Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-84/2021 23.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik-ədliyyə müşaviri X13, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-İsmayıllı rayon bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2020ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı, ədliyyə müşaviri, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim X20, hakimlər X14 və X9 ibarət tərkibdə) 16 noyabr 2020-ci il tarixli hökmü ilə, xx xxx 1981-ci il tarixdə Qəbələ rayonu Dızaxlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03.04.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.4 və 326.2-ci maddələri ilə məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 20.11.2014-cü il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək Azərbaycan Respublikası CM-nin 181.1 və 185.3.3-cü maddələri ilə təqsirli bilinib 5 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki rayon Məhkəməsinin 13.07.2017ci il tarixli qərarı ilə cəzasının qalan müddətindən (4 ay, 17 gün) vaxtından əvvəl şərti azad edilmiş və məhkumluğu ödənilməmiş, Qəbələ rayonu Yeni Dızaxlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Şəki Penitensiar müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı 02 avqust 2019-cu il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılması müəyyən edilmişdir. işin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı ittiham irəli sürülmüşdür ki, o, 31 iyul 2019-cu ildə saat 2230 radələrində Qəbələ rayonu Yeni Dizaxlı kəndində yerləşən, Şahid7 işlətdiyi adsız kafenin həyətində həmkəndliləri Şahid1, Şahid2 və X6 ilə birlikdə yemək yeyib spirtli içki qəbul etdikdən sonra adları qeyd olunan şəxslərlə kafenin həyətindən sərxoş halda çıxan zaman onunla birlikdə gedən 06 yanvar 1978-ci il təvəllüdlü X3 həmkəndliləri, taksi sürücüsü işləyən X4 arxasınca nalayiq ifadələr işlətməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə qəflətən X5 həyat və sağlamlığı üçün mühüm orqan hesab edilən baş (sol gicgah) nahiyəsinə qəsdən bir dəfə yumruqla güclü zərbə yetirmiş, zərbənin təsirindən sonuncunun yıxılması və başın sağ yarısının yer səthinə zərblə dəyməsindən ümumilikdə ona sol gicgah və sağ qaşüstü nahiyədə dərialtı qansızma, alın sümüyünün sağ suborbital nahiyəsinin xətti sınığı, beyin maddəsi və yumşaq qişaya qansızmalar yaranması ilə dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirmiş, qapalı kəllə beyin travması nəticəsində baş beyin və yumşaq qişaya qansızma hadisə yerində birbaşa ölümlə nəticələnməklə qəsdən sağlamlığa ağır zərər vuraraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X3 ölümünə səbəb olmuşdur. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti və dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. apellyasiya şikayəti, apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri: Müdafiəçi verdiyi apellaysiya şikayətində hökmün ləğv edilərək Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi olmadığına görə ona bəraət verilməsini xahiş etmişdir. Dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı verdiyi apellyasiya protestində hökmün ləğv edilərək Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinərək ona qanunvericiliyin normalarına uyğun olaraq azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini xahiş etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli hökmündən dövlət digər proses iştirakçıları tərəfindən apellyasiya şikayəti, eləcə də verilmiş apellyasiya şikayəti və apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi onlar tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi olmadığına görə ona bəraət verilməsini, dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin isə təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X23 dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməsini, Təqsirləndirilən şəxs CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinərək ona qanunvericiliyin normalarına uyğun olaraq azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini, Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X7 dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməsini, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinərək ona qanunvericiliyin normalarına uyğun olaraq azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini, Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayəti və apellyasiya protestinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs, onun müdafiəçisi, zərərçəkmiş şəxsin hüquqi varisi, habelə dövlət ittihamçısının apellyasiya şikayəti və apellyasiya protesti ilə bağlı ifadə və çıxışlarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı, ədliyyə müşaviri, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya inistansiyası məhkəməsi birinci inistansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 31 iyul 2019-cu il tarixdə saat 14 radələrində yaşadığı Qəbələ rayonu Yeni Dızaxlı kəndindəki evində olarkən uzaq qohumu və dostu Teymur Səfərçinov həmkəndlisi Şahid1 mobil telefonu ilə ona zəng edərək sonuncularla birlikdə yeyib-içmək üçün kənddə Elşən adlı şəxsin işlətdiyi çayxanaya gəlməsini bildirmişdir. Hava isti olduğuna görə Teymur Səfərçinovla ilk öncə razılaşmasa da, sonuncunun təkidi ilə həmin kafeyə getmiş, Teymurgilin orda olmadığını görüb həmin yerdən təxminən 30-40 metr aralıda yerləşən Qalibin çayxanasına getmişdir. Həmkəndliləri Şahid1, Şahid2 və Teymur Səfərçinovun həmin kafedə piyə içdiklərini görmüş, sonuncularla birlikdə oturub 2 bakal pivə içdikdən sonra Teymur ona Ülvinin yeyib-içmək alacağını və kənddəki çayın qırağındakı kafeyə getmələrini bildirmişdir. Əvvəlcə pullarının olmadığını bildirsələr də, Teymur kabab yemək istədiyini və özü alacağını bildirdiyindən hamısı razılaşıb həmin kafeyə getmişlər. Həmkəndliləri Bünyadın VAZ-21010 markalı avtomaşını ilə Rahimin işlətdiyi çay kənarındakı kafeyə gələrək təxminən 2 saatdan çox müddətdə orada oturub əvvəl hərəsinə bir bakal pivə içmiş, sonra kabab yeyib bir ədəd 0.700 litrlik araq içdikdən sonra təkrarən hərəsinə bir bakal pivə içmişlər. Onları gətirən avtomaşının sürücüsü Bünyad da onlarla bir masada oturmuş, lakin Teymur Bünyadı acıladığından sonuncu masadan durub getmişdir. Masadan qalxmaqlarına 15-20 dəqiqə qalmış tanıdıqları Elçin adlı şəxs onlara yaxınlaşıb salamlaşmış, həmin vaxt Teymur Elçinlə narazı halda görüşmüşdür. Elçindən kənddən onlara siqaret almasını xahiş etdiyinə görə sonuncu onlara siqaret alıb gətirmiş, onlar da siqaret çəkdikdn təxminən 5 dəqiqə sonra masadan qalxmışlar. Evə getməyə avtomaşın olmadığı üçün yanlarında olan şəxslərə Elçindən onları aparmağı xahiş etmələrini dedikdən sonra Teymur gedib Elçinin avtomaşınında əyləşmiş, Elçin Teymurun avtomaşının qabaq oturacağında əyləşdiyini görüb, Teymura avtomaşından düşməsini bildirmişdir. Teymur Elçindən nə üçün avtomaşından düşməsini soruşmuş, Elçin isə cavabında sonuncu ilə görüşmək istəməyən oğlanı avtomaşınında aparmayacağını bildirmişdir. Teymur avtomaşından düşən vaxt Elçin qayıdıb kafeyə getmiş, bu zaman Teymur Elçinə əsəbləşib sonuncunu təhqir etsə də, Elçin Teymuru eşitməmişdir. Bu zaman Teymurun boynundan tutaraq özünə tərəf çəkib camaatla işi olmamasını bildirmiş, həmin vaxt Cəsarət və Ülvi onların yanına yaxınlaşmışlar. Teymurun Elçinin hərəkətlərinə əsəbləşib nalayiq ifadələr işlətdiyinə görə Teymura bir daha sakit olmasını dedikdə, Teymur ona ayaq yoluna gedib qayıdacağını bildirmişdir. Həmin vaxt onları aparması üçün cibindəki telefonla kiməsə zəng vurmaq istədikdə Ülvi “nə oldu” deyərək qışqırmış, o da həmin tərəfə yaxınlaşanda Teymuru yerdə uzanıqlı vəziyyətdə, Ülvi və Cəsarətin isə sonuncunun başının üstündə həyəcanlı halda olduqlarını görmüşdür. Orada olan digər şəxslərlə birlikdə Teymuru oyatmağa çalışsalar da sonuncu ayılmamış, kafenin sahibi Rahimə su gətirməsini bildirmişdir. Rahim su gətirdikdən sonra suyu Teymurun üzərinə boşaltsa da Teymur ayılmadığı üçün Ülviyə təcili tibbi yardıma zəng vurmasını bildirmişdir. Təxminən 30 dəqiqə sonra təcili tibbi yardım avtomaşını hadisə yerinə gəlmiş, həkimlər Teymura baxıb onun infarkt keçirdiyini bildirmişlər. Həmin vaxt siqareti qurtardığından piyada mağazadan siqaret almağa getmiş, siqaret alıb mağazadan çıxarkən həmin vaxt oradan keçən əmisi oğlu Bəhmanın avtomaşını ilə hadisə yerinə qayıdarkən Teymuru artıq xəstəxanaya apardıqlarını görmüşdür. Həmin vaxt oraya gəlmiş polis işçilərinin avtomaşını ilə polis şöbəsinə gedərək orada sorğu-sual etdikdən sonra onu evə buraxmışlar. Polislərə Teymura qarşı heç bir fiziki zor tətbiq etmədiyini, sonuncunu döymədiyini, onun ayaqyoluna getdiyi halda qəflətən yerə yıxılaraq öldüyünü bildirmişdir. 01 avqust 2019-cu il tarixdə Teymur Səfərçinovun hüzr məclisinə gələrək, sonuncunun qardaşı Dünyamalıya və yanında olan şəxslərə Teymur Səfərçinovu yumruqla sifət nahiyyəsinə vurduğunu etiraf etməmiş və üzrxahlıq etməmiş, sadəcə olaraq Teymurun ölümünə mane olmadığına görə özünü günahkar hesab etdiyini, Teymurun onlarla getdiyindən peşman olduğunu bildirmişdir. Məhkəmə kollegiyası iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində göstərdi ki, 31 iyul 2019-cu il tarixdə qardaşı oğlu Şahid9 onlara gələrək qardaşı Teymurun araqdan zəhərlənməsi barədə məlumat vermişdir. O, da atası evinə gedib, digər qardaşı Dünyamalıya Teymurun vəfat etməsini bildirmişdir. Bundan sonra morqa getmişdir. Orada çoxlu polis işçilərin yığışdığını görmüşdür. Polis Şöbəsinin rəis müavini ona dedi ki, qardaşı infakt keçirib. Belə hadisələrə çox rast gəlirlər. O, da demişdir ki, infakt keçirib-keçirib, nə etmək olar. Bundan sonra meyidi gətirib səhər basdırmışlar. Meyidi basdırdıqdan sonra söhbətlər sızmağa başlamışdır ki, Teymuru Nurlan vurub öldürüb. Nurlanda gəlib qardaşına deyib ki, o, əl ilə Teymura vurmuş, günahkar odur. Qadraşı da deyib ki, sən onun qardaşının qatilisən. Nurlanda qayıdıb deyib ki, hə onun qanı sənə halaldır. O, həmin söhbətdə olmamışdır. Sonradan ona bu söhbəti danışıblar. O, da demişdir ki, siz neyniyirsiz niyə onu tutmadınız. Siz onu tutub qolları bağlayıb polisə məlumat verməli idiniz. Səhərisi günü onlar bu barədə prokurorluğa məlumat verməyə getmişlər. Onlar başlamışlar Nurlanı axtarmağa. Nurlan da həmin gecə gedib məsciddə yatıbmış. Sonradan ona orada namaz qılanlar demişlər. Bundan sonra Nurlanı tutmuşlar, istintaq olmuş, ekspertiza təyin olunmuş və məlum olmuşdur ki, onlar yeyib-içiblər. Yeyib içəndən sonra onlar Nurlanan rəhmətlik Teymur 5-6 metr qabaq gedirmiş birdən “tamp” səs gəlib. Bunu ona şahidlər danışırlar. Nurlan yumruq vurub vurandan yıxılmağı bir olub. Bu zaman su gətiriblər təcili yardıma zəng ediblər. Bu arada Nurlan aradan çıxıb. Polis əməkdaşları ora gələn kimi Nurlanı soruşdular bilirmişlər ki, hadisənin səbəbkarı bu ola bilər. Bunları onlar sonradan bilmişlər. Bundan sonra şahidlər içkili idilər, çox içmişlər onlar çıxıb getdilər. Səhərisi günü şahidlərdən biri onların qapı bir qonşudur. Ağlıya-ağlıya gələrək onlara demişdir ki, o, vicdan əzabı çəkir. Teymuru Nurlan vurub öldürüb. Yəni burda infakt söhbəti yoxdur. Bundan sonra gedib hamısı izahat vermişlər. Hesab edirlər ki, 2 il 6 ay cəza müddəti çox azdır. Məhkəmə kollegiyası iclasında şahid qismində dindirilmiş Şahid1 birinci instansiya məhkəməsi iclası zamanı vermiş olduğu ifadəsinin məzmununa uyğun ifadə verərək göstərdi ki, hadisə baş verən günü həmkəndliləri Cəsarət və Teymurla birlikdə Qəbələ rayonu Yeni Dızaxlı kəndində Elşən adlı şəxsin kafesində oturub 1 litr araq içmişlər. Bu zaman Nurlan bir iki dəfə ona zəng etmiş, o, isə telefonu açmamışdır. Rəhmətlik Teymur ondan zəng edənin kim olmasını soruşmuş, o, da qayıdıb demişdir ki, Nurlandır. Teymur telefonu ona verərək Nurlanla danışmaq istədiyini demiş, o, da telefonu Teymura vermişdir ki, Nurlan ilə danışsın. Onlar danışmış, Nurlan soruşmuş hadasızsa o, da gəlir. Rəhmətlik Nurlana kabab yemək istədiyini, lakin pulları olmadığını bildirdirmiş. Nurlan qayıdıb demişdir ki, pulları yoxdur, hörmətləri var. Gedib-oturub 1-2 bakal pivə içmişlər. Ondan sonra maşına oturub düşmüşlər düz çayda olan kafeyə. Orada da bir 0.700 litrlik araq içmişlər. Bu zaman stol arxasında heç bir dava-dalaş və mübahisə olmayıb. Sonra kafeyə pul verən zaman rəhmətlik Teymur demişdir ki, hesab onluqdur, 5-10 günə verəcdir. Kafe işlədən buna razı olmamış, Cəsarət öz boynuna götürmüşdür ki, pulunu onlar verəcəklər. Onlar çıxdılar çölə, o, isə kafe işlədən ilə söhbət edirdi ki, onları maşın ilə evə aparsın, pulunu verəcəklər. Rahim də demişdir ki, o, bizi apara bilmir, işi var. Bundan sonra çıxmışdır. O və Cəsarət biryerdə gedirmişlər. Nurlan və Teymur qabaqda gedirdilər. Onlarla aralarında 5-6 metr məsafə olardı. X26 sifət nahiyyəsinə bir dəfə yumruq vurmuş, bu zaman Teymur yerə yıxılmışdır, həmin vaxt hava qaranlıq olsa da zərbənin Teymura dəyməsini görmüşdür, tez qaçıb onlara yaxınlaşmışlar. Teymur yerdə hərəkətsiz halda uzandığından o və Cəsarət Teymura masaj edib üzünə su vurub ayıltmaq istəsələr də, onda heç bir tərpəniş olmamışdır. Məhkəmə kollegiyası iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinin məzmununa uyğun ifadə verərək göstərdi ki, hadisə baş verən günün o, evdə olmuşdur. Günorta vaxtı ona Ülvinin telefonundan zəng gəlmiş, telefonu açıb görmüşdür ki, zəng edəm Teymurdu. Teymurdu ona demiş ki, Ülvi bir yerdə araq içirlər. Vaxtın varsa gəl bura. O, demişdir ki, gəlir ora. Ora gedib görmüşdür ki, 0.700 litr araq, su bir də pendirçörək onu gözləyirlər. Başlamışlar araq içəməyə. Arağın yarısını içdikdən sonra Ülvinin telefona bir zəng gəlmiş, telefona baxıb demişdir ki, Nurlandır zəng edən. Teymur demişdir ki, ver telefonu o, danışacaq onunla. Teymur telefonu götürüb salamlaşmışlar ki, nə var, nə yox. Teymur Nurlana demişdir ki, qardaş çıxmırsan bu tərəfə, ürəyi yaman kabab yemək istəyir. Gedəcəklər çaydaki kafeyə. Nurlan demişdir ki, gələcəkdir. Bundan sonra Nurlan gələnə kimi araq içib qurtarıb çıxmışlar yola. Aşağıda bir çayçı var, orda oturmuşlar ki, Nurlan da gəldi ora. Adama 1-2 bakal pivə içmişlər, ordan da gedib düşmüşlər kafeyə. Orda kabab sifariş verib bir 0.700 araq içmişlər. Sonra hesab məsələsinə çatanda hesab 40 manat tutmüş. Rəhmətlik Teymur demişdir ki, pulları yoxdur, hesab onluqdur. Orda kafenin sahibi Rahim ilə narahatçılıq oldu. Rahim dedi ki, niyə başdan demirsiz pulları olmadığını. Orada bu sohbətlər oldu. Ondan sonra durub gedəndə onlar yaxınlaşıb demişlər ki, 5-10 günə hesabı onlar verəcəklər. Həm də xahiş etmişlər ki, onların maşınları yoxdur, öz maşını ilə onları apar düşür kəndə. Rahim buna razı olmamış, demişdir ki, təzə gələnlər var onlara baxmalıdır. Vaxtı yoxdur. Sonra ordan çıxmışlar, Teymur ilə Nurlan artıq ordan çıxmışdılar. Görmüşlər ki, onlar yavaş-yavaş gedirlər, nəsə danışırlar. Arxanlarıyca onlar gedirlərmiş. 5-6 metr qalmış onlara çatanda Teymur durub Nurlanın üzünə baxmış. Nurlan da sifət nahiyyəsinə bir yumruq vurmuş. Teymur yerə yıxılmışdır. Tez qaçıb onlara yaxınlaşmışlar. Həmin vaxt Teymur yerdə hərəkətsiz halda uzanmışdı. Məhkəmə kollegiyası iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Qəbələ rayon Məhkəmə-Tibbi Ekspertiza və X11 tibb-ekspert vəzifəsində işləyir. Mərhum onun tərəfindən müayinə olunmuşdur. Müayinə olunarkən onun sağ subortinal nahiyəsində xəsarətlər aşkar edilmişdir. Bir də sol gicgah nahiyəsində xəsarətlər var idi. Mərhumun ölümü qısa müddət ərzində baş verib. Sağ gicgah nahiyəsində olan xəsarətlər yıxılmaq nəticəsində alına bilər. Diz qatlanıb yıxılmaqla həmin xəsarətin alınması inandırıcı deyil. Ölümə səbəb də həmin nahiyədən almış olduğu xəsarət nəticəsində olub. Sol gicgah nahiyəsindəki xəsarət isə yüngül xəsarət sayılır və həmin xəsarətdən ölümün baş verməsi qeyri-mümkündür. Sol gicgah nahiyyəsinə yumruq zərbəsi vurmaqla sağ gicgah nahiyyəsində olan xəsarətin yetirilməsi və ya əksinə sağ gicgah nahiyyəsinə yumruq zərbəsi vurmaqla sol gicgah nahiyyəsində olan xəsarətin yetirilməsi isə qeyri mümkündür. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid3 Əzəmməd oğlu ifadəsində göstərmişdir ki, 31 iyul 2019-cu il tarixdə saat 2230 radələrində qaynı Rahil zəng vuraraq Teymurun səhhətinin pis olduğunu deyərək ona çay kənarına gəlməsini demişdir. Dərhal evdən çıxıb Rahilin dediyi əraziyə gedərən orada çoxlu sayda şəxslərin yığışdığını görmüşdür. Orada ona qardaşı Teymurun təcili tibbi yardım avtomaşını ilə Qəbələ rayon mərkəzi xəstəxanasına aparıldığı bildirildikdən sonra həmin şəxslərin arxasınca rayon mərkəzi xəstəxanasına getmiş, xəstəxanada toplaşmış kənd sakinləri ona qardaşının spirtli içki içdiyini və qəflətən kafedən çıxarkən yerə yıxıldığını bildirmişlər. Qardaşı mütəmadi spirtli içki içdiyindən səhhətinin pisləşib rəhmətə getdiyini fikirləşmiş, xəstəxanada baş həkimin adına ərizə ilə müraciət edib qardaşının öz xəstəliyi ilə öldüyünü, sonuncunun ölümü ilə bağlı heç kimdən şikayət və ya tələblərinin olmadığını, qardaşının meyitinin daxili müayinə olunmamasını qeyd etdikdən sonra qardaşının meyitini təhvil alıb evlərinə gətirmişlər. 01 avqust 2019-cu il tarixdə saat 12 radələrində qardaşının meyitini Qəbələ rayonu, Yeni Dızaxlı kənd qəbirstanlığında basdırmışlar. Meyiti basdırıb qayıtdıqdan sonra Həmin gün hüzr mərasimində həmkəndlisi Təqsirləndirilən şəxs ona yaxınlaşıb başsağlığı verərək hadisə baş verən günü orada olduğunu və qardaşı ilə arasında xırda söz-söhbət olduğunu, əlini qardaşının çiyninə qoyduğunu və həmin vaxt qardaşının qəfil rəhmətə getdiyini bildirib ondan aralaşdıqdan təxminən 15-20 dəqiqə sonra həmkəndliləri Ülvi və Cəsarət də ona yaxınlaşıb Nurlanın ona nə dediyini soruşduqda Nurlanın ona dediklərini izah etmiş, həmin vaxt hər ikisi hadisənin əslində elə baş vermədiyini, Nurlanın qardaşı Teymurun baş nahiyəsinə yumruqla vurandan sonra qardaşının yıxılaraq ölməsini demişlər. Təxminən bir neçə dəqiqə sonra Cəsarət, Ülvi, Nurlan, Nurlanın böyük qardaşı Mübariz və Cəsarətin qardaşı Niyaz, onun dayısı Şahid4 və sonuncunun oğlu Hakim Əmiraslanovun yanında Nurlandan hadisənin necə baş verməsini, hadisə barəsində düzgün danışmasını tələb edib onun qolundan tutaraq “bu əlinlə qardaşımı vurub öldürmüsən deyə” soruşduqda, Nurlan başını aşağı əyib “mən eləmişəm” deyib və qanının onlara halal olmasını demişdir. Bundan sonra Nurlan yas yerindən çıxıb getmiş, o isə həyəcanlı, eləcə də yas mərasiminin şokunda olduğundan Nurlanın getməsinə icazə vermişdir. Səhəri gün isə qardaşı Ədalətlə birlikdə polis şöbəsinə gedərək bu barədə məlumat vermişlər. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş X10, Şahid4, X12, Şahid5, Şahid6 və Şahid9 eyni məzmunlu ifadə verərək Şahid3 Əzəmməd oğlunun yuxarıda göstərdiklərini təsdiq etmişlər. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 31 iyul 2019-cu il tarixdə saat 21 radələrində kəndlərində cay kənarında Rahim adlı şəxsin işlətdiyi kafeyə tək cay içməyə gələrkən kafedə həmkəndliləri Təqsirləndirilən şəxs, Teymur Səfərçinov, Şahid1 və Şahid2 birlikdə kafenin həyətində oturub yemək yeyib araq icdiklərini görmüş, sonuncularla salamlaşarkən onu masalarına dəvət etsələr də minnətdarlıq edərək təxminən 8-10 metr aralıda digər masada oturub cay sifariş etmişdir. Həmin vaxt həmkəndliləri Təqsirləndirilən şəxs, Teymur Səfərçinov, Şahid1 və Şahid2 yeyib icərək öz aralarında danışıb gülmüşlər, onların arasında hər hansısa bir narahatçılıq və ya mübahisə olmamışdır. Bir qədər sonra o, masadan durub özünə siqaret almağa gedərkən Nurlan ondan da siqaret almağı xahiş etmişdir. Siqaret almağa pul verməməsinə baxmayaraq dükandan siqaret alarkən bir qutu da Nurlangilə alıb gətirib verdikdən sonra öz masasında oturub cay icməyə davam etmişdir. Saat 22 radələrində Təqsirləndirilən şəxs, Teymur Səfərçinov, Şahid1 və Şahid2 oturduqları masadan durub getdiklərini görmüş və sonra kafenin qarşısında saxladığı avtomaşınının qapısının acıldığını görüb maşınına yaxınlaşarkən Teymur Səfərcinovun avtomaşınının qabaq oturacağında oturduğunu görmüşdür. Teymur ona onları evə aparmağını bildirdikdə avtomaşınında benzin olmadığına görə apara bilməyəciyini demiş, Teymur ona sağol deyib avtomaşından düşərək ona qarşı hec bir kobudluq və yaxud nalayiq hərəkətə yol vermədən getmişdir. Həmin vaxtı Ülvü və Cəsarətin kafeyə keçib hesabı sonra verəcəkləri barədə danışdıqlarını eşıtmiş, Nurlan və Teymur kafenin həyətindən çıxıb piyada getdiklərini gördükdən sonra maşınının qapısını bağlayıb keçib öz masasında oturmuşdur. 5-10 dəqiqə sonra kafenin cıxacağından 20-25 metr aralıda yol tərəfdə həyəcanlı səslər eşidib oraya yaxınlaşdıqda Teymurun yerdə hərəkətsiz vəziyyətdə uzandığını görmüş, bir qədər sonra oraya ambulans maşını gələrək Teymurun öldüyünü bildirmişdir. Həyəcanlı olduğundan heç kimdən hec nə soruşmadan çıxıb evinə getmışdir. Nurlanın Teymuru yumruqla vurmasını görməmiş, bu barədə sonradan eşitmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid7 eyni məzmunlu ifadə verərək Şahid8 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, 01 avqust 2019-cu il tarixdə qardaşı Təqsirləndirilən şəxsla birlikdə Teymur Səfərçinovun yas mərasimində iştirak etmiş, qardaşı Teymurun sonuncularla birlikdə yeyib-içən zaman yıxılıb öldüyünü demişdir. Nurlan onun yanında mərhum Teymurun qohumlarına sonuncunu vurub öldürməsi barədə heç bir söz deməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 29.08.2019-cu il tarixli, 11 nömrəli rəyindən görünür ki, X1 meyitində baş beyin toxumasına qansızma, alın sümüyünün sağ suborbital nahiyəsinin sınığı, sol gicgah əzələsinə və alının sağ yuxarı hissəsində dərialtı hissəyə qansızma kimi xəsarətlər vardır. Həmin xəsarətlər həyati olub onun ölümündən qısa müddət əvvəl göstərilən tarixdə və şəraitdə, yəni 31 iyul 2019-cu il tarixdə küt alətin (əşyanın) təsirindən törənməsinə uyğun gəlir. Qeyd olunan xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aiddir. X1 ölümünə səbəb baş beyin toxumasına qansızma olmuşdur. Onun ölümünün baş vermə müddəti meyitdə gedən dəyişikliklərə və işə dair toplanmış məlumatlara əsasən göstərilən tarixdə, yəni 31 iyul 2019-cu il tarixdə ola bilər. X1 bədəni üzərində qeyd olunan xəsarətlər göstərilən tarixdə və şəraitdə, yəni 31 iyul 2019-cu il tarixdə baş nahiyəsinə yumruqla kənar şəxs tərəfindən vurulan zərbə nəticəsində törənməsi və ölməsi mümkündür. X1 meyitindən götürülmüş toxumalarda aşkar edilmiş etil spirtinin qatılığı canlı şəxslərdə yüngül dərəcəli sərxoşluq törətməsi kimi qiymətləndirilir. Narkotik, psixotrop və güclü təsir edici maddələr aşkar edilməmişdi. X1 meyitinin müayinəsi zamanı hər hansı bir xəstəlik aşkar edilmədi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edimiş komisyon məhkəmə tibb ekspertizasının 06.03.2020-ci il tarixli T 78/2020 nömrəli rəyindən görünür ki, mərhum T.Ə.Səfərçinovun meyitinin müayinəsi zamanı sol gicgah və sağ qaşüstü nahiyədə dərialtı qansızma, alın sümüyünün sağ suborbital nahiyəsinin xətti sınığı, beyin maddəsi və yumşaq qişaya qansızmalar aşkar edilmişdir. Qeyd edilən xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmiş, göstərilən tarixdə və şəraitdə, yəni 31.07.2019-cu il tarixdə sol gicgah nahiyəsinə yetirilmiş zərbə nəticəsində onun öz boyu hündürlüyündən sürətlənmiş yıxılması zamanı başın sağ yarısının yer səthinə zərblə dəyməsindən yarana bilərdi, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Mərhum T.Ə.Səfərçinovun ölümünə səbəb qapalı kələ-beyin travması nəticəsində baş beyinə və yumşaq qişasına qansızma olmuşdur ki, bu da meyitdən götürülmüş biomaterialların məhkəmə-histoloji tədqiqatlarının nəticələri ilə təsdiq edilir. Yetirilən xəsarətlərlə ölüm arasında birbaşa səbəbli əlaqə vardır. Mərhum T.Ə.Səfərçinovun meyitinin müayinəsi zamanı onun ölümünə səbəb ola biləcək xəstəlik əlamətləri aşkar edilməmişdi. Meyitdən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı zamanı aşkar edilən 0,5% etil spirti baş beyinə qansızma yarada bilməzdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edimiş təkrar komisyon məhkəmə-tibb ekspertizasının 05.11.2020-ci il tarixli 525 nömrəli rəyində göstərilmişdir ki, T.Ə.Səfərçinovun meyitinin məhkəmə tibbi müayinəsi zamanı baş beyin toxumasına qansızma, alın sümüyünün sağ suborbital nahiyəsinin sınığı, sol gicgah əzələsinə və alının sağ yuxarı hissəsində dərialtı hissəyə qansızma kimi xəsarətlərin olduğu müəyyən edilmişdir. Xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişlər və qərarda qeyd edilən tarixə və şəraitə, yəni 31.07.2019-cu il tarixinə uyğun gəlir, sol gicgah nahiyəsinə yetirilmiş zərbə nəticəsində onun öz boyu hündürlüyündən sürətlənmiş yıxılması zamanı başın sağ yarısının yer səthinə zərblə dəyməsindən yarana bilərdi və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olub, ölümlə nəticələnmişdir. Mərhum T.Ə.Səfərçinovun ölümünə səbəb qapalı kəllə-beyin travması nəticəsində baş-beyinə və yumşaq qişasına qansızma olmuşdur. Bu da meyitin daxili orqanlarından götürülmüş tikələrin məhkəmə-histoloji tədqiqatının nəticələri ilə öz təsdiqini tapmışdır. Yetirilən xəsarətlərlə ölüm arasında birbaşa səbəbli əlaqə vardır. Mərhum T.Ə.Səfərçinovun meyitinin müayinəsi zamanı meyitdən götürülmüş qanın məhkəməkimyəvi tədqiqatı zamanı aşkar edilən etil spirtinin qatılığı canlı şəxslərdə yüngül dərəcəli sərxoşluq (0,5%) törətməsi kimi qiymətləndirilir, onun yüngül dərəcəli sərxoş olması almış olduğu zərbənin təsirindən yerə dəymə prosesini sürətləndirə bilməzdi. T.Ə.Səfərçinov xəsarətləri alan zaman xəsarət yetirən şəxslə münasibətdə müxtəlif duruş vəziyyətində ola bilərdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 03.10.2019-cu il tarixli, 516/210 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil edilən hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə olunan xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik çizgiləri) baxmayaraq o, ona şamil edilən hazırki cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə edə bilmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, halhazırda da öz hərəkətlərini ölçüb-biçmək, hərəkətlərinin faktiki xarakterini anlamaq və hərəkətlərini idarə etmək iqtidarındadır. Komissiyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs əvvəllər tibbi yardım üçün həkim psixiatra müraciət etməməsi, psixiatriya müəssisələrində qeydiyyatda durmaması (özünün deməsinə görə), istintaq və ekspertiza zamanı dolğun və ardıcıl ifadələr verərək hər hansı cinayət əməli törətmədiyini bildirməsi, ona şamil edilən cinayət əməlini törədərkən, istintaq və hazırki ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, ekspertiza zamanı onda qavrama, yaddaş, təfəkkür və intellekt pozğunluqlarının aşkar edilməməsi, onda psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) müəyyən olunmaması, tənqidi funksiyaların saxlanılması, onda müşahidə edilən emosiya pozğunluğunun (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar olunması, hövsələsiz, acıqlı və kobud olması, tez qıcıqlanması, xırda qıcığa nevrotik reaksiyalarla cavab verməsi, əvvəllər özünə təkrari xəsarətlər yetirməsi və s.) olması əsas verir. Həmçinin, Təqsirləndirilən şəxs ona şamil edilən cinayət hadisəsini törədərkən patoloji və yaxud fizioloji affekt vəziyyətində olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs ona şamil edilən cinayət hadisəsini törədərkən onda hərəkətlərinə mühüm təsir göstərə bilən fərdi-psixoloji xüsusiyyətlər (həyəcan və s.) olmamışdır. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 02 avqust 2019-cu tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan Yeni Dızaxlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən daxil olmuş 02.08.2019-cu il tarixli 248 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin kənddə qeydiyyatda olmaqla, onun ailə tərkibi 3 qardaş və 3 bacıdan ibarətdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş tələbnamədən, hökm və qərarların surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 03.04.2013-cü il tarixli hökmü ilə CM-in 181.2.1, 181.2.4 və 326.2-ci maddələri ilə məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 20.11.2014-cü il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək CM-in 181.1 və 185.3.3-cü maddələri ilə təqsirli bilinib 5 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki rayon Məhkəməsinin 13.07.2017-ci il tarixli qərarı ilə cəzasının qalan müddətindən (4 ay, 17 gün) vaxtından əvvəl şərti azad edilmişdir. Məhkəmə kollegiyası tədqiq etdiyi hər bir sübutu аyrı-аyrılıqdа və məcmu hаlındа, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, cinayət işi üzrə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülən CM-nin 126.3-cü maddəsi üzrə ittihamın əsaslı olmaması, sonuncunun CM-nin 124.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə barəsində ittiham hökmü çıxarılması, onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirliliyi kifayət qədər sübutа yetirilməsi qəyaətinə gəlmişdir. Təqsirləndirilən şəxs əməli birinci instansiya məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 124.1-ci maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli hökmündən verilmiş apellyasiya protesti və apellyasiya şikayətindən görünür ki, Müdafiəçi verdiyi apellaysiya şikayətində hökmün ləğv edilərək Təqsirləndirilən şəxs əməlində CM-nin 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi olmadığına görə ona bəraət verilməsini xahiş etmişdir. Dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı verdiyi apellyasiya protestində hökmün ləğv edilərək Təqsirləndirilən şəxs CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinərək ona qanunvericiliyin normalarına uyğun olaraq azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli hökmündən verilmiş apellyasiya protesti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, şəxsin cinayəti təqsirli olaraq törətməsi onu törətdiyi əməlin obyektiv əlamətlərini dərk edib-etməməsi, əgər dərk etmirsə dərk etməli olub-olmamsında ifadə olunur. Şəxs əməli təqsirin qəsd formasında törədirsə onda o, öz əməlinin bütün obyektiv əlamətlərini (hərəkət, hərəkətsizlik, ictimai-təhlükəli nəticə və s.) dərk edir. Əgər şəxs öz əməlinin obyektiv əlamətlərindən hər-hansı birini dərk etmirsə onda onun əməlində qəsd istisna olunur və bu zaman artıq şəxsin həmin obyektiv əlaməti dərk etməli olub-olmadığı araşdırılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Teymur Səfərçinovu həyatdan məhrum etmək fikri olmamış, ümumiyyətlə o, T.Səfərçinova yumruqla vurub zərbə endirərkən sonuncunun yıxılaraq başının yer səthinə dəyməsi nəticəsində ağır dərəcəli bədən xəsarəti almasını və bunun nəticəsində həyatdan məhrum oluna biləcəyəni dərk etməmişdir. Onun niyyəti ancaq Teymur Səfərçinovu yumruqla vuraraq xəsarət yetirmək olmuşdur ki, həmin zərbə yəni sol gicgah nahiyəsinə yetirilən zərbə bilavasitə Teymur Səfərçinovun ölümünə səbəb olmamışdır. Sol gicgah nahiyyəsinə vurulan yumruq zərbənin isə başın digər nahiyyəsində əmələ gələn xəsarətətlərə səbəb ola bilməməsi isə onu deməyə əsas verir ki, həmin xəsarətləri Teymur Səfərçinov yıxılma nəticəsində almışdır ki, buna görə də burda Təqsirləndirilən şəxs onun ölümünə dolayı və birbaşa qəsdlə və ya ağır xəsarət yetirmək istəməsi (ölümlə nəticələnmiş) istisna edilir. Təqsirləndirilən şəxs yetirdiyi yumruq zərbəsinin nəticəsində Teymur Səfərçinovun yerə yıxılaraq ağır dərəcəli bədən xəsarəti alması imkanını qabaqcadan görməsi və həmin nəticəni arzu edərək şüurlu şəkildə buna yol verməsi halında onun Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə məsuliyyətə cəlb olunması mümkündür ki, iş üzrə də bu cür hallar müəyyən olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs Teymur Səfərçinova bilavasitə yumruq vuraraq yetirdiyi xəsarət sol gicgah əzələsinə qansızmaya səbəb olmuş və onun Teymur Səfərçinovun sol gicgah nahiyəsinə zərbə ilə vurarkən sonuncunun yıxılaraq başının yer səthinə dəyib ağır dərəcəli bədən xəsarəti almasından ibarət nəticələrin baş verməsini görməli və görə bilməli olduğu halda həmin nəticələrə ehtiyatsızlıqdan yanaşaraq onları görməmişdir. Məhkəmənin yuxarıda gəldiyi nəticələr iş üzrə təyin edilmiş komisyon və təkrar komisyon məhkəmə-tibb ekspertizalarının rəyləri ilə də təsdiq edilmişdir. Məhkəmə-tibb ekspertizasının 29.08.2019-cu il tarixli, 11 nömrəli rəyində mərhum Teymur Səfərçinovun aldığı xəsarətlərin 31 iyul 2019-cu il tarixdə baş nahiyəsinə yumruqla kənar şəxs tərəfindən vurulan zərbə nəticəsində törənməsi və ölməsinin mümkün olması qeyd olunsa da həmin xəsarətlərdən konkret olaraq yaranma mexanizmi göstərilməmiş, həmin rəydən daha mötəbər olan komisyon məhkəmə-tibb ekspertizasının 06.03.2020-ci il tarixli T 78/2020 nömrəli və təkrar komisyon məhkəmə-tibb ekspertizasının 05.11.2020-ci il tarixli 525 nömrəli rəyləri ilə isə 31.07.2019-cu il tarixdə sol gicgah nahiyəsinə yetirilmiş zərbə nəticəsində onun öz boyu hündürlüyündən sürətlənmiş yıxılması zamanı başın sağ yarısının yer səthinə zərblə dəyməsindən yarana bilməsi qeyd olunmuşdur. Bundan başqa məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ümumiyyətlə Teymur Səfərçinovu vurmaması, sonuncunu özünün yıxılaraq xəsarət almasını göstərməsini özünü müdafiə kimi qiymətləndirir. Məhkəmənin belə nəticəyə gəlməsinə hadisə zamanı orada olan şahidlərin ifadəsi, məhkəmə tibb ekspertizasının rəyi və işdə olan digər sübutlar təsdiq edir. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq Təqsirləndirilən şəxs əməli CM-in 124.1-ci maddəsinə tövsif etmiş, onu həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmişdir. Həmçinin məhkəmə kollegiyası Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, Cinayət Məcəlləsinin ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 sentyabr 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzadan nə yüngül, nə də ağır cəzanın təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühavizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Digər təfədən, məhkəmə kollegiyası onu da xatırladır ki, birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halları müzakirə edərkən, hesab etmişdir ki, Təqsirləndirilən şəxs əməllərində Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran və Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaəsn onun cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Apellyasiya Məhkəməsi araşdırması zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı, ədliyyə müşaviri, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2020ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmasını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı, ədliyyə müşaviri, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2020ci il tarixli, 1(091)-78/2020 saylı hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-84/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-84/2021
23.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver