Məhkəmə qərarları › İş №1(107)-85/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-85/2021

07.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-85/2021 07.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X7, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 145.2.4, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən R.Hüseynov, hakimlər N.Mirzəyev və B.Məmmədovdan ibarət tərkibdə) 13 noyabr 2020-ci il tarixli hökmü ilə, xx.xx.1984-cü ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli,işləməyən, Ağdaş rayonunun Əmirarx kəndində qeydiyyatda olan və həbs edilənə kimi həmin ünvanda yaşamış, 22 aprel 2019-ci ildən həbsdə olan Təqsirləndirilən şəxs CM-in 145.2.4-cü, 182.2.1 -ci, 182.2.3-cü və 182.2.4-cü maddələri ilə təqsirli bilinməsi, CM-in 145.2.4-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 182.2.1 -ci, 182.2.3-cü və 182.2.4-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarının qismən toplama yolu ilə ona qəti olaraq 6 (altı) il 6 ( altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun ibtidai istintaq dövründə həbsdə olduğu müddətin həmin cəzaya hesablanması, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 22 aprel 2019-cu ildən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, maddi sübut olan bir ədəd diskin cinayət işinin materiallarında saxlanılması müəyyən edilmişdir. İşin halları: Belə ki, Təqsirləndirilən şəxs, X6 və şəxsiyyəti istintaqla araşdırılan qeyriləri ilə adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə, zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə və onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmişlər. Bu məqsədlə 21 avqust 2016-cı ildə səhər saatlarında Təqsirləndirilən şəxs cinayətin şəxsiyyəti istintaqa məlum olmayan digər üzvləri ilə Rusiya Federasiyasının İvanova şəhərində Ağdaş rayonu Şəkili kənd sakini Zərərçəkmiş şəxs2 ilə görüşərək “Daewoo Nexia” markalı avtomaşınla özünün evi kimi təqdim etdiyi Rusiya Federasiyasının Domodedovo şəhərindəki mənzilə gəlib mənzilin qapı və pəncərələrini arxadan bağlamış, X5 da həmin ünvana gəldikdən sonra birlikdə bir neçə saat ərzində Zərərçəkmiş şəxs2 öz iradəsinə zidd olaraq mənzildə saxlayaraq adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmişlər, təpik zərbələri ilə Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə vurub zor tətbiq etməklə onu və ailə üzvlərini öldürəcəklərini, Ağdaş rayonundakı evlərini dağıdacaqlarını bildirib zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə və əmlaklarını tələf etmə hədəsi ilə xeyli miqdarda, yəni 10.000 manat pul verməsini ondan hədə-qorxu ilə tələb etmişlər. Bunun davamı olaraq H.N.Mirhəsənov həmin mənzildə Təqsirləndirilən şəxs göstərişinə əsasən saat 11.20-də Rusiya Federasiyası ərazisində istifadə etdiyi ********* mobil nömrəsindən Zərərçəkmiş şəxs2 Ağdaş rayonunun Şəkili kəndində yaşayan anası Zərərçəkmiş şəxs1 istifadə etdiyi ********** mobil nömrəsinə zəng edərək oğlu Zərərçəkmiş şəxs2 öldürəcəklərini və yaşadıqları evi yandırıb dağıdacaqlarını bildirməklə zərər çəkmiş şəxsin və onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, eləcə də onların əmlakını tələf etmə hədəsi ilə xeyli miqdarda, yəni 10.000 manat hədə-qorxu ilə tələb etmiş, Zərərçəkmiş şəxs1 pulu verməyə razılaşdıqdan sonra H.Mirhəsənov tanışı olan Ağdaş rayonu sakini Şahid2 həmin pulu Zərərçəkmiş şəxs1 götürüb Rusiya Federasiyasına göndərməsini tapşırmışdır. Zərərçəkmiş şəxs1 H.Mirhəsənovun qanunsuz əməlləri barədə müraciəti əsasında Ağdaş rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı Şahid2 tanışları Şahid4, Şahid3 Zakir oğlu və Şahid5 Müğdət oğlu ilə birlikdə həmin tarixdə saat 14.30-da Zərərçəkmiş şəxs1 yaşadığı ünvana gələrək sonuncudan seriya və nömrələri əvvəlcədən protokolda yazılmış 2.000 manatı aldıqdan sonra polis əməkdaşları tərəfindən saxlanılmışlar. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 145.2.4-cü, 182.2.1-ci, 182.2.3-cü və 182.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 və X2 Rusiyada görüb tanış olmuş, onların hər ikisi də meyvə alveri ilə məşğul olmuşlar. 2016-cı ildə birgə meyvə ticarətindən alınmış ümumi gəlirdən ona çatmalı olan 3 milyon rus rublunu, yəni 80.000 manatı Elşad götürüb İvanovka şəhərinə qaçmışdır. Uzun müddət Elşadı axtarmış, lakin tapa bilməmişdir. X8 vilayətinin Kinişma rayonunda əmisinin yanında gizləndiyini eşitmiş və 2016-cı ilin avqust ayının ortalarında iki nəfər tanışı ilə Kinişmaya getmişdir. Kinişma vilayətində Elşadı tapmış və onunla söhbət etmiş, pulların harada olduğunu soruşmuş, o da pulların əmisində olduğunu əmisinin isə Moskvada olduğunu bildirmişdir. Elşad heç bir hədə-qorxu və təzyiq olmadan könüllü olaraq onun Damodedovo şəhərində yaşadığı evə gəlmiş, evində olarkən Elşadın əmisi ilə telefon əlaqəsi saxlamış, Elşadın əmisi pulun olmadığını bildirmişdir. Həmin vaxtı Elşad əmisindən pulu istəmiş, əmisi də sabah pulu qaytaracağını demişdir. Elşad əmisi pulu sabah qaytarana qədər onun evində qonaq qalacağını, əmisinin pulu qaytaracağından sonra evdən gedəcəyini demişdir. Həmin vaxtı onun yanında Hüseyn və iki nəfər onun tanışları olmuş, onlar yemək yemiş və çay içmiş, sonra o, hamama girmiş, həmin ərəfədə o, qəfildən Hüseynin səsini eşitmiş, Hüseyn Elşadın qaçdığını demişdir. Elşad onların yanında olanda pulun bir hissəsini Ağdaş rayonunun Şəkili kəndində yaşayan qardaşı Mehraba göndərdiyini bildirmişdir. Hüseyn Ağdaşda yaşayan Cavid adlı tanışına zəng etmiş və Ağdaş rayonunun Şəkili kəndində yaşayan Mədinənin evinə göndərmiş, Mədinənin oğlu Elşadın şəriki Sərxana 10.000 manat borcu olduğunu, ona görə də Mədinənin verəcəyi həmin 10.000 manatı götürməsini və onlara göndərməsini xahiş etmişdir. Hətta onun özü də Cavidlə danışıb Elşadın ona pul borcunun olduğunu demişdir. Bundan sonra o, Mədinənin şikayəti əsasında Cavidin tutulduğunu eşitmişdir. Elşadı evində güclə saxlamamış, onlar birlikdə yemək yemiş, çay içmiş, yəni Elşad onun evində sərbəst dolaşmış, əl-qolu bağlı olmamışdır. Eyni zamanda o, Elşadın pul oğurlaması faktı ilə bağlı heç bir hüquq mühafizə orqanlarına şikayət etməmişdir. Şahid X6 birinci instansiya məhkəməsində ifadələrində bildirmişdir ki, 21 avqust 2017-ci ildə Sərxan ona zəng edərək Ağdaş rayon sakini Elşad adlı şəxsin onun yaşadığı evdən 8 milyon rus rublu oğurladığını, oğurladığı pulun 500.000 rus rublunu, yəni təxminən 10.000 manatını anası Mədinəyə göndərdiyini bildirmişdir. Sərxan öz yaşadığı evində Elşadı girov kimi saxladığını, pul qayıtmayana qədər Elşadı buraxmayacağını bildirmişdir. Sərxan Ağdaş rayonundan tanıdığı hər hansı bir nəfəri pulu götürməsi üçün Elşadın anası Mədinənin yanına göndərməsini xahiş etmiş, o da Sərxanın xahişi ilə Ağdaş rayonunda yaşayan tanışı Şahid2 Sərxanın mobil nömrəsindən zəng etmiş, Caviddən Ağdaş rayonunun Şəkili kəndində yaşayan Mədinənin evinə getməyi və Mədinənin verəcəyi 10.000 manatı götürməyi, daha sonra isə həmin pulu bank vasitəsi ilə ona göndərməyi xahiş etmişdir. Cavid həmin pulu nə üçün Mədinədən götürməli olduğunu soruşmuş, o da Elşadın Sərxana pul borcunun olduğunu bildirmişdir. Hətta həmin vaxtı Sərxan da telefonla Cavidlə danışmış və Elşadın pul borcunun olduğunu bildirmişdir. Aradan bir neçə saat keçəndən sonra Sərxan Elşadın qardaşına zəng edib telefonu ona uzatmış, o da telefonu Sərxandan götürüb danışmış, telefona cavab verən Cavid ona acıqlanaraq nə üçün onu aldatdığını, nə üçün başqasının övladını girov götürüb saxladığını və pul məbləğini götürmək üçün onu camaatın evinə yolladığını, bununla da səbəbsiz yerə onun başına iş açdığını bildirmişdir. Cavid hətta bildirmişdir ki, Mədinə onun, yəni Hüseynin barəsində polisə də şikayət etmişdir. O da gün ərzində dəfələrlə Cavidə zəng etmiş, lakin Cavidin mobil telefonu bağlı olduğundan Cavidlə danışa bilməmişdir. O da hesab etmişdir ki, Mədinə polisə şikayət etdiyinə görə polis Cavidgili saxlamış, buna görə də Mədinənin mobil telefonuna “WhatsApp” proqramı vasitəsi ilə səsli mesaj göndərmiş, həmin səsli mesajda Mədinədən ərizəsini geri götürməsini tələb etmiş, ərizəni geri götürmədiyi halda oğlu Elşadı öldürəcəyini və ev-eşiklərini dağıdacağını bildirməklə hədələmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Rusiya Federasiyasının İvanova şəhərində meyvətərəvəz alveri ilə məşğul olmuş, müəyyən müddət alver etdikdən sonra Ağdaşa gəlib ailəsinə baş çəkmiş, yenidən yenə də Rusiyaya qayıtmışdır. 2016-cı ilin oktyabr ayının sonlarında Rusiyada İvanova şəhərində alverlə məşğul olan zaman Sərxan adlı şəxs onun yanına gəlmiş, bu gündən sonra ona aylıq haqq verməli olduğunu bildirmiş, o isə ona haqq verməyəcəyini bildirmiş, o da əgər ona haqq verməsə onun işləməsinə imkan verməyəcəyini bildirmişdir. 21 avqust 2016-cı ildə səhər saatlarında Sərxan tanımadığı üç nəfər adamla birlikdə qeydiyyat nömrəsi yadında qalmadığı “Nexia” markalı avtomobillə onun yanına gəlmiş, onu maşına əyləşdirib Damodedova şəhərində yaşadığı evə aparmış, evdə qapı və pəncərələri bağlayaraq onu bir müddət evdə saxlamışdır. Həmin evdə Sərxanın göstərişinə əsasən üç nəfər şəxs onun bədəninin müxtəlif nahiyələrindən vurmuş, o nə üçün döyüldüyünü soruşduqda Sərxan tələb etdiyi pul vəsaitini verməli olduğunu bildirmişdir. Sərxan söhbət zamanı əgər ona 10.000 manat pul verməsə onun işləməsinə imkan verməyəcəyini, hətta bununla da kifayətlənməyəcəyini, onun Ağdaşda yaşayan qardaşı və anasını da öldürəcəyini, evlərini darmadağın edəcəyini bildirmişdir. Sərxanın hədələrini həqiqi qəbul etmiş, həqiqətən də belə hərəkət edə biləcəyini düşünmüşdür. Elə həmin ərəfədə ora Hüseyn gəlmiş, Hüseyn ona irad tutaraq Sərxanın tələb etdiyi pul vəsaitini vermək lazım olduğunu bildirmişdir. Sonra Hüseyn və Sərxan digər otağa keçib orada öz aralarında nə isə danışmış, Hüseyn və Sərxan onun anasına zəng edib ondan hədə-qorxu ilə pul tələb etmişlər. O da Sərxan və Hüseynin başının qarışmasından istifadə edərək evin eyvanından qaçıb getmiş, bir müddət onlardan gizlənmiş, hətta sonradan anasına zəng edərək Sərxan və Hüseyn tərəfindən girov götürüldüyünü, lakin sonradan qaçdığını və hər şeyin qaydasında olduğunu bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 birinci instansiya məhkəməsində ifadəsində göstərmişdir ki, 21 avqust 2016-cı ildə saat 11.20 radələrində 050 *** ** ** nömrəli mobil telefonuna Rusiyadan ********* nömrəsindən zəng gəlmiş, zəng edən şəxs özünü Hüseyn kimi təqdim etmişdir. Söhbət vaxtı Hüseyn onun övladı Elşadı oğurlayaraq girov götürdüyünü bildirmiş, 10.000 manat verməsə oğlunu öldürəcəklərini, yaşadığı evi dağıdacaqlarını bildirmişdir. Qorxusundan 10.000 manat verməyə razı olmuşdur. Hüseyn bir neçə saatdan sonra yanına bir nəfər oğlan göndərəcəyini bildirmiş, həmin pulu oğlana verməsini tələb etmişdir. X14 Rayon Polis Şöbəsinə getmiş, bu barədə onlara ərizə ilə müraciət etmiş, polis şöbəsində ona məxsus olan 2000 manat pulun nömrələri və seriyaları protokolda yazılmış, daha sonra polis işçiləri onun evinin yanında müşahidədə dayanmışlar. Bir neçə saatdan sonra evinin qapısına bir maşın gəlmiş, evinin həyət qapısından çölə çıxmış, orada dörd nəfər oğlanın olmasını görmüş, onun dəvəti əsasında Cavid, Zəka, Yaşar və Elçin onun evinə gəlmişlər. Evin həyətində olarkən həmin şəxslərə acıqlanaraq nə üçün oğlu Elşadı girov götürdüklərini, oğlundan nə istədiklərini soruşmuş, onlar isə onun oğlu Elşaddan və Elşadın harada olmasından xəbərlərinin olmadığını, sadəcə olaraq Hüseynin xahişi ilə ondan pul götürmək üçün gəldiklərini, pulu aldıqdan sonra onu Hüseynə göndərəcəklərini bildirmişlər. O da həmin şəxslərə bildirmişdir ki, Hüseyn ona zəng edib hədələyərək 10000 manat pul tələb etmişdir. Lakin həmin adamlar Hüseynin bu hərəkətindən xəbərlərinin olmadığını bildirmişlər. Həmin vaxtı onun mobil telefonuna Hüseyn zəng etmiş, Cavid də Mədinədən telefonu götürüb özü Hüseynlə danışmış, Hüseynə acıqlanaraq nə üçün onu aldatdığını, nə üçün başqasının övladını girov götürüb saxladığını və pul götürmək üçün onu camaatın evinə yolladığını, bununla da səbəbsiz yerə onun başına iş açdığını bildirmişdir. Cavid Hüseynlə telefonla danışan ərəfədə o, əlindəki 2000 manat pul vəsaitini yanında dayanan Zəkaya uzatmış, Zəka da pulu götürməkdə tərəddüd etmiş, hətta Caviddən pulu götürüb-götürməmək barədə soruşmuş, lakin Cavidin başı telefonla danışmağa qarışdığına görə Zəkanın suallarına cavab verə bilməmiş, Zəka da çaşqın vəziyyətdə qeyri-ixtiyari olaraq pulu götürmüşdür. Hüseyn də telefonla danışıb qurtarandan sonra polis işçiləri onları saxlamışdır. Zərərçəkmiş şəxs1 əlavə olaraq göstərmişdir ki, 21 avqust 2016-cı ildə axşam saatlarında oğlu Elşad ona zəng edərək Sərxan və Hüseyn tərəfindən girov götürüldüyünü, ondan hədə-qorxu ilə 10.000 manat tələb edildiyini, lakin sonradan fürsət taparaq girovluqdan qaçdığını və hazırda vəziyyətinin yaxşı olduğunu bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs1 bildirmişdir ki, 23 avqust 2016-cı ildə Hüseyn Mirhəsənov onun mobil nömrəsinə “WhatsApp” proqramı vasitəsi ilə səsli mesaj göndərmiş, həmin mesaj vasitəsi ilə ona hədə-qorxu gəlinmişdir. Həmin səs yazısının əks olunduğu bir ədəd diski istintaq orqanına təqdim etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məhkəmədə Zərərçəkmiş şəxs1 ifadəsinə uyğun ifadə vermişdir. Şahid1 birinci instansiya məhkəməsində ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 Ağdaş Rayon Polis Şöbəsinə ərizə yazıb bildirmişdir ki, naməlum adamlar Rusiya Federasiyasından zəng edərək ondan hədə-qorxu ilə pul tələb etmiş, əks halda onun övladı Zərərçəkmiş şəxs2 öldürəcəklərini bildirmişlər. Zərərçəkmiş şəxs1 qeyd edilən şəxslərin ifşa edilməsi üçün keçiriləcək əməliyyat-axtarış tədbirində özünə məxsus olan 2000 manatı ilə iştirak edə biləcəyini demiş, əməliyyat qrupu yaradılmış, Zərərçəkmiş şəxs1 məxsus olan 2000 manatın nömrə və seriyaları protokolda yazılmış, əməliyyat qrupunun üzvləri ilə birlikdə 21 avqust 2016-cı ildə saat 14.30-da Zərərçəkmiş şəxs1 yaşadığı Ağdaş rayonunun Şəkili kəndində yerləşən evinin yanına gedib orada müşahidə mövqeyində dayanmışlar. Saat 14.30-da həmin evə bir neçə nəfər şəxsin gəldiyini görmüş, onlar Zərərçəkmiş şəxs1 və onun oğluZərərçəkmiş şəxs3 ilə söhbət etdikdən sonra qeyd edilən şəxslərdən biri Zərərçəkmiş şəxs1 2000 manatı almış, həmin vaxtı onları saxlamışlar. Onların Şahid2, Şahid4, Şahid3 və Şahid5 Müğdət oğlu olmaları müəyyən edilmişdir. Şahid4 əynindəki şalvarın sağ yan cibindən 2000 manatı çıxardıb təqdim etmiş, pulların Zərərçəkmiş şəxs1 məxsus olan 2000 manat pul vəsaitləri ilə eynilik təşkil etməsi müəyyən edilmişdir. Saxlanılan şəxslər bildirmişlər ki, X1 Federasiyasından Şahid2 zəng edərək Zərərçəkmiş şəxs1 10.000 manat almasını tapşırmış, Şahid2 da tanışları Şahid4, Şahid3 və Şahid5la həmin evə getmişlər. Baxış zamanı Şahid2 əynində olan şalvarının sağ yan cibindən bir ədəd «Nokia 6700» markalı mobil telefon, sol yan cibindən isə bir ədəd qara rəngli «Nokia» markalı mobil telefon, Şahid3 əynindəki şalvarının sağ yan cibindən bir ədəd qara rəngli «Nokia» markalı mobil telefon, Şahid5 əynindəki şalvarının sağ cibindən isə bir ədəd qara rəngli «Sony» markalı mobil telefon aşkar edilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, 21 avqust 2016-cı ildə saat 12 radələrində uşaqlıq dostu olan Hüseyn Rusiya Federasiyasından özünün istifadə etdiyi 967-29446-35 nömrəsindən onun 051 *** ** ** mobil nömrəsinə zəng etmiş, Ağdaş rayonunun Şəkili kəndində yaşayan Elşadgilin ona 10.000 manat borcu olduğunu bildirmiş, həmin borcu onlardan götürməsini və sonra poçt vasitəsi ilə ona göndərməsini xahiş etmişdir. Hüseyn ona mesajla bir mobil nömrə göndərmiş və həmin nömrənin Elşadın qardaşının nömrəsi olduğunu bildirmiş, nömrəyə cavab verən şəxsin ona pulu verəcəyini bildirmişdir. Hüseyn onunla danışandan sonra telefonu Sərxana vermiş, Sərxan da onunla danışaraq Hüseynin dediklərini təsdiq etmiş, Elşadgilin ona və Hüseynə 10.000 manat borcu olduğunu bildirmiş, pulu götürüb onlara göndərməli olduğunu bildirmişdir. Hüseynin ona verdiyi nömrəyə zəng etmiş, həmin vaxtı onun mobil nömrəsində kontur olmamış, ona görə də yanında olan tanışı Yaşarın mobil nömrəsindən Hüseynin verdiyi nömrəyə zəng etmiş, nömrəyə cavab verən şəxs Elşadın qardaşı Mehrab olmuş, sonra Mehrab mobil telefonu danışması üçün anasına vermişdir. Hüseynin xahişi ilə zəng etdiyini bildirmiş və Hüseynin sözü ilə ondan 10.000 manat almalı olduğunu bildirmiş, Mədinə bir saatdan sonra onun yaşadığı evə gəlib pulu götürməsini bildirmişdir. Hüseyn ona zəng edəndə tanışları Yaşar və Zəka ilə birlikdə Ağdaş rayonunun Ləki kəndində yerləşən dəmiryol vağzalında yerləşən çayxanada əyləşmiş, daha sonra hamısı birlikdə Elçinin idarə etdiyi avtomobillə Mədinənin Ağdaş rayonunun Şəkili kəndində yerləşən evinə getmişlər. Zəka və Yaşar maşından düşmüş, Elçin isə maşında onları gözləmişdir. Onları qapının qarşısında Elşadın anası Mədinə və oğlu Mehrab qarşılamış, onları evin içərisinə dəvət etmiş, evdə olarkən Mədinə onların üstünə qışqıraraq oğlundan nə istədiklərini, nə üçün Elşadı oğurladıqlarını, girov götürdüklərini soruşmuş, hətta bu məsələ ilə bağlı polisə də şikayət etdiyini bildirmişdir. Mədinəyə onun oğlu Elşaddan xəbərinin olmadığını bildirmişdir. Sonra həmin vaxtı Mədinənin mobil nömrəsinə zəng gəlmiş, Mədinə zəng edən adamın Hüseyn olduğunu bildirmiş, Mədinədən telefonu götürərək özü danışmağa başlamış, Hüseynə acıqlanaraq nə üçün onu aldatdığını və işə saldığını soruşmuş, Mədinənin onun, yəni Hüseynin barəsində şikayət etdiyini də bildirmişdir. Telefonla Hüseynlə danışan ərəfədə Mədinə Zəkaya pul uzatmış, Zəka da pulu götürüb-götürməməsi ilə bağlı ona sual vermiş, onun da başı Hüseynlə danışmağa qarışdığına görə Zəkanın suallarına fikir verməmiş, Zəka da çaşqın vəziyyətdə qeyriixtiyari olaraq pulu götürmüşdür. O da telefonla danışıb qurtardıqdan sonra polis işçiləri onları saxlamışdır. Şahidlər Şahid3, Şahid4 və Şahid5 Müğdət oğlu Şahid2 ifadəsinə uyğun ifadə vermişlər. Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 noyabr 2020-ci il il tarixli 1(091)-96/2020 saylı hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 noyabr 2020-ci il il tarixli 1(091)-96/2020 saylı hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək qeyd etmişdir ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli hökmü ilə hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 145.2.4-cü maddə ilə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsini 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti olaraq 6 (altı) il, 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsinin hökmü qanuni və əsaslı deyildir. Birinci instansiya məhkəməsi belə nəticəyə gələrkən hökmün ləğvi üçün əsas olan və AR CPM- nin 399.1.2-ci maddəsində nəzərdə tutulan nöqsana yol vermişdir. Belə ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir. Ona görə də hökm ləğv olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. İş materiallarından görünür ki, işdə olan zərərçəkmişlərin ifadələrinə birinci instansiya məhkəməsi düzgün qiymət verməmişdir. Belə ki, zərərçəkən Zərərçəkmiş şəxs2 cinayət işinin 1 cildinin 181-186-cı səhifələrindəki 02 noyabr 2016-cı il tarixli ifadəsində 183-cü səhifənin sonunda belə göstərir. “Səhv etmirəmsə sonra Hüseyn başqa otaqdan kiminləsə danışırdı. Mənə sonradan məlum oldu ki, Hüseyn mənim anama zəng edib bildirib ki, guya məni oğurlayıblar anamda buna görə 10.000 manat pul istəyiblər, anama bildiriblər ki, əgər pulu verməsə məni öldürəcəklər”. Zərərçəkmiş şəxs2 ifadəsindən görünür ki, onun oğurlanması və qanunsuz azadlıqdan məhrum edilməsi onun özü üçün də məlum həqiqət olmamış, hesab etmişdir ki, anasından pul almaq üçün görüntü yaradılıb. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs barəsində ayrılmış cinayət işi üzrə dindirilməmiş, istintaqda onunla üzləşdirilməmişdir. 14 oktyabr 2020-ci ildə məhkəmədə dindirilərkən Sərxanın onu oğurlamadığını, evinə gətirərkən və evində onun əl qolunu bağlamadığını, onu həbs etmədiyini bildirmişdir, Nədənsə məhkəmə bu ifadələri hökmdə müqayisələndirməmiş, aydınlaşdırmamış hər birini ayrılıqda qiymətləndirməmişdir. Bu hallar göstərir ki, heç Zərərçəkmiş şəxs2 azadlıqdan məhrum edilməsini hiss etməmişdir. Digər zərərçəkənlər, yəni Elşadın anası Zərərçəkmiş şəxs1 və qardaşı Zərərçəkmiş şəxs3 istintaqda verdikləri ifadələrində və 28 iyul 2020-ci il tarixdə məhkəmədə verdikləri ifadələrində göstərmişlər ki, onlar Təqsirləndirilən şəxs tanımırlar, birinci dəfərdir görürlər. Onunla heç bir danışıqları olmayıb. Onlardan hədə-qorxu ilə pul tələb edən, telefonla danışıqlar aparan Mirhəsənov Hüseyn olmuşdur. Şahid2 oğli da ifadəsində göstərmişdir ki, o Sərxanı tanımır, onu Zərərçəkmiş şəxs1 evinə göndərən həmkəndlisi Hüseyn Mirhəsənovdur. Beləliklə, zərərçəkənlərin heç biri onlara qarşı Təqsirləndirilən şəxs tərəfindən hər hansı cinayət törədilməsini təsdiq etməmişlər. Təqsirləndirilən şəxs ittihamı yalnız Hüseyn Mirhəsənovun ziddiyyətli ifadəsinin üzərində qurulub. Hüseyn Mirhəsənov zərərçəkən Zərərçəkmiş şəxs1 göndərdiyi səsli mesajda da Təqsirləndirilən şəxs adım çəkməmişdir ki, pul Sərxanındır. Onun barəsində verilmiş ərizəni geri götürməsələr Sərxanla gəlib onları cəzalandıracaqlarını yazmır. Zərərçəkmiş şəxs1 ailəsinə qarşı törədəcəyi cinayətləri Sərxanla yox, Ağdaşda olan qohumları ilə törədəcəyini göstərir. Məhkəmə Kollegiyası hökmdə bu halların heç birini müqayisələndirməmişdir, qiymətləndirməmişdir. AR CPM-nin 143- 146-cı maddələri göstərir ki, sübutlar toplanandan sonra yoxlanmalıdır, qiymətləndirilməlidir, müqayisələndirilməlidir, ittiham verilməsinə kifayət etməsi qənaətinə gəlinməlidir. Hesab edirəm ki, məhkəmə CPM- nin bu müddəalarına əməl etməmiş, toplanmış sübutların ittiham verilməsinə kifayət etməsində səhvə yol vermişdir. Ona görə də hökm ləğv edilməli və cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməlidir. AR CPM-nin 398.1.3-cü maddəsində göstərilir ki, apelyasiya məhkəməsi belə qərar qəbul etmək səlahiyyətindədir. Odur ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-96/2020 saylı, 13 noyabr 2020-ci il tarixli hökmünü ləğv edilməsini və onun barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi və həbsdən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Proses iştirakçılarının dəlilləri Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X7 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 noyabr 2020-ci il il tarixli 1(091)-96/2020 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin təmin edilməsini Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-96/2020 saylı, 13 noyabr 2020-ci il tarixli hökmünü ləğv edilməsini və onun barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi və həbsdən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 noyabr 2020-ci il il tarixli 1(091)-96/2020 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apellyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmaqla araşdırıb, tərəflərin ifadə və çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli və Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 noyabr 2020-ci il il tarixli 1(091)-96/2020 saylı hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İşə əlavə edilmiş protokodan görünür ki, Təqsirləndirilən şəxs fotoşəkli zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 və təqsirləndirilən şəxs X3 tanınma üçün təqdim edilmiş, Zərərçəkmiş şəxs2 və H.Mirhəsənov həmin fotoşəklin Təqsirləndirilən şəxs məxsus olduğunu bildirmişlər. Həmin səs yazısı ilə bağlı təyin edilmiş məhkəmə-fonoskopik ekspertizasının 07 mart 2017ci il tarixli 4638 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd “Princo” markalı CD diskdə olan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi X3 məxsusdur. Həmin diskə baxış keçirilərkən kişi cinsindən olan bir nəfər şəxsin hədə-qorxu məzmununda müraciətinin əks olunduğu müəyyən edilmişdir. Mətndə «salam əleykim. Ayə gedin ordan zayevleniyanı götürün qoy uşaqları buraxsınlar. Yəni sən bilirsən ki uşaxları buraxmasalar mən sabahları gəlib Ağdaşda sənin yəni başqa söhbət………. Mənim orda əmim, əmim oğlu var, mənim orda qardaşım var, mənim orda dostum var, orda bizim sinif yoldaşımız var. Uşaxlar yəni nizaslujunnu sroka-mroka nəysə onların başına bi dənə şey olsa vaor yoxun (söyüş) gəlib yandıracam sənin evini eşiyini. Sənin toyunu qara gətirmiyən oğlanın var yoxun (söyüş). Ba bu yaxınlarda eşitmişəm toyun da olajax. Gəlib sənin toyunu qara gətirəjəm var yoxunu (söyüş). Partdadajam sizi oralığda. Get zayıvlenini götür. Mamana denen ki blət zayivleni götürsün. Olmujax sənin qardaşının (söyüş) burda mən, öldürəjəm onu» kimi danışıqların əks olunması müəyyən edilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 08 avqust 2017-ci il tarixli hökmündən görünür ki, Hüseyn Mirhəsənov Azərbaycan Respublikası CM-in 145.2.4-cü maddəsi ilə təqsirli bilinib üç il altı ay müddətində azadlıqdan məhrum etmə cəzasına, CM-in 182.2.1-ci, 182.2.3-cü və 182.2.4cü maddələri ilə təqsirli bilinib beş il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona qəti olaraq beş il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs2 qanunsuz azadlıqdan məhrum etməmiş, ondan və ailəsindən hədəqorxu ilə pul tələb etməmişdir. Elşad onun pulunu oğurlayaraq qaçmışdır. Həmin pulunu almaq üçün onun evinə dəvət etmiş, Hüseyn onun anası ilə danışmış və o da 10.000 manatı qaytarmağa razı olmuşdur. Zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs və H.MirZərərçəkmiş şəxs2Həsənovu qanunsuz saxlamaqla hədə qorxu ilə onun ailəsindən 10.000 manat pul tələb etmişlər. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs bu hissədə ifadəsində göstərdiyi xüsusatları səmimi, obyektiv və həqiqi ifadə kimi qəbul etmir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 2-cı hissəsində, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldıra bilməyən şübhələri onun xeyrinə şərh edərək, məhkəmədə ittihamın baxılması nəticələrinə əsaslanaraq, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq hər kəsin ona qarşı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasını nəzərə almaqla, tədqiq edilən sübutların məcmusuna əsaslanaraq, sübutları ayrı- ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Göstərilən cinayət əməllərini törətməkdə təqsirli bilinməklə Cinayət Məcəllənin 8-ci, 41-ci və 58.1-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilmişdir. Azərbaycan Respukblikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamələrdən görünür ki,Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışlar. Zərərçəkmiş şəxslərin ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar. Ondan hər hansı bir tələbləri və şikayətləri yoxdur. Təqsirləndirilən şəxs isə ifadəsində göstərmişdir ki, özünü təqsirli bilmir və qeyd edilən cinayət əməllərini də törətməmişdir. Məhkəmə hesab edir ki, belə vəziyyətdə zərərçəkmiş şəxslərin cinayət əməli törətməməsini bildirən Təqsirləndirilən şəxs ilə barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən hal kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən, CM-nin 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq düzgün hesab etmişdir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrum etmə cəzası verilməlidir. Məhkəmə kollegiyаsı CPM-in 392.3-cü mаddəsinə uyğun olаrаq, аpellyаsiyа tələblərinin əsаslаndırıldığı bütün dəlilləri tədqiq edib, аpellyаsiyа şikayətinin təmin olunmаsı üçün qаnuni əsаslаr tаpmаyаrаq hesаb edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 noyabr 2020-ci il il tarixli 1(091)-96/2020 saylı hökmü isə baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаlıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. nəticəvi hissə Məhkəmə kollegiyası şərh edilənlərə əsasən və CPM-in 394, 397-399, 405, və 407-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 noyabr 2020-ci il il tarixli 1(091)-96/2020 saylı hökmü isə baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar