Məhkəmə qərarları › İş №1(107)-82/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-82/2020

20.05.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-82/2020 20.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hаkimləri Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundаn ibаrət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas X8, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X11 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(075)-2/2020 nömrəli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (sədrlik edən hakim E.Mehdiyev) xx xxxxxx 2020-ci il tarixli hökmü ilə, xx xxxxxx 1967-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Şəki Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxxx 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında yaşayan və həmin ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmişhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 saxlanılan X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə CM-in 66.2-ci maddəsinə əsasən qismən toplanılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəzasının əvvəlinin xx xxxx 2019-cu il tarixdən hesablanması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə kimi qüvvəsində saxlanılması, narkoloji kabinetdə qeydiyyatda olmasının nəzərə alınması, iş üzrə maddi sübut olan Şəki şəhər-rayon Polis Şöbəsində saxlanılan 09 ədəd kağız bükümdə 0,215 qram çəkidə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi, iş üzrə 138 manat 20 qəpik məbləğində ekspertiza xərcinin hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməsi, iş üzrə maddi ziyanın, mülki iddianın olmamasının nəzərə alınması hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, məhkumluğu ödənilmədiyi və qanunla müvafiq qaydada götürülmədiyi halda qəsdən istintaqa məlum olmayan mənbədən, sаtış məqsədi оlmаdаn qаnunsuz оlаrаq şəxsi istehlаk miqdаrındаn аrtıq miqdаrdа nаrkоtik vаsitə hesаb edilən kustar üsulla hazırlanmış heroini qəsdən əldə etmə, sаxlаmа və dаşımа cinаyət əməlini törətmişdir. Belə ki, о, Şəki Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad olunmasına baxmayaraq, məhkumluğu ödənilmədiyi və qanunla müvafiq qaydada götürülmədiyi halda qəsdən, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib özündə saxlayaraq daşımış, xx xxxxxx 2019-cu il tаrixdə sааt 13 rаdələrində Şəki ŞRPŞnin CABnin əməkdаşlаrı tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı ünvan 2 yaşadığı ünvanın yaxınlığında saxlanılaraq Şəki ŞRPŞ-nin inzibati binasına gətirilmiş, orada üstünə keçirilən şəxsi axtarış zamanı Kəmaləddin Bədəlovun əynindəki qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd kibrit qutusunun içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 0,037 qram, 0,048 qram, 0,033 qram, 0,049 qram, 0,040 qram, 0,047 qram, 0,038 qram, 0,048 qram və 0,055 qram olmaqla ümumi təmiz çəkiləri 0,395 qram olan kustаr üsullа hаzırlаnmış nаrkоtik vаsitə herоin aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(075)-2/2020 nömrəlii hökmündən Təqsirləndirilən şəxs apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən onun hüquq və azadlıqları kobud surətdə pozulmuş, ona cəza təyin edilərkən onun əvvəllər məhkum olduğu əsas gətirilərək barəsində qeyri-qanuni və ədalətsiz hökm çıxarılmışdır. İbtidai istintaq zamanı ona təzyiqlər göstərilmiş və onu sənədləri imzalamağı məcbur etmişlər. Müdafiəçilər isə onu müdafiə etmək əvəzinə onun ittiham olunmasında müstəntiqin tərəfində olmuşlar. Hesab edir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən qanunun pozulması ilə əldə edilmiş sübutlara istinad etmişdir. Odur ki, işə yenidən baxılmasını və barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X12 bildirdi ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi cinayət əməlini törətməsi işdə olan sübutlarla tam sübuta yetirilir. Ona görə də hökmün qanuni və əsaslı, təyin edilmiş cəzanın isə ədalətli olmasının nəzərə alınaraq apelyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(075)-2/2020 nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs müdafiəçisi X15 bildirdi ki, apelyasiya şikayətini müdafiə edir və qeyd edir ki, şəxs ibtidai istintaqın sonrakı mərhələlərində, birinci instansiya məhkəməsində şikayətlənməyə başlayır ki, əməliyyat axtarış fəaliyyətini həyata keçirən polis əməkdaşları ona qarşı qanunsuz hərəkətlər etmişlər və o cinayət törətmiş kimi göstərilərək məsuliyyətə cəlb edilmişdir. Həmin məsələ ilə əlaqədar prokurorluq tərəfindən araşdırma aparılmışdır. Təsirləndirilən şəxs bayaq bildirdi ki, nəyə görə polisin xeyrinə izahat vermişdir. Çünki həmin vaxt hədə və təzyiqlərlə üzləşmişdir. Hesab edir ki, toplanmış sübutlar CPM-in 125-ci maddəsinin tələblərinə cavab vermir. Ona görə də hökmün ləğv edilməsini və onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş edirik. Məhkəmə kollegiyasının iclasında son sözlə çıxış edən Təqsirləndirilən şəxs bildirdi ki, ona bəraət lazım da deyil. Heç olmasa residivə görə cəzanın təyin edilməsi ila bağlı cinayət məcəlləsinin müvafiq normasını tətbiq edərək ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etdi Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin və müdafiəçisinin apelyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının apelyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(075)-2/2020 nömrəlii hökmü ona münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs ifadəsində bildirdi ki, o sözü gedən cinayət əməlini törətməmişdir. Onun təqsirsizliyini sübut edəcək sübutlar mövcud olmuşdur. Onlardan biri polislərin onu evdən zorla aparmalarlının kamera görüntüləridir ki, qonşusunun kamerası onu çəkmişdir. Polislər onu küçədən apardıqlarını qeyd etsələr də, onun evdən aparılması kamera görüntülərində vardır. Lakin, həmin sübutlar artıq yoxa çıxarılmışdır. Onun zorla evdən aparılan zaman qonşunun gəlinin onu görmüşdür. O, həmin vaxt gəlinə qorxmamasını bildirmişdir. Ona kinolardakı kimi işgəncə vermişlər. Sağ əli hələdə işləmir. Bundan başqa ekspertin rəyi saxtadır. Onu əslində istintaq müddəti bitdikdan sonra ona nəzarəti pentensiar müəssisə etməli idi. Lakin, ona nəzarəti polislər etmiş, onu ekspertizaya aparan zaman ekspert polislərin dediyini etmişdir. Ekspert ona əlində olan problemin siqaret çəkməsindən yarandığını bildirmişdir. Başına gələnlər haqsızlıq və ədadlətsizlikdir. Başına gələnləri sübut edə bilmir. Suallar cavab olaraq isə bildirdi ki, onu evdən aparan polislərdən biri Rasim adlı polis olmuşdur. Onun üzərindən çıxan narkotik onun olmamışdır. Həmin narkotik vasitə polisə aid olmuşdur. O, narkotik vasitənin onun olması barədə izahatını təzyiq altında vermişdir. Qonşunun gəlini onu görmüşdür. Lakin, o iki ilə görə kiminsə gəlinin gəlib məhkəmədə ifadə verməsinə razı ola bilməz. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Bəzi vaxtlar fərdi qaydada fəhləliklə məşğul olaraq gəlir əldə edir. O, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir və əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. xx xxxxxx 2019-cu il tarixdə də evdə yatdığı zaman 3- 4 nəfər polis əməkdaşı gələrək onu yatdığı yerdən oyadıb yaşadığı evin həyətinə düşürtmüşlər və oradan da Şəki şəhər-rayon polis Şöbəsinə gətirmişlər. Polis şöbəsinə gətirildikdən sonra ona fiziki təzyiq göstərilmiş və bundan sonra vəkilin, polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı o, əynindəki idman şalvarının cibindən bir ədəd kibrit qutusunu çıxararaq masanın üzərinə qoymuşdur. Əslində həmin kibrit qutusu da polis şöbəsinə gətirildikdən sonra hansısa polis əməkdaşı tərəfindən cibinə qoyulmuşdur. Videoçəkilişlə şəxsi axtarış zamanı təhqiqatçı ondan həmin kibrit qutusunun içərisində nə olduğunu soruşduqda o, cavabında narkotik vasitə olan kokos olduğunu, zibillikdən tapdığını, özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Sonra kibrit qutusu və onun içərisindəki bükülülər açılmış, içərisinə baxış keçirilmiş, daha sonra tərəzidə çəkilmiş, sonra zərfə qoyularaq möhürlənmişdir. Bundan sonra təhqiqatçı bu barədə protokol tərtib etmiş, protokol ucadan oxunmuş, o, həm zərfin üzərini həm də protokolu imzalamışdır. Əslində isə üzərindən aşkar edilmiş kibrit qutusundakı narkotik vasitələr ona məxsus olmamışdır. Evindən tutulub polis şöbəsinə gətirilərkən nə evində, nə də ki, yolda polis əməkdaşları tərəfindən ona qarşı təzyiq göstərilməmişdir. Polis şöbəsində üzərində şəxsi axtarış aparılmasından əvvəl polis əməkdaşları tərəfindən ona qarşı təzyiq göstərilməsi barədə heç bir dövlət orqanına şikayəti olmamışdır. Vəkilinin müraciəti ilə əlaqədar Şəki rayon prokurorluğunda araşdırma aparılarkən Şəki Rayon Prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X9 izahat verəkən ona heç bir təzyiq-təsir göstərilməmiş, sərbəst izahat vermiş, ilkin olaraq verdiyi izahatında polis əməkdaşları tərəfindən ona heç bir təzyiq, təsir göstərilmədiyini bildirmişdir. Həmçinin şübhəli şəxs qismində tutulub şəxsi axtarış aparılmasından sonrakı mərhələlərdə yəni təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra ibtidai istintaqın sonrakı mərhələlərində üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olması barədə ifadə verəkən, ifadəsi yerində yoxlanılarkən ona qarşı heç bir təzyiq göstərilməsə də polis əməkdaşlarından çəkindiyindən qeyd edilən məzmunda ifadə vermişdir. Ona qarşı irəli sürülmüş ittihamı əsaslı hesab etmir və barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Hazırda öyrənilən işdən bəlli olur ki, təqsirləndireilən şəxs və müdafiəçisi hər hansı yeni bir sübutun tədqiq edilməsini istəmirlər, həmçinin məhkəmə kollegiyası da buna zəruriət görmür, eləcədə apellyasiya şikayətinin əsas dəlili isə ibtidai istintaq zamanı vermis olduğu ifadələrin təzyiq altında alınması ilə bağlı olmuşdur. İşə yenidən baxan apelyasiya instansiya məhkəməsi aşağıda tədqiq edilən sübutlara görə təqsirləndirilən şəxsin həm birinci, həm də apelyasiya məhkəməsinin iclasında verdiyi ifadələri qeyri səmimi və uyğun olaraq apelyasiya şikayətinin dəlillərini əsaslı saymır. Çünki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bilərək həmin əməli törətdiyini etiraf etmişdir. Həmçinin, o birinci instansiya məhkəməsininm iclasında da ziddiyyətli ifadələr verərək, qeyd etmişdir ki, o “Şəxsi axtarış zamanı o, əynindəki idman şalvarının cibindən bir ədəd kibrit qutusunu çıxararaq masanın üzərinə qoymuşdur. Əslində həmin kibrit qutusu da polis şöbəsinə gətirildikdən sonra hansısa polis əməkdaşı tərəfindən cibinə qoyulmuşdur. Videoçəkilişlə şəxsi axtarış zamanı təhqiqatçı ondan həmin kibrit qutusunun içərisində nə olduğunu soruşduqda o, cavabında narkotik vasitə olan kokos olduğunu, zibillikdən tapdığını, özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir” kimi ifadə vermişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs verdiyi ifadəsində gah narkotik vasitənin polislər tərəfindən cibinə qoyulduğunu, gah da zibillikdən tapdığını, özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Digər tərəfdən, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin iclasında “Evindən tutulub polis şöbəsinə gətirilərkən nə evində, nə də ki, yolda polis əməkdaşları tərəfindən ona qarşı təzyiq göstərilməmişdir. Polis şöbəsində üzərində şəxsi axtarış aparılmasından əvvəl polis əməkdaşları tərəfindən ona qarşı təzyiq göstərilməsi barədə heç bir dövlət orqanına şikayəti olmamışdır. Vəkilinin müraciəti ilə əlaqədar Şəki rayon prokurorluğunda araşdırma aparılarkən Şəki Rayon Prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X9 izahat verəkən ona heç bir təzyiq-təsir göstərilməmiş, sərbəst izahat vermiş, ilkin olaraq verdiyi izahatında polis əməkdaşları tərəfindən ona heç bir təzyiq, təsir göstərilmədiyini bildirmişdir. Həmçinin şübhəli şəxs qismində tutulub şəxsi axtarış aparılmasından sonrakı mərhələlərdə yəni təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra ibtidai istintaqın sonrakı mərhələlərində üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olması barədə ifadə verəkən, ifadəsi yerində yoxlanılarkən ona qarşı heç bir təzyiq göstərilməsə də polis əməkdaşlarından çəkindiyindən qeyd edilən məzmunda ifadə vermişdir” Bu baxımdan, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin həm birinci instansiya məhkəməsində, həm də hazırkı məhkəmə kollegiyasının iclasında özünü təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsini qeyri səmimi qəbul etməklə inandırıcı bilmir. Məhkəmə kollegiyasının gəldiyi bu qənaət həm də aşağıdakı sübutlardan irəli gəlir. Belə ki, məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid2 birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsində göstərmişdir ki, Şəki ŞRPŞ-nin CAB-də əməliyyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxx 2019-cu il tarixdə Şəki şəhərində yaşayan Kamaləddin adlı şəxsin narkotik vasitə əldə etməsi, saxlaması, daşıması və narkotik vasitənin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı Şahid1, Şəki ŞRPŞ-nin İTB-nin polis nəfəri, polis serjantı Şahid3, Şəki ŞRPŞ-nin İTB-nin polis nəfəri, polis serjantı Şahid4 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra Kamaləddin adlı şəxsin Şəki şəhəri, Güləhli küçəsi ev 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və xx.xx.2019-cu il tarixdə Şəki şəhəri, Güləhli küçəsi ev 4 ünvanının qarşısında gəlmişlər. Həmin gün saat təxminən 13 radələrində Şəki şəhəri, Güləhli küçəsi ev 4 ünvanının qarşısında Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib, polis əməkdaşı olmalarını, onun narkotik vasitə əldə etməsi, saxlaması, daşıması və satışı ilə məşğul olması barədə onlarda əməliyyat məlumatının olduğunu bildirərək Kamaləddini polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs üstündə təhqiqatçı Natiq Əzimov tərəfindən əkilinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs əvvəlcə üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da üzərində olan qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd kibrit qutusunu çıxararaq stolun üzərinə qoymuşdur. Sonra təhqiqatçı tərəfindən Kamaləddinin üzərində şəxsi axtarış aparılmışdır. Lakin Təqsirləndirilən şəxs üzərində digər heç bir əşya aşkar edilməmişdir. Sonra təhqiqatçı tərəfindən Kamaləddinə üzərindən aşkar edilmiş əşyanı təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs da stolun üstünə qoyduğu bir ədəd kibrit qutusunun içərisində narkotik vasitə kakos olduğunu, Şəki şəhər ərazisindən zibillikdən tapdığını və özü istifadə etməsi məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən kibrit qutusu və qutunun içərisindəki 9 ədəd bükülülər açılmış, 9 ədəd bükülünün hər birinin içərisində narkotik vasitəyə bənzər qəhvəyi rəngli kütlənin olması aşkar edilmişdir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş hər birinin içərisində qəhvəyi rəngli kütlələr olan 9 ədəd bükülülər elektron tərəzidən istifadə edilməklə çəkilmiş, zərfə qoyularaq qablaşdırılmış, möhürlənmişdir. Daha sonra protokol tərtib edilmiş, protokol ucadan oxunmuş və bütün iştirakçılar həmin protokolu imzalamışlar. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilərkən və polis şöbəsində Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq, təsir göstərilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs evindən deyil, evinin yaxınlığındakı yoldan aşkar edilərək polis şöbəsinə dəvət edilmişdir. Şahidlər Şahid1, Şahid3 və Şahid4 Şahid2 verdiyi ifadə ilə eyni məzmunlu ifadələr verərək birinci instansiya məhkəməsinin iclasında onun göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişlər. Həmçinin, məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmişşahid X14 birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, Şəki şəhər-rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı vəzifəsində işləyir. 2019-cu ilin avqust ayının 19-da işdə olduğu zaman Şəki ŞRPŞ-nin əməkdaşlarının saxlayaraq Şəki ŞRPŞ-nə dəvət etdikləri Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparılmasına dair raportun icrası ona həvalə edilmişdir. O da vəkilin, digər polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparmışdır. O, əvvəlcə Kamaləddinə üzərində olan əşyaları təqdim etməsini təklif etmiş, Kamaləddin də bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmiş və içərisində narkotik vasitə olduğunu bildirmişdir. Kamaləddini polis şöbəsinə gətirən şəxslərin arasında Şahid1 olmasını xatırlayır. Digər polis əməkdaşlarının isə kimlərdən ibarət olması hazırda yadında qalmamışdır. Həmçinin üzərinə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs tam sərbəst şəkildə fikirlərini ifadə etmiş, şəxsi axtarış aparılmamışdan, aparılarkən və sonradan Təqsirləndirilən şəxs Şəki şəhər-rayon Polis Şöbəsində heç bir təzyiq və təsir göstərilməmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmişşahid X13 birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, Şəki ŞRPŞnin İTB-nin rəisi vəzifəsində xidmət aparır. Təqsirləndirilən şəxs Şəki şəhəri ərazisində narkotik vasitələri əldə etməsi, istehlak etməsi və satışı ilə məşğul olması barədə Şəki şəhər-rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında Təqsirləndirilən şəxs Şəki ŞRPŞ-nə dəvət edilmişdir. O, özü şəxsən Kamaləddinin Şəki ŞRPŞ-nə gətirilməsində iştirak etməmişdir. Lakin, Kamaləddin Şəki ŞRPŞ-nə gətirildikdən sonra onu polis şöbəsində kənardan görmüşdür. Şəki ŞRPŞ-nə gətirildikdən sonra polis şöbəsində Təqsirləndirilən şəxs onun tərəfindən, həmçinin digər polis əməkdaşları tərəfindən heç bir təzyiq-təsir göstərilməmişdir. O, həmçinin Kamaləddinin üzərinə şəxsi axtarış aparılmasında da iştirak etməmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş şahid X10 birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, Şəki ŞRPŞnin İB-nin müstəntiqi vəzifəsində xidmət aparır. Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təhqiqatçı tərəfindən ilkin istintaq hərəkətləri həyata keçirildikdən sonra cinayət işi onun icraatına verilmişdir. Cinayət işi onun icraatına daxil olduqdan sonra zəruri istintaq hərəkətlərini həyata keçirtmiş, həmçinin Təqsirləndirilən şəxs iki dəfə təqsirləndirilən şəxs qismində dindirmiş və onun ifadəsini yerində yoxlamışdır. Hər iki dindirmə və ifadəsinin yerində yoxlanılması Kamaləddinin müdafiəçisinin iştirakı ilə həyata keçirilmişdir. Həm ifadələrində həm də ifadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs bir kibrit qutusunda 9 bükümdən ibarət narkotik vasitə olan heroini Şəki şəhərində zibilikdən tapdığını göstərmişdir. İfadələri alınarkən və ifadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs heç bir təzyiq, təsir göstərilməmiş və o, müdafiəçisinin iştirakı ilə sərbəst şəkildə ifadəsini vermişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid Əlibəyli Cəfər Adıgözəl oğlu məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, o, X3 Tibb Sanitar hissəsində həkim vəzifəsində işləyir. Təqsirləndirilən şəxslər və məhkumlar X5 daxil olduqda mütləq tibbi müayinəyə məruz qalırlar. xx xxxxxx 2019-cu il tarixdə də o, işdə olduğu zaman X5 daxil olmuş Təqsirləndirilən şəxs tibbi müayinəsi onun tərəfindən həyata keçirilmişdir. Müayinə zamanı Təqsirləndirilən şəxs hər iki aşağı ətraflarında narkomaniya ilə bağlı iynə vurulmasından yaranmağa xarakterik köhnə yara izləri aşkar olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs müəssisəyə daxil olarkən bədənində narkotik vasitə asılılığından yaranan ağrılarının olmasını bildirmişdir. O, həmin vaxt Təqsirləndirilən şəxs bədən səthini tam şəkildə müayinə etmiş, lakin Təqsirləndirilən şəxs bədəni üzərində yeni yaranmaya xarakterik heç bir xəsarət aşkar edilməmişdir. O, özü də təkrarən Kamaləddindən saxlanılarkən polisdə döyülmə və sair təzyiqə məruz qalıb-qalmamasını soruşmuş, lakin Kamaləddin cavabında saxlanılarkən polisdə heç bir döyülmə və sair təzyiqə məruz qalmadığını və səhhətindən heç bir şikayətinin olmadığını demişdir. Cinayət işinin birinci cildinin 44-51-ci vərəqələrində olan məhkəmə istintaqında elan edilməklə tədqiq olunan şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə xx xxxxxx 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, qeyd olunan tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sol yan cibindən içərisində 09 ədəd kağız bükülü olan bir ədəd kibrit qutusunu könüllü olaraq təqdim etmiş, kibrit qutusu və onun içərisindəki bükülülər açılaraq baxış keçirilmiş, orada narkotik vasitəyə bənzər qəhvəyi rəngli kütlənin olması aşkar edilmiş, sonra qablaşdırılaraq möhürlənib, götürülmüşdür. Cinayət işinin birinci cildinin 60-cı vərəqəsində olan məhkəmə istintaqında elan edilməklə tədqiq olunan xx.xx.2019-cu il tarixli, 481 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş....» sözləri və imzalar yazılmış zərfin içərisindəki 09 (doqquz) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,037 qram, 0,048 qram, 0,033 qram, 0,049 qram, 0,040 qram, 0,047 qram, 0,038 qram, 0,048 qram, və 0,055 qram, ümumi təmiz çəkiləri-0,395 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata 0,09 qram istifadə olunduqdan sonra qalıq 0,305 qramdır. Cinayət işinin birinci cildinin 63-cü vərəqəsində olan məhkəmə istintaqında elan edilməklə tədqiq olunan Şəki MRX Narkologiya Şöbəsinin xx xxxxxx 2019-cu il tarixli, 293 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2008-ci il tarixdən həmin şöbədə qeydiyyatdadır. Cinayət işinin birinci cildinin 102-104-cü vərəqələrində olan məhkəmə istintaqında elan edilmiş Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 4(075)-39/2019 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla xx xxxxxx 2019- cu il tarixədək həbs qətimkan tədbiri seçilmiş, eyni zamanda həmin məhkəmə iclasında təqsirini səmimi olaraq etiraf edərək, ona hər hansı bir fiziki təzyiq göstərilməsi ilə bağlı məlumat verməmişdir. Cinayət işinin birinci cildinin 150-ci vərəqəsində olan məhkəmə istintaqında elan edilməklə tədqiq olunan Şəki şəhər İcra Hakimiyyəti “Yuxarıbaş” məhəllə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Cinayət işinin birinci cildinin 160-cı vərəqəsində olan məhkəmə istintaqında elan edilməklə tədqiq olunan xx.xx.2019-cu il tarixli, 514 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş....» sözləri və imzalar yazılmış zərfin içərisindəki 09 (doqquz) ədəd kağız bükümlərdə, ümumi təmiz çəkiləri 0,305 qram olan heroinlər tərkiblərinə görə eynidirlər. Tədqiqata 0,09 qram istifadə olunduqdan sonra qalıq 0,215 qramdır. Cinayət işinin 1 birinci cildinin 61-163-cü vərəqələrində olan məhkəmə istintaqında elan edilməklə tədqiq olunan məhkəmə-psixatrik ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 476 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O halhazırdada heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıılıq və sair xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1ci və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Cinayət işinin birinci cildinin 164-cü vərəqəsində olan məhkəmə istintaqında elan edilməklə tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli, 653 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğu üçün narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin birinci cildinin 165-166-cı vərəqələrində olan məhkəmə istintaqında elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən xx xxxxxxxx 2019-cu il tarixdə verilmiş tələbnamədən və cinayət işində olan Şəki Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxxx 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmişdir. Cinayət işinin birinci cildinin 171-175-ci vərəqələrində olan məhkəmə istintaqında elan edilmiş Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəza müddətinin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablanmışdır. Cinayət işinin birinci cildinin 191-192-ci vərəqələrində olan məhkəmə istintaqında elan edilməklə tədqiq olunan Şəki Rayon Prokurorluğunun xx xxxxxxxx 2019-cu il tarixli 303c-19 nömrəli material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisinin Kəmaləddin Bədəlovla konfidensial ünsiyyət zamanı xx xxxxxx 2019-cu il tarixdə Şəki ŞRPŞ-nə gətirildikdən sonra tanımadığı polis əməkdaşları tərəfindən təhqir olunması və zor tətbiq edilməsini bildirməsi əsasında araşdırma aparılmışdır. Bununla əlaqədar izahatı alınmış Təqsirləndirilən şəxs Şəki rayon prokurorluğuna verdiyi izahatında xx xxxxxx 2019-cu il tarixdə Şəki ŞRPŞ-nə gətirildiyini, çəkilişlə üzərinə baxış keçirildiyini, üzərində narkotik vasitə aşkar olunduğuna görə barəsində CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaqın aparıldığını, əsəbi olduğundan vəkilinə polis əməkdaşları tərəfindən təhqirə və zora məruz qalmasını bildirdiyini, ona qarşı heç bir təhqirin və zorun olmadığını, barəsində cinayət işi aparıldığından əsəbiləşib vəkilinə yalan məlumat verdiyini, tutulduğu gün Şəki ŞRPŞ-nin MSY-nə aparıldığını, orada ona qarşı heç bir zor, təhqir və ya digər hər hansı bir qanunsuz əməlin törədilmədiyini, istintaq müddətində ona qarşı hər hansı bir şəxs tərəfindən hər hansı bir qanunsuz əməlin törədilmədiyini, əsəbi olduğundan ona qarşı qanunsuz əməl törədildiyini vəkilinə bildirdiyini, MSY-nə gətirildikdə bədənində olan ağrıların narkotik vasitələrdən asılılıq səbəbindən yarandığını, həmin ağrıların yaranmasında polis əməkdaşlarının heç bir təqsirinin olmadığını göstərmişdir. Aparılmış araşdırma nəticəsində Təqsirləndirilən şəxs tanımadığı polis əməkdaşları tərəfindən təhqir olunması və zor tətbiq edilməsi müəyyən edilmədiyindən toplanmış 303c-19 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Cinayət işində olan məhkəmə istintaqında elan edilməklə tədqiq olunan məhkəmə tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 650 nömrəli rəyindən görünür ki, 1967-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası və mütəxəssis müayinələrində 19-xx xxxxxx 2019-cu il tarixə uyğun hər hansı bir travmatik zədə və yaxud xəsarət aşkar edilməmişdir, belə ki, Şəki ŞRPŞ-nin MSY-də və Şəki PM-nin tibb məntəqəsində ilkin həkim müayinələrində travmatik zədə barədə qeydlər tibbi sənədlərdə öz əksini tapmamışdır. Təqsirləndirilən şəxs adına tərib edilmiş məhkumun tibbi kartasında xx.xx.2019-cu il tarixində aparılan həkim müayinələrinin qeydlərinə əsasən müəyyən edilmiş yuxarı ətraf pəncəsinin xroniki ağrı sindromu hər hansı bir travmatik zədələnmə ilə əlaqədar olmadığından məhkəmə-tibbi ekspertizada xəsarət kimi qiymətləndirilmir. Cinayət işində olan məhkəmə istintaqında elan edilməklə tədqiq olunan Şəki Rayon Prokurorluğunun xx xxxxxx 2020-ci il tarixli 47c-20 nömrəli material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutularkən polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq edilməsi və digər qanunsuz əməllərə məruz qalması öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Bundan əlavə öyrənilən işdən bəlli olur ki, Təqsirləndirilən şəxs şikayətində ona təzyiqlər edildiyini qeyd etsə də birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Penitensiar Müəssisəsinin əməkdaşı, həmin müəssisənin Tibb Sanitar hissəsində həkim vəzifəsində işləyən Əlibəyli Cəfər Adıgözəl oğlu şahid qismində verdiyi ifadəsində Kamaləddindən saxlanılarkən polisdə döyülmə və sair təzyiqə məruz qalıbqalmamasını soruşmuş, lakin Kamaləddin cavabında saxlanılarkən polisdə heç bir döyülmə və sair təzyiqə məruz qalmadığını və səhhətindən heç bir şikayətinin olmadığını dediyini bildirmişdir. Bundan başqa məhkəmə kollegiyası onu qeyd etməyi zəruri bilir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxxx 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmişdir. Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinаyət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tаm və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, düzgün olaraq bu nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyi və qаnunlа müəyyən edilmiş qаydаdа götürülmədiyi hаldа istintаqа məlum оlmаyаn mənbədən, sаtış məqsədi оlmаdаn, qаnunsuz оlаrаq qəsdən şəxsi istehlаk miqdаrındаn аrtıq miqdаrdа kustar üsulla hazırlanmış heroinəldə etmə, sаxlаmа və dаşımа cinаyət əməlini törətmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş Şəki MRX Narkologiya Şöbəsinin xx xxxxxx 2019-cu il tarixli, 293 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2008-ci il tarixdən həmin şöbədə qeydiyyatdadır. Buna görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin sadalnan dəlilləri ilə razılaşmır. Çünki, məhkəmə kollegiyasının fikrincə Təqsirləndirilən şəxs bu xüsuatlarla bağlı verdiyi ifadələr, eləcədə bununla bağlı apelyasiya şikayətində gösərdiyi dəlillər obyektiv gerçəkliyi əks etdirmədiyindən inandırıcı qəbul edilməməli, uyğun olaraq bununla bağlı apelyasiya şikayətlərinin dəlilləri də əsaslı hesab olunmamalıdır. Həmçinin, təqsirləndirilən şəxs faktiki olaraq üzərindən narkotik vasitə olan heroinin çıxdığını inkar etməmiş, onun fikrinə görə ehtimal edir ki, bu narkotik vasitə polislər tərəfindən onun cibinə qoyulmuşdur. Göründüyü kimi, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla təqsirləndirilən şəxsin məlum cinayət əməlini törətməsi heç bir şübhə və ehtimal olmadan təsdiq edilir. Həmin sübutlar yuxarıda ətraflı təsvir edilərək şərh edildiyindən, məhkəmə kollegiyası bu sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. CPM-in 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyasının fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin CM-in 234.1-ci maddəsi ilə cinayət törətdiyini deməyə kifayət qədər əsas verir. Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əməlinin CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Öyrənilən işdən aydın olur ki, təqsirləndirilən şəxs həmçinin birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı ədalətli hesab etməyərək, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Lakin, məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini əsaslı saymır. Çünki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin ictimai təhlükəli xarakterini, eyni əməli təkrar törətməsini, məhkumluğunun ödənilməməsini və götürülməməsini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-in58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini,təqsirləndirilən şəxsinşəxsiyyətini,cəzanı yüngülləşdirən və ağırlaşdıran halları,habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə, (CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur) qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollgegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən cəzadan da yüngül cəzanın təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühavizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Digər tərəfdən işdə olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Xalq Məhkəməsinin xx xxxxxx 1995-ci il tarixli hökmü ilə CM-in 227-ci maddəsinin 1-ci hissəsi ilə (köhnə redaksiyada) təqsirli bilinib, 1 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının sonu ilə azad edilmiş, həmin Məhkəmənin xx xxxxx 1999-cu il tarixli hökmü ilə CM-in 226-1, 227-ci maddələri ilə təqsirli bilinib, 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının sonu ilə azad edilmiş, Şəki Rayon Məhkəməsinin xx xxxxx 2008-ci il tarixli hökmü ilə CM-in 234.1ci maddəsi ilə təqsirli bilinib 1 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının sonu ilə azad edilmiş, həmin məhkəmənin xx xxxx 2017-ci il tarixli hökmü ilə CM-in 234.1-ci və 93.1.4-cü maddələri ilə təqsirli bilinib 1 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs dəfələrlə məhkum edilməsinə baxmayaraq, islah olunmamış, məhkumluğu ödənilmədiyi halda yenidən qəsdən cinayət törətmiş və onun əməlində cinayətlərin residivi mövcud olmuşdur. CM-in 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 61.1.1-ci maddəsinə əsasən isə, cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Residivə görə cəzanın təyin edilməsindən bəhs edən CM-in 65.1-ci maddəsinin göstərişinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Konstitusiya Məhkəməsinin Plenumu cinayətlərin residivinin təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal olduğunu qeyd etməklə bir sıra qərarlarında vurğulamışdır ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, xüsusilə onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır cəza tədbirlərinin tətbiqini nəzərdə tutur (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərar). Məhkəmə kollegiyası həm də gəldiyi qənaətdə ona görə israrlıdır ki, narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş bu qəbilədən olan cinayətləri törətmiş təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının kifayət qədər əsaslar olmadan yüngülləşdirilməsini əsaslı və ədalətli hesab etmək olmaz. Belə olan halda, məhkəmə kollegiyası Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(075)-2/2020 nömrəli məlum hökmünün qanunsuz, əsassız və ədalətsiz olması barədə apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, Təqsirləndirilən şəxsna CM-in 234.1-ci maddəsiilə təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(075)-2/2020 nömrəli hökmü ona münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs apelyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(075)-2/2020 nömrəli hökmü Təqsirləndirilən şəxs münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar