Məhkəmə qərarları › İş №1(107)-84/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-84/2020

30.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-84/2020 30.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hаkimləri Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundаn ibаrət tərkibdə, Məhkəmə iclas katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsiləndirilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (sədrlik edən hakim H.Mirzəliyev) xx xxxxxx 2020ci il tarixli hökmü ilə, xx xxxxxx 1988-ci ildə Tərtər rayonu Bildirçinli kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Yevlax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 221.3 və 127.2.3-cü maddələri ilə təqsirli bilinərək, 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 70-ci maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti müəyyən edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək, 11 ay 28 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmişdir, Yevlax rayonu Hürüşağı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki PenitensiarMüəssisəsində saxlanılanTəqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilətəqsirlibilinib1(bir) il 6 (altı) ay müddətinə müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, CM-in 66.2 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası hazırki hökm üzrə təyin edilmiş yeni cəza ilə qismən birləşdirilərək üzərində qəti olaraq 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək Yevlax rayon MSY-da saxlandığı 2 gün və xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə saxlandığı cəmi 29 gün CM-nin 68.1 və 69.3-cü maddəsinə əsasən 1 gün azadlıqdan məhrum etmə cəzası 2 gün azadlığın məhdudlaşdırılması cəzası ilə bərabər tutulmaqla (1 ay 28 gün azadlığın məhdudlaşdırılması) ona təyin edilmiş 2 il azadlığın məhdudlaşlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 il 10 ay 2 gün azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Təqsirləndirilən şəxs Yevlax rayon məhkəməsinin xx xxxxxx 2018ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 2 il 8 ay 24 gün müddətində azadlıqdan məhrum etmə cəzası və CM-in 70-ci maddəsinə əsasən təyin edilmiş 2 il sınaq müddəti cəzası müstəqil icra edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclası zalında dərhal həbsdən azad edilməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcının Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxsCM-in 306.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, xx xxxxxx 2006-cı il tarixdə anadan olmuş İbrahimin yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəsini aldığı gündən etibarən hər ay 100 (bir yüz) manat məbləğində sabit aliment pulun Zərərçəkmiş şəxs ödənilməsinə dair Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(039)-3348/2017 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs edilməsinə və ona icra sənədindəki tələbi icra etməsi üçün yeni müddət təyin olunmasına, həmçinin ona məsuliyyəti barədə xx xxxx 2018-ci il, xx xxxxxx 2019-cu il, xx xxxxx 2019-cu il, xx xxx 2019-cu il və xx xxx 2019-cu il tarixlərində rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, hərəkətlərindən nəticə çıxarmamış, cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni xx xxxxxx 2019-cu il tarixədək şəxsi maraqları naminə cəmi 2100 (iki min bir yüz) manat məbləğində aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(051)-12/2020 nömrəli hökmündən Dövlət ittihamçısı apelyasiya protesti vermişdir. Apelyasiya protestinin və prosses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı apelyasiya protestini onunla əsaslandırmışdır ki, Məhkəmənin hökmü ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2006-cı il tarixdə anadan olmuş İbrahimin yetkinlik yaşma çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəsini aldığı gündən etibarən hər ay 100 (bir yüz) manat məbləğində sabit aliment pulun Zərərçəkmiş şəxs qızma ödənilməsinə dair Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2017ci il tarixli, 2(039)- 3348/2017 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs edilməsinə və ona icra sənədindəki tələbi icra etməsi üçün yeni müddət təyin olunmasına, həmçinin ona məsuliyyəti barədə xx xxxx 2018-ci il, xx xxxxxx 2019-cu il, xx xxxxx 2019-cu il, xx xxx 2019-cu il və xx xxx 2019-cu il tarixlərində rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, hərəkətlərindən nəticə çıxarmamış, cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni xx xxxxxx 2019cu il tarixədək şəxsi maraqları naminə cəmi 2100 (iki min bir yüz) manat məbləğində aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Aşağıdakı əsaslara görə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əməlində cinayətin residivi müəyyən edilməklə hökmlərin məcmusu üzrə ona cəza təyin edilməlidir. Belə ki, CM-in 5.1-ci maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. CPM-in 346.1.11 -ci maddəsinə görə təqsirləndirilən şəxsə məhz hansı cəzanın təyin edilməsi, o cümlədən cinayətlərin residivi hökmlərin məcmusu üzrə cəza təyini məsələləri məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilməlidir. Həmin Məcəllənin 353.2.7-ci maddəsinə görə bu Məcəllənin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş məsələlərin həlli zamanı məhkəmənin gəldiyi nəticələrin motivləri məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. İşin hallarından görünür ki, Əliyev X7 Rayon Məhkəməsinin x xxxxxx 2018-ci il tarixli hökmü ilə CM-in 221.3 və 127.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-in 66.2-ci maddəsinə əsasən 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 70-ci maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti təyin edilməklə həmin cəza şərti hesab edilmişdir. Bundan başqa, Əliyev X3 Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmünə əsasən CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs alimenti ödəmədiyinə görə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 gün müddətinə həbs edilməsinə və ona icra sənədindəki tələbi icra etməsi üçün yeni müddət təyin oiunmasına, həmçinin ona məsuliyyəti barədə xx xxxx 2018-ci il, xx xxxxxx 2019-cu il. xx xxxxx 2019-cu il, xx xxx 2019-cu il və xx xxx 2019cu il tarixlərində rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, hərəkətlərindən nəticə çıxarmamış, cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni xx xxxxxx 2019-cu il tarixədək şəxsi maraqları naminə cəmi 2100 manat məbləğində aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə olan halda Təqsirləndirilən şəxs yuxarıda göstərilənlərə əsasən hal-hazırkı CMin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli onun barəsində Yevlax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmləri çıxarıldıqdan sonra başa çatmışdır və bu səbəbdən də ona cinayətlərin məcmusu üzrə deyil məhz hökmlərin məcmusu üzrə cəza təyin edilməli idi. Odur ki, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü, onun hərəkətlərində cinayətlərin residivi müəyyən edilməklə ona cinayət qanununun müddəalarına uyğun və hökmlərin məcmusu üzrə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas X8 apelyasiya protestinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün təqsirləndirilən şəxsin hərəkətlərində cinayətlərin residivi müəyyən edilməklə ona cinayət qanununun müddəalarına uyğun və hökmlərin məcmusu üzrə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında apelyasiya protestinin dəlilləri ilə bağlı çıxış edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 apelyasiya protestinin təmin edilməməsinixahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya protestinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya protestinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1 və 398.1.4-cü maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. CPM-in 399.1 və 399.1.4. cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apelyasiya protestinin və ya apelyasiya protestinin nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası apelyasiya protestinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, dövlət ittihamçısının apelyasiya protestinin təmin edilməsi, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin apelyasiya protestinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(051)-12/2020 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilməlidir. Belə ki, apelyasiya protestində Təqsirləndirilən şəxs CM-in 306.1-cimaddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi mübahisələndirilməsə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, Təqsirləndirilən şəxs əməlini CM-in 306.1-cimaddəsi ilə düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin cinayət əməlinin CM-in 306.1-ci maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hazırda araşdırılan işdən bəlli olur ki, dövlət ittihamçısı birinci instansiya məhkəməsinin hökmünü ədalətli hesab etməyərək, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünü, onun hərəkətlərində cinayətlərin residivi müəyyən edilməklə ona cinayət qanununun müddəalarına uyğun və hökmlərin məcmusu üzrə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apelyasiya protestinin sadalanan dəlillərini əsaslı sayır. Belə ki, öyrənilən işdən aydın olur ki,Təqsirləndirilən şəxs xx xxxxxx 2006-cı il tarixdə anadan olmuş İbrahimin yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəsini aldığı gündən etibarən hər ay 100 (bir yüz) manat məbləğində sabit aliment pulun Zərərçəkmiş şəxs ödənilməsinə dair Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2017ci il tarixli, 2(039)-3348/2017 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarına əsasən İXM-in 528.1ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs edilməsinə və ona icra sənədindəki tələbi icra etməsi üçün yeni müddət təyin olunmasına, həmçinin ona məsuliyyəti barədə xx xxxx 2018-ci il, xx xxxxxx 2019-cu il, xx xxxxx 2019-cu il, xx xxx 2019-cu il və xx xxx 2019-cu il tarixlərində rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq hərəkətlərini davam etdirərək qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir.Bununla da təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasına laqeyd münasibət bəsləməklə bu qərarı icra etməmiş və Azərbaycan Respublikasının adından çıxarılmış və icrası bütün fiziki və hüquqi şəxslər üçün məcburi olan məhkəmə aktı icra edilməyərək kağız üzərində qalmışdır. Əslində bu cinayət əməlinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə bütövlükdə götürdükdə məhkəmə orqanlarını nüfüzdan salır və ən başlıcası, pozulmuş hüquqların bərpası təqsirkarın cəzalandırılması, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin çıxardığı başqa qərarlar yuxarıda qeyd edildiyi kimi kağız üzərində qalır. Bununla da, təqsirləndirilən şəxsməhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmiş olur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” xx xxxxxx 2001-ci il tarixli qanununun 12.1-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. “İcra haqqında” Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, borclu Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunur. Məhkəmə kollegiyası bu fikridədir ki, həm yuxarıda sadalanan hallar, həm də Təqsirləndirilən şəxs uzun müddət icra tədbirlərindən qərəzli surətdə yayınması (məhkəmə qətnaməsi xx xxxxxxx 2017-ci il tarixdə çıxıb) onun barəsində daha ciddi cəza tədbirinin tətbiqinə zərurət yaradır. İşdən bəlli olur ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxsCM-in 306.1-ci maddəsi ilətəqsirlibilib1(bir) il 6 (altı) ay müddətinə müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum etmiş, CM-in 66.2 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası hazırki hökm üzrə təyin edilmiş yeni cəza ilə qismən birləşdirilərək üzərində qəti olaraq 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlamış, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək Yevlax rayon MSY-da saxlandığı 2 gün və xx xxxxxx 2020ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə saxlandığı cəmi 29 gün CM-nin 68.1 və 69.3-cü maddəsinə əsasən 1 gün azadlıqdan məhrum etmə cəzası 2 gün azadlığın məhdudlaşdırılması cəzası ilə bərabər tutulmaqla (1 ay 28 gün azadlığın məhdudlaşdırılması) ona təyin edilmiş 2 il azadlığın məhdudlaşlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 il 10 ay 2 gün azadlığın məhdudlaşdırılması cəzası saxlamış, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 2 il 8 ay 24 gün müddətində azadlıqdan məhrum etmə cəzası və CM-in 70-ci maddəsinə əsasən təyin edilmiş 2 il sınaq müddəti cəzasının isə müstəqil icra edilməsinə qərar vermişdir. Lakin, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasının tətbiqi onun tərəfindən törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də onun şəxsiyyətinə uyğun deyildir. Belə ki, CM-in 5.1-ci maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. CPM-in 346.1.11-ci maddəsinə görə təqsirləndirilən şəxsə məhz hansı cəzanın təyin edilməsi, o cümlədən cinayətlərin residivi, hökmlərin məcmusu üzrə cəza təyini məsələləri məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilməlidir. Öyrənilən işin hallarından görünür ki, Əliyev X7 Rayon Məhkəməsinin x xxxxxx 2018ci il tarixli hökmü ilə CM-in 221.3 və 127.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 66.2-ci maddəsinə əsasən 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 70-ci maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti təyin edilməklə həmin cəza şərti hesab edilmişdir. Bundan başqa, Əliyev X3 Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmünə əsasən CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair x xxxxxxx 2012-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Hazırda qüvvədə olan cinayət qanununvericiliyinin tələbinə görə CM-in 306-cı maddəsi uzanan cinayətlərə aiddir. Hüquq ədəbiyyatında uzanan və davam edən cinayətlərin elmi anlayışına görə uzanan cinayət məlum dövr ərzində fasiləsiz olaraq törədilən müəyyən kriminal əməldir. Davam edən cinayət isə ümumi məqsədə yönələn, vahid niyyətlə əhatə olunan bir sıra eyni, yaxud da eyni növlü ictimai təhlükəli hərəkətlərdən ibarət bir əməldir. Göründüyü kimi, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş CM-in 306.1-ci maddəsi, yəni qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını icra etməmə uzanan cinayətdir. Məhkəmənin qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli icra etməmə məhkəmə və ya icra məmuru tərəfindən müvafiq şəxslərin həmin aktları müəyyən müddətə icra etmək vəzifəsi haqqında yazılı xəbərdarlıq edildiyi andan başlayır və bu aktların icra edildiyi, yaxud bu əməlin istintaq orqanları və ya buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən dayandırıldığı anda başa çatır. Məhkəmə aktının icra edilməsinə maneçilik törətmə məhkəmə qərarlarının icrasına yol verməməyə yönələn hərəkətin edildiyi andan başa çatmış hesab edilir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(039)-3348/2017 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarına əsasən İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs edilməsinə və ona icra sənədindəki tələbi icra etməsi üçün yeni müddət təyin olunmasına, həmçinin ona məsuliyyəti barədə xx xxxx 2018-ci il, xx xxxxxx 2019-cu il, xx xxxxx 2019-cu il, xx xxx 2019-cu il və xx xxx 2019-cu il tarixlərində rəsmi xəbərdarlıqlar edilmiş, icra məmuru tərəfindən xx.xx.2019-cu ildə cinayət məsuliyyətinə cəlb oluma haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat verilmiş, bundan sonra təqsirləndirilən şəxs barəsində xx xxxxxxxx 2019-cu ildə cinayət işinin başlanması və icrata qəbul edilməsi haqqında qərar çıxarılmışdır. Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə törətmiş olduğu cinayət əməli CMnin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. CM-in 18.1-ci maddəsində qeyd edilir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi hal-hazırkı CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli onun barəsində Yevlax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmləri çıxarıldıqdan sonra başa çatmış və onun əməlində cinayətlərin residivi mövcud olmuşdur. Bu səbəbdən də ona cinayətlərin məcmusu üzrə deyil, məhz hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. CM-in 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. CM-in 71.5-ci maddəsinə görə şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edi CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş digər alternativ cəza növlərinin təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühavizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. CM-in 61.1.1-ci maddəsinə əsasən isə, cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Residivə görə cəzanın təyin edilməsindən bəhs edən CM-in 65.1-ci maddəsinin göstərişinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Konstitusiya Məhkəməsinin Plenumu cinayətlərin residivinin təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal olduğunu qeyd etməklə bir sıra qərarlarında vurğulamışdır ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, xüsusilə onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır cəza tədbirlərinin tətbiqini nəzərdə tutur (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərar). Məhkəmə kollegiyası cinayət işinin yuxarıda qeyd edilən hallarını, eləcə də cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilib bir il altı ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə haqlı olmamış, məhkəmənin bu qərarı cinayət qanunun normasına, cəzanın məqsədlərinə, eləcə də törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, həmçinin təqsirkarın şəxsiyyətinə uyğun olmamışdır. Ona görə də, məhkəmə kollegiyası apelyasiya protestinin dəlillərini əsaslı sayır. CPM-in 405.1-ci maddəsinə görə, apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü bu maddədə göstərilən hallarda, o cümlədən CPM-in 405.1.4-cü maddəsinə əsasən hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda dəyişdirir. Nəticəvi hissə Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilməli, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə təqsiləndirilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü Təqsirləndirilən şəxs təyin edilmiş cəzaya aid hissədə dəyişdirilməlidir Məhkəmə kollegiyası göstərilənlərə əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə təqsiləndirilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04.11.19-05.11.19 və 23.01.20-19.02.20-ci il tarixlərində həbsdə olduğu 29 gün müddət və xx.xx.2020-ci il tarixdən Mingəçevir ŞPŞ tərəfindən tutularaq bu günədək, yəni xx xxxx 2020-ci il tarixədək həbsdə olduğu 16 gün müddət olmaqla ümumilikdə 45 gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasımdan çıxılaraq, üzərində 1 (bir) il, 4 (dörd) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. CM-in 71.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Yevlax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş şərti məhkum etmə ləğv edilsin. CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 2 (iki) il 8 (səkkiz) ay 24 (iyirmi dörd) gün azadlıqdan məhrum etmə cəzası, eləcədə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 4 (dörd) ay 5 (beş) gün CM-in 68.1.1-1-ci madəsinə əsasən 1 günə 2 gün hesablanmaqla 2 (iki) ay 2 (iki) gün müddət hazırki cəza ilə qismən birləşdirilsin, üzərində qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli bu gündən, yəni xx xxxx 2020-ci il tarixdən hesablansın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar