diblərinə peyin tökmüşdür. xx xxxx 2020-ci il tarixdə, saat 16 radələrində yaşadığı evin yaxınlığında küçədə olarkən Ucar Rayon Polis Şöbəsinin əməkdaşları yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər. Polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda və narkotik vasitə əkməkdə şübhəli olduğunu bildirmişlər. Hüquq və vəzifələri ona izah edildikdən sonra Ucar və ətraf rayonlarda fəaliyyət göstərən vəkillərin siyahısı təqdim olunmuşdur. Siyahıdan seçdiyi vəkil X7 az müddət sonra ona təqdim olunmuş, həmçinin 2 nəfər hal şahidi də dəvət olunmuşdur. Dəvət olunmuş iki nəfər hal şahidinin, mütəxəssis-aqronomun və müdafiəçinin iştirakı ilə yaşadığı ünvana baxış keçirilmişdir. Baxışdan əvvəl ərizə ilə müraciət edərək etirazının olmadığını qeyd etmişdir. Baxış zamanı yaşadığı ünvandan həyətdə qızılgül kollarının arasından və 16 ədəd dibçəklərin içərisində 14 ədəd olmaqla narkotik tərkibli bitkilər aşkar edilmişdir. Bunlarla yanaşı yaşadığı ünvanda zirzəmidə 2 ədəd sellofanlarda və məişət əşyalarını saxladığı üzəri, kənarları bağlı olan tikilinin altında plastmas qabın qapağının üzərində quru halda saxladığı narkotik tərkibli marixuana aşkar edilmiş və elektron tərəzidə çəkilmişdir. Həmin marixuananı əkdiyi bitkilərdən əldə edib saxlamışdır. Bundan sonra yaşadığı ünvanda baxış davam etdirilsə də, başqa hər hansı narkotik vasitə aşkar edilməmişdir. Baxış zamanı polis əməkdaşlarına bildirmişdir ki, aşkar olunmuş narkotik vasitə ona məxsusdur və özü istifadə etmək məqsədi ilə əkmiş və saxlamışdır. Narkotik vasitəni əkməsindən, istifadə etməsindən ailə üzvlərinin və kənar şəxslərin xəbəri olmamışdır. Daha sonra isə aşkar edilmiş həmin narkotik vasitənin fotoşəkilləri çəkilmiş və bundan sonra həmin vasitə qablaşdırıldıqdan sonra rayon polis şöbəsinin 71 saylı möhürü ilə möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra rayon polis şöbəsində şübhəli şəxs qismində tutulmuş, üzərində şəxsi axtarış aparılmış və üzərindən hər hansı narkotik vasitə aşkar edilməmişdir. Bununla əlaqədar protokol tərtib edilmiş, iştirakçılar və özü tərəfindən protokol imzalanmışdır. Həmin narkotik vasitədən heç kimə verməmiş və ya satmamışdır. Eləcə də həmin vasitənin miqdarını da bilməmişdir, çünki ölçmək üçün hər hansı avadanlığı olmamışdır. Məhkəmədən ilk dəfə olaraq az ağır cinayət törətməsini, yaşayış yerindən normal xarakterizə olunmasını, himayəsində iki azyşlı uşağının olmasını və təqsirini etiraf edərək əməlindən səmimi peşmançılıq çəkməsini, habelə gələcəkdə bu cür qanunsuz hərəkətə yol verməyəcəyini nəzərə alaraq ona yüngül, yəni azadlıqdan məhrum etmə ilə bağlı olamayan cəza təyin edilməsini xahiş etdi. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ünvan 2 Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunsuz olaraq narkotik vasitə saxlaması və qanunsuz narkotik tərkibli çətənə bitkilərini kultivasiya etməsi barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə xx xxxx 2020-ci il tarixdə şöbə rəhbərliyinə raportla məruzə etmişdir. Ucar Rayon Polis Şöbəsinin rəisinin təsdiq etdiyi qərara əsasən əməliyyat-təhqiqat qrupu yaradılmış və xx xxxx 2020-ci il tarixdə, təxminən saat 16 radələrində Təqsirləndirilən şəxs Ucar rayonu, Gəraybəyli kəndindəki yaşadığı ünvana baxış keçirilmişdir. Baxışdan əvvəl hüquq və vəzifələri izah edildikdən sonra vəkillərin siyahısı Təqsirləndirilən şəxs təqdim edilmiş, sonuncu siyahıdan seçdiyi vəkil X7 ilə təmin edilmişdir. Baxışa 2 nəfər hal şahidi və mütəxəssis-aqronom da dəvət edilmiş, eyni zamanda Təqsirləndirilən şəxs baxış keçirilməsinə etiraz etmədiyi barədə rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Təhqiqat qrupunun təhqiqatçısı Pünhan Şükürlü tərəfindən baxış aparılmış, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evinin arxasında kənarları və üstü açıq şəraitdə 16 ədəd dibçəklərdə 14 ədəd olmaqla narkotik tərkibli bitkilər aşkar edilmişdir. Həmçinin evin arxasında təxminən 3x4 metr olan bağlı şəraitdə, yəni kənarları mişar daşıdan hörülmüş və üzəri şiferlə örtülmüş yerdə plastmas qabın sarı rəngli 1 ədəd qapağının üzərində narkotik tərkibli bitki kütləsi, bundan başqa evin zirzəmisinin içərisindən biri şəffaf olmaqla, iki ədəd sellofan torbada quru halda narkotik tərkibli bitki kütlələri aşkar edilmişdir. Qabın qapağı üzərində aşkar edilmiş kütlə sellofan torbaya tökülərək elektron tərəzidə çəkildikdə həmin kütlənin çəkisinin 25 qram olması müəyyən edilmişdir. Digər torbalarda olan kütlələr çəkildikdə çəkilərinin 1185 və 35 qram olmaları müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əkdiyi narkotik vasitənin toxumlarını adı yadında qalmayan şəxsdən narkotik vasitə alıb çəkdikdə toxumlarını ailə üzvlərinin, ümumiyyətlə heç kimin xəbəri olmadan saxladığını və həmin toxumlardan 2020-ci ilin mart ayında dəqiq tarixi yadında qalmayan günlərin birində həyətyanı sahəsində əkib becərdiyini, quru kütləni isə əkdiyi bitkilərdən yığaraq şəxsi istifadə məqsədi güddüyü üçün saxladığını bildirmişdir. Narkotik istifadə etməsi və əkməsindən ailə üzvlərinin xəbəri olmamışdır. Baxış davam etdirilsə də, məlum ünvanda başqa cinayət xarakerli əşya və ya iz aşkar edilməmişdir. Aşkar edilmiş narkotik vasitələr qablaşdırılaraq 71 nömrəli möhürlə möhürlənmiş, bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs, müdafiəçisi, hal şahidləri və digər iştirakçılar həmin protokolu və qablaşdırmanın üzərini imzalamışlar. Baxışdan sonra Ucar Rayon Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra üzərində şəxsi axtarış keçirilsə də hər hansı cinayət xarakterli əşya və ya iz aşkar edilmədiyindən bu barədə də müvafiq protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən eyni ilə imzalanmışdır. Təqsirləndirilən şəxs rayon sakini kimi tanısa da, ancaq onunla heç bir münasibəti və ya ədavəti olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Birinci instansiya məhkəməsi iclasında şаhid qismində dindirilmiş Şahid2 və Şahid4 eyni məzmunlu ifаdə verərək Şahid1 göstərdiyi xüsusаtlаrı təsdiq etmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaqda verdiyi və Birinci instansiya məhkəməsi iclasında elan edilməklə tədqiq edilmiş ifadəsindən görünür ki, o, Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə, saat təxminən 16 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının dəvəti ilə Təqsirləndirilən şəxs, Ucar rayonu, Gəraybəyli kəndindəki yaşadığı ünvana baxış keçirilməsində öz razılığı ilə hal şahidi kimi iştirak etmişdir. Ona, həmçinin dəvət edilmiş Asəm Kərimov adlı digər hal şahidinə hüquq və vəzifələri izah edildikdən, eləcə də digər zəruri hərəkətlər edildikdən sonra baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evinin arxasında kənarları və üstü açıq şəraitdə 16 ədəd dibçəklərdə 14 ədəd olmaqla narkotik tərkibli bitkilər aşkar edilmişdir. Həmçinin evin arxasında kənarları mişar daşından hörülmüş və üzəri şiferlə örtülmüş yerdə plastmas qabın sarı rəngli 1 ədəd qapağının üzərində narkotik tərkibli bitki kütləsi, bundan başqa evin zirzəmisinin içərisindən biri şəffaf olmaqla 2 ədəd sellofan torbada quru halda narkotik tərkibli bitki kütlələri aşkar edilmişdir. Qabın qapağı üzərində aşkar edilmiş kütlə sellofan torbaya tökülərək elektron tərəzidə çəkildikdə həmin kütlənin çəkisinin 25 qram olması müəyyən edilmişdir. Digər torbalarda olan kütlələr çəkildikdə çəkilərinin 1185 və 35 qram olmaları müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əkdiyi narkotik vasitənin toxumlarını adı yadında qalmayan şəxsdən narkotik vasitə alıb çəkdikdə toxumlarını ailə üzvlərinin, ümumiyyətlə heç kimin xəbəri olmadan saxladığını və həmin toxumlardan 2020-ci ilin mart ayında dəqiq tarixi yadında qalmayan günlərin birində həyətyanı sahəsində əkib becərdiyini, quru kütləni isə əkdiyi bitkilərdən yığaraq istifadə etmək məqsədi ilə saxladığını bildirmişdir. O, həmçinin narkotik vasitə istifadə etməsi və əkməsindən ailə üzvlərinin xəbərinin olmamasını demişdir. Baxış davam etdirilsə də məlum ünvanda başqa cinayət xarakerli əşya və ya iz aşkar edilməmişdir. Aşkar edilmiş narkotik vasitələr qablaşdırılaraq möhürlə möhürlənmiş, bu barədə protokol tərtib olunmuşdur. O, Təqsirləndirilən şəxs, müdafiəçisi, digər hal şahidi və digər iştirakçılar həmin protokolu və qablaşdırmanın üzərini imzalamışlar. Baxışdan sonra həmin günü Ucar Rayon Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra üzərində şəxsi axtarış keçirilsə də hər hansı cinayət xarakterli əşya və ya iz aşkar edilmədiyindən bu barədə də müvafiq protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən eyni ilə imzalanmışdır. Təqsirləndirilən şəxs əvvəllər tanısa da, onunla heç bir münasibəti və ədavəti olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X10 ibtidai istintaqda verdiyi və Birinci instansiya məhkəməsi iclasında elan edilməklə tədqiq edilmiş ifadəsindən görünür ki, o, şahid Rəhim Rəhimovun ifadəsinə oxşar ifadə vermişdir. Cinayət işində olan Ucar Dövlət X11 Bitkiçilik sektorunun baş məsləhətçisi Cavid İsmayılov tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli rəydən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri həyətyanı sahəsində və 16 ədəd dibçəklərdə əkdiyini bildirdiyi üçün özünün iştirakı ilə həyətyanı sahəyə və həyətyanı sahədə evin arxasında kənarları bağlı vəziyyətdə olan yerə baxış keçirilmişdir. Baxış zamanı 16 ədəd dibçəklərdə 14 ədədi yararlı olmaqla, Təqsirləndirilən şəxs həyətyanı sahəsindən ümumilikdə 44 ədəd narkotik tərkibli bitkilər aşkar edilmişdir. Aşkar edilmiş bitkilərin inkişafı və alaq otlarından təmizliyi həmin bitkilərə aqrotexniki qaydada becərildiyini göstərir. Cinayət işində olan məhkəmə-bioloji ekspertizasının xx xxxx 2020-ci il tаrixli, 17/385 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə “ vət. Təqsirləndirilən şəxs həyətindən götürülmüş.....bitkilər...” sözləri yazılmış 01 (bir) ədəd polietilen bağlamanın içərisindəki:-14 (on dörd) ədəd, hündürlükləri 33 sm-dən 60 sm-dək, ümumi təmiz çəkisi 214,34 qram olan bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. 30 (otuz) ədəd, ümumi təmiz çəkisi- 570,00 qram olan bitki hissələri narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələridir. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə “vət. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş... kütlə...” sözləri yazılmış 01 (bir) ədəd göy rəngli sellofan torbanın içərisindəki: 02 (iki) ədəd sellofan şəffaf torbalarda, ayrı-ayrılıqda təmiz çəkiləri 18,96 və 11,16 qram, ümumi təmiz çəkisi-30,12 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. 01 (bir) ədəd qonur rəngli sellofan torbada, təmiz çəkisi 410,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin sellofan torbanın içərisindəki, təmiz çəkisi 715,00 qram digər bitki mənşəli kütlə isə narkotik vasitələrə aid deyildir. Tədqiqata təqdim olunmuş, 14 (on dörd) ədəd çətənə (kannabis) bitkiləri, 30 (otuz) ədəd çətənə (kannabis) bitkisinin hissələri ilə qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Ucar DAİM-in Bitkiçilik sektorunun baş məsləhətçisi Cavid İsmayılov tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli aqronom rəyinə əsasən təqdim olunmuş çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxxx 2020-ci il tаrixli, 760 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində cinayət tərkibi vardır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs CM-in 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi, onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirildiyi üçün o, həmin maddələr ilə təqsirli bilinib cəzalanmalıdır. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 аlınmış tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində оlаn Ucar Rayon İcra Hakimiyyəti başçısının Qarabörk kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 645 nömrəli arayışdan və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx xxxxxxxx 2008-ci ildə doğulmuş Mirəli və xx xxxxx 2014-cü ildə doğulmuş Xədicə adlı iki azyaşlı uşağı vardır. Cinayət işində оlаn Ucar Rayon İcra Hakimiyyəti başçısının Qarabörk kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən normal xаrаkterizə оlunur. Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs 2020-ci ilin mart ayında dəqiq tarixi istintaqa məlum olmayan günlərdə Ucar rayonu Gəraybəyli kəndində yaşadığı ünvanda yerləşən şəxsi mülkiyyətində olan torpaq sahəsində ətrafı mişar daşından hörülərək hasarla əhatə olunmuş həyətində qızılgül kolları, şüyüt və kişniş toxumlarının arasında özündə olan sayını bilmədiyi narkotik tərkibli bitki toxumlarını səpib, üzərinə peyin töküb sulamaqla şitillərini çıxarmış, daha sonra həmin şitillərdən plastmas dibçəklərdə qanunsuz olaraq əkib sulamaqla, diblərini alaq otlarından təmizləməklə və sair üsullarla aqrotexniki qaydada qulluq edib yetişdirərək kultivasiya etmiş, həmin əkib becərdiyi çətənə bitkilərindən bir neçəsinin üzərini yolub kustar üsulla qurudaraq yaşadığı evin zirzəmisində 2 ədəd sellofan torbalarda, eləcə də evin arxasında məişət əşyalarını saxladığı üzəri və kənarları bağlı tikilinin altında 1 ədəd plastmas qabın sarı rəngli qapağının üzərində qurudaraq saxlamış, xx xxxx 2020-ci il tarixdə, saat 16 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun qanunsuz olaraq əkib kultivasiya etdiyi, təmiz çəkisi 214,34 qram olan 14 (on dörd) ədəd çətənə (kannabis) bitkiləri, təmiz çəkisi 570,00 qram olan 30 ədəd narkotik tərkibli çətənə bitkisinin hissələri və həmin bitkilərdən satış məqsədi olmadan toplayıb kustar üsulla hazırlayaraq əldə etdiyi və yaşadığı evin zirzəmisində 2 ədəd sellofan torbalarda və evin arxasında olan tikilinin içərisində 1 ədəd plastmas qabın sarı rəngli 1 ədəd qapağının üzərində saxladığı-410,00 qram, 18,96 qram və 11,16 qram çəkilərdə olmaqla, ümumi təmiz çəkisi 440,12 qram olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs CM-in 234.1-ci mаddəsi ilə məhkum edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, iş üzrə müfəssəl hüquqi qiymətləndirmə aparılmalı, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittiham üzrə təqsirli olub-olmaması kimi mühüm əhəmiyyət kəsb edən məsələyə aydınlıq gətirilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinaət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2013-cu il tarixli qərarında göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 1.0.6-cı maddəsində tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyasının anlayışı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanması kimi verilmişdir. CM-in 237.1-ci maddəsində də qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin xeyli miqdarda kultivasiya edilməsinə, yəni əkilməsinə, yetişdirilməsinə, onların (onların hissələrinin) toplanmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir. CM-in 237.1-ci maddəsinin “kultivasiya” anlayışı öz hüquqi mənasına görə tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və toplanmasından fərqli olaraq tərkibində xüsusi narkotik maddələr olan bitkilərin əkilməsi və yetişdirilməsi üçün xüsusi şəraitin yaradılması, həmçinin onların yetişdirilməsi üsullarının təkmilləşdirilməsi, yeni sortların alınması, onların məhsuldarlığının və əlverişsiz hava şəraitinə dözümlüyünün artırılmasına yönələn hərəkətləri nəzərdə tutur. “Kultivasiya” anlayışının tərkibinə yabanı şəkildə bitən bitkilərin toplanması kimi əlamətin daxil edilməsi bu anlayışın elmi və hüquqi mənaları ilə uzlaşmır. CM-in 237.1-ci maddəsində nəzərdə tutulan çətənə, xaşxaş növlərinin və ya tərkibində narkotik maddələr olan digər bitkilərin kultivasiyası yabanı şəkildə bitən və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanmasını ehtiva etmir. Konstitusiya Məhkəməsinin Plenumu tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) hansı miqdarda toplanmasının CM-in 237.1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olmasına dair qeyd edir ki, həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibinin yaranması üçün əməlin, yəni tərkibində narkotik maddələr olan bitkilərin şəxsi istehlak və ya satış məqsədi ilə toplanması müəyyən edilməmişdir. Beləliklə, əməlin CM-in 237.1-ci maddəsi ilə tövsif edilməsi üçün göstərilən məqsədlərin olub-olmaması əhəmiyyət kəsb etmir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli qərarının 4-cü bəndində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qərarın 17-ci bəndində isə qeyd olunur ki, tərkibində narkotik vasitələr olan bitkiləri və ya onların hissələrini bu bitkilərin təsərrüfat məqsədi ilə əkilmədiyi və mühafizə olunmayan ərazilərdən yığılması məqsədindən asılı olaraq CM-in 234.1 və ya 234.2-ci maddələri ilə tövsif olunmalıdır. Göründüyü kimi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin yığılması tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) qanunsuz əldə edilməsi sayıldığı halda, əkilib becərilmiş tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanması həmin bitkilərin qanunsuz kultivasiya edilməsi hesab olunur. Belə vəziyyətdə Təqsirləndirilən şəxs 2020-ci ilin mart ayında dəqiq tarixi istintaqa məlum olmayan günlərdə Ucar rayonu Gəraybəyli kəndində yaşadığı ünvanda yerləşən şəxsi mülkiyyətində olan torpaq sahəsində ətrafı mişar daşından hörülərək hasarla əhatə olunmuş həyətində qızılgül kolları, şüyüt və kişniş toxumlarının arasında özündə olan sayını bilmədiyi narkotik tərkibli bitki toxumlarını səpib, üzərinə peyin töküb sulamaqla şitillərini çıxarmış, daha sonra həmin şitillərdən plastmas dibçəklərdə qanunsuz olaraq əkib sulamaqla, diblərini alaq otlarından təmizləməklə və sair üsullarla aqrotexniki qaydada qulluq edib yetişdirərək kultivasiya etmiş, həmin əkib becərdiyi çətənə bitkilərindən bir neçəsinin üzərini yolub kustar üsulla qurudaraq yaşadığı evin zirzəmisində 2 ədəd sellofan torbalarda, eləcə də evin arxasında məişət əşyalarını saxladığı üzəri və kənarları bağlı tikilinin altında 1 ədəd plastmas qabın sarı rəngli qapağının üzərində qurudaraq saxlamış, xx xxxx 2020-ci il tarixdə, saat 16 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun qanunsuz olaraq əkib kultivasiya etdiyi, təmiz çəkisi 214,34 qram olan 14 (on dörd) ədəd çətənə (kannabis) bitkiləri, təmiz çəkisi 570,00 qram olan 30 ədəd narkotik tərkibli çətənə bitkisinin hissələri və həmin bitkilərdən satış məqsədi olmadan toplayıb kustar üsulla hazırlayaraq əldə etdiyi və yaşadığı evin zirzəmisində 2 ədəd sellofan torbalarda və evin arxasında olan tikilinin içərisində 1 ədəd plastmas qabın sarı rəngli 1 ədəd qapağının üzərində saxladığı-410,00 qram, 18,96 qram və 11,16 qram çəkilərdə olmaqla, ümumi təmiz çəkisi 440,12 qram olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bununla da o, bütövlükdə CM-in 237-ci maddəsində nəzərdə tutulmuş əməli, yəni qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə (əkmə, yetişdirmə və onların hissələrini toplama) cinayətini törətmişdir. Konstitusiya Məhkəməsinin qərarında qeyd edildiyi kimi, əməlin CM-in 237-ci maddəsi ilə tövsif edilməsi üçün tərkibində narkotik maddələr olan bitkilərin şəxsi istehlak və ya satış məqsədi ilə toplanması əhəmiyyət kəsb etmir. Beləliklə, əkilmiş narkotik tərkibli çətənə bitkilərinin hissələrinin toplanması CM-in 237-ci maddəsinin tərkib əlamətini təşkil edir. Odur ki, əkilmiş narkotik tərkibli çətənə bitkilərinin hissələri olan yarpaqlarının toplanması bunun hansı məqsədlə edilməsindən asılı olmayaraq CM-in 237-ci maddəsi ilə tövsif edilməlidir. Həmin bitkilərin hissələrinin (yarpaqlarının) toplanmasına görə CM-in 234-cü maddəsi ilə əlavə ittiham verilməsinə zərurət yoxdur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsə CM-in 234.1-ci maddəsi ilə verilmiş ittiham CM-in 237.1-ci maddəsi ilə əhatə olunur, bu səbəbdən CM-in 234.1-ci maddəsi ilə verilmiş ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamdan çıxarılmalıdır. CM-in 237.1-ci maddəsinə əsasən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) cinayət məsuliyyəti üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli 959-İİQ nömrəli Qanununun 1.0.6-cı maddəsində isə göstərilir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il 2 nömrəli qərarının 19-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-in 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının şərhi Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ-qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs oğlunun himayəsində iki azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü, ilk dəfə olaraq az ağır cinayət törətməsini, yaşayış yerindən normal xarakterizə olunmasını və təqsirini etiraf edərək əməlindən səmimi peşmançılıq çəkməsini CM-in 59.2-ci maddəsinə əsasən yüngülləşdirən hallar kimi nəzərə almış, eyni zamanda iş üzrə cəzanı ağırlaşdıran halların olmamasını müəyyən etmişdir. Bunlarla razılaşan məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın islah təsiri baxımından da qanuni və əsaslı olması qənaətinə gəlir. Belə ki, cəzа təyin edilərkən törədilmiş cinаyətin xаrаkteri və ictimаi təhlükəlilik dərəcəsi, təqsirkаrın şəxsiyyəti, o cümlədən cəzаnı yüngülləşdirən və аğırlаşdırаn hаllаr, hаbelə təyin olunmuş cəzаnın şəxsin islаh olunmаsınа və onun аiləsinin həyаt şərаitinə təsiri nəzərə аlınır (CM-in 58.3-cü maddəsi). CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğu təmin etməlidir. CM-in 237.1-ci maddəsinə görə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iş üzrə cəzanı yüngülləşdirən bütün halların olmasını, ağırlaşdıran halların olmamasını nəzərə alnaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasına uyğun olaraq 2(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə cəzanın islah təsiri baxımından qаnuni, əsaslı və ədalətli nəticəyə gəlmiş, təyin etdiyi cəzanın növünü və həddini düzgün müəyyən etmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (CM-in 1.2 və 2.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas qanunda və digər normative-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir (CPM-in 399.1.5-ci maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). CPM-in 398.1.4-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Göstərilənlərlə yanaşı, o da qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-in 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilmiş və CM-in 234.1ci maddəsi ilə 2 (iki) il 6(altı) ay müddətə, CM-in 237.1-ci maddəsi ilə 2(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum etmiş və CM-in 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 3(üç) müddətə azadlığın məhdudlaşdırılması cəzasını təyin etmiş, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübəli şəxs qismində saxlanıldığı 02 (iki) günü ona təyin olunmuş cəzadan çıxaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) müddətə azadlıqdan məhrum etmə cəzasının saxlamışdır. Məhkəmə kollegiyası isə Təqsirləndirilən şəxs verilmiş ittihamlardan CM-in 234.1-ci maddəsinin çıxarılması qənaətinə gəlmişdir. Ona görə də CM-in 66.2-ci maddəsinə dair müddəlar hökmdən xaric edilməli və onun xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 günə hesablanmaqla 4 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, dövlət ittihamçısı, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilməməli, iş üzrə Ucar Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə verilmiş ittiham CM-in 237.1-ci maddəsi ilə tam əhatə olunduğundan, CM-in 234.1-ci maddəsi ona verilmiş ümumi ittihamdan xaric edilməli, cinayət Məcəlləsinin 66.2-ci maddəsinə dair müddəlar hökmdən xaric edilməli, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 günə hesablanmaqla 4 gün müddət, ona təyin edilmiş 2 (iki) il azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, hökm baxılmış apelyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 394, 397, 398, 399.1, 405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Dövlət ittihamçısı, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilməsin. İş üzrə Ucar Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(063)-47/2020 saylı hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə verilmiş ittiham CM-in 237.1-ci maddəsi ilə tam əhatə olunduğundan, CM-in 234.1-ci maddəsi ona verilmiş ümumi ittihamdan xaric edilsin. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə dair müddəlar hökmdən xaric edilsin. Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 günə hesablanmaqla 4 gün müddət, ona təyin edilmiş 2 (iki) il azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökm baxılmış apelyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-71/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-71/2021
03.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver