Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-73/2021 02.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, Babayeva Vəfa Həsən qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 237.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin (hakim C.Əhmədov) xx xxxxxx 2020-ci il tarixli hökmü ilə xx.xx.1964-cü ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Şəki rayonunu Zunud kəndində pasport qeydiyyatında olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 234.1 və 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittihamdan CM-in 234.1-ci maddəsinin çıxarılması, CM-in 237.1-ci maddəsi ilə təqsirli bilinərək iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, onun 17-xx xxxx 2020-ci il tarixlərdə şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 2 günün CM-in 69.3-cü madəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 günün ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməsi, cəza çəkdiyi müddətdə üzərinə axşam saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, Şəki rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcının yaşadığı yer üzrə icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanması, onun narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması, iş üzrə maddi sübut olan Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs kultivasiya etdiyi 13 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərinin və 2 ədəd gümüşü ağ rəngli kağız bükümlərdə biri 2,70 qram, digəri 2,68 qram olmaqla cəmi 5,38 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın məhv edilməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 35,97 manat məbləğində məhkəmə məsrəfinin Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22) hesabına köçürülməsi, iş üzrə maddi ziyan və mülki iddianın olmamasının nəzərə alınması müəyyən edilmişdir. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən özü istifadə etmək məqsədilə əkilib-becərilməsi qadağan olunan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını əldə edib, qəsdən, qanunsuz olaraq Şəki rayonunun Zunud kəndində yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində 2020-ci ilin aprel ayının sonlarında əkib xüsusi qulluq göstərib yetişdirərək kultivasiya etmiş, xx xxxx 2020-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında, saat 18 radələrində Şəki ŞRPŞ-nin Cinayət axtarışı bölməsinin Narkotiklərlə mübarizə qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində yaşadığı evin həyətyanı sahəsinə keçirilən baxış zamanı həyətyanı sahəsindən xeyli miqdarda, yəni 13 ədəd hündürlüyü 102 sm-dən 203 sm-dək 04 ədəd yaş vəziyyətdə, ümumi təmiz çəkisi 935.00 qram, hündürlüyü 98 sm-dən 146 sm-dək 06 ədəd yaş vəziyyətdə, ümumi təmiz çəkisi 1430.00 qram, hündürlüyü 17 sm-dən 26 sm-dək 03 ədəd yaş vəziyyətdə, ümumi təmiz çəkisi 2,56 qram, cəmi ümumi təmiz çəkisi 2367,56 qram çəkidə əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür. Hökmdən Dövlət ittihamçısı apellyasiya protesti vermişdir. Hökmdən təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti, həmçinin verilmiş apellyasiya protestinə qarşı etiraz verilməmişdir. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs CM-in 237.1-ci maddəsi ilə məhkum edilməsinə dair xx xxxxxx 2020ci il tarixli hökmü CM-in 234.1-ci maddəsi ilə verilmiş ittihamın CM-in 237.1-ci maddəsi ilə əhatə olunduğundan təqsirləndirilən şəxsə verilmiş ümumi ittihamdan CM-in 234.1-ci maddəsini çıxarması qanunsuz, əsassız və ədalətsiz olduğundan, həmçinin cinayət qanununun norması düzgün tətbiq edilmədiyindən ləğv edilməli, Təqsirləndirilən şəxs CMin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinərək barəsində cinayətlərin məcmusu üzrə qanuna müvafiq qaydada yeni ittiham hökmü çıxarılmalıdır. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyasının iclasında protestin dəlillərini müdafiə edən dövlət ittihamçısı Rəhman İbrahimov əlavə olaraq bildirmişdir ki, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma CM-in 234.1-ci maddəsinin tərkibini yaradır. Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə satış məqsədi olmadan şəxsi istehlak məqsədi ilə yığıb, toplayıb qurudaraq iki ədəd gümüşü ağ rəngli kağız bükümlərə qablaşdırıb qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 5,38 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı öz gödəkcənin sağ yan cibində saxlamış, xx xxxx 2020-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki ŞRPŞ-nin CAB-nin və NMQ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində həmin bükümlər aşkar edilmişdir. Onun əməlində həmin narkotik vasitəni saxlaması cinayət əməli olduğundan, apellyasiya protesti təmin edilməlidir. Ona görə də apellyasiya protestinin təmin edilməsini, Təqsirləndirilən şəxs CMin 234.1 və 237.1-ci maddələri ilə cinayətlərin məcmusu üzrə cəza təyin edilməsini məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi bildirmişdir ki, apellyasiya protesti əsassızdır və formal mülahizələrə əsaslanır. Birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi üçün heç bir mötəbər sübuta istinad edilməmişdir. Belə ki, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama CM-in 237.1-ci maddəsinin tərkibini yaradır. İşin faktiki hallarla sübut olunur ki, müdafiə etdiyim şəxs həyətində əkdiyi narkotik vasitənin yarpaqlarını toplamış və gödəkçəsinin cibində saxlamışdır. Bu fakt ekpertiza ilə də təsdiq olunur. Yəni, Təqsirləndirilən şəxs əməli CM-in 237.1-ci maddəsi ilə əhatə olunur və ona CM-in 234.1-ci maddəsi ilə ittihamın verilməsi əsassızdır. Birinci instansiya məhkəməsi ittihamdan CM-in 234.1-ci maddəsini xaric etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də protestin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında ifadə verən Təqsirləndirilən şəxs bildirmişdir ki, 2019-cu ilin avqust ayında yaşadığım kəndin ərazisində yerləşən pay torpaq sahəsindən ot gətirməyə gedən zaman «alma bağı» adlanan sahədə yolun kənarında selofan torba gördüm, maraq üçün götürüb içərisinə baxdım. Torbada marixuana olduğunu görüb tanıdım, özüm istifadə etmək üçün cibimə qoyub evə apardım. Toxumları yaşadığım evin həyətyanı sahəsində əkdim və onlardan 6 dənəsi bitib çiçəklədi. Baxmaqdan ötrü onları xəzəlindən qopartdım. Səhəri gün polislər gəlib məni tutdular. Gödəkçəmin cibindən iki ədəd yarısı tütünlə qarışdırılmış nəşəni çıxarıb polis əməkdaşlarına təqdim etdim. Mala gedəndə ondan istifadə edirdim. Narkotiki satmaq fikrim olmayıb. Mən, həqiqətən ona su verib qulluq etsəm də, toxumlar yabanı olub. Həmin bitkidən bir qanad qopardıb divarının üstünə düzdüm və bir günə hazır oldu. Bundan sonra çəkmək üçün onu tütünlə qarışdırdım. Qurutduğum narkotiki çəkmək üçün ayrı-ayrı bükümlərə bükdüm. Narkotiki tütünlə qarışdırdığım üçün onu bükümlərə böldüm. Onları satmaq niyyətim olmayıb. Həmin bükümləri polislər gələnə kimi təxminən iki gün saxladım. Bükümləri mal qaraya baxmağa gedəndə geyindiyim gödəkçənin cibində saxlayırdım. Xəzəl səhər saat 10-dan günorta saat 15-ə kimi günəşin altında quruyur. Mən nəşəni qurutduqdan 2-3 gün sonra polislər gəldilər. Bükümləri üstümdə gəzdirmirdim. Onlar mal qaraya baxmağa gedəndə geyindiyim gödəkçənin cibində olurdu. Həmin gödəkçəmi isə evdə çardaxda asırdım. Üstümdə narkotik aşkar edilməmişdir. Gödəkçəmi özüm polis əməkdaşlarına təqdim etdim. Özümü yabanı olan narkotik bitkilərini həyətimdə əkməyimə görə təqsirli bilirəm. Səhv etmişəm. Bir də etmərəm. Yoldaşımla tək yaşadığımı, övladlarımızın olmadığını nəzərə alınmasını xahiş edirəm. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını və apellyasiya protestinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdırıb, işdə olan sübutları tədqiq edib, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə dövlət ittihamçısının apellyasiya protesti təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci ildə ona Şəki rayonu ərazisində «Həmzət» adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi qəbulu, yaşadığı evin həyətində qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkib-becərərək kultivasiya etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması, «Həmzət» adlı şəxsin şəxsiyyətinin müəyyən olunaraq cinayət əməlinin ifşa olunaraq cinayət başında yaxalanması məqsədi ilə əməliyyat tədbiri keçirilməsinə icazə verilməsi üçün şöbə rəhbərliyinə məruzə etmişdir. Şöbə rəisinin icazəsi ilə tədbirin keçirilməsi üçün ondan və Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid6 ibarət əməliyyat qrupu yaradılmışdır. «Həmzət» adlı şəxsin şəxsiyyəti müəyyənləşdirilib onun Şəki rayonu, Zunud kəndində yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə, həyətindəki tikililərə və evinə baxış keçirilməsi məqsədilə mütəxəssis aqranom dəvət edilmiş, əməliyyat müvəkkili Şahid6, təhqiqatçı Natiq Əzimov və mütəxəssis Şahid1la birlikdə Zunud kəndinə getmişlər. Baxışda hal şahidi qismində iştirak etmək üçün həmin kənd bələdiyəsinin sədri Şahid3, daha sonra Şahid2 adlı taksi sürücüsünü dəvət etmişlər. Təhqiqatçı Həmzətin evinin həyət qapısını bir neçə dəfə döymüş, təxminən 5-6 dəqiqədən sonra Həmzət küçəyə çıxmışdır. Təhqiqatçı Həmzətə özünü təqdim edib polis əməkdaşı olduğunu, yaşadığı evin həyətində narkotik vasitə olan bitkilər əkib becərməsi barədə daxil olmuş məlumatı yoxlamaq üçün gəldiklərini bildirmişdir. Həmzət bir anlıq duruxmuş, sonra həyətində tərkibində narkotik vasitə olan çətənə bitkisi əkdiyini etiraf etmişdir. Həmzət öz iştirakı ilə yaşadığı evin həyətyanı sahəsinə, həyətindəki tikililərə və evinə baxış keçirilməsinə könullü razı olması barədə ərizə vermiş, təhqiqatçı əvvəlcə Həmzətdən hal şahidlərinə, mütəxəssisə və digər iştirakçılara etirazının olub-olmadığını aydınlaşdırmış, Həmzətin iştirakçılara etirazı olmamışdır. Baxışdan əvvəl təhqiqatçı hal şahidlərinə, eyni zamanda digər iştirakçılara hüquq və vəzifələrini izah etmişdir. Həmzətin yaşadığı evin həyətinə baxış zamanı, şiferlə çəkilmiş hasarın qarşısına yığılmış oduncaqların üstündə 6 ədəd torpaqdan yeni çıxarılmış narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkar olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs həmin bitkilərin nə bitkiləri olduğunu soruşmuş, Təqsirləndirilən şəxs çətənə bitkiləri olduğunu, evinin qaşısında maşınların dayandığını görən zaman gələn şəxslərin polis əməkdaşları olduğunu güman etdiyi üçün torpaqdan çıxarıb oduncaqların üstünə yığdığını bildirmişdir. Təhqiqatçı mütəxəssisdən oduncaqların üstünə yığılmış bitkilərin nə bitkiləri olduğunu soruşmuş, mütəxəssis bitkilərə baxıb 6 ədəd bitkilərin çətən bitkisi olduğunu bildirmişdir. Mütəxəssisin cavabından sonra təhqiqatçı Həmzəti müdafiəçi ilə təmin etmək üçün vəkillərin siyahısinı təqdim etmiş, Həmzət təqdim olunmuş siyahıdan vəkil seçmiş, təhqiqatçı zəng vurub həmin vəkili dəvət etmişdir. Müdafiəçi gəldikdən sonra Təqsirləndirilən şəxs həyətyanı sahəsinə Həmzətin özünün, müdafiəçisinin, arvadının, hal şahidlərinin, mütəxəssisin və əməliyyat müvəkkili Şahid6 iştirakı baxış keçirilməsi davam etdirilmişdir. Baxış zamanı Həmzətin həyətinin şiferlə çəkilmiş hasarının yaxınlığından 2 ədəd, həyətin yuxarı hissəsindən 2 ədəd, meyvə ağaclarının arasından 1 ədəd və fındıq ağacının altından 2 ədəd olmaqla, cəmi 7 ədəd torpağa əkilmiş narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkar olunmuşdur. Təhqiqatçı aşkar olunmuş 13 ədəd çətənə bitkilərinin hündürlüklərini ölçüb 2 ədəd sintetik kisələrə və 1 ədəd zərfə qoyub möhürləyərək götürmüşdür. Həmzət baxış zamanı aşkar olunmuş narkotik təkibli çətənə bitkilərini özü əkib istifadə etmək məqsədilə xüsusi qaydada qulluq göstərib yetişdirdiyini bildirmişdir. Mütəxəssis də bitkiləri olduğu yerdə, torpaq üzərindəki əlamətləri ilə nəzərdən keçirib aqrotexniki qulluq göstərilməsi rəyinə gəlmişdir. Təhqiqatçı Həmzətdən evində başqa narkotik vasitə olub-olmadığını soruşmuş, Həmzət həyətyanı sahəsinin kənarına çəkilən hasardan asılan gödəkcəyə yaxınlaşıb sağ yan cibindən iki ədəd ağ rəngli kağız bükümü çıxarıb təhqiqatçıya təqdim etmiş, bükülülərin içərisindəkinin əkdiyi çətənə bitkilərinin yarpağından özü istifadə etmək üçün iki gün əvvəl yığıb qurutduğu nəşə olduğunu bildirmişdir. Təhqiqatçı həmin kağız bükülüləri onların iştirakları ilə açmış, içərisində quru yaşımtıl bitki kütlələri olduğu müəyyən olunmuşdur. Təhqiqatçı iki ədəd kağız bükülüləri onun, hal şahidlərinin, Həmzətin, müdafiəçisinin, arvadının, mütəxəssisin və əməliyyat müvəkkili Şahid6 iştirakı ilə zərfə qoyub qablaşdırmış, möhürləyərək götürmüşdür. Həmzətin həyətindəki tövləsinə, çardağına, digər tikililərə, həmçinin evinə baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya və predmet aşkar olunmamışdır. Təhqiqatçı tərəfindən protokol tərtib olunub ucadan oxunmuş digər iştirakçılar kimi protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs Polis şöbəsinə gətirilmiş, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin, onun, əməliyyat müvəkkili Şahid6 və dəvət olunmuş mütəxəssis Kamran Sabirlinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdib üstündə olan əşyaları təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əynindəki açıq göy rəngli şalvarın sağ yan cibindən “Qumo x-21” markalı mobil telefonu çıxarıb stolun üstünə qoymuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs əynindəki paltarların ciblərinə, ayaqqabılarının içərisinə və şalvarının bel nahiyəsinə baxış keçirmiş, lakin başqa heç nə, o cümlədən narkotik vasitə aşkar edilməmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş telefonu zərfə qoyaraq zərfi möhürləmiş, o da digər iştirakçılarla birlikdə zərfin üzərinə imza etmişdir. Təhqiqatçı onların hər birindən şikayət və vəsatətlərinin olub-olmadığını soruşmuş, heç bir şikayətləri olmamışdır. Bundan sonra videoçəkiliş dayandırılıb onlara kompyuterdə nümayiş etdirilmişdir. Heç bir əlavə və şikayətləri olmadığı öyrənilmiş, bu barədə təhqiqatçı tərəfindən protokola yazılmış, onlara ucadan oxunmuş, o da digər iştirakçılar kimi protokolu imzalamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid6 eyni məzmunlu ifadə verərək Şahid5 göstərdiyi xüsusatları təsdiq etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 1991-ci ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, birgə nikahdan övladları olmamış, 2000-ci ildə Həmzətin qardaşı oğlu Pərvizi övladlığa götürüb övlad kimi böyütmüşlər. Hazırda 32 yaşı olan Pərviz yaşamaq üçün 2018-ci ildən ailəsi ilə Bakı şəhərinə köçmüşdür. Dolanışıqları üçün Həmzətlə təsərrüfatlarında iri buynuzlu mal-qara saxlamış, həmçinin hər il yaşadıqları evin həyətində özləri üçün xiyar, pomidor və lobya əkib becərmiş, eyni zamanda oğlu Pərviz onlara Bakı şəhərindən hər ay 150-200 manat pul göndərmişdir. Kənd yeri olduğu üçün həmin pul onların ehtiyaclarını qarşılamışdır. Səhhətində bir sıra xəstəliklər olduğuna görə, çox vaxt ev işləri ilə məşğul olmuş, arabir həyətdə əri Həmzətə köməklik etmişdir. Həyətdə əkdikləri pomidor və lobyalara qulluq edən zaman tanımadığı iki bitki kolu görmüş, Həmzətdən onların nə bitkiləri olduğunu soruşmuş, Həmzət bitkilərin süpürgə bitkisi kimi bir bitki olduğunu ona demiş, o da ərinə inanmışdır. Bitkilər yetişəndə həyəti süpürməkdə istifadə etməyi fikirləşmişdir. xx.xx.2020-ci ildə, saat 18 radələrində o evdə, əri Həmzət isə həyətdə olan zaman həyət qapıları döyülmüş, o evdən həyətə çıxanda əri Həmzətin qapını açmağa getdiyini görmüşdür. Ərinin arxasınca getmiş, evin qarşısında bir neçə tanımadığı mülki geyimli şəxslər görmüşdür. Həmin şəxslər özlərini ərinə təqdim edib polis əməkdaşları olduqlarını, həyətində narkotik vasitə olan bitkilər əkib becərməsi barədə onlara məlumat daxil olduğunu bildirmişlər. Əri də həyətlərində tərkibində narkotik vasitə olan çətənə bitkisi əkdiyini polis əməkdaşlarına etiraf etmişdir. Əri Həmzət iştirakı ilə yaşadıqları evin həyətyanı sahəsinə, həyətlərindəki tikililərə və evlərinə baxış keçirilməsinə könullü razılığı barədə ərizə verdikdən sonra polis əməkdaşları, ərinin, onun, dəvət olunmuş hal şahidlərinin, mütəxəsisin iştirakı ilə əvvəlcə yaşadıqları evin həyətyanı sahəsinə baxış keçirmişlər. Baxış zamanı həyətlərində şiferlə çəkilmiş hasarın qarşısına yığdıqları oduncaqların üstündə 6 ədəd torpaqdan yeni çıxarılmış bitkilər aşkar olunmuşdur. Polis əməkdaşları ərindən onların nə bitkiləri olduğunu soruşduqda, əri Həmzət çətənə bitkiləri olduğunu, özü istifadə etmək üçün əkib qulluq göstərib becərdiyini bildirmişdir. Baxış dayandırılmış, müdafiəçi dəvət edildikdən sonra davam etdirilmişdir. Baxış zamanı həyətlərində ərinin əkdiyi daha 7 ədəd çətənə bitkiləri aşkar olunmuş, torpaqdan çıxarılıb onların iştirakı ilə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Polis əməkdaşları ərindən evlərində başqa narkotik vasitə olub-olmadığını soruşmuş, əri həyətyanı sahələrinin kənarına çəkilən hasardan asdığı gödəkcəsinin cibindən 2 ədəd ağ rəngli kağız büküm çıxarıb polis əməkdaşlarına təqdim etmiş, içərisində həyətlərində əkdiyi çətənə bitkilərinin yarpağından iki gün əvvəl özü istifadə etmək üçün yığıb qurutdığı nəşə olduğunu bildirmişdir. 2 ədəd bükülülər də iştirakçıların yanında zərfə qoyulub qablaşdırılmış və möhürlənib götürülmüşdür. Həyətdəki tövlələrinə, çardağa, digər tikililərə, həmçinin evlərinə baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya və predmet aşkar olunmamışdır. Polis əməkdaşı tərəfindən protokol tərtib olunub ucadan oxunmuş, digər iştirakçılar kimi protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Polis əməkdaşları ərini polis şöbəsinə aparmışlar. Əri Həmzətin həyətlərində çətənə bitkiləri əkməsindən məlumatı olmamış, tanımadığı üçün bitkiləri görən zaman soruşarkən süpürgə kimi bir bitki olduğunu deməsinə inanmış, polis əməkdaşları gələndən sonra ərinin deməsindən həmin bitkilərin çətənə bitkiləri olduğunu bilmişdir. Əri Həmzətin çətənə bitkilərinin toxumlarını hardan əldə etməsindən, harada saxlamasından, həyətdə əkdiyi çətənə bitkilərinin yarpaqlarından yığıb qurudaraq gödəkcəsinin cibində saxlamasından məlumatı olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o xx.xx.2020-ci ildə aqronom mütəxəssis qismində Şəki ŞRPŞ-yə dəvət edilmiş, hüquq və vəzifələri izah olunmuş, Şəki rayonunun Zunud kənd sakini Təqsirləndirilən şəxs həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkisi yetişdirməsi barədə daxil olmuş məlumatın yoxlanılması məqsədilə keçiriləcək baxışda iştirak etməsi təklif olunmuş, o etiraz etməmiş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsində iştirak etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həyətinin kənarına çəkilmiş şiferin qarşısına yığılmış oduncaqların üstündə 6 ədəd torpaqdan çıxarılmış narkotik tərkibli çətənə kolları görmüşlər. Təhqiqatçı ona bitkilərə baxıb çətən bitkiləri, eləcə də yabanı və ya xüsusi qaydada qulluq göstərilib-götərilməməsi barədə rəy verməsini xahiş etdiyi üçün bitkilərə baxıb narkotik tərkibli çətənə bitkiləri olduğunu, onlara xüsusi qaydada qulluq göstərildiyini müəyyən edib bu barədə şifahi formada məlumat vermişdir. Narkotik tərkibli çətənə kollarını əkib becərmiş şəxsə müdafiəçi təqdim edilməsi məqsədi ilə təhqiqatçı tərəfindən baxış dayandırılmış, müdafiəçi gəldikdən sonra Təqsirləndirilən şəxs həyətyanı sahəsinə yenidən polis əməkdaşlarının, onun, Həmzətin özünün, müdafiəçisinin, arvadının və hal şahidlərinin iştirakı baxış davam etdirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs həyətindən şiferlə çəkilmiş hasarın yaxınlığında 2 ədəd, həyətin yuxarı hissəsindən 2 ədəd, meyvə ağaclarının arasından 1 ədəd və fındıq ağacının altından 2 ədəd olmaqla, cəmi 7 ədəd torpağa əkilmiş narkotik tərkibli çətənə kolları aşkar olunmuş və torpaqdan çıxarılmışdır. O, çətənə bitkiləri əkilmiş yerləri nəzərdən keçirdikdə bitkilərin alaqdan təmizləndiyini, diblərinin yumşaldıldığını, aqrotexniki qaydada qulluq göstərildiyini müəyyən etmişdir. Narkotik tərkibli çətənə bitkiləri polis əməkdaşları tərəfindən 2 ədəd sintetik kisəyə və bir ədəd zərfə qoyulub xüsusi qaydada qablaşdırılıb götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik təkibli çətənə bitkilərini özü əkib xüsusi qaydada qulluq göstərib yetişdirdiyini bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs evində başqa narkotik vasitə olub-olmadığını soruşmuş, Həmzət həyətyanı sahəsinin kənarına çəkilən hasardan asılan gödəkcəyə yaxınlaşıb sağ yan cibindən 2 ədəd ağ rəngli kağız büküm çıxarıb polis əməkdaşlarına təqdim etmiş, bükümlərin içərisində, əkdiyi çətənə bitkilərinin yarpağından iki gün əvvəl özü istifadə etmək üçün yığıb qurutduğu nəşə olduğunu bildirmişdir. Təhqiqatçı həmin bükülüləri açdıqda içərisində yaşımtıl rəngli quru bitki kütləsinin olduğu aşkar olunmuşdur. Təhqiqatçı 2 ədəd bükülüləri onun, Təqsirləndirilən şəxs, müdafiəçisinin, arvadının, hal şahidlərinin və polis əməkdaşlarının iştirakı ilə zərfə qoyub qablaşdırmış və möhürləyib götürmüşdür. Təqsirləndirilən şəxs həyətindəki tövləsinə, çardağına, digər tikililərə, həmçinin evinə baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya və predmet aşkar olunmamışdır. Təhqiqatçı tərəfindən protokol tərtib olunub ucadan oxunmuş, digər iştirakçılar kimi protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Baxış başa çatdıqdan sonra Təqsirləndirilən şəxs həyətyanı sahəsində aşkar olunmuş 13 ədəd çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilib yetişdirilməsi barədə rəy tərtib edərək təhqiqatçıya vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şəki rayonu Zunud bələdiyyəsinin sədri Şahid3 ifadəsində göstərmişdir ki, o xx xxxx 2020-ci ildə, saat 17:50 radələrində yaşadığı Şəki rayonunun Zunud kəndində olan zaman bir polis əməkdaşı yaxınlaşaraq özünü təqdim edib bir şəxsin yaşadığı evə və evinin həyətinə baxış keçirmək istədiklərini bildirmiş, onun da hal şahidi qismində orada iştirak etməsini xahiş etmiş, o razılaşıb polis əməkdaşı ilə birlikdə Zunud kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına getmişdir. Evin qarşısında daha bir neçə şəxs olmuşdur. Orada özünü təhqiqatçı kimi təqdim edən şəxs ona və digər hal şahidinə qarşısında dayandıqları evi göstərib həmin evə və evin həyətyanı sahəsinə baxış keçiriləcəyini bildirmişdir. Təhqiqatçı onların anket məlumatlarını soruşaraq əvvəllər polis və prokurorluq orqanlarında hal şahidi qismində iştirak edib-etmədiklərini öyrənmişdir. Təhqiqatçı qarşısında dayandıqları evin həyət qapısını bir neçə dəfə döymüş, təxminən 5-6 dəqiqədən sonra küçəyə Təqsirləndirilən şəxs çıxmışdır. Təhqiqatçı Həmzətə özünü təqdim etmiş, polis əməkdaşı olduğunu və onun yaşadığı evin həyətində narkotik vasitə olan bitkilər əkib becərməsi barədə onlara məlumat daxil olduğunu bildirmişdir. Həmzət bir anlıq duruxmuş, sonra həyətində tərkibində narkotik vasitə olan çətənə bitkisi əkdiyini etiraf etmişdir. Həmzət iştirakı ilə yaşadığı evin həyətyanı sahəsinə, həyətindəki tikililərə və evinə baxış keçirilməsinə razı olması barədə könullü razılıq ərizəsi vermişdir. Təhqiqatçı Həmzətdən ona, digər hal şahidinə, polis əməkdaşlarına və mütəxəssisə etirazının olub-olmadığını soruşmuşdur. Həmzət iştirakçılara etirazının olmadığını demişdir. Baxışdan əvvəl təhqiqatçı ona və digər hal şahidinə, eyni zamanda digər iştirakçılara hüquq və vəzifələrini izah etmişdir. Baxış zamanı həyətdə şiferlə çəkilmiş hasarın qarşısına yığılmış oduncaqların üstündə 6 ədəd torpaqdan yenicə çıxarılmış narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilərin yığıldığını görmüşlər. Təhqiqatçı Həmzətdən bitkilərin nə bitkiləri olduğunu soruşmuş, Həmzət bitkilərin çətənə bitkiləri olduğunu, evinin qarşısında maşınların dayandığını görən zaman gələn şəxslərin polis əməkdaşları olduğunu güman etdiyi üçün bitkiləri torpaqdan çıxarıb oduncaqların üstünə yığdığını bildirmişdir. Təhqiqatçı mütəxəssisdən oduncaqların üstünə yığılmış bitkilərin nə bitkiləri olduğunu soruşmuş, mütəxəssis bitkilərə baxıb onların 6 ədəd torpaqdan yenicə çıxarıldığını, çətənə bitkisi olduğunu bildirmişdir. Təhqiqatçı Həmzəti müdafiəçi ilə təmin etmək məqsədi ilə baxışı dayandırmış, Həmzət ona təqdim olunmuş vəkillərin siyahısından vəkil seçmiş, təhqiqatçı zəng vurub həmin vəkili dəvət etmişdir. Müdafiəçi gəldikdən sonra Təqsirləndirilən şəxs həyətyanı sahəsinə Həmzətin özünün, müdafiəçisinin, arvadının, polis əməkdaşlarının, mütəxəssisin, onun və digər hal şahidinin iştirakı ilə baxış davam etdirilmişdir. Baxış zamanı Həmzətin həyətinin şiferlə çəkilmiş hasarının yaxınlığından 2 ədəd, həyətin yuxarı hissəsindən 2 ədəd, meyvə ağaclarının arasından 1 ədəd və fındıq ağacının altından 2 ədəd olmaqla, 7 ədəd torpağa əkilmiş narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkar olunmuşdur. Təhqiqatçı Həmzətin həyətindən aşkar olunmuş 13 ədəd çətənə bitkilərinin hündürlüklərini ölçüb 2 ədəd sintetik kisələrə və 1 ədəd zərfə qoyub möhürləyərək götürmüşdür. Həmzət aşkar olunmuş narkotik təkibli çətənə bitkilərini istifadə etmək məqsədilə özü əkib xüsusi qaydada qulluq göstərib yetişdirdiyini bildirmişdir. Təhqiqatçı Həmzətdən onda başqa narkotik vasitə olub-olmadığını soruşmuş, Həmzət həyətyanı sahəsinin kənarına çəkilən hasardan asılan gödəkcəyə yaxınlaşıb cibindən iki ədəd ağ rəngli kağız büküm çıxarıb polis əməkdaşlarına təqdim etmiş, bükülülərin içərisində iki gün əvvəl özü istifadə etmək üçün əkdiyi çətənə bitkilərinin yarpağından yığıb qurutduğu nəşə olduğunu bildirmişdir. Təhqiqatçı bükülüləri onların iştirakı ilə açmış, içərisində yaşılımtıl rəngli bitki kütlələri olduğu müəyyən olunmuşdur. Təhqiqatçı kağız bükülüləri zərfə qoyub qablaşdırmış və möhürləyərək götürmüşdür. Həmzətin həyətindəki tövləsinə, çardağına, digər tikililərə, evinə baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya və predmet aşkar olunmamışdır. Təhqiqatçı tərəfindən protokol tərtib olunub ucadan oxunmuş, digər iştirakçılar kimi protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Birinci instansiya məhkəməsində Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o eyni məzmunlu ifadə verərək Şahid3 göstərdiyi xüsusatları təsdiq etmişdir Cinayət işinin materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş şəkillərdən görünür ki, xx xxxx 2020-ci ildə Təqsirləndirilən şəxs yaşadığı Şəki rayonunun Zunut kəndində yerləşən evinin həyətyanı torpaq sahəsinə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs əkib aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya etdiyi 13 ədəd narkotik tərkibli bitki kolları, onların hissələrindən topladığı iki ədəd bükümdə narkotik tərkibli yaşıl kütlə aşkar olunaraq götürülmüşdür (iş v. 30-44). Cinayət işi materiallarında olan xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Şəki rayonunun Zunut kəndində yerləşən evinin həyətyanı torpaq sahəsinə baxış keçirilən zaman aşkar olunmuş 13 ədəd bitki kütlələri tərkibində narkotik maddələr olan çətənə bitkiləridir və onlara aqrotexniki qulluq göstərilmişdir (iş v. 45). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in Şəki Regional Şöbəsinin xx xxxx 2020-ci il tarixli, 17/387 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərinə yapışdırılmış vərəqədə «Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvanda həyətyanı sahəsində aşkar edilərək götürülmüş 4 ədəd torpağa basdırılmış…bitki» sözləri yazılmış sintetik kisələrin içərisindəki, 04 ədəd hündürlükləri 102 sm-dən 203 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkisi - 935.00 qram bitkilər əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim edilmiş üzərinə yapışdırılmış vərəqədə «Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvanda həyətyanı sahəsindən aşkarlanmış təzə torpaqdan çıxarılmış 6 ədəd …bitki» sözləri yazılmış sintetik kisələrin içərisindəki, 06 ədəd hündürlükləri 98 smdən 146 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkisi – 1430.00 qram bitkilər əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim edilmiş üzərinə yapışdırılmış vərəqədə «Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvanda həyətyanı sahəsindən aşkarlanmış 3 ədəd … bitki» sözləri yazılmış zərfin içərisindəki, 03 ədəd hündürlükləri 17 sm-dən 26 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkisi – 2.56 qram bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim edilmiş üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvanda divardan asılmış gödəkcədən aşkar olunub götürülmüş 2 ədəd … bükülü» sözləri yazılmış zərfin içərisindəki, 02 ədəd gümüşü ağ rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 2,70 və 2,68 qram, ümumi təmiz çəkisi – 5,68 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan – qurudulmuş marixuanalardır. Baş aqronom - mütəxəssis Şahid1 xx.xx.2020-ci il tarixli aqranom rəyinə əsasən təqdim olunmuş çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Təqdim olunmuş 02 ədəd sintetik kisənin və 01 ədəd zərfin içərisindəki, ümumilikdə 13 ədəd çətənə bitkiləri və 02 ədəd gümüşü ağ rəngli kağız bükümlərdə olan qurudulmuş marixuanalar tərkibinə görə eynidirlər. Ekspertiza tədqiqatının dəyəri 35,97 manatdır (iş v. 91-94). Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 774 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. ( İş.v 186) Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (iş v. 149). Cinayət işinin materiallarında olan Şəki ŞİHB-nin İnçə kənd İƏD üzrə nümayəndəliyindən daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki rayonunun Zunut kəndində yaşayır, ailə tərkibi arvadı Şahid4 ibarətdir və yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş v. 240-242). Cinayət işinin materiallarında olan Şəki Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2020-ci il tarixli 346 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayonlararası Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdur (iş v. 145). Cinayət işi materiallarında olan xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün, saat 23:25-də CM-in 237.1-ci maddələrində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş v. 49-50). Cinayət işi materiallarında olan xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, şübhəli şəxs kimi tutulub saxlandığı Şəki ŞRPŞ-nin MSY-dən azad edilmişdir (iş v. 135- 136). Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-in 237.1 və 234.1-ci maddələri ilə verilmiş ittihamlardan CM-in 234.1-ci maddəsini çıxararkən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, təqsirləndirilən şəxsə CM-in 234.1-ci maddəsi ilə verilmiş ittihamın CM-in 237.1-ci maddəsi ilə əhatə olunması səbəbindən CM-in 234.1-ci maddəsi ilə verilmiş ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamdan çıxarılmalıdır. Apellyasiya protestinin isə əsas dəlili ondan ibarətdir ki, Şəki Rayon Məhkəməsinin qərarı qanunsuz, əsassız və ədalətsizdir. Apellyasiya protestinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsə verilmiş ittihamlara əsasən, Təqsirləndirilən şəxs həm CM-in 237.1-ci maddəsində nəzərdə tutulan qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama əməlinə, həm CM-in 234.1-ci maddəsi, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlamağa görə cinayət məsuliyyətinə cəlb edilmişdir. CM-in 237.1-ci maddəsinə əsasən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) cinayət məsuliyyəti üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli 959-İİQ nömrəli Qanununun 1.0.6-cı maddəsində isə göstərilir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il 2 nömrəli qərarının 19-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-in 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının şərhi Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-ci il tarixli Qərarında qeyd olunur ki, “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 1-ci maddəsinin “i” bəndinə əsasən, becərmə – tiryək xaşxaşı, kokain kolunun, yaxud kannabis bitkisinin becərilməsi deməkdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 1.0.6-cı maddəsində tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyasının anlayışı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanması kimi verilmişdir. Bundan əlavə, həmin qərarın 17-ci bəndində qeyd olunur ki, tərkibində narkotik vasitələr olan bitkiləri və ya onların hissələrini bu bitkilərin təsərrüfat məqsədi ilə əkilmədiyi və mühafizə olunmayan ərazilərdən yığılması məqsədindən asılı olaraq CM-in 234.1 və ya 234.2-ci maddələri ilə tövsif olunmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Şəki rayonunun Zunud kəndində yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində 2020-ci ilin aprel ayının sonlarında əkib xüsusi qulluq göstərib yetişdirərək kultivasiya etmiş, sonra isə yığıb qurudaraq üzərində saxlamışdır. Yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin yığılması tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) qanunsuz əldə edilməsi sayıldığı halda, əkilib becərilmiş tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanması həmin bitkilərin qanunsuz kultivasiya edilməsi hesab olunur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında İİİ siyahıda çətənə bitkilərinin xeyli miqdarı 3- 15 ədəd (6-30 hissə), külli miqdarı isə 16 ədəd (31 hissə) müəyyən edilmişdir. Təqsirləndirilən şəxs torpaq sahəsindən xeyli miqdarda, yəni 13 ədəd hündürlüyü 102 smdən 203 sm-dək 04 ədəd yaş vəziyyətdə, ümumi təmiz çəkisi 935.00 qram, hündürlüyü 98 sm-dən 146 sm-dək 06 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 1430.00 qram, hündürlüyü 17 sm-dən 26 sm-dək 03 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 2,56 qram, cəmi ümumi təmiz çəkisi 2367,56 qram çəkidə əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilmişdir. Belə olan halda qərarda qeyd edildiyi kimi, əməlin CM-in 237-ci maddəsi ilə tövsif edilməsi üçün tərkibində narkotik maddələr olan bitkilərin şəxsi istehlak və ya satış məqsədi ilə toplanması əhəmiyyət kəsb etmir. Beləliklə, birinci instasniya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, əkilmiş narkotik tərkibli çətənə bitkilərinin hissələrinin toplanması CM-in 237-ci maddəsinin tərkib əlamətini təşkil edir. Əkilmiş narkotik tərkibli çətənə bitkilərinin hissələri olan yarpaqlarının toplanması bunun hansı məqsədlə edilməsindən asılı olmayaraq CM-in 237-ci maddəsi ilə tövsif edilməlidir. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlini CM-in 234.1 və 237.1-ci maddəsi ilə verilmiş ittihamdan CM-in 234.1-ci maddəsinin çıxarılması nəticəsinə gələrkən səhvə yol verməmişdir. Cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri ..hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən edir. Hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 9.1.3, 33.1 və 33.2-ci maddələri). Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Təqsirləndirilən şəxs məhkəmə kollegiyası və birinci instansiya məhkəməsində verdiyi ifadələrə, şahid ifadələrinə, ekspert rəylərinə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar işin faktiki hallarına uyğun olduqları və biri digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Həmin qərarda daha sonra göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, cinayətin düzgün tövsifinin mühüm sosial-siyasi və hüquqi əhəmiyyəti vardır. Düzgün olmayan tövsif təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Məhkəmələr hökm çıxararkən əməldə cinayət tərkibinin olmasını və təqsirkar tərəfindən törədilən cinayətin qanunun məhz hansı maddəsilə nəzərdə tutulduğu aydınlaşdırmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iş üzrə cəzanı yüngülləşdirən bütün halların olmasını, ağırlaşdıran halların olmamasını nəzərə alnaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasına uyğun olaraq 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə cəzanın islah təsiri baxımından qаnuni, əsaslı və ədalətli nəticəyə gəlmiş, təyin etdiyi cəzanın növünü və həddini düzgün müəyyən etmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (CM-in 1.2 və 2.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir (CPM-in 399.1.5-ci maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). CM-in 5.1-ci maddəsinə əsasən, əməlin cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir (CM-in 58.1-ci maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq, Təqsirləndirilən şəxs israr olunan cinayəti törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Bundan başqa, ibtidai istintaq və birinci instansiya məhkəməsində icraat zamanı cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası CPM-in 392.3-cü maddəsinə uyğun olaraq, apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib, apellyasiya protestinin təmin olunması üçün qanuni əsaslar tapmayaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 237.1-ci maddəsinin tərkibi vardır, apellyasiya protestinin Təqsirləndirilən şəxs əməlinin CM-in 237.1-ci maddəsi ilə düzgün tövsif olunmaması və onun əməlinin CM-in 234.1 və 237.1-ci maddəsi ilə tövsif edilməli olması barədə dəlilləri konkret sübutlarla təsdiq edilməyən fərziyyə və mülahizələrdən ibarətdir ki, bu əsaslarla müstəsna əhəmiyyət daşıyan əməlin tövsifi müəyyən oluna bilməz. Ona görə də apellyasiya protesti təmin edilmədən, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apelyasiya şikayətini və ya apelyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. QƏRARA ALDİ: Apellyasiya protesti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətlərdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-73/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-73/2021
02.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver