Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(107)-79/2020 11.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, Babayeva Vəfa Həsən qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X4, Təqsirləndirilən şəxs, onun müdafiəçisi X2 və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə Arşavari oğlunun iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 188.1, 234.4.3 və 237.2.3-cü maddələri ilə məhkum edilməsinə dair X8 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X8 Məhkəməsinin (sədrlik edən, R.Hüseynov, hakimlər B.Məmmədov və N.Mirzəyevdən ibarət tərkibdə) xx xxxx 2020-ci il tarixli hökmü ilə xx xxxx 1987-ci ildə Qəbələ rayonunu Nic qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qəbələ rayonunun Nic qəsəbəsində qeydiyyatda olan və həbs edilənə kimi həmin ünvanda yaşayan və xx xxxxxxxx 2019-cu ildənhəbsdə olan Təqsirləndirilən şəxs CM-in 188.1-ci, 234.4.3-cü və 237.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-in 188.1-ci maddəsi ilə altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.3-cü maddəsi ilə beş il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 237.2.3-cü maddəsi ilə üç il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, onun şübhəli şəxs kimi tutulduğu və həbsdə olduğu müddətin həmin cəzaya hesablanması, CMin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarının qismən toplanmaqla qəti olaraq beş il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, ona təyin edilmiş cəzanı ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxxxxx 2019-cu ildən hesablanması, barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, ekspertiza xərci olan 34,55 manatın ondan tutularaq dövlət hesabına keçirilməsi, maddi sübut olan və Qəbələ Rayon Polis Şöbəsində saxlanılan yaş vəziyyətdə 15 kiloqram 735 qram olmuş, tədqiqatlardan sonra qalıq qalmış, ümumi çəkisi 15 kiloqram 733,70 qram olan 26 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, 03 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisinin kökləri, 1,07 qram, 2805,00 qram, 320,00 qram, 105,00 qram, cəmi təmiz çəkisi 3231,07 qram olmuş, tədqiqatlardan sonra sərf edilmiş hissə çıxıldıqda 3230,87 qram qalmış narkotik vasitə-qurudulmuş marixuana, 11 ədəd qabların məhv edilməsi müəyyən edilmişdir. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs 2019-cu ilin iyul ayında Qəbələ rayonunun Nic qəsəbə inzibati ərazi dairəsinin hüdudları daxilində bələdiyyə mülkiyyətinə aid olmaqla, həmin qəsəbənin mərkəzində yerləşən qəbiristanlıq ərazisində torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına zəbt edib, orada qanunsuz olaraq külli miqdarda narkotik tərkibli çətənə kollarını əkmiş, onlara aqrotexniki qaydada qulluq göstərməklə, diblərini yumşaltmış, alaq otlarından təmizləmiş, suvarmaqla kultivasiya etmişdir. Çətənə (kannabis) bitkisinin kollarının hissələrindən toplayaraq, kustar üsulla qurudub hazırlamaqla satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı xalis çəkisi 1,07 qram olan narkotik vasitə-qurudulmuş marixuananı üzərində daşıyarkən, xx.xx.2019-cu ildə, saat 12 radələrində Qəbələ rayonunun Nic qəsəbəsində polis əməkdaşları tərəfindən rayon polis şöbəsinə dəvət edilərək, üzərinə baxış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümdə aşkar edilərək götürülmüşdür. Həmin tarixdə Qəbələ rayonunun Nic qəsəbəsinin mərkəzi hissəsində yerləşən bələdiyyə mülkiyyətinə aid qəbiristanlığa baxış keçirilən zaman orada Təqsirləndirilən şəxs tərəfindən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına tutub becərmə işləri aparmaqla qanunsuz olaraq kultivasiya edilmiş, yəni aqrotexniki qaydada əkilib yetişdirilmiş külli miqdarda 26 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri, eləcə də 03 ədəd narkotik təbiətli bitki kökləri aşkar edilərək götürülmüşdür. Eyni zamanda, həmin tarixdə baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan qəbiristanlıq ərazisində qanunsuz olaraq kultivasiya edilmiş yaş vəziyyətdə 29 ədəd olmaqla, külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərinin hissələrindən Təqsirləndirilən şəxs tərəfindən toplanaraq kustar üsulla qurudulub hazırlanmaqla, satış məqsədi ilə qanunsuz olaraq əldə edilib orada 3 kiloqramlıq şüşə bankanın içərisində torpaqda basdıraraq saxladığı xalis çəkisi 320 qram, həmçinin kultivasiya etdiyi çətənə bitkilərinin yanında, həmin bitkilərin hissələrindən toplayaraq kustar üsulla qurudub hazırlamaqla qanunsuz olaraq satış məqsədi ilə əldə edib ağzı açıq formada olan qara rəngli sellofan torbanın içərisində və həmin sellofan torbanın yanında açıq şəkildə olmaqla, saxladığı xalis çəkisi 2 kiloqram 805 qram, eləcə də kultivasiya etdiyi narkotik tərkibli çətənə (kannabis) bitkilərinin hissələrindən toplayaraq satış məqsədi ilə qanunsuz olaraq əldə edib dib hissələrində qurudulması üçün yerə sərməklə saxladığı xalis çəkisi 105 qram, ümumilikdə isə həmin baxış keçirilən ərazidən Təqsirləndirilən şəxs məxsus eyni tərkibə malik külli miqdarda, yəni ümumi təmiz çəkisi 3 kq 230 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkarlanaraq götürülmüşdür. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən apelyasiya şikayəti verilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti, zərərçəkmiş şəxsin münayəndəsi tərəfindən apelyasiya şikayəti, həmçinin təqsirləndirilən şəxsin apelyasiya şikayətinə qarşı etiraz verilməmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında mövcud hadisə yerinə baxışın keçirilməsi barədə videogörüntüdən görünür ki, təqsirləndirilən şəxs hadisə yerinə gətirilərkən orada artıq polis əməkdaşları olmuş və polis əməkdaşları qabaqcadan orada hazırlıq işləri görmüşlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş sahə müvəkkili bildirmişdir ki, təqsirləndirilən şəxs hadisə yerinə gətirilməmişdən qabaq şöbənin əməliyyat işləri üzrə müavini ona zəng edərək hadisə yerində olan kolları təmizləmək üçün iki nəfər işçi tapmasını tapşırmışdır. Videogörüntüdəki kolları təmizləyən həmin şəxslər də məhkəmə istintaqı zamanı bildirmişlər ki, Olegi gətirməmişdən 4 saat qabaq hadisə yerinə çağırılmışlar və orada çoxlu sayda polis əməkdaşları olmuşdur. Həmçinin, videogörüntüdən görünür ki, hadisə yerində Təqsirləndirilən şəxs təkidlə orada mövcud quru kolların onun olmamasını bildirsə də, polis əməkdaşı ona təzyiq edərək əli ilə quru kolları göstərməsini bildirir. Lakin bütün bu xüsusatlar birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Bundan başqa, ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi cinayət prosessual qanunvericiliyinin tələblərinə zidd olaraq cinayət işinin istintaqını hərtərəfli, tam və obyektiv aparmamış, ittihamın əsaslı həlli üçün mühüm əhəmiyyətə malik xüsusatlara səthi yanaşmışdır. Odur ki, X8 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs CM-in 188.1, 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə barəsində bəraət hökmü çıxarılmalıdır. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittihamda özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, xx xxxxxxxx 2019-cu il saat 11 radələrində işlədiyim sexdə olarkən polis əməkdaşı mənə yaxınlaşaraq, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğumu bildirib, polis şöbəsinə apardılar. Polis şöbəsində Azər adlı polis əməkdaşı telefonumu götürdü. Məni müstəntiqin yanına apardılar. Evə buraxılmağımı xahiş edəndə, mənə imza çəkmək üçün sənədləri verdilər. Mən onları oxumadan imzaladım. Daha sonra üzərimə baxış keçirildi və cibimdən 1 dəfə istifadə etmək üçün qalmış mariaxuananı aşkar etdilər. Orada təxminən 1,07 qram var idi. Mən özüm könüllü olaraq onu təqdim etdim. Ancaq daha sonra polis əməkdaşları şüşə bankanı və xeyli miqdarda qurudulmuş marixuananı boynuma qoydular. Mən bununla razılaşmıram. Mən narkotik maddələr olan çətənə bitkiləri əkməmişəm, sadəcə aşkar edib qulluq etmişəm. Mən bu bitkinin toxumunu tanımıram. Bundan başqa o, verilən suallara cavab olaraq demişdir: Cibimdə olan marixuananı qəbiristanlıqda bitmiş çətənə bitkilərindən əldə etdim. Yarpaqları qopardıb daşın üstündə qurutmuşam. Çətənə bitkilərini aşkar etdiyimi qorxumdan heç kimə deməmişəm. Mən qəbiristanlıqda neçə ədəd çətənə bitkilərinin olduğunu bilmirəm, onları saymamışam. Amma 29-dan az idi. Mən təkbaşına onlara qulluq etmişəm, başqa şəxslərin onlara qulluq etməsi barədə məlumatım yoxdur. Mən qəbiristanlıqda şüşə bankanın olduğunu bilmirdim və onun mənə aid olduğunu da deməmişəm. Müdafiəçi olmadan sənədlərə qol çəkmişəm. Mən ərizəni polis şöbəsində yazmışam, amma saatı dəqiq bilmirəm. Ərizə yazanda müdafiəçi yanımda deyildi. Mən ərizəni özüm yazsam da, ərizənin məzmunu mənə diktə etdilər. Polis şöbəsində kamera görüntülərini mənə göstərib narkotiki əkdiyimi bildirdilər. Qəbirstanlığa getməyim barədə onların əvvəlcədən məlumatı var idi, çünki qəbirsanlığa kamera qoymuşdular. Mənə dedilər ki, 3 aydır səni izləyirik. Kameranı axırıncı bir həftə ərzində qoyublar və qəbirsanlığa daxil olmağım kameraya düşdükdən sonra məni tutdular. Məni polis şöbəsində aparanda üzərimdə narkotik var idi. Bəli, mən həmin bitkilərə su tökmüşəm, peyin tökmüşəm. Polis şöbəsinə gedəndə üzərimdə telefonum olmayıb. İşimə düzgün baxılmasını xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi Ruhiyə Kərimli bildirmişdir ki,apelyasiya şikayətinin dəlillərini müdafiə edirəm. Müdafiə etdiyim şəxs özünü CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilmir. Qəbiristanlıqda tapılmış 3 kiloqramlıq şüşə bankası ona aid deyil, çünki o ümimiyyətlə narkotik vasitərini saxlamaq ya da qurutmaq niyyəti olmamışdır. Polis əməkdaşları tərəfindən təqdim edilmiş əməliyyat işində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı məlumat yoxdur, yalnız onun narkotik vasitələrdən istifadə etməsi barədə məlumat var. Halbuki istintaq bunun üzərində qurulmuşdur. Diskdən də görünür ki, baxışda iştirak edən polis əməkdaşları bankanı götürməyə Təqsirləndirilən şəxs təhrik edirlər, lakin o imtina edir. Onlar həmin bankanın üzərində Təqsirləndirilən şəxs barmaq izlərinin olmamasını dəqiqliyi ilə bildikləri üçün onu ekspertizaya göndərməmişlər. Bundan başqa, şahidlərin ifadələrindən də görünür ki, Çalabari Qəbələ RPŞ-yə baxış keçirilməsi üçün aparıldıqda elə bu ərəfədə sahə rəisi ot biçənləri və digər şəxsləri axtarmağa başlayır. Bu da onların nə baş verdiyini qabaqcadan bildiklərini təsdiq edir. Bankanın basdırılmasının yeganə məqsədi Çalabarinin narkotik vasitələrini Ali Məhkəmənin Plenum qərarında göstərildiyi kimi hissələrə ayıraraq onları satmaq niyyətində olmasını qələmə verməkdir. Halbuki, Təqsirləndirilən şəxs ilk gündən həmin bankanın ona aid olmadığını bildirir və onun harada olduğunu da göstərmir. Cinayət işi CM-in 234.1-ci maddəsi ilə başlanılsa da, sonradan həmin maddələrə tövsif edilmişdir. İş materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələri satmaq niyyətində olmasına dair heç bir mötəbər sübut yoxdur. Təqsirləndirilən şəxs narkotik vasitələri satması şahidlərin ifadələri ilə də təsdiq olunmur. Ona görə də CM-in 234.4.3-cü maddəsi üzrə Təqsirləndirilən şəxs bəraət verilməsini məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı Telman Əhmədov bildirmişdir ki, Təqsirləndirilən şəxs CM-in 188.1, 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi şahidlərin ifadələri, ekspertiza rəyləri, baxış protokolları ilə kifayət qədər sübuta yetirilmişdir. Çalabarinin özünü CM-in 234.4.3cü maddəsi ilə təqsirli bilməməsi özünü müdafiə xarakter daşıyır. Hadisə yerində və Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitələrin tərkibinə görə eyni olması ekspertiza rəyi ilə də müəyyən edilmişdir. Ona görə də apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan onun təmin edilməməsini məhkəmə kollegiyasından məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş hüquqi şəxs Qəbələ rayon Nic bələdiyyəsinin nümayəndəsiNümayəndə Arşavari oğu bildirmişdir ki, Qəbələ rayon Nic bələdiyyəsi Təqsirləndirilən şəxs şikayətçi deyil. Təqsirləndirilən şəxs iki azyaşlı övladının olmasını nəzərə alaraq imkan daxilində ona güzəşt edilməsini məhkəmə kollegiyasından xahiş edirəm. HÜQUQİ MƏSƏLƏLƏR Azərbаycаn Respublikаsı Cinаyət-Prosessuаl Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnunun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apelyasiya tələbi ilə bağlı olan hissədə, yəni apelyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apelyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apelyasiya şikayəti və apelyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apelyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını və apelyasiya şikayətinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdırıb, işdə olаn sübutları tədqiq edib, tərəfləri dinləyib hesаb edir ki, аşаğıdа qeyd edilən əsаslаrа görə, apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə X8 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs əməlində CM-in 188.1-ci maddəsinin tərkibi olmadığına görə ona bəraət verilməli, CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittiham CM-in 237.2.3-cü maddəsi ilə əhatə olunduğundan ittihamdan çıxarılmalı, CM-in 237.2.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, xx.xx.2019-cu ildə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələri əkibbəcərməsi, istifadə etməsi, daşınması barədə əməliyyat məlumatı daxil olmuşdu. Təqsirləndirilən şəxs Nic qəbəsində yerləşən işlədiyi motor sexində saxlanıldı. Tərəfimizdən polis şöbəsinə gətirildi, üzərinə baxış keçirilən zaman 1,7 qram narkotik vasitə, qurudulmuş marixuana aşkar edildi. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Nic qəsəbəsinin qəbiristanlığında əkib becərdiyini bildirdi. Bu barədə agenturamızın da məlumatı var idi. Hal şahidləri və Təqsirləndirilən şəxs vəkilinin iştirakı ilə videoçəkilişlə həmin yerə baxış keçirdik. Həmin yer kolluq idi. Balaca yuvadan əyilib keçməklə sürünəsürünə əkilmiş yerə çatmaq olardı. Biz həmin yeri kolluqdan təmizlətdirib oraya daxil olduq. Hal şahidlərinin iştirakı təmin edilməklə videoçəkiliş aparıldı. Həmin yerdə 29 ədəd çətənə kollarına bənzər kol aşkar edildi. Onların boyu yadımda qalmayıb. Tərəfimizdən sənədləşmə aparıldı, təhqiqatçı isə hamının imzaladığı protokolu tərtib etdi. Məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən Şahid2 ifadəsində bildirmişdir ki, Qəbələ rayonunun Nic qəsəbə sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin kultivasiyası və istifadəsi ilə bağlı əməliyyat məlumatları daxil olmuşdur. Onunla bağlı xx.xx.2019-cu ildə CAB-ın rəisi, əməliyyat müvəkilləri, NMQ-nın rəisi və polis nəfərlərilə birlikdə Nic qəsəbəsinə gəldik. Hal şahidlərinin iştirakı ilə Nic qəsəbəsində motor təmiri sexində işləyən Təqsirləndirilən şəxs yaxınlaşdıq və narkotik vasitələrin istifadəsində şübhəli olduğundan ona üzərinə baxış keçirilməsini bildirdik. Həmin şəxs Nic qəsəbəsinin mərkəzində olduğumuzu, camaatın çox olmasını nəzərə alaraq baxışı polis şöbəsində keçirilməsini xahiş etdi. Həmçinin, üzərində bir büküm narkotik vasitənin olduğunu bildirdi. Polis şöbəsində vəkilin, hal şahidlərin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman o, şalvarının cibindən bir büküm ağ kağızda narkotik vasitəyə bənzər maddə təqdim etdi və onun istifadəçisi olduğunu bildirdi. Həmçinin, həmin narkotik vasitəni Nic qəsəbəsinin Qəbiristanlığında əkdiyini və bu yerini göstərə biləcəyini bildirdi. Özünün, vəkilinin, hal şahidlərinin, tədqiqatçının, polis əməkdaşlarının, tərcüməçinin, aqronomun iştirakı ilə həmin yerə baxış keçirildi. Kolluq ərazi olduğundan otbiçən şəxs çağırıldı. 29 ədəd çətənə kolları, qara selfofana bükülmüş şüşə bankada yerə basdırılmış vəziyyətdə, edəcə də ağacların dibində və yerə sərilmiş narkotik vasitə - qurudulmuş marixuanaya bənzər spesifiq iyə malik kütlə aşkar edilmişdir. Ağaclar kökündən çıxarılıb qablaşdırılan zaman müəyyən edilmişdir ki, həmin ağaclar vedrələrin altı kəsilməklə onunla əhatə olunmaqla yerə basdırılmışdır. Onların bir hissəsi isə yerə basdırılmışdır. Bundan başqa, həmin yerdən su qabı, butulkalar və başqa əşyalar aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs mobil telefonuna baxıldıdqda müəyyən edilmişdir ki, həmin şüşə bankanın şəkili orada əks olunmuşdur. Məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən Şahid11 ifadəsində bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə mən Qəbələ RPŞ-nın digər əməkdaşları ilə vətəndaşın işlədiyi Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən kiçik motorlar təmiri sexində ona yaxınlaşdıq. Narkotik vasitələrin saxlanılması və istifadə edilməsində şübhəli olduğunu bildirərək hal şahidlərin iştirakı ilə onun üzərinə baxış keçirilməsini ona izah etdik. Vətəndaş üzərində bir büküm narkotik vasitə marixuana olduğunu bildirdi, lakin yaşadığı Nic qəsəbəsinin mərkəzində olduğundan üzərinə baxışın Qəbələ Rayon Polis Şöbəsində keçirilməsini xahiş etdi. Qeyd edilən şəxs tərəfimizdən Qəbələ RPŞ-ya aparıldı. Orada tədqiqat bölməsinə təhvil verildi, üzərində bir büküm narkotik vasitə olan marixuana aşkar edilərək götürüldü. Sonradan şəxsin yaşadığı və işlədiyi Nic qəsəbəsində yerləşən qəbiristanlıqda əkib-bəcirdiyi 29 ədəd çətənə kolu və 3 kq-dan artıq marixuananın şöbənin əməkdaşları tərəfindən aşkar edilərək götürülməsi mənə məlum olmuşdur. Məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən Şahid4 ifadəsində bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə Qəbələ rayonunun Nic qəsəbəsinin sakini Təqsirləndirilən şəxs narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Qəbələ RPŞ-ya məlumat daxil olmuşdur. CAB-ın rəisi Şahid1 və bölmənin digər əməkdaşları Nic qəsəbəsində motor sexində işləyən Təqsirləndirilən şəxs yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu ona izah etdilər və hal şahidlərinin iştirakı ilə üzərinə baxış keçirilməsi barədə ona bildirdilər. Təqsirləndirilən şəxs ətrafımızda çoxsaylı insan olduğuna görə baxışın Qəbələ RPŞ-da keçirilməsini xahiş etdi. Qəbələ RPŞ-ya gələndən sonra ilkin araşdırma təhqiqatçıya həvalə edildi. Sonradan onun üzərində narkotik vasitənin aşkar olunduğu və Nic qəsəbəsinin Qəbiristanlığında 29 ədəd çətənə kolu əkməsi mənə məlum olmuşdur. Məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən Şahid6 ifadəsində bildirmişdir ki, xx.xx.2019-cu ildə əməliyyat qrupunun üzvü idim. Vətəndaş Qəbələ RPŞ-da özü könüllü şəkildə narkotik vasitəni təqdim edərək onun istifadəçisi olduğunu, narkotik vasitəni özünün əkib-bəcərdiyini bildirdi. Həmin ərazi kolluq ərazi idi, onu açdıqdan sonra 30 yaxın çətənə bitkisi aşkar edildi. Məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən Şahid5 ifadəsində bildirmişdir ki, xx.xx.2019-cu ildə Qəbələ RPŞ-nın təhqiqatçısı Tural Mehdizadənin otağında hal şahidləri, vəkil, tərcüməçi və mənim iştirakımla Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən narkotik vasitə aşkar edildi. Bundan sonra Nic qəsəbəsinə getdik və Çalabari orada çətənə bitkiləri əkdiyi yeri göstərdi. Şahidlərin iştirakı ilə mən həmin yerə yaxınlaşdım, həqiqətən də orada çətənə bitkiləri var idi. Hal-hazırda, onların sayı dəqiq yadımda deyil. Məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən Şahid10 ifadəsində bildirmişdir ki, 2019-cu ilin sentyabr ayının əvvəlində sahə müvəkkili məni Təqsirləndirilən şəxs işlədiyi ərazinin yanında olan yanacaqdoldurma məntəqəsinə çağırdı. Mən gələndə sahə müvəkkili ilə köməkçisi artıq orada idilər. Məndən otbiçən motor tələb etdilər. Onlara kəndimizdə ictimai yerlərdə olan alaq otlarının biçilməsi işi ilə məşğul olan şəxsin olduğunu bildirdim. X5 həmin şəxsin işə çəlb edilməsini təklif etdim. Valeriki də oraya gətirdilər. Təxminən yarım saatdan sonra 3-4 polis əməkdaşı gəldi. Yarım saat keçdikdən sonra başqa polis qrupu da gəldi. Onlar qəbiristanlıq ərazisinə daxil oldular və sonra 24- 25 ədəd çətənə bitkiləri aşkar edildi. Bunun şahidi olmuşam. Məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən X6 bildirmişdir ki, Təqsirləndirilən şəxs həm bacanağımdır, həm də iş yoldaşımdır. xx.xx.2019-cu il tarixdə Oleqin səsini eşidib polis əməkdaşlarının onu Qəbələ RPŞ-ya apardığını gördüm. Ona yaxınlaşmağa qoymadılar. Günorta nahardan sonra nə məsələ olduğunu öyrəndim. Məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən X3 bildirmişdir ki, xx.xx.2019-cu ildə, saat 11-13 arası iş yoldaşım mənə zəng vuraraq iş təklif etdi. Yanacaqdondurma məntəqəsinə çatanda polis əməkdaşlarını gördüm. Oleq yox idi. Saat yarım gözlədikdən sonra Oleq gəldi və polis əməkdaşları Oleqin işlədiyi sexin arxasında olan qəbiristanlıqda biçin aparmaq lazım olan yeri bizə göstərdilər. İşimizi gördükdən sonra polislər bizi oradan kənarlaşdırdılar. Amma mən orada 3-4 ədəd ağac gördüm. Birinci instansiya məhkəməsində şahid qismində ifadə verən Şahid8 göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsində hal şahidi qismində iştirak etmişdir. Baxış zaman onun üzərindən narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni özü istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə verən Şahid7 Şahid8 ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işinin materiallarında olan xx xxxxxxxx 2019-cu il tarixli baxış keçirilməsi haqqında protokoldan, həmin protokola əlavə edilmiş foto və video görüntülərdən müəyyən olunur ki, çətənə bitkiləri əkilmiş yer Qəbələ rayonunun Nic qəsəbəsinin mərkəzindən təxminən 200-300 metr cənub istiqamətində, yolun kənarında qəbiristanlıq ərazisidir. Qəbiristanlığa daxil olub təxminən 10-15 metr getdikdən sonra Təqsirləndirilən şəxs qarşısına çıxan kolluq ərazini təqdim edərək bildirmişdir ki, onun əkib becərdiyi narkotik tərkibli çətənə kolları həmin kolluq ərazinin içərisində yerləşir. Təqsirləndirilən şəxs 5 topa narkotik tərkibli çətənə bitkisi olması ehtimal edilən ağac şəkilli bitkiləri təqdim edərək bildirmişdir ki, həmin bitkilər çətənə kolları olub, 2-3 ay əvvəl onun tərəfindən yetişdirilməklə kultivasiya etməyə başlamışdır. Həmin topalardan 3 ədədi alt hissəsi kəsilmiş vəziyyətdə dəmir vedrənin daxilinə torpaq və təzək doldurulmuşdur. Topalardan birincisində 3 ədəd, 2-ci topada 2 ədəd, 3-cü topada 3 ədəd, 4-cü topada 15 ədəd, 5-ci topada 6 ədəd, ümumilikdə isə həmin ərazidən 29 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər aşkar edilərək kökündən çıxarılmaqla, 3 kisədə qablaşdırılmışdır. Daha sonra qara rəngli sellofan torbaya bükülmüş vəziyyətdə 3 kiloqramlıq şüşə balonun içərisində olan 1150 qram çəkidə, qurudulması məqsədi ilə yığılmış 2800 qram çəkidə və 103 qram çəkidə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Kapron materialdan olan 11 ədəd qab, su qabı, alt hissələri kəsilmiş kapron şüşələr və digər maye qabları götürülmüşdür. xx.xx.2019-cu il tarixli aqronom rəyindən görünür ki, aşkar edilmiş, çətənə kollarının dibləri yumşaldılaraq peyin tökülmüş, kənarda olan su qablarından, eləcə də ağacların dibinin nəm olmasından müəyyən olunmuşdur ki, həmin çətənə kollarına mütəmadi olaraq aqrotexniki qulluq edilərək dibləri sulanmışdır. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2019-cu il tarixli 504 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üç ədəd sintetik kisənin içərisində yaş vəziyyətdə, ümumi təmiz çəkisi 15 kiloqram 735 qram olan 26 ədəd bitki əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Həmin kisələrin içərisində olan üç ədəd bitki kökləri isə əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin kökləridir. Tədqiqata təqdim olunmuş bir ədəd sintetik kisənin içərisindəki təmiz çəkisi - 2805,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş bir ədəd sintetik kisənin içərisindəki bir ədəd şüşə balonun içərisində, təmiz çəkisi - 320,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş bir ədəd sellofan torbanın içərisindəki təmiz çəkisi - 105,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Hal şahidləri..imza.” sözləri yazılmış zərfin içərisindəki bir ədəd kağız bükümdə, təmiz çəkisi – 1,07 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş iyirmi altı ədəd çətənə bitkiləri, bir ədəd sintetik kisədə, bir ədəd şüşə balonda, bir ədəd sellofan torbada və bir ədəd kağız bükümdə olan qurudulmuş marixuanalar tərkibinə görə eynidirlər. Cinayət işinin materiallarında olan xx.xx.2019-cu il tarixli 011-8254-1219 saylı məktubdan görünür ki, çətənə bitkilərinə qulluq olunmasında istifadə edilmiş kapron qabların üzərindən götürülmüş əl-barmaq izlərindən 03 ədədi (DİN-in KTİ-in ADİS-in məlumat bankına Qəbələ RPŞ-dən daxil olmuş) xx.xx.1987-ci ildə Qəbələ rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin böyük və sol əlinin şəhadət və adsız barmaqlarının əksləri ilə eynilik təşkil edir. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2019cu il tarixli 810 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan məhkəmə psixiatrik ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 497 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmaqla anlaqlı olmuşdur. Hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır, onun əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli **********34 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin kultivasiya edildiyi torpaq sahəsi Qəbələ rayonu Nic inzibati ərazi dairəsi hüdudları daxilində bələdiyyə mülkiyyətinə aiddir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsi barədə məlumat yoxdur. Apelyasiya şikayətində və apelyasiya şikayətinin dəlillərinə münasibət bildirəndə Təqsirləndirilən şəxs özünü yalnız çətənə bitkilərini aşkar etdikdən sonra onlara qulluq etməkdə və 1,07 qram qurumuş marixuananı saxlamaqda təqsirli bildiyini göstərdiyindən, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin bu barədə dəlilinə hüquqi qiymət verilməsi zəruridir. İşdən göründüyü kimi, Təqsirləndirilən şəxs ona görə CM-in 188.1-ci maddəsi ilə təqsirləndirilib məhkum edilmişdir ki, o 2019-cu ilin iyul ayında Qəbələ rayonunun Nic qəsəbə inzibati ərazi dairəsinin hüdudları daxilində bələdiyyə mülkiyyətinə aid olmaqla həmin qəsəbənin mərkəzində yerləşən qəbiristanlıq ərazisində torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına zəbt edib, orada qanunsuz olaraq külli miqdarda narkotik tərkibli çətənə kollarını əkmiş, onlara aqrotexniki qaydada qulluq göstərməklə, diblərini yumşaltmış, alaq otlarından təmizləmiş, suvarmaqla kultivasiya etmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs CM-in 188.1-ci mаddəsi ilə məhkum edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, iş üzrə müfəssəl hüquqi qiymətləndirmə aparılmalı, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittiham üzrə təqsirli olub-olmaması kimi mühüm əhəmiyyət kəsb edən məsələyə aydınlıq gətirilməlidir. Belə ki, Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi (CPM-in 33-cü maddəsi) sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə faktların müəyyən edilmiş sayılması üzrə nəticələrini həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan, tam, hərtərəfli və obyektiv yoxlanılmış, mənsubiyyəti, mümkünlüyü, mötbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutlar vasitəsi ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələrinin tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Bu normalar və məhkəmə kollegiyasının mülahizələri kontekstində birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmü yoxlandıqda, həmin yekun məhkəmə aktının əsaslı olması müəyyən olunmur. Belə ki, CM-in 188-ci (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsinə əsasən, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma (mad. 188.1) cinayət məsuliyyətinə səbəb olur. Maddənin məzmunundan göründüyü kimi, təhlil edilən cinayət obyektiv cəhətdən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, habelə həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutmada ifadə olunur. Maddənin dispozisiyasında nəzərdə tutulmuş mənada torpaq sahəsini özbaşına tutma dedikdə, torpağın mülkiyyətçisinin və ya digər qanuni sahibinin razılığı, yaxud dövlət və ya bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmləşdirilmiş sərəncam olmadan torpaq sahəsini ələ keçirmə başa düşülür. Bu zaman təqsirkar qanunsuz ələ keçirdiyi torpaq sahəsinə faktiki sahiblik etməyə və ya ondan faktiki istifadə etməyə başlamış olur (məsələn, torpaq sahəsinin hüdudlarını müəyyən edən hasar çəkir, orada tikinti, abadlıq işləri aparır və ya təsərrüfat-məişət təyinatlı fəaliyyəti həyata keçirməyə başlayır). Torpaq sahəsini özbaşına dəyişdirmə şəxsin öz mülkiyyətində (sahibliyində, istifadəsində) olan torpaq sahəsini başqa şəxsə məxsus torpaq sahəsi ilə onun razılığı olmadan əvəz etməsində təzahür edir. Torpaq sahəsini özbaşına becərmə dedikdə isə hər hansı torpaq sahəsində onun mülkiyyətçisinin və ya başqa qanuni sahibinin icazəsi olmadan bitkilərin əkilməsindən, onlara qulluq edilməsindən və onların yetişdirilməsindən ibarət fəaliyyət başa düşülür. Torpağın becərilməsi həmin torpaq sahəsinin əkin üçün yararlı vəziyyətə gətirilməsi (kollardan, daşlardan təmizlənməsi və s.), şumlanması, toxum səpilməsi və s. bu kimi hərəkətlərin məcmusudur. Məhkəmə kollegiyasının qənaətinə görə, CM-in 188.1-ci maddəsində nəzərdə tutulan torpaq sahəsinin özbaşına becərilməsinə yönəlmiş təqsirləndirilən şəxsin qəsdi aşkarda baş verməklə torpağın qanuni sahibinin icazəsi olmadan torpaq sahəsində əkilməsi qadağan edilməyən bitkilərin əkilməsində, onlara qulluq edilməsində və onların yetişdirilməsində təzahür edir. Başqa sözlə, təqsirkar şəxs becərdiyi torpaq sahəsinin özgəyə məxsus olduğunu, torpaq sahəsinin qanuni sahibinin iradəsinin əleyhinə olaraq və torpaq sahəsinin boşaldılması tələbinə məhəl qoymayaraq qanunsuz hərəkətlərini davam etdirir, habelə həmin torpaq sahəsini əkin üçün yararlı vəziyyətə gətirir, kollardan, daşlardan təmizləyir, şumlayır, toxum səpir və s. Bu zaman cinayət məsuliyyətinin yaranmasının əsası kimi təqsirkarın həmin torpaq sahəsində hər hansı bir bitki əkməsi deyil, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özgəyə məxsus torpaq sahəsini özbaşına hasarlaması, becərməsi və ya dəyişdirməsi, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutması çıxış edir. Yəni şəxs başqasına məxsus torpaq sahəsində heç nə əkməsə də, məsələn dövlət meşə fonduna məxsus olan torpaq sahəsini qanunsuz olaraq hasara və ya çəpərə alırsa və həmin torpaq sahəsi üzərində dövlətin mülkiyyət hüququnu aşkar surətdə bu yolla pozursa, CM-in 188.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti yaranacaqdır. Cinayət işinin materiallarında olan sübutlardan, videogörüntüdən, habelə foto cədvəllərdən görünür ki, Qəbələ rayonunun Nic qəsəbəsinin mərkəzindən təxminən 200- 300 metr cənub istiqamətində, yolun kənarındakı qəbiristanlıq ərazisi maddənin dispozsiyasında göstərildiyi kimi, Təqsirləndirilən şəxs tərəfindən özbaşına hasarlanmamış, çəpərə alınmamış, təqsirləndirilən şəxsin həmin torpaq sahəsini becərməsi, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutması aşkar edilməmişdir. İşin görünən tərəfi odur ki, təqsirləndirilən şəxs gizli şəkildə bələdiyyə fonduna aid qəbiristanlıq ərazisində nəinki torpağın mülkiyyətçisinin, ümumiyyətlə heç bir kəsin məlumatı olmadan narkotik tərkibli çətənə bitkisi əkmişdir. Təqsirləndirilən şəxsin bu cinayət əməli aşkar edildikdən sonra torpağın mülkiyyətçisinin məlumatı olmuşdur ki, ona məxsus qəbiristanlıq sahəsindən təqsirləndirilən şəxs ondan icazəsiz istifadə etmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs həm CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulan qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama əməlinə, həm CM-in 188.1-ci maddəsi, yəni qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutmağa həm də CM-in 234.4.3-cü maddəsinə görə cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilmişdir. CM-in 237.2.3-cü maddəsinə əsasən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) cinayət məsuliyyəti üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli 959-İİQ nömrəli Qanununun 1.0.6-cı maddəsində isə göstərilir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il 2 nömrəli qərarının 19-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-in 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının şərhi Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Göründüyü kimi, CM-in 188.1-ci maddəsindən fərqli olaraq həmin Məcəllənin 237.2.3cü maddəsində nəzərdə tutulan əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərinin hər hansı torpaq sahəsində əkilməsi başa düşülür. Burada cinayətin predmetini əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilərin, onların hissələrinin, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərin qanunsuz kultivasiya edilməsi təşkil edir. Başqa sözlə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) harada və kimə məxsus olan torpaq sahəsində əkilməsindən, kultivasiya edilməsindən asılı olmayaraq cinayət məsuliyyəti yaradır. Bu zaman o da nəzərə alınmalıdır ki, bu cinayət əməli aşkarda deyil, gizlində törədilir. İşdən görünür ki, Təqsirləndirilən şəxs qəsdən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan meşə fonduna məxsus torpaq sahəsini özbaşına zəbt edərək orada tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib yetişdirərək kultivasiya etdiyinə görə CM-in 237.2.3-cü maddəsi ilə bərabər, həm də CM-in 188.1-ci maddəsi ilə də təqsirli bilinərək altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs bu əməli ilə cinayətlərin məcmusuna görə təqsirləndirilsə də, onun qəsdi yalnız tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini qanunsuz olaraq kultivasiya etməyə yönəlmişdir. İşin bu vəziyyəti onun törətdiyi bir cinayət əməlinə görə iki dəfə cinayət cəzasına məruz qalması, başqa sözlə bir əmələ görə iki dəfə məhkum edilməsi anlamına gətirib çıxarır ki, bu da qanunla yolverilməzdir. Digər tərəfdən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs CM-in 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməsi ilə bağlı qeyd edir ki, ona həmin maddələr üzrə verilmiş ittihamdan CM-in 234.4.3-cü maddəsi çıxarılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, təqsirləndirilən şəxsə CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittiham CM-in 237.2.3-cü maddəsi ilə əhatə olunduğundan, buna görə ona CM-in 234.4.3-cü maddəsi ilə də ittiham verilməsi ilə razılaşa bilmir. Belə ki, məhkəmə kollegiyasının iclasında hadisə yerinə baxış keçirilməsi ilə bağlı diskdə olan VİDEO_TS adlı fayla baxış keçirilmiş, VİDEO_TS adlı fayla baxdıqda görünür ki, qəbiristanlığa daxil olub təxminən 10-15 metr getdikdən sonra Təqsirləndirilən şəxs qarşısına çıxan kolluq ərazini təqdim edərək bildirir ki, onun əkib becərdiyi narkotik tərkibli çətənə kolları həmin kolluq ərazinin içərisində yerləşir. Təqsirləndirilən şəxs 5 topa narkotik tərkibli çətənə bitkisi olması ehtimal edilən ağac şəkilli bitkiləri təqdim edərək bildirmişdir ki, həmin bitkilər çətənə kolları olub, 2-3 ay əvvəl onun tərəfindən yetişdirilib kultivasiya etməyə başlamışdır. Həmin topalardan 3 ədədi alt hissəsi kəsilmiş vəziyyətdə dəmir vedrənin daxilinə torpaq və təzək doldurulmuşdur. Topalardan birincisində 3 ədəd, 2-ci topada 2 ədəd, 3-cü topada 3 ədəd, 4-cü topada 15 ədəd, 5-ci topada 6 ədəd, ümumilikdə isə həmin ərazidən 29 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər aşkar edilərək kökündən çıxarılmaqla, 3 kisədə qablaşdırılmışdır. Daha sonra qara rəngli sellofan torbaya bükülmüş vəziyyətdə 3 kiloqramlıq şüşə balonun içərisində olan 1150 qram çəkidə, qurudulması məqsədi ilə yığılmış 2800 qram çəkidə və 103 qram çəkidə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Kapron materialdan olan 11 ədəd qabları, su qabı, alt hissələri kəsilmiş kapron şüşələr və digər maye qabları götürülmüşdür. Qeyd olunan video fayla baxış keçirildikdən sonra təqsirləndirilən şəxs etirazla müraciət edərək polis şöbəsində ona hər cür təzyiq göstərildiyi üçün polislərin göstərdiyi kimi, belə video çəkilişin keçirilməsinə razılıq verdiyini bildirmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ona görə ittiham verilmişdir ki, o, qanunsuz olaraq kultivasiya edilmiş yaş vəziyyətdə 29 ədəd olmaqla külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərinin hissələrindən toplayaraq kustar üsulla qurudub hazırlamaqla satış məqsədi ilə qanunsuz olaraq əldə edib orada 3 kiloqramlıq şüşə balonun içərisində torpaqda basdıraraq saxladığı xalis çəkisi 320 qram, həmçinin kultivasiya etdiyi çətənə bitkilərinin yanında həmin bitkilərin hissələrindən toplayaraq kustar üsulla qurudub hazırlamaqla qanunsuz olaraq satış məqsədi ilə əldə edib ağzı açıq formada olan qara rəngli sellofan torbanın içərisində və həmin sellofan torbanın yanında açıq şəkildə olmaqla saxladığı xalis çəkisi 2 kiloqram 805 qram, eləcə də kultivasiya etdiyi narkotik tərkibli çətənə (kannabis) bitkilərinin hissələrindən toplayaraq satış məqsədi ilə qanunsuz olaraq əldə edib dib hissələrində qurudulması üçün yerə sərməklə saxladığı xalis çəkisi 105 qram, ümumilikdə isə həmin baxış keçirilən ərazidən Təqsirləndirilən şəxs məxsus eyni tərkibə malik külli miqdarda, yəni ümumi təmiz çəkisi 3 kq 230 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkarlanaraq götürülmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinaət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2013-cu il tarixli qərarında göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 1.0.6-cı maddəsində tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyasının anlayışı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanması kimi verilmişdir. CM-in 237.1-ci maddəsində də qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin xeyli miqdarda kultivasiya edilməsinə, yəni əkilməsinə, yetişdirilməsinə, onların (onların hissələrinin) toplanmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir. CM-in 237.1-ci maddəsinin “kultivasiya” anlayışı öz hüquqi mənasına görə tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və toplanmasından fərqli olaraq tərkibində xüsusi narkotik maddələr olan bitkilərin əkilməsi və yetişdirilməsi üçün xüsusi şəraitin yaradılması, həmçinin onların yetişdirilməsi üsullarının təkmilləşdirilməsi, yeni sortların alınması, onların məhsuldarlığının və əlverişsiz hava şəraitinə dözümlüyünün artırılmasına yönələn hərəkətləri nəzərdə tutur. “Kultivasiya” anlayışının tərkibinə yabanı şəkildə bitən bitkilərin toplanması kimi əlamətin daxil edilməsi bu anlayışın elmi və hüquqi mənaları ilə uzlaşmır. CM-in 237.1-ci maddəsində nəzərdə tutulan çətənə, xaşxaş növlərinin və ya tərkibində narkotik maddələr olan digər bitkilərin kultivasiyası yabanı şəkildə bitən və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanmasını ehtiva etmir. Konstitusiya Məhkəməsinin Plenumu tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) hansı miqdarda toplanmasının СM-in 237.1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olmasına dair qeyd edir ki, həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibinin yaranması üçün əməlin, yəni tərkibində narkotik maddələr olan bitkilərin şəxsi istehlak və ya satış məqsədi ilə toplanması müəyyən edilməmişdir. Beləliklə, əməlin CM-in 237.1-ci maddəsi ilə tövsif edilməsi üçün göstərilən məqsədlərin olub-olmaması əhəmiyyət kəsb etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli qərarının 4-cü bəndində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qərarın 17-ci bəndində isə qeyd olunur ki, tərkibində narkotik vasitələr olan bitkiləri və ya onların hissələrini bu bitkilərin təsərrüfat məqsədi ilə əkilmədiyi və mühafizə olunmayan ərazilərdən yığılması məqsədindən asılı olaraq CM-in 234.1 və ya 234.2-ci maddələri ilə tövsif olunmalıdır. Göründüyü kimi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin yığılması tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) qanunsuz əldə edilməsi sayıldığı halda, əkilib becərilmiş tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanması həmin bitkilərin qanunsuz kultivasiya edilməsi hesab olunur. Təqsirləndirilən şəxs əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkib-becərmiş və həmin bitkilərdən ümumi təmiz çəkisi 3 kq 230 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı sellofan torbalarda ağzı açıq şəkildə saxlamış, bununla da o, bütövlükdə CM-in 237-ci maddəsində nəzərdə tutulmuş əməli, yəni qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə (əkmə, yetişdirmə və onların hissələrini toplama) cinayətini törətmişdir. Konstitusiya Məhkəməsinin qərarında qeyd edildiyi kimi, əməlin CM-in 237-ci maddəsi ilə tövsif edilməsi üçün tərkibində narkotik maddələr olan bitkilərin şəxsi istehlak və ya satış məqsədi ilə toplanması əhəmiyyət kəsb etmir. Bundan başqa, məhkəmə kollegiyası məhkəmə araşdırması ilə bağlı Təqsirləndirilən şəxs barədə Qəbələ RPŞ-da olan əməliyyat işini tələb etmiş və onunla bağlı əməliyyat axtarış işi məhkəmə kollegiyasına təqdim edilmişdir. Məhkəmə kollegiyası əməliyyat axtarış işini nəzərdən keçirib Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məlumatın mötəbərliyini müəyyən etmişdir. Beləliklə, əkilmiş narkotik tərkibli çətənə bitkilərinin hissələrinin toplanması CM-in 237ci maddəsinin tərkib əlamətini təşkil edir. Odur ki, əkilmiş narkotik tərkibli çətənə bitkilərinin hissələri olan yarpaqlarının toplanması bunun hansı məqsədlə edilməsindən asılı olmayaraq CM-in 237-ci maddəsi ilə tövsif edilməlidir. Həmin bitkilərin hissələrinin (yarpaqlarının) toplanmasına görə CM-in 234-cü maddəsi ilə əlavə ittiham verilməməlidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsə CMin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham CM-in 237.2.3-cü maddəsi ilə əhatə olunduğundan, CM-in 234.4.3-cü maddəsi ona qarşı irəli sürülmüş ümumi ittihamdan çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsində təsbit edilmişdir ki, heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair xx xxxxxx 1984-cü il tarixli 7 saylı Protokolun 4-cü (İki dəfə məhkum edilməmək və ya cəzalandırılmamaq hüququ) maddəsinin 1-ci bəndinə əsasən, heç kəs hər hansı dövlətin qanunlarına və ya cinayət-prosessual normalarına müvafiq olaraq, artıq bəraət aldığı və ya məhkum edildiyi cinayətlərə görə həmin dövlətin yurisdiksiyası çərçivəsində cinayət qaydasında təkrar məhkum edilə və ya cəzalandırıla bilməz. CPM-in 34-cü (Eyni əmələ görə təkrar məhkum etmənin yolverilməzliyi) maddəsində də göstərilir ki, heç kəs eyni əməlin törədilməsinə görə təkrar məhkum edilə bilməz. Belə olan halda birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutması barədə nəticə çıxarması CPM-in 144-146, 349-cu maddələrinin tələblərinə cavab verən (tam, hərtərəfli və obyektiv yoxlanılmış, sübutetmə predmeti əməlin qəsdən törədilməsi barədə yekun nəticəyə gəlmək üçün kifayət edən sübutların məcmusundan hasil edilmiş) mühakimə kimi qiymətləndirilə bilməz. CPM-in 42.1.2-ci maddəsinə əsasən, əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcllənin 42.2.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. Göründüyü kimi, Təqsirləndirilən şəxs apelyasiya şikayəti yuxarıda şərh olunan məsələlərə dair hissədə əsaslıdır, birinci instansiya məhkəməsi həmin şikayətlə mübahisələndirilən hökmün apelyasiya qaydasında ləğv edilməsini tələb edən CPM-in 401.1 və 400.2-ci maddələrində nəzərdə tutulan pozuntuya yol vermişdir. CPM-in 143.1-ci maddəsinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir (mad. 144). Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (mad. 145). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (mad. 146.1). Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 2-ci bəndində və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Göründüyü kimi, konstitusiyada, beynalxalq müqavilələrdə və ölkə qanunvericiliyində təsbit olunmuş təqsirsizlik prezumpsiyası şəxsin səlahiyyətli məhkəmə qarşısında cinayət mühakiməsindən kənar təqsirli olmasını istisna edir. Bu mənada, təqsirsizlik prezumpsiyası obyektiv hüquqi vəziyyəti əks etdirməklə, təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ya cinayət törətməkdə şübhəli bilinən şəxsi vaxtından əvvəl cinayət törətməkdə təqsirli bilinməkdən qoruyur. Bundan əlavə, İnsan HüquqlarıÜüzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutları diqqətlə qiymətləndirmədən hüquqi fərziyyənin tətbiq edilməsi, təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Deveyer Belçikaya qarşı” iş üzrə qərarında xatırlatmışdır ki, “ittiham” termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 188.1-ci maddəsi ilə ittiham verilərkən onun əməli CPM-in 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübutlardan, birinci instansiya məhkəməsində həyata keçirilmiş məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından da görünür ki, Təqsirləndirilən şəxs əməlində ona israr edilən CM-in 188.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi yoxdur. Birinci instansiya məhkəməsi onu CM-in 188.1-ci maddəsi il təqsirli bilib cəza təyin edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur ki, bu da hökmün ləğv edilməsi üçün əsasdır. CPM-in 8.0.5-ci maddəsinə görə, cinayət mühakimə icraatının əsas vəzifələrindən biri təqsirsiz şəxslərə bəraət verməkdən ibarətdir. Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır (CPM-in 350.2ci maddəsi). O da qeyd olunmalıdır ki, CPM-in 56.0.1-ci mаddəsinə əsаsən, bəraət almış şəxs cinаyət prosesini həyаtа keçirən orqаnın səhvi və yа sui-istifаdəsi nəticəsində vurulmuş ziyаnın ödənilməsi hüququnа mаlikdir. Bəraət hökmündə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsi əks olunmayıbsa, bu məsələnin həlli cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir (CPM-in 61.2-ci maddəsi). Cinаyət prosesini həyаtа keçirən orqаnın səhvi və yа sui-istifаdəsi nəticəsində vurulmuş ziyаnın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki məhkəmə icraatı prosesində həyata keçirilir (CPM-in 63-cü maddəsi). Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Süleyman Qurbanov CM-in 188.1-ci maddəsi ilə təqsirləndirilə bilməz, o həmin cinayət əməlinin törədilməsində təqsirsizdir. Bu səbəbdən ona bəraət verilməli, CPM-in 56 və 63-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınmalı və ona izah edilməlidir. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirlidir. Belə ki, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin iclasında özünü heç bir maddə ilə təqsirli bilməsə də, məhkəmə kollegiyasının iclasında ifadə verərkən özünü CM-in 237.2.3-cü maddəsi ilə təqsirli bilmişdir. Həmçinin, o, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində (i. v. 94-96) bildirmişdir ki, ...təxminən 2-3 ay əvvəl Qaəbələ rayonu, Nic qəsəbəsində işlədiyim təmir sexinin yanında yerləşən qəbiristanlıqda təxminən 10-15 sm uzunluğunda yabanı halda btmiş narkotik təkibli çətənə ştillərini görüb qərara gəldim ki, həmin ştilləri oradan çıxardıb qəbiristanlığın bir qədər gözdən uzaq yerində əlib ona qulluq edərək peyvəndləşdirib daha yaxşı təsirə malik marixuana əldə edim. Buna görə də, heç kimin xəbəri olmadan həmin 20 ədəddən çox 10-15 sm hündürlükdə olan ştilləri çıxarıb köhnə qəbirlər olan hissəyə 3-5 ədəd ştil olmaqla 5 topada əkdim... ...Həmin topaların üçünün ətrafına alt hissəsi kəsilmiş dəmir vedrəni keçirib vedrə boyunca torpaq doldurdum və peyin tökdüm... Digər iki topanın dibinə isə vedrə qoymadan peyin tökdüm. Bir neçə dəfə də əkdiyim kolların dibinə gətirib su tökürdüm ki, tez və yaxşı inkişaf etsin. Bundan başqa, iş materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, ...Qəbələ rayonunun Nic qəsəbəsinin mərkəzindən, təxminən 200-300 metr cənub istiqamətində, yolun kənarındakı qəbiristanlıq ərazisidir. Qəbiristanlığa daxil olub təxminən 10-15 metr getdikdən sonra Təqsirləndirilən şəxs qarşısına çıxan kolluq ərazini təqdim edərək bildirmişdir ki, onun əkib becərdiyi narkotik tərkibli çətənə kolları həmin kolluq ərazinin içərisində yerləşir. Təqsirləndirilən şəxs 5 topa narkotik tərkibli çətənə bitkisi olması ehtimal edilən ağac şəkilli bitkiləri təqdim edərək bildirmişdir ki, həmin bitkilər çətənə kolları olub, 2-3 ay əvvəl onun tərəfindən yetişdirilməklə kultivasiya etməyə başlamışdır... ...Həmin topalardan 3 ədədi alt hissəsi kəsilmiş vəziyyətdə dəmir vedrənin daxilinə torpaq və təzək doldurulmuşdur.Topalardan birincisində hündürlüyü 2,6 metr, 2,30 metr, 2,16 metr təşkil edən 3 ədəd, 3 ədəd olmaqla həmin topanın dibindəki vedrənin hündürlüyü 19 sm, üst diametri 18 sm təşkil edir. Baxış keçirilən ərazidə 3 ədəd, 2-ci topada 2 ədəd, 3-cü topada 3 ədəd, 4-cü topada 15 ədəd 5-ci topada 6 ədəd, ümumilikdə isə həmin ərazidən 29 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər aşkar edilərək kökündən çıxarılmaqla 3 kisədə qablaşdırılmışdır... ..Daha sonra qara rəngli sellofan torbaya bükülmüş vəziyyətdə 3 kiloqramlıq şüşə balonun içərisində olan 1150 qram çəkidə, qurudulması məqsədi ilə yığılmış 2800 qram çəkidə və 103 qram çəkidə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Kapron materialdan olan 11 ədəd qab, su qabı, alt hissələri kəsilmiş kapron şüşələr və digər maye qabları götürülmüşdür... O da qeyd olunmalıdır ki, hadisə yerinə baxış keçirilməsinə dair videogörüntüdən də müəyyən olunur ki, baxış zamanı Təqsirləndirilən şəxs oradan aşkar edilmiş şüşə balonda və sellofan torbada olan narkotik vasitənin ona aid olmasını inkar etsə də, narkotik tərkibli bitkilərin ona məxsus olduğunu etiraf edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəbiristanlıq sahəsində narkotik vasitə olan çətənə bitkilərini öz istifadəsi üçün əkdiyini, keçən müddət ərzində bir dəfə suvardığını etiraf etmişdir. Bunlardan başqa, təqsirləndirilən şəxsin məhkəmə kollegiyasında verdiyi ifadədən görünür ki, təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulan əməli etiraf edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini (CM-in 59.1.10-cu maddəsi), törətdiyi əmələ görə səmimi peşmançılıq hissi keçirdiyini bildirməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, habelə himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərlə yanaşı, təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın islah təsiri baxımından da qanuni və əsaslı olması qənaətinə gələn məhkəmə kollegiyası qeyd edir ki, cəzа təyin edilərkən törədilmiş cinаyətin xаrаkteri və ictimаi təhlükəlilik dərəcəsi, təqsirkаrın şəxsiyyəti, o cümlədən cəzаnı yüngülləşdirən və аğırlаşdırаn hаllаr, hаbelə təyin olunmuş cəzаnın şəxsin islаh olunmаsınа və onun аiləsinin həyаt şərаitinə təsiri nəzərə аlınır (CM-in 58.3-cü maddəsi). CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğu təmin etməlidir. CM-in 237.2.3-cü maddəsinə görə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyasının qənaətinə görə, iş üzrə cəzanı yüngülləşdirən bütün halların nəzərə alınaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında həmin əmələ görə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğu halda ona üç il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın islah təsiri baxımından da qаnuni, əsaslı və ədalətlidir. İşdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu ildən xx.xx.2019-cu ildək həbsdə saxlanılmış, ittiham hökmü çıxarılana qədər isə barəsində həbs qətimkan tədbiri olmuşdur. Ona görə də həmin müddət Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan çıxılmalı və ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkməsini və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə maddi sübut – Qəbələ Rayon Polis Şöbəsində saxlanılan yaş vəziyyətdə 15 kiloqram 735 qram olmuş, tədqiqatlardan sonra qalıq qalmış ümumi çəkisi 15 kiloqram 733,70 qram olan 26 (iyirmi altı) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, 03 (üç) ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisinin kökləri, 1.07 qram, 2805,00 qram, 320,00 qram, 105,00 qram cəmi təmiz çəkisi-3231,07 qram olmuş, tədqiqatlardan sonra sərf edilmiş hissə çıxıldıqda 3230,87 qram qalmış narkotik vasitə-qurudulmuş marixuana, on bir ədəd qablar əhəmiyyəti olmadığından məhv edilməlidir. İş üzrə cəmi 34,55manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. CPM-in 399.1 və 399.1.3-cü maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi apelyasiya şikayətinin və ya apelyasiya protestinin nəticələri üzrə həmin məhkəmənin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və CPM-in 42, 55, 350, 352-353, 399, 400, 401 və 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası H Ö K M E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs CM-in 188.1, 234.4.3 və 237.2.3-cü maddələri ilə məhkum edilməsinə dair X8 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs əməlində CM-in 188.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olmadığına görə ona bəraət verilsin. Təqsirləndirilən şəxs CPM-in 56 və 63-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınsın və ona izah edilsin. Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittiham CM-in 237.2.3-cü maddəsi ilə əhatə olunduğundan CM-in 234.4.3-cü maddəsi ona verilmiş ittihamdan çıxarılsın. Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib üç il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu ildən xx xxxxxxxx 2019-cu ilədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlandığı 3 gün ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti olaraq iki il on bir ay ay iyirmi yeddi gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı həbs olunduğu xx xxxxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. İş üzrə maddi sübut olan Qəbələ Rayon Polis Şöbəsində saxlanılan yaş vəziyyətdə 15 kiloqram 735 qram olmuş, tədqiqatlardan sonra qalıq qalmış ümumi çəkisi 15 kiloqram 733,70 qram olan iyirmi altı ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, üç ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisinin kökləri, 1.07 qram, 2805,00 qram, 320,00 qram, 105,00 qram cəmi təmiz çəkisi-3231,07 qram olmuş, tədqiqatlardan sonra sərf edilmiş hissə çıxıldıqda 3230,87 qram qalmış narkotik vasitə-qurudulmuş marixuana, on bir ədəd qab məhv edilsin. Təqsirləndirilən şəxs 34,55 AZN ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökm elan olunduğu andan qanuni qüvvəyə minir. Hökmdən CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-79/2020
Şəki Apellyasiya Məhkəməsi Hökm — İş №1(107)-79/2020
11.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver