Məhkəmə qərarları › İş №1(107)-74/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-74/2021

03.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-74/2021 03.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin prokuroru, ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Paşayev Hikmət) xx xxxxxx 2020-ci il tarixli hökmü ilə, xx.xx.1997-ci ildə Mingəçevir şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkun olunmayan, Mingəçevir şəhəri, Nizami prospekti, ev 4A mənzil 25-də yaşayış yeri üzrə qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, hazırda barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi, ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlanıldığı 03 gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırması cəzasının 2 gününə bərabər tutularaq, təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq, 1 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 08:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulması, hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması, iş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0,221 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 69,10 (altmış doqquz manat on qəpik) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməsi müəyyən edilmişdir. işin halları: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 16-17 radələrində Mingəçevir şəhəri, “Güllü Bağ” adlanan ərazidən bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini taparaq satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,271 qram olan narkotik vasitəni üzərində saxlayaraq daşımış və xx xxxx 2020-ci il tarixdə saat 18:30-da Mingəçevir ŞPŞ-nin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, “Ala qapı”nın yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılıb Mingəçevir ŞPŞ-yə aparılaraq həmin tarixdə saat 19:10 radələrində üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sol yan cibindən təmiz çəkisi 0,271 qram olan bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(051)-140/2020 saylı hökmünün ləğv edilməsi, onun cəza müddətinin azaldılması və məcburi müalicənin ləğv edilməsin xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən digər cinayət prosesi iştirakçıları tərəfindən apellyasiya şikayəti, dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Eləcə də verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X4 apelyasiya şikayətini müdafiə edib onun təmin olunmasını xahiş etdilər. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilir, ömrü boyu bircə dəfə narkotik vasitə olan heroindən, 4 dəfə də narkotik vasitə olan marixuandan istifadə etmişdir. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X5 apelyasiya şikayətinin dəlillərinin əsassız olduğunu göstərib, həmin şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apelyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 16- 17 radələrində Mingəçevir şəhəri, “Güllü bağ” deyilən ərazidən piyada gəzən zaman yerdə bir ədəd siqaretin ağ-qızılı rəngli kağızma bükülmüş büküm görmüşdür. Maraqlı olduğu üçün o, həmin bükümü əyilib yerdən götürmüşdür. O, həmin bükümü açıdıqda içərisindəkinin narkotik vasitə olan heroin olduğunu anlamışdır. Belə ki, o, narkotik vasitə olan heroindən istifadə etdiyinə görə bükümün içərisində olan narkotik vasitəni quruluşundan, rəngindən, toz halında olmasından tanımışdır. Həmin bükümdəki narkotik vasitəni daha sonra istifadə etmək məqsədi ilə əynindəki qara rəngli şalvarının sol yan cibinə qoymuşdur.xx.xx.2020-ci il tarixdə saat 18:30 radələrində o, Mingəçevir şəhəri, “Ala qapı”nın yaxınlığında olan zaman tapdığı narkotik vasitə olan heroin bükümü əynindəki qara rəngli şalvarının sol yan cibində olmuşdur. Bu zaman ona mülki paltarda şəxslər yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini deyərək, polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşlarının qanuni tələblərinə etiraz etməmiş və onlarla birlikdə Mingəçevir ŞPŞ-yə getmişdir. Polis şöbəsində ona vəkillərin siyahısı təqdim olunub həmin siyahıdan müdafiəçi seçməyi ona təklif edilmiş, o, həmin siyahıdan müdafiəçi kimi X3 onun hüquqlarını müdafiə etməsini istəmiş və həmin vəkil ona təqdim edilmişdir. Polis şöbəsində xx.xx.2020-ci il tarixdə saat 19:05-də vəkil X3 iştirakı ilə onun üzərinə baxış və götürmə keçiriləcəyi izah olunmuş, o da üzərinə baxış keçirilməsinə etiraz etməmişdir. Üzərinə baxış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa, çıxarıb təqdim etməyi ona bildirilmişdir. Baxış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən ona, üzərinə video çəkiliş aparmaqla baxış keçirləcəyi halda hal şahidlərinin iştirakının məcburi olmadığı izah edimişdir. Daha sonra onun üzərinə video çəkiliş aparmaqla baxış keçirilmişdir. Şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarının sol yan cibindən bir ədəd siqaretin ağ-qızılı rəngli kağızına bükülmüş büküm, həmin şalvarın sağ yan cibindən bir ədəd “RedMi” markalı mobil telefon polis əməkdaşları tərəfindən aşkar edilmişdir. Həmin büküm polis əməkdaşları tərəfindən açılarkən bükümlərin içindən quruluşundan və görünüşündən narkotik vasitə olan heroinə oxşar kütlə olması müəyyən edilmişdir. Sorğu zamanı, o, həmin kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni xx xxxx 2020-ci il tarixdə saat 16-17 radələrində Mingəçevir şəhəri, “Güllü bağ” deyilən ərazidə piyada gəzən zaman yerdən taparaq həmin bükümü əynindəki qara rəngli şalvarının sol yan cibinə qoyub gizlədərək üzərində saxladığını bildirmişdir. Sonra onun və digər iştirakçıların yanında aşkar olunmuş büküm elektron tərəzidə çəkilmiş və içərisində heroin olan bükümün çəkisi 0,44 qram olduğu müəyyən edilmişdir. Tərəzidə çəkildikdən sonra həmin kütlə onun və digərlərinin iştirakı ilə qablaşdırılaraq zərfə qoyularaq möhürlənmiş, zərfin üzərinə o da imza etmişdir. Daha sonra polis əməkdaşları üzərinə baxış zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Baxış zamanı video çəkilişdən və foto çəkilişdən istifadə edildiyini bildirmişdir. Aşkar olunmuş narkotik vasitəni özü istifadə etmək məqsədilə qara rəngli şalvarının sol yan cibinə qoyub saxlamış, satmaq niyyəti olmamışdır. Hazırda əməlindən peşmandır. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, həmin vaxt Mingəçevir şəhər polis şöbəsində CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləmişdir. xx xxxx 2020-ci il tarixdə məxfi əməkdaşdan ona Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məxfi məlumat daxil olmuşdur. Həmin məumatm yoxlanılması üçün tərəflərindən “Vətəndaşların sorğusu” əməliyyat axtarış tədbirinin keçirlməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyataxtraış tədbirinin həyata keçirilməsi çərçivəsində xx.xx.2020-ci il tarixdə saat 19 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid2la birlikdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, “Ala Qapı”nın yaxınlığında olan zaman görüb ona yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişdirlər. Bundan sonra Mahmudlu X6 ŞPŞ-yə gətirilmişdir. Polis şöbəsinə vəkil Çingiz Məmmədov dəvət olunmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi ilə əlaqədar, barəsində əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi, bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah olunmuşdur ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyil. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Bundan sonra onun və digərlərinin iştirakı ilə Mingəçevir ŞPŞ-də vəkilin iştirakı ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sol yan cibindən siqaretin ağ-qızılı rəngli kağızma bükülmüş bir ədəd bükülü və həmin şalvarın sağ yan cibindən bir ədəd “RedMİ” markalı telefon aşkar olunmuşdur. Aşkar olunmuş həmin bir ədəd büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən içərisindən xüsusi iyli narkotik vasitə “heroin”ə oxşar kütlə olması müəyyən olunmuşdur. Həmin narkotik vasitəyə oxşar 01 ədəd kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Həmçinin narkotik vasitəyə oxşar kütlənin elektron tərəzidə çəkisi ölçülmüşdür. Həmin kütlənin ümumi çəkisi 0,44 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırıldı, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürləndi və zərfin üzəri, bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmış, bütün hərəkətlər video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 01 (bir) ədəd bükümdəki kütlənin “heroin” olduğunu, həmin “heroin”i özü istifadə etmək məqsədi ilə üstündə saxladığını və həmin narkotik vasitəni ağ-qızılı kağıza bükülmüş vəziyyətdə xx.xx.2020-ci il tarixdə saat 16-17 radələrində Mingəçevir şəhəri, “Güllü Bağ”ın dairəsi deyilən ərazidə piyada gəzən zaman yerdən taparaq cibinə qoyub gizlədərək üstündə saxladığını bildirmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid1 COVİD-19 virusuna yoluxduğu üçün birinci instansiya məhkəməsi iclasında iştirakı mümkün olmamışdır. Bununla belə birinci instansiya məhkəməsi Şahid1 elan edilərək tədqiq olunmuş ifadəsini də, ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə vermiş və onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan “şəxsi axtarış aparılması və götürmə barədə” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən, onun əynindəki qara rəngli şalvarının sol yan cibindən siqaretin ağ-qızılı rəngli kağızma bükülmüş bir ədəd bükülü və həmin şalvarın sağ yan cibindən bir ədəd “RedMİ” markalı telefon aşkar olunmuşdur. Aşkar olunmuş həmin bir ədəd büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən içərisindən xüsusi iyli narkotik vasitə, “heroin”ə oxşar kütlə olması müəyyən olunaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X11 Bölməsinin xx.xx.2020ci il tarixli 17\444 №-li rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “ Vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş heroinə bənzər kütlə...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi - 0,271 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Cinayət işinin materiallarında olan Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 834 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “maddi sübut kimi tanınma haqqında” xx.xx.2020ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ilkin xalis çəkisi 0,271 qram olan narkotik vasitə-heroindən məhkəmə kimyəvi ekpertizasının tədqiqatına 0,05 qram sərf edildikdən sonra qalan qalıq 0,221 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-yə təhvil verilmişdir “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli 02 nömrəli Qərarının 3-cü bəndinə görə, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin Qərarın 4-cü bəndinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, qanunsuz əldə etmə dedikdə həmçinin narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 234.1-ci mаddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iclasında Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin faktiki hallarını və əməlinin tövsifini mübahisələndirməyərək, Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(051)-140/2020 saylı hökmünün ləğv edilməsi, onun cəza müddətinin azaldılması və məcburi müalicənin ləğv edilməsi xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmış, həmçinin onun cəzasını ağırlaşdırılan halları müəyyən edilməmişdir. Həmçinin apelyasiya Məhkəməsi araşdırılması zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təyin etmiş olduğu 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasını onun şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Belə ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma —bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası çərçivəsində kifayət qədər humanist və işin faktiki hallarına uyğun olmuşdur. Həmçinin apellyasiya şikayətinin digər dəlili olan “məcburi müalicənin ləğv edilməsi” barədə məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında olan Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 834 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Ona görə apellyasiya şikayətinin həmin dəlili də əsassızdır. Beləliklə məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, təqsirləndirilən şəxsə CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs apelyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsinə əsas görməyərək həmin şikayətin təmin edilmədən, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(051)-140/2020 saylı hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar